Translate

22 Şubat 2012 Çarşamba

Xocalı soyqırımının ildönümü ilə bağlı Küveytdə silsilə tədbirlər həyata keçirilir

Xalqımızın tarixində qanlı iz buraxmış Xocalı soyqırımının növbəti, 20-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilir.



 Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, həmin tədbirlər çərçivəsində fevralın 20-də Sabah Əl-Səlim məntəqəsinin orta ümumtəhsil məktəbinin foyesində səfirliyin təşkilatçılığı ilə "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi öz işinə başlayıb.

 Sərginin açılış mərasimində səfir Tural Rzayev keçmiş sovet ordusunun yardımı ilə erməni silahlıların Xocalı şəhərində törətdiyi vəhşiliklər və faciənin əsl mahiyyəti barədə məktəbin müəllim-şagird kollektivinə və tədbirdə iştirak edən valideynlərə ətraflı məlumat verib. Sərgi iştirakçıları nəinki Azərbaycanın, həmçinin bəşəriyyətin müasir tarixində qanlı iz buraxmış bu faciənin onları olduqca kədərləndirdiyini bildiriblər. Ekspozisiya fevralın 27-dək nümayiş etdiriləcək.

 Fevralın 21-də səfirliyin binasında Küveyt KİV-in iştirakı ilə Rzayevin mətbuat konfransı keçirilib.

 Mətbuat konfransı zamanı səfir 26 fevral 1992-ci il tarixində erməni barbarları tərəfindən Xocalıda törədilmiş soyqırım haqqında jurnalistlərə ətraflı məlumat verib, bu faciənin XX əsrin ən dəhşətli cinayətlərindən hesab olunduğunu vurğulayaraq, cinayəti İkinci Dünya müharibəsi zamanı nasistlərin törətdiyi vəhşiliklərlə müqayisə edib.

 Səfir Xocalı həqiqətlərinin üzə çıxması, bütün dünya qarşısında Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mühüm rolunu xüsusilə vurğulayıb.

 Daha sonra səfir Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən danışıb, bu problemin həlli üçün Azərbaycanın kifayət qədər hərbi qüdrətə malik olduğunu bildirib. O, 2011-ci ilin dekabr ayında Əl-Küveyt şəhərində keçirilən hərbi sərgidə ölkəsinin iştirakına işarə edərək, Azərbaycanın dəfələrlə Ermənistandan güclü olduğunu və münaqişənin müharibə yolu ilə həllinə atılarsa, Azərbaycanın qalib gələcəyini vurğulayıb.

 Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə məhəl qoymasa da, ölkəsinin işğal olunmuş əraziləri qaytarmaq üçün sülh vasitələrinə üstünlük verdiyini qeyd edib.

 Daha sonra səfir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və təcavüz siyasətinin BMT və İƏT-də Küveyt Dövləti tərəfindən daim pisləndiyini qeyd edərək, dost və qardaş Küveytin ölkəsinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayaraq, bu taleyüklü məsələdə tutduğu ədalətli mövqeyə və dəstəyə görə Azərbaycan hökuməti və xalqı adından minnətdarlığını ifadə edib.

 Mətbuat konfransının sonunda səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilinə nəşr olunmuş "Xocalı soyqırımı" kitabı və Xocalı faciəsini özündə əks etdirən filmin ərəb dilində CD variantı, həmçinin səfirlik tərəfindən hazırlanmış mətbuat bəyanatı jurnalistlərə təqdim olunub.

"Xocalı soyqırımı" kitabı, sənədli film və qanlı faciə ilə əlaqədar səfirliyin bəyanatı Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara da göndərilib.

 Fevralın 22-də Küveytin çoxtirajlı və geniş oxucu kütləsinə malik "Əl-Ray", "Əl-Nahar", "Əl-Siyasə", "Əl-Vatan", "Əl-Vasat", "Əl-Şəhid", "Əl-Ənbəə", "Aləm Əl-Yaoum" qəzetlərində Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilmiş erməni vəhşiliklərini özündə əks etdirən geniş məqalələr dərc edilib.

 Bundan əlavə, "Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti" ərəb dilinə tərcümə edilərək, Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara, KİV-ə göndərilib.

 Silsilə tədbirlər çərçivəsində səfirliyin və Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarını özündə birləşdirən "Vətənsevər" dostluq cəmiyyətinin təşkilatçılığı ilə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, eyni zamanda, Küveyt vətəndaşlarının iştirakı ilə fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

 Cümə gününə təsadüf edən 24 fevral tarixində isə bütün Küveyt məscidlərində söylənən cümə namazı xütbələrində Xocalı faciəsi şəhidlərinin xatirəsi yad ediləcək.



E.Mehdiyev

“BMT-dən XOCALI SOYQIRIMININ TANINMASINI İSTƏYƏCƏYİK”



Xanım Xəlilova: “Taksim yürüşü ermənilərə son cavab olacaq” 
 Türk Dünyası İnsan haqları Dərnəyi Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün fevralın 26-sı saat 14:00-da BMT-nin Ankaradakı ofisi önündə yürüş-mitinq keçirəcək. Bu barədə redaksiyamıza xalq hərəkatının fəallarından olan, hazırda Türkiyədə yaşayan professor, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Xanım Xəlilova məlumat verdi.

 X.Xəlilova bildirdi ki, bu tələbin dəstəklənməsi və ortaya qoyulması üçün Türkiyədə bir sıra önəmli görüşlər keçirib. X.Xəlilova fevralın 13-ü AKP başqanının köməkçisi, Manisadan millət vəkili Hüseyn Tanrıverdi və AKP-nin baş katibi Haluk İpek, baş nazirlik müşaviri Saadeddin Kılıc, Böyük Birlik Partiyasının (BBP) başqanı Mustafa Destici, fevralın 14- də MHP-nin media və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi, başqan köməkçisi, Antalyadan olan millət vəkili Tunca Tiskayla, Türk Ocakları başqanı Nuri Gürgür, fevralın 15-də CHP-nin Spartadan olan millət vəkili Ali Haydar Önər, HAS Partiyasının rəhbəri professor Numan Kurtuluş, fevralın 16-da Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Demokrat Partiyasının rəhbəri Namiq Zeybek, Gölbaşı bələdiyyəsinin sədri Yaqub Odabaşı, fevralın 17-də isə Akademiklər Birliyinin sədri professor Şükrü Koç-la görüşüb. Müsahibimiz bildirdi ki, görüşlər zamanı təklifinə müsbət cavab alıb: “Mitinqə Dünya Gəncləri Dostluq Dərnəyinin rəhbəri Səadət Atakan da dəstək verəcək.

 X.Xəlilova onu da bildirdi ki, BMT-nin Ankara ofisinin qarşısına doğru yürüşü Türk dünyası İnsan Haqları Dərnəyi ilə birlikdə təşkil edirlər: “BMT-nin ofisinə yürüş edəcəyik. Qurumun binasının önünə çələng qoyacağıq. Xocalı soyqırımı beynəlxalq təşkilatlar səviyyəsində tanınmalıdır. Dərnəyin başqanı Abdullah Buksür hələ 1998-ci ildə Xocalı soyqırımının tanınması üçün BMT-yə 200 səhifəlik bir müraciət edib. Fevralın 26-da ölkənin hər tərəfindən İstanbula, Taksim meydanına gedənlər olacaq. Bu böyük yürüş ermənilərə son bir cavab olacaq. 2015-ci ildə qondarma ”erməni soyqırımı"nın 100 illiyi tamamlanacaq. Ermənilər bizə çox hücum etmək istəyəcəklər. Bu mənada, Xocalı məsələsinin gündəmə gəlməsi tək Azərbaycan üçün yox, həm də Türkiyə üçün önəmlidir".

 X.Xəlilova Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçiriləcək tədbirlər haqqında da məlumat verdi: “HAS Partiyası fevralın 23-də Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcək. Fevralım 25-də Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirdə çıxış edəcəm. Ayın 27-də isə AKP-nin baş katibi Haluk İpeklə canlı olaraq "TRT avaz" kanalına qoşulacağıq. Fevralın 24-25-də “Qızılay” meydanında çadır qurulacaq, Xocalı soyqırımını nümayiş etdirən rəsm sərgisi təşkil olunacaq, broşürlər paylanacaq. Türkiyə xalqından Xocalı soyqırımı ilə bağlı imza toplanacaq. Bu məqsədlə fevralın 15-də Ankara Böyükşəhər bələdiyyəsinə müraciət etmişik. Bu tədbirin həyata keçirilməsi üçün cavab gözləyirik".

 Qeyd edək ki, Fevralın 26-da saat 14:30-dan 15:30-dək Qalatasaray və Taksim meydanı arasında böyük Xocalı yürüşü keçiriləcək. Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin təşkilatçılığı ilə keçirilən yürüşə Türkiyədə fəaliyyət göstərən dərnəkllr, ülkü ocaqları, siyasi partiyalar və qeyri-hökumət təşkilatları qatılacaqlar.
Bu arada Azərbaycan hakimiyyətinin Türkiyədə keçiriləcək Xocalı tədbirləri ilə bağlı 2 milyon manat ayırdığına dair məlumat yayılıb. Lakin Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bunu təsdiqləmədi: “Türkiyədə fəaliyyət göstərən dərnəklər tədbirləri öz hesablarına keçirirlər”.


Leyla İLQAR

"YAVRU VƏTƏN"də İZDİHAMLI XOCALI MİTİNQİ HAZIRLANIR

Naim Aydoğdu: "Anım törəni Levkoşadakı Şəhidlər meydanında keçiriləcək"



 Fevralın 26-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Levkoşada Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunan mitinq keçiriləcək. Bu barədə “Yeni Müsavat”a 1993-cü illərdə Qarabağ döyüşlərində könüllü olaraq iştirak etmiş ŞKTC vətəndaşı Naim Aydoğdu məlumat verdi. N.Aydoğdu bildirdi ki, mitinq Levkoşadakı Şəhidlər meydanında keçiriləcək.

 Müsahibimizin sözlərinə görə, mitinqə Azərbaycandan da qatılanlar olacaq: “Bu mitinqi hazırlayanlar Kipr Barış Hərəkatının əsasını təşkil edən Türk Müqavimət Hərəkatı Təşkilatı, Ülkü Ocaqlarının Kipr bölməsi və bir sıra QHT-lərdir”.
N.Aydoğdu həmçinin bildirdi ki, Levkoşada Xocalı qətliamı ilə bağlı komissiya da yaradıblar: “Komissiyaya Kipr Türk Mücahidlər Dərnəyinin rəhbəri Ahmet Ötüken rəhbərlik edir. Sabah geniş toplantımız olacaq. Sizə daha ətraflı məlumat verə biləcəyik”.
Qeyd edək ki, türk dünyasında Şimali Kipr respublikasına “Yavru vətən” də deyirlər.

Leyla İLQAR  

21 Şubat 2012 Salı

Avropanın mərkəzində Xocalı soyqırımı ilə bağlı mitinq keçiriləcək

Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək.

  Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, fevralın 28-də Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək.

  Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13:00-15:00 arasında keçiriləcək "İnsanlıq ayıbı Xocalıya ədalət" mitinqində "Hamımız Xocalılıyıq! Hamımız Türkük!" şüarlarının sədaları altında ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılıb.

  Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq aksiyanın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini 26 fevral 1992-ci il tarixində ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırıma yönəltmək, Xocalı şəhidlərinin xatirəsini anmaqdır.



K.Zərbalıyeva

Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək

Strasburqda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək.

 



Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, fevralın 25-də Fransanın Strasburq şəhərinin Kleber meydanında Strasburq "Azərbaycan Evi" və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində mitinq keçiriləcək.

 Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Alıncanın verdiyi məlumata görə, mitinqin keçirilməsi üçün Strasburq şəhər prefekturasının və polis idarəsinin razılığı alınıb.

 Saat 14:00-dan 16:00-dək davam edəcək mitinq zamanı Kleber meydanında fransız, ingilis dillərində kitablar və Xocalı soyqırımına həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq, havaya Xocalı şəhidlərinin xatirəsinə 613 şar uçurulacaq.

 Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.



E.Mehdiyev

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Odessada etiraz yürüşü keçirilib

Xocalı soyqırımının 20-ci ildönümü Ukraynanın Odessa şəhərində gənclərin etiraz yürüşü ilə yad edilib.

 Ukrayna Azərbaycanlı Gənclər Birliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkil etdiyi etiraz yürüşünə Ukrayna, moldovan, yəhudi, türk və tatar gəncləri də qatılıb.

"Ermənilər Xocalıda törətdikləri vəhşiliklərə görə tarix qarşısında cavab verməlidir!" şüarı ilə Odessa şəhərinin mərkəzi küçə və meydanlarında etiraz yürüşü keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları, türk, tatar, yəhudi, Ukrayna və digər xalqların gənclər təşkilatlarının üzvləri yerli əhaliyə ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri fotoinformasiya bukletlərini paylamaqla çatdırıblar.

 Havanın şaxtalı olmasına baxmayaraq, yerə sərilərək Xocalı qurbanlarının sayını özündə əks etdirən 613 rəqəmini nümayiş etdirən gənclər Odessa şəhərinin mərkəzi meydanından havaya üzərində "Xocalıya Ədalət" sözləri yazılmış 613 qara şar buraxmaqla indiyədək erməni vəhşiliyinə göz yuman dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.

 Sonra Odessa vilayətində yaşayan bir sıra xalqların diaspor nümayəndələrinin, yerli və xarici tələbələrin iştirakı ilə Xocalı qurbanlarının anım mərasimi keçirilib. Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 Mərasimə qatılanlar Xocalı qətliamını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar.

 Filmə baxdıqdan sonra "Xocalı soyqırımında birbaşa əli olan rəsmi Yerevan və onun hazırkı rəhbərliyi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir" bəyanatı ilə çıxış edən Türkiyənin Odessa şəhərindəki baş konsulu Hüseyn Ərqani, Ümumukrayna Gənclər Təşkilatının sədri Anton Daritçenko, Moldova Gənclər Təşkilatının sədri Andrey Tetyu və digər çıxış edənlər aradan 20 il ötməsinə baxmayaraq, dünya birliyinin belə bir faciəyə hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi qiymətləndiriblər.

 Tədbirin sonunda ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırıma hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.



E.Mehdiyev

İndoneziyada Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb




İndoneziyada fəaliyyət göstərən Pribadi türk məktəbində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

  Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə müxtəlif təhsil ocaqlarından professor-müəllim heyəti, çoxsaylı tələbələr, KİV nümayəndələri iştirak ediblər.

  Tədbir Xocalı soyqırımına dair fotoşəkillər, Dağlıq Qarabağ münaqişəsini, münaqişə zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətləri ifşa edən kitab və nəşrlərin sərgisinə baxış və toplantı iştirakçılarına soyqırıma həsr olunmuş "The Khojaly Genocide" filminin nümayişi ilə başlayıb.

 Toplantının əvvəlində iştirakçılar Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

  Tədbirdə çıxış edən səfir Tamerlan Qarayev, Pribadi məktəbinin direktoru Sudarman S. Sos, İndoneziyanın "YENBU" Fondunun nümayəndəsi Paşa İvgen və "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyanın İndoneziya üzrə koordinatoru İmas Fuciati 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş Xocalı soyqırımı barədə məlumat veriblər. Onlar tədbir iştirakçılarını "Xocalıya Ədalət" Kampaniyasının www.justiceforkhojaly.org internet saytında yerləşdirilmiş dünya liderlərinə törədilmiş soyqırımı insanlığa qarşı cinayət kimi tanımaları ilə bağlı müraciətə qoşulmağa dəvət ediblər.

  Tədbirin sonunda Müraciətin imzalanma mərasimi keçirilib, Səfirliyin nəşr etdirdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə kitablar, tədbirlə əlaqədar hazırlanmış digər məlumatlar iştirakçılar arasında yayılıb.



K. Zərbalıyeva