25.01.2017 / 11:23
İngilis jurnalisti və Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal-ın "Karneqi Avropa" saytında dərc olunmuş son məqaləsi “2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi” adlanır.
Məqalədə deyilir ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekpsertlər belə bir sual verirlər : “Müharibə olacaqmı?” Bu il onlar xüsusilə bədbindirlər. 2016-cı il bu mənada pis il olub. 2017 daha pis il ola bilər.
Ötən aprelin dörd günü ərzində, 1994-cü ildən bəri mübahisəli Dağlıq Qarabağda baş vermiş ən qanlı toqquşmalarda ümilikdə, 200 azərbaycanlı və erməni həlak olub.
De Vaalın fikrincə, bu toqquşmaların ardınca yay aylarında azərbaycanlılar 1994-cü ildən bəri qüvvədə olan atəşkəsi saxlamağa, ermənilər isə daha geniş danışıqlar prosesinə razılaşıblar. Amma bundan sonra hər şey öz məcrasına qayıdıb. Qarşılıqlı ittihamlar, Azərbaycanın səbirsizliyi, Ermənistanın inadkarlığı yenidən bərqərar olub.
Əlbəttə ABŞ-ın təməlini qoyanlardan biri sayılan Bencamin Franklin deyib ki, “yaxşı müharibədənsə, pis sülh daha yaxşıdır”, amma De Waal-ın fikrincə, Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olunmasına gətirib çıxara bilər.
Məqalədə deyilir ki, tərəflər bütün hallarda müharibə yolunu seçə bilərlər. 1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir.
Müəllif yazır ki, 1994-cü ildə 250 kilometrlik təmas xətti tələsik qazılmış səngərlərdən ibarət idi. Bu səngərlərə sığınan əsgərlər arabir güllə atar, bəzən isə hətta bir-birlərindən siqaret istəyərdilər. Amma indi bura Avropanın ən çox hərbiləşdirilmiş ərazisidir. İndi tərəflərin artilleriyası, uzaqvuran raketləri, döyüş helikopterləri, hərbi dronları var. Azərbaycan yeni silahların alınması üçün neft pullarından milyardlarla dollar xərcləyib, elə ermənilər də Rusiyadan güzəştli qiymətlərə aldıqları silahlar hesabına əhəmiyyətli müdafiə qurublar.
De Waal yazır ki, Azərbaycan 2016-cı ilin aprelində iki kiçik ərazi parçasını geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub. Azərbaycan iki onillikdir ki, davam edən alçaldılmaya son qoyub, burada vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb. Bu, müəyyən mənada Azərbaycan əhalisinin diqqətini tənəzzül edən iqtisadiyyatdan və ucuzlaşan milli valyutadan yayındıra bilib.
Ekspertin qənaətinə görə hazırda tərəflər öz hərbi qüdrətlərini həddindən artıq yüksək qiymətləndirirlər. Üstəlik hər iki tərəf indi daha ölümcül silahlara malikdir. Ermənilər Rusiyadan aldıqları İsgandər raketlərini 2016-cı ildə keçirdikləri hərbi paradda nümayiş etdiriblər. Bu raketlər 280 kilometrədək məsafəni vurur və əslində Azərbaycanın yaşayış məntəqələrini, neft və qaz infrastrukturunu hədəfləyə bilər.
Bu ermənilərin əl ata biləcəkləri sonuncu vasitədir, lakin əgər Azərbaycan tərəfindən genişmiqyaslı hücum başlanarsa, onlar bunu edə bilərlər. Ermənistanın 2015-ci ildə qəbul edilmiş hərbi doktrinasına görə də Yerevan Azərbaycanı çəkindirmək üçün önləyici zərbə endirə bilər. Azərbaycanın ixtiyarında isə Iron Dome raketdən müdafiə sistemləri də daxil İsraildən aldığı ağır silahlar var.
De Vaal yazır ki, hərbi vəziyyət təhlükəlidir, amma siyasi vəziyyət də daha az təhlükəli deyil. Azərbaycanda neft gəlhagəlinin başa çatması ilə iqtisadi tənəzzül başlanıb.
Ermənistanda prezident Serj Sarqsyan-ı apreldə çətin parlament seçkiləri gözləyir. Səsvermə başa çatdıqdan sonra orada bütün səlahiyyətlər prezidentdən parlamentə keçmiş olacaq.
Təhlilçilər bunu son prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sarqsyan-ın hakimiyyəti əldə saxlamaq üçün sonuncu döyüşü kimi qiymətləndirirlər.
Digər tərəfdən ABŞ-da prezidentliyə Donald Tramp-ın gəlməsi, Avropa İttifaqındakı böhran Cənubi Qafqazda hiss olunur və tərəfləri məsuliyyətsiz addımlara sövq edə bilər.
De Vaal-ın fikrincə, 2016-cı ilin aprelində münaqişəyə Moskva müdaxilə edərək hər iki tərəfdən şifahi vəd alıb, lakin Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır. Əslində 1988-ci ildən bəri Moskva vəziyyətə heç cür nəzarət edə bilməyib və bunun əvəzində gah bir, gah digər tərəfi dəstəkləyib. Hazırda isə Rusiyaya heç bir tərəfdə inam yoxdur.
“Qısası Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün qabaqlayıcı diplomatiyaya ehtiyac var” – yazır Tomas de Vaal.
MODERN.AZ
24.01.2017 / 09:00
İrəvan müharibəni seçir, danışıqlar sıfırlanır – səbəb ;
Ölkə başçısından işğalçı və havadarlarını sərt ismarış: “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, kimsə bunu gözləyirsə, əbəs yerə gözləyir” ;
Rusiya baş diplomatının Qarabağ yorumundan ruhlanan erməni prezident isə təxribatçı mövqeyini gücləndirib ;
Erməni nəşri: “Hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir...”
Ermənistan prezidenti Serj Sərkisyan, gözlənildiyi kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun son Qarabağ açıqlamasından əməllicə ruhlanıb. Belə ki, yanvarın 20-də 4 günlük aprel savaşında iştirak edən və tərxis olunan hərbçilərlə görüşdə o daha ürəklə maksimalist və təxribatçı mövqedən çıxış edib, növbəti dəfə danışıqlar prosesini sıfırlayan, böyük müharibəni yaxınlaşdıran və BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qətnamələrini qulaqardı edən fikirlər söyləyib.
Məsələn, Xocalı canisi ərz edib: “Heç kim Dağlıq Qarabağın taleyini həll eləmək hüququna malik deyil”. Bildirib ki, “Dağlıq Qarabağ erməniləri öz talelərini yalnız özləri müəyyən edə bilərlər”. Başqa sözlə desək, guya Azərbaycanın Dağlıq Qarabağ üzərində heç bir haqqı, suveren hüququ qalmayıb, region artıq Azərbaycanın tərkib hissəsi kimi qəbul edilmir dünyada. Halbuki, Azərbaycan bu haqqı, ərazilərini nə vaxtsa silah gücünə azad eləmək hüququnu indi də özündə saxlayır və kimsəyə verməyib. Belə bir hüquqi sənəd, anlaşma mövcud deyil. Bunu Sərkisyan da, onun rusiyalı havadarı, ilana zəhər verən kərtənkələ - Kələntərov-Lavrov da yaxşı bilir.
Ancaq “Qarabağ məsələsi təkcə Azərbaycanın daxili mövzusu deyil” deyən Lavrovdan Sərkisyan necə ilham almasın ki? Odur ki, bir az da qabağa gedərək bəyan edib: “Status dəqiqləşməyincə, ərazi qaytarılmasından söhbət gedə bilməz”.
Oxşar fikir ki, məlum mətbuat konfransında faktiki şəkildə S.Lavrov tərəfindən də dilə gətirilmişdi. Rusiya XİN rəhbəri, üstəlik, BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin mahiyyətini erməni maraqlarına uyğun təhrif və təqdim etməyə çalışmışdı. Bu yerdə indi politoloq Eldar Namazovun qəzetimizə verdiyi müsahibdə bir fikirlə necə razılaşmayasan ki, “Lavrov gercəkdən, erməni lobbisinin tərkib hissəsidir”.
Politoloq Elxan Şahinoğluya görə, Sərkisyanın həmin görüşdəki çıxışının və verdiyi cavabların əsas leytmotivi budur: 1. Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz; 2. Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəlxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir; 3. Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir; 4. İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var.
Onun sözlərinə görə, Sərkisyanın bu tezisləri danışıqlar prosesinin İrəvanı qane etdiyini təsdiqləyir. “Buna görə də onlar status-kvonu mümkün qədər uzatmağa çalışacaqlar. Müharibənin əleyhinə olan beynəlxalq mühit də rəsmi İrəvanın maraqlarına xidmət edir. Sərkisyan ölkəsinin və özünün vassal olduğunu göstərməmək üçün görüşdə bir dəfə də Rusiyanın adını çəkməyib. Ancaq onun sadaladığı bütün tezislərin arxasında Kremlin dəstəyi və Sergey Lavrovun mətbuat konfransında vurğuladığı məqamlar dayanır”, - deyə politoloq vurğulayıb.
*****
Lakin Serj Sərkisyanın Qarabağ məsələsində yenə “yuxarıdan” getməsi onun öz ölkəsindəki daxili ictimai-siyasi durum, Ermənistanın günü gündən ağırlaşan iqtisadi vəziyyəti, əhalinin hakim rejimə qarşı güclənən nifrəti ilə tərs mütənasibdir. Bunu “Qraparak” nəşrindəki məqalə bir daha təsdiq edir (publika.az).
Məqalə müəllifi öncə aprel döyüşlərində iştirak eləmiş erməni hərbçilərinə Sərkisyan iqtidarının rüsvayçı münasibətindən söz açıb. Sərkisyan rejiminin erməni xalqının başına açdığı oyunlara toxunan Tavoş Arsakyan yazıb : “Apreldə ölən əsgərlər qəhrəmanlaşdırıldı, İrəvan meriyası onların ailələrinə mənzillərin veriləcəyini canfəşanlıqla bildirdi. Lakin zaman keçdikcə hər şeyin, sadəcə, sözdən ibarət olduğu ortaya çıxdı”.
“Qraparak” qəzetinin məlumatına görə, Ermənistan ordusundan tərxis olunan əsgərlərin hərbi biletlərində aprel döyüşləriində iştirak etdikləri haqda heç nə qeyd edilməyib : “Tərxis olunan əsgərlərdən biri Madagizdəki döyüşdə iştirak edib. Lakin onun hərbi biletində harada xidmət keçməsi haqda bölmə rənglənərək, görünməz hala salınıb. İndi o əsgər heç kəsə sübut edə bilməyəcək ki, döyüşlərdə iştirak edib”, - nəşr qeyd edib.
Məlumata görə, tərxis olunmuş bir neçə əsgər bu məsələyə görə qəzetin redaksiyasına müraciət edib. Qəzet daha sonra yazıb ki, hakimiyyətin məqsədi döyüşlərdə iştirak etmiş əsgərlərin gələcəkdə güzəştlərdən istifadə edə bilməsinin qarşısını almaqdır: “Misal üçün, döyüşlərdə iştirakçı olmuş əsgərlərə təhsil haqqının 20 faizi güzəşt edilir. Hakimiyyət bu kiçik imkanları da onların əlindən alır”. T.Arşakyan sonda yazır ki, Sərkisyan rejimi artıq uçuruma yuvarlanır. “Hakimiyyətin əsgərlərə kompensasiya verməməsi, onların güzəşt imkanlarını kəsməsi sual yaradır: yəni ölkə bu qədərmi kasıblayıb? Lakin cavab fərqlidir: hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir”, - deyə o qeyd edib.
Ermənilərin özlərinin də etiraf elədiyi kimi, işğalçı ölkə belə bir miskin kökdədir və getdikcə sosial-iqtisadi durumu daha da ağırlaşmaqdadır. Bu arada Azərbaycan prezidenti İlham Əliyev həm S.Lavrovun məlum bəyanatına, həm də “rusun iti” Sərkisyanın yuxarıdakı özündənrazı fikirlərinə tutarlı cavab sayıla biləcək mühüm açıqlamalar verib.
Belə ki, dünən Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışına qatılan prezident öncə aprel döyüşlərinin Azərbaycan Ordusunun böyük qələbəsi olduğunu deyib. “Həmin döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı”, - ölkə başçısı vurğulayıb.
“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir” - İlham Əliyev işğalçıya və onun havadarlarına bir daha aydın mesaj göndərib.
Prezidenti qeyd edib ki, Azərbaycan Ordusunda ruh yüksəkliyi var, vətənpərvərlik hissi yüksək səviyyədədir: “Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik. Bu gün dünya da bilir ki, döyüş qabiliyyəti, hərbi-texniki təminat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik. Güclü iqtisadiyyatımız olmasaydı, bu işləri görə bilməzdik. Bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.
Prezidentin ordumuz və onun döyüş qabiliyyəti barədə yüksək səviyyəli fikir və mesajları da heç şübhəsiz ki, S.Lavrovun “Qarabağ mövzusu Azərbaycanın daxili məsələsi deyil” sözlərinə başqa rakursdan cavabdır. Yəni Azərbaycan öz silahlı qüvvələrini yalnız təlimlər keçirmək üçün gücləndirmir və zəruri məqamda ordumuz öz sözünü mütləq deyəcək.
Siyasət şöbəsi,
"YENİ MUSAVAT"
21 Yanvar 2016 / 18:50
“Amerikanın siyasi tarixində bəlkə də ilk dəfədir ki, prezident seçilən şəxs hələ andiçməyə macal tapmamış ona qarşı mümkün impiçment müzakirə olunur, yüz minlərlə amerikalı Vaşinqtonda etiraz yürüşü keçirir, Hollivud ulduzlarının mütləq əksəriyyyəti Ağ Evin yeni sahibinə qarşı açıqlamalar səsləndirirlər. ABŞ-ın 45-ci prezidenti Donald Trampın yanvarın 20-dəki andiçmə mərasimi məhz bu cür şəraitdə keçdi”.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Yazıda qeyd olunur ki, Barak Obamanın 2008-ci ildəki andiçmə mərasimi daha rahat şəraitdə keçmişdi: “Trampdan fərqli olaraq Obama ilk gündəcə, yəni işə başlamamış hər tərəfdən “bu prezident ölkənin problemlərini artıracaq” çağırışları ilə üzləşməmişdi. Tramp üzləşdiyi çağırışların yanlış olduğunu sübut etmək üçün biznesmendən problemlərin həlli ilə məşğul olan real siyasətçiyə çevrilməlidir. Amerikalılar qaradərili Barak Obamanın səhvlərini bağışladı, Trampa isə eyni səhvləri bağışlamayacaqlar. Trampın hər imzaladığı sənəd, hər açıqlaması daha diqqətlə izləniləcək.
Trampın andiçmə mərasimindəki çıxışı Obamanın 8 il öncəki çıxışından köklü surətdə fərqlənirdi. Obamanın 2008-ci il yanvarın 20-də andiçmə mərasimindəki çıxışında daxildə və xaricdə bütün qruplara xüsusi mesajlar var idi, hər cümləsi xüsusi çəkiyə malik idi. Obama ekologiyanın problemləri, iqlimin dəyişməsi, miqrantların problemlərinin həlli, Asiya və Yaxın Şərqdən tutmuş Afrikaya qədər hər yerdə demokratiyaya dəstək verəcəyini, amerikan idealını dünyanın hər yerində yayacağına dair dərin və məzmunlu nitq söyləmişdi.
Donald Tramp bunların heç birini demədi, cəmi 16 dəqiqəlik qısa nitqində sadə mövzulara toxundu, iş yerləri, fabrik, zavod, körpülər açacağını, sərhədi gücləndirəcəyini və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayacağını dedi.
Yəni seçkiqabağı vədlərində nə demişdisə andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı. Bu o deməkdir ki, Meksika ilə divar və Çinlə qeyri-bərabər ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını qoruyur. “Birinci növbədə Amerika və amerikalılar!” – çıxışın əsas leytmotivi bu idi.
Donald Tramp “Vaşinqtondakı siyasətçilər varlandı, xalq əziyyət çəkdi, kasıblaşdı” deməklə özünü siyasətçilərdən ayıraraq xalqın nümayəndəsi kimi təqdim etdi. Vaşinqondakı siyasətçilərin xalqın maraqları ilə hesablaşmadığını və özünün prezident seçilməsi ilə hakimiyyətin xalqa qaytarıldığını iddia etdi. Sadəcə, böyük böyük şirkətləri və milyardları olan Trampı kasıb və orta təbəqənin nümayəndəsi adlandırmaq çətindir.
Trampın çıxışından o da anlaşıldı ki, onun prezidentlik dövründə Amerika “dünyanın jandarmı” olmayacaq. Obama və ondan əvvəlki prezidentlər “demokratiyanı yayacağıq” deyirdilər, Trampın isə belə bir planı yoxdur. Tramp haqlı olaraq misal kimi Amerikanın İraq, Əfqanıstan və Liviyadadakı uğursuzluqlarını göstərir. Amerikanın bu ölkələrdə qayda yaratmaq təşəbbüsləri bu ölkələri və ətraf bölgələri təhlükəsiz etmədi, tam əksinə, diktatorların və avtoritar rejimləri terrorçular və xaos əvəzlədi”.
“Atlas” bildirir ki, D.Tramp nitqində Avropa İttifaqı, NATO və Rusiyanın adını çəkmədi, sadəcə onu dedi ki, Amerika ilə dostluq etmək istəyənlərlə əməkdaşlıq edəcək: “Ancaq “hər şey Amerika üçün” prizması ilə yanaşan prezidentlə əməkdaşlıq etmək çətin olacaq. Təsadüfi deyil ki, Trampın nitqini müttəfiqləri də narahatlıqla qarşılayıblar.
Tramp müsahibələrində Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını dəstəkləyib, Almaniyanı çoxlu miqrant qəbul etdiyinə görə tənqid edib, NATO-nu isə onunla təhdid edib ki, Amerika daha başqalarının yerinə üzvlük haqqı ödəməyəcək.
Bu tip açıqlamalar İkinci Dünya Müharibəsindən sonra Amerikanın liderliyi ilə formalaşan Avroatlantik ittifaqın gələcəyini sual altında qoyur. Amerika illər uzunu Avropanın təhlükəsizliyinə cavabdeh olub. İndi isə Trampın sözlərindən belə çıxır ki, bu təhlükəsizliyin davamına görə Avropa pul ödəməlidir, amerikalılar bundan sonra başqalarının, hətta strateji müttəfiqlərinin xərcini ödəməyəcəklər. Məsələn, Barak Obama administrasiyası Baltik ölkələrini və Polşanı Rusiyanın mümkün təhdidlərindən qorumaq üçün bir müddət öncə bu ölkələrə azsaylı hərbi kontingentini göndərib. Yəni faktiki bu ölkələrdə Amerikanın hərbi bazaları qurulub. Aydındır ki, bu hərbi bazaların saxlanmasına görə pulu Amerika ödəyir. Trampın sözlərindən isə anlaşılan budur ki, bu bazaların maliyyələşməsində həmin dövlətlər də iştirak etməlidir”.
Yazıda bildirilir ki, D.Trampın çıxışı keçmişdə Amerikada izolyanist siyasətçilərin çıxışlarına bənzəyir: “İkinci Dünya Müharibəsinə qədər belələri həm Respublikaçılar, həm də Demokratlar partiyasında kifayət qədər idi. Onlar deyirdilər ki, dünyanın problemlərinin Amerikaya nə dəxli var, müharibələri kim başlayırsa, onlar da davam etdirsinlər. Amerika ilk vaxtlarda İkinci Dünya Müharibəsində məhz buna görə qatılmaq istəmirdi. Ancaq nasist Almaniyasının müttəfiqi Yaponiya 1941-ci ildə Amerikanın Havay adalarındakı hərbi bazasını bombaladıqdan sonra Vaşinqtonda anladılar ki, Amerika problemdən uzaq dayanmağa çalışsa da, problem özü Amerikanı tapacaq və həmin gündən bu yana siyasət dəyişdi. Trampın bu ənənəyə son qoyması problematikdir. Tramp ancaq amerikalıları düşünəcəyini vəd etsə də, onun administrasiyasındakı peşəkarlar və oturuşmuş siyasi sistem Amerikanı dünyanın müxtəlif bölgələrində də fəal olmağa diqtə edəcək. O başqa məsələdir ki, Tramp hər yerə qaçmayacaq, Obama administrasiyası kimi Ukraynanın problemlərinə diqqət ayırmayacaq, öz maraqları daxilində rusiyalı həmkarı ilə yaxınlaşmağa çalışacaq.
Donald Trampın nitqindən ümumi şəkildə həm də o anlaşılır ki, yeni administrasiya Amerika üçün uzaq Cənubi Qafqazla da ciddi məşğul olmayacaq. Amerikanın yeni seçilən prezidentləri vədlərini yerinə yetirməsələr də, heç olmazsa andiçmə mərasimlərində başqa ölkələrə demokratiya gətirmək istədiklərini, müxtəlif problemlərinin həllində köməkçi olacaqlarını deyirdilər. Tramp bunları da demədi. Demək, Cənubi Qafqazın problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli əvvəlkitək Vaşinqton üçün prioritetlər siyahısında deyil. Bu cür yanaşma isə Rusiyanın maraqlarına cavab verəcək”.
Səxavət,
TELEQRAF.COM
“Röyalarımızı geri gətirəcəyik, radikal islamı dünya üzərindən yox edəcəyik”
Amerikanın yeni prezidenti Donald Tramp Vaşinqtonda möhtəşəm bir mərasimlə and içib, ABŞ-ın 45-ci prezidenti oldu. Musavat.com canlı yayın həyata keçirən dünya KİV-lərinə istinadən xəbər verir ki, Trampdan əvvəl onun köməkçisi Pence and içib.
Trampın andiçmə mərasimindəki nitqi isə öz radikallığı və yeni mesajların bolluğu ilə seçilib. Hazırda dünyanın hər yerində bütün tv və başqa kateqoriyadan olan KİV –lər bu çıxışı müzakirə edirlər. Əsasən diqqət ona yönəldilir ki, D. Trampın xitabı Amerikanın daxilinə oldu, hər şey Amerika və amerikalılar üçün mesajını verdi. Dünyanın supergücünün başına gələn bir isimin ancaq ABŞ üçün mesajlar verməsi bir çoxları üçün gözlənilməz olub.
Beləliklə, Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladığı ilk dəqiqələrdəcə dünyanı silkələyə bilib.
“Yüksək Məhkəmə hakimiyyəti, hörmətli prezident Buş, Obama, Klinton və hər kəsə çox təşəkkürlər. Biz Amerikanın vətəndaşları olaraq böyük bir beynəlxalq cəhd içərisinə girmişik. Ölkəmizi təkrar təsis etmək istəyirik. Hər kəs tərəfindən də çox yaxşı cəhdlərin edildiyini görürük. Amerika və dünya bu əziyyətin nəticələrini görəcək. Qarşımıza əziyyətlər çıxacaq. Bir çox çətinliklə qarşılaşacağıq, amma məqsədimizə nail olacağıq. Bu pillələri qalxarkən illərdir bu şəkildə toparlanırıq. Hörmətli prezident Barak Obama və Mişel Obamaya qatqılarına görə təşəkkür edirəm. Möhtəşəm idilər”.
"ONLARIN UĞURLARI SİZİN UĞURUNUZ OLMADI "
“Vaşinqton DC-dəki iqtidarı alırıq və sizlərə, xalqa veririk. Vaşinqton inkişaf etdi. Amma təəssüf ki, bu varlığı insanlar ala bilmədi. Çoxlu sayda fabriklər bağlandı, işlərini itirən insanlar oldu. Amma Vaşinqton hər zaman özünü qorudu, xalqını qorumadı. Buradakı zəfərlər sizin zəfərlər olmadı, onların əldə etdikləri uğurlar sizin uğurlarınız olmadı. Qutlanacaq şeylər xalq üçün qutlanacaq şeylər deyildi. Dəyişiklik indi başlayır, çünki bu an sizin anınız. Bu an sizə aiddir”.
"Hər kəs indi sizi dinləyir. Bu ana qədər belə bir şey görülmədi. Təhsil sistemi pul içində boğulsa da, gənclərimizi və uşaqlarımızı təhsildən məhrum edəcək şəkildə təsis edilib. Cinayətkar qruplar, kriminal təşkilatlar bir çox insanın həyatını məhv etdi. Bütün bu hekayə burada sona çatır. Biz bir millətik, tək millətik. Hər birimizin ağrısı, acısı bizim ağrımızdır. Onların xəyalları bizim xəyallarımızdır. Bizim uğurlarımız ancaq onların uğurları olarsa, vacibdir”.
"BUNDAN SONRA GƏLƏCƏYƏ BAXACAĞIQ "
"Bütün amerikalılara andım bu olacaq. Onlarca ildir ki, Amerikanın sənayesini çətinliyə salaraq, beynəlxalq ticarətə yönləndirdik. Və bizim hərbi gücünüzü, ordumuzu zəiflədəcək hərəkətlərə girişdik. Elə bir nöqtəyə gəldik ki, trilyonlarla dollar xaricdə xərcləmiş olduq. Bunlar baş verdiyi zamansa Amerikanın potensialı, alt quruluşu təmir edilməsi mümkünsüz bir pozuqluğa doğru irəliləməyə başladı. Digər ölkələri varandırarkən bizim ölkəmizdəki rifah demək olar ki, itməyə başladı. İnvestorlar torpaqlarımızdan uzaqlaşmağa başladı. Və milyonlarla amerikalı işçini yarı yolda qoydular. Orta sinfin rifahı dünyadakı fərqli yerlərə səpələnib. İndi və bundan sonra ancaq gələcəyə baxacağıq”.
2 BƏSİT QAYDANI TƏQİB EDƏCƏYİK
"Sizi əsla yarı yolda qoymayacağam. Körpülər, hava limanları, tunelləri bu şahanə cəmiyyətin xidmətinə təqdim edəcəyik. İnsanları işsizlik maaşından çıxarıb, təkrar işlə təmin edəcəyik və amerikan iş-gücünü mərkəzə gətirəcəyik. 2 bəsit qaydanı tətbiq edəcəyik: hər şey amerikanlar tərəfindən ediləcək və amerikanlar işə götürüləcək. Bütün dünyadakı cəmiyyətlərlə dostanə münasibətlər quracağıq. Təbii ki, hər cəmiyyət və ölkə öz öncəlikləri, prioritetləri daxilində irəliləməyi tərcih edir. Biz də ABŞ olaraq öz öncəliklərimizlə parlayacağıq. Radikal islamçı terroristlərə qarşı mübarizə aparacağıq və bu dünyanın üzərindən onları tamamilə siləcəyik”.
"HƏR ZAMAN BİRLİK İÇƏRİSİNDƏ OLACAĞIQ"
"İncil bizə deyir ki, Allah insanların birlik içərisində yaşamasının şahanə bir şey olduğunu deyir. Dürüst bir şəkildə danışacağıq. Amma hər zaman birlik içində olacağıq. ABŞ birlik olarsa, dayandırıla bilməz. Heç bir qorxuya gərək yoxdur. Qorunuruq və hər zaman da qorunmağa davam edəcəyik. Hərbi qüvvələrimizdəki kişilər və qadınlar tərəfindən qorunuruq. Ən vacibi isə Allah tərəfindən qorunuruq, qorunmağa davam edəcəyik”.
"Bir cəmiyyət, xalq olaraq ancaq çalışmağa, mübarizəyə davam etdiyimiz halda ayaqda qalacağıq. Haqqında hər zaman danışılan, amma heç hərəkətə keçirilməyən siyasətdən uzaq dayanacağıq. Artıq boş-boş danışmağın zamanı keçdi, hərəkətə keçmə zamanıdır. Biz qara da olsaq, qəhvəyi də olsaq, bu milləti sevən qan hamımızda var. O qanı paylaşırıq. Millətçi qanımız ortaq. Eyni zəfəri arzulayan yuxularımız var. Ürəyimiz eyni bayrağın altında döyünür"
Tramp eyni zamanda keçid dönəmində “zərif” dəstəklərinə görə Barak Obama və onun həyat yoldaşı Mişel Obamaya da təşəkkür edib.
Sevinc,
"YENİ MÜSAVAT"
20 Yanvar 2017 / 11:00
Vladimir Çernavin
1990-cı il 20 yanvar hadisələrini Rusiya mətbuatında - “İzvestiya” və “Krasnaya zvezda” kimi qəzetlərdə, “Oqonyok” jurnalında işıqlandıran, donanma admiralı Vladimir Çernavinlə qalmaqallı müsahibəyə imza atan, bütün SSRİ-də səs-küyə səbəb olan məqalələrlə çıxış edən azərbaycanlı jurnalist Vasif Səmədovun Publika.Az-a müsahibəsi.
- O vaxt informasiya blokadasının başladığı ərəfədə siz rus mətbuatında bu hadisələrə işıqlandırmağa nail oldunuz, səs-küylü “Müdaxilə” silsiləsini yaza bildiniz. Buna necə nail oldunuz?
- 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda “Kommunist” qəzetində işləyirdim, müxbir idim. Hadisələr gərginləşdiyi günlərdə və aylarda mən də bir jurnalist kimi tez-tez “Azadlıq” meydanında, ayrı-ayrı müəssisələrdə olur, Sov.İKP-nin rəhbəri Mixail Qorbaçovun apardığı riyakar və ermənipərəst siyasətə, daşnakları, erməniləri açıq-gizli himayə edən qüvvələrin Qarabağda törətdikləri vəhşiliklərə qarşı günbəgün geniş miqyas alan etiraz mitinqlərini, tətilləri imkan daxilində işıqlandırmağa çalışırdım. Ayrı-ayrı respublikaların jurnalist təşkilatlarına teleqramlar vurdum, haray saldım, onları bizimlə həmrəy olmağa çağırdım. İstəyirdim həmkarlarımız səsimizə səs versin, başımıza gələn müsibətlər barədə dünya xəbər tutsun. Bizim üçün rusdilli mərkəzi mətbuatda həqiqəti demək çox çətin idi. Baş alıb gedən ədalətsizliklər hamı kimi məni də yaman sarsıtmışdı. Uzun müddət çox acı hisslər yaşadım. 1991-ci ildə iş elə gətirdi ki, “Kommunist” qəzetindən “İzvestiya”ya keçdim.
- Həmin dövrdən başlayaraq “İzvestiya”da 20 Yanvar həqiqətləri çap olundu?
- Yanvar faciəsi baş verən kimi Bakıda, respublikamızın bir sıra bölgələrində komendant saatı qoyulmuşdu. Bununla yanaşı, mətbuatda hərbi senzura tətbiq olunmuşdu. O zaman hadisələr yalnız hərbi senzuranın ciddi nəzarəti altında işıqlandırılırdı. Hərdən, çox nadir hallarda cəsarətli jurnalistlərimizin həyatı bahasına, böyük risk hesabına həqiqəti, günün reallıqlarını əks etdirən materiallar çap etdirmək mümkün olurdu.
Faciənin ilk günlərində xalq, əsasən, hadisələrin şahidi olan ayrı-ayrı adamlar vasitəsilə həqiqəti öyrənirdi. Mən də bir jurnalist kimi, insan kimi fikirləşirdim ki, nəyin bahasına olursa-olsun, bu müsibətləri dünyaya çatdırmaq lazımdır. Gecə-gündüz düşünür, baş sındırır, yollar axtarırdım.
Yeri gəlmişkən deyim ki, o vaxt Lənkəranda da ordu hissəsi ilə əhali arasında toqquşma olmuşdu. SSRİ müdafiə nazirinin müavini, Sovet İttifaqı Qəhrəmanı, donanma admiralı Vladimir Nikolayeviç Çernavin Lənkərandan SSRİ Ali Sovetinə deputat seçildiyi üçün onunla görüşmək istəyirdim. Məqsədim Dağlıq Qarabağ hadisələri, 20 Yanvar faciəsi ilə bağlı bu yüksək çinli hərbiçi və mötəbər şəxsin mövqeyini öyrənmək, ondan müsahibə alıb, Moskva qəzetlərinin birində dərc etdirmək idi. Admiralla görüşüb söhbət etmək üçün əlimdə kifayət qədər materialım, faktlarım var idi.
Xeyli tərəddüddən sonra qəti qərara gəldim. İşdən icazə alıb, gedişimin məqsədini heç kimə bildirmədən Moskvaya uçdum. Bir həftəyə yaxın orada qaldım. Hər gün SSRİ Müdafiə Nazirliyinə gedir, səhər saat ondan axşam saat səkkizə qədər, bəzən də daha gec qəbul otağında gözləyirdim ki, deputatımız Vladimir Nikolayeviçlə görüşüm. Lakin buna nail ola bilmirdim. Oradakı zabitlər Azərbaycandan gəldiyimi bildikləri üçün hər dəfə bir bəhanə gətirirdilər: “Çernavinin vaxtı yoxdur, işi çoxdur”. Bir dəfə onlarla lap əlbəyaxa oldum, əsəbi halda bildirdim ki, deputatımızla mütləq görüşməliyəm, əks halda buradan getməyəcəyəm! Növbətçi polkovnik məni kabinetinə çağırdı. Ona dedim ki, mən Bakıdan gəlmişəm, Çernavinin seçicisiyəm, həmin bölgənin seçicilərinin nümayəndəsi kimi gəlmişəm, onunla mütləq görüşməliyəm. Polkovnik nazir müavininin köməkçisinə zəng etdi. Nə cavab aldığını bilmədim. Mənə dedi ki, bayıra çıx, yarım saat gözlə. Heç on dəqiqə keçməmişdi ki, məni yenidən kabinetinə dəvət etdi. Adıma buraxılış vərəqəsi yazdılar. Sonra məni bir miçmanla qəbul otağına qaldırdılar.
Polkovnik içəri keçib, məlumat verdi. Çernavin məni öz seçicisi kimi qəbul etdi, çay, peçenye gətizdirdi. Görüşümüz zamanı seçici kimi deyil, “Kommunist” qəzetinin müxbiri kimi ondan müsahibə almaq istədiyimi söylədim. Sözün doğrusu, pis qarşılamadı.
- Nə üçün məhz Çernavinlə görüşmək istəyirdiniz?
- Bu səbəbsiz deyildi. Çernavinin Lənkəranda baş verə biləcək faciələrin qarşısının alınmasında təşəbbüs göstərdiyi barədə ətraflı məlumatım var idi. Gəlişimin əsas məqsədi hadisələrə onun münasibətini öyrənmək idi. Donanma admiralı səmimi cavab verməyə çalışırdı, bəzən də “dövlət sirridir, filandır”– deyib sualdan yayınırdı. O, başqalarından fərqli olaraq mənə obyektiv, Azərbaycanın dərdlərinə, faciələrinə yanan bir insan təsiri bağışladı. Verdiyim sualları, əsasən, cavablandırdı. Beləcə, söhbətimiz xeyli çəkdi. Mehmanxanada yazını qaydaya saldım. Sonra zəng vurub, köməkçisindən xahiş elədim ki, imkanı varsa, məni yenidən qəbul etsin.
Fikrim bu idi ki, müsahibəni nazirliyin makina bürosunda yazdırım. Nəhayət, çətinliklə də olsa, onu çap etdirib özünün oxuması üçün razılıq aldım. Nazir müavini materialı diqqətlə oxudu, bəzi yerləri düzəltdi. İkinci dəfə çapa göndərmək istəyirdik ki, köməkçisi gəlib dedi ki, sizi filan general gözləyir. Çernavin “qoy gəlsin”, – dedi. Həmin adam milliyyətcə erməni idi. Qəribə bir vəziyyət yarandı...
Məlum oldu ki, makinaçı erməni qızıymış. O, həmin generala xəbər çatdırıb ki, Çernavin Azərbaycan jurnalistinə müsahibə verib. O da bir bəhanə ilə Çernavinin yanına gəlib. Hiss olunurdu ki, isti münasibətləri var. Xeyli müddət nə barədə isə üstüörtülü söhbət etdilər. Bu arada materialı gətirdilər.
Donanma admiralı materialı oxuduqca səhifələri üst-üstə qoyurdu. Erməni generalı müsahibə ilə tanış olmaq arzusunu bildirdi, Çernavin etiraz etmədi. O, hərdən başını yelləyir, nazir müavininə xeyirxahlıq etmək istəyirmiş kimi ən obyektiv, kəskin məqamları dəyişdirməyi ona tövsiyə edirdi: “Siz bu cür desəniz milli münasibətlərdə gərginlik yarana bilər, nə bilim filan olar”.
Çernavin isə onun dediklərinə məhəl qoymadan dedi: “Yoldaş general, jurnalist mənim fikrimi, mövqeyimi öyrənməyə gəlib, sizin yox. Xahiş edirəm qəbul otağında gözləyin. Sonra özüm sizi çağıraram”. Erməni generalı qapıdan çıxar-çıxmaz Çernavin başını yellədi: “Belə hallar çox olur, fikir verməyin”.
Materialı oxuyub sona çatanda Çernavin soruşdu: Mənə dair başqa bir qulluğunuz varmı?
Bildirdim ki, xahiş edirəm hər səhifəyə qol çəkib, nazirliyinizin möhürü ilə təsdiq edəsiniz. Belə olmasa, hərbi senzura Bakıda müsahibənin dərc olunmasına etiraz edəcək.
Bir az fikrə getdi. Sonra bütün səhifələrə imza atıb, köməkçisinə göstəriş verdi ki, imzanın yanına möhür vurdursun. İmzalı, möhürlü materialı alıb, təşəkkürümü bildirdim. O, sözarası hansı mehmanxanada, hansı otaqda qalmağımla, Bakıya nə vaxt qayıdacağımla maraqlandı. Köməkçisini çağırıb, məni maşınla mehmanxanaya yola salmaq barədə göstəriş verdi...
Mehmanxanada təhlükəsizliyim baxımından nələr baş verdiyini söyləmək istəməzdim. Bir neçə saat sonra məni hərbi komendaturaya gətirdilər, bilet aldılar. Təyyarə tərpənənə qədər oradan aralanmadılar. Bərk-bərk tapşırdılar ki, Bakıya çatan kimi Çernavinə zəng vurum. Çernavin öz vizit kartını mənə vermişdi. Çatan kimi ona zəng vurdum. “Çox şadam ki, sağ-salamat gedib çatmısan” dedi.
Vaxt itirmədən müsahibəni “Azərinform”un (AzərTAc) əməkdaşları Sevinc Abdullayeva və Vaqif Rüstəmovun köməyilə respublika qəzetləri üçün hazırladıq. Şübhəsiz ki, MK-nın icazəsi, hərbi komendantın razılığı olmadan müsahibəni dərc etdirmək mümkün deyildi. Azad Şərifov müsahibənin tərcüməsini orijinalla birgə MK-ya göndərdi. Təxminən iyirmi günədək material qaldı orada.
- Səbəb nə idi?
- Süründürməçilik, qorxaqlıq, nə bilim daha nə... Axır ki, materialı geri qaytardılar, xatalı iş saydılar. Yenidən uçdum Moskvaya.
- Çernavinin yanına?
- Bəli, Çernavinin yanına. Zəng elədim, birbaşa özü ilə danışdım. Ondan xahiş etdim tapşırsın ki, materialı “Krasnaya zvezda” dərc etsin. Səbəbini də belə izah etdim ki, hərbi senzura rusdilli oxucular üçün müsahibənin Azərbaycanda dərcinə razılıq vermir. Dedi ki, telefonda gözlə. Kiminləsə danışdı. Razılıq əldə olunmuşdu. Getdim “Krasnaya zvezda” qəzetinin baş redaktoru general Panovun yanına. O, məni çox səmimiyyətlə qarşıladı. Müsahibəni alıb oxumağa başladı. Baxdı, gördü ki, hər səhifədə Çernavinin imzası möhürlə təsdiqlənib. Deyəsən, bu onun yamanca xoşuna gəldi. Belə olanda əsas məsuliyyət Çernavinin üzərinə düşürdü. Xeyli söhbətdən sonra dedi ki, müsahibə yaxın günlərdə dərc ediləcəkdir.
Bilirsiniz, necə sevinirdim! Üç gün idi ki, Bakıya qayıtmışdım. Dedilər ki, “Krasnaya zvezda” qəzetində müsahibən dərc olunub. Sən demə, müsahibə çıxan kimi Moskvada böyük hay-küyə səbəb olub, Azərbaycan nümayəndəliyi də dərhal qəzeti Bakıya – MK-ya göndərib. Çap olunan tarixə diqqət edin : 22 may 1990-cı il. Azərbaycanın ən təlatümlü günləri idi o vaxt.
Bu, bəlkə də, mənim həyatımda ən böyük qələbəm idi. Respublika qəzetləri də onu iki dildə - Azərbaycan və rus dillərində dərc etdilər. Bütöv halda isə müsahibəni Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetində verdi. O vaxt, doğrudan da, əhali arasında böyük çaşqınlıq yaranmışdı. MK-da da qorxu var idi.
- Bəs “Müdaxilə” necə ərsəyə gəldi?
- O vaxt hamı deyirdi ki, xata məndən uzaq olsun. “Krasnaya zvezda”da material çıxandan sonra MK-da mənimlə maraqlandılar. Sonra mənə “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri vəzifəsinə getməyi təklif etdilər.
Bir müddət “Krasnaya zvezda”da məqalələr çap etdirdim. Sonra “İzvestiya”da işə başladım. “İzvestiya”da erməni lobbisi möhkəm kök salmışdı. İstədiklərini eləyirdilər. Xoşbəxtlikdən az müddət ərzində kollektivlə dil tapa bildim. Yanvar faciəsini isə unuda bilmirdim. Qarşıdan onun birinci ildönümü gəlirdi. Bilirdim ki, bu barədə təkbaşına özüm məqalə yazsam, əngəllərlə üzləşəcəyəm. “İzvestiya” qəzeti kimi çox böyük oxucu auditoriyası olan qəzetin tribunasını itirmək olmazdı. Hər an sayıqlıq tələb olunurdu. Həyatımızın, humanist dəyərlərin təqiblərə məruz qaldığını nəzərə alsaq, xalqımızın yanvar faciələrini bütün dünyaya car çəkmək məqamı yetişmişdi. Mən bunu açıq-aydın hiss edirdim. Odur ki, müstəqil jurnalist təhqiqatı aparıb, silsilə material hazırlamaq üçün əməkdaşlardan birinin Azərbaycana ezam edilməsini redaksiya rəhbərliyindən xahiş etdim. Təklifim çox çətinliklə də olsa bəyənildi. Siyasi icmalçı Valeri Vıjutoviçlə Bakıya ezam olunduq. 20 Yanvarın ildönümü günü idi. Şəhidlər Xiyabanını ziyarət etmək üçün xalq axınına qoşulduq. İstəyirdim ki, bu qəm, kədər dənizini, sonu görünməyən insan axınını seyr etdikcə mənim xalqım, millətim kimi o da sızıldasın, o da bu faciəni qəlbən duyub yaşasın. Mən şəhidlərimizin baş daşlarındakı yazılar barədə jurnalist dostuma məlumat verdikcə onun gözlərindəki qəzəbi, sifətindəki nifrəti açıq-aşkar duyurdum. O, çox kövrəlmişdi, gördüyü dəhşətli mənzərələrdən sarsılmışdı. Biz məzarları ziyarət eləyə-eləyə, ağır addımlarla irəliləyirdik. Yavaşca pıçıldadı: Biz nə qədər yanılmışıq. Nə həqiqəti bilmişik, nə də ki, həqiqəti yazmışıq. Bax, indi gördüklərimizdir əsl həqiqət!
Ziyarəti başa vurub, gəldik mehmanxanaya. Əvvəlcədən topladığım materiallarla onu tanış etdim. Bir çox faktları götür-qoy etdik, düşündük-daşındıq. İki həftə müddətində biz şahidlərlə, zərərçəkənlərlə, bir sıra rəsmi şəxslərlə, hərbçilərlə, mütəxəssislərlə görüşdük. Neçə gün audiokasetləri dinlədik, videokasetlərə baxdıq. Bunlarla yanaşı, arxiv və istintaq sənədlərilə tanış olduq.
Çox çətinliklə də olsa, “Müdaxilə” silsiləsini “İzvestiya”nın səhifələrinə çıxara bildik. “Müdaxilə” böyük sensasiya yaratdı. Sonra ona ön söz yazıb Azərbaycan və rus dillərində yüksək tirajla “Müdaxilə” adı ilə kitab şəklində çap etdirdim.
Nəşrlərin ikisi də böyük uğur qazandı. Bakıdan dünyanın müxtəlif ölkələrinə uçan təyyarə reyslərinə verirdim ki, “Müdaxilə” də, “Vtorjeniye” də daha çox oxucu qazansın. Qazandı da. Bunu aldığım çoxsaylı məktublar da deyir.
Yazı təkcə yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin səbəblərini deyil, həmçinin məqsədini, belə bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli fəaliyyətini də açıqlamışdı. Əlbəttə, üç qəzet yazısında (“İzvestiya” 13, 14, 15 fevral, 1992-ci il ) bunları təhlil, təsdiq etmək asan olmamışdı. Ancaq, hər halda, ictimaiyyətin fikrini düzgün istiqamətləndirmək, hətta siyasi komissiyaların və istintaq işçilərinin təhqiq və tədqiq yollarına müəyyən qədər işıq salmaq, şəksiz, mümkün olmuşdu.
Asif Nərimanlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
...Azərbaycanda iyirmi yanvar şəhidlərinin ruhuna hər zaman böyük hörmət, ehtiram olub, olacaq da. 20 Yanvar şəhidlərinin vəfat etdiyi tarix hər il ardıcıl olaraq ümumxalq hüzn günü kimi yada salınır. Məlumdur ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti hər zaman 20 Yanvar şəhidlərinin dəfn edildiyi Şəhidlər Xiyabanını ziyarət edir. Bu xiyaban müqəddəs bir məkan kimi xaricdən gələn rəsmi, eləcə də qeyri-rəsmi qonaqların ilk gəldiyi, baş əydiyi yerlərdən biridir. Azərbaycan dövlətinin, ölkə Prezidentinin 20 Yanvar faciəsinə xüsusi münasibəti var. Bu məsələdə dövlət və ictimaiyyətin mövqeyi, fikirləri üst-üstə düşür...
İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN : IRSHAD TV
Bu gün hər birimizi narahat edən ciddi bir məsələyə nəzər salaraq aydınlıq gətirməyi qərara aldim. Bunu özümə qanında türk qanı daşıdığım üçün bir borc bildim.
Son zamanlar tez-tez televiziya kanallarında, sosial şəbəkələrdə milliləşməyə və özünə qayıdışa dair müxtəlif çağırışlara şahidlik edirik. Ən çox hücuma məruz qalan mövzu, soyadlarımızın sonluğundakı ov, ova, yev, yeva şəkilçiləridir. Hamı bu şəkilçilərdən oddan qorxan kimi qaçır… Hələ bir az da irəli gedib sizə deyim ki, adını çəkmək istəmədiyim, ölkəmizdə yaşayan və özünü " yüksək səviyyəli " Türk milliyətçisi hesab edən birisi Facebookda bir dostumun dostluq təklifini qəbul etməmişdi. Buna səbəb kimi onun soy adındakı (familyasındakı) ov sonluğu olmuşdu. Gərək nə qədər cılız olmalısan ki, qarşıdakı insanın əqidəsinin nədən ibarət olduğunu bilmədən adına və soyadına görə virtual dostluğa qəbul etməyəsən. Mövzunun məğzi nədədir bilirsinizmi? Dəyərli bir Türkçü dostumun söylədiklərini olduğu kimi qələmə alıram :
"Mənim nə adım nə də soyadım (familyam) milli deyil - yəni Türk adı və soyadı deyil. Bu ad mənim babamın adıdır, 26 yaşında müharibədə həlak olan babamın adını - mənə qoyublar. Onun üzünü heç zaman görməsəm də, adı ilə hər zaman qürur duymuşam. Məclislərdə, xeyirdə, şərdə Hacı Əhmədin nəvəsi olduğum üçün həmişə atamla yuxarı başda oturardıq. Lakin bununla belə Hacı da, Əhməd də, Əli də, Vəli də ərəb köklü adlardır".
Bəs nə üçün ərəb, fars köklü adları və sözləri biz özümüzünkü kimi doğma qəbul edirik, ruslardan və digərlərindən gələn adlara və sözlərə yad və düşmən münasibət sərgiləyirik? Səmit dinləri həyatımıza bu qədərmi hakim kəsilmişdir? Demək ki, din bizim milli kimliyimizi müəyyən edən əsas amillərdən biridir.
Tarixə müraciət edəndə mənə maraqlı gələn bəzi məqamlar oldu… Hələ 20-ci əsrin əvvəllərində İosif Vissarionoviç Cuqaşvili milliyətcə yəhudi olduğu üçün onu rus məktəbinə götürmürlər, anası onu Pravoslav rus kilsəsinin mesenatlıq məktəbinə qoyur. Yalnız bundan sonra o tamhüquqlu rus kimi həyatda öz fəaliyyətinə başlayır. Demək ki, dinlər milli mənsubiyyəti dəyişmək, ya da milli mənsubiyyətinə müdaxilə etmək kimi funksiyaya da malikdir.
Tarixi araşdırmalardan bir daha belə qənaətə gəlirəm ki, bizim adımızda soyadımzda Türk milli mənsubiyyətindən olan da qalan da elə ov, ova familya şəkilçisidir. Bunu nə ilə izah edə bilərəm?
Əvvəlcə sizlərə onu deməliyəm ki, qədim Dünya tarixi hər birimizin bildiyi kimi təhriflərə məruz qalmış və Səmit (səmitlər bunlardır = ərəb+fars+yahudu+kürd (qaraçı)) ideoloqları tərəfindən dəyişdirilərək indiki cılız hala salınmışdır. Yəni məğzi bundan ibarətdir ki, "YERSİZ GƏLDİ, YERLİ QAÇ" prinsipi hökm sürür. Belə ki, bizlər qədim tarixi, qədim ənənələri olan Azərbaycan Oğuz Türkləriyik. Amma nədənsə bütün tariximizi səmitlərin dinləri və tarixi ilə tutuşdurub təsdiq etməli oluruq. 15-20 min il bundan əvvəl vahid Türk dilində danışan sivilizasiya mövcud olduğu halda, bu gün biz ermənilərin arxasında duran əsli-nəsli bilinməyən qüvvələrə milli kimliyimizi və bu torpaqlarda ta qədimdən məskunlaşdığımızı sübut etməli oluruq. Halbuki Səmit peyğəmbərlərinin əksəriyyətinin anadan olduqları yaşayış məskənlərinin adı Türk dilində olub. İndi nə qədər riyakar olmalısan ki, peyğəmbərləri Nazaret yaşayış məskənində doğula-doğula, bizlərin tarixinə əl qatasan və şübhə ilə yanaşasan?! Nazaret = Nazar et nə deməkdir? Nəzər ele, nəzər et, nəzarətdə saxla deməkdir… Görünür dədə-babalarımız bu yaşayış məskənindən bizlərə gələcəkdə nəsə bir təhlükə vaqe olacağını göz altına almışdılar və bu səbəbdən də bu yaşayış məskəninin adını belə qoymuşdular. O ki, qaldı digər yaşayış məskənlərinə… Məsələn, İsraildə "Kiryat oba" adında yaşayış məskəni var, bu sözün mənasını anlamayan varmı?
Ümumiyyətlə dünyada oba Türk sözü ilə adlandırılan yaşayış məskənləri minlərcədir. Götürək Sarayevo, Kemerovo, Oçakovo yer adlarını. Burada sözün birinci həssəsi Türk sözü olub Saray, ikinci hissəsi isə oba sözünün təhrif edilmiş formasıdır. Burada Kemer = kəmər Türk sözü olub belə bağlanan kəmər, ikinci hissəsi isə Türk sözü olub oba sözünün təhrif edilmiş formasıdır. Burada Oçak = Ocaq Türk sözü olub ocaq başı, ailə, insan yaşayan ocaq anlamını verir, ikinci hissəsi isə yenə də ovo = oba sözünün təhrif edilmiş formasıdır. Ruslarda gözəl bir məsəl var, deyirlər ki, qadın ailə ocağının qoruyucusudur. Məncə elə ona görə də rusların familyaları (soyadları) ova, eva şəkilçiləri ilə qurtarır. Yəni filan obadan olan qadın. İndi gördünüz ki, soyadımızdakı ov, ova, ev, eva şəkilçiləri 100 faiz Türk dilindədir. Belə yaşayış məskənlərinin adlarına bütün dünyada, eləcə də Amerikada da rast gəlirik. Məsələn Ottava, Deniel Börü və s. Burada Ottu ova, Odlu oba mənasında da ola bilir, Deni El Börü sözündə isə el = yenə də Türk sözü el-oba, börü isə = tatar və başqırd dillərində Boz qurd deməkdir. Bütün bu araşdırmalar onu göstərir ki, hələ Amerika qitəsi 15 min il əvvəl Asiyadan aralanmamışdan əvvəl həm o tayda, həm də bu tayda Türkdilli insanlar yaşamış və vahid sivilizasiya mövcud olmuşdur. Kolumb Amerikanı kəşf etməyənə kimi bu qitələr arasında rabitə olmamışdır. İndi isə siz mənə okeanın o tayında yerli qədim yahudu, ərəb ya da erməni izləri göstərin… Yoxdur!!! Əgər olsaydı onlar da bizim kimi qədim sayılardı…
Rusların familyasındakı ov, ova, ev, eva şəkilçiləri isə bir zamanlar onların həqiqətən də Türkdilli etrusklardan törəndiyini, sonradan isə Səmit dini olan Xristianlığı qəbul edib öz milli, Türk köklərindən aralanaraq assimilyasiya olunmasını göstərir. İndiki halımız da göz qabağındadır. Qeyd etmək lazımdır ki, Səmit dinlərinin hamısının mahiyyəti eynidir və Türkləri assimilyasiya edib, müti olaraq ram edilməsinə, səmit ərəblərə, farslara, yəhudilərə baş əyərək onlara itaət edilməsinə hesablanıb.
Adımızda, soyadımızda qədim Türk keçmişimizə dəlalət edən bir şey varsa o da ov, ova sonluğudur. Bundan şəkk edib bilər-bilməz qaçıb ərəbləşmək, yahudiləşmək lazım deyil. Çünki biz Türklər oba (ova), məkan quranda səmit peyğəmbərləri hələ heç anadan olmamışdılar… Onları biz mərhəmətli Türklər qəbul edərək müqəddəsləşdirmiş və tariximizin, eləcə də mədəniyyətimizin qədimliyini şübhə altına qoymuşuq. Bu yazını yazmaqla mən kimsənin dini etiqadına və inamına qarşı çıxmıram. Hər kəs Allaha ibadətdə və din seçimində azaddır. Lakin bununla yanaşı milli məfkurə də göz ardına edilməməlidir. Soyumuz, kökümüz öz adlarımızda əksini tapmalıdır. Artıq özünə qayıdışın vaxtıdır və hətda keçir belə..!!!
Mən, həvəskar araşdırmaçı və tarixçi kimi bu mövzuda marağı olan bütün tarixçilərdən ad və soyadlarımızdakı milliliyə geniş izah gətirmələrini və millətə öz kimliyini tanıyıb ad və soyadlarını şərəf və ləyaqətlə daşımaqda yaxından köməklik göstərmələrini rica edirəm. Yoxsa nə indi, nə də bundan sonrakı itkilərimizin önünü almaq mümkün olmayacaq.
Araşdırma!
Hörmətlə, Umuxanım Hüseynzadə və Haci Əhmədov