Translate

11 Haziran 2014 Çarşamba

Putin Azərbaycanı “yeni SSRİ”yə dəvət etdi


Rusiya prezidenti sovet imperiyasının bərpası istiqamətində ikinci dalğanı başlatdı; Bakıya Avrasiya İttifaqına qoşulmaq üçün məktub göndərildi, imperiyanı dağıdanlardan olan Şuşkeviç “SSRİ qayıdır”, dedi 
Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya və Belarus KİV-i məlumat yayıb.


5min.by portalının və digər informasiya resurslarının yaydığı xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünya arenasında yeni “güc mərkəzi”inə çevriləcəyini deyib.
A.Lukaşenkonun sözlərinə görə, Avrasiya İttifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib.

Ukraynaya gəldikdə isə Belarus liderinin mövqeyinə görə, bu ölkə Avrasiya İttifaqı ilə əməkdaşlıqdan heç yana qaça bilməyəcək.

“Və bu da düzgündür. Çünki yeni güc mərkəzi meydana çıxır. Ola bilsin çoxqütblü dünyanın yaranmasına əlavə töhfə olacaq” - deyə Lukaşenko bildirib.

Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.



Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldığına dair qeydə epochtimes.ru portalı da yer verir.

Xatırladaq ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəldi.
Rusiyalı nazir Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini bildirdi. Dərhal da Azərbaycan rəsmiləri Bakının belə planının olmadığını açıqladılar.

Ancaq məlum olur ki, ittifaqa daxil olmaq üçün Azərbaycana rəsmi dəvət, hər halda, göndərilib. Bu məsələnin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq səfərində və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin səfərində əsas müzakirə mövzusu olacağı gözlənilir.

Politoloq Zəfər Quliyev bu məsələni “Yeni Müsavat”a şərh edərkən bildirdi ki,  Putinin Avrasiya İttifaqına qoşulmaq üçün Azərbaycana dəvət göndərməsi xəbəri rəsmən təsdiqlənərsə, bundan təəccüblənməyəcək: “Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfəri planlaşdırılır. Heç şübhəsiz ki, bu səfərlər təsadüfi deyil və Azərbaycana müəyyən təkliflər, dəvətlər olacaq. Rusiya Azərbaycanı Avrasiya İttifaqinda görmək istəyir. Buna görə də Azərbaycana bununla bağlı dəvətlərin olacağı gözləniləndir”.



Z.Quliyev hesab edir ki, indiki mərhələdə Rusiyanın Azərbaycana belə bir dəvəti şirinikləndirici vədlərlə müşayiət oluna bilər: “Azərbaycanın Avrasiya İttifaqına qoşulması üçün Rusiyanın müəyyən şirnikləndirici vədlər verməsi mümkündür. Ən əsas şirnikləndirici vəd isə Qarabağla bağlı ola bilər.  Rusiya Qarabağın Azərbaycana qaytarılmasında maraqlı olmasa da, bu məsələnin həllində imkanları genişdir. Bu baxımdan da Azərbaycanı Qarabağ məsələsi ilə şirnikləndirməyə çalışacaqlar”.

Rəsmi Bakının bu məsələdə hansı mövqe tutmalı olduğuna gəlincə, Z.Quliyev hesab edir ki, Azərbaycan Rusiyanın bu cür vədlərinə  inanmamalıdır. Politoloqun fikrincə, Rusiyanın vədlərinə inanaraq Avrasiya İttifaqına qoşulmaq riskli addım olar: “Azərbaycan bu ittifaqa qoşulmaqla iqtisadi cəhətdən heç nə udmur. Bu qurumun hər hansı iqtisadi perspektivi görünmür. Ancaq siyasi riskləri var”.

Politoloq deyir ki, Rusiyanın təklifindən imtina etmək üçün Azərbaycanın kifayət qədər arqumentləri var: “Azərbaycan mövqeyini kifayət qədər əsaslandıra bilər ki, Qarabağ məsələsi tam həll olunmadan Ermənistanla hər hansı birlikdə təmsil oluna bilməz. Eyni zamanda Azərbaycan hakimiyyəti indiyədək Avropa İttifaqına qoşulmaqla bağlı hər hansı fikrinin olmadığını bildirib. Hakimiyyət ölkəni Avrasiya İttifaqına qoşmaq niyyətində olmadığını da açıqlayıb. Bu baxımdan belə riskli dövrdə Azərbaycan hər iki qurumdan bəlli məsafə saxlamalıdır”.

Bəs Rusiya Azərbaycanı öz ittifaqına qoşmaq üçün Bakıya hansı təzyiqləri edə bilər?
Z.Quliyev hesab edir ki, Rusiyanın Azərbaycana təzyiq imkanları çoxdur: “Amma Ukraynaya hərbi müdaxilədən sonra dünyada aqressor dövlət kimi qəbul olunan Rusiyanın imicinə ciddi zərbə dəyib. Bütün dünya bu addımına görə Rusiyanı qınayır, onu başqa bir dövlətin ərazisinə hərbi müdaxilədə ittiham edir. Belə bir məqamda Rusiyanın Azərbaycana hər hansı müdaxiləsi mümkün görünmür. Rusiya Azərbaycana hər hansı müdaxilə ilə imicini daha da korlaya və maraqlarını zərbə altında qoya bilər”.
Amma Z.Quliyev Azərbaycanın Rusiyanın təkliflərindən imtina edəcəyi təqdirdə Kremlin başqa təzyiq vasitələrinə əl ata biləcəyini də istisna etmir: “Rusiya Azərbaycana təzyiq vasitəsi kimi Ermənistandan istifadə edə bilər. 

Yaxud Azərbaycanın şimal və cənub bölgələrində yeni seperatizm dalğası başlada bilər. Eyni zamanda Rusiyada yaşayan azərbaycanlıları sıxışdırıb ordan çıxarmaqla Azərbaycana problemlər yaratması da mümkündür. Bundan başqa, Azərbaycana qarşı informasiya savaşı başlada və burdakı ”5-ci kolon"un xidmətindən istifadə edə bilər. Bunların hamısı mümkündür, amma Azərbaycan seçim qarşısında qalarsa, bu təzyiqlərə davam gətirərək riskli addım atıb sözügedən birliyə qoşulmamalıdır".   

Qeyd edək ki, Ermənistan faktiki olaraq bu quruma qoşulmaq üçün şifahi razılıq verib. Ermənistan rəhbərliyi bununla bağlı qərarını açıqlamaq üçün iyulun 1-dək vaxt istəyib. Ermənistan prezidenti Serj Sərkisyan deyib ki, bununla bağlı qərar daha tez də verilə bilər. 

Rusiyanın postsovet məkanının başqa bir ölkəsini - Ukraynanı Avrasiya və Gömrük ittifaqlarına cəlb etmək istəyi və Ukraynanın keçmiş prezidenti Viktor  Yanukoviçin buna meylli olması bu ölkədə inqilaba və qanlı olaylara səbəb oldu. Nəticədə Yanukoviç devrildi, Rusiya isə Krımı ilhaq etdi. Ukraynada separatizm və qanlı olaylar isə hələ də davam edir. 

Bu arada isə 1991-ci ilin dekabrında Rusiya lideri Boris Yeltsin və Ukrayna lideri Leonid Kravçukla birlikdə SSRİ-nin dağılaması haqqında müqaviləni imzalayan Belarusun o zamankı lideri Stanislav Şuşkeviç isə “The Guardian” qəzetinə müsahibəsində MBD məkanında baş verən prosesləri SSRİ qaydalarının bərpa olunması, SSRİ-nin qayıtması kimi qiymətləndirib.

Teymur HƏSƏNLİ,
musavat.com

Azərbaycan Müdafiə Nazirliyindən son məlumat...


http://apa.tv/video/10789

"Azərbaycan mətbuatında ermənilərin Naxçıvana hücuma keçmələri barədə məlumatların heç bir əsası yoxdur. Belə məlumatların yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb". 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-nin sorğusuna cavab olaraq bildrilib ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir. Əməliyyat şəraiti silahlı qüvvələrimizin tam nəzarəti altındadır.

Qeyd edək ki, mətbuatda Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndinin sakinlərinin kəndi boşaltmaq məcburiyyətində qaldığı barədə xəbər yayılıb. Hətta o da bildirilir ki, ərazidəki Kola adlı yüksəkliyi ermənilər nəzarətə götürüblər.

“Naxçıvanda ən müasir hərbi texnikalarımız saxlanılır” - Üzeyir Cəfərov


Tarix: 11.06.2014 | Saat: 17:05:00 

“Naxçıvanla bağlı yayılan xəbərlər əsassız və gülüncdür”. Bu fikri Hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. O vurğulayıb ki, Naxçıvan blokada şəraitindədir və bu bölgədə tez-tez atəşkəsin pozulması müşahidə olunan haldır:

“Naxçıvan istiqamətində ermənilərin verdiyi son itkilərdən sonra erməni ordusuna göstəriş verilib. Bizdə olan məlumata görə, onlara bildirilib ki, Naxçıvanda həm gərginlik yaradılmalı, həm də canlı qüvvə intensiv atəşə tutulmalıdır. Atışmaların sayının son zamanlar artmasının da səbəbi budur. Ancaq hadisələrin geniş miqyaslı əməliyyatlarla əvəzlənməsini gözləmirəm. Çünki ermənilər bilirlər ki, Naxçıvanda Azərbaycan Ordusunun böyük təlimləri keçirilib. Bu təlimlərə isə iri və müasir texnikalar cəlb olunub. Eyni zamanda, həmin müasir texnikalar- tanklar, döyüş təyyarələri Naxçıvan hərbi bazasında saxlanılır. Bütün bunların fonunda ermənilərin hansısa ciddi hücuma keçməsini düşünmürəm”.

Naxçıvanda kəndlərin boşaldılmasına münasibət bildirən ekspert, bunu təhlükəsizliklə bağlı olduğunu bildirib:

Ola bilər ki, bəzi kəndlərdə atışmalara görə sakinlərə xüsusi tapşırıqlar verilib. Onların təhlükəsizliyini qorumaq üçün kənddən uzaqlaşdıra və ya çölə çıxmamağı tapşıra bilərlər. Bu isə heç də ermənilərin hücuma keçməsi demək deyil. Əgər ciddi narahatlıq olsa, Müdafiə Nazirliyi bu barədə rəsmi məlumat yayardı”.

Qeyd edək ki, bu gün mətbuatda xəbər yayılıb ki, ermənilər Naxçıvan istiqamətində hücum ediblər. Məlumatda bildirilib ki, ermənilərin ciddi hücumu nəticəsində Azərbaycan tərəfi ağır itkilər verib. Müdafiə Nazirliyi isə bu faktı təsdiqləməyib. 

Əli Rais, Hafta.az

Azərbaycan ordusu Naxçıvanda hərbi vertolyotları havaya qaldırdı


(Yenilənib 4)
YAYIM TARİXİ: 11 İyun 2014 19:21

Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”

19:20

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Naxçıvan istiqamətində atışma hələ də davam edir. Yerli sakinlərin verdiyi ən son məlumat belədir ki, Azərbaycan tərəfi artıq hərbi vertolyotları havaya qaldırıb.

Sədərək sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, hərbi əməliyyatlar hələ də dayandırılmayıb.

*   *   *   *   
Müdafiə Nazirliyi Naxçıvanla Ermənistan sərhədində atışmanın olması xəbərlərini təkzib etsə də yerli sakinlərin virtualaz.org saytına verdiyi məlumat bunun əksini deyir.

Sədərək rayonunda yaşayan sakinlərin bir neçə dəqiqə əvvəl virtualaz.org saytına verdiyi məlumata görə, hazırda ərazidə atışma səsləri eşidilir.

“Sədərəyin sərhədə yaxın olan kəndlərin bəzilərində evlər boşaldılıb. Bundan əvvəl də bölgədə atışma olurdu. Amma indiki kimi yox. Hazırda hamı narahatlıq içindədir” - deyə Sədərək sakinləri bildirir.

*****
16:44

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini İsa İsmayılovun musavat.com-a verdiyi məlumata görə, hazırda Naxçıvan istiqamətində hərbi vəziyyət tam sabitdir: "Naxçıvanda hərbi vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlar əsassızdır. Hazırda Naxçıvan istiqamətində hərbi vəziyyət tam sabitdir. Və əməliyyat şəraiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tam nəzarəti altındadır".

*****
14:57

Xəbər verildiyi kimi, Naxçıvanın Sədərək, Culfa və Şahbuz rayonlarında ermənilərlə şiddətli döyüşlər gedir. Naxçıvan üzrə müxbirimiz Həkimeldostu Mehdiyevin musavat.com-a verdiyi məlumata görə, ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post qurublar.

Onun sözlərinə görə, əvvəllər bu yüksəklik neytral zona olub, hər iki tərəf arasındakı anlaşmaya görə burada azərbaycanlı və erməni çobanlar öz mal-qarasını sərbəst şəkildə otara bilər. Müxbirimizin xəbərinə görə, artıq ermənilər neytral ərazidə posta qurublar, çobanlarımız təhlükəni hiss edərək bu yüksəkliyi tərk ediblər.

“Hər iki tərəf arasında razılaşma beləydi ki, atışma olmasın, Ləkətağda çobanlar mal-heyvanını otarsın. Bizimkilər birdən ayılıb ki, Ləkətağ əldən gedir, ermənilər artıq orada postlar qurublar. Əhali narahatdır. Təxminən, 1992-ci ildə Naxçıvanın Sədərək rayonundakı Mil təpəsinin oxşar taleyini indi Ləkətağ yüksəkliyi yaşayır. 

O zaman da Mil təpəsi neytral ərazi idi. Bu postu ermənilər ələ keçirdilər, Naxçıvan xeyli sayda şəhid verdi. İndiyə qədər də Mil təpəsində ermənilərin postu var və oraya nəzarət edirlər. Hazırda Ləkətağda Mil təpəsində olduğu kimi ermənilər post qurub,”- deyə müxbirimi qeyd etdi.   


*****

Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kəndinin ermənilər tərəfindən atəşə tutulmasına aydınlıq gətirib.

“Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”. Bu  barədə Simsar.az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.

Bildirilib ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kənd sakinlərinin Simsar.az-a verdiyi məlumata görə, ermənilər rayonun Ləkətağ kəndini atəşə tutublar. Verilən xəbərə görə, kənd sakinləri qonşu kəndlərə köçmək məcburiyyətində qalıblar.

Avropa.info məlumat verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hazırda  əraziyə  Azərbaycan ordusuna  məxsus  4 qırıcı  və tanklar  cəlb olunub. Qırıcılar  Ləkətağ kəndinin üzərində dövrə vurur.

*****
14:17

Naxçıvanda əsgərlər arxa cəbhədən yüksəklikdəki döyüş bölgələrinə qaldırılıblar. 

Simsar.az-ın Naxçıvandakı hərbi mənbədən əldə etdiyi məlumata görə, artıq bir həftədir ki, bütün əsgərlər həmin yüksəkliklərdə möhkəmləndiriliblər. Buna səbəb ermənilərin intensiv olaraq mövqelərimizi atəşə tutması və boşluq axtarmasıdır. 

Hərbi mənbə ermənilərin Naxçıvana hücum etməsi faktını da təsdiqləyib. Bildirilib ki, əgər ermənilər döyüş bölgəsində boşluq tapsalar, Naxçıvana hücum edəcəklər. Lakin əsgərlərimiz hələ ki, onların bu arzusunu ürəyində qoyub. 

Ermənilərin nədən bu qədər fəallaşmasına da aydınlıq gətirilib. Əsas səbəb ötən həftənin cümə axşamı Azərbaycan tərəfinə diversiya qrupu ilə keçməyə cəhd edən erməni hərbçilərindən 2-sinin öldürülməsi olub. 

Hazırda Sədərək, Culfa və Şahbuz rayonlarındakı döyüş bölgələrində qızğın döyüşlər gedir. Ermənilər mövqelərimizi iri çaplı pulemyotlardan atəşə tutsa da, əsgərlərimiz onların cavablarını verirlər. Atışma zamanı yaralananların olması istisna edilmir.

Məlumatda bildirilib ki, xidmət müddəti başa çatmış əsgərlər buna görə evə gec buraxılacaq: “Hələ ki, vəziyyət gərgindir, bu vəziyyətdə təcrübəli əsgərləri evə buraxmaq olmaz”.

Qeyd edək ki, bu gün Culfa rayonunun Ləkətağ kənd sakinləri Simsar.az-a ermənilərin hücuma keçməsi xəbərini veriblər.

Musavat.com-un əməkdaşı bu xəbərin həqiqətə nə qədər uyğun olub-olmamasını Müdafiə Nazirliyi vasitəsilə dəqiqləşdirməyə çalışıb. Ancaq əməkdaşımızın bütün cəhdləri hələlik nəticəsiz qalıb. Çünki əməkdaşımız Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya məxsus telefon nömrələrinə israrla zəng etsə də, telefonları açan olmayıb.

musavat.com

25 Nisan 2014 Cuma

İlham Əliyev: «Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır»


Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilib.

SİA-nın məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərədən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serj Sarkisyana tutarlı cavab verib:

“Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl- Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada — Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib. Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir.

Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır”.

xeber1.az