Qarabağ mövzusu son günlər təzədən regional siyasi gündəmin ön sıralarına çıxmaqdadır. Məsələyə hazırda aktuallıq və ağırlıq verən isə konflikt ətrafında Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan və Azərbaycan-Rusiya münasibətləri kontekstində nəzərə çarpan yeni gəlişmələr, cərəyan edən proseslərdir.
Siyasi təhlilçilər Bakı-Ankara-Moskva “üçbucağı”nda həm də Dağlıq Qarabağ mövzusundan dolayı baş verənləri nəzərdən qacımırlar. Söhbət öncəliklə Rusiya xarici işlər naziri Sergey Lavrovun son Türkiyə səfəri, bu səfərdən dərhal sonra onun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Bakı, onun ardınca isə baş nazir Binəli Yıldırımın 3 günlük Moskva səfərlərinə önəm verirlər.
Bu xüsusda Rusiyanın “Rosbalt” nəşrinin analitiki İrina Corbenadzenin “Qarabağı Hələbə dəyişdiririk?” başlıqlı məqaləsi diqqət çəkir. Təhlilçinin sözlərinə görə, son günlər Rusiya və Türkiyənin iştirakı ilə labirintli geosiyasi proseslər müşahidə edilməkdədir. Onun fikrincə, M. Çavuşoğlunun axırıncı Bakı səfərinə heç bir diqqət ayırmamaq da olardı, əgər aşağıdakı üç məqam olmasaydı: “1. Səfər Prezident Ərdoğanın Bəşər Əsədlə bağlı verdiyi son xoşagəlməz açıqlamaya dair rusiyalı həmkarı ilə izahatından sonraya təsadüf edir; 2. Sergey Lavrovla görüşdən dərhal sonra baş tutub; 3. Ərdoğanın ”Türk axını" ilə bağlı qanunu imzalaması ərəfəsinə düşüb".
Məqalədə daha sonra deyilir: “Rəsmi məlumatlara görə, Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Qarabağ nizamlaması da daxil, bütövlükdə regiondakı situasiyanı müzakirə ediblər. Azərbaycanlı nazir həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın, o sırada TANAP qaz kəməri layihəsi çərçivəsində əməkdaşlığın müzakirə predmeti olduğunu deyib. Rəsmi informasiyalar quru xarakter daşıyır. Lakin ekspertlərin olduqca maraqlı və detallı yanaşmaları var. Onların qənaətincə, Türkiyə XİN başçısı Bakıya heç də ”əliboş" gəlməyib, əksinə “tam əli dolu” səfər edib.
O sırada, politoloq Əngin Özər Ankaranın Qarabağ nizamlanmasında köməyi kontekstində deyib: “Əhməd Davudoğlunun baş nazir postundan istefa verməsindən dərhal sonra Türkiyə tərəfi ”Hələb müqaviməti"ni dəstəkləməyi dayandırdı. Hamıya bəllidir ki, Hələb yaxın zamanlarda Əsəd qüvvələrinin nəzarəti altına keçəcək. Və zənnimcə, bununla bağlı da Ankara və Moskva arasında hansısa anlaşma olacaq. Daha dəqiqi, Türkiyə Əsədin Hələbə nəzarət eləməsinə mane olmayacaq, Rusiya isə öz növbəsində Qarabağ probleminin Bakının xeyrinə həllinə yardımçı olacaq".
Məqalə müəllifi daha sonra Rusiyadakı Müasir Türkiyəni Öyrənmə Mərkəzinin rəhbəri Yuri Mavaşevin fikirlərinə yer ayırıb. O da Çavuşoğlunun Bakıya əliboş gəlmədiyini söyləyib: “Türkiyə və Azərbaycan XİN başçıları arasında budəfəki Qarabağ müzakirələri xüsusi məna kəsb edən bir xarakterdə olub. O, Lavrovla razılaşdırılmış bəzi təklifləri Bakıya izah edib”. Mavaşev Moskvanın Qarabağ nizamlanması ilə bağlı təşəbbüsünün Ankara tərəfindən dəstəklənməsini “ümidverici” adlandırıb: “Halbuki əvvəllər Türkiyə ATƏT-in Minsk Qrupuna və Rusiyaya sistematik şəkildə etirazlar bildirirdi. İndi baş verənlər isə mənim fikrincə, hansısa ”paket layihə"nin mövcudluğuna dəlalət edir - hansı layihədə ki, konfliktin həlli türk-erməni əlaqələrinin normallaşması ilə eyni kompleksdə nəzərdə tutulur. Belə görünür, yaxın perspektivdə biz Moskva-Bakı-Ankara-İrəvan formatının şahidi ola bilərik. Sadə dildə situasiyanı izah etsəm, indilikdə “başa baş” prinsipindən çıxış edilir: Türkiyə indi prinsipcə küncə sıxılıb. Ona Azərbaycanın və Rusiyanın köməyi lazımdır. Azərbaycan öz ərazisində bütün Gülənçiləri sıradan çıxarmaqla ona bu köməyi göstərə bilər. Bundan əlavə, Türkiyəyə TANAP layihəsinin tam həcmdə reallaşması gərəkdir. Bu, Ankaraya imkan verəcək ki, faktiki, onunla əlaqələri qırmış Avropa Birliyini cilovda saxlasın. Yəni söhbət təkcə Ərdoğanın Türkiyəni Azərbaycan və Rusiya qazı (“Türk axını”. - red.) hesabına qaz xabına çevirmək yönündə ambisiyalarından yox, həm də Avropaya təsir edərək, onu ABŞ-dan ayırmaq planından gedir. Azərbaycan isə öz növbəsində Rusiya və Türkiyə iki məsələdə - Qərbin sevimli məşğuliyyəti olan “rəngli inqilab”lardan yayınmaq və Qarabağ nizamlaması, bütövlükdə təhlükəsizliyin təmin olunması üçün lazımdır".
“Rosbalt”dakı məqalənin sonunda bir daha Türkiyə ilə Rusiya arasında mümkün Qarabağ anlaşmasına toxunulur: “Əgər Moskva və Ankaranın Qarabağ və Hələbə ”əl qatması" haqda informasiya doğrudursa, o zaman bu sövdələşməni böyük işarəli saymaq olar. Düzdür, Qarabağla bağlı bır sürü problemlər ortaya çıxacaq. Ancaq görünür ki, Türkiyə nizamlamada öz yerini ciddi şəkildə möhkəmlədib. İndi artıq o, birinci yerdə olmasa da - birinci yer Rusiyaya ayrılıb - axırıncı yerdə də deyil.
Əgər Qarabağ ixtilafı hər halda Bakının xeyrinə çözülərsə (bu haqda politoloqlar çoxdan danışır, amma Hələblə əlaqədə yox), bu, Ərdoğanın Güney Qafqazsa kiçik bir qələbəsi demək olacaq - əgər bunun qarşılığında Moskva Türkiyədən başqa əlavə məsələlərdə “anlaşma” tələb eləməzsə. Rusiyanın isə Cənubi Qafqaz da daxil (Azərbaycan kontekstində bu xüsusilə mühümdür) postsovet məkanında və Yaxın Şərqdə qələbəsi qat-qat böyük olacaq".
Azərbaycanlı siyasi şərhçi Elxan Şahinoğlunun da bu mövzuda maraqlı şərhi var. O da bu qənaətdədir ki, Çavuşoğlu son Bakı səfəri zamanı Lavrovla Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırıb: “Ankara ilə Moskva arasında danışıqlar intensivləşib. Məqsəd də Rusiyanın münaqişənin həlli ilə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Lavrovun Çavuşoğlunun təkliflərinə cavabı hələlik bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin bu fəallığına və Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına etiraz etmir”.
Politoloq hesab edir ki, hadisələrin bu yöndə inkişafı Ermənistan hakimiyyətini narahat edir: “Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Rusiya, hələ ki, Ermənistan hakimiyyətini müdafiə edir və konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?.. Erməni diasporu da düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək. Rəsmi Bakı Moskvanın Ermənistan hakimiyyətinə təsir edərək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyinə çox ümidlidir. Hələ ki, bu baş verməsə də, inanırıq ki, Ankara Moskvanı buna inandırmağa nail olacaq.
Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq, hələ ki, nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilib. Ermənistanı daha çox silahlandırmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil".
MUSAVAT.COM
& VƏTƏNSEVƏRLƏR
Bu gün neft uğrunda mübarizə gedən Kərkük-Mosul bölgəsi vaxtilə Osmanlının torpaqları idi. Lakin türk imperiyasının süqutundan sonra Türkiyə də bu bölgəyə yalnız kənardan baxaraq qalıb. Ən maraqlısı isə Türkiyəni Mosul-Kərkük neftindən məhrum edən şəxsin bir erməni olmasıdır.
Osmanlı dövründə İraqdakı neft ehtiyatları ilə bağlı ilk araşdırmaları İstanbulda yaşayan erməni Kalouste Sarkis Gülbenkyan olub. Onun atasının Qapalıçarşı deyilən bazarda dükanı var idi. Onların qohumları Bakıda yaşayırdı, özləri də oradan gələnlər idi. Ata Gülbenkyan da Bakıdan qaz yağı gətirərək satırmış.
Sarkis Gülbenkyan Londonda geoloji mühəndislik təhsili alıb, əsasən də neft yataqları üzərində işləyib. Londondan İstanbula qayıdandan sonra, Osmanlı sultanı ƏIbdülhəmidin tələbi ilə araşdırmalara başlayır və Mesopatomiyada (indiki İraq ərazisi) neft tapdığı haqda sultana məlumat verir. Əbdülhəmid də 1904-cü ildən sonra həmin torpaqları şəxsi mülk olaraq satın alır.
Gülbenkyan daha sonra ilk türk Milli Bankını yaradır və 1912-ci ildə yaradılan Türk Neft Şirkətinin ("Turkish Petroleum Company") 50 faiz səhmlərinə ortaq olur.
Gülbenkyanın bankı Türk Neft Şirkəti ilə yanaşı, "Deutsche Bank"la da əməkdaşlıq edir və Mesopatomiyada fəaliyyətini davam etdirmək üçün müxtəlif şirkətlər qurur. Lakin I Dünya Müharibəsində almanlar məğlub olduğu üçün "Deutsche Bank"ın səhmləri Fransa şirkətinə keçir. I Dünya Müharibəsində Osmanlının parçalanmasından sonra ingilislərlə keçirilən görüşləri də Gülbenkyan aparır.
1926-cı ildə Mosul neftinin bölüşdürülməsi zamanı Gülbenkyanın Türk Neft Şirkəti İraq şirkəti oldu və ona yalnız 5 faiz pay verildi. Buna görə də ona "məşhur 5 faiz" ləqəbi qoyuldu. Yerdə qalan 95 faiz hissəsi isə İngiltərə, Fransa Hollandiya və Amerika arasında bölüşdürüldü, bu ölkələrin hər birinə 23,75 faiz pay düşdü. Beləliklə, Osmanlının varisi olan Türkiyə öz mirasından məhrum edildi. Halbuki, Gülbenkyanın şirkəti türk şirkəti idi və Kərkük və Mosuldakı paylar da Türkiyənin olmalı idi. Lakin bir erməni yenə də son anda xəyanət edərək, hissələri digər ölkələrə satdı.
Türkiyə heç nə edə bilmədi, yalnız Gülbenkyanın ölkəyə girişinə qadağa qoymağa gücü çatdı.
Asif,
PUBLİKA.AZ
& VƏTƏNSEVƏRLƏR
08.12. 2016 / 15:20
Rusiyanın ən qatı millətçi saytlarından biri “Kolokol Rossii” (kolokolrussia.ru/evraziya/peregovor-po-karabahu-moskva-mejdu-erevanom-i-baku)
7 dekabrda Rusiya XİN sözçüsü Mariya Zaxarovanın brifinqdə Dağlıq Qarabağ konflikti ilə əlaqədar Hamburqda ATƏT xarici işlər nazirlərinin Şurasında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmasının mümkünlüyünü bildirib.
Daha sonra cəbhə xəttində vəziyyətin gərginliyindən, konfliktin həllində hər iki ölkənin mövqeyindən bəhs edən yazıda müəllif Rusiyanın əsas mövqeyini belə şərh edib: “ Bir sözlə, Azərbaycan rəhbərliyinin yerində olsam Moskvanın ölçülü siyasətini yoxlamaz , imtahan etməzdim. Aydın məsələdir ki, Moskva başlıca forpostu və müttəfiqi olan Ermənistanı heç vaxt “satmaz”, eləcə də DQR-i “satmaz” və heç zaman konfliktin həllinin Azərbaycan modelini də qəbul etməz. Bununla belə Rusiya Azərbaycanla əməkdaşlıqda və tərəfdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. Yalnız, irimiqyaslı Azərbaycan –Ermənistan konfliktində ( müəllif Boris Cereliyevski çox vaxt Amerikadan, ABŞ-la konfliktdən yazdığından , özünə o qədər qapanıb ki,” Azərbaycan-Amerika konflikti “ yazıb) Rusiya Bakı ilə əlaqənin necə dəyərli olmasına baxmayıb , heç bir şübhə olmadan Ermənistan qarşısında öz müttəfiqlik öhdəliyini yerinə yetirəcək. Ona görə də Moskvanın əsas vəzifəsi Bakını istənilən hərbi revanşdan çəkindirməkdir”.
İlk baxışdan burda bir yeniliyik yoxdur-Rusiyanın Qarabağ problemində mövqeyi əvvəldən bəllidir: regionda mövqeyini, təsirini status-kvonu saxlamaqla qorumaq. Məsələ burasındadır ki, Azərbaycanda Moskvanın mövqeyini açıq və gizli müdafiə edən bəzi səlahiyyət sahiblərinin təsirində olan ölkəmizin bir sıra KİV-ləri az qala hər gün manşetlərdə” Rusiya Ermənistanı məcbur edir”, “Moskvanın Bakıya böyük jesti”, “Rusiya Qarabağ problemini Azərbaycanın maraqlarına uyğun həll edir” və s. kimi pafoslu başlıqlarla vətəndaşlarımızı hələ də Rusiya nağılları ilə arxayınlaşdırırlar. Təbii, bir sayt məqaləsinin Rusiyanın rəsmi mövqeyi olmadığını irad kimi deyə bilərsiniz, amma indiyədək Rusiya hansı konflikti özü yaratdığını və həllində maraqlı olmadığını rəsmən bəyan edib? Ukraynada, Gürcüstanda, Moldovada, Suriyada, Krımda, hansında? Rusiyanın mövqeyi elə bu yazılardı, Solovyovların, Kiselyovların telemüzakirələri, Jirinovskinin, Kurginyanın sərsəm çıxışlarıdı.
İşıq-qaz dərdi, çörək, kartof, soğan dərdi, iqtisadi böhran, onsuz da milləti Qarabağdan çox, ayaqda qalmaq, mövcud olmaq problemilə üz-üzə qoyub. Amma, hər gün təslimçi ovqatla yüklədikləri xalqın Qarabağ məsələsində təslim olmadığını , apreldə şəhidlərin dəfn edilməsindəki coşğusunu bir daha xatırlasınlar və ağıllarının ucundan belə keçirməsinlər ki, bizi hansısa tələyə salıb təslimçiliklə barışdıracaqlar. Bu sətirlər pafos yox həqiqətdir. Burdan o yana yol yoxdur.
Qarabağ işğal olandan 24 il keçib. Atəşkəsdən bu tərəfə münaqişənin həlli yolunda uğur yoxsa , o demək deyil ki, düşmən dövlətlərin təhriki, dost-qardaş dövlətlərin xahişi ( bu proses gedir) ilə milləti təslimçiliyə sürükləmək, məğlubiyyətlə barışdırmaq lazımdır. Zamanı qaçırdıq, məsələni həll etmək yolundan uzaq düşdük, prioritet Qarabağ olmadı. Ölkənin təhlükəsizliyinə cavabdeh olan vacib strukturlar talançılıqla, quldurluqla məşğul oldu. Aylıq paketləri 500.000 dollar olanları Qarabağ heç vaxt maraqlandırmayıb. Bu gün belə paketlər aldıqlarını iki-üç nəfər etiraf edir, etməyənlər daha çoxdur və iş başındadırlar. İndi də deyirlər ki, Qarabağ qaçqınlarının imtiyazlarını ləğv etmək lazımdır. Qarabağı nə vaxt alıb qaçqına verdiniz ki, hələ bir imtiyazını da ləğv edirsiniz?!
Və ölkədə gərginlik yarananda, etirazlar artanda Qarabağda yalançı müharibə, yalançı döyüşlər başlayıb xalqın başını aldatmayın, “ölkədə müharibə gedir” - deyib başarısızlığı Qarabağla sığortalamayın. Müharibə edəcəyiksə, bu millət işini bilib müharibə etsin,
“ya Qarabağ, ya ölüm” deyib kişi kimi vuruşaq, yoxsa uşaq kimi “cicc” eləyib , nə gizlənməkdi bu?
Kimsə Qarabağı ərazi hesab edib onu itirməkdə faciə görmürsə onun bizə dəxli olmamalıdır. Qarabağ ərazi yox, VƏTƏNDİR! Vətəni itirmək elə ölmək demək deyilmi? Ölürüksə elə Vətən yolunda ölmək şərəfli deyilmi?
MODERATOR.AZ
& VƏTƏNSEVƏRLƏR
Erməni diasporunun Naxçıvanla sərhəddə yerləşən Qars şəhərində gizli planlar qurduğu haqda məlumatlar yayılıb.
Publika.az Türkiyə mediasında müxtəlif vaxtlarda yayılmış məlumatları toplayaraq, erməni diasporunun gizli planlarının nədən ibarət olduğunu oxuculara çatdırır.
Erməni diasporunun bölgə ilə bağlı planlarına Soros Fondu da yaxından dəstək verir. Xüsusilə, bölgəyə xristian missionerlər göndərilərək, yerli müsəlmanlar arasında xristianlığın yayılmasına çalışırlar.
Bu planlara qarşı mübarizə aparan Qarsdakı Harakan məscidinin imamı Yavuz Selim qələmə aldığı məqaləsində bunları yazır: “Ermənistan Azərbaycan torpaqlarını işal edərək, yüz minlərlə insanı evindən-yurdundan qovdu. Türkiyə buna görə 1993-cü ildə Ermənistanla sərhədlərini bağladı. Erməni diasporu bundan sonra Türkiyədəki fəaliyyətini gücləndirərək, Cənub-Şərqi və Qərbi Anadoluda, həmçinin, Qafqazda təşkilatlanmaya başladı. 1993-cü ildən indiyə kimi onlar sərhədlərin açılması üçün çalışırlar və bu işdə Qarsı mərkəz olaraq seçiblər. Xristian missionerləri müxtəlif adlar altında bölgəyə göndərilir. Xüsusilə, Fransa, Belçika, Hollandiya, Almaniya və Amerikada olan erməni lobbisinin yüksək səviyyəli şəxsləri Qarsla bağlı bir sıra planlar qurublar. Onlar “Qarsı Qafqazın çox mədəni və müxtəlif etnik qrupların yaşadığı mərkəz edəcəyik” deyə bildirirlər. Bu işdə onların Qarsdakı tərəfdarları da iştirak edir”.
Y.Selim qeyd edir ki, erməni diasporunun bu fəaliyyətinə ən böyük dəstəyi Lissabonda yerləşən Gülbenkyan Vəqfi verir.
Qeyd edək ki, Gülbenkyan Vəqfi XIX əsrin sonu, XX əsrin əvvəllərində İstanbulda yaşayan erməni Kalouste Sarkis Gülbenkyanın adını daşıyır. Gülbenkyan Osmanlı sultanı Əbdülhəmidin tapşırığı ilə İraqdakı neft ehtiyatları ilə bağlı ilk araşdırmaları həyata keçirib.
S.Gülbenkyan Londonda geoloji mühəndislik təhsili alıb, əsasən də neft yataqları üzərində işləyib. Londondan İstanbula qayıdandan sonra, Əbdülhəmidin tələbi ilə araşdırmalara başlayır və Mesopatomiyada (indiki İraq ərazisi) neft tapdığı haqda sultana məlumat verir. Əbdülhəmid də 1904-cü ildən sonra həmin torpaqları şəxsi mülk olaraq satın alır.
Daha sonra o, ilk türk Milli Bankını yaradır və 1912-ci ildə yaradılan Türk Neft Şirkətinin (“Turkish Petroleum Company”) 50 faiz səhmlərinə ortaq olur. 1926-cı ildə Mosul neftinin bölüşdürülməsi zamanı Gülbenkyanın Türk Neft Şirkəti İraq şirkəti oldu və ona yalnız 5 faiz pay verildi. Buna görə də ona “məşhur 5 faiz” ləqəbi qoyuldu. Yerdə qalan 95 faiz hissəsi isə İngiltərə, Fransa Hollandiya və Amerika arasında bölüşdürüldü, bu ölkələrin hər birinə 23,75 faiz pay düşdü. Beləliklə, Osmanlının varisi olan Türkiyə öz mirasından məhrum edildi.
Məlumatlara görə, xarici ölkələrin də dəstəyi ilə Qarsda fəaliyyət göstərən erməni diasporu şəhərin türk memarlıq tikililərinin dəyişdirilməsi istiqamətində də çalışır. Bütün bunlar isə “Qarsda Osmanlı mirasının qorunması” adı altında aparılır. Erməni diasporunun bu fəaliyyəti 2013-cü ildən başlayaraq güclənib.
Y.Selim bildirir ki, Qarsın memarlıq quruluşunun yenilənməsi adı altında tarixi müsəlman abidələri məhv edilir.
Asif,
PUBLIKA.AZ & VƏTƏNSEVƏRLƏR
3300 SAYLI MƏXFİ TELEQRAM
8 Dekabr 2016 / 12:46
Azərbaycan və Türkiyəyə qarşı müxtəlif güc mərkəzlərinin xain planları hələ 100 il öncə - XX əsrin əvvəllərindən mövcud idi. Bu planın arxasında dayananlardan biri də Vudro Vilsonun rəhbəlik etdiyi Amerika və ingilislər idi. I Dünya Müharibəsinin nəticəsi olaraq, Osmanlı İmperiyası dağılmalı, torpaqları bölüşdürülməli idi. “Böyük Ermənistan” xülyasının bir hissəsi də məhz Türkiyədən qoparılan ərazilərdə və Azərbaycan torpaqlarında yaradılmalı idi.
Vilsonun 1918-ci ilin 28 mayında Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınması təklifini rədd etməsinin səbəbi də bu idi. Onun “yeni dünya xəritəsində” Azərbaycana yer verilməmişdi. Türkiyənin Ərzurum, Trapezund, Van və Bitlis bölgələri Ermənistana verilirdi. Bu plan baş tutmadı və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması bu planların təxirə düşməsi ilə yanaşı, ermənilərin də bölgədə soyqırımı siyasətinin qarşısını müəyyən qədər aldı. Lakin AXC Naxçıvanı qoruya bilmədiyi üçün ermənilərin hədəfi bura oldu. Həmçinin, İrəvanda və Qarsda türk-müsəlman əhaliyə divan tutulmağa başlandı.
Zaqafqaziya Federativ Demokrat Respublikasının dağılmasından sonra yaradılan Ermənistan Demokratik Respublikasının fərqli adlarla tanınması da diqqət çəkirdi: “İrəvan respublikası” və “Ararat respublikası”. Birinci adda onlar Azərbaycan torpaqlarına iddia edir, ikincidə isə qədim olduqları iddiasını irəli sürürdülər.
100 il öncə bu bölgədə gedən qanlı savaşların əsas hədəfini belə xarakterizə etmək olar: Türkiyə və Azərbaycan torpaqlarında “Böyük Ermənistan” yaratmaq.
Lakin bu ssenarilərə qarşı AXC və Türkiyə iki plan işə saldı:
1. Araz - Türk Cümhuriyyəti
2. Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti).
Araz-Türk Cümhuriyyəti : Vilsonun xəritəsindəki “dəfinəni” tapmaq ümidi ilə türk-müsəlman əhaliyə qarşı əsil soyqırımı törədən ermənilər AXC-nin Naxçıvana dəstək verə bilməməsindən istifadə edərək, bura hücuma keçdilər. Onlar bu qədim Azərbaycan torpaqlarına da iddia edirdilər. Və bu iddialar hələ I Nikolayın dövründən başlanmışdı. Belə ki, 1828-ci ilin 21 martında Naxçıvan xanlığı çar Nikolayın əmri ilə ləğv olunur. Sonra da İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaradılır. Türkmənçay müqaviləsi əsas gətirilərək, İrandan bura 10 min 652 nəfər erməni köçürülür. 1849-cu ildə erməni vilayəti ləğv olunur və bu ərazilərdə İrəvan quberniyası yaradılır. Naxçıvan ərazisi isə qəzalara bölünür.
Nəhayət, Çar İmperiyasının dağılmasından sonra I Dünya Müharibəsinin yaratdığı xaosdan istifadə edən ermənilər yenidən Naxçıvan iddialarını qaldırırlar. 1918-ci ilin 4 iyununda erməni terrorçu Andranik Ozanyan Osmanlı ilə AXC arasında bağlanan müqaviləni tanımayaraq, Naxçıvanı işğal etməyə cəhd edir. Zəngəzur işğal olunur və əhali soyqırıma məruz qalır. İyulun 19-da isə türk ordusu bölgəni ermənilərdən təmizləyir. Avqustun 30-da Mudros müqaviləsindən sonra türklər bölgəni tərk etmək məcburiyyətində qalırlar. Bu, ermənilərin fəallaşmasına səbəb olur. Məhz bu planların qarşısını almaq məqsədilə bölgədə Araz-Türk Cümhuriyyəti qurulur. Cəfərqulu xan Naxçıvaniski yeni dövlətin ilk general-qubernatoru olur. Araz-Türk Cümhuriyyətinin 1918-ci ilin hansı ayında elan edildiyi dəqiq deyil. Tarixçilərin ümumi razılaşdığı təqvim 1918-ci ilin noyabr ayıdır. Lakin bəzi tarixçilər bunun noyabrın 3-də, bəziləri isə 18-də qeyd edirlər.
Misal üçün AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Nazim Mustafa yazır : “30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən, türk ordusu 1914-cü il sərhədlərinə çəkilmək məcburiyyətində qaldığından və bununla da, ermənilərin həmin əraziləri işğal etmək təhlükəsi yarandığından Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli qəsəbəsinə toplanaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxarırlar”.
Araz-Türk Cümhuriyyətinin mərkəzinin İğdır olduğu haqda məlumatlar var. Digər versiyalara görə, Naxçıvan, Qars və Qəmərli də mərkəz olub. Lakin bütün proseslərin Naxçıvandan idarə olunduğu əksər tarixçilərin razılaşdığı fikirdir.
Həmin hadisələrin canlı şahidi olmuş ədəbiyyatşünas Lətif Hüseynzadə “Araz şahiddir” kitabında yazır: “Oktyabr ayının son günləri idi. Kazım Qarabəkir paşanın son iqamətgahı olan Rəhim xanın evinin qarşısında çoxlu adam toplaşmışdı... Burada Naxçıvanın gələcək taleyi – dövlətçilik statusu haqqında məsələ müzakirə edilirdi. Bu iclasda Kazım Qarabəkir paşa dedi: “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmısınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmısınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”.
Şərqin qapısında cümhuriyyət qurulur. Bu cümhuriyyətin tərkibinə Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və sair ərazilər daxil olur.
Araz-Türk Cümhuriyyətinin ilk general-qubernatoru Cəfərqulu xan Naxçıvanski idi. Sonradan cümhuriyyətin sədr və 6 üzvdən ibarət hökuməti yaradıldı. Hökumətin sədri Əmir bəy Əkbərzadə idi. İbrahim bəy Cahangiroğlu hərbi nazir, Qənbər Əlibəy Bənəniyarlı maliyyə naziri, Bağır bəy Rzazadə inzibati nazir, Məmməd Bəyzadə ədliyyə naziri, Həsənağa Şəfizadə xarici işlər naziri və Mirzəhüseyn Mirzə Həsənzadə və Lütfi Xoca Ekid Əfəndi şeyxülislam, general Əli Əşrəfbəy fəxri üzv və aşirət rəisi idi.
Cümhuriyyət cəmi bir il fəaliyyət göstərə bildi. Ermənilər Naxçıvanı işğal edəndən sonra bu dövlət dağıdıldı. Bölgə bir də 1920-ci ildə Qarabəkir Paşa tərəfindən azad olundu. AXC-nin süqutundan sonra bolşeviklər bu əraziləri də işğal etdi.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) : Mudros müqaviləsi nəticəsində Osmanlı bölgədən geri çəkilmək məcburiyyətində qaldı. Lakin bölgəyə verilən dəstək kəsilmədi. Əvvəlcə, oktyabrın 29-da Ömər Faiq Nemanzadənin rəhbərliyi ilə Axıska hökuməti yaradıldı. Noyabrın 5-də “Qars İslam Şurası” elan olundu. Noyabrın 14-də I Qars konfransı çağırıldı. Noyabrın 30-da “Qars İslam Şurası”nın dəvəti ilə Naxçıvan, Ordubad, Qəmərli, Sürməli (İğdır), Şərdi Şörəyəl, Axıska, Axalkələk və Batum bölgələrindən gələn 60 nəfərlik nümayəndənin iştirakı ilə II Qars konqresi keçirilir. Bu konqresdə Qars İslam Şurası yaradılır. Araz-Türk Cümhuriyyəti də bu Şuranın tərkibinə qatılır. 12 nəfərlik hökumətə də Araz-Türk Cümhuriyyətinin hərbi naziri olmuş İbrahim bəy Cahangirzadə rəhbərlik edirdi. Əsas hədəf daşnakların türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımın qarşısını almaq idi. 1919-cu ilin 13 yanvarında isə ingilis generalı Bisç Qarsa gələrək, erməni Stepan Korqanovu Qarsın valisi təyin etdiyini elan edir. Lakin Şura ona qarşı çıxaraq, bölgə əhalisinin 85 faizinin türklərdən ibarət olduğu əsasını gətirirlər. Son nəticədə general Bisç Qars İslam Şurası hökumətini tanıyır.
1919-cu ilin 27 yanvar tarixində isə Qars İslam Şurası Qars Demokratik Cümhuriyyətinin (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) yarandığını elan edir. Dövlətin paytaxtı Batumi olur. Əraziləri isə Batumidən Ordubada qədər uzanır. Ərazisi 40 min kvadratkilometr, əhalisinin sayı 1 milyon 800 min nəfər idi. Əhali arasında türklər üstünlük təşkil etsə də, rus, yunan, malakan kimi milli azlıqların da hüquqları qorunur, onların nümayəndələri hökumətdə təmsil olunurdu. Yeni dövlətin 18 maddədən ibarət konstitusiyası qəbul olundu. Dövlət dili türk dili idi. Bayrağı ağ, yaşıl və qara olmaqla üç rəngdən və ay-ulduzdan ibarət idi. Hökumətin rəsmi orqanı Batumidə həftədə üç dəfə çıxan “Sədayi millət” qəzeti idi. Lakin heç bir siyasi partiya yox idi. Buna görə də 65 bitərəf deputatın təmsil olunduğu parlament yaradıldı. Spiker Doktor Əsəd bəy Oktay oldu.
Parlament dövlətin daxili və xarici siyasət kursunu müəyyənləşdirmişdi:
- Bütün qonşularla, xüsusilə yeni yaranmış Qafqaz dövlətləri ilə mehriban münasibətlər qurmaq.
- Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) neytral dövlətdir.
- Dövlətin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər.
Lakin yeni dövlətin bir çox çətinlikləri var idi və onlar əsas ümidlərini Azərbaycan Xalq Cümhuriyyətinə bağlamışdılar. AXC-nin Batumidəki konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək bildirdi: “Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir”.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) 1919-cu il yanvarın 25-də AXC-yə müraciət edərək, hərbi və maddi yardım istədi. Buna cavab olaraq, Azərbaycan hökuməti onlara hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) iki tərəfdən – Ermənistan və Gürcüstandan təzyiqlərə məruz qalırdı. Gürcüstan Batumi iddiasına görə bu siyasəti yürüdürdü. Cəmi 15,5 min hərbi qüvvəyə malik olan yeni dövlət bu təzyiqlərə çətinliklə qarşı çıxırdı. Artıq Qafqaza diktə etməyə başlayan ingilislər də Ermənistanı və Gürcüstanı dəstəkləyir, Qars dövlətinin ərazisini bu iki ölkə arasında bölüşdürməyi planlaşdırırdı. Buna baxmayaraq, ingilislər AXC hökumətini Qars Demokratik Cümhuriyyəti ilə bağlı status-kvonu saxlayacaqlarına inandırırdılar. Qars Demokratik Cümhuriyyəti müvəqqəti hökumətinin sədri 1919-cu ilin 26 yanvar tarixində AXC-yə nota göndərir.
“Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı”, - deyə notanın mətnində bildirilir.
Nəhayət, 1919-cu ili 12 aprel tarixində ermənilər ingilislərin köməyi ilə Qarsa hücuma keçdilər. AXC hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Böyük Britaniya komandanlığına etiraz etdi. Lakin ingilislər Qars Demokratik Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarla Gümrüyə, oradan da Batumi yolu ilə Malta adasına sürgün etdilər. Bununla da Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) süqut etdi.
(Qars Demokratik Cümhuriyyətinin Hökumət üzvləri yalnız 1921-ci il mayın 23-də Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə qayıtdılar).
Aprelin 14-də ingilis generalı Devinin məsləhəti ilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni Milli Şura yaradıldı. Aprelin 19-da S.Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bundan sonra erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk əhali dəhşətli soyqırımına məruz qaldı. Aprelin 30-da qondarma Milli Şura ləğv edildi. 1920-ci ilin payızınadək Qars Demokratik Cümhuriyyətinin ərazisi ermənilərin və gürcülərin işğalı altında qaldı. Bu işğal 1920-ci ilin okrtyabrında bölgənin türk ordusu tərəfindən azad olunmasına qədər davam etdi.
Tarixçi Nazim Mustafa “Türkiyədə Qətliam” məruzəsində bildirir ki, ermənilər yaş və cins fərqi qoymadan silahsız əhalini məhv edirdilər: “Ərzurumda və Qarsda ermənilər əsil soyqırımı etdilər. Erməni quldur dəstələri Ərzincandan Qarsa qədər böyük ərazidə müsəlman kəndlərini tamamilə dağıtdılar. Qars ərazisində ermənilərin müsəlman əhaliyə qarşı kütləvi qətlləri 1920-ci ilin oktyabrında türk ordusunun regionu azad etməsinə qədər davam etdi”.
1920-ci ilin 25 dekabrında Amerika kəşfiyyatının admiral Mark Bristoluya göndərdiyi “Qars 3300 epizod” adlı 14 səhifədən ibarət məxfi teleqramda belə yazılıb: “Türklər Qarsa girdilər və erməni əsgərlər heç bir atəş açmadan qaçmağa başladılar. Erməni əsgərlərin bir çoxu silahını atıb, formalarını çıxardır və evlərdə, xəstəxanalarda və uşaq evlərində gizlənirdilər. Hətta erməni əsgərləri uşaq çarpayılarının altında qorxa-qorxa gizlənirdilər. Bəzi əsgərlər türklərə təslim olur və öz orduları haqqında bütün sirləri açırdılar, əsgər yoldaşlarının yerini deyirdilər”.
Bu sənəd hazırda ABŞ Konqresinin Kitabxanasının əlyazmalar bölməsində saxlanılır.
Qars Milli Müsəlman Şurasının məlumatına görə, 1919-cu ilin avqustuna qədər Qars ətafında 70 kənd, Kaqızmanan ətrafında 50 kənd, Kela bölgəsində 30 kənd ermənilər tərəfndən tamamilə dağıdıldı, on minlərlə insan öldürüldü və yaralandı. Bu bölgələrdə erməni vandalizminin izləri – müsəlmanların kütləvi qəbiristanlığı indiyə qədər qalır.
... Ermənilərin və Qərb güclərinin bölgəyə dair planları indiyə qədər davam edir. Məlumatlara görə, erməni diasporunun bölgə ilə bağlı planlarına Soros Fondu da yaxından dəstək verir. Xüsusilə, bölgəyə xristian missionerlər göndərilərək, yerli müsəlmanlar arasında xristianlığın yayılmasına çalışırlar.
Qarsdakı Harakan məscidinin imamı Yavuz Selim qələmə aldığı məqaləsində yazır :
“Ermənistan Azərbaycan torpaqlarını işğal edərək, yüz minlərlə insanı evindən-yurdundan qovdu. Türkiyə buna görə 1993-cü ildə Ermənistanla sərhədlərini bağladı. Erməni diasporu bundan sonra Türkiyədəki fəaliyyətini gücləndirərək, Cənub-Şərqi və Qərbi Anadoluda, həmçinin, Qafqazda təşkilatlanmaya başladı. 1993-cü ildən indiyə kimi onlar sərhədlərin açılması üçün çalışırlar və bu işdə Qarsı mərkəz olaraq seçiblər. Xristian missionerləri müxtəlif adlar altında bölgəyə göndərilir. Xüsusilə, Fransa, Belçika, Hollandiya, Almaniya və Amerikada olan erməni lobbisinin yüksək səviyyəli şəxsləri Qarsla bağlı bir sıra planlar qurublar. Onlar “Qarsı Qafqazın çox mədəni və müxtəlif etnik qrupların yaşadığı mərkəzi edəcəyik” deyə bildirirlər. Bu işdə onların Qarsdakı tərəfdarları da iştirak edir. Erməni diasporunun bu fəaliyyətinə ən böyük dəstəyi Lissabonda yerləşən Gülbenkyan Vəqfi verir. Xarici ölkələrin də dəstəyi ilə Qarsda fəaliyyət göstərən erməni diasporu şəhərin türk memarlıq tikililərinin dəyişdirilməsi istiqamətində də çalışır. Bütün bunlar isə “Qarsda Osmanlı mirasının qorunması” adı altında aparılır. Erməni diasporunun bu fəaliyyəti 2013-cü ildən başlayaraq güclənib. Qarsın memarlıq quruluşunun yenilənməsi adı altında tarixi müsəlman abidələri məhv edilir”.
Böyük oyun davam edir. Bu oyunun daha da genişlənməməsi üçün diqqətli olmalı və lazımı anda qabaqlayıcı addımlar atılmalıdır. Ən azından tarixin təkərrür etməməsi üçün...
Asif,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
7 Dekabr 2016 / 10:35
Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi Fəthullahçı Terror Təşkilatı ( FETÖ) haqqındakı hesabatını yeniləyib.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, 2016-cı il 9 sentyabr tarixli 56 səhifəlik hesabat terror cinayətlərinə baxan Yargıtay 16-cı Cəza Dairəsinə göndərilib.
Hesabatda diqqət çəkən detallardan biri təşkilatın Türkiyəni “fəaliyyət bölgələri” olaraq 9 hissəyə bölməsidir. FETÖ bölgələrə sirri bilinməyən aşağıdakı kod adları verib.
1. AH: İstanbul, Kırklareli, Ədirnə.
2. FT: Bursa, Çanaqqala, Balıkesir, Kütahya, Bilecik.
3. HL: Manisa, İzmir, Aydın, Muğla, Antalya, Afyonkarahisar, Uşak, Dənizli.
4. SLÇ: Ankara, Eskişehir, Kırıkkale, Bolu, Çankırı.
5. SLM: Adana, Hatay, Mersin.
6. TR: Konya, Karaman, İsparta.
7. KN: Kayseri, Niğde, Aksaray, Nevşehir, Kırşehir, Yozgat.
8. SD: Malatya, Elazığ, Bingöl, Tunceli.
9. AKF: Trabzon, Ordu, Giresun, Gümüşhane, Bayburt, Rize, Artvin.
Hesabatda təşkilatın maliyyə qaynaqlarından danışılır. Hesabata görə, FETÖ iş adamlarından təhdid və şantajlarla pullar alıb, təşkilat üzvlərinin maaşlarının 10 faizini “himmət” adı altında ələ keçirib.
Ömər Dağlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
7 Dekabr 2016 / 15:30
Türkiyəli politoloqla müsahibə
Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsi və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyinin ortaya çıxmasından sonra Qərblə Şərq arasında güc balansının dəyişə biləcəyi məsələsi gündəmə gəlib. Əgər Türkiyə ŞƏT-ə üz olarsa, bu gücün Qərbdən Şərqə keçməsinə səbəb ola bilər. Lakin bu proseslərdə Türkiyənin də itirəcəyi şeylər az deyil. İndi Türkiyənin hansı yolu tutacağı, hansı siyasət izləyəcəyinə dair açıq qalan suallar var.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, politoloq Hasan Oktay Publika.az-a müsahibəsində bu suallara cavab verib.
- Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarsa, bu, onun üçün təhlükəli ola bilərmi?
- Türkiyə 15 iyul hadisələrindən sonra çox ciddi fikir qarışıqlığı ilə qarşı-qarşıyadır. AKP hökuməti 2002-ci ildə ABŞ-Avropa Birliyi-FETÖ ilə qurduğu koalisiyanı pozandan sonra ölkə böhranlarla üzləşdi. Problem Türkiyə yox, hökumətin yanlış siyasətidir. İndi ABŞ və Avropa Birliyi AKP-ni FETÖ ilə dayandırmaq istəyir. Lakin bunu edərkən tarixi səhvə yol verdi və 15 iyulda xalqın etirazını hesablaya bilmədi. Türk milləti ölkəsinə sahib çıxaraq oyunu pozdu. Hərbi qiyam cəhdi millət tərəfindən yatırılandan sonra AKP xalqın yanına qayıtdı. Əslində, AKP 3 noyabr 2002-15 iyul 2016 tarixində etdiyi səhvlərin cəzasını çəkir. Eyni zamanda, AKP üzərində bu cəzanı türk xalqına da vermək istəyirlər. Məhz burada Türkiyənin Avropa İttifaqından üz döndərərək, Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması gündəmə gəlir. AKP və ABŞ-Aİ-FETÖ arasındakı mübarizə Türkiyə dövlətinin uzunmüddətli strategiyasını dəyişdirə bilməz. Türkiyə 150 ildir Qərb ittifaqı ilə hərəkət edərək, qərbləşməni bir mədəniyyət layihəsi olaraq görür və tarazlaşdırılmış siyasət aparır. Bu baxımdan, AKP və ABŞ-Aİ-FETÖ mübarizəsi müvəqqətidir. Bu, Türkiyə üzərində aparılan qarşıdurmadır. AKP türk xalqına və Türkiyəyə söykəndiyi müddətdə həmişə ayaqda qalacaq. Türkiyə 150 illik qərbləşmə hədəflərindən bir anda vaz keçməz, vaz keçməyəcək də. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatına görə Avropa İttifaqına üz çevirməyəcək. Hesab edirəm ki, hazırda heç bir təhlükə yoxdur.
- Türkiyənin Şərqə doğru üz tutması NATO-dan ayrılması ilə nəticələnə bilərmi?
- Biz NATO-dan çıxmağı yox, NATO-ya bir türkün baş katiblik etməsini istəyirik. ABŞ-Aİ son illərdə AKP ilə apardığı mübarizəni Türkiyə ilə mübarizəyə çevirərək, səhvlərə yol verir. Fikrimcə, qısa zamanda bu xəstəlikdən vaz keçəcəklər. Avropa İttifaqı son dövrlər Türkiyəyə qarşı mövqeyini dəyişdirdi və sərtləşdirdi. Hazırda siyasi tarazlıqlar pozulur, iqtisadiyyatlar alt-üst olur və ölkələr bir-birinə qarşı açıq hücuma keçməkdən çəkinmirlər. Suriya böhranı III Dünya müharibəsinə səbəb olmadı, amma bir çox dövlət bu müharibənin kandarına qədər gəlib çıxdı. Türkiyə sərhədləri yaxınlığında baş verən hadisələrə müdaxilə edib-etməmək arasında tərəddüd edir. Bir tərəfdən İŞİD-ə qarşı mübarizə üçün ordu Suriyaya daxil olur, digər tərəfdən Əsədə müharibə elan ediləcəyi bildirilir. Türkiyə ABŞ və Aİ istədiyi üçün Suriya məsələsinə bu qədər müdaxilə etdi. Sonra gördü ki, gedişat təhlükəlidir. ABŞ-Aİ Ərdoğana qarşı böyük bir oyun oynadı, lakin sonda məğlub oldu. İndi təşviş içində hərəkət edirlər. Amma qısa zamanda hadisələr normallaşacaq. Türkiyə ona qarşı edilənləri unutmayacaq, amma münasibətlərin də davam etməsi üçün lazımı addımlar atır. Türkiyə heç bir ittifaqa məcbur və məhkum deyil, lakin regional proseslər Türkiyənin Qərb ittifaqında qalmasını göstərir. Bu ittifaqdan çıxıb-çıxmamağa Türkiyə özü qərar verəcək. Demokratik dəyərlər, insan haqları, hüququn üstünlüyü bəşəri dəyərlərdir. Bu dəyərlərə əməl edən ölkə qazanar. Türkiyə də NATO-dan çıxmayacaq, əksinə NATO-nun baş katibinin türk olması haqqını müdafiə edəcək. Türkiyə Avropa İttifaqı ilə də əlaqələri kəsməyəcək. Lakin Avropa İttifaqı bir tərəfdən Türkiyə ilə müzakirələri davam etdirir, digər tərəfdən terror təşkilatı olan PKK ilə müxtəlif platformalarda görüşlər keçirir. PKK rahat şəkildə Avropa İttifaqı ölkələrində fəaliyyət göstərir. Avropa İttifaqı bunu demokratik azadlıq adı altında edə bilər, amma nəticə olaraq Türkiyənin etibarını itirir. Türkiyə də Avropa İttifaqına qarşı haqlı olaraq etiraz edir.
- Türkiyə ŞƏT-lə yaxınlaşarsa, Rusiya və Çinin tərkibindəki türklərə dəstəyini necə verəcək, yaxud bunu kəsəcəkmi?
- Türkiyə beynəlxalq münasibətlərdə qaydalara ən çox diqqət edən ölkələrdən biridir. Ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Bunun bariz nümunəsi Azərbaycandır. Qarabağ məsələsi Türkiyənin ən həssas olduğu mövzudur və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyənhin Rusiya və Çin coğrafiyasında yaşayan türklərlə maraqlanması isə həmin ölkələrin hüquqi və ərazi bütövlüyü çərçivəsindədir. Türkiyə bu çərçivənin kənarına çıxmır. Hər ölkənin qanunu, bayrağı, ərazi bütövlüyü o coğrafiyada yaşayan türklər üçün də əsasdır. Bu, vacib mövqedir. Bu baxımdan, həm Çin, həm də Rusiya Türkiyədən narahat olmamalıdır. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə sağlam münasibətlər qura və Qərb dəyərlərini bu təşkilata da transfer edə bilər. Eyni zamanda, bu təşkilata daxil olan ölkələrin məhsulları da Türkiyə üzərindən Avropaya daşına bilər. Türkiyə burada ən yaxşı körpüdür.
- Yəni Türkiyə iki cəbhə arasında balans siyasəti aparacaq?
- Türkiyə Avropa İttifaqı ilə müzakirələrdən və qərbləşmə layihələrindən vaz keçməyəcək, lakin regional ittifaqlarla da münasibətlərini davam etdirəcək. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlər qurmaq istəyi bütün diqqətin üzərinə yönəlməsinə səbəb oldu. Türkiyə ittifaqların axtardığı üzv ölkə dəyərindədir. Çox vaxt böhranlar yeni dönəmin başlanmasına səbəb olur. ŞƏT ilə Aİ arasında seçim yox, körpü rolunu oynaya bilmək potensialına sahib olan Türkiyə Avropa standartlarını ŞƏT-ə, ŞƏT-in potensialını da Avropaya transfer edə bilər. Eyni formada Rusiya-NATO qarşıdurmasında da vasitəçi ola bilər. Yəni Türkiyə mövcud böhranın həll açarı ola biləcək potensiala sahibdir. Vacib olan bu böhranı həll edərək regional güclərin arasında yerini ala bilməkdir. ŞƏT inkişaf etməkdə olan bir ittifaq olsa da, Aİ-nin standartlarından çox uzaqdır. İnsan haqları, hüququn üstünlüyü kimi bəşəri dəyərlər məsələsində ŞƏT çox zəifdir. Bu baxımdan, Türkiyə bəşəri dəyərləri bura transfer edə bilər. Fikrimcə, Türkiyə Aİ ilə müzakirələri davam etməlidir. Yəni böhrandan qaçmaq yox, onu həll etmək lazımdır. Türkiyənin 50 illik Aİ siyasətindən bir andan vaz keçməsi mümkünsüz görünür. Ola bilsin ki, yeni addımlarla müzakirələrdə əlini gücləndirmək və istədiyinə nail olmaq istəyir. Lakin Aİ ilə Türkiyənin 50 illik münasibətləri 15 iyul hadisələrinin təsiri ilə bir qələmdə silinib atıla bilməz. Bu baxımdan, Aİ və Türkiyə münasibətlərini yenidən gözdən keçirməli və sağlam əlaqələr qurmalıdır.
- Türkiyə Qərb və Şərq arasındakı tərəzidə tarazlığı saxlayan güc rolundadır. İndiyə qədər Qərb ittifaqlarında olması tərəzinin bu gözünün ağır olmasına səbəb idi. İndiki situasiya bir qədər fərqlidir. Bu tərəzinin gözü Qərbdən Şərqə doğru dəyişə bilərmi?
- Türkiyə tarazlıq nöqtəsindədir. Hansı cəbhəyə keçərsə, həmin cəbhənin aktivləşməsi mümkündür. Lakin burada əsas olan qarşıdurmaların qarşısını almaqdır. III Dünya müharibəsinə doğru getdiyimiz bir vaxtda, ağıllı davranan mərkəzlərə ehtiyac var. Türkiyə bəlkə də ilk dəfə Qərblə Şərq arasında keçid ölkəsi olmaqla yanaşı, həm də tarazlayıcı faktordur. Belə vəziyyətlərdə Türkiyə yaxşı siyasət aparmalıdır. 15 iyulda AKP hökuməti böyük bir şok yaşadı və hələ də bunun təsirindədir. Buna görə də aparılan siyasət bir qədər qarışıqdır. Əgər iqtisadi böhran sürətlənərsə, qısa zamanda ciddi problemlər ortaya çıxa bilər. Lakin MHP və onun lideri Dövlət Baxçalı yerində müdaxilə edərək, Türkiyəni fırtınalı dənizdən sakit limana doğru çəkir. Bu günlərdə həmişə olduğundan daha çox soyuqqanlı şəxslərə ehtiyac var.
Asif Nərimanlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR