Translate

7 Aralık 2016 Çarşamba

ÜZEYİR CƏFƏROV : TANRI AZƏRBAYCANIMIZI GEYDİRMƏ "QARDAŞLARDAN" QORUSUN !

06.12.2016 / saat 10:28

Əziz dostlar! Hörmətli həmkarlar!

Dünən - 05.12.2016 -cı il tarixində Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı, Rusiyanın Qəhrəmanı, general-polkovnik Vladimir Şamanovun çox maraqlı bir açıqlaması ilə tanış oldum. Keçmiş SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət keçmiş hərbçilər arasında kifayət qədər tanınan rus generalı, hazırda Dövlət Dumasının ən önəmli komitələrindən birinin rəhbəri kimi o regionla, Azərbaycanla bağlı bir sıra maraqlı məqamlara toxunub. Məhz ona görə də, onun bəzi açıqlamaları ilə bağlı öz fikirlərimi sizlərlə bölüşmək istərdim. 

General Şamanovun deməsinə görə, “Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və ola da bilməz. O bildirib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır: “Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”. Ehtiyatda olan general-polkovnik Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yalnız hava hücumundan müdafiə qoşunlarından ibarət olduğunu da bildirib: “Burada söhbət quru qoşunlarından deyil, hava hücumundan müdafiə qoşunlarından gedir. Bu saziş sırf müdafiə xarakteri daşıyır. Ona görə də Rusiya Dövlət Duması və Müdafiə Komitəsi tərəfindən dəstəklənib. Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”.

Hörmətli rus generalının dedikləri ola bilsin mülki, hərbi sahədən bir qədər uzaq olan dostlarımız üçün normal, cəlbedici görünsün. Hətta, belə açıqlamadan sonra, rusiyapərəst, Azərbaycanın nə yolla olursa-olsun rəsmi Moskvanın orbitinə keçməsini arzulayan şəxslər üçün bir təbliğat vasitəsi üçün işarə rolu da oynaya bilər. Amma, həmən yoldaşlara müraciət edirəm ki, siz rus generalının açıqlamasını DİQQƏTLƏ OXUYUN və incələyin. O çox qeyri-səmimi və realıqdan uzaq fikirlər söyləyir. Əvvala, Rusiya Federasiyasının 2049-cu ilədək Ermənistanda yerləşəcək 102-ci Bazası ən müasir silah və texnika ilə hərtərəfli təhciz olunub və bu proses durmadan davam etdirilir. Rusiya və önun Cənubi Qafqazda ən sadiq və birmənalı vassalı olan Ermənistan üçün hansı təhlükə mövcuddur ki, onlar əlavə birləşmə yaradılması haqqında qərar qəbul edirlər? Özü də bu birləşmənin komandanı kimi isə qatı millətçi, erməni generalı, Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Birləşməsinin komandiri general-mayor Arkadiy Makaryanı təyin ediblər. Özü də, RF Dövlət Dumasının önəmli şəxslərindən biri, prezident Vladimir Putinin ən sevimli və etibar etdiyi desant generalı V. Şamanovun özü də gözəl bilir ki, o sadəcə Azərbaycan xalqını aldatmaq və "başımızın altına yastıq" qoymaq üçün bu fikirləri səsləndirib. Açıqlamasının sonunda, o "bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz” ifadəsini işlədir. Fikir verdinizsə, rus general bizə "qardaş" kəlməsi ilə müraciət edir. 

Ay yoldaş, İvan, ay yoldaş tovariş, sən necə qardaşsan ki, 20 ildən çoxdur sənin "qardaşının Qarabağdakı evini-eşiyini, yurdunu-yuvasını, sənin ƏSL din və iman qardaşların Ermənistan məhz sənin İŞTRAKINLA viran qoyub, sən bu günə kimi bir dəfə də olsun dillənməmisən, səsin çıxmayıb, indi nə baş verirb ki, sən Azərbaycandakı "qardaşlarını" yada salmısan? Yeni partiya, özü də dəyəri milyonlarla olan silah-sursat satmaq haqqında son vaxtlar dolaşan söhbətlərin fonunda sizin "qardaşınızı" yada salmağınız da çox riyakar və qeyri-səmimi hərəkətdir. Keçmiş SSRİ zamanında, hərbçilər, adətən öz əsəblərini, hirslərini bir-birinə izhar etmək üçün, məhz üç məhşur sözdən ibarət cümlələrdən istifadə edirdilər. Şəxsən bütün gördüklərimizin və yaşadıqlarımızın fonunda Sizin ünvanınıza indi məhz o məşhur, amma mətbuatda yazılması qeyri-etik çıxan sözləri demək istərdim. Öz payınızı nəhayət ki, götürsəniz, pis olmazdı. Azərbaycan xalqının humanistliyindən yetərincə istifadə etdiniz, bəsdir. Adam, kişi olar. Özü də, əgər çiynində general paqonu daşıyırsa, onda daha ciddi və əsl Kİşi olmağa borcludur.

Tanrı Azərbaycanımızı geydirmə "qardaşlardan" qorusun !


& VƏTƏNSEVƏRLƏR

2 Aralık 2016 Cuma

AZƏRBAYCAN MAĞARA TƏFƏKKÜRLÜ İNSANLA DANIŞIQLAR APARIR

2 Dekabr 2016 / 11:55 

Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə dolu bəyanat səsləndirməsi özünü və hakimiyyətini rəsmən ifşa etməsi deməkdir. Bu gün Azərbaycan yalnız ərazisi üzərində suverenliyini bərpa etməsi məsələsini qaldırırsa, Ermənistan qonşu dövlətin paytaxtını tuta biləcəyini bəyan edir. Bu, orta əsrlər dövrünə, hətta ondan öncəki dövrə məxsus mağara təfəkkürüdür. Bu, Ermənistanın artıq açıq-aşkar dünyanın qəbul edilmiş hüquq normalarını və qaydalarını inkar etmək etməsi deməkdir. Bu adam üçün artıq sivil dünya, beynəlxalq hüquq normaları, BMT-nin nizamnaməsi və qərarları anlayışları yoxdur. İndi görün Azərbaycan prezidenti Ermənistanı idarə edən bu cür insanla üzbəüz qalıb onunla Qarabağ probleminin həllinə dair danışıqlar aparmalıdır.


Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, digər tərəfdən, Sarkisyanın hədə-qorxu bəyanatını həyata keçirə bilməyəcəyini əslində Ermənistan ictimaiyyəti özü çox yaxşı bilir: "Aprel ayında Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşıdurmada açıq-aşkar məğlubiyyətə uğradı və iki min hektar mürəkkəb coğrafiyası olan ərazi işğalçılardan azad edildi. Ermənistan ordusunda böyük təşviş var idi və ali baş komandan olan Serj Sarkisyanın özü həmin günlərdə Azərbaycanla danışıqlara hazır olmasına dair bəyanatlar verir və beynəlxalq birliyi hərbi əməliyyatları dayandırmaq üçün vasitəçi olmağa çağırırdı. Bu gün isə onun hərbi ritorika ilə çıxış etməsi gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Bu gün Ermənistan hakimiyyəti seçkilərdə seçici qarşısına hər hansı bir uğuru ilə çıxa bilmir. İnsanların həyat şəraitinin aşağı düşməsi, gələcəyə inamın olmaması, müstəqilliyini digər dövlətlərə satması kimi məsələlər seçicidə başqa bir alternativ axtarmaq meyli yaradır. O baxımdan baş nazir dəyişildi, indi isə diqqəti daxili məsələlərdən hərbi ritorika ilə Qarabağ məsələsinə yönəltməyə çalışır. Bu yaxınlarda hökumət əhaliyə satılan təbii qazın qiymətini aşağı saldı. Halbuki bu, Ermənistan büdcəsinə böyük zərbə vurur. Seçkidən sonra isə həmin qiymətlər yenidən asanlıqla qaldırılacaq".


A.Mirzəzadə hesab edir ki, Sarkisyan bu cür bəyanatlarla nə Azərbaycanı qorxuda, nə də beynəlxalq ictimaiyyəti aldada biləcək: "Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmindədir və öz Silahlı Qüvvələrini daim gücləndirir. Ölkəmizin hər bir vətəndaşı torpaq uğrunda mübarizə aparmağa, döyüşməyə və hətta ölməyə hazırdır. Əgər Ermənistan danışıqlarda qeyri-konstruktuv mövqe göstərəcəksə, onu növbəti "aprel hadisələri", özü da daha ağır formasında gözləyir".


Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da İrəvanda Respublika Partiyasının 16-cı qurultayında danışıqlar prosesini sual altına qoyan, eləcə də Azərbaycanın ünvanına hədələrlə dolu bəyanatla çıxış edib: "Biz qarşımıza Bakını tutmaq və onu kapitulyasiyaya məcbur etmək kimi hərbi-siyasi məqsəd qoymamışıq, amma eyni zamanda yaxşı anlayırıq ki, düşmənə sarsıdıcı zərbə vura bilərik: fikrimcə, əlavə detallara ehtiyac yoxdur".

Erməni "fürer" bununla kifayətlənməyərək aprel hadisələrinə görə Azərbaycanı ittiham edib, eləcə də rəsmi Bakının mövcud vəziyyəti və qüvvələr balansını real qiymətləndirmədiyini deyib. Onun fikrincə, Qarabağ problemi yalnız Qarabağ xalqının (?) öz müqəddəratını azad təyin etməsi (?) yolu ilə həll edilə bilər, bütün digər məsələlər isə buna paralel olaraq həllini tapacaq.


İlkin İzzət,
MİLLİ.AZ & VƏTƏNSEVƏRLƏR

1 Aralık 2016 Perşembe

PUTİNDƏN ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ ƏMRİ

GÜNÜN SİYASİ XÜLASƏSİ
7 rayon üçün ŞƏRT... 

Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri işğal olunmuş ərazilərinin qaytarılmasından və Qarabağın statusunun müəyyənləşdirilməsindən danışıb. Rusiya tərəfindən ilhaq edilən Krım ətrafında gərginlik son həddə çatıb. Kiyev Krım yarımadasına yaxın ərazilərdə raket təlimlərinin startını elan edib. “Reuters” agentliyi Rusiya tərəfindən dəstəklənən və Dəməşq tərəfində vuruşan hərbi ittifaqdakı yüksək vəzifəli məmura istinadən Moskvanın Hələb planını açıqlayıb.

Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib. 
O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun müəyyənləşdirilməsi halında müzakirə oluna bilər.

Ermənistan prezidenti Serj Sarkisyan “Rusiya bu gün” agentliyinə müsahibəsində qeyd etmişdi ki, Qarabağın statusunun müəyyən edilməsi şərti ilə yeddi rayonun qaytarılmasını nəzərdə tutan sənəd mövcud olub, lakin Bakı bununla razılaşmayıb.

Ermənistanın “lragir” saytı da V.Akopyanın bu açıqlamasının şübhəli olduğunu yazıb. ABŞ-ın xarici siyasət üzrə Məsləhət Şurasının əməkdaşı, məşhur ekspert Stiven Blankın “cacianalyst” saytında dərc olunan məqaləsində irəli sürdüyü fikirlər də diqqət çəkir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Elmar Məmmədyarov bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.
E.Məmmədyarov əlavə edib ki, rəsmi Yerevan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib: "Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir".

Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.

Ermənistanın “Qraparak” qəzeti ölkənin Respublika Partiyasındakı mənbəyə istinadən Azərbaycan və Ermənistan prezidentləri arasında olan dialoqlardan birini açıqlayıb. Dialoq Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlıdır.

“Keçmişdə Qarabağdakı, Əfqanıstandakı, Balkanlardakı, Krımdakı, Kiprdəki zülmlərə qarşı necə çıxmışıqsa, indi də Suriyada, İraqda və digər bölgələrdə zülmlərə icazə verməyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. O, Hələbin bombalanmasına, insanların öldürülməsinə sərt reaksiya verib. “Hələbə düşən bombalara görə göz yaşı tökən hər uşaq, övladına sarılan hər ana-baba bizim qardaşımızdır”, - deyə o diqqətə çatdırıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbaycana işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb. Danışıqlar zamanı regiondakı hadisələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

SEPAH generalı Ərdoğanı təhdid edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini, general Rəsul Senayirad bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsəd hökumətini devirməyə gücü çatmaz.

İranlı general deyib ki, əgər Türkiyənin belə gücü olsaydı, o zaman Suriya və İraqla sərhəddə “bufer zona” yaratmağa nail olardı: “Ancaq Türkiyə bunu bacara bilmədi. Ona görə də Türkiyə hakimiyyətinin Bəşər Əsədə qarşı müharibəsi yalnız quru sözdən ibarət ola bilər”.

Rəsul Senayirad iddia edib ki, Türkiyə və İordaniya Suriyada Bəşərə Əsədə qarşı olan qüvvələrə logistik dəstək verir: "Bu dəstəyin arxasında isə Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri dayanır”.

Türkiyəyə səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriyada türk əsgərlərinin vurulması ilə bağlı sözləri qalmaqala səbəb olub.

Türkiyə mediası Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən S. Lavrovun “Türk əsgərlərini Suriya ordusu vurdu” dediyini bildirsə də sonradan bunun tərcümə səhvi olduğu ortaya çıxıb. Lavrovun “Əl-Bab hücumunu (türk əsgərlərinə hücum-red) nə Rusiya, nə də Suriya edib” dediyi məlum olub.

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Vaşinqtonun Yaxın Şərqə rəhbərlik etmək siyasətindən imtina etməli olduğunu deyib. Xanım diplomatın fikrincə, artıq bu, Vaşinqton üçün problemlər yaradır: “ABŞ uzun illərdir Yaxın Şərqə daxil olub. Bizi burada yerlilər dinləmirlər. Yaxın Şərqdəki problemi xaricdəki gücün həll etməsi mümkün deyil. Bu bölgə yalnız özü-özünü düzəldə bilər. Yaxın Şərqdəki böhranların sona çatması üçün daxili savaşlara son verilməlidir. Təbii ki, biz buradan bir gecə içində çıxa bilmərik. Yaxın Şərqdə çox dinamik bir əhali var və biz onları görmürük”.

Rusiya prezidentinin Federasiya Şurasına müraciəti

Bu gün Rusiya prezidenti Vladimr Putin Federasiya Şurasına müraciət edib. Bir sıra radio və televiziya kanalları vasitərilə birbaşa translyasiya edilən ənənəvi müraciətdə prezident daha çox iqtisadiyyat, sosial məsələlər və daxili siyasətə toxunub.

Vladirmi Putin Rusiyanın xarici siyasətinin yeni konsepsiyasını təsdiq edib.
Rusiya Dumasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib ki, Rusiyada hakimiyyət tezliklə dəyişəcək.

“Mən əminəm ki, 30-cu ilə qədər hakimiyyətə gələcəyik. Bu, son tarixdir. Bu zalda oturanların əksəriyyəti, Kreml Liberal Demokrat Partiyasının olacaq. Bu, ancaq 5 il belə olacaq. Rusiya gərək mütəmadi seçkilərin keçirildiyi ölkələri dəstəkləsin. Ölkənin 60 il bir insana köklənməsinə ehtiyac yoxdur. Bizə lider sərkərdələr lazım deyil. Mən əminəm ki, hamımız 30-cu ilə qədər siyasi elitanın normal dəyişilməsini görəcəyik. Tezliklə, Kuba və Şimali Koreyada kommunist rejimlər də yox olacaq. Bu ölkələrdə kommunist rejimlərin qurulması bizim günahımızdır. Kommunistlər bir daha heç yerdə hakimiyyətə gəlməyəcəklər”, - deyə partiya sədri bildirib.

ABŞ Nümayəndələr Palatası Rusiyanın dünyaya siyasi müdaxiləsinə qarşı komissiyanın yaradılması üçün qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 390 konqresmen səs verib. Rusiyanı müdafiə edənlərin sayı isə cəmi 30 nəfər olub. Qanun layihəsinin ilin sonuna qədər Senatda müzakirəsi gözlənilir.
Bu sənədə əsasən, ABŞ Rusiyanın müxtəlif dünya ölkələrinin siyasətinə mənfi təsirini aradan qaldırmaq üçün xüsusi qrup yaradacaq. Qrupun tərkibinə Dövlət Departamentinin, Federal Təhqiqatlar Bürosunun, Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, Energetika Nazirliyinin nümayəndələri daxil olacaq.

Krımda təhlükəli qarşıdurma - Kiyev raket atışlarına başladı

Rusiya tərəfindən ilhaq edilən Krım ətrafında gərginlik son həddə çatıb. Kiyev Krım yarımadasına yaxın ərazilərdə raket təlimlərinin startını elan edib. Raket atışları Krımın hava məkanının ən azı 30 kilometrliyində keçirilir.

Bu haqda Ukrayna Hərbi Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovskiy bildirib.
Ukraynanın elan etdiyi raket təlimləri ilə əlaqədar olaraq dünən Krımda Rusiyanın Hava Hücumundan Müdafiə qoşunları gücləndirilmiş iş rejiminə keçirilib. Krımın güc strukturlarındakı mənbə bildirib ki, Qara dəniz donanmasının gəmiləri yarımadanın qərb sahili yaxınlığında mövqe tutublar.

Rusiya prezidenti Vladimir Putin 55 min əsgərin Ukrayna sərhədinə göndərilməsi əmrini verib.
Rusiya Ukraynanın Krım yaxınlığında raket təlimlərinə başlamasına cavab olaraq, sərhəddə böyük hərbi təlim keçirəcək.
Məlumata görə, Ukrayna sərhədinə göndərilən əsgərlərin əksəriyyəti Krıma yerləşdirilir. Kreml eyni zamanda, krımın Qərb sahillərinə hərbi gəmilər göndərib. Rusiya hərbi mənbələri Qara dəniz donanmasına “müharibəyə hər an hazır olun” əmrinin verildiyini deyir.
“Putin bununla Üçüncü dünya müharibəsinə başlayacaq” – ŞOK PROQNOZ
“Rusiya tərəfindən Ukraynaya raket zərbəsi endiriləcəyi halda Üçüncü dünya müharibəsi başlanacaq”. Bunu Ukrayna Ali Radasının deputatı Yuri Bereza “Ukrayna 112” telekanalına müsahibəsində deyib.

“Bu, (Rusiyanın Ukraynaya raket zərbəsi endirməsi –red.)artıq Üçüncü dünya müharibəsinin başlanğıcı olacaq. Bu halda Rusiya artıq özünü bütün beynəlxalq qanunlardan kənarda qoyacaq”, - deyə Ali Radanın milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü bildirib.

Putinin şok planı: 50 gün ərzində bunu edəcək

“Reuters” agentliyi Rusiya tərəfindən dəstəklənən və Dəməşq tərəfində vuruşan hərbi ittifaqdakı yüksək vəzifəli məmura istinadən Moskvanın Hələb planını açıqlayıb. Mənbə bildirib ki, Suriya ordusu və müttəfiqlər ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçməsinə qədər – 2017-ci il yanvarın 20-nə kimi Hələbin bütün şərq hissəsinin müxalifət qüvvələrindən almaq istəyir.
Adının anonim qalmasını istəyən məmurun sözlərinə görə, Hələbdə hərbi kampaniyanın növbəti mərhələsi daha mürəkkəb ola bilər. Bu onunla izah edilir ki, ordu və müttəfiqlər hazırda şəhərin ən sıx məskunlaşmış rayonlarını tutmağa çalışır. Müxalifət qüvvələri son bir neçə gün ərzində Hələbin şərqinin üçdə birini itiriblər və daha bir neçə min sığınacaqdan məhrum olub.

Qırğızıstan prezidenti Almazbek Atambayev 2016-cı ilin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bir il sonra postunu tərk edəcəyini ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyini bildirib. Atambayev qeyd edib ki, ölkədə 2020-ci ilə kimi iki güclü partiyanın formalaşmasını istəyir.

Atambayev həmçinin Rusiya hərbi bazasının ölkədən çıxarılacağını deyib. O, qeyd edib ki, müqavilənin vaxtı başa çatandan sonra Rusiya hərbi bazası Qırğızıstandan çıxarılacaq: “Bəlkə də bu, kiminsə xoşuna gəlməyəcək. Lakin mən Rusiya prezidentinə fikrimiz çatdırdım, o məni anladı”.
Qeyd edək ki, Qırğızıstanda Rusiya hərbi bazası 4 obyektdən ibarətdir. 2009-cu ildə hərbi bazanın müddəti 49 illiyə uzadılıb.


Ömər Dağlı,
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR

23 Kasım 2016 Çarşamba

MUSİQİ - MÜZİK - MUSIC / HƏQİQƏTƏN MUSİQİ İNSANLARIN UNİVERSAL DİLİDİR


MUSİQİ İZLƏMƏK VƏ DİNLƏMƏK ÜÇÜN BURA DAXİL OLUN
MUSİQİ - MÜZİK - MUSIC: Arif Babayev - AzTv "Musiqi Xəzinəsi" verilişində ...

KONFİÇYÜS : 

- Həyat iztirab və kədər versə sükunəti musiqidə axtarın. Musiqi göylə torpaq arasında bir ahəngdir. 
Bağlılıq musiqinin təməlidir, sevinc və məmnuniyyət isə musiqinin məmurlarıdır. 
Düzgünlük musiqinin cövhəridir. Ciddilik, hörmət və nəzakət musiqinin sistemləridir.
Bir ölkənin doğru idarə olunub, olunmadığını, əxlaq baxımından ucalıb, ucalmadığını anlamaqmı istəyirsiniz? 
O ölkənin musiqisini dinləyin. Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir.

HƏQİQƏTƏN MUSİQİ İNSANLARIN UNİVERSAL DİLİDİR.

22 Kasım 2016 Salı

YƏHUDİ ALİMDƏN TÜRKİYƏ İLƏ BAĞLI ŞOK PROQNOZLAR

Dünyanın ikinci SUPER GÜCÜ…
21 Noyabr 2016 / 17- 42


ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) “kölgəsi” olaraq tanınan “Stratfor” analitik şirkətinin qurucusu, yəhudi alim Corc Fridman çaşdırıcı bəyanatlarını davam etdirir.

Turkustan.info Publika.az–a istinadən xəbər verir ki, “Yeni söz” nəşri onun Türkiyənin gələcəyi ilə bağlı bəyanatlarını analiz edib.

Fridmanın 2009-cu ilin yanvar ayında çıxan “Gələcək 100 il: XXI əsr üçün proqnozlar” kitabında yaxın zamanda üçüncü dünya müharibəsinin başlaya biləcəyi, Rusiya və Çinin çökəcəyi, Türkiyənin isə dünyanın ikinci super gücü olacağı göstərilib. O, son olaraq Türkiyənin Yaxın Şərq, Balkanlar, Ərəbistan yarımadası və Şimali Afrikaya hakim bir imperatorluğa çevriləcəyini, bunun da ABŞ-ın əsəblərini pozacağını söyləyib.

ABŞ Hərb Məktəbi, Milli Müdafiə Universiteti və RAND təşkilatlarında milli təhlükəsizlik və müdafiə üzrə mühazirələr oxuyan Fridman Türkiyənin dünyanın ən böyük 17-ci güclü iqtisadiyyatına malik dövlət olduğunu söyləyir. Onun sözlərinə görə, Türkiyənin iqtisadiyyatı hazırda Səudiyyə Ərəbistanının iqtisadiyyatından daha yaxşı vəziyyətdədir.

“Hərbi mövqeyi, İngiltərə istisna olmaqla Avropanın ən yaxşısıdır. Fransızları bir saatın içində məğlub edərlər. Əvvəllər ətrafı Avropa, daha sonra Rusiya və ABŞ tərəfindən mühasirəyə alınmışdı. İndi isə amerikalılar gedirlər, ruslar daha geri gəlməyəcək, ingilislər isə başqa işlərlə çox məşğuldur. Türklər qanadlarını açır”, – Fridman bildirib.

“Yeni söz” yazır ki, Corc Fridmanın “Rusiya və Çin çökəcək, Türkiyə bir saatda Almaniya və Fransanı alar, Türkiyə Balkanlardan Afrikaya qədər olan ərazini, xüsusilə də ərəbləri yenidən ölkəsinə qatacaq” şəklindəki şərhlərdən maraqlı bir nəticə çıxır: “Əsl məqsəd hər kəsi Türkiyəyə qarşı qaldırmaqdır. Qərbə “Türkiyəyə qarşı birlikdə ol!”, müsəlman ölkələrə də “türklər Osmanlı dövründə olduğu kimi dövlətlərinizi alıb torpaqlarına qatacaq” mesajı verməkdir. Rusiyanın 1917 və 1991-ci ildə olduğu kimi 2020-ci ildə çökəcəyini, Rusiya və Çin torpaqlarının Türkiyənin ov yaylağına çevriləcəyini, Türkiyənin ərəb ölkələri, Ukrayna, Krım və Yunanıstan da daxil olmaqla Balkanları ələ keçirəcəyini, Türkiyənin Afrikanın mərkəzinə qədər irəliləyəcəyini, ardınca ABŞ ilə Türkiyə arasında üçüncü dünya müharibəsi başlayacağını deyən Fridman bir çox ölkələr üçün qorxunc ssenarilər yazıb. Bu ssenarilərin arxasında “dünyanı narahat etmək” və “türklərə qarşı tədbir görmək” çağırışı dayanır”.


TURKUSTAN.İNFO
&  VƏTƏNSEVƏRLƏR

21 Kasım 2016 Pazartesi

QARAKƏND FACİƏMİZ – SAMİR ƏSƏDLİ

20 noyabr 2016 - cı il 

                                                              Samir Əsədli 

1991-ci ilin 20 noyabrında mən Yardımlı rayonunun Bilnə kəndində 2-ci sinifdə oxuyurdum. Soyuq qış gecəsində sobanın yanına sığınıb televezorda nəyəsə baxmalı idim. Dəqiq xatırlamıram, amma səbirsizliklə gözlədiyim bir verliş olmalı idi. Birdən proqram dəyişdi, qara paltarlı adamların orkestr ifası başladı. Yarım saat, bir saat… Amma bu kədər musiqisi bitmək bilmirdi. Səbrim bir tikə olmuşdu, hər dəqiqə “ana, niyə bunlar çalır?” deməyə başladım. Sonra musiqi dayandı, diktor ekrana çıxdı və dedi: “Bu gün, Qarakənd istiqamətinə uçan vertalyot dumana düşüb, dağa dəyib partlamışdır”. Sonra öyrənəcəkdik ki, helikopter dumana düşməyib, onu ermənilər vurub və bu helikopterdə Azərbaycanın say-seçmə oğulları, dövlət xadimləri həlak olub.

Hər il 20 noyabr tarixində uşaq yaddaşıma yazılan və mənim bəlkə də “daha tez böyüməyimdə” əsas rol oynayan bu epizodu xatırlayıram. Doğrudan da müharibə dövrünün uşaqları olmazmış: müharibə dövründə uşaqlıq yaşanmır, insan özünü dərk edəndən dəhşətləri, faciələri yaşaya-yaşaya hər gün bir il böyüyür.

Məncə, Azərbaycanın böyük faciələrinə gedən yol bu hadisədən, bu terrordan başladı. Bəlkə, bu hadisədən sonra mən reallıqları daha aydın dərk etməyə çalışdım deyə, xatirəmdə belə yazılıb. Ancaq şübhəsiz ki, bu faciə hakimiyyətin daha da zəifləməsinə və Qarabağda silsilə məğlubiyyətlərə, bir-birinin ardınca baş verən işğallara yol açdı. Çünki Qarakənd terrorunda millətimizin qaymaqları faciəli şəkildə öldürüldü. Bu bir günlük terroru 1937-ci il repressiyası ilə müqayisə edərdim: həmin zaman Sovet rejiminin bir ildə apardığı terroru ermənilər bir anın içində həyata keçirdilər. Helikopterdə ölənlərin ictimai və siyasi nüfuzunu ancaq bu cür müqayisə ilə aydınlaşdıra bilərəm…

Nələri bilirik? 1991-ci il noyabrın 20-də, Xocavəndin Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın rəsmi şəxslərinin olduğu hərbi vertolyot qəzaya uğrayıb. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində 22 nəfər həlak olub. Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu saat 14:42 dəqiqədə vurulub.


Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da, bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə saat 15:30-də yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-da, 17:00-da Moskva radiosu bu məlumatı efirə verib.

Bu faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, jurnalistlər Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olmalı idilər.



Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitinə 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı) cinayət işi açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “ermənilər göstərib”… Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi… Belə ki, vertolyotun “qara qutusu”nu da əlinə keçirən bu polkovnik oldu. Ona toxunmaq qadağan edildi və belə bir məlumat da yayıldı ki, qara qutu “istidən və yanğından”, “partlayışdan” (onun sozləridir) sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokuror İ.Lazutkin hamını aldatdı. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur.


                         Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq İsmayılov

            ABŞ silahı ilə vurulan ictimai xadimlərimiz

Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi – sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir. 


                        Azərbaycan Respublikasının Baş Prokuroru İsmət Qayıbov

Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238”var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqları mərkəzdən 500-600 metr kənara atılır. Və beləliklə həmin gün Azərbaycanın nüfuzlu dövlət xadimləri müəmmalı “qəza” nəticəsində həlak oldular. Bu hadisə bəlkə də Azərbaycanın başına gələcək olan müsibətlərin xəbərçisi idi və artıq heçnə əvvəlki kimi olmayacaqdı.

“Qəza” nəticəsində şəhid olanlar :

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri

Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.


ABZAS.NET
& VƏTƏNSEVƏRLƏR