Translate

20 Temmuz 2016 Çarşamba

QİYAM, ÇEVRİLİŞ CƏHDLƏRİ DALĞASI VƏ QARABAĞ - YENİ TƏHLÜKƏ

19 İyul 2016 / 09:00



Status-kvo əvvəlki qorxulu fazaya qayıdır; Türkiyə və işğalçı Ermənistandakı son dramatik hadisələr konfliktin həllinə yönəlik səyləri sıfırlaya, müharibə riskini artıra bilər; Putinin adamından Ermənistanda siyasi terror xəbərdarlığı gəldi... 

Türkiyədəki məşum çevriliş olayı bölgədə Azərbaycana da təsirsiz ötüşməyəcək yeni bir situasiya yaradıb. Qardaş ölkənin güc və potensialına zərbə olan bu hadisə və onun nəticələri sözsüz ki, hələ bir müddət Ankaranın başını özünə qatacaq. Türkiyə siyasi isteblişmentini daha çox daxili problemlərin həllinə, bir az da xarici aləmlə zədələnmiş əlaqələrin bərpasına cəlb edəcək.

Demək, Azərbaycan, Qarabağ məsələsi qardaş ölkə üçün əvvəlki aktuallıqda olmayacaq. Hər halda, müəyyən müddət belə olacaq. Doğru, rəsmi Ankaranın Qarabağ məsələsində mövqeyi yerində qalır. Ancaq o da var ki, apreldəki 4 günlük müharibədən sonra münaqişənin həlli ilə bağlı yeni və ümidverici bir ab-hava, diplomatik fəallıq özünü göstərməyə başlamışdı və prosesə Türkiyənin də fəal şəkildə, hətta faktiki, Minsk Qrupunun 4-cü həmsədri qismində cəlb olunması gözlənilirdi. 

Ələlxüsus, Ankara-Moskva əlaqələri normallaşandan sonra belə gözləntilər xeyli artmışdı və bunu rusiyalı rəsmilər və ekspert dairələri də açıq etiraf eləməkdə, paralel surətdə Ermənistanda bu perspektivdən dolayı təlaş yaşanmaqda idi. Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana son səfəri zamanı isə qapalı danışıqlarda Türkiyə amilinin də diqqətdə olması haqda Rusiya KİV-i sensasion informasiyalar yaymışdı. 

Ardınca Kremlin danışan dili sayılan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovski Azərbaycan telekanallarından birinə müsahibəsində “Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq, Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq” demişdi.

Öz növbəsində Rusiya XİN rəsmisi Mariya Zaxarova Türkiyəni nəzərdə tutaraq, Qarabağ məsələsində başqa - ikitərəfli formatların da mümkünlüyünü dilə gətirməklə ermənilərin təlaşını gücləndirmişdi. 

****    

Dünən - iyulun 18-də isə Minsk Qrupu həmsədrlərinin fəaliyyətdə olduqları müddətdə ilk dəfə Türkiyəyə səfəri gözlənilirdi. Belə ki, XİN başçısı Mövlud Çavuşoğlu ötən həftə Bakıda olarkən demişdi ki, vasitəçilərin 18 iyula nəzərdə tutulan Ankara səfərində Türkiyə rəhbərliyi Qarabağ danışıqları ilə bağlı məlumatlandırılacaq. Çavuşoğlunun son Bakı səfəri də elə Qarabağla bağlı məlumatlar toplamaq idi. Fəqət hərbi çevriliş cəhdi planları dəyişdi.    

İş də ondadır ki, həmsədrlərin Türkiyəyə planlaşdırılan səfəri nizamlama prosesinin daha məsuliyyətli bir fazaya girməsi ilə birbaşa bağlı idi. İstisna edilmirdi ki, Türkiyə ilə Qarabağ məsələsi ətrafında həm də elə bir kritik detalın müzakirəsi gözlənilir ki, bundan Azərbaycan məmnun qalmaya bilər. Söhbət böyük ehtimalla, Ermənistanla sərhədlərin açılması kimi rəsmi Bakının sərt yanaşdığı bir mövzudan və indiki həssas dönəmdə artan müharibə riskini minimuma endirmək üçün qardaş ölkənin Azərbaycana təsir potensialını hərəkətə gətirməkdən gedir.  

***



Şübhəsiz ki, Minsk Qrupu həmsədrlərinin Ankaraya planlaşdırılan səfəri Qarabağ məsələsində Türkiyənin roluna və təsirinə verilən önəmin təzahürü, onun vazkeçilməz oyunçu kimi konfliktin nizamlanmasında mühüm rol oynadığının etirafı, məsələdə Türkiyə ilə hesablaşmağın, onun maraqlarını nəzərə almağın zəruriliyini göstərən gerçəklikdir.

Bu yerdə xatırladaq ki, Türkiyə Minsk Qrupu yaradılanadək ABŞ və Rusiya ilə birgə Qarabağ məsələsində vasitəçi üçlüyə daxil olub və həmin vasitəçilik yetərincə uğurlu olub. Əfsus ki, sonradan qardaş ölkəni ermənipərəst Fransa əvəzlədi və bununla da vasitəçilikdə balans pozuldu, Azərbaycan faktiki şəkildə təklənmiş oldu, Bakıya təklif olunan ədalətsiz sülh təkliflərinin önü açıldı. 

Bu xüsusda qardaş ölkənin regionda, dünyada nüfuz və imicinə vurulan istənilən zərbə əlbəttə ki, onun Qarabağ məsələsindəki roluna da zərbə anlamına gəlir, bu rolu və təsiri zəiflədir. Demək, altını çəkən həm də Azərbaycan və onun köklü maraqlarıdır, Qarabağ məsələsidir.

*** 
Qarabağ danışıqlarının yeni raunduna başqa bir zərbə Ermənistandakı daxili durumdan qaynaqlanır. Belə ki, qonşu ölkədə Sərkisyan rejiminə qarşı etirazlar yeni mərhələyə keçib, hətta hakimiyyətə qarşı silahlı qiyam cəhdləri özünü göstərməkdədir. Hələ rəsmi İrəvan Qarabağ məsələsində heç bir güzəştə imza atmayıb, belə gərginlik var... 

“İrəvandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq”. Bu sözləri rusiyalı politoloq, prezident Vladimir Putinin etibarlı şəxslərindən biri sayılan Sergey Markov radikal müxalifət qüvvələrinin İrəvandakı hərbi qiyamını şərh edərkən deyib (report). Onun sözlərinə görə, bu olaylar Serj Sərksiyanın prezident postundan uzaqlaşdırılması ilə bağlı qorxusunu əhəmiyyətli dərəcədə artıracaq. 

“Baş verənlər iki şeydən xəbər verir. Birincisi, Ermənistanın hazırkı prezidenti Sərksiyanla bağlı geniş narazılıq, o cümlədən onu prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var. İkincisi, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir. Əvvəllər də buna bənzər faktlar olub. Ermənistan maliyyə naziri Levon Barxudaryanın tribunada çıxışı zamanı terrorçuların içəri daxil olub Ermənistan parlamentini, oraya toplaşan deputatları atəşə tutulmasını xatırlamaq kifayətdir (1999-cu ildə parlamentin gülləbaran edilməsi nəzərdə tutulur-red.) Başqa sözlə, Ermənistanda siyasi sferada zorakılıq səviyyəsi çox yüksəkdir”, - deyə politoloq əlavə edib. 

Yəni Markov faktiki şəkildə işğalçı ölkədə yeni siyasi terror aktını istisna eləməyib.
    
*** 
Putinin müşavirinin də açıqlamalarından belə qənaət hasil olur ki, Azərbaycana qonşu iki ölkədə siyasi qiyam və hərbi çevriliş cəhdləri yekun etibarilə Qarabağ sülh danışıqlarına da zərbə vurmaqla yanaşı, yeni müharibə ehtimalını artıra bilər. Çünki dəfələrlə vurğuladığımız kimi, istənilən sülhün alternativi müharibədir. Aprel döyüşləri isə göstərdi ki, Qarabağ məsələsi ətrafında status-kvo uzun müddət indiki kimi qala bilməz.
          

Analitik xidmət
MUSAVAT.COM  &  VƏTƏNSEVƏRLƏR

19 Temmuz 2016 Salı

ÇEVRİLİŞ GECƏSİ TÜRK GENERALDAN ABŞ - A ŞOK TELEFON ZƏNGİ




Həbs olunan general İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin edib.

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni iddialar ortaya çıxıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Adanada yerləşən İncirlik hərbi bazasının türk komandiri, general Bəkir Ərcan ABŞ-dan sığınacaq istəyib.

Hadisənin olduğu gecənin səhəri həbs olunan Bəkir Ərcanın, İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin etdiyi bildirilir. Onun Vaşinqtondan sığınacaq istəməsi xəbəri ABŞ mediasında da yer alıb.

New York Times qəzetinin yaydığı məlumata görə, hərbi çevriliş cəhdi uğursuzluğa düçar olandan dərhal sonra, İncirlik hərbi bazasının türk komandiri B. Ərcan Amerikaya telefon açıb. Ağ Evdəki rəsmilərdən müsbət cavab ala bilməyən komandir hava işıqlaşana yaxın polis tərəfindən həbs olunub.


& VƏTƏNSEVƏRLƏR

MƏTBUAT ŞURASI AZƏRBAYCAN JURNALİSTLƏRİNƏ MÜRACİƏT ETDİ

19 iyul 2016-cı il  / 19 -10

Bu gün Mətbuat Şurası Azərbaycan jurnalistlərinə müraciət ünvanlayıb. "VƏTƏNSEVƏRLƏR"  həmin müraciəti oxucularına təqdim edir...

Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqlason dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur.
Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir.
Mətbuat Şurası eyni zamanda Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına riayət etməkdir.

İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır.
Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir.
Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır.

Azərbaycan Mətbuat Şurası

18 Temmuz 2016 Pazartesi

TÜRKİYƏDƏ ÇEVRİLİŞ PLANINI ABŞ KƏŞFİYYATI HAZIRLAYIB - ŞOK İDDİA

18 İyul 2016 / 17:06  



“15 iyul dövlət çevrilişin cəhdə görə həbs olunan hərbiçilərin xilası üçün ABŞ, Avropa Birliyi və İsrail dövriyyəyə girib”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Taha Dağlı məqalə qələmə alıb.

Onun sözlərinə görə, dövlət çevrilişinə cəhd edənlərə qarşı çox səslər çıxır: “Hamısı istəyir ki, Türkiyədə əllərinin altında həmişə qiyamçılar olsun. Bu gün Brüsseldə Avropa Birliyi xarici işlər nazirlərinin zirvə toplantısı baş tutacaq. 15 iyul hadisələri zirvənin gündəmində daxil olunub. Avropa Birliyi xarici siyasət təmsilçisi Federika Mogerini Türkiyə hökumətinə bu hadisələrdən sonra hüququn üstünlüyünü qorunması üçün güclü bir mesaj göndərəcəklərini dedi. Əslində bu, “çevriliş edənlərə çox da toxunmayın” deməkdir. Eyni mövqeyi Fransadan gəldi və bildirdilər ki, dövlət çevrilişi səbəbinə görə Ərdoğana “açıq çek” verilməməlidir”.

T. Dağlı qeyd edib ki, ABŞ və Avropa Birliyi ilə yanaşı İsrail də bu səfdə yer alır.

“İsrail də Qərb dünyasındakı çevriliş şəbəkəsinə daxildir. Bu şəbəkə “əgər çevriliş uğurlu olsaydı, biz Türkiyədəki xunta ilə razılığa gələrdik”. Məsələ açıqdır. Bu çevrilişə cəhdi Gülənçilər etdi, planı isə CİA qurdu. Qərb də “çevriliş gəlir” deyə sevindilər”, - deyə o bildirib.


Asif 
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR 

SƏRKİSYANA QARŞI İSTEFA TƏLƏBİ - VİDEO

18.07.2016 /  21-57



& VƏTƏNSEVƏRLƏR

ANS - Sİ TERROR TƏBLİĞATINDA SUÇLADILAR - RƏSMİ

18 İyul 2016 / 20:48


MTRŞ ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yaydı
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb.

Şuradan verilən məlumata görə,  Azərbaycan Prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.

Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.

Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prokurorluğunun müraciətini nəzərə alaraq, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.


MUSAVAT.COM  &  VƏTƏNSEVƏRLƏR

TÜRKİYƏDƏKİ HƏRBİ ÇEVRİLİŞİN TƏFƏRRÜATLARI - SİFARİŞ HARADAN GƏLİB?

18 İyul 2016 / 08:50


Qiyamla bağlı müdhiş iddialar var, kütləvi həbslər davam edir; ABŞ və Gülənin əl izləri axtarılır; Putin olayla bağlı Ərdoğana telefon açdı... 
15 iyul gecəsi Türkiyə xalqı şok yaşadı. 3 minə yaxın hərbiçinin iştirakı ilə hərbi çevriliş cəhdi baş verdi. Lakin türk xalqının iradəsi ilə qiyamçılar niyyətlərini həyata keçirə bilmədilər.

15 iyulda yüzlərlə insan həyatını itirdi, yaralandı və minlərlə şəxs həbs edildi. Hadisə ilə bağlı konkret rəqəm söyləmək mümkün deyil. Çünki hər keçən an ölü və yaralıların sayının çox olması barədə yeni xəbərlər yayılır, həbs edilənlərin sayı isə artmaqdadır. 
Artıq şübhəli şəxs qismində 6 mindən çox şəxs saxlanılıb. Bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ məlumat verib. Həbs edilənlər arasında ilkin dindirmədən sonra sərbəst buraxılanlar da var. Prezident Rəcəb Tayyib Ərdoğanın tətildə olduğu Marmarisin hadisə gecəsi bombalanması qiyamın nə qədər ciddi olduğuna bir işarə idi. Onun dili ilə desək, dəqiqələr Türkiyə rəhbərini ölümdən ayırıb. 

Hadisənin ilk günü Azərbaycan prezidenti İlham Əliyev qardaş ölkədə baş verənləri türk xalqına qarşı cinayət kimi qələmə verərək, çevriliş cəhdini kəskin şəkildə pisləyib. Dünyanın güc mərkəzləri hesab olunan dövlətlər də birmənalı şəkildə AKP hökumətinin yanında olduqlarını bəyan ediblər. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına zəng edərək başsağlığı verib və dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı ölkəsinin prinsipial mövqeyini ifadə edib.


Dünən qiyam yatırılandan sonra Yunanıstana qaçaraq sığınacaq istəyən 8 türk hərbçinin taleyinə aydınlıq gəlib. İçərisində 8 qiyamçının olduğu türk helikopteri geri qaytarılıb. Türkiyənin cənubundakı “İncirlik” hərbi bazasının komandanlığı da dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Hərbi Hava Qüvvələri bazasının komandanlığı Adana vilayətinin cənub hissəsində saxlanılıb. Məlumatda bildirilir ki, hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit saxlanılıb. Saxlanılan hərbiçilər arasından ittihamları qəbul etməyənlər də var. Həbs olunan generallardan Bülent Çolak, Kamil Haluk, Zafer Oğretici, Arif Bakır bildiriblər ki, xain deyillər. 

Qiyamın lideri kimi təqdim edilən Akın Öztürk də bəyanatla çıxış edərək, cinayətin təşkilatçılarının adlarını açıqlayıb. O, bildirib ki, Ali Hərbi Şuranın üzvü kimi, qiyamın əvvəlindən axırına kimi Baş Qərargah rəisi Hulusi Akarın yanında olub və hərəkətlərini onunla koordinasiya edib.

Qiyamın baş verdiyi gecə ilk əsir götürülən və hadisənin səhərisi günü azad edilən Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akarın boğazındakı ip izləri onun işgəncələrə məruz qalması faktını üzə çıxarıb. H.Akar girov götürülməsi və başına gələnlərlə bağlı geniş açıqlama verib. Özünə ən yaxın zabit heyəti tərəfindən girov götürüldüyünü deyən Akar bildirib ki, qiyamçılar dövlət çevrilişi sənədini ona imzalatmaq istəyiblər. Hətta “bunu imzalasanız, həyatınız təhlükədə olmaz” deyə xəbərdarlıq da edilib. H.Akar ona silah çəkdiklərini, müqavimət göstərməyə çalışanda isə dava düşdüyünü deyib. Boynundakı göyərti izləri də bu zaman olub.

İyulun 17-dən etibarən qiyam zamanı həlak olanların son mənzilə yola salınmasına başlanılıb. Ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna dualar oxunub. Prezident Ərdoğan da şəhidlərin cənazə namazına qatılıb. Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır. Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur. Cənazə namazındakı çıxışında Ərdoğan xalqı meydanlardan çəkilməməyə çağırıb. Ölkə başçısı deyib ki, bu, 12 saata həll olunacaq məsələ deyil.

***

Qeyd edək ki, qiyamın baş verdiyi andan başlayaraq, hadisə ətrafında müxtəlif iddialar səsləndirilir. Hərbi çevrilişdə Amerikanın, o cümlədən, ABŞ-da yaşayan Fətullah Gülənin əlinin olduğu deyilir. Bunu Ərdoğan xalq qarşısında çıxışı zamanı Gülənin geri alınması ilə bağlı Amerikaya etdiyi müraciətdən də üstüörtülü sezmək olur. Doğrudur, Gülən və tərəfdarlarının açıqlamalarında bu inkar edilsə də, aktuallığını itirmir. Bundan əlavə, Ərdoğan hökumətinin qiyamla şou düzəltdiyi, əslində isə əvvəlcədən qiyamdan xəbərdar olması barədə də müdhiş iddialar var. Bu fikrə inananlar azlıq təşkil edirlər. 

Hazırda Türkiyədə istirahətdə olan politoloq Elxan Şahinoğlu hərbi çevrilişin əvvəlcədən gözlənilmədiyini bildirdi: “Türkiyədə böyük əksəriyyət hərbi çevrilişin baş verəcəyini gözləmirdi. Kimsənin ağlına da gəlməzdi ki, PKK ilə qanlı mübarizə getdiyi dövrdə orduda bir qrup zabit çevriliş planlaya bilər. Onsuz da AKP hökuməti ”Balyoz" və “Ergenekon” əməliyyatları ilə ordunu xeyli zəiflətmişdi. Bundan sonra Ərdoğana çətin olacaq. Əlbəttə, çevriliş yatırıldı, Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq. İşin içində Fətullah Gülənin olub-olmadığını söyləmək çətin olsa da, Nur camaatı ilə əlaqədə şübhəli bilinənlərin həbslərinin sayı artacaq. Ərdoğan qiyamçı hərbçilər üzərində qələbədən sonra əlini gücləndirməyə çalışacaq, bu isə Türkiyə içində qarşıdurma nöqtələrini artacaq. 

Bu cür qarışıqlıqda PKK və İŞİD öz çirkin məqsədlərini həyata keçirməyə çalışacaq. Ancaq 15 iyul hadisəsinin tarix kitablarına yazılacağını da qeyd etmək lazımdır: Türkiyə tarixində ilk dəfə hərbi çevrilişin qarşısı alındı, sadəcə, qardaş qardaşı öldürdü, bu da tarixə qara ləkə kimi düşdü. Türkiyədə bundan əvvəlki hərbi çevrilişlərdə hansısa generalın ağlına parlament binasını bombalamaq kimi “düşüncə” gəlməmişdi. Yunanıstanla savaşan Atatürkün ordusundakı zabitlərin uğursuz çevrilişdən sonra helikopterlə Yunanıstana qaçmaları da Atatürk prinsipləri ilə uyuşmur. Atatürk ideyalarının bərpası uğrunda hərbi çevriliş etdiklərini irəli sürən qrup parlament binasını dağıtmaqla, qardaşlarına atəş açmaqla bir daha Atatürk prinsiplərinə zidd getdilər. İndiyə qədər olan hərbi çevrilişlərdə xalqın dirənişi də baş verməmişdi. Bundan sonra Türkiyədə hərbi çevriliş planlayanlar bilməlidirlər ki, qarşılarında yalnız hökuməti və polisi görməyəcəklər, qarşılarına xalq kütlələri də çıxacaq".


E.Şahinoğlu qiyamın arxasında Amerikanın dayandığı barədə iddialara da toxundu: “Uğursuz hərbi çevrilişin arxasında ABŞ-ın olduğunu düşünmürəm. Bu Vaşinqtonun nəyinə lazımdır? Doğrudur, Vaşinqtonun Ərdoğanın avtoritar idarəetməsindən xoşu gəlmir. Əgər hərbi çevriliş baş tutsaydı, bu Türkiyədə vətəndaş müharibəsinə yol açacaqdı, qardaş ölkənin İraq və Suriyadan fərqi olmayacaqdı. Ankara ABŞ-ın strateji tərəfdaşıdır. ABŞ-ın Türkiyədə hərbi bazaları var. Türkiyədə Suriyadakına bənzər xaos Amerikanın Türkiyədəki mövqelərini zəiflədəcək. Ona görə də hesab etmirəm ki, Vaşinqton türkiyəli hərbçiləri çevrilişə həvəsləndirib”.

Politoloq Gülən müəmmallarından da söz açdı: “İnanmıram ki, çevrilişdə iştirak edənlərin tamamı Fətullah Gülənin nəzarətində olub və ya ona itaət ediblər. Çevriliş edənlər nəyə görə özlərinin və ailələrinin həyatlarını Amerikada gizlənən Gülənə görə riskə atmalıydılar? Böyük ehtimalla, generallar şəxsi səbəblərdən çevrilişə əl atıblar. Düşünüblər ki, bu yolla Ərdoğandan və onun siyasətindən qurtula bilərlər. Başqa səbəb o ola bilərdi ki, həmin zabitlər vaxtından əvvəl istefaya göndərilmək istəməyiblər. Gülənə gəldikdə, Vaşinton onu Ərdoğana təhvil verməsə, iki ölkə arasındakı münasibətlər daha da soyuyacaq və bu, Ankaranın daha çox Moskvaya yaxınlaşmasına rəvac verəcək”.

Müsahibimiz Ərdoğanın şou düzəldiyi barədə fikirlərin hakim olduğunu söylədi: “Azərbaycanlı ekspertlərin və siyasilərin bir hissəsində belə bir hiss var ki, çevriliş şou idi. Türkiyədə müzakirə apardığım insanların çoxunda da eyni hiss var. Mənə də elə gəlir ki, Ərdoğan orduda hansısa narazılıqdan əvvəlcədən xəbərdar olub. Çünki yüzlərlə zabit aylardır çevriliş planı hazırlayır, haradasa görüşürlər, fikir mübadiləsi aparırlar və bundan Milli İstihbarat Təşkilatının xəbəri yoxdur. Daxildə yüzlərlə insanın çevriliş müzakirələri kənara sızmalıydı. Ərdoğan çevrilişsiz bütün istəklərini qısa müddətdə həyata keçirə bilməzdi, indi isə əli xeyli güclənib. Bir başqa şübhə isə ondan ibarətdir ki, çevriliş günü minlərlə hakim və prokuror dərhal işdən çıxarıldı. Bir gündə bu qədər adamın Gülənlə və ya çevrilişi planlayanlarla əlaqəsi necə üzə çıxdı? Demək, işdən çıxarılanların siyahısının çevrilişdən əvvəl tərtib olunduğu şübhəsi var. Bir sözlə uğursuz çevrilişlə bağlı sualların sayı çox olduğundan bunun şou olduğuna inananların sayı az deyil. Ancaq bütün hallarda Ərdoğan özünə qarşı belə bir oyuna imkan verməzdi. Çünki bu ölkəni və özünün həyatını riskə atmağa bənzəyərdi. Ərdoğan həyatı ilə rus ruleti oynamazdı. 

Türkiyənin rəsmiləri Rusiyanın hərbi təyyarəsinin də məhz hazırki çevrilişçilər tərəfindən vurulduğunu bildirirlər. Başqa sözlə, hərbi çevrilişi planlayanlar əvvəlcə Ankara ilə Moskvanın əməkdaşlığını pozmaq istəyiblər və buna Ərdoğan Putindən üzr istəyənə qədər nail olublar. Bu iddiada həqiqət payı odur ki, Türkiyədə çevrilişin əsas qüvvəsi məhz hərbi hava qüvvələrində cəmləşmişdi. Əgər həqiqətən Rusiyanın təyyarəsini vurmaq çevrilişçilərin və onların arxasındakı Fətullah Gülənin planı olubsa, niyə həmin zaman Ərdoğan bunun üstünü açmadı, daxildə komissiya yaradıb məsələni özü üçün aydınlaşdırmadı. Əksinə, sərhədi pozan təyyarənin vurulmasına haqq qazandırdı, baş nazir Əhməd Davudoğlu isə ”təyyarəni vurmaq əmrini mən vermişəm" kimi açıqlamanı səsləndirdi? Ankara bununla sanki bir daha Moskvadan üzrxahlıq edir ki, sizin təyyarəni biz yox, bizim daxili düşmənlərimiz vurub. Görək buna Kreml nə deyəcək? Görünür, Ərdoğan uğursuz hərbi çevrilişlə iki dovşan vuracaq, birincisi, orduda və idarəetmə sistemində təmizlik işlərini gücləndirəcək, ikincisi, Moskva ilə daha çox yaxınlaşmağa çalışacaq. Ancaq Ərdoğan daha əvvəlki kim rahat işləyə də bilməyəcək. Hər zaman arxasına baxacaq. Bu hadisə Ərdoğana həm də onu anlatmalıdır ki, o çoxluğun səsinə güvənərək Cümhurbaşqanlığı müddətini uzatmaq istəsə, daxildə və xaricdə onun idarəetməsindən yorğunluq artacaq. Ərdoğan özünə varis seçib bir müddət sonra hakimiyyətdən getsə, bu, Türkiyənin xeyrinə olar, gələcək şəxs doğru və ya yanlış siyasət yürüdə bilər. Ancaq önəmlisi, yeni nəfəsin Türkiyə siyasətinə daxil olmasıdır. Məsələn, Binəli Yıldırım baş nazir olaraq ilk gündən ölkəsi üçün vacib addımlar atıb, qonşularla münasibətlərin normallaşması siyasətinə baş vurub, iqtisadiyyatı dirçəltməyə çalışır. Fikrimcə, yaxın perspektivdə Ərdoğanı Cümhurbaşqanlığı görəvində Yıldırım layiqincə əvəz edə bilər. Ancaq əlbəttə ki, buna Türkiyə vətəndaşları qərar verməlidir".


Politoloq Hikmət Hacızadə ordunun qiyamını dəstəkləməyin mümkünsüz olduğunu qeyd etdi: “Bu qiyam nə ordu, nə xalq tərəfindən dəstəklənib. Burada Ərdoğanın da günahı var. Onun siyasəti bəzi hissədə avtoritardır. Özünə dörd tərəfdə düşmən yaradıb. Amerika tərəfindən bunun təşkili mənasız iddialardır. ABŞ təşkil edən hadisələr belə bitmir. Orada Amerikanın dəsti-xətti görünmür. Gülənin qiyamda iştirakı ilə bağlı sübutlar varsa, ortaya qoysunlar. Belə hadisələrdə göz önünə gələn hər kəs günahlandırılır. Bu qiyam emosional avantüra idi”.

Cavanşir ABBASLI
MUSAVAT.COM  & VƏTƏNSEVƏRLƏR