Translate

14 Mayıs 2017 Pazar

FAİQ ƏLƏKBƏRLİNİN TURANÇILIQ VƏ TANRIÇILIĞA AİD KİTABI NƏŞR EDİLDİ

Bu gün (15.05.2017) AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Turançılıq və Tanrıçılığa aid yeni kitabı (Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Xan nəşriyyatı, 2017. - 512 səh. ) nəşr olundu.


                                Bu kitabı əldə etməyi və oxumağı unutmayın


Bununla bağlı mətbuata açıqlama verən F.Ələkbərli bildirib ki, yeni kitabında Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib: “Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilibr. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır”.

Azərbaycan türk aydının sözlərinə görə, eyni zamanda kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-mifoloji və fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapmışdır. 

F.Ələkbərli yeni işıq üzü görən monoqrafiyasında Orta çağ Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarları ayrıca tədqiq edib. Azərbaycan alimi bunu onunla izah etdi ki, bu Azərbaycan Türk dövlətlərinin tarixinə yenidən işıq salınmasına ciddi ehtiyac var idi. Özəlliklə, Azərbaycan türkləri Qacarların tarixini doğru şəkildə mənimsəməklə, yeni Türk dövlətinin əsasnı qoya bilərlər.

Azərbaycan alimi qeyd etdi ki, kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri də geniş təhlil olunub. F.Ələkbərli hesab edir ki, buna səbəb Türk birliyi ideyasına yeni baxış ortaya qoymaq olub. Bu anlamda əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunub. Onun sözlərinə görə, kitabda əsas məsələ kimi Türk Birliyinin Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında deyil, ayrıca, yəni heç bir dini ayrı-seçkilik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməsi ideyası ortaya qoyulub.


irshadtv.com

12 Mayıs 2017 Cuma

TANRIÇILIQ FƏLSƏFƏSİ (5-ci yazı)

12.05.2017 / 06:10

Ümumiyyətlə, Türk hikmətində “yaradılış” örnəklərinə Oğuznamə, Dədə Qorqud Kitabı və Orxon Kitabələrində rast gələ bilirik. Ülkendə yazır ki, əski Türk hikmətinə görə, aləm iki zidd qüvvətin arasındakı ahəngdən doğmuşdur.  İnsanların səadəti, dünya cənnətləri və millətlər arasındakı sülh, bu ahəngin davamına bağlıdır. İctimai mərtəbələrin birbirinə hörməti, zümrələr arasındakı uyğunluqda yenə eyni nizamın əsəridir. Ülkenə görə,  bu nizamın pozulması insanın həyat və ruhundakı ahəngi pozacağı kimi; əksinə insanın dərin ahənginin pozulması da bu nizamı sarsıda bilir: “Beləcə varlıqla insan arasında Türk hikmətinə görə qarşılqlı bir bağlılıq, adətən bir vəhdət yaradır. O surətlə ki nə varlıq insana, nə insan varlığa tabe olmayıb əməli həyatın əsası bunların vəhdətindən asılı olan ahəngdədir. Məsud olmaq üçün bu vəhdətə uyğun yaşamaq lazımdır. Fəqət ona uymaq yunan hikmətində olduğu kimi aləmin müqəddər və dəyişməz mərtəbələrinə boyun əymək, ona zidd gələn arzuları öldürmək deyildir.

Çünki Türk kosmologiyasında aləmin uçurumlara ayrılmış mərtəbələri yoxdur. Ancaq biri-birinin ziddi olmasına rəğmən yenə biri-birini tamamlayan və beləcə insanlara dəruni inşirah içərisində  “tərəqqi” imkanı verən iki prinsip vardır. Əvvəlcə gördüyümüz kimi bu prinsiplərdən biri mükəmməlliyin, şəklin, sükünun və ulaşmanın timsalı olan “Göy Tanrı”dır. O, bütün insanların hədəfi, son qayəsi, yəni bizzat “məfkurə”dir. Digəri insanların içindən çıxdıqları və yenə içinə döndükləri torpaq; arzular, ümidlər, ehtirası və iztirabları, nəhayətsiz bir şövq və həmlənin timsalı olan “Asra Yer”dir. O da, bütün insanların qaynağı, qüdrətlərinin pinarı, özlərinə məfkurəyə doğru atılma şövq və hərarətini verən mənbə, yəni bizzat şəniyyətdir. Bu iki prinsip birbiriylə çatışmaq və ya birbirinə yabancı aləmlər halında qalmaq belə dursun, bləkis nəhayətsiz iştiyaqlarından dolayı ancaq vəhdət halına gəldikləri zaman varlıq və insanın ahəngini vücuda gətirirlər. Halbuki yunan hikmətində təbiətin mərtəbələri birbirinə yabancı olduğu kimi; İran hikmətində də yaxşılıq və pislik şəklində təcəlli edən edən iki zidd qüvvət insanın vicdanında bir mücadilə səhnəsi bulur”.

Beləliklə, o fikrə gəlirik ki, qədim türklərin dini-fəlsəfi dünyagörüşünün təməlini və başlıca məzmununu Tanrıçılıq təşkil etmişdir: “Türk mifologiyasının ümumi mənzərəsi və başlıca problemləri, bir dünyabaxışı və mifik görüşlər sistemi kimi türk tanrıçılığının struktur-semantik tərkibi, təməl, ünsür və anlayışları, funksional strukturu məhz türk tanrıçılığının məzmununda daha tam halda və qabarıq görünür. Türklərin tək bir yaradıcı varlığa inanmaları və onu «tanrı» (çənli tənqri, teyri, tora, tanrı, dingir) adlandırmaları haq­qında ilk məlumatları qayaüstü rəsmlərdən, Şumer dönəmindən başlayaraq mixi yazılardan, arxeoloji və etnoqrafik mənbələrdən alırıq». Doğrudan da qədim türklərin/turanlıların bütün başqa dinlərdən fərqli, kifayət qədər inkişaf etmiş, universal dini-mifoloji sistemi olmuşdur ki, bu da tenqrizm ya da tanrıçılıqdır: «Əski türklərdə Tanrı – dini-mifoloji sistemin mərkəzi anlayışı idi. Hərfi mənası həm «göy», həm də «allah» anlayışını ifadə edirdi. Bir çox araşdırmaçılar bu xüsusiyyəti göz önündə tutaraq «tanrı» kəlməsi ilə əslində «Göy Tanrı» anlayışının ifadə edildiyi fikrini irəli sürmüşlər. Bu fikrə görə «tanrı» səmavi bir allah anlayışı olub, bütün türklərə xas milli bir din sisteminin özəyini təşkil edirmiş. Başqa sözlə, türk tanrısı həm maddi «göy», həm də «göy tanrısı» kimi konkret və mücərrəd anlayışların sintezidir». Beləliklə, Tanrıçılıq türk dini-fəlsəfi dünyagörüşünün mahiyyətini və strukturunu müəyyənləşdirmiş, əski Turan imperatorluqları dövr­ündə təktanrıçı inanc sisteminin təməli olmuşdur. Türk tanrıçılığının monoteist inanc sistemi olması Orta çağ qaynaqlarında da yekdilliklə qəbul edilmiş, onun türk mifologiyası əsasında formalaşmış monoteist bir sitem olduğunu təsdiq etmişdir: «Monteist türk dini-mifoloji sistemində gerçəkdən də «tanrı təkdir və şəriki yoxdur». Tanrının belə yüksək və tək yaradıcı başlanğıc olaraq ortaya çıxması nisbətən sonrakı dövrlərin, daha doğuru, imperatorluqlar çağının məhsuludur».

Bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Kərkük, Krım, Uyğurustan və digər Türk dövlətlərinin, ellərinin bayrağında öz əksini tapmış mavi (göy) rəng də qədim türk­lərdə mövcud olmuş Tanrıçılıq dini ilə bağlıdır: «Qədim türklər Tanrıya (Allaha) «Göy Tanrı» deyə müra­ciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrının (Allahın) simvolu idi. Bir əşyanı göy (mavi) boya ilə rəngləmək, yaxud həmin sözlə yanaşı işlətmək («Göy Tanrı» ifadəsində olduğu kimi) əski türk mifik düşüncəsinə görə, müqəddəs, qutsal sayılırdı». Göy (mavi) rəngin türk varlığının, türklüyün simvolu kimi orta əsrlərdə və müasir dövrdə bir sıra türksoylu dövlətlərin bayraqlarında əks olunması, əski türklərdəki qədim inancın saxlanması kimi yozulmalıdır: «Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan «türkləşmək, müasirləşmək, islamlaş­maq» ideoloji modelinin bir istiqamətini simvollaş­dır­mış­dır». Deməli, bu gün türkçülüyün simvolu olan göy (mavi) boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy bo­ya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı – tək­al­lah­lı­lığı da ifadə edir.


Bu kitabı əldə etməyi və oxumağı unutmayın

Tan­rı­çılıqdakı göy boya qədər İslam dinindəki yaşıl boya da eynilə tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin Tan­rıçılıqdan sonra İslam dininə tapınmalarını başa düşmək çətin deyildir. Ən vacib məqam odur ki, Tanrıçılıqda və İslamda Tanrı ilahi mahiyyət daşıyır, yəni gözə görünməz qüvvə kimi qəbul edilir. Tarixçi alim Həsən Həsənov da hesab edir ki, Tanrıçılıq tək Allah dini olduğu üçün türklər sonralar asanlıqla İslam dinini qəbul etmişlər: «Bu da, on­dan irəli gəlirdi ki, o zamanlar türk xalqlarının çoxu hələ də tanrı­çı­lığa sadiq idilər. Beləliklə, haqlı olaraq bütün Türk xalqları XIX-XX əsrlərdə yeniləşməyə, müstəqilliyə doğru gedərkən hər hansı şüarının başlıca kəlməsi islamlaşmaq idi». Doğrudan da, əski türklərin tanrıçılıq, daha sonra tanrıçılıq qədər sev­dikləri İslam dini milli ideyanın (türklük, çağ­daş­lıq, islam­lıq) başlıca istiqamətlərindən biri olmuşdur.

Hesab edirik ki, Dədə Qorqudun bir müdrik kimi Tanrıçılıqdan İsla­ma keçid arasında bir körpü rolu oynaması sonrakı dövrün məhsulu olsa da, burada düşündürücü məqamlar da vardır. Əgər Dədə Qor­quda da əsasən Tanrıçılığın (Göy Tanrı) etiqadları öz əksini tapmışdırsa, o İslamı qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütöv­lü­yündən çıxış edir. Bir sözlə, Dədə Qorqud İslam dininə tapınmaq­la Türkün ata-baba dinlərindən imtina etmir, tək Tanrıçı­lıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyul­ma­sı­na inanır. Bununla da, türklərin Islam dinində də özlərini tap­a­caq­la­rına müdrikcəsinə qərar vermiş olur. Əslində Dədə Qorqud sadəcə, Tanrıçılıqdan İslama keçid üçün tarixi “gənc”ləş­dirilmiş tanrıçı bir müdrikdir. Çünki Dədə Qorqudun yaşadğı zamanla İslamın meydana gəldiyi dövrlər arasında böyük bir zaman kəsiyi var. Ancaq nəzərə alsaq ki, Dədə Qorqud bütün dövrlərdə tanrıçılığı təbliğ edən qamların ümumiləşdirilmiş bir adıdır, o zaman onun Tanrıçılıqdan İslama keçid məsələsində də görünməsi təbiidir. Burada önəmli olan Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamın, yəni Dədə Qorqudun tək Tanrıçılıq düşüncə­sin­dən kənara çıxmamasıdır. Başqa sözlə, burada Qam oğlu Qam olmaqla, müsəlman oğlu müsəlman olmaq arasında ciddi fərqin olmaması ön plana çəkilir. Zümrüd Quluzadə hesab edir ki, Qamların təbliğ etdiyi tanrıçılıq fəlsəfəsini öyrənmək üçün, onların Kitabi-Dədə Qorqudda ortaya qoyduqları fəlsəfi məsələləri incələmək çox vacibdir: «Bunu biz­dən Qam (şaman) oğlu qam Bayandur xanın türklərə baş­çı­lığı, başqa sözlə, əcdadlarımızın şamanizmə ta­pınması tələb edir. Digər tərəfdən, dünya – təbiət və insanla üz-üzə duran hökmü rəvan şaman şəxsiyyəti etnik türk xarakterində özü­nə inam, ötkəmlilik, qüdrət və cəsarətin olmasını müəyyən edir desək, bəlkə də yanılmarıq». Ola bilsin ki, Bayındır xanın atası Kam-büre də (boz qurd timsalında) ulu Qam “Qamer” boyundan olmuşdur.

Doğrudan da, «Kitabi-Dədə Qorqud» boyları türk­lərin, o cumlədən Azərbaycan türklərinin qədim dini etiqad­larını, eləcə də Tanrıçılığı öyrənmək baxımından çox önəmlidir. Bu boylarda qədim türklərin dini etiqadları, dünyagörüşləri, adət-ənənələri öz dolğun əksini tapmışdır. «Dədə Qorqud» boylarında qədim türk epos təfəkkürünün müəyyən əlamətləri mühafizə edilir. Qədim türk eposunun əsas qəhrəmanları mifik obrazlar olmuşdur (Su, Göy, Yer, Ağac, Quş, Boz Qurd, Tanrı xan və b.). Türklər İslamı qəbul etdikdən sonra türk Tanrısını İslam Allahı əvəz edir. Eyni zamanda «Kitab»da türk boyları, oğuzların yaşadığı coğrafiya, «iç» və «dış» oğuzların münasibətləri yanaşı, oğuzların dini etiqad, inam və əxlaq normalarından bəhs olunur. Burada totemizmin, qamlığın izləri olsa da, əsas yeri İslamla səsləşən Tanrıçılıq tutur: «Vurduğunu ulatmayan ulu Tanrı! Basdığını bildirməyən bəlli Tanrı! Apardığını göyə yetirən əziz Tanrı! Qəzəbləndiyini batırıb-boğan acıqlı Tanrı! Bir­li­yinə sığındım, qadir Tanrı!». Deməli, «Ki­tabi-Dədə Qorqud»da türklərin dünya­görüşünün ən ali forması kimi Göy Tanrıya inam öz əksini tapmışdır ki, onun mahiyyəti də əsasən İslamla üst-üstə düşür.

Dos., Dr. Faiq Qəzənfəroğlu

10 Mayıs 2017 Çarşamba

“RUSİYA BU ADDIMLARLA BİZƏ BAŞQA SEÇİM QOYMADI”

Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır.
10.05.2017 / 14:00
                                                 Politoloq Elxan Mehdiyev

Irshadtv.com xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər.

“İkincisi, 9 mayda Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın “bayraqları” dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır.

Üçüncüsü, Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur: kimə qarşı? Bu sualın cavabını 4-cü bənddə aydınlaşdırmaq olar.

Dördüncüsü, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər. Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir? Demək, elə erməni generalın dediyi doğrudur. Moskva bu cür antiazərbaycan siyasəti ilə bizə Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaq və NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur”.


Axar.az 

ABŞ-dan SEPARATÇI BÖLGƏLƏRLƏ BAĞLI GÖRÜNMƏMİŞ QƏRAR

DEYƏSƏN, AZƏRBAYCAN ÜÇÜN DƏ ŞANS YARANACAQ 
10.05.2017 / 11-00

Okeanın o tayından qərb qonşumuza ilginc dəstək; Senatın 2017 üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünə dəstək maddələri yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur; bəs Ermənistan? Trampın imzaladığı sənədin analojisi Azərbaycanla bağlı da qəbul edilə bilər, əgər...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirib. Erməni əsilli nazir Dağlıq Qarabağ mövzusunda da danışıb və bir sıra maraqlı açıqlamalar verib, yeni detallara toxunub. Eyni zamanda Qarabağa dair böyük anlaşmanın təxmini şərtlərini bəyan edib.


Dünən Gürcüstanın baş naziri Georgi Kviriokaşvilinin ABŞ-a 3 günlük səfəri başlayıb. Gürcü mənbələrinin verdiyi məlumata görə, baş nazir Ağ Evdə vitse-prezident Mayk Pens və dövlət katibi Reks Tillersonla görüşəcək. Onun həmçinin ABŞ Senatında müxtəlif komitələrin sədrləri ilə təmasları planlaşdırılır.


Gürcüstan hökumət başçısını səfərdə xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze müşayiət edirlər. Lakin ən mühüm detal - baş nazirin səfərinin ABŞ prezidenti Donald Trampın ölkənin 2017-ci il üçün yeni federal büdcəsini təsdiqləməsindən iki gün sonraya təsadüf eləməsidir.

Məsələ ondadır k, büdcə mətnində ilk dəfə Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı maddələr yer alıb. Həmin maddələrə əsasən, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyan istənilən ölkəyə hər hansı kömək birbaşa və qəti şəkildə qadağan edilir. Söhbət təbii ki, ən əvvəl Rusiyadan gedir. O Rusiya ki, ABŞ-ın ən yüksək rəsmiləri belə, onu vaxtaşırı və açıq şəkildə təcavüzkar adlandırırlar.


Təsadüfi deyil ki, Gürcüstanın baş naziri bu qərarı öz ölkəsi üçün “çox mühüm və misli görünməmiş” adlandırıb. “Hamını belə bir misli görünməmiş sənəd münasibətilə təbrik edirəm - harda ki, qanunverici akt şəklində ilk dəfə olaraq, Gürcüstan ərazisinin işğalı öz əksini tapıb. Bu, strateji tərəfdaşlarımız tərəfindən Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkəmizdə gedən demokratikləşmə prosesinə və iqtisadi inkişafa verilən dəstəyin daha bir təsdiqidir”, - deyə Kvirikaşvili vurğulayıb.


***

Qeyd edək ki, büdcə ayırmaları barədə qanun mayın 6-da qüvvəyə minib. Sənəddə Gürcüstanla bağlı maddə “Gürcü əraziləri - Abxaziya və Tsxinvali/ üzdəniraq Cənubi Osetiya regionlarının işğalı” adlanır. Qanuna görə, ABŞ-ın dövlət idarələrinə bu bölgələrin Rusiya tərəfindən işğalına kömək olan addımlar atmaq qadağan olunur. Qanun Birləşmiş Ştatların Maliyyə Nazirliyi üzərinə bu məsələ ilə bağlı müvafiq beynəlxalq təlimatlar hazırlamaq öhdəliyi qoyur - ki, Gürcüstanın ərazi bütövlüyünü pozan hər hansı proqramın reallaşması mümkünlüyü (kreditlər, borclar, zəmanətlər) istisna edilsin. Bundan əlavə, təsdiqlənmiş büdcə layihəsində ABŞ dövlət katibinə vəzifə olaraq tapşırılır ki, sənədin qüvvəyə mindiyi andan 90 gün ərzində Abxaziya və Cənubi Osetiyanın işğalı ilə bağlı Rusiyanın hərəkətləri haqda məlumat versin.


***

Bu sübhəsiz ki, dünyanın 1 nömrəli dövlətinin Rusiya işğalı qarşısında qərb qonşumuza dövlət səviyyəsində verdiyi yeni, bənzərsiz və olduqca mühüm dəstəkdir. Yada salaq ki, bir neçə il öncə ABŞ Senatının qəbul etdiyi başqa qərarla Gürcüstan Ukrayna, Moldova və bəzi digər Şərqi Avropa ölkələri ilə birgə ABŞ-ın NATO-dan kənar müttəfiqi elan olunub. Bu da növbəti sanballı dəstək.


Sual ortaya çıxır: nədən ABŞ kimi superdövlət işğalçı Ermənistana qarşı da analoji mövqe sərgiləməsin? Axı Azərbaycanın da nə az, nə çox - 20% ərazisi on illərdir erməni silahlı qüvvələrinin tapdağı altındadır, bir milyondan çox insan qaçqın-köçkün həyatı yaşayır, işğal altındakı ərazilərdə etnik təmizləmə aparılıb, tarixi-mədəni abidələrimiz viran qoyulub, vandalizm aktları törədilib. “İkili standart” siyasətimi?


Sözsüz ki, məsələdə xristian amili (gizli xristian təəssübkeşliyi) və Amerikadakı güclü erməni lobbisi az rol oynamır. Yəqin ən əvvəl bunun nəticəsidir ki, Abxaziya, Cənubi Osetiya, Krım separatçılarının Amerikaya, Qərbə yolu çoxdan bağlı olduğu halda, ABŞ-da sərbəst şəkildə Dağlıq Qarabağdakı qondarma rejimin “nümayəndəliyi” fəaliyyət göstərir, “Kreml tulası” Bako Saakyan kefi istədiyi vaxt Vaşinqtona gəlir, hətta Senatda görüşlər keçirir, üstəlik görüş keçirdiyi məkanda saxta “DQR”in bayraq adlandırılan əskisini asır.


***

Əlbəttə ki, “ikili standart” yanaşma var. Amma insafən bir az da günahı özümüzdə axtarsaq, yaxşı olar. İş ondadır ki, qonşu Gürcüstan Vaşinqtonun belə yüksək səviyyəli və birmənalı dəstəyinə müstəsna olaraq Avrointeqrasiya xəttinə sadiq qaldığı, qardaş Türkiyənin də daxil olduğu Qərb (NATO) təhlükəsizlik sistemində yer aldığı, həmçinin ölkəni demokratik inkişaf yoluna çıxardığı üçün layiq görülür.


Deyilə bilər ki, bəs Rusiya faktoru? Yəni qorxu var ki, Azərbaycan da Gürcüstan yolu getsə, Rusiyanın qəzəbinə gələr. Zatən, biz məgər Rusiyanın qəzəbinə gəlməmişik ki? Rusiya torpaqlarımızın şərikli işğalçısı deyil ki? Ən önəmlisi, son 29 ildə Moskva əlində misilsiz imkanlar ola-ola Qarabağ konfliktinin həllinə zərrəcə kömək etməyibsə, onu daha nə qədər gözləməliyik?


Bir də ki, “İslanmışın yağışdan nə qorxusu?” Rusiya erməninin əli ilə Azərbaycana ən böyük pisliyini edib və bu pisliyə görə nə peşmandır, nə də qolunu çirməyib həmin pisliyin nəticələrini aradan qaldımağa hazırlaşır. Əvəzində isə Azərbaycan “Əli aşından da olur, Vəli aşınadan da”. Nə vaxtadək?


Nəhayət, demirikmi ki, qardaş Türkiyə harda, Azərbaycan da orda? Deyirik. Həm də tez-tez, ucadan deyirik. O zaman nəyi gözləyirik? Onu da unutmayaq ki, Rusiyanın hansısa separatçı qurumun müstəqilliyini birtərəfli qaydada tanıması hələ heç nə demək deyil - necə ki, Abxaziya və Cənubi Osetiya dünya birliyinin üzvü ola bilmədi. Əsas - Qərbin, ABŞ-ın tanımasıdır. Demək, Qarabağ məsələsində Qərbin, ABŞ-ın dəstəyinə xüsusi önəm verməliyik. Bu, istək məsələsi deyil, zərurətdir. 
Bir sözlə, Azərbaycan üçün də şans pəncərəsi fürsət qapısı açıqdır. Hələ ki...


Siyasət şöbəsi,
musavat.com