Translate

1 Ağustos 2016 Pazartesi

ORTAQ TÜRK DİLİ NƏ ZAMAN YARANACAQ ?


01.08.2016 / 11:54     

1 Avqust – Azərbaycan dili və əlifbası günüdür. Azərbaycan Prezidentinin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə və həmin tarixdən bu günün qeyd olunmasına başlanılıb.

Hazırda dünyada mövcud olan 6700 dilin yalnız beş faizindən fəal istifadə edilir və yaxşı sənədləşdirilib. ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq.

Dünyanın bəzi ölkələri dillərinin məhv olması təhlükəsini yaşayarkən türk xalqları ortaq dil və əlifba yaratmaq arzusundadır. Amma bu mövzu illərdir müzakirə olunsa da, yekun nəticə hələ də əldə olunmayıb. Bir neçə il əvvəl Türk Dövlətləri Əməkdaşlıq Şurasının yığıncağında Türk konseyi bayrağı qəbul olundu. Lakin dil məsələsində müzakirələr davam edir. Prosesin uzanmasına səbəb nədir? Ortaq dil və əlifba necə olmalıdır?



 Millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov Publika.az-a bildirib ki, ortaq əlifbanın yaradılmamasının əsas səbəblərindən biri eyni səslərin ayrı-ayrı ölkələrdə fərqli qrafiklərlə ifadə olunmasıdır: “Türk dövlətlərinin birgə toplantılarında, eyni zamanda ayrı-ayrı tədbirlərdə daim bu mövzu müzakirə olunur. Müzakirələr aparılsa da, əlifbalar arasında ciddi fərqlər mövcuddur. Ortaq əlifba üçün ilk növbədə bütün türk dövlətlərinin latın qrafikasına keçməsi lazımdır. Türkiyə və biz keçmişik, özbəklər həm latın və də kirildən istifadə edir, qazax, qırğızlarda isə latına keçmək istiqamətində müzakirələr aparılır. Tatarlar, başqırdlar, udinlər, çuvaşlar, altaylar, qaraçayların, bir sözlə bütün türk xalqlarının da eyni qrafikadan istifadə etmələri lazımdır.
Bundan başqa, hamımız ortaq səslərdən istifadə etsək də, işarələr fərqlidir. Ortaq əlifbanın yaradılmamasında uzun saitlər, bəzi hərflər problem yaradır. Məsələn, “q” səsi Azərbaycan, Türkiyə, tatar, özbək, qazax türkcəsində də var, amma onların hər birində işarəsi müxtəlifdir. İlk növbədə bu ortaqlıq həll olunmalıdır”.

Ortaq dil məsələsində də fikirlər üst-üstə düşmür. Yeni bir dilin yaradılması real görünmədiyindən, mövcud dillərdən birinin ortaq ünsiyyət vasitəsi olması lazımdır. Amma bu məsələdə də vahid bir qərar qəbul edilməyib. Başqa bir məsələ isə bu dilin işləkliyini təmin etməkdir. N.Cəfərov ortaq dil məsələsinin həll olunmamasının əsas səbəbini dövlətlər arasında qısqanclıqla əlaqələndirir: “Ortaq dilə Türkiyə türkcəsi də, biz də iddialıyıq. Prinsipcə bu iki dil arasında ciddi bir fərq olmadığından, hansısa birinin olmasında böyük fərq hiss edilməz. Özbəklər isə ortaq dilin süni şəkildə yaradılmasını təklif edirlər. Amma bu da özünü doğrultmur. Hazırda ortaq dil məsələsi müzakirə mərhələsindədir. Ümid edirik ki, bir neçə ilə bu məsələ həll olunacaq. Ən real variant Türkiyə türkcəsidir. Bu dili demək olar ki, bütün türk dövlətləri başa düşür. Bundan başqa, Türkiyə ortaqlığın yaradılması üçün bir çox layihələr həyata keçirib. Türkdilli ölkələrdə Türkiyə türkcəsində məktəblər, qəzetlər, jurnallar, radio, televiziyanın olması reallığın göstəricisidir. Amma əksəriyyətimiz yeni müstəqillik əldə etmiş ölkələr olduğumuzdan, biri-birimizə qarşı bir az da qısqanclıq var. Sabah Türkiyə türkcəsi üstünlüyünü təklif etsə, o zaman bir gərginlik yaşanacaq. Əslində hamımız eyni xalqıq, amma belə psixoloji problemlər mövcuddur. Düşünürəm ki, ortaq dil məsələsində ən uğurlu variant Türkiyə türkcəsidir”.

Ortaq türk dilinin qəbul edilməsi qədər, ondan necə istifadə edəcəyimiz məsələsi də problemdir. Bəs türk dövlətlərinin rəsmi yazışmalarında bu dilin tətbiqi nə qədər realdır?

N.Cəfərov yazışmalarda ortaq dildən istifadə edilməsini mürəkkəb məsələ hesab edir: “Çünki beynəlxalq yazışmalarda rus və ya ingilis dilindən istifadə edirik. Türk dövlətlərinin parlament assambleyasında hər bir türk dövlətinin öz dilində danışmasını yoxladıq. Qazaxlar qırğızlarla, biz isə türkiyəlilərlə bir-birimiz anladıq. Digərləri ilə anlaşmada tərcüməyə ehtiyac duysaq da, bunu uğurlu addım hesab etmək olar”.

Onun sözlərinə görə, ortaq dil və əlifbanın yaradılması üçün hər bir ölkə müəyyən güzəştlərə getməlidir: “Bu məsələnin rəsmiləşməsi üçün bir neçə il vaxt lazımdır. Amma bunun üçün həm də hər birimizin güzəştə getməyimiz vacibdir. Məsələn, biz latın qrafikalı əlifbaya Türkiyədən daha əvvəl keçmişdik. İkinci dəfə bu əlifbanı qəbul edəndə, türk dövlətləri ilə ortaqlığımız pozulmasın deyə türkiyəlilərin istifadə etdiyi variantı qəbul etdik. Ancaq bu gün güzəşt məsələsində subyektiv amillər meydana çıxır. Özbəklər Xəzər məsələsinə görə, Türkiyə ilə uzlaşmaq istəmir. Ortaqlığın alınmamasına həm də dövlət başçılarının xarakterindən irəli gələn problemlər də təsir edir”.


 Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professor Məhərrəm Məmmədli türk xalqları arasında tarixən ortaq dilin olduğunu bildirib: “Bu gün ortaq dil məsələsində ən uğurlu variant osmanlı türklərinin istifadə etdiyi türkcədir. Ortaq əlifba məsələsinə gəlincə, 90-cı illərin əvvəllərində İstanbulda türkdilli ölkələrin bir neçə toplantısı keçirildi. Həmin toplantılarda hər bir dövlət 34 işarədən çox olmamaq şərtilə ortaq əlifba layihəsini təqdim edib.
Tarixən türk xalqları arasında ortaq dil olub. Qədim mədəniyyət nümunələrinin bir çoxu məhz həmin dildə yazılıb. Mahmud Kaşğarlının “Divani-lüğət ət-türk”, Yusif Xas Hacibin “Kutadqu Bilik” əsərləri bu dildə yazılıb. Sonralar ayrı-ayrı dövlətlərin meydana gəlməsi, parçalanma nəticəsində bu ortaqlıq pozulub. Bu gün birliyin təmin olunmasında bəzi türk xalqlarının zəif iştirak etməsi, birliyin yaranmasına maneə olur. Dillərinin dövlət dili statusu olmayan bəzi xalqlar bu prosesə demək olar ki qoşulmayıblar. Ən böyük maneə isə Rusiya Federasiyası tərkibində olan xalqlarla bağlıdır”.

M.Məmmədli ortaq dil yaranandan sonra necə istifadə edəcəyimizə gəldikdə bunun ilk növbədə sadə insanlar arasında yayılmalı olduğunu bildirdi: “Bunun üçün ilk növbədə dil orta məktəblərdə kurslar açılmalıdır, lüğətlər, kitablar nəşr olunmalı, əlifbanın öyrədilməsi ilə bağlı verilişlər təşkil olunmalıdır. Türk dillərinin ümumi morfologiya, sintaksisi və s. tədqiq olunmalıdır. Ümumiişlək dilə çevriləndən sonra isə dövlətlərarası rəsmi görüşlərdə də istifadə oluna bilər”.

Gülxar Şərif
  
&  VƏTƏNSEVƏRLƏR

29 Temmuz 2016 Cuma

PENTAQON VƏ MƏRKƏZİ KƏŞFİYYAT : “ƏRDOĞAN BİZİM ADAMLARIMIZI SIRADAN ÇIXARIR...”

29/07/2016 / 13:29


Türkiyədə iyulun 15-də baş vermis hərbi çevriliş cəhdindən sonra silahlı qüvvələrdə və bütövükdə təhlükəsizlik aparatında aparılan kütləvi həbslər Pentaqonda və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində narahatlıq doğurur.

Virtualaz.org xəbər verir ki, ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) , general Jozef Votel Koloradoda keçirilən toplantıdakı çıxışı zamanı Türkiyədəki uğursuz çevriliş cəhdi və hökumətin buna reaksiyasının Pentaqonun bölgədəki əməliyyatlarına zərər verəcəyini deyib.

General Votel bildirib ki, çevriliş cəhdinin ardınca ABŞ ordusunun Türkiyə ordusundakı bir çox yaxın müttəfiqləri həbsə atılıb. “Bir çox türk lider, xüsusən də hərbi liderlərlə sıx münasibətlərimiz var. Bu münasibətlərin baş verənlərdən necə təsirlənəcəyi ilə bağlı narahatlıqlarımız var”-general bildirib.


Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper də eyni narahatlığı dilə gətirib. O, deyib ki, ABŞ-ın antiterror əməliyyatlarının əsas iştirakçıları olan türkiyəli zabitlər ya həbs olunub, ya xidmətdən kənarlaşdırılıb. “Bir çox tərəfdaşımız həbs olunub və ya ordudan xaric edilib. Şübhəsiz ki, bu ABŞ-ın Orta Şərq strategiyasını daha da mürəkkəbləşdirəcək. Uğursuz çevriliş cəhd Türkiyənin milli təhlükəsizlik aparatına bütövlükdə zərbə vurub”-Klepper deyib.

“Bloomberg” Vaşinqtonun Türkiyə ordusundakı həbslərlə bağlı narahatlığına toxunaraq yazır ki,  son 18 ayda Ərdoğan Suriyaya Türkiyə ərazisindən keçən əcnəbi döyüşçülərin əngəllənməsində ABŞ-la əməkdaşlıq edib. Amma çevriliş cəhdindən sonra gərginlik yaranıb.


Virtualaz.org  &  VƏTƏNSEVƏRLƏR

TÜRKİYƏ SƏFİRİNDƏN BAKIYA XƏBƏRDARLIQ...

28/07/2016 - 12:09


“Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub”

“Fətullah Gülən hərəkatı uzaqdan kifayət qədər məsum görünən, xüsusilə Türkiyəmizin, Azərbaycan kimi bizimlə qardaş olan millətimizin ən həssas nöqtələrini özü üçün sui-istifadə vasitəsinə çevirən bir hərəkatdır.

Birincisi, inancdan istifadə edərlər. Gülən hərəkatı özünü “mühafizəkar, inanclı” bir hərəkat kimi təqdim edir. Bizim millətimiz onsuz da inanclı bir millət olduğu üçün həmin bu həssas nöqtəni özləri üçün sui-istifadə vasitəsi halına gətiriblər.

İkincisi, millətimizin digər həssas nöqtələrindən biri yardıma, xeyir işlərinə möhtac olan şəxslərə dəstək verməkdir. Gülən hərəkatı bu mənada özünü fəal, konstruktiv işlər görən təşkilat kimi aparmağa çalışır. Görünüşdə, çevrəsinə qarşı həssas davranır, təhsilə önəm verir. Bunlar həm Türkiyədə, həm xaricdə getdikləri yerlərdə bu sözdə məsumanə kimliyi ortaya qoyurlar.

Bizim çox fəxr etdiyimiz özəllikləri öz özəllikləri kimi təqdim edirlər. Guya ki, mədəniyyətlərarası dialoqa çox önəm verirlər. Getdikləri yerlərdə məktəblər açırlar, bacarıqlı uşaqları həmin məktəblərə gətirib, təqaüdlə oxutdururlar. Orada təhsil alanlar bəlli maarifləndirmədən keçir və o məktəbləri bitirdikdən sonra dövlət idarəçiliyində mühüm vəzifələrə gəlirlər. Bununla yanaşı, biznes fəaliyyətləri də mövcuddur. Bu təşkilat üzvləri getdikləri ölkələrdə lokallaşırlar. Beləcə, iqtisadi qazanc və bu fəaliyyətləri dəstəkləyəcək maliyyə imkanları qazanaraq özünü təmin edən çarx halına gəlirlər”.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun APA-ya müsahibəsində deyib.

Səfir “Gülənçilərin” Azərbaycandakı gücü və imkanları barədə sualı cavablandırarkən bildirib ki, onların ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub: “Dindən, insanların vicdanından sui-istifadə edərək, robotlaşmış fərdlər yetişdirərək dövləti ələ keçirmək təşəbbüsü göstərən təşkilatdan söhbət gedir. Təkcə Türkiyədə deyil, 140-dan çox ölkədə fəaliyyət göstərən terror təşkilatından danışırıq. Bunların Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub. Dil yaxınlığı, qardaşlıq hissiyyatı və s. amillərlə əlaqədar bu coğrafiyanı ilk gediləcək yer olaraq görüblər. Dolayısı ilə, Türkiyənin başına gələnlərlə heç bir dövlətin, millətin, demokratiyanın qarşılaşmamasını istəyirik. Türkiyədə təəssüf ki, Silahlı Qüvvələrin keçmişdən gələn “uğurlu” çevrilişləri olub…”.

Səfir qeyd edib ki, Azərbaycanla “Gülənçilərin” buradakı təşkilatlanması ilə bağlı məlumat mübadiləsi aparırlar. “Hər ölkə kimi, şübhəsiz, Azərbaycanımız da özü üçün lazımi nəticələri çıxaracaq”, – deyə Alper Coşkun bildirib.

Türkiyənin Azərbaycandakı səfirinin “bunların Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub” fikrinin ardınca “Türkiyənin başına gələnlərlə heç bir dövlətin, millətin, demokratiyanın qarşılaşmamasını istəyirik ” sözlərini  rəsmi Bakıya xəbərdarlıq kimi izah etmək olar. Bununla səfir bir qədər örtülü şəkildə “Gülənçilər”in Azərbaycanda güclü olduqlarına işarə vurub.
Eyni zamanda onların özlərini yüksək dəyərlərə, yerli halkimiyyətlərin önəm verdiyi xüsusiyətlərə malik insanlar kimi göstərərək, gizli yollarla dövləti ələ keşirməkdə mahir olduğunu bildirərərək,  Bakının təhlükəni göründüyündən daha ciddi qəbul etməsini zəruriliyinə işarə vurub.
Səfirin son fikirləri isə Türkiyənin rəsmi Bakıdan Azərbaycanını dövlət qurumlarındakı  “Gülənçilər”in təmizləməsini gözlədiyini göstərir.


AZPOLİTİKA.İNFO & VƏTƏNSEVƏRLƏR 

27 Temmuz 2016 Çarşamba

http://qarabaqliadil.web.tv/



DİGƏR MARAQLI VİDEOLARI İZLƏMƏK ÜÇÜN  http://qarabaqliadil.web.tv/  KANALIMI TƏQİB ETMƏYİNİZİ RİCA EDİRƏM. KANALIMA DAXİL OLARKƏN REKLAMLARA GÖZ ATSANIZ ZƏHMƏTƏ QİYMƏT VERMİŞ OLARSINIZ. 


SƏRHƏDLƏRİN AÇILMASINDAN QARABAĞA GEDƏN YOL ? - TƏHLİL

Türkiyə Ermənistanla sərhədləri açmaq üçün   müzakirələrə başlamaq istəyir.



          Bu iddia ilə “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirgen çıxış edib.

Onun iddiasına görə, xarici işlər naziri Mövlud Çavuşoğlu iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan rəhbərliyinin “nəbzi”ni yoxlamağa çalışıb.

“Müsbət abu-hava  və daha irəli getmək üçün zəmin var”, - deyə o qeyd edib.

Lakin əlavə edib ki, Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək üçün müzakirələr aparılarkən, Türkiyə daxilində xainlər çevriliş cəhdi etdi.

***

Türkiyənin Ermənistanla sərhədləri açması iddiasının gündəmə gəlməsi regionda geosiyasi mənzərənin dəyişməsi fonunda müzakirələrə yol açır. Lakin hər şey Ankaranın Bakının nəbzini yoxlaması və prosesin başlaması qədər sadə deyil.

Qərb Türkiyəyə Ermənistanla sərhədləri açması və münasibətləri normalaşdırması üçün zaman-zaman təzyiqlər edib. Bu, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün lazımlı idi. 2009-cu ildə Bakının sərt reaksiyasına rəğmən, “Surix” protokollarının imzalanması da bu siyasətin tərkib hissəsi idi. Lakin elə 7 il öncə Azərbaycanın sərgilədiyi mövqe, Türkiyə və Azərbaycan ictimaiyyətlərinin bu plana qarşı həmrəylik nümayiş etdirməsi oyunun pozulması ilə nəticələndi. Həmin vaxtdan etibarən Ankaranın “sərhədləri yalnız işğal olunmuş Qarabağ azad olunarsa, açaram” mövqeyi ön plana çıxdı. 

7 il öncədən günümüzə qədər Bakı və Ankaranı bir-birinə bağlayan bağlar daha çox sıxlaşıb və hər iki paytaxtda digərinin maraqlarının əksinə addım atacaq mövqe faktiki olaraq mövcud deyil. Buna paralel olaraq, regiondakı vəziyyət, Türkiyə ətrafında baş verən hazırkı proseslər də Ankaranın Bakının razılığı olmadan, yaxud onun maraqlarına zidd şəkildə buna gedəcəyi fikrini gündəmdən çıxarır. Deməli, sərhəd iddiasında həqiqət payı varsa, bu, Azərbaycanın ərazi bütövlüyünün və Türkiyənin bununla bağlı mövqeyinin təmin olunması fonunda mümkün ola bilər. 

Bu iddianın indi gündəmə gəlməsi isə bəzi ehtimalları ön plana çıxarır.


a) İddiada qeyd olunan “Çavuşoğlu iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan rəbərliyinin “nəbzi”ni yoxlamağa çalışıb. Müsbət abu-hava və daha irəli getmək üçün zəmin var” fikirləri Bakının bu məsələyə loyal yanaşdığı mənasına gəlir. Bakı sərhəd məsələsinə loyallıq nümayiş etdirirsə, deməli, ölkənin maraqlarının təmin olunası zəmanəti yaranıb. Əks təqdirdə bu, mümkün olmaz, hətta 7 il öncəkindən daha sərt reaksiya verilər.

b) Əslində Dağlıq Qarabağla bağlı Vyana və Sankt-Peterburq görüşündən sonra işğal altındakı ərazilərin qaytarılması və münasibətlərinin həll olunması istiqamətində ciddi danışıqların olduğu haqda məlumatların yayılması da bu iddia fonunda yada düşür. Hansı ki, planda ətraf rayonların qaytarılması, qaçqınların geri dönüşü və Qarabağın status məsələsinin həll edilməsi var. Hesab etmək olar ki, Ankara danışıqların detallarından xəbərdardır və münaqişənin həlli ilə bağlı böyük ümidlər var. Bu baxımdan, prosesə paralel olaraq, Ermənistanla sərhədlərin açılması işinə start verib.


c) Yaxud Türkiyə ilə sərhədlərin açılması, Ermənistanın blokadadan çıxması danışıqların tərkib hissəsi olub. Bakı işğal olunmuş ərazilərin qaytarılacağı təqdirdə buna etiraz etmir. Türkiyə Ermənistanla sərhədləri açaraq, iqtisadi cəhətdən yeni bazar qazanır, siyasi cəhətdən regionda mövqelərini gücləndirir. Qərb Ermənistanı Rusiyadan qoparmaq üçün bu siyasəti həmişə dəstəkləyib. Bəlkə də sərhəd məsələsini danışıqların tərkibinə qatılması təklifi Qərbin özündən gəlib. Bura qədər proses aydın görünür, lakin Rusiya faktoru ümumi mənzərəni müəyyən qədər qarışdırır.


d) Rusiya hərbi bazalarının olduğu, öz “vassallına” çevirdiyi Ermənistanı güzəştə getmək niyyətində deyil. Bura Moskvanın Qafqazda şəxsi qalası hesab oluna bilər. vaxtilə Türkiyə ilə sərhədlərin açılması prosesinə qoşulan, beləliklə, Rusiya maraqlarını zərbə altına salan İrəvan Kreml tərəfindən bu və ya digər formada cəzalandırılıb da. Lakin indi mənzərə bir qədər fərqlidir, xüsusilə Ankara-Moskva münasibətlərinin “geridönüş” mərhələsinə qədəm qoyması məsələyə fərqli baxış yaradır. 

- Rusiya Qarabağ münaqişəsinin həlli prosesində Türkiyəni yaxına buraxır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Türkiyə təklifləri ilə münaqişənin həllinə töhfə verə bilər” deməsi də bu fikri gücləndirir.
- Türkiyənin “İrəvan həmləsi” Moskvanın razılığı ilə cərəyan edir.
- Proses Qarabağ münaqişəsinin həlli fonunda baş verir.
- Bakı ərazilərin işğaldan azad olunması şərti ilə prosesə müsbət yanaşır. 

Önə çıxan versiyalar bunlardır və nəticə etibarilə Türkiyə-Rusiya liderliyi ilə regionda stabillik əldə olunur, münaqişə həll edilir və Qərbin bura müdaxiləsinin qarşısı alınır. 

Burada iddianı irəli sürən Çekirgenin “Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək üçün müzakirələr aparılarkən, Türkiyə daxilində xainlərin çevriliş cəhdi etdi” sözləri diqqəti Türkiyədə dövlət çevrilişinə cəhddən bir gün sonra Ermənistanda başlanan qiyama yönəldir. Müəllifin bu sözləri daha çox “xainlər prosesin qarşısını aldı” mənasında qəbul oluna bilər. 

Qərbin FETÖ qruplaşmasının əli ilə Türkiyədə xaos yaratmaq, yaxud buna cəhd etmək addımı həm də Qarabağ münaqişəsində əlindən çıxan kartları Rusiyaya verməmək, başlanan prosesi tormozlamaq hədəfinə hesablanıb. Çekirgenin iddiasından ortaya çıxan ehtimallar belədir, lakin bunun nə qədər doğru iddia olduğunu demək də çətindir.


Asif Nərimanlı
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR

RUSİYA QARABAĞIN QAYTARILMASI ÜÇÜN İRƏVANA QOŞUN YERİDİR

27 İyul 2016 / 13:32 
  
Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planının pozulmaması üçün Ermənistandakı hadisələrə müdaxilə edəcək. Bu barədə “Lragir” saytı yazıb.

Sayt qeyd edir ki, İrəvanda keçirilən aksiyada siyasətçilər tez-tez bu haqda danışırlar: “Baş verənlər Moskvanın Qarabağ və erməni-türk sərhədinin açılması ilə bağlı planlarını pozur. Türkiyə də bu məsələdə Rusiyanı dəstəkləyir, çünki Moskvanın planı Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutur. Məhz mümkün Rusiya müdaxiləsi ilə bağlı mitinq keçirənlər hakimiyyəti xəbərdarlıq edir və buna icazə verilməməsi tələb olunur. Görünür, bu ehtimal artıq reallığa çevrilir. Xüsusilə son günlər Rusiyanın “Alfa” xüsusi təyinatlılarının gəlişi və rus təyyarələrinin səmada görünməsi haqda söhbətlər gəzir”.

Ekspertlər isə Sarkisyan hakimiyyətinin daxili problemi aradan qaldırmaq üçün Qarabağda müharibə edə biləcəyi ehtimalını dəyərləndirirlər.

Erməni ekspert Akop Badalyan isə qeyd edir ki, Rusiya Ermənistandakı vəziyyətdən ciddi şəkildə narazıdır.

“Çünki baş verənlər onun “Kazan prinsipləri” ilə Qarabağ münaqişəsini həll etməyinə mane olur. Hansı ki, bu Qarabağın qaytarılmasını nəzərdə tutur. Ola bilər ki, belə situasiyada Qarabağda müharibə yenidən alovlansın”, - deyə o bildirib.


Asif 
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR

YADPLANETLİLƏRDƏN MESAJ GƏLDİ...

 “ Biz varıq, nə üçün yolunuzdan çıxmısınız? ”


Son vaxtlar müxtəlif ölkələrdə Uçan Naməlum Obyektlərin (UNO)  görünməsi halları artıb. İyulun 9-da Beynəlxalq Kosmik Stansiyadan canlı yayım zamanı orbitdə uçan naməlum obyekt (UNO) görünüb. Obyekt görünən kimi NASA canlı yayımı kəsib. İnternet istifadəçiləri sirli obyektin yadplanetlilərə, ya da Çinə aid ola biləcəyini iddia etsə də, NASA bu barədə heç bir açıqlama vermədi.
Bir neçə gün əvvəl isə Səudiyyə Ərəbistanında qəribə hadisə baş verib. Səhraya UNO enib. Yerli sakinlərin lentə aldığı videoda UNO-nun qapılarının açıldığı və yadplanetlinin yerə endiyi, daha sonra  UNO-nun  havaya qalxdığı görünür. Bundan bir müddət sonra isə yadplanetli havaya çəkilir.
Sonuncu dəfə UNO-larla bağlı görüntü Rusiyada qeydə alınıb. Bu ölkə təyyarəsinin xaricinə quraşdırılmış kameraya uçan naməlum aparatların görüntüləri düşüb.  Bir çox ufoloqlar bu videonun xarici sivilizasiyanın varlığına ən yaxşı sübut olduğu deyib. Bir sözlə, yadplanetlilərin varlığı son vaxtlar aktuallaşıb. Onlar insanların gözünə daha çox görünməyə başlayıb.
 
Şair-publisist, ufoloq Nazim Əhmədli Publika.az-a müsahibəsində UNO-ların yer kürəsində tez-tez görünməsinin  səbəblərinə, yadplanetlilərin gəlişlərinin məqsədlərinə aydınlıq gətirdi.
  

- Son vaxtlar yadplanetlilərlə bağlı xəbərlər çoxalıb. Səbəb nədir? Belə varlıqlar var?

- Onlara inanmaq lazımdır. Kainat böyükdür və Yer kürəsi kainatda tək deyil. Başqa sivilizasiyalardan yadplanetlilər hər zaman Yer kürəsinə gəlib-gedirlər. Dəniz və dağların altında onların bazaları da var. İnsanlarla əlaqə saxlamamalarının səbəbi Yer kürəsinin kosmik birliyin üzvü olmamasıdır. Kainatda planetlərin kosmik birliyi var. Yer kürəsində atom stansiyaları,  narkotik vasitələr var. Yadplanetlilər onların öz planetlərinə ixrac olunmasından qorxur. Ona görə də, Yeri həmin birliyə daxil etmirlər. Həm də bizim sivilizasiya daha aşağı səviyyəlidir. Onlar çox zaman gizlin şəkildə gəlib-gedirlər.
 
- Bu gedib-gəlmələrin səbəbi nədir?

- Onlar Yer kürəsini nəzarətdə saxlayırlar. Milyon illərdir Yer kürəsinə gəlirlər. Hətta uzun illər NASA bilərəkdən bu məlumatları insanlardan  gizlədib. Çünki insan beyni onları dərk edəcək səviyyədə deyil. Onlar birdən-birə gəlsələr, insanlar şoka düşər, bədbəxt hadisələr baş verə bilər. Onlar yüz min illər ərzində bizim bəşəriyyətə inteqrasiya olunacaqlar. Artıq bəşəriyyət hər şeyə hazır olmalı, onları görməyi normal qarşılamalıdır. Onlar barədə yayılanlar fotoşop deyil, reallıqdır. Bu gün onlar bəşəriyyəti nəzarətdə saxlayırlar. Harada kosmodramlar, böyük hərbi hissələr varsa, yadplanetlilər onlara nəzarət edir.
 
- Niyə nəzarət edirlər ki?

- Çünki Yer kürəsi kosmosun bir hissəsidir. Burada baş verən hər hansı pis hadisə kosmosa da öz təsirini göstərə bilər. Ona görə də, onlar daim Yer kürəsini nəzarətdə saxlayırlar.
 
- Son vaxtlar onlar daha çox görünür. Bunun səbəbi nədir?

- Bu  gün Yerdə çox böyük haqsızlıqlar, müharibələr olur. Bunlar hamısı bəşəriyyətin aurasında mənfi emosiyaların yığılmasına xidmət edir. Mənfi enerji ekologiyanı korlayır. Onlar Yer kürəsində ekoloji tarazlığın pozulmasından narahatdırlar. Çünki burada ekologiyanın pozulması kainatdakı başqa sivilizaiyalara təsir edə bilər. Kainat bütövlükdə canlı orqanizmdir. Bütün sivilizasiyalar bir-biri ilə əlaqədardır. Onlar milyon illərdir Yer kürəsinə gəlib –gedirlər. Əsasən də, dünyanın hansı bucağında təbii fəlakət, müharibələr olanda ora gəlirlər. Bu gün bəşəriyyət çaşıb, müharibələr, ölümlər, pula maraq, hərislik, dünyanı sərhədlərə, dinlərə, dövlətlərə bölmək, işğalçılıq halları artıb. Ola bilər ki, son vaxtlar daha çox gəlib-getmələri də  məhz bununla bağlı ola bilər.  Bizdən daha yüksək ağılda olduqlarını, varlıqlarını müxtəlif işarələrlə göstərmək istəyirlər. Onlar  Yer kürəsinin işinə qarışmırlar. Çünki insanlar özləri kamilləşməlidirlər. Həm də onlar yüksək ağıllı varlıqlardır. Birdən-birə yüksək ağıllı birinin insanlara qoşulub küçədə kofe içməsini gözləmək mümkün deyil. Onların səviyyəsi ilə bizim səviyyə arasında milyon illər var.
 
- Yerin işinə qarışsalar, nə baş verərdi?

- Onlar Yer kürəsinin işinə qarışsalar, bütün problemləri çox qısa bir zamanda, 5 günə həll edə bilərdilər. Amma onların nizamnaməsində elə şey yoxdur, yəni qarışa bilməzlər.
 
- Yer kürəsinin işinə qarışmırlar, amma onların yeri qoruduğunu dediniz. Necə qoruyurlar?

- Yer kürəsinə meteorit düşəndə qarşısını ala bilirlər. Günəş sistemi planetləri süni şəkildə yaradılıb və çox dəqiq yaradılıb. Bu dəqiqlik Yer kürəsinə gələn bütün səma cisimlərini yaşayış olmayan planetlərə yönləndirir. Məqsəd Yer kürəsini müəyyən təzyiqlərdən qorumaqdır. Buradan da belə nəticə çıxarmaq olar ki, yer onların nəzarətindədir.
 
- Yadplanetlilərin Yer kürəsinə inteqrasiya edəcəyindən danışdınız. Onlar inteqrasiya edəndən sonra nə baş verəcək? Nə dəyişəcək?

- ABŞ hökumətinin çoxdandır ki, onlarla əlaqəsi var. Müntəzəm görüşləri olur. Hətta müəyyən dövrlərdə prezidentlərin  onlarla görüşməsi barədə fikirlər yayılmışdı.
 
- Bəs görüşəndə hansı dildə, necə danışıblar?

- Bu məsələdə müxtəlif versiyalar var. Onlar müxtəlif növlüdür. Eləsi var ki, danışa bilir, bəziləri sadəcə telepatiya ilə əlaqə saxlayır. Onların konkret necə ünsiyyət qurması tam təsdiq edilməyib. Mən Moskvada oxuyanda, yadplanetlilərin oğurladığı bir nəfərlə görüşümdük. Bizi müəllimimiz tanış etmişdi, qrup şəklində gedib həmin şəxslə danışmışdıq. Onu oğurlayıb aparmışdılar, sonra da geri qaytarmışdılar. Həmin vaxt yer kürəsində 3 gün, yadplanetlilər üçün isə bu cəmi 15 dəqiqə vaxt aparmışdı.  Həmin adamın yaddaşını silmişdilər. Amma az da olsa, bəzi nüanslar yaddaşında qalmışdı. Dəyirmi bir otağa apardıqlarını, hər tərəfin şüşə olduğunu demişdi. Təxəyyülündə qalanlarla onların şəklini də çəkmişdi. Təxminən 2.5 metr hündürlüyündə, mavi gözlü insanabənzər varlıqlar olublar.
 
- Onun dediklərinə necə inanmaq olar? Bu gün kimsə gəlib belə bir əhvalat danışsa, heç kim ona inanmaz.

- Yox, inanmaq lazımdır. Bunun üçün “Qurani-Kərim”ə müraciət etsək, görərik ki, orada da buna işarə var. Orada qeyd olunur: “Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi rəbbil-aləmin”. Bu o deməkdir ki, Allah bütün aləmlərin rəbbidir. Yəni kainatda başqa aləmlər də var, onlar hamısı Allahın nəzarətindədir.
 
- Deyəsən, yay fəslində daha çox görünürlər, ya da bu fəsildə UNO-larla bağlı daha çox xəbər yayılır. Bunun bir səbəbi varmı?

- Ola bilər ki, yay fəslində daha çox gəlmək onların proqramlarına uyğundur. Yayda təbiət daha gözəl olur. Lakin bu, mənim şəxsi versiyamdır. Düşünmürəm ki, daha çox yayda gəlirlər.  Bütün fəsillərdə gəlirlər. Sonuncu dəfə Səudiyyə Ərəbistanda görünüblər. Ola bilər  ki, son illər şərqdəki müharibələr və s. səbəbdən  oranı seçiblər. İnsanlara göstərmək istəyirlər ki, “biz varıq, nə üçün yolunuzdan çıxmısınız?” Dünyanın müxtəlif ölkələrində onlar təbiətdə işarələr qoyurlar. Xüsusən, əkin sahələrində qoyduqları izlərlə Yer kürəsinə varlıqları ilə bağlı mesajlar verirlər.
 
- Onları  görmək üçün xüsusi güc olmalıdır, yoxsa hər kəs görə bilər?

- Dünyada elə insanlar var ki, onlarla əlaqədədirlər, danışırlar. Özləri kimlə danışmaq lazım olduğunu bilirlər. İstədikləri insanla əlaqəyə girə bilərlər, ancaq seçilmiş insanlarla əlaqəyə girirlər. Məsələn, ABŞ kimi dövlətləri seçirlər, bunun üçün müəyyən məqsədləri var. Əsasən, gizli gəlirlər, aşkar olduqları vaxt da mətbuata çıxır. Daha çox görünməməyə üstünlük verirlər.
 
- İnsanlarla görüşməkdə məqsədləri nədir?

- O vaxtlar ABŞ prezidenti ilə danışanda bu ölkənin əhalisinin 2%-i oğurlayıb aparmaq istəmişdilər, qarşılığında onlara yeni texnologiyalar verəcəkdilər. Bu məsələdə razılaşdılar. Amma təkcə ABŞ yox, digər ölkələrdə neçə faiz əhalini oğurladılar. Hər gün dünyada nə qədər insan yoxa çıxır. Onları kim aparır? Əlbəttə, yadplanetlilər.
 
 
- Nə üçün aparırlar ki?

- Yadplanetlilər özləri bir neçə qrupa bölünür. Eləsi var ki, Yer kürəsinə düşmən mövqe tutur, mənfi emosiyalıdır, eləsi də var ki, Yeri qoruyur.
 
- İnsanları aparanlar hansı qrupdandır?

- Hər ikisindən var. Onlar insanları aparır, öz mühitlərini göstərirlər, danışdırırlar, sonra da geri qaytarırlar.  Onlar qayıdandan sonra müəyyən qabiliyyətləri meydana çıxıb. Onlar o qədər yüksək sivilizasiyadır ki, hər şeyi bacarırlar. Bəzilərini də aparıb, özləri ilə birləşdirib, yeni bir məxluqlar yaradırlar.
 
- Siz onları görmüsünüz?

- Onların göy üzündə hərəkətlərini görmüşəm. Bilmişəm ki, uçan obyektlərdir, təyyarə deyil. Laçın rayonundanam, orada olanda  bir dəfə üç işıq saçan boşqab başımın üstündən keçmişdi. Yüksək sürətlə hərəkət edirlər.
 

Gülxar 
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR