Translate

19 Nisan 2014 Cumartesi

"NİYƏ OBAMA QARABAĞA GÖRƏ PUTİNƏ TELEFON AÇMIR ?"



Deputat Zahid Oruc Milli Məclisin 18.04.2014 tarixli iclasında çıxış edərək Beynəlxalq qurumların, həmçinin hegemon dövlətlərin dünyada baş verənlərə ikili standartlardan yanaşmasından danışıb.

O, Ermənistanın bu günə kimi sanksiyalara niyə məruz qalmadığını anlamadaığını deyib:
"Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? 
Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir? 
Baxın, Barak Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Dünyanın güc mərkəzləridir. 
Bir dəfə görmüsünüz ki, Barak Obama Qarabağa görə Putinə telefon açsın? 
Niyə Barak Obama Qarabağa görə Putinə telefon açmır? Hətta bu o qədər baş verməyib ki, tribunadan bunun səsləndirilməsi insanları da inandırmır”.

"Qarabağ.az"

15 Nisan 2014 Salı

“ AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLƏŞƏ BİLƏR ”


“1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır...”

Aprelin 11-ə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin təklif etdiyi layihənin lehinə 12, əleyhinə 5 senator səs verib. Belə görünür, ermənilər aprelin 24-də “soyqırım”ın növbəti ildönümünü böyük coşğu ilə keçirəcəklər. Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı ilə ermənilərin soyqırım iddialarında yola çıxaraq türk dünyasında bu gün baş verən olaylardan söhbət etdik. 

- Sabir bəy, 2015-ci ildə ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır. Siz ABŞ Senatının bu haqda qərar qəbul etməsini Türkiyə diplomatiyasının uğursuzluğu sayırsınızmı? 

- Belə bir soyqırım olmadığını dünya çox gözəl bilir. Bu olaylar I Dünya Savaşında baş verib. O zaman Türkiyə bir çox cəbhələrdə - Quzey Afrikada, ərəb dünyasının bir neçə ölkəsində, Balkanlarda savaşıb. 1912-ci ildə Balkan savaşında 5 milyon insan yerindən-yurdundan olmuşdu, Osmanlı xeyli torpaq itirmişdi. Ancaq dünya Balkanlarda türklərə qarşı edilən soyqırımını sanki görmürdü. Osmanlı I Dünya Savaşına girdikdən sonra Avropa ölkələri Osmanlını buna görə cəzalandırmaq niyyəti ilə erməni soyqırımı iddiasını ortaya atdı. Ancaq bu zaman nəzərə almadılar ki, Rusiya Osmanlının  üzərinə gedəndə çar II Nikolayın göstərişi ilə 200 minə yaxın erməni də silahlanmışdı. 

Osmanlı-Rusiya qoşunlar ön cəbhədə vuruşarkən onlar arxa cəbhədə Osmanlı içərisindəki erməni çetələri, daşnak qruplaşmaları ilə birləşib türk-müsəlman əhalini qırırdılar. Nəticədə 1915-16-cı ildə 700 mindən çox qətlə yetirilmişdi. Həmin olaylarda 300 min erməninin öldüyü deyilir. İndi Osmanlının varisi sayılan Türkiyədən bu qondarma soyqırımının öcünü alırlar. Bu gün həm Türkiyənin özündə, həm də dünyada xeyli soyadını dəyişmiş erməni var. Dünyada olan ermənilərin sayının düşünəndə görünür ki, həmin savaşlarda ermənilərə türklər qədər zərər dəyməyib. Ölən ermənilən sayını öncə 300 min göstərirdilər, sonra dedilər, yox 500 min erməni öldürülüb, ardınca 700 bu sayı minə, 1 milyona çıxardılar. Mən 1988-ci ildə çap etdirdiyim əsərimdə yazmışdım ki, ermənilər qəribə millətdir, hətta torpağın altındakı ölüləri də çoxalır, belə getsə öldürülən ermənilərin sayı milyon yarıma, 2 milyona çıxarılacaq. İndi baxıram, dünyanın bir sıra ensiklopedik nəşrlərində, ermənilərin kitablarında 2 milyon yarım, hətta daha yuxarı olan fantastik rəqəmlər göstərilir. 

Aydındır ki, bu, Böyük Britaniyanın və bir sıra Avropa ölkələrinin fitvası ilə ortaya atılan iddia idi. Halbuki Türkiyə dövləti erməniləri doğu Anadoluda öz iç vilayətlərinə köçürmüşdü ki, orada daha rahat yaşasınlar, həm də dövlətə xəyanət eləməsinlər. Savaş idi, savaş şərtləri belə tələb edirdi. Bunlar o qədər də uzaq tarixdə baş verməyib. Deyilənləri təsdiq edən çoxsaylı faktlar var. Ancaq bu gün bu qondarma siyasəti Türkiyəyə qarşı silah kimi işlədirlər, Avropa Birliyinə gedən yolda bunu bir maneəyə çevirirlər, eyni zamanda Qarabağ məsələsinin arxa plana keçirilməsində yararlanırlar. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya iki türk dövləti - Türkiyə ilə Azərbaycan birləşib məzlum erməni xalqından acıq çıxır, ona görə də Qarabağ məsələsində Azərbaycanın xeyrinə heç bir güzəştə gedilməməlidir, hətta Xocalı soyqırımına göz yummaq lazımdır. Təəssüf ki, bu proses gedir. 

Mən Fransadan, Avstriyadan olan bir sıra alimlərlə Anadoluda türklərin toplum məzarlara doldurularaq qətlə yetirildiyi yerlərə getmişəm. O toplu məzarlarda bu gün dünyaya özünü məzlum kimi tanıtmağa çalışan ermənilər yox, türklər uyuyur. Bu alimlər də deyirlər ki, erməni soyqırımı məsələsi Türkiyəyə qarşı təzyiq vasitədir, Türkiyə bunu qəbul edə bilməz, qəbul eləsə, Avropanın ikinci, üçüncü, beşinci tələbləri meydana gələcək. Niyyət Avropanın bir zamanlar “Böyük Türk” deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir. Osmanlı ilə bağlı xatirələri hələ də Avropanın ürəyindədir, ona görə də Türkiyənin güclü olmasını istəmirlər. 

“Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir”

- Bu gün türk dünyasının problemlərinə bir də Krım problemi əlavə olunub. Krımın işğal etdiyinə görə Qərb Rusiyanı sıxışdırmağa çalışır. Proses AŞPA-nın sonuncu sessiyasında Rusiya səsvermə hüququndan məhrum edilməsinə qədər irəlilədi. Azərbaycan diplomatiyası yaranmış durumda Qarabağla bağlı hansısa nəticələrə nail ola bilərmi?

- Mənə elə gəlir, Krımla Qarabağı yanaşı qoymaq lazım deyil. Bunlar ayrı-ayrı məsələlərdir. Rusiya Ukrayna torpaqlarını işğal edib, Krımı öz ərazisinə qatıb, təbii bu, pislənməlidir. Ancaq gerçəkdə həmin torpaqların nə Ukraynaya, nə də Rusiyaya aidiyyəti yoxdur. Ora türk torpağıdır, ona görə də Krımla bağlı bu gün Türkiyə daha çox danışmalıdır. Dünyada türklərə qarşı soyqırım bir yox, iki, üç əsrdir davam edir. Bu gün biz dünyaya ermənilərin bizə qarşı soyqırım həyata keçirdiyini sübut üçün Xocalı faciəsini göstəririk, halbuki, ermənilər Qarabağın 50-dən artıq kəndində Xocalıdakı kimi soyqırım törədiblər. 

Dünya tarixinə baxdığımızda görürük ki, dünyanın ən böyük soyqırımlarının müəllifləri bu gün Türkiyəni soyqırım iddiası ilə üz-üzə qoymağa çalışan böyük dövlətlərdir. ABŞ-a gələn avropalılar hinduları məhv eləmişdi, Avstraliyaya gedən Böyük Britaniyalılar orada bir nəfər belə aboregen qoymadı, saysız-hesabsız insanlar öldürüldü, kiçik bir hissə adalara sürgün edilmişdi. Fransanın Əlcəzairdə yapdığı soyqırımı insanlıq tarixinin ən böyük utanclarındandır. Soyqırımı Balkanlarda türklərə qarşı serblər, yunanlar, bolqarlar, onlara dəstək verən çar Rusiyası ilə bərabər törədib. Krımdan, Quzey Qafqazdan, Azərbaycanda nə qədər insan Sibirə sürgün edilib. Rusiyanın bütün güney torpaqları türk torpaqlarıdır. Çində Doğu Türküstanda soyqırımı, qətliamlar törədilir. Bu gün İran adlanan yerdə bizim 35 milyon soydaşımız hüquqsuz bir vəziyyətdədir, hər gün qətl, həbs xəbərləri gəlir, İran zindanları soydaşlarımızla doludur. 

Bu gün dünyanın mənzərəsi, guya mədəni xalqların insanlığa münasibəti budur. Belə bir durumda Türkiyəni günahlandırmağa heç bir ölkənin haqqı yoxdur. Türkiyə Krım məsələsini dünyaya çıxarmalıdır. Rusiya həmin torpaqları işğal edərək bütöv bir xalqı öz yurdundan didərgin salıb. Keçən əsrin ortalarından Rusiya Krım türklərini, Axıska türklərini çöllərdə, vaqonlarda yaşamağa məhkum edib. Rusiya Ukraynada yaşayan rusların haqqını müdafiə etməkdə haqlıdırsa, Türkiyə də Krımda, Rusiyanın digər bölgələrində yaşayan türkləri müdafiə eləməkdə haqlıdır və bunu etməlidir. Dünya bu məsələyə bu cür baxmalıdır.

- Rusiyanın Qarabağla bağlı yeni planlar hazırladığı deyilir, bu fonda Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsi məsələsi gündəmə gətirilir. Rəhmətlik Əbülfəz Elçibəy də deyirdi ki, gün gələcək Ankara Bakıya vali təyin edəcək. Siz konfederasiya məsələsinə sıcaq baxırsınızmı?

- Biz 1991-ci ildə müstəqilliyimizi elan edəndə biz bu yolu tutmağı qərarlaşdırmışdıq. Biz Türkiyə ilə bir millətik, bunu heç kim inkar edə bilməz. Əgər bir millətiksə, demək, bir dövlətin də tərkibində birləşə bilərik. Bu gün Avropada dilləri, milli kimlikləri tamamilə ayrı olan xalqlar savaş olmaması, iqtisadiyyatlarının gəlişməsi üçün birlik yaradırlar. Nədən biz bunu etməyək? Çoxları “konfederasiya” sözündən qorxur. Ancaq dövlət müstəqillikləri, dövlət atributları qorunmaq şərti ilə bir çox digər məsələlərdə Azərbaycan Türkiyə ilə birləşə bilər. Məsələn, ordu birliyi, iqtisadi birlik, maliyyə birliyi ola bilər, vahid valyuta məkanı yaradıla bilər, gömrük birliyi qurula bilər. 

Bu, dünyanın qəbul etdiyi, alışdığı yoldur və biz də bu yolla gedə bilərik. Gələcəkdə bu birliyə Mərkəzi Asiyadakı türk dövlətləri də qoşula bilər. Çünki Balkanlardan ta Çinin içərilərinə qədər Avrasiya deyilən məkan türkün torpağıdır. Rusiya Avrasiya İttifaqı yaratmaq istəyir, ancaq bu əslində türkün Avrasiyasıdır. Bu gün Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsinin qarşısını bir çox dövlətlər almağa çalışır. Çünki Mərkəzi Asiyanın enerji qaynaqlarına türkdən əvvəl Avropa əl qoymaq istəyir. Ancaq türk dövlətləri bir araya gəlib öz torpaqlarına, öz sərvətlərinə sahiblik etməyi bacarmalıdırlar. Türk dünyanın gələcəyi haqqında danışdığımız türk birliyi ilə bağlıdır. 

“Niyyət Avropanın bir zamanlar “böyük türk” deyərək qabağında əsdiyi xalqı, onun dövlətini zəiflətməkdir”


- Türkiyə bir seçimi arxada qoydu və artıq cümhuriyyət tarixində ilk dəfə 10 avqust prezident seçkilərinə hazırlıqlar başlayıb. Bu prosesi necə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikası üçün prezidentlik institutu doğru seçilən modeldir. Çünki savaş gedən ölkələrdə parlamentli respublika o qədər uğurlu sayılmır. Açığı, Türkiyə üçün bu institutun nə qədər uğurlu olacağını söyləmək bir qədər çətindir. Əgər Türkiyənin indiki baş naziri prezident seçiləcəksə, o zaman Türkiyədə daxili münaqişələrin davam edəcəyini, daxili sabitliyi təmin etməyin mümkün olmayacağını düşünürəm. Bəllidir ki, bu gün əhalinin böyük bir hissəsi baş nazir Ərdoğandan narazıdır. Onun partiyası 30 mart bələdiyyə seçkilərində 46 faizə yazın səs aldı. Parlament seçkilərində də əhalinin təxminən yarısının səsini alıb. Əhalinin yarısından da az hissəsinin etimad göstərdiyi bir partiya liderinin Türkiyə prezidenti olması Türkiyəyə sabitlik, rifah gətirməz. Prezident postunu daha neytral başqa bir şəxs qazansa nələr baş verər - bu haqda da dəqiq proqnoz səsləndirmək çətindir. 

Aygün Muradxanlı
musavat.com

14 Nisan 2014 Pazartesi

MƏŞHUR MÜNƏCCİM PUTİNİN GƏLƏCƏK TALEYİNDƏN XƏBƏR VERDİ


Ukraynada Yanukoviç rejiminin çökəcəyini əvvəlcədən xəbər verən  Rusiyalı münəccim Sergey Loqinov Rusiyada Vladimir Putinin də çökəcəyini bəyan edib. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, münəccimin öncəgörməsinə görə, Putin rejiminin devrilməsi Rusiyanın xeyrinə olacaq. 

Qeyd edilir ki, Vladimir Vladimiroviçin fəaliyyəti Rusiya Federasiyasını böhrana aparacaq. Prezident Putinin adı hətta dünyada yanacağın qiyməti ilə də bağlanır. Qeyd olunur ki, əgər Putin 2014-cü ilin aprel ayından sonra hakimiyyətdə qalarsa, qaz və neftin qiyməti ciddi şəkildə aşağı düşəcək. 

Loqinov martın 23-də öz bloqunda yazıb ki, Rusiyanın Putindən azad olmasına bir təqvim ayı qalıb. Beləliklə, münəccimin bəyan etdiyi kimi aprel ayının ortalarına qədər Rusiya prezidenti ilə bağlı ciddi nəsə baş verməlidir. 

Loqinov hətta Putinin 80-90 faiz fiziki cəhətdən xəsarət alacağını, bunun ölümlə nəticələnəcəyini də istisna etmir. Loqinovun proqnozuna görə, Moskvada kütləvi etiraz aksiyalarının baş verəcəyi ehtimalı da yüksəkdir.   

Qeyd edək ki, Putinin xəstəliyi – bel sümüyündə xərçəngin olması ilə bağlı söz-söhbətlər çoxdan yayılıb. Müxtəlif müəlliflərin iddiasına görə, bu xəstəlik Rusiya prezidentinin ölümü ilə də nəticələnə bilər.

4 TÜRK DÖVLƏTİ BİRLƏŞDİ, ORDU QURDU...


Ankara ilə Bakının şok hərbi gedişi.Dağlıq Qarabağda hərbi təlimlər keçirməyə hazırlaşan TAKM adlı yeni ortaq ordu ehtimal edilən Rusiya təcavüzünə qarşı hazırlanır. NATO Türkiyəyə böyük mandat verib... 

Türkiyə ilə Azərbaycan arasında son vaxtlarda aparılan yüksək səviyyəli müzakirələrin və əməkdaşlığın daha bir ciddi məqamı üzə çıxıb. “Yeni Müsavat”a bəzi diplomatik qaynaqlardan bəlli olub ki, siyasi-iqtisadi sahələrdəki əməkdaşlıqlarla yanaşı, hərbi sferada da ciddi işbirliyi davam etməkdədir.

Hətta yaxın vaxtlarda Azərbaycanın sərhəd bölgələrində, o cümlədən də Naxçıvanda ortaq hərbi təlimlər başlayacaq. Bunun üçün xeyli zamandır hazırlıqlar da aparılır. Hərbi təlimlər Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarına yaxın bölgələri də əhatə edəcək.

“Yaxın zamanlarda dünya birliyi mühüm hərbi gəlişmələrin şahidi olacaq...”

Bu zaman tamamilə mümkündür ki, işğal bölgələrində qısamüddətli xüsusi əməliyyatlar da keçirilsin. Diplomatik qaynaqlardan verilən məlumatlarda iddia olunur ki, Türkiyə Suriyadan kürdlərin və ermənilərin kütləvi olaraq, həm də ailələr və tayfa halında, Dağlıq Qarabağa köçürülməsindən, eyni zamanda, Türkiyə, İraq və Suriyadan PKK silahlılarının bu bölgəyə sızmasından ciddi narahatdır. Üstəlik, bu köçə Azərbaycan tərəfinin bir az soyuqqanlı yanaşması da qardaş ölkəni qıcıqlandırır. Ona görə də Türkiyə istəyir ki, hərbi təlimlər zamanı köç bölgəsinə girilib-çıxılsın, ya da ora raketlər atılsın ki, Dağlıq Qarabağa köç edənlər və orada düşərgə salanlar bölgədə hər şeyin rahat olmadığını anlasınlar; ən azından, köç həvəsi və prosesi dayansın.

O da məlumdur ki, terror hörgütü olan PKK-nın Dağlıq Qarabağda düşərgələri və lojistik mərkəzi var. Bir çox PKK üzvləri hətta Ermənistan pasportu ilə təmin olunublar və onun vasitəsilə dünyada sərbəst hərəkət edirlər. Hazırda PKK atəşkəs elan etsə də, onun Türkiyəyə və Azərbaycana qarşı fəaliyyəti qətiyyən dayanmayıb. Hətta PKK-nın silahlı qanadının liderləri də müntəzəm olaraq işğal bölgəsinə baş çəkir və onların telefonlarına Ermənistanın telekommunikasiya şəbəkəsi xidmət edir.

"Avropa mediası bu hərbi birliyi “Turan ordusu” adlandırır. Türkiyənin bəzi media quruluşları isə hərbi birlik elan olunan zaman “Osmanlı ordusu dirilir” başlığı atıblar"

O da məlumdur ki, dəfələrlə Böyük Millət Məclisinin qərarı ilə Türkiyə ordusu ölkə sərhədlərindən kənarda antiterror əməliyyatları keçirib. Bu dəfə isə bu əməliyyatların ciddi və ortaq hərbi təlimlər adı ilə keçirilməsi nəzərdə tutulur. Çünki birbaşa antiterror əməliyyatı adı altında prosesin getməsi üçün ortaya çox ciddi sübutlar qoyulmalı və beynəlxalq birlik fakt qarşısında qalmalıdır. Üstəlik, beynəlxalq sanksiya da alınmalıdır ki, bu da rəsmən mümkün olan məsələ deyil. Ona görə də Türkiyə, ilk öncə Azərbaycanın, daha sonra da Vaşinqtonun razılığı ilə hərbi təlimlər zamanı Dağlıq Qarabağa “girib-çıxmaq” niyyəti üzrə hazırlıqlara başlayıb.

Ortaq hərbi birliyə daxil olan ölkələrə hər hansı bir təhdidi olarsa, onların müdafiə işləri də “Turan ordusu”nun vəzifələrindəndir

İddialara görə, hazırda “gerilla” (partizan) savaşı üzrə mütəxəssis olan ciddi bir heyət Azərbaycan ərazisində mənzil tutub. Ciddi qaynaqlar “Yeni Müsavat”a deyiblər ki, bu birliklərdən və qarşıdakı əməliyyatlardan NATO-nun mənzil qərargahında da məlumatlıdırlar: “Bunlar əslində NATO birlikləridir. Lakin Türkiyə ordusuna bağlıdırlar. Qərb Türkiyəyə regionda, o cümlədən də Azərbaycanda bir sıra hərbi korreksiyalar aparmaq üçün NATO egidası altında yüksək mandat verib. Yaxın zamanlarda dünya birliyi mühüm hərbi gəlişmələrin şahidi olacaq...”

Bu məqamda bir mühüm məsələni də qeyd edək. Azərbaycan ictimaiyyətinə az bəlli olsa da (Türkiyədə və dünyanın hərbi elitasında təfsilatlı məlumat var), hazırda 4 dövlətin qurduğu və adına “Turan Ordusu” deyilən ortaq hərbi missiya mövcuddur. “Turan Ordusu” adı ilə google-də verilən axtarışlar zamanı ortaya çıxan rəsmi qaynaqlardan və mətbuat məlumatlarından da görünür ki, ötən ilin avqustunda Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan tərəfindən ortaq bir hərbi təşkilat qurulub. Avropa mediası bu hərbi birliyi “Turan ordusu” adlandırır. 

“Yeni Müsavat”a məlum olub ki, 3 ay öncə qeyri-rəsmi olaraq “Turan ordusu”nun mərkəzi Azərbaycana keçirilib. Bunu da səbəbi var - NATO və xüsusi ilə də Amerika Ukrayna hadisələrindən sonra gözlənilən Rusiya hərbi müdaxiləsindən Azərbaycanı Türkiyə ordusu vasitəsi ilə qorumağı qərarlaşdırıb

Türkiyənin bəzi media quruluşları isə hərbi birlik elan olunan zaman “Osmanlı ordusu dirilir” başlığı atıblar. Rəsmi təyinatı və mandatına görə, bu hərbi birlik modernləşdirilmiş silah, raketdən müdafiə sistemi, uzun məsafəli raket, döyüş təyyarələri, döyüş gəmiləri, vertolyot və pilotsuz döyüş təyyarələri istehsal etməlidir. Həmçinin, ortaq hərbi birliyə daxil olan ölkələrə hər hansı bir təhdidi olarsa, onların müdafiə işləri də “Turan ordusu”nun vəzifələrindəndir. Ordunun rəsmi adı ölkələrin baş hərflərindən düzəldilən TAKM abrivaturası ilə müəyyənləşib. Ordunun simvolu at heykəlidir.

Aydın məsələdir ki, burada Qırğızıstan və Monqolustan məsələnin dekorativ tərəfidir. Əsas məsələ Türkiyə və Azərbaycan ordularının ortaq bir qurumda rəsmən birləşməsindədir. Haqqında söhbət açılan və Azərbaycanın işğaldakı torpaqları ilə sərhədlərdə həyata keçirilməsi planlaşdırılan ortaq hərbi təlimlər də əslində “Turan ordusu” adlandırılan qurumun egidası altında aparılacaq. Onu da əlavə edək ki, qurumun ilk başqanlığı 2014-ün sonuna qədər Türkiyədədir. Bu səbəbdən, ilk mərkəz də Ankara olaraq təyin edilib.

“Rəsmi Bakı bu prosesə həm də bir fürsət kimi baxır- proseslər işğal altındakı torpaqların bir qisminin geri qaytarmaq üçün ciddi şanslar açır... ”

Lakin “Yeni Müsavat”a məlum olub ki, 3 ay öncə qeyri-rəsmi olaraq “Turan ordusu”nun mərkəzi Azərbaycana keçirilib. Bunu da səbəbi var - NATO və xüsusilə də Amerika Ukrayna hadisələrindən sonra gözlənilən Rusiya hərbi müdaxiləsindən Azərbaycanı Türkiyə ordusu vasitəsi ilə qorumağı qərarlaşdırıb. Məlumatı verən diplomat deyir: “Qərb paytaxtları Ukrayna, xüsusilə də Krım hadisələrindən sonra ağıllanıblar. Artıq qəbul olunur ki, Rusiya yalnız Krımı ilhaq etmək, Ukraynanı diz çökdürməklə kifayətlənməyəcək. Proses Moldova, Azərbaycan və Qırğızıstana da keçəcək. 

Azərbaycana Ermənistanın əli ilə, Dağlıq Qarabağ səmtindən hərbi müdaxilə gözlənilir. Paralel olaraq, birbaşa Rusiyanın əli ilə ölkə daxilində və xüsusi ilə də həssas etnik bölgələrdə iğtişaşlar törətmək planlaşdırılır. Bunun qarşısını almaq, hətta əvvəlcədən önləmək üçün bir sıra ortaq hərbi çalışmalar həyata keçirilir. Bu zaman əsas mandat NATO üzvü kimi Türkiyəyə verilib. Azərbaycan Rusiyadan çəkinir; lakin bilir ki, qorxunun əcələ faydası yoxdur. Rəsmi Bakı bu prosesə həm də bir fürsət kimi baxır - proseslər işğal altındakı torpaqların bir qisminin geri qaytarmaq üçün ciddi şanslar açır...”

Azərbaycanın müxalifət liderlərindən birinin də bu yaxınlarda dediyi kimi, hazırda ölkədəki sakitlik tufanqabağı olan sakitlikdir...

Beləliklə, ortaya maraqlı, həm də risklərlə dolu bir səhnə çıxır. Ukraynadan sonra dünyanın qlobal gücləri Azərbaycan coğrafiyasında savaşa qalxacaqlar və tərəflər buna indidən hazırlıqlar görür. Azərbaycanın müxalifət liderlərindən birinin də bu yaxınlarda dediyi kimi, hazırda ölkədəki sakitlik tufanqabağı olan sakitlikdir...

13 Nisan 2014 Pazar

BƏS HANI ERMƏNİSTANA QARŞI SANKSİYALAR ?


Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış real beynəlxalq mənzərə

1. Ermənistanın silahlı təcavüzü və işğalı ağır nəticələrə gətirib çıxarıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla, 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın məcburi miqrasiya və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib və onların insan hüquqları ciddi şəkildə pozulub. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastrukturu məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. İşğal edilmiş ərazilərdəki mədəni və tarixi irsə vurulmuş zərəri pul ilə ölçmək qeyri-mümkündür.
İşğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarı 431 milyard ABŞ dollarından çoxdur və bu məbləğ ilbəil artır. Münaqişənin vurduğu mənəvi zərəri isə hesablamaq qeyri-mümkündür və bir milyon səkkiz yüz əlli min azərbaycanlının gündəlik həyatında müşahidə olunur.

2. İşğal altında qalmış Sərsəng su anbarı cəbhəyanı rayonlar üçün ciddi təhlükə mənbəyidir.
Qeyd edilməlidir ki, Azərbaycanın cəbhəyanı rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Goranbay, Tərtər, Yevlax) meliorasiya və irriqasiya şəbəkəsi 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarından qidalanırdı. Təəssüf ki, bu su anbarı 22 ildən artıqdır ki, işğal altındadır. 
Baxımsızlıq nəticəsində su anbarı ətrafındakı 6 rayonun torpaqları susuz qalmışdır. Bəzi ekspertlərin hesablamalarına görə Sovet İttifaqı dövründə inşa edilmiş anbarın dağılmasının ətraf ərazidə yaşayan 400 min mülki əhali üçün fəlakət xarakterli təhdid yaradacağı qaçılmazdır. Ermənistanın anbara nəzarət etməsi artıq böhrana səbəb olmuşdur, belə ki, qışda su buraxıldıqda ətraf rayonlarda yollar dağılır və yayda su kəsildikdə ətrafdakı əkin sahələri quruyur. Lakin Ermənistanın regionu işğal etməsi səbəbindən bu iqtisadi, humanitar, ekoloji və bioloji fəlakət təhlükəsi yalnız son vaxtlar gündəmə gəlmişdir.

3. Naxçıvanın blokada vəziyyətində yaşaması faktiki olaraq bölgənin inkişafının qarşısını alır
Naxçıvan Muxtar Respublikası 25 ildir ki, blokada şəraitində yaşayır və bu müddət ərzində bölgədə yaşayan 410 mindən artıq mülki əhali böyük əziyyətlərə düçar olmuş, təbii qaz və elektrik enerjisi çatışmazlığı əhalinin vəziyyətini daha da çətinləşdirmiş, bölgənin iqtisadi və sosial inkişafına ciddi neqativ təsir göstərmişdir. Təəssüflə qeyd etməliyəm ki, indiyədək blokada nəticəsində Naxçıvanda yaranmış vəziyyətə dair beynəlxalq sferada hər hansı bir müzakirə aparılmamış, Naxçıvana dair AŞPA və digər beynəlxalq təşkilatlarda hər hansı bir qətnamə qəbul edilməmişdir.

4. Krım və Dağlıq Qarabağın vəziyyəti bir-birindən kəskin fərqlənir
Bir çox ekspertlər Krım ilə Dağlıq Qarabağ arasında oxşarlıqların olduğunu vurğulayır. Buna baxmayaraq, bu iki münaqişə tarixi, siyasi və hüquqi baxımdan bir-birindən kəskin fərqlənir. Məsələn:
a. Bütün etnik qruplar, o cümlədən ruslar, ukraynalılar, Krım tatarları Krımdakı referendumda iştirak etdilər. Dağlıq Qarabağda ümumxalq səsverməsi adı altında keçiriləcək hər hansı gələcək səsvermədə yalnız işğal olunmuş ərazilərdə yaşayan ermənilər iştirak edəcək. Qeyd etmək lazımdır ki, bu ərazi zorla mono-etnik əraziyə çevrilmişdir. Azərbaycanlılar etnik təmizləməyə və məcburi miqrasiyaya məruz qaldığı üçün ermənilər bu gün Dağlıq Qarabağda yeganə etnik qrup təşkil edir.
b. Beynəlxalq hüquq nöqteyi-nəzərdən öz müqəddəratını təyinetmə hüququ müharibə aparan, ərazidə yaşayan digər xalqların nümayəndələrinə qarşı zorakılıq əməlləri, kütləvi qırğınlar və soyqırım cinayəti törədənlərə şamil edilmir və zorakılıq yolu ilə dövlətlərin ərazilərinin bölünməsi qanuni hesab edilə bilməz.

5. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Ukrayna ilə eyni səviyyədə dəstək tələb edir
Azərbaycan Ukraynanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Azərbaycan Nümayəndə heyəti martın 27-də BMT Baş Assambleyasında “Ukraynanın ərazi bütövlüyü”nə dair qətnaməni dəstəkləyərək, bu məsələdəki mövqeyini açıq nümayiş etdirdi.
Eyni zamanda, hesab edirəm ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəli qeyri-sabitlik mənbəyidir və Ukrayna böhranı ilə eyni diqqətə layiqdir. Odur ki, beynəlxalq təşkilatlar və Avropa institutları öz qərarlarına hörmətlə yanaşmalı və qəbul etdikləri qərarları yerinə yetirməlidirlər.
Ermənistan təcavüzününnəticəsi olaraq blokadaya görə 410 min Naxçıvan əhalisi, Sərsəng su anbarının işğal altında olması səbəbindən ətraf 6 rayonun 400 min nəfər əhalisi və 20 ildən artıq müddətdə davam edən hərbi işğal səbəbi ilə 1 milyona qədər azərbaycanlı, ümumilikdə 1.850.000 nəfər Azərbaycan vətəndaşı insan hüquqlarından məhrum olmaqla, öz ölkəsində qaçqın kimi, mürəkkəb sosial-iqtisadi şəraitdə yaşayır.
Lakin beynəlxalq təşkilatlar hər vəchlə Ermənistanın müdafiəsində durur, ona havadarlıq edir, işğala son qoyulması istiqamətində heç bir real hərəkət etmək istəmirlər, yalnız qətnamələr qəbul etməklə kifayətlənirlər, ona qarşı heç bir sanksiyalar tətbiq etmirlər, bu beynəlxalq qurumlar işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında nəinki heç bir fərq qoymur, hətta Ermənistanı daha demokratik ölkə kimi göstərməyə can atırlar.

6. Altı Şərq Tərəfdaşlığı ölkəsində
Şərq Tərəfdaşlığı proqramında, Belarusu nəzərə almasaq, 5 post-Sovet ölkəsi iştirak edir. Şərq Tərəfdaşlığının əsas məqsədi tərəfdaş ölkələrlə Aİ arasında daha sıx inteqrasiya əlaqələrinə nail olmaqdır. Lakin Tərəfdaşlığın əsas məqsədlərində Rusiya faktoru nəzərə alınmayıb.
Post-Sovet ölkələri ilə Rusiya arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur və ŞT ölkələrinin əksər ərazi problemlərinin həlli Rusiyadan asılıdır. Odur ki, Şərq Tərəfdaşlığı proqramında Rusiya faktorunun nəzərə alınmaması Şərq Tərəfdaşlığı ölkələrini Avropa İttifaqı ilə Rusiya arasında çətin seçim qarşısında qoyur.
Digər tərəfdən, ŞT ölkələri Qərb və Rusiya maraqlarının toqquşduğu geosiyasi məkandır. Aİ indiyə qədər Şərq Tərəfdaşlığı proqramında tərəfdaş ölkələrin qarşılaşacağı risklərin qarşısının alınmasına yönəlmiş mexanizm təklif etməyib. Ona görə də tərəfdaş ölkələr mövcud geosiyasi risklərdən sığortalanmayıblar.
Bu baxımdan Ukrayanada baş verən böhran geosiyasi böhrandır. Əgər Şərq Tərəfdaşlığı Proqramı tərəfdaş ölkələrinin ərazi problemlərini həll etmək gücündə deyilsə, əksinə bu ölkələr üçün yeni ərazi itkilərinə və digər məhrumiyyətlərə yol açırsa, deməli, bu Proqramın gələcəyi barədə ciddi düşünülməlidir.
Ümumiyyətlə uğursuz, gələcəyi ümidsiz və qaranlıq görünən Şərq Tərəfdaşlıq Proqramı və Avronest PA-nın taleyinə Avropa Parlamentinin seçkilərindən sonra yenidən baxılmalıdır.

7. Azərbaycan Aİ ilə ikitərəfli strateji əlaqələrdən yararlanır
Assosiasiya sazişi universal saziş deyil, Aİ-nin öz qonşuları ilə imzalayacağı ikitərəfli sazişdir. Sazişin şərtləri aidiyyəti tərəflər arasında danışıqlar nəticəsində formalaşdırılır. Azərbaycan Aİ ilə ikitərəfli strateji tərəfdaşlıqdan yararlanır və Aİ ilə Azərbaycan arasında bir ildən artıqdır ki, bu istiqamətdə danışıqlar aparılır.

8. Azərbaycan və Avropa İttifaqı enerji sahəsində əməkdaşlıq edir
"Şahdəniz" yatağından emal ediləcək qazın 2018-ci ildən Trans-Adriatik (ТАР) və Trans-Anadolu (ТАNАР) qaz kəmərləri vasitəsilə Avropaya nəql olunacağı gözlənilir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

9. Beynəlxalq təşkilatların mövqeyi birmənalı olsa da, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına dair 4 qətnamə qəbul edib (Qətnamə 822, 853, 874 və 884), bu sənədlərdə işğalçı tərəfdən işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etmək tələb edilirdi. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı həmçinin AŞPA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən pislənib.
Beynəlxalq təşkilatlar müxtəlif qətnamə və bəyanatlarla Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanıyır, lakin Ermənistana qarşı heç bir sanksiya tətbiq etmirlər.
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməklə kifayətlənir və bu, beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiyini göstərir.

10. Azərbaycan beynəlxalq təşkilatlarda ayrıseçkiliklə üzləşir.
Biz çox illərdir ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edirik. Biz 14 ildir ki, Avropa Şurasının üzvüyük. Lakin problemlərimizin həlli 20 ildir ayrıseçkiliklə üzləşdiyimiz beynəlxalq təşkilatlarda müvafiq qaydada dəstəklənmir. Rusiyanın Krımı özünə birləşdirməsindən sonra diplomatik danışıqlar və ona tətbiq edilən sanksiyalar fonunda Qərbin işğal edilmiş əraziləri, Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı ikili standartlar və riyakarlıq nümayiş etdirməsi özünü daha qabarıq şəkildə biruzə verir. Azərbaycanın bu rayonları 25 ilə yaxındır ki, beynəlxalq hüquq normaları pozulmaqla, Ermənistanın işğalı altındadır, lakin Aİ ərazi bütövlüyünün bu pozulmasına və bir milyon məcburi köçkünün əziyyət çəkməsinə etinasızlıqla yanaşır. Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. Dünya Moskvaya diplomatik təzyiq göstərir, bəs hanı Ermənistana qarşı sanksiyalar? Beynəlxalq ictimaiyyət Ukrayna və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlər kimi, bu gün eyni dəstəyi Azərbaycana da təmin etməli, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası tərəfindən qəbul edilmiş qətnamələrə hörmət etməlidir.
Hesab edirəm ki, Amerika və qərb dövlətlərinin, bütün beynəlxalq qurumlarının Ukraynaya verdikləri dəstəkdən Azərbaycan dərs götürməli, dünya birliyindən, xüsusilə Avropa İttifaqı, Avropa Şurası və ATƏT-dən Ermənistana sanksiyların tətbiqini və öz haqqını tələb etməlidir.
Onlar isə bunu etmək əvəzinə daim müxtəlif bəhanələrlə Azərbaycanın başını qarışdırmaqla məşğuldurlar. Beynəlxalq qurumlar isə Ermənistanı müdafiə etmək üçün insan hüquqları altında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə ölkəmizə qarşı geniş miqyaslı hücümlara hazlrlaşırlar. Bunun rüşeymləri artıq görünür.
Özünü azadlıq və vəhdət evi hesab edən Avropa Şurası dünya ictimaiyyətinə təsdiq etmək istəyir ki, onun əsas fəaliyyəti insan hüquqlarıdır. Araşdırdıqda görürsən ki, bu, AŞ-ya üzv olan 47 dövlətdən ancaq əsasən dörd ölkəyə şamil olunur :
- Rusiya, Ukrayna, Türkiyə, Azərbaycan.
Hazırki vəziyyətdə beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası Ukraynanı bu siyahıdan silmişlər. Bundan əlavə, qeyd edilən güc mərkızləri onlar üçün xüsusi əhəmiyyət kəsb edən Türkiyəyə qarşı hücumlardan ehtiyatlanırlar.
Digər tıərəfdən, AŞPA aprelin 10-da Rusiyanı müvəqqəti səsvermə hüququndan məhrum etdi. Lakin 2 gün sonra çoxları hücum etməyə ölkə tapmadıqlarından məyus oldular. Belə ki, AŞPA-da insan hüquqları adı altında hücum obyektlərinin sayı minimuma enmiş oldu. Ona görə də Avropa Şurası öz iş dinamikasını pozmamaq üçün Azərbaycana hücum strategiyasına gizli start verməyə başlamışdır.
Hamıya bəllidir ki, beynəlxalq təşkilatların hər hansı bir ölkəyə, xüsusilə Azərbaycana hücum etmək üçün çoxdan bəlli olan iş mexanizmi vardır. Dünyanın güc dövlətləri tərəfindən maliyyələşən, onların sifarişlərini yerinə yetirən və qondarma, böhtanlı faktlarla beynəlxalq təşkilatlara istinad mənbəyi verən bir neçə beynəlxalq QHT: Amnesty International, Human Rights Watch, Avropa Sabitlik Təşəbbüsü, Freedom House və digər beynəlxalq təşkilatlar insan hüquqları və söz azadlığı ilə bağlı ölkəmizə qarşı fəaliyyətə başlayır. Hadisələr sonradan köhnə ssenari üzrə davam etdirilir: onlar eyni zamanda yerli QHT-ləri maliyyələşdirərək müxtəlif üsullarla öz istinadlarını daha da gücləndirirlər. Yeri gəlmişkən demək istərdim ki, Azərbaycanın bəzi QHT-ləri Avropa Şurasına üzv ölkələrin milli QHT-ləri arasında xarici donorlar vasitəsilə öz ölkəsinə əsassız böhtanlarla hücum etməkdə çempiondurlar.

Elxan Süleymanov
AVCİYA-nın prezidenti,
Şamaxının millət vəkili

DAĞLIQ QARABAĞI RUSİYAYA BİRLƏŞDİRİRLƏR ? YOXSA ...


Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirilib.

Bu barədə məlumatı “Axar.az”a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. O, qeyd edib ki, Rusiya ordusuna məxsus tanklar Laçının bir addımlığındadır: “Artıq Rusiya Baş Qərargahı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Dünən axşam zirehli texnika, qoşqulu avtomobillərdə Gümrü-İrəvan-Artaşat-Sisian-Gorus avtomobil yolu vasitəsilə xüsusi maskalanmış vəziyyətdə işğal edilmiş Laçın rayonu yaxınlığına — Karaşen yaşayış məntəqəsinə gətirilib. Qoşqulu avtomobillərə yüklənmiş hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub. Onun sözlərinə görə, artıq İsrailin «Mossad» və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində bununla bağlı məlumat var: “Dünən gecə ABŞ Milli Təhlükəsizlik Agentliyi hərbi texnikanın köçürülməsini tam dəqiqliyi ilə müşahidə edib və peyk vasitəsilə videolentə alıb. Yaxın 2 gün ərzində isə Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək. Çox güman ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə başlanacağı təqdirdə, Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək”. Gülməmmədov bildirib ki, iki gün öncə isə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 3 generalı Xankəndiyə ezam olunub: “Bu məlumat artıq İrəvanda söz-söhbətə belə səbəb olub. Həmçinin, artıq Ermənistan televiziyaları bir həftədir ki, mütəmadi olaraq silahli qüvvələr barədə reportajlar hazırlayır və «Favorit» tipli HHM raketlərini reklam edirlər.

Seva

11 Nisan 2014 Cuma

"20 YANVARA GÖRƏ QORBAÇOV HAAQA TRİBUNALINA VERİLMƏLİDİ"


Politoloq Tofiq Abbasov: "Nə qədər ki, Qorbaçov sağdır, onu ittiham etmək lazımdır"

Bir qrup rusiyalı deputatın SSRİ-nin eks prezidenti Mixail Qorbaçova qarşı cinayət işinin açılmasını tələb etməsi Azərbaycanın da 20 yanvar hadisələrinə görə onu məhkəməyə verə biləcəyi fikrini gündəmə gətirdi.

ANS PRESS-in məlumatına görə, Qorbaçovun məhkəməyə verilib ittiham edilməsi barədə politoloq Qabil Huseynli bunları bildirdi: 
”Qorbaçovun ən böyük günahı məhz 20 yanvar hadisələri, 9 aprel Gürcustanda baş verən,Vilnusda törədilən hadisələrdir. Günahsız insanların vəhşicəsinə qırdırılması Qorbaçovun əmrilə baş verib. Bu cinayətlərin içində ən böyüyü məhz 20 yanvar qırğınıdır. Orda ölənlərin sayı 165 nəfərdən çoxdur, yaralanlar isə 600 nəfəri keçib. Miqyasına, həyata keçirilmə formasına görə hec bir tutarlı səbəb gətirilmədən güya Azərbaycanda fundamental islamın qələbə cala biləcəyi ehtimalı oldugundan bunun qarşısını almaq zərurətindən Bakıya qoşun yeridildi. Bütün bunlar Qorbaçovun təşəbbüsü ilə SSRİ Ali Sovetinin fərmanı ilə həyata keçirildi. Qorbaçovun ən böyuk qunahlarından biri Bakıdakı qanlı yanvar hadisələridir. O, buna görə cavab verməlidir. Azərbaycan buna dəfələrlə təşəbbüs göstərib, amma təəssüflər olsun ki, bu məsələyə nail ola bilməyib. SSRİ-nin dağılması ilə bağlı onu günahlandırmaq cəfəngiyatdır. Azərbaycan Qorbaçovu və onun o dövr yanında olan komandasını beynəlxalq Haaqa tribunalına verməlidir. Haaqa tribunalı bu məsələni araşdırmalı, onları muhakimə etməlidir”.

Politoloq Tofiq Abbasovun fikri isə belə oldu: ”20 yanvar hadisələri sovet rejiminin Azərbaycan xalqına qarşı duşünülmüş bir təxribatıdır. Bu, qanlı təxribat idi, bu, cinayətkar bir hadisə idi. Bunun arxasında Kreml rəsmləri ilə erməni diqtəçi qruplarının fəalları dururdu. Bizim Azərbaycan üçün burda qaranlıq bir məqam qalmayıb. Nə qədər ki, həmin dövrdə ölkəyə rəhbərlik edən və 20 yanvar hadisələrinə birbaşa cavabdehlik daşıyan Qorbaçov sağdır, onu ittiham etmək lazımdır. Gunahsız insanları öldutdürən Qorbaçovla yanaşi Bakatin və o dövr hakimiyyətdə olan digər səlahiyyətli şəxslər məhkəmə qarşısında cəzalandırılmalıdır. Bu məsələyə nöqtə qoyulmayib. Cinayət baş veribsə, cəzası da olmalıdı".

Xatırladaq ki, Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib. Müraciətdə SSRİ-də keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunması dəstəklənsə də o dövrdə hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb olduğu bildirilib.

 İdrak Camalbəyli