Translate

19 Mayıs 2016 Perşembe

ABŞ ORDUSU AZƏRBAYCAN VƏ ERMƏNİSTANDA DÖYÜŞLƏRƏ HAZIRLAŞIR

Birləşmiş Ştatlar ordusu Azərbaycan və Ermənistana mümkün hərbi müdaxilə üçün təlimlər keçir.


Virtualaz.org xəbər verir ki, bu sensasion məxfi məlumat “The National İnterest” dərgisi tərəfindən yayılıb.

Cozef Trevetçik (Joseph Trevithick) tərəfindən yazılmış məqalədə deyilir ki, heç şübhəsiz ordunun döyüş hazırlığı mümkün qədər reallığa yaxın olmalıdır. Lakin bunun başqa tərəfi də var. Məlum olub ki, ABŞ konkret ölkələrə qarşı müharibəyə hazırlaşır və həmin ölkələrin adlarını əlbətdə, gizli saxlayır. Ancaq onlara verilən şərti adlara və əlamətlərə əsasən söhbətin hansı dövlətlərdən getdiyini ayrıd etmək çətin deyil.

Birləşmiş Ştatların yerüstü qüvvələrinin döyüşə hazırlaşdığı və şərti adla adlandırılan ölkələr arasında Azərbaycan və Ermənistan da yer alır.

“The National İnterest”in yazdığına görə 2015-ci ilin aprel ayına olan vəziyyətə əsasən ABŞ ordusu öz əsgərləri üçün müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” beş xəyali dövlət seçib. Ariana, Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali Qafqaz peyzajında qurulub. Bu beş dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşib.


Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin şərti dövlətlərdə döyüş aparmaq ssenariləri əsasında planlaşdırılmalıdır. Sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı əsasında əldə edilib. Şərti dövlətlərin hər biri oxşar siyasi struktura, iqtisadiyyata, qoşun növlərinə, hərbi texnikaya və digər xüsusiyyətlərə malikdir. Sənəddə hansısa real ölkə əsasında modelləşdirmə aparılmır, ancaq orada əks olunanlar real vəziyyəti və hadisələri əks etdirir.

DATE-qrupda yer alan Ariana adlı şərti dövlətin əlamətləri İranla eynidir. Atropia və Limaria isə müvafiq olaraq Azərbaycan və Ermənistanı xatırladır. Sənəddə deyilir ki, hər iki şərti dövlət “Aşağı Janga” əyalətinə görə müharibə şəraitindədir. Donovia dövlətinin əlamətləri Rusiya, Gorqas dövlətinin əlamətləri isə Gürcüstanla eynidir.

Sənəddə göstərilən şərti dövlətlərdə əməliyyat aparmaq üçün 80 müxtəlif ssenari göstərilir. Bura humanitar fəlakətlər və terrorçuluğun qəfil alovlanması, digər daxili böhranlar və total müharibə ehtimalları daxildir.

“The National İnterest” yazır ki, 2012-ci ildə Luiziana ştatının Fort Polk bazasında keçirilən məşqlərdən birində Ariana dövlətinin, yəni İranın qoşunlarının Atrpoia dövlətinə, yəni Azərbaycana müdaxiləsi və neft yataqlarını ələ keçirməsi, ABŞ ordusunun Atropia dövlətinə kömək üçün hərbi əməliyyatlar aparması sınaqdan keçirilib.


& VƏTƏNSEVƏRLƏR

SON DƏQİQƏ : SƏRKİSYAN ERMƏNİ YARAQLILARINA QARABAĞDAN GERİ ÇƏKİLMƏK ƏMRİ VERDİ

Ermənistan prezidenti Serj Sərkisyan mayın 16-d Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra aprelin əvvəllərində döyüşmək üçün Qarabağa yollanan "Yerkrapa” könüllülərinə geri qayıtmaq əmri verib. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "168 jam” qəzeti yazır.


Sərkisyanın könüllülərə çatdırılan əmrində deyilir ki, hazırda təmas xəttində sakitlik yaranıb və danışıqlar gedir. Ona görə də silahlı qüvvələrin tərkibinə daxil olmayan bütün könüllü qrupları silahlarını təhvil verib geri qayıtmalıdır. Bildirilir ki, artıq dünəndən etibarən könüllü erməni yaraqlıları qruplar halında Ermənistana geri qayıdır.

Aprelin əvvəllərində Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yaranda Ermənistandan 4400-ə yaxın könüllü döyüşmək üçün Qarabağa yollanıb. Onlardan 1700-i silah və sursat, hərbi geyim alaraq bilavasitə təmas xəttində mövqe tutub. Qalanları "arxa cəbhədə” qalıb. "Hazırda könüllülərin silahlarının təhvil-təslim prosesi gedir”-qəzet yazır.

Lakin qəzet yazır ki, heç də bütün könüllülər Sərkisyanın əmrinə tabe olmaq istəmir. Onlardan bir hissəsi Azərbaycan ordusu tərəfindən alınan mövqeləri geri qaytaranadək Qarabağda qalmaq istəyir. Üstəlik Qarabağın silahlı dəstələri ilə Ermənistandan gələn "Yerkrapa” könüllüləri arasında qarşıdurma yaranıb.

Bu qarşıdurmanın başlamasına səbəb olan insident isə aprelin əvvəllərində baş verib. Qarabağ müharibəsinin veteranı, keçmiş səhra komandiri Vaan Badasyan bu günlərdə sosial şəbəkələrdə yazıb ki, könüllülərdən ibarət "Yerkrapa” yarımhərbi qruplaşmasının lideri general Manvel Qriqoryan aprelin əvvəllərində gedən döyüşlər zamanı Hadruta gələndə Qarabağ hərbçilərini söyüb.

Vaan Bədəsyanın bildirdiyinə görə, general Manvel çoxsaylı mühafizəçiləri və kortejin müşaiyəti ilə Hadruta gedəndə döyüşə tələsən erməni hərbçilərinin ona yol verməməsinə qəzəblənib. General maşından düşərək qarabağlı əsgərləri və komandirlərini söyüb. Bundan sonra Manvelin adamları ilə Qarabağ hərbçiləri arasında qarşıdurma yaranıb.

Bu əhvalatın mətbuata yayılması geniş rezonansa səbəb olub. Əvvəl general Manvelin mətbuat katibi Vardan Vardanyan Vaan Badasyanı "yalançı” adlandırıb. Məbuat katibinin sözlərin görə, general Manvel Hadrutda doğrudan da yolu kəsən hərbçilərlə qarşılaşıb, ancaq heç bir söyüş-filan olmayıb. "Hərbçilər maşınların qapısını açıq qoyub yolda hərəkətə maneçilik yaratdığına görə general onlara yüngül irad bildirib”-o deyib.

"Tutaq ki, mətbuat katibi düz deyir. O zaman hansı general indi Manvel kimi kortejlə və mühafizəçilərlə gəzir? Qoy Manvel buna cavab versin. Hesab edirlərsə ki, mən yalan deyirəm, məhkəməyə versinlər. Doğrudanmı onlar istəyirlər ki, mən hər şeyi açıb töküm?”-Vaan Badasyan ona cavab olaraq deyib.

Bu həmin general Manveldir ki, birinci Qarabağ mühaibəsi zamanı onun başçılıq etdiyi başıpozuq yaraqlılardan ibarət batalyon azərbaycanlı dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə fərqlənmişdi və Xocalı qırğınlarının törədilməsində iştirak etmişdi. Lakin 1993-cü ilin yayında general Manvelin dəstəsi azərbaycanlı döyüşçülər tərəfindən Goranboy ətrafında darmadağın edildi, onun özü isə döyüşdən qaçıb canını qurtardı.

Vaan Badasyanın ittihamına cavab olaraq hakim Respublika partiyasından deputat Vaqram Baqdasaryan da general Manveli müdafiə edib. "O, yenidən cavanlaşıb, 90-cı illəri yada salıb və "Yerkrapa” könüllüləri ilə bağlı bütün təşkilat işini üzərinə götürüb. Sutkada cəmi 3-4 saat yatır, biz onu heç olmasa 2-3 günlüyünə İrəvana qaytara bilmirik ki, bir az dincəlib yenidən qayıtsın. Mən bəyan edirəm ki, bu şantajdır. Bizim qəhrəmanlarımızın ünvanına bu cür böhtanlar atılmamalıdır”-deputat deyib.

Qarabağ müharibəsinin digər iştirakçısı, general Vardan Avetisyan da bu qalmaqala münasibət bildirib. Könüllüləri təhqir edənlərə və general Manvelə qarşı çıxanlara "düşmənin dəyirmanına su tökməməyi” məsləhət görüb. O, könüllülərə qarşı tənqidlər səsləndirənləri "alçaq” adlandırıb və bildirib ki, məhz könüllülər spontan olaraq cəbhəyə tələsdi və əsgərlə bir sırada dayanıb özünü mərminin qabağına verdi.

Müdafiə naziri Seyran Ohanyan da qalmaqala münasibət bildirib, könüllülərə "xüsusi hörmət”dən danışıb. O deyib ki, döyüşlərdə həlak olan və yaralanan könüllülər hərbi qulluqçularla eyni statusa malikdir. Ohanyan könüllülərin aprel döyüşlərində cəbhəyə axın etməsinin "əsgərlərin döyüş ruhunu yüksəltdiyini” bildirib.

Xatırladaq ki, "Yerkrapa” yarımhərbi birləşməsi vaxtilə Ermənistanda Ter-Petrosyanın devrilməsində və Qarabağdan olan səhra komandirlərinin hakimiyyəti ələ keçirməsində əsas rol oynayıb. Bir neçə il əvvəl bu qruplaşmanın bir hissəsi Serj Sərkisyana qarşı çıxmışdı, lakin sonra general Manvel Sərkisyanla anlaşdı. Özünə geniş imtiyazlar alıb hakimiyyəti dəstəklədi. "Yerkrapa” böyük ölçüdə hakimiyyətin nəzarətinə keçdi. Lakin indi dişi birinci Qarabağ müharibəsində qana batmış və azərbaycanlıların evlərini, əmlakını talamaqla varlanmış bu vəhşi yaraqlılar qruplaşması yenidən bunt qaldırırır. Görünür onlar hələ də 90-cı illərin ab-havası ilə yaşayır və elə güman edirlər ki, müharibə başlasa yenə talançılıq edib qənimətlər ələ keçirə biləcəklər.

Onların qan və qənimət hərisliklərinin cavabını isə Azərbaycan ordusu aprel döyüşlərində verdi. Ağdərədə "Yerkrapa” könüllülərini daşıyan avtobus təmas xəttinə çatmamış Azərbaycan ordusunun silahlanmasında yer alan, İsrail istehsalı olan "Harop” pilotsuz döyüş sistemi ilə vuruldu. "Yerkrapa” yaraqlılarının 10-a yaxını öldü və onlar başa düşdülər ki, deyəsən indi 90-cı illər deyil...

& VƏTƏNSEVƏRLƏR

NƏ ƏCƏB DÖVLƏT İMİŞ SEYRİ - ŞİKARİ QARABAĞ !

 SEYYİD MÎR HAMZA NİGÂRΠ


& VƏTƏNSEVƏRLƏR

18 Mayıs 2016 Çarşamba

PUTİN ÇIXILMAZ VƏZİYYƏTDƏ

TƏCİLİ ! 
QARABAĞ QAYTARILIR - SƏBƏB...


Vyana görüşündən sonra Ermənistan danışıqlar prosesi çərçivəsində güzəştli variantlarla razılaşmayacaqsa, o zaman müharibə variantı yenidən gündəmə gələcək.

Publika.az xəbər verir ki, bu barədə ekspert Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, Azərbaycan aprel döyüşləri ilə Ermənistana ciddi xəbərdarlıq etdi: “Proseslərin gedişi göstərdi ki, Ermənistan Qarabağı əlində saxlaya bilmir, müdafiə gücü zəifdir. Məhz həmin hadisələrdən sonra siyasi manevrlər başladı. Azərbaycan anlayır ki, Ermənistan Rusiyanın müttəfiqidir, ona görə də ehtiyatlı davranır. Lakin əminəm ki, əgər Bakı müharibə variantını seçəcəksə, o zaman bu variantı Moskva ilə razılaşdıracaq”.

Ekspert əlavə edir ki, Qarabağ məsələsinin inkişafı qlobal proseslərdən asılı olacaq.

“Rusiya anlayır ki, münaqişənin dondurulması Azərbaycanı bezdirib. Belə vəziyyət rəsmi Bakının alternativ güclərlə anlaşmasına gətirib çıxara bilər. Misal üçün, NATO münaqişənin həllində rol alaraq, regionda güclənə bilər. Belə halda Rusiyanın bütün cənub cinahı kəskin zəifləyir, Qərbin Xəzərə və Türkmənistana girmək imkanı güclənir. Yəni Rusiyanın strateji vəziyyəti pisləşir. Buna görə də Rusiya Qarabağ məsələsində Azərbaycan və NATO-nun yaxınlaşmasına imkan verməmək niyyətindədir”, - deyə ekspert vurğulayıb.

D.Verxoturova görə, Rusiya NATO-Azərbaycan yaxınlaşmasının qarşısını almaq üçün, Ermənistanı bütün əraziləri – Qarabağ və ətraf rayonları boşaltmağa məcbur edə bilər: “Fikrimcə, proseslərin nəticəsi gözlənilməz olacaq. Belə ki, Ermənistanı Qarabağı tamamilə Azərbaycana qaytaracaq və Rusiyanın ciddi təzyiqinə məruz qalacaq. Belə olan halda Ermənistanda çevriliş ola bilər. Lakin indiki şərait də Ermənistan prezidenti üçün əlverişsizdir. Çünki Sərkisyan I Qarabağ müharibəsinin iştirakçılarındandır. Aprel müharibəsindəki məğlubiyyət onun üçün sillə oldu və onun hakimiyyəti nüfuzdan düşdü. Bu baxımdan, Qarabağda yeni müharibəni başlatmaqla o, öz nüfuzunu bərpa etmək istəyə bilər. Lakin digər versiyaya görə o, Rusiyadan çəkinərək, buna getməyəcək”.

& VƏTƏNSEVƏRLƏR

QARABAĞDA YENİ MÜHARİBƏ ANONSU : VYANA GÖRÜŞÜNÜN PƏRDƏARXASI

“Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi tam olaraq nizamlanmayıb, təmas xəttində atışmalar davam edəcək”.



Publika.az xəbər verir ki, bu barədə rusiyalı analitik Oleq Kuznetsov Vyana görüşünü şərh edərkən deyib.

Onun fikrincə, Vyana görüşü indiyə qədərki görüşlərdən heç nəyi ilə fərqlənmir: “Hansı ki, prezidentlərin əvvəlki görüşlərində də xoşniyyətli bəyanatlar səsləndirilir, amma heç vaxt yerinə yetirilmirdi. Biz 20 il boyunca təmas xəttində müharibənin yetişməsi prosesini müşahidə etmişik. Bu görüş mənə sıradan bir hadisə kimi gəlir. Görüşdən dərhal sonra təmas xəttində hər iki tərəf əsgər itkisi verdi. Bu, münaqişə zonasında gərginliyin azalmadığnı göstərdi”.

O.Kuznetsov qeyd edir ki, Vyanada İrəvanın sülhpərvər obrazını yaratmağa cəhd edildi.

“Amma hər birimiz bunun belə olmadığını yaxşı anlayırıq. Hesab edirəm ki, Dağlıq Qarabağda müharibə qanunları yenə hökmranlıq edir və Vyana görüşü də bu müharibənin qarşısını ala bilməyəcək. Ən azından intensiv olaraq atışmalar davam edəcək. Müşahidə kameraları da yalnız texnikanın hərəkətini izləyə biləcək. Birbaşa səngərdə baş verənləri görə bilməyəcək. Əslində tərəflər beynəlxalq nəzarətdən yayınaraq müharibə aparmaq üsullarını təkmilləşdirəcəklər. İndiyə qədər bunun təcrübələri yaşanıb”, - deyə politoloq diqqətə çatdırıb.

& VƏTƏNSEVƏRLƏR

“HƏRBİ UĞURLARIMIZI DİPLOMATİK MEYDANDA DƏFN ETDİK”

Mirmahmud Mirəlioğlu: “Rus qoşunlarının ölkəmizdən                   çıxarılması bizim 200 illik arzumuz olub”


KXCP rus qoşunlarının Azərbaycandan çıxarıldığı 25 may tarixinin bayram kimi qeyd olunması təklifi ilə çıxış edib. Maraqlıdır, partiyanın bu təklifinə hakimiyyətdən hər hansı reaksiya gəlibmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hələ ki, hakim düşərgədən təkliflə bağlı mövqe ortaya qoyulmadığını bildirib. Lakin bununla belə partiya sədri rus qoşunlarının Azərbaycandan çıxarıldığı tarixin bayram kimi qeyd edilməsinin vacib olduğunu vurğulayıb:

“Bu təklifi hansı hakimiyyət olursa-olsun, qəbul etməyə borcludur. Bu gün biz diplomatik mübarizədə uduzuruq. Bu bir faktdır. Azərbaycan döyüşçüsünün əldə etdiyi son qələbələri şəhidlərimizi təntənəli surətdə dəfn edəndən sonra, diplomatik mübarizədə dəfn elədik.
Bu gün rus qoşunlarının Azərbaycandan çıxarılmasının rəsmi şəkildə qeyd olunmasına ciddi ehtiyac var. Erməni fitnə-fəsadı, Qarabağ problemi yeni problem deyil. Bu, çar Rusiyası zamanında da, sovet Rusiyası dönəmində də özünü göstərib. Ermənistan adlı qondarma dövləti quran da, onu bizə qarşı yönləndirən də Rusiya olub. Azərbaycan Xalq Cümhuriyyəti zamanında da Qarabağda “Daşnaksütun” terror təşkilatı fəaliyyət göstərib. Ermənilər azərbaycanlılara qarşı qırğınlar, qətillər törədib. Azərbaycanın ikinci müstəqillik dönəmində də Rusiya növbəti dəfə  Qarabağ problemini yaratdı. Ruslar gec partlayan bu minanı ölkəmizdə basdırıb gediblər. Biz bu problemi həll etmək istəyiriksə, bu addımlardan biri kimi 25 may tarixini Azərbaycandan rus qoşunlarının çıxarılması günü kimi qeyd etməliyik. Bu, milli bayram, dövlət bayramı olmalıdır.

200 il ərzində rus qoşunlarının Azərbaycandan çıxarılması bütün nəsillərin arzusu olub. Bu arzu yalnız 1993-cü ildə reallaşıb. II Cahan savaşından sonra Şərqi Avropada, eləcə də Almaniyada möhkəmlənən rus qoşunlarının sonrakı dönəmlərdə bu ərazilərdən çıxması, Almaniyanın birləşdirilməsi nə qədər önəmlidirsə, Azərbaycandan rus qoşunlarının çıxarılması da bir o qədər önəmlidir. Biz bunu qansız-qadasız eləmişik. Gürcüstanın hansı vəziyyətdə olduğu, rus qoşunlarının Emənistandakı mövcudluğu hər kəsə bəllidir.
Bu hökumət bunu qeyd etməsə də, növbəti hökumət bunu hökmən qeyd edəcək.
Azərbaycan hakimiyyətindən bu təklifə hələ ki, heç bir reaksiya yoxdur. Biz bu məsələ ilə bağlı hansısa millət vəkilinin, hansısa YAP funksionerinin lağ-lağı münasibətini eşidə bilərik. Bəlkə də hakimiyyətin daha uğurlu qərar qəbul etmək imkanı olacaq və günlərin bir günündə bunu qəbul edəcəklər. Bəlkə təklifin sadəcə bizim tərəfimizdən irəli sürülməsinə görə narahatdırlar. Bəlkə sabah təklifi öz adlarına çıxaraq reallaşdırdılar. Bütün bunlara qarşıdakı dönəmdə aydınlıq gələcək”.


& VƏTƏNSEVƏRLƏR

EKSPERTDƏN VYANA GÖRÜŞÜNƏ REAKSİYA

“Rusiya Sarkisyanı xilas etdi” 


“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş demək olar ki, əvvəlki görüşlər kimi Qarabağ-
dan daha çox ATƏT-ə və onun bivec "sülhyaratma missiyasına" xeyir gətirdi”. 

Prezidentlərin Vyana görüşünə münasibət bildirən hərbi-ekspert Üzeyir Cəfərov belə deyib. Ü.Cəfərovun sözlərinə görə, çətin durumda olan Ermənistanın cinayətkar və sapdan asılı qalan prezidenti Serj Sarkisyanı Rusiya çox böyük ustalıqla və məharətlə xilas etdi: “Bundan əlavə, yenə Qarabağ hesabına kişi olub öz ailə-uşaqlarını dolandıran, keyf edən "üç bacılar"ın dəstəsinə hazıryeyən bir xeyli "kameragüdənlər" də qatılacaq. Axı bu "ağıllı diplomatlar" qoşunların təmas xəttində vəziyyətə nəzarət etmək üçün yeni "kəşf" icad ediblər. Bütün cəbhəboyu müşahidə kameraları quraşdırılacaq. Bu kameraları izləmək üçün də qərara alınıb ki, bir sürü təzə xarici avara dəstəsi təşkil olunsun. Onlar da dünyanı gəzib dolaşan digər avara diplomatlar kimi sadəcə yeyib-yatmaqla öz günlərini keçirəcəklər. Görünən odur ki, Qarabağ məsələsinin tam həlli yəqin ki, bir xeyli sonraya qaldı. Vyanadan bizə verilən görüntülərdə Ermənistan prezidentinin sağ tərəfində lövbər salmış Rusiya xarici işlər naziri Sergey Lavrovun necə "dişlərini ağartması" və öz əlaltısı Serj Sarkisyanla necə xısın-xısın gülümsəməsi onu deməyə əsas verir ki bu "tülkülər" öz məqsədlərinə demək olar ki, tam şəkildə nail olublar”. 

Üzeyir Cəfərov qeyd edib ki, əvvəllər bu xaricilərin - BMT, ATƏT və digər irili-xırdalı qurumların öz pulunun, hər qəpiyinin qədrini bilən, qənaətcil, xəsis, çox simic bir toplum kimi təsəvvür edib: 

“Bunların o sarıdan heç düz-əməlli "ağlı" da yox imiş. Guya bu günə kimi ATƏT-in Minsk qrupu hansı qələti etmişdi ki, bunlar bundan sonra hansısa nəticələr ortalığa qoysunlar? 

Ermənistana açıq havadarlıq edən Rusiya tərəfi bizə iyun ayında guya hansısa məsələlərin müzakirirəyə çıxarılacağını bəyan edir. Bəri başdan deyirəm ki, boş və hiyləgərcəsinə düşünülmüş planın tərkib hissəsidir.  

Siz görüşlə bağlı yaylan bəyanata diqqət edin. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz! 
Bəlkə bunlar özlərini çox ağıllı hesab edirlər, amma məncə bunlar çox yanılırlar. Sülh yolu ilə həll edə bilmirsinizsə, bunun başqa yolunun adı nədir? Bəlkə erməniləri musiqi ilə, çal-çağırla işğalçılıq niyyətlərindən çəkindirmək mümkündür, desinlər, biz də artıq-əksik danışmayaq, heç nə deməyək... 

Rusiya rəhbərliyi yenə çox böyük riyakarlıq edərək bizə sayğısıqlıq, hətta çəkinmədən deyərdim ki, xəyanət etdi. Əslində onlar heç bir danışıq-filan olmadan da öz vassalı və qulbeçəsi olan Ermənsitana başa sala bilərdi ki, ay qanmaz erməni başbilənləri, siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 20 ildən çoxdur ki yerinə yetirmirsiz. Bunu təcili etmək gərəkdir. Bu sözləri bir dəfə də dilinə gətirməyən Rusiyadan biz hansı ədaləti və səmimiyyəti gözləyə bilərik və gözlüyürük?”.

Ekspert hesab edir ki, onların yeganə məqsədi vaxt udmaq və məsələnin həllini illərlə sonrya saxlamaqdır: 

“Orda isə nə olacaq, qoy olsun, tanış mənzərədir. Onsuz da bu münaqişəni həll edəcək bir qüvvə varsa, o da Azərbaycan Silahlı Qüvvələridir. Kim nə deyir desin, yalnız və yalnız güc yolu ilə bu rus-erməni hoqqabazlarını, o cümlədən bunların nağıllarına inanan Amerika, Fransa və digər ölkələri başa salmaq mümkün olacaq. Necə ki, aprelin əvvəllərində ordumuz bu biveclərə başa saldı ki, yetər artıq, bəsdirin bu xalqın heysiyyatı və mənliyi ilə oynadınız. Mənə elə gəlir ki, yetər artıq bu mənasız, mətiqsiz görüşlərdə bizə öz şərtlərini diqtə etmələri. Ya biz Qarabağ məsələsini həll edəcəyik, ya da bundan sonra da bizə həqarət edən, ölkəmizi təhdid edən və ona meydan oxuyan bir çox beynəlxalq güclərin çirkin oyunlarının iştrakçısı olub sonda çox ağır bir mənzərə ilə üzləşməli olacağıq”. 



CEBHE.İNFO & VƏTƏNSEVƏRLƏR