Translate

22 Şubat 2012 Çarşamba

Hərbi prokurorluq: Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərindəki separatçı rejim tərəfindən 373 terror aktı törədilib






1991-1992-ci illərdə Xocalıda və digər yaşayış məntəqələrində soyqırım törədilib, Şuşa şəhəri və başqa çoxsaylı yaşayış məntəqələri işğal edilib, bununla da həmin ərazilərdə etnik təmizləmə əməliyyatları həyata keçirilib. Eyni zamanda, dövlət terrorizmi və genosid siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib.

  Trend-in məlumatına görə, bunu çərşənbə günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı elan olunmamış müharibə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırım ilə əlaqədar Respublika Hərbi Prokurorluğunda istintaq olunan cinayət işləri ilə əlaqədar brifinqdə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusi istintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mehman Poladov bildirib.

  Onun sözlərinə görə, müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olub, 50 min nəfərdən artıq vətəndaşımız yaralanıb və əlil olub, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

  Poladov qeyd edib ki, Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülüb və şikəst edilib.



K.Zərbalıyeva

Xocalı soyqırımının ildönümü ilə bağlı Küveytdə silsilə tədbirlər həyata keçirilir

Xalqımızın tarixində qanlı iz buraxmış Xocalı soyqırımının növbəti, 20-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilir.



 Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, həmin tədbirlər çərçivəsində fevralın 20-də Sabah Əl-Səlim məntəqəsinin orta ümumtəhsil məktəbinin foyesində səfirliyin təşkilatçılığı ilə "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi öz işinə başlayıb.

 Sərginin açılış mərasimində səfir Tural Rzayev keçmiş sovet ordusunun yardımı ilə erməni silahlıların Xocalı şəhərində törətdiyi vəhşiliklər və faciənin əsl mahiyyəti barədə məktəbin müəllim-şagird kollektivinə və tədbirdə iştirak edən valideynlərə ətraflı məlumat verib. Sərgi iştirakçıları nəinki Azərbaycanın, həmçinin bəşəriyyətin müasir tarixində qanlı iz buraxmış bu faciənin onları olduqca kədərləndirdiyini bildiriblər. Ekspozisiya fevralın 27-dək nümayiş etdiriləcək.

 Fevralın 21-də səfirliyin binasında Küveyt KİV-in iştirakı ilə Rzayevin mətbuat konfransı keçirilib.

 Mətbuat konfransı zamanı səfir 26 fevral 1992-ci il tarixində erməni barbarları tərəfindən Xocalıda törədilmiş soyqırım haqqında jurnalistlərə ətraflı məlumat verib, bu faciənin XX əsrin ən dəhşətli cinayətlərindən hesab olunduğunu vurğulayaraq, cinayəti İkinci Dünya müharibəsi zamanı nasistlərin törətdiyi vəhşiliklərlə müqayisə edib.

 Səfir Xocalı həqiqətlərinin üzə çıxması, bütün dünya qarşısında Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mühüm rolunu xüsusilə vurğulayıb.

 Daha sonra səfir Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən danışıb, bu problemin həlli üçün Azərbaycanın kifayət qədər hərbi qüdrətə malik olduğunu bildirib. O, 2011-ci ilin dekabr ayında Əl-Küveyt şəhərində keçirilən hərbi sərgidə ölkəsinin iştirakına işarə edərək, Azərbaycanın dəfələrlə Ermənistandan güclü olduğunu və münaqişənin müharibə yolu ilə həllinə atılarsa, Azərbaycanın qalib gələcəyini vurğulayıb.

 Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə məhəl qoymasa da, ölkəsinin işğal olunmuş əraziləri qaytarmaq üçün sülh vasitələrinə üstünlük verdiyini qeyd edib.

 Daha sonra səfir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və təcavüz siyasətinin BMT və İƏT-də Küveyt Dövləti tərəfindən daim pisləndiyini qeyd edərək, dost və qardaş Küveytin ölkəsinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayaraq, bu taleyüklü məsələdə tutduğu ədalətli mövqeyə və dəstəyə görə Azərbaycan hökuməti və xalqı adından minnətdarlığını ifadə edib.

 Mətbuat konfransının sonunda səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilinə nəşr olunmuş "Xocalı soyqırımı" kitabı və Xocalı faciəsini özündə əks etdirən filmin ərəb dilində CD variantı, həmçinin səfirlik tərəfindən hazırlanmış mətbuat bəyanatı jurnalistlərə təqdim olunub.

"Xocalı soyqırımı" kitabı, sənədli film və qanlı faciə ilə əlaqədar səfirliyin bəyanatı Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara da göndərilib.

 Fevralın 22-də Küveytin çoxtirajlı və geniş oxucu kütləsinə malik "Əl-Ray", "Əl-Nahar", "Əl-Siyasə", "Əl-Vatan", "Əl-Vasat", "Əl-Şəhid", "Əl-Ənbəə", "Aləm Əl-Yaoum" qəzetlərində Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilmiş erməni vəhşiliklərini özündə əks etdirən geniş məqalələr dərc edilib.

 Bundan əlavə, "Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti" ərəb dilinə tərcümə edilərək, Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara, KİV-ə göndərilib.

 Silsilə tədbirlər çərçivəsində səfirliyin və Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarını özündə birləşdirən "Vətənsevər" dostluq cəmiyyətinin təşkilatçılığı ilə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, eyni zamanda, Küveyt vətəndaşlarının iştirakı ilə fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

 Cümə gününə təsadüf edən 24 fevral tarixində isə bütün Küveyt məscidlərində söylənən cümə namazı xütbələrində Xocalı faciəsi şəhidlərinin xatirəsi yad ediləcək.



E.Mehdiyev

“BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”



Xanım Xəlilova: “Taksim yürüşü ermənilərə son cavab olacaq” 
 Türk Dünyası İnsan haqları Dərnəyi Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün fevralın 26-sı saat 14:00-da BMT-nin Ankaradakı ofisi önündə yürüş-mitinq keçirəcək. Bu barədə redaksiyamıza xalq hərəkatının fəallarından olan, hazırda Türkiyədə yaşayan professor, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Xanım Xəlilova məlumat verdi.

 X.Xəlilova bildirdi ki, bu tələbin dəstəklənməsi və ortaya qoyulması üçün Türkiyədə bir sıra önəmli görüşlər keçirib. X.Xəlilova fevralın 13-ü AKP başqanının köməkçisi, Manisadan millət vəkili Hüseyn Tanrıverdi və AKP-nin baş katibi Haluk İpek, baş nazirlik müşaviri Saadeddin Kılıc, Böyük Birlik Partiyasının (BBP) başqanı Mustafa Destici, fevralın 14- də MHP-nin media və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi, başqan köməkçisi, Antalyadan olan millət vəkili Tunca Tiskayla, Türk Ocakları başqanı Nuri Gürgür, fevralın 15-də CHP-nin Spartadan olan millət vəkili Ali Haydar Önər, HAS Partiyasının rəhbəri professor Numan Kurtuluş, fevralın 16-da Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Demokrat Partiyasının rəhbəri Namiq Zeybek, Gölbaşı bələdiyyəsinin sədri Yaqub Odabaşı, fevralın 17-də isə Akademiklər Birliyinin sədri professor Şükrü Koç-la görüşüb. Müsahibimiz bildirdi ki, görüşlər zamanı təklifinə müsbət cavab alıb: “Mitinqə Dünya Gəncləri Dostluq Dərnəyinin rəhbəri Səadət Atakan da dəstək verəcək.

 X.Xəlilova onu da bildirdi ki, BMT-nin Ankara ofisinin qarşısına doğru yürüşü Türk dünyası İnsan Haqları Dərnəyi ilə birlikdə təşkil edirlər: “BMT-nin ofisinə yürüş edəcəyik. Qurumun binasının önünə çələng qoyacağıq. Xocalı soyqırımı beynəlxalq təşkilatlar səviyyəsində tanınmalıdır. Dərnəyin başqanı Abdullah Buksür hələ 1998-ci ildə Xocalı soyqırımının tanınması üçün BMT-yə 200 səhifəlik bir müraciət edib. Fevralın 26-da ölkənin hər tərəfindən İstanbula, Taksim meydanına gedənlər olacaq. Bu böyük yürüş ermənilərə son bir cavab olacaq. 2015-ci ildə qondarma ”erməni soyqırımı"nın 100 illiyi tamamlanacaq. Ermənilər bizə çox hücum etmək istəyəcəklər. Bu mənada, Xocalı məsələsinin gündəmə gəlməsi tək Azərbaycan üçün yox, həm də Türkiyə üçün önəmlidir".

 X.Xəlilova Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçiriləcək tədbirlər haqqında da məlumat verdi: “HAS Partiyası fevralın 23-də Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcək. Fevralım 25-də Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirdə çıxış edəcəm. Ayın 27-də isə AKP-nin baş katibi Haluk İpeklə canlı olaraq "TRT avaz" kanalına qoşulacağıq. Fevralın 24-25-də “Qızılay” meydanında çadır qurulacaq, Xocalı soyqırımını nümayiş etdirən rəsm sərgisi təşkil olunacaq, broşürlər paylanacaq. Türkiyə xalqından Xocalı soyqırımı ilə bağlı imza toplanacaq. Bu məqsədlə fevralın 15-də Ankara Böyükşəhər bələdiyyəsinə müraciət etmişik. Bu tədbirin həyata keçirilməsi üçün cavab gözləyirik".

 Qeyd edək ki, Fevralın 26-da saat 14:30-dan 15:30-dək Qalatasaray və Taksim meydanı arasında böyük Xocalı yürüşü keçiriləcək. Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin təşkilatçılığı ilə keçirilən yürüşə Türkiyədə fəaliyyət göstərən dərnəkllr, ülkü ocaqları, siyasi partiyalar və qeyri-hökumət təşkilatları qatılacaqlar.
Bu arada Azərbaycan hakimiyyətinin Türkiyədə keçiriləcək Xocalı tədbirləri ilə bağlı 2 milyon manat ayırdığına dair məlumat yayılıb. Lakin Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bunu təsdiqləmədi: “Türkiyədə fəaliyyət göstərən dərnəklər tədbirləri öz hesablarına keçirirlər”.


Leyla İLQAR

"YAVRU VƏTƏN"də İZDİHAMLI XOCALI MİTİNQİ HAZIRLANIR

Naim Aydoğdu: "Anım törəni Levkoşadakı Şəhidlər meydanında keçiriləcək"



 Fevralın 26-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Levkoşada Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunan mitinq keçiriləcək. Bu barədə “Yeni Müsavat”a 1993-cü illərdə Qarabağ döyüşlərində könüllü olaraq iştirak etmiş ŞKTC vətəndaşı Naim Aydoğdu məlumat verdi. N.Aydoğdu bildirdi ki, mitinq Levkoşadakı Şəhidlər meydanında keçiriləcək.

 Müsahibimizin sözlərinə görə, mitinqə Azərbaycandan da qatılanlar olacaq: “Bu mitinqi hazırlayanlar Kipr Barış Hərəkatının əsasını təşkil edən Türk Müqavimət Hərəkatı Təşkilatı, Ülkü Ocaqlarının Kipr bölməsi və bir sıra QHT-lərdir”.
N.Aydoğdu həmçinin bildirdi ki, Levkoşada Xocalı qətliamı ilə bağlı komissiya da yaradıblar: “Komissiyaya Kipr Türk Mücahidlər Dərnəyinin rəhbəri Ahmet Ötüken rəhbərlik edir. Sabah geniş toplantımız olacaq. Sizə daha ətraflı məlumat verə biləcəyik”.
Qeyd edək ki, türk dünyasında Şimali Kipr respublikasına “Yavru vətən” də deyirlər.

Leyla İLQAR  

21 Şubat 2012 Salı

Avropanın mərkəzində Xocalı soyqırımı ilə bağlı mitinq keçiriləcək

Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək.

  Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, fevralın 28-də Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək.

  Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13:00-15:00 arasında keçiriləcək "İnsanlıq ayıbı Xocalıya ədalət" mitinqində "Hamımız Xocalılıyıq! Hamımız Türkük!" şüarlarının sədaları altında ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılıb.

  Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq aksiyanın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini 26 fevral 1992-ci il tarixində ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırıma yönəltmək, Xocalı şəhidlərinin xatirəsini anmaqdır.



K.Zərbalıyeva