Translate

3 Ağustos 2013 Cumartesi

“O torpaqlara “Qərbi Azərbaycan” deyilməsinin tərəfdarı deyiləm”



“Azərbaycan deyəndə insanların dodağı çatlayırdı”
“İndi ancaq kosmosdan çəkilən xəritədə baxıram kəndimizə” 
“Kəndimizdə cəmi 8 erməni ailəsi yaşayır”

Publika.Az-ın “Könlüm keçir” layihəsinin növbəti qonağı Qərbi Azərbaycanın Çaxmaq kəndində doğulub böyüyən jurnalist, ermənişünas alim Qafar Çaxmaqlıdır.

Çaxmaq kəndi

“Mən Qərbi Azərbaycanın ən ucqar bir kəndində Çaxmaq kəndində doğulmuşam. Bizim kəndi Türkiyə sərhəddindən  100 metrlik bir məsafə ayırırdı. Ona görə də bizim məişətimizdə, adətlərimizdə türk ruhu vardı. Qars şəhəri bizə çox yaxın şəhərlərdən olub. Hətta böyüklərimiz  danışırdılar ki, biz bazarlığa Qarsa gedərdik. Bakı bizə çox uzaq, əlçatmaz idi. Çaxmaqda Azərbaycan deyəndə insanların dodağı çatlayırdı. Çox uzaq idi. Bizim kəndlə Bakınını arası 750 kilometr idi, amma Qarsla 40 kilometr. 

Bizim kökümüz əslən Qarsdandır. 1918- ci ildə ermənilərin Qarsda törətdiyi qırğından sonra bizimkilər gəlib Çaxmaq kəndində məskunlaşıblar. Kəndin adının Çaxmaq olması onunla bağlıdı ki, bizim kənddə çoxlu çaxmaq daşı var. O qədər çox idi ki, gəzdiyin hər yerdə qarşına çıxardı. Yadıma gəlir, uşaqlıqda dağa çıxanda yolumuzdakı otları çaxmaq daşıyla yandırardıq. Mənim üçün o kənd çox müqəddəs kənddir. Həmişə yuxumda da o kəndi, dağı, çayı o vaxtkı insanları görürəm. Baxmayaraq ki, indi biz o kəndi itirmişik, amma ruhum o yerləri tərk etməyib. Nə vaxtsa inanıram ki, biz oralara qayıdacağıq. Bizim kəndə yaxın olan Qarsın Ak Yaka  ilçəsi var. Orda nənəmin doğulduğu İbiş kəndinə gedirəm ara-sıra. Orada Çaxmaq kəndindən də adamlar yaşayır. Bir az o insanlardan kəndimizin qoxusunu ala bilirəm”.

Cənubi Qafqaz Respublikası

“Bilirsiniz ki, Qars əvvəllər Azərbaycan şəhəri olub. Anadoluda babalarımız 1919- cu ildə Cənubi Qafqaz Respublikasını ilk elan edənlərdən olublar. Bu fakt Azərbaycanda bir o qədər də bilinmir.  Həmin Respublika  ikinci Azərbaycan Cümhuriyyəti sayılırdı. Amma təssüf ki, Şimaldakı Cümhuriyyət kimi onun da ömrü çox uzun olmadı. Məmməd Əmin Rəsulzadənin yaratdığı Cümhuriyyət dövrünə təsadüf etsə də, fərqli bir coğrafiya olduğu üçün onların da öz xüsusiyyətləri olub.  Bu Respublikanın yaradılmasında əsas məqsəd ermənilərə qarşı bir dirəniş göstərmək olub. Cənubi Qafqaz Respublikasının özünün ordusu, məclisi, bayrağı, atributları olub. Gələcəkdə  Cənubi Qafqaz Respublikasının  necə yaranmasıyla bağlı kitab yazmaq fikrim var”. 
  
Ermənilər 60- cı illərdə köç etməyə başladılar

“Biz çox unutqan millətik. Yəqin ki, bu da bizim həddindən artıq humanist, bağışlayan  xalq olduğumuzdan irəli gəlir.  Bizim bölgədə ermənilər çox az yaşayırdı. Amasiyada əhalinin 95 faizi azərbaycanlı idi. Bizim kənddə dörd beş faiz erməni yaşayırdı. Onlar da 1918- ci ildə gətirilən ermənilər idi. Bizim kəndə sığınmışdılar, biz də onlara yer vermişdik. Özlərini çox mehriban göstərirdilər. Onlarla bizim  kəndin camatı arasında 1988- ci ilə qədər heç bir münaqişə olmayıb. Ermənilər  60- cı illərdə köç etməyə başladılar. Bizim kənddəki ermənilər də çıxıb getməyə başladılar. Bir erməni qadın qalmışdı, o da dükançı idi. Amma 1988- 1989-cu illərdə həmin köç edən ermənilər geri qayıtdılar və başladılar deməyə ki, buralar bizimdi,siz burdan çıxıb getməlisiniz. Əhaliyə qarşı zor tətbiq etdilər. Vaxtilə satıb getdikləri evlərə girib deyirdilər ki, bura mənim evimdi, çıxın gedin. Halbuki neçə il əvvəl o evləri satıblar.  Yəni erməni kəmfürsətçiliyi hər addımda özünü göstərirdi. O hadisələr zamanı bizim kənddə qalan 3- 5 faiz  ermənilər də 180 dərəcə dəyişdilər. Qardaş, kirvə deyən ermənilər başladılar bizimlə düşmənçilik etməyə.
  
Bizdə erməniylə ailən qurmaq söhbəti olmayıb. Erməni qızı hardasa alan ola bilərdi, amma azərbaycanlı qzını erməniyə getməsi ola bilməzdi”.

Bakıdan  gedən ermənilər oranı tərcih etmədilər

“Bizim kənd başqa kəndlərlə müqayisədə müasir kənd idi. Balaca kənd idi, cəmisi 40 ev vardı. Amma balaca olmasına baxmayaraq ziyalı gənclərin yetişməsi üçün çox yaxşı bir mühit vardı. Kənd mühitinə görə zəngin kitabxanası, modern bir klubu, yaxşı məktəbi vardı. Balaca olmağına  baxmayaraq hamamı vardı . Hər şeylə təmin olunmuş zəngin kənd idi, insanların ərzaq problemi demək olar ki, yox idi, insanlar çox rahat yaşayırdılar.  Baxmayaraq ki, ucqar yerdəydi, amma insanların yaxşı evləri vardı. İndi kosmosdan çəkilən xəritədə baxıram kəndimizə, o evlər indi də durur.

O yerləri 1998- ci ildə çəkənlər olub, orda indi cəmi 8 erməni ailəsi yaşayır. Azərbaycan yaşayan bölgələrdə məskunlaşma beş -on faizdir. Bakıdan  gedən ermənilər oranı tərcih etmədilər, çoxusu Rusiyaya üz tutdu. Ora gedənlərin bir çoxları da sonradan Ermənistanı tərk etdilər”. 
Xatirələr: “Məktəbə velosipedlərlə gedirdik”

“Bizim kəndlərdə özünəməxsus olan bir şey vardı. Uşaqlar, gənclər arasında oxumaq yarışı vardı. Yaxşı mənada paxıllıq,  rəqabət var idi. Mən orta məktəbi Güllübulaq kəndində oxumuşam. Bizim kənddən bir qədər uzaq olduğu üçün biz məktəbə velosipedlərlə gedirdik. Məktəbin həyətində velosipedləri saxlayıb dərsə gedərdik, həmin kəndin uşaqları velosipedlərimizi oğurlayırdılar. Biz çıxanda saatlarla velosipedlərimizi axtarırıdıq. 

Şübhəsiz ki, kənddə o dövrdə sovet hökümətinin qadağan etdiyi məscid yox idi. Ancaq insanlar bayram zamanları, Məhərrəmlik aylarında  ibadətlərindən qalmırdlar. Dinimizi unutmurduq”. 

“Biz o abidəyə əvvəllər yanlış olaraq kilsə deyirdik”

“Bizim kəndin ortasında böyük qayalıqlar vardı. Bəzən o qayalıqları cəhd edib qaldırmışdılar, altından qəbirlər çıxmışdı. Qəbirlərdə insan sümükləri ilə birlikdə, onun alətləri, heyvanının sümükləri çıxırdı. Bu da skiflərə xas olan bir adət idi. İnsan öləndə onun əşyalarını, atını, həyat yoldaşını da onunla birlikdə dəfn edirdilər. Bu da onu göstərir ki, o bölgələrdə ən qədim zamanlardan yaşayış olub. Biz o abidəyə əvvəllər yanlış olaraq Kilsə deyirdik. Amma o kilsə deyildi, Xristian dinindən də öncəyə aid bir abidə idi.  Mağaralar vardı kəndimizdə. Həmin mağaralarda ən qədim vaxtlarda yağ istehsal edildiyinə dair nişanlar vardı. Südü sal qayalığın içində düzəldilən oyuqlara töküb orda yağ  hazırlayırmışlar.


“Ötkəm qadınlar kişiləri də idarə edirdilər”

“Bizim tərəflərin qadınları çox mərd, şücaətli olublar.  Qadınlarla kişilər eyni hüquqa malik idilər. Bəzi hallarda ötkəm qadınlar kişiləri də idarə edirdilər.  Analarımız abır-həya əlaməti olaraq  başlarından örpəyi açmazdılar.  Mənim bibimin başında dingə vardı. Dingə taca bənzər bir baş geyimi idi, ətəklərində də pullar. O, ölənə qədər onu başından çıxartmadı  
“Kəndimizdə çox yaxşı idman ənənəsi var idi”

“İnsanların  bir- birinə sayğısı, sevgisi  yüksək idi.  O vaxt universitetin jurnalistika fakültəsi əlçatmaz fakültələrdən hesab olunurdu. Yadıma gəlir, mən jurnalisitka fakültəsinə qəbul olanda kənddə hamı bayram etmişdi. Kəndimizdə çox yaxşı idman ənənəsi var idi. Bizim kəndin gəncləri  yaxşı futbol oynayırdılar, qonşu kəndləri həmişə məğlub edirdik. Tətil vaxtı kəndə gedəndə hamı siyahı yazırdı, məni bir -bir qonaq çağırırdılar”.

Qərbi Azərbaycan Ostandarlığı

“Əslində mən o torpaqlara Qərbi Azərbaycan  deyilməsinin tərəfdarı deyiləm. Bəlkə də çoxları bilmir bunu, amma  Qərbi Azərbaycan bir başqa yerdir.  İndi Cənubi Azərbaycan dediyimiz yerdə bir Qərbi Azərbaycan Ostandarlığı var. Əgər Beynəlxalq  miqyasda biz desək ki, Qərbi Azərbaycanlıyıq onlar həmin Qərbi Azərbaycanı düşünəcəklər”. 

“Bizim məclislərdə türk mahnıları oxunardı”  

“Amma bilirsiniz ki, Sovet dövründə Türkiyə ilə ara açıq olmadığı üçün Azərbaycanın şimal tərəfində Türkiyə haqqında camaat o qədər geniş məlumata sahib deyildi.  Ancaq o vaxt bizim məclislərdə türk mahnıları oxunardı.  Camaat  türk müğənnilərini yaxşı tanıyırdılar, mahnılarını əzbər bilirdilər.  Amasiya rayonunun çox zəngin adət-ənənələri var. Bizim kəndin özünəməxsus bir Azərbaycan mədəniyyəti var idi. Hətta Türkiyədən gəlib adət-ənənələrimizi çəkiblər dəfələrlə. Bununla bağlı kitablar yazılıb.  

Bu mədəniyyət 1980- ci ildən sonra bir az aşındı, o adətləri yaşatmadılar.  Bu gün bəzi tədqiqatçılar o folklorları kitablaşdırmağa çalışırlar, amma artıq bu ənənənin özü olmur, tarix olur".  

“Özümü təhqir olunmuş bir millətin övladı hesab edirəm”

"Biz o yerlərə qayıtmalıyıq, ayrı yol yoxdur. Mən həmişə özümü təhqir olunmuş bir millətin övladı hesab edirəm. Erməni dilini bildiyim üçün erməni mətbuatını oxuyuram və hər gün ermənilərin təhqir və aşğılamaları ilə qarşılaşıram. “Biz belə elədik, öz torpaqlarımızı belə xilas etdik”  demələri  məni incidir.  Bununla barışmaq mümkün deyil". 

Günel Musa

Foto: Nuron

1 Ağustos 2013 Perşembe

“Ermənistanda bilirlər ki, çox tezliklə qisas saatı başlayacaq...”


Hərbi ekspert : “Azərbaycan öz ərazi bütövlüyünü qısa müddətdə bərpa etmək gücündədir”
Bakıda ötən ayın 26-da keçirilən hərbi paradın işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyində, bütövlükdə cəmiyyətində təlaş yaratdığı haqda məlumat verilib. Narahat ovqatın bir təzahürü də qonşu ölkədə müttəfiq Rusiyaya qarşı etirazların hələ də səngiməməsidir. Bir səbəb də 26 iyun paradında Rusiyadan alınan ən müasir döyüş maşınlarının nümayiş etdirilməsidir. Qeyd edək ki, əksər praqmatik erməni təhlilçiləri və siyasətçiləri Bakı ilə Moskva arasında bu səviyyədə reallaşan və davam edən hərbi-texniki əməkdaşlığı, o cümlədən böyük həcmdə silah ticarətini Kremlin öz forpostunun köklü mənafeyinə soyuq münasibəti və erməni milli maraqlarını hər an satmağa hazır olması kimi dəyərləndiriblər.
Rusiyanın ünvanına belə ifadələr də səslənib ki, “Moskvanın İrəvanla müttəfiqliyi formal xarakter daşıyır”, “Rusiya Ermənistana öz vassalı kimi baxdığından onunla hesablaşmaq istəmir” və s.
Lakin az sonra düşmən ölkənin təbliğat maşını anti-Rusiya isteriyasının ziyanlı olduğunu və ictimai rəydə məyusluq ovqatını dərinləşdirdiyini anlayıb valı dəyişdi, Bəzi “ekspertlər” Bakıdakı hərbi paradın əhəmiyyətini, ümumiyyətlə, Azərbaycanın hərbi qüdrətini kiçiltməyə çalışdılar. Ancaq gec idi. 
Doğrudan da bu gün əlverişli beynəlxalq şərait yetişsə, əminik ki, Azərbaycan ordusu savaş meydanında öz layiqli sözünü deyəcək. Hərbi hazırlıq səviyyəsindən, daxilindəki bəzi problemlərə rəğmən, silahlı qüvvələrimiz qarşısına qoyulan əsas vəzifəni bişəkk, yerinə yetirmək gücündədir. Məhz bu gücün hesabınadır ki, erməni tərəfi Xankəndindəki qanunsuz aeroportu indiyədək istismara verməyə cürətlənmir. Çünki düşmən tərəf Azərbaycanın hava hücumundan müdafiə sisteminin də bölgədə ən güclü və modern vəziyyətdə olduğunun, qanunsuz uçuşların isə müharibəyə gətirəcəyinin fərqindədir. 
Gündən-günə boşalan, iqtisadiyyatı hələ də rüşeym halında qalan balaca bir ölkə təbii ki, bu savaşı uzun müddət aparmaq gücündə deyil. Bunu rusiyalı analitiklər də təsdiqləyir, yerli hərbi mütəxəssislər də. Tanınmış rus təhlilçilərdən biri isə bugünlərdə belə demişdi: “Rusiya Ermənistanın arxasından çəkilsə, Azərbaycan bir saata məsələni çözər”.
“Bəzi erməni ekspertlərinin Azərbaycan ordusundakı hərbi texnikanın vəziyyəti barədə sayıqlamalarını oxuyanda məndə belə təəssürat yaranır ki, bu adamların görmə və təfəkkürlə bağlı ciddi problemləri var”. Bunu da hərbi ekspert, keçmiş döyüşçü, istefada olan zabit Üzeyir Cəfərov 1news.az-a müsahibəsində erməni hərbi ekspert Arkadi Qriqoryanın “Azərbaycan müharibəyə hazır olmadığını etiraf eləməli olacaq” fikrinə münasibət bildirərkən söyləyib. 
Qriqoryan bildirib ki, “Azərbaycanın kəmiyyət baxımından hərbi texnikası çoxdur, lakin keyfiyyət heç də yüksək deyil”. Lakin Üzeyir Cəfərov bunu blef sayır: “Ermənistanda bilirlər ki, çox tezliklə qisas saatı başlayacaq və Azərbaycan işğal altındakı ərazilərini azad edəcək. Erməni yalançı ekspertlərin açıqlamaları isə hansılarla ki, onlar hərbi sahədə biliklərini göstərmək istəyirlər, yumşaq desək, qeyri-ciddi və savadsız bəyanatlardır”.
Onun qənaətincə, 26 iyun paradda Azərbaycan ordusunun döyüş texnikasının yalnız bir hissəsi nümayiş etdirilib və bu da kifayət edib ki, Azərbaycanda mənzillənən əcnəbi diplomatlarda böyük həyəcan doğursun: “Paraddan sonra Ermənistanda bir daha əminlik hasil oldu ki, ölkəmiz Rusiyadan, Türkiyədən, İsraildən və başqa dövlətlərdən aldığı silahlar və hərbi texnika hesabına öz zəbt edilmiş ərazilərini qısa müddətdə işğalçılardan təmizləyə bilər. Azərbaycan ordusu ən müasir hərbi silahlar və texnika ilə təchiz olunub. Və kim bunun əksini iddia edirsə, o, hərbi sahədə zərrəcə biliyə sahib deyil və sadəcə, güclü silahın nə demək olduğunu bilmir. Bəs Ermənistanın nəyi var?!”
Hərbi ekspertin fikrincə, Ermənistan silahlı qüvvələrində yaşanan problemlər “fəlakət” sözündən başqa heç nəyə uyğun gəlmir: “Ermənistanın prezidenti, qonşu ölkənin müdafiə naziri bu haqda dəfələrlə danışıblar. Bu gün erməni ordusunda sıravi və zabit heyətinin çatışmazlığı, böyük maliyyə problemləri yaşanır. Ermənistan silahlı qüvvələrini yaxın perspektivdə nə gözlədiyini təsəvvür eləmək çətin deyil”.
“Güclü və yaxşı təchiz olunmuş orduya malik Azərbaycan qısa zamanda öz ərazi bütövlüyünü bərpa eləmək iqtidarındadır” - deyə, keçmiş döyüşçü fikrini tamamlayıb.

Zahid SƏFƏROĞLU
Müsavat.com

27 Temmuz 2013 Cumartesi

"Dövlətin gənclərdən hər zaman umduğu məsələ dövlətçilik və vətənpərvərlik hissləridir"

"Bu layihə Azərbaycanın gənclər siyasəti ilə dövlətin həyata keçirdiyi sosial mili və sadalamadığım digər daxili siyasət istiqamətləri ilə tam üst-üstə düşür". 

Publika.Az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Xətdə” Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Layihənin məqsədinin hamıya məlum olduğunu vurğulayan Ə.Həsənov deyib ki, layihənin əsas məqsədi Azərbycanda, o cümlədən regionlarda yaşayan gəncləri sosial şəbəkələr vasitəsi ilə fəallaşdırmaq, Azərbaycan dövlətinin bütün sahələr üzrə yürütdüyü siyasətə qoşmaqdır: "Eyni zamanda bu layihə onların gələcək həyatları ilə bağlı olan dövlət siyasətini gənclərin təklifləri, təşəbbüslərii hesabına zənginləşdirərək gəncləri yaxınlaşdırmaq məqsədi daşıyır. Dövlət hər zaman insanların qəlbindən keçən bütün istək və arzularına çevrilmiş idaeyaları, təşbbüsləri ümüumiləşdirərək, onların ən optimallarını seçərək, qruplaşdıraraq, ictimai mahiyyət kəsb edən səviyyəyə yüksələnləri həyata keçirməkdə davam edir. Dövlət siyasəti o zaman uğuurlu olur ki, yürüdülən bu siyasətin nəticələri həmin siyasətin göndərdiyi ünvanlara çatır və onların gündəlik həyatını zənginləşdirir.

İndiki Azərbaycanın gənclər siyasətindən də, daxili milli siyasətinin, sosial siyasətinin təməlində insan amaili dayanır. Bu siyasətin təməlində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dərin zəkası, konseptual yanaşması və təməlini qoyduğu azərbaycançılıq dayanır. 1993-2003-cü illər ərzində formalaşan və həyata keçirilən bu siyasətin bir qanadını gənclər siyasəti təşkil edir. İndi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsini məhz Azərbyacan vətəndaşının zənginləşdiriliməsi, həyataının fəallaşdırılması, getdikcə dünyada mövcud olan texniki, sosial, mədəni və mənəvi yeniliklərlə dolğunlaşdırılması Azərbycan dövlətinin daxili həyatında əsas məsələ olaraq durur".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin formalaşdırdığı gənclər, sosial, daxili, milli, mətbuat siyasəti, milli dini azlıqlarla münasibətinin ümumi strategiyasl ona yönəlib ki, hər bir insan bu cəmiyətfə öz ehtiyaclarını dolğun ödəsin: "Həmçinin, onun ehtiyaclarının təmin olunması başqalarına zərər gətirməsin və bunlarn bir balansı yaransın. Azərbaycan dövlətinin gənclərdən hər zaman umduğu məsələ dövlətçilik və vətənpərvərlik hissləridir. Ölkənin hər bir gənci hər hansı bir nəslin nümayəndəsidir. Hər bir gəncin borcu daxili, xaric təqiblərdən, təhdidlərdən bizə qarşı yönələn təziqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və millətimizə sahib çıxmaqdır. Hər bir gənc milliyətindən, dinindən, irqindən asılı olmayaraq öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.

İndi ölkə başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizi hansı yerdən haraya gətirdiyi hər kəsə məlumdur. Dövlət idarəçiliyində iştirak edən biz məmurlar da, sıravi azərbaycanlılar da gələcəymizdən o zaman əmin olarıq ki, siz gənclər rəqabətə davamlılıqla yanaşı milli-mənəvi keyfiyyətlərə də sahib olacaqsınız".

Vasif Həsənli

"Azərbaycan Putinlə bu oyuna girişsə, zərbə altına düşəcək"


Vəfa Quluzadə: “Çökən avtoritarizmin ətəyindən yapışmaq yaxşı nəticə verməyəcək”

“Vladimir Putinin region dövlətləri olan Azərbaycan və İrana səfərlərinin arxasında ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi dayanır”. Bunu modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib. O bildirib ki, ABŞ Putindən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni geri qaytarmağı tələb etdiyindən əlaqələrdə ciddi uçurum yaranıb. Politoloqun sözlərinə görə, ABŞ eyni zamanda Rusiyaya müxtəlif üsullarla təzyiqləri artırır.

“Maqnitski siyahısını genişləndirir, rus məmurlarının çoxusunu bu siyahıya daxil edir” deyən siyasi ekspert hesab edir ki, Rusiya da öz növbəsində ABŞ-a təzyiq etmək niyyətindədir: “Ona görə də Putin elan edib ki, İrana və Azərbaycana səfər edəcək. Putinin əslində bu siyasəti ABŞ-Rusiya müstəvisindədir”.

Analitikin fikrincə, Putinin Azərbaycana səfəri yaxşı heç nə vəd etmir: “ABŞ Rusiyaya geniş iqtisadi-ticari, maliyyə sanksiyaları tətbiq etməyi planlaşdırır. Əgər Azərbaycan da Putinlə bu oyuna girişsə, böyük bir zərbənin altına düşəcək. Bu tamamilə açıq və aydındır”. V.Quluzadə vurğulayıb ki, Putinin səfəri Azərbaycana yalnız zərər gətirəcək: “Bu səfər Rusiya-Azərbaycan əlaqələri müstəvisində olsa idi, bunu müsbət dəyərləndirmək olardı. Amma burda Putinin əsas məqsədi ABŞ-la çəkişmədə Azərbaycanı faktor kimi istifadə etməkdir”.
ABŞ-ın Qafqazdakı maraqlarından geri çəkilmək barədə suala isə siyasi şərhçi belə aydınlıq gətirib: “ABŞ dünyanın ən güclü dövlətidir. Rusiya isə çökür. Ona görə də çökən avtoritarizmin ətəyindən yapışmaq heç bir yaxşı nəticə verməyəcək”.

Politoloq bildirib ki, Putinin nə İrana, nə də Azərbaycana səfərinə ehtiyac yoxdur: “Ona görə ki, bu səfərlər əvvəldən planlaşdırılmayıb. Bu, yalnız ABŞ-a dirsək göstərmək kimi bir şeydir. İran onsuz da sanksiyalardan qorxmur. Amma Azərbaycana da sanksiyalar tətbiq oluna bilər”.

Xatırladaq ki, Rusiya prezidentinin gələn ay Bakıya səfəri gözlənilir.

İlham Sultanov
ANS



"Bu dəfə Putini Bakıda yola vermək mümkün olmayacaq..."


Politoloq: “Bu, Azərbaycan üçün o qədər də arzuolunan səfər deyil”

“Putinin Azərbaycana səfərini təkcə Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqələndirmək doğru deyil. Bu, regionda, xüsusilə Yaxın Şərq regionunda qlobal səviyyədə dünya siyasətində baş verən son hadisələrlə bağlı bir səfərdir. Açığı, bu, Azərbaycan üçün o qədər də arzuolunan bir səfər deyil”. Politoloq Natiq Miri “Yeni Müsavat”a Rusiya prezidenti V.Putinin Azərbaycana gözlənilən səfərini şərh edərkən bunları deyib. N.Miri deyir ki, bu səfər Azərbaycan üçün elə də yaxşı perspektivlər vəd etmir, çünki bu səfər zamanı Azərbaycan hakimiyyəti qarşısında konkret seçim qərarı qoyulacaq.

“Bu seçim o qədər də asan başa gəlməyəcək. Təbii ki, söhbət dünya gücləri arasındakı seçimdən gedir. Bu çərçivədə Azərbaycanın gələcək təhlükəsizliyini hansı təhlükəsizlik sistemində görəcəyi ilə bağlı Putinin qərarı ortada olacaq. Buna cavab vermək isə Azərbaycan üçün çox çətindir. Çünki Azərbaycan hakimiyyəti ölkənin gələcəyini Qərblə inteqrasiyada, eyni zamanda gələcək təhlükəsizliyini Avroatlantik güclə bir yerdə görür. O baxımdan bu strateji qərarı vermək Azərbaycan hakimiyyəti üçün çox çətindir və Azərbaycan bu gün buna hazır deyil”.

Politoloq deyir ki, paralel olaraq seçim qarşısında qoyulan Azərbaycandan Avrasiya İttifaqına üzvlük məsələsində konkretlik istəniləcək: “Azərbaycan buna da hazır deyil. Təbii ki, bunun müqabilində Azərbaycana bəzi vədlər veriləcək. O məsələlər içərisində prezident seçkilərində Rusiyanın dəstəyi, eyni zamanda Dağlıq Qarabağ probleminin həllində bəzi irəliləyişlər ola bilər. Son vaxtlar Ermənistanla Avropa Birliyi arasında assosiativ üzvlük haqqında müqavilə imzalanması prosesinə hazırlıq gedir. Rusiya da bu məsələdən çox ciddi mənada qıcıqlanıb. Ona görə də Ermənistanı bir növ cəzalandırmaq üçün cüzi də olsa, Azərbaycana müəyyən mənada reveranslar etməyə hazırdır. Ancaq bunun müqabilində Azərbaycan hakimiyyətindən istəkləri yaxın gələcəkdə Azərbaycana çox baha başa gələ bilər. O baxımdan bu, Azərbaycan üçün o qədər arzuolunan səfər deyil. Xüsusilə Azərbaycanın dövlət başçısı üçün bu səfər çox çətin keçəcək. Yəni bu səfər münasibətlərin tənzimlənməsindən çox ola bilsin ki, gələcəkdə çox ciddi şəkildə xətər almasına səbəb olacaq. Çünki Putin bu gəlişi ilə Azərbaycandan konkret qərar istəyəcək. Bakıda artıq Putini yola vermək mümkün olmayacaq".

N.Miri təsdiq edir ki, bu səfər Azərbaycan hakimiyyətindən çox Rusiya hakimiyyətinə lazımdır: “Çünki indiki ərəfədə Yaxın Şərqdə, bizim regionda, ümumiyyətlə, qlobal siyasətdə ABŞ-ın məğlub olması eyforiyası var. Rusiya belə bir situasiyadan istifadə etməklə postsovet ölkələrini özünə tərəf cəlb etmək istəyir. Təbii ki, bunun müqabilində Rusiyanın Azərbaycana və digər postsovet ölkələrinə təklif edəcəkləri də var. Ancaq Azərbaycan bu təkliflərin strateji və milli maraqlarına nə qədər uyğun olub-olmadığını götür-qoy etməlidir. Məncə, Azərbaycanın bu yöndə Rusiyaya verə biləcəyi müsbət qərarlar yoxdur. Əks təqdirdə, bu, bumeranq olaraq Azərbaycanın başına çox ağır zərbələrlə qayıda bilər. Ona görə də bu səfər Rusiyaya daha çox lazımdır. Çünki Rusiya vəziyyətdən istifadə edərək regionda daha da güclənmək istəyir”.


İlham Sultanov

ANS

22 Temmuz 2013 Pazartesi

« JURNALİSTLƏRİN VƏTƏNPƏRVƏRLİYİ ÇOX VACİBDİR »



«JURNALİST ŞƏHƏRCİYİ SALINACAQ»

«Dünya praktikasında ilk dəfə Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verilib. Jurnalistlər maaşları ilə mənzil ala bilməzlər. Mətbuat təmsilçiləri ilə görüşdə ortaya çıxan təşəbbüsə dərhal dəstək verildi». Jurnalistlər üçün tikilən binanın açılışında çıxış edən prezident belə deyib:

Dövlət başçısı dövlətin mətbuata qayğısının davam edəcəyini söyləyib: «Bu gün açılışını etdiyimiz binada yaşayacaq jurnalistlərin sayı 150 nəfərdir. Ancaq dövlətin dəstəyinə ehtiyacı olan, buna layiq olan jurnalistlərin sayı çoxdur. Təşəbbüsü nəzərə alaraq, jurnalistlərə bu sahədə dəstək davam edəcək. İstisna etmirəm ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq».

İ. Əliyev ətraf ərazilərdə yeni kompleks yaradılacağı, böyük su kompleksi və digər obyektlərin tikiləcəyini söyləyib. Onun sözlərinə görə, bu binada mənzil alanlar arasında müxtəlif mətbu orqanların, müxtəlif siyasi baxışa malik insanlar var: «Bu da göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda sağlam ab-hava var, jurnalistlərin fəaliyyəti də bu ab-havanı daha da sağlamlaşdıracaq».

«AZƏRBAYCANDA SÖZ AZADLIĞI TAM TƏMİN EDİLİB»

Dövlət başçısı Heydər Əliyevin senzuranı ləğv etməsi ilə mətbuatın azadlığının genişləndiyini bildirib: «Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası inkişaf edir. İnternetin yayılması ilə bağlı dövlət tərəfindən proqramlar həyata keçirilir. Belə olan halda biz deyə bilərik ki, Azərbaycanda söz azadlığı tam təmin edilib. Bu, belə də olmalıdır. Azərbaycanda iqtisadi, sosial və ictimai proseslərin gedişi mütərəqqi ideyalar üzərində qurulmalıdır. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın rolu böyükdür. Gələcəkdə də Azərbaycanda söz azadlığı və digər azadlıqlar tam təmin ediləcək. Bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün də yer nəzərdə tutulub, jurnalistlərə eyvandan baxaraq o aksiyaları işıqlandırması çətin olmaz».

«SON İLLƏR JURNALİSTLƏR MƏSULİYYƏTLƏRİNİ DAHA ÇOX HİSS EDİRLƏR»

İlham Əliyev jurnalistlərin məsuliyyətinin də daim müzakirə mövzusu olduğunu bildirib: «Azad mətbuat olan yerdə jurnalist məsuliyyəti önə çıxır. Son illər jurnalistlər məsuliyyətlərini daha çox hiss edirlər. Mətbuatda təhqiramiz yazılara çox az rast gəlinir. Digər tərəfdən, müasir internet dövründə yalan informasiyanın ömrü uzun ola bilməz. Mətbuat Şurasının da bu məsələləri daim diqqət mərkəzində saxladığını bilirəm. Jurnalistlərin peşəkarlığı barədə heç nə demək istəmirəm, siz özünüz vaxtaşırı bu barədə danışırsınız. Əgər dövlət tərəfindən hər hansı dəstək lazımdırsa, biz bu dəstəyi verəcəyik ki, gənc, peşəkar kadrların hazırlanması prosesi sürətlə getsin. Bütövlükdə jurnalistikamız xalqına, dövlətinə bağlıdır. Bəzən şəxsi, partiya, korporativ maraqlar ortaya çıxır. Buna yol vermək olmaz. Xüsusən gənc dövlətlərdə vətənpərvərlik hissi güclü olmalıdır. Bu, sadəcə şüar deyil. Gənclərimiz vətənpərvər ruhda böyüməli, tərbiyə almalıdır və jurnalistikamızın bu sahədə böyük rolu var. Müstəqillik bizim xoşbəxtliyimiz, böyük dəyərimizdir. Ona görə də jurnalistlərin vətənpərvərliyi çox vacibdir. Dövlət maraqları müdafiə edilməli, dövlətə zərər verən addımlara yol verilməməlidir. Eyni zamanda cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır».

«VƏTƏNPƏRVƏRLİK ÖNDƏ OLMALIDIR»

Dağlıq Qarabağ məsələsinə toxunan dövlət başçısı bu məsələnin xüsusən xarici mətbuatda işıqlandırılmasını zəruri sayıb: «QHT-lər bu sahədə fəaldır, mətbuat nümayəndələri də xarici mətbuata çıxır. Bu iş daha da genişlənməlidir. Dövlət qrant və digər formalarda bu işə dəstək verməyə hazırdır. Son illər bir neçə ölkə Xocalı soyqırımını tanıyıb. Çünki dövlət və cəmiyyət bu məsələni diqqətdə saxlayır. Dövlət və cəmiyyətin reallıqlarını jurnalistlərdən yaxşı heç kim çatdıra bilməz. Azərbaycan böyük uğurlar qazanıb və bu reallıqları görməməzliyə vurmaq mümkün deyil. Ancaq erməni lobbisi gücləri olan bütün ölkələrdə Azərbaycana qarşı mübarizə aparırlar. İstəyirlər ki, ermənilərin Azərbaycan daxilində yaşaya bilməyəcəkləri barədə təəssürat yaratsınlar. Biz bunu nəzərə almalıyıq. Bu gün internetin resurslarından istifadə edərək tolerantlıq, dini dözümlülük və digər sahələrdəki reallığı dünyaya çatdırılmalıdır».

Prezident çıxışında bir daha vətənpərvərlik məsələsini önə çəkib: «Vətənpərvərlik öndə olmalıdır. Siyasi baxışların toqquşması təbiidir, ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Çünki müstəqillik ən böyük dəyərdir və biz müstəqilliyimizi qorumalıyıq. Əfsus ki, hələ də qul psixologiyası ilə yaşayanlar, xaricdə dayaqlar axtaranlar var. Xaric dedikdə onun hansı qütbdə yerləşməsinin mənim üçün fərqi yoxdur. Dünyanın bir çox yerlərində proseslər mənfi istiqamətə gedir, qarşıdurmalar yaşanır. Bizdən çox maraqlarımızı müdafiə edən olacaqmı? Yox».

Tədbirin sonunda Bibiheybət qəsəbəsində jurnalistlər üçün yeni yaşayış binasının təməli qoyulub. Bu mərasimdə də dövlət başçısı iştirak edib.

20 Temmuz 2013 Cumartesi

RUSİYA VƏ AZƏRBAYCAN ARASINDAKI GƏRGİNLİYİN KÖKÜNDƏ ƏSASƏN ÜÇ PROBLEM DAYANIR...


GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi İqtisadi və Sosial İnnovasiyalar (yeniliklər)  İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimlidir.

- Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərə birmənalı baxışın olmamasını nə ilə izah edərdiniz?

- Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərə birmənalı baxışın olmaması xeyli dərəcədə yeni dünya düzənin məntiqindən və qeyri-müəyyənliklərindən qaynaqlanır. Rusiya ilə Azərbaycan arasında münasibətlərə prizmanın(baxışın) müxtəlif tərəflərindən baxdıqda, bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən çox fərqli və mürəkkəb bir mənzərə alınır. Bir tərəfdən, rəsmi səviyyələrdə hər iki tərəf bildirir ki, Azərbaycanla Rusiyanın əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Ekspert (karşünasi) qiymətləndirmələri səviyyəsində yanaşmaların bir hissəsində isə Rusiya ilə Azərbaycan arasında münasibətlərin az qala“soyuq müharibə” mərhələsində olduğu bildirilir.

- Sizcə, hansı düzdür: “strateji tərəfdaşlıq”, yoxsa “soyuq müharibə”? 

- Fikrimizcə, daha dolğun həqiqət bu iki kənar baxış bucağının arasındadır.

- Niyə orta mövqenin həqiqətə daha yaxın olduğunu qənaətindəsiniz?

- Çünki bir tərəfdən Azərbaycanla Rusiya arasında iqtisadi, elmi-texniki, mədəni və sair sahələrdə əlaqələr artan xətlə inkişaf edir. Həmin sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdən ötrü 110-dan artıq dövlətlərarası, hökumətlərarası və bölgələrarası sazişlər bağlanmışdır. İki ölkə arasında xaici ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşları ildən ilə artır. Azərbaycanla Rusiya arasında xarici ticarət dövriyyəsi 2,3 milyard doları ötmüşdür. Bu sahədə Rusiya Azərbaycanın 2-ci xarici ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 7 faizi, o cümlədən idxalın 14 faizi, ixracın isə 4 faizi Rusiyanın payına düşür. Hazırda Azərbaycan Rusiyanın 83 federal subyektindən 71-i ilə əməkdaşlıq edir. Əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər, biznes forumlar, işgüzar görüşlər təşkil edilir.
Rusiyanın ali məktəblərində 5755 Azərbaycan vətəndaşı təhsil alır. Bakıda M.V.Lomonosov adına MDU-nun filialı açılıb.  Azərbaycanın ali məktəblərində rus dilində 15 mindən artıq tələbə təhsil alır. Azərbaycanda rus dilində 50-dən artıq məcmuə nəşr olunur və 12 informasiya agentliyi xəbər yayır. “Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında” sazişə əsasən Parlamentlərarası Komissiya təsis edilmiş və əməkdaşlıq əlaqələri yetərincə inkişaf edib. Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Onların bir hissəsi artıq Rusiya vətəndaşlıarıdır. 
Digər tərəfdən isə Azərbaycanla Rusiya arasında maraqların üst-üstə düşmədiyi sahələrdə gərginlik davam edir. 

- Hansı sahələri nəzərdə tutursunuz?

- Fikrimizcə, Rusiya və Azərbaycan arasındakı gərginliyin kökündə əsasən üç problem dayanır:
Birincisi, Azərbaycanın yerləşdiyi geopolitik bölgə Rusiya üçün çox böyük strateji əhəmiyyətə malikdir. Ona görə də ən əsas məsələ Azərbaycanın zəngin enerji resusrları(qaynaqları) və ölkəmizin transit ərazidə yerləşməsidir. Rusiya bilir ki, Azərbaycana nəzarəti itirmək- nəinki Cənubi Qafqazda, bütövlükdə Qafqaz bölgəsində nəzarəti itirmək deməkdir. Ona görə də Rusiya Azərbaycanı müxtəlif yollarla öz nəzarəti altına salmağa çalışır. Azərbaycan isə postsovet(kecmiş Şürəvi) məkanında həm iqtisadi, həm də siyasi məsələlərdə özünü müstəqil siyasəti ilə daha çox fərqlənən yeni müstəqil dövlət yolunu tutmuşdur.
İkincisi, bu gərginlik daha çox Azərbaycan ərazilərinin işğalında Rusiya faktorunun aparıcı rol oynaması və münaqişənin ədalətli həllində əsas maneəyə çevrilməsindədir. Rusiya Dağlıq Qarabağ münaqişəsində Ermənistana yönəlik siyasət yürüdür. Rusiya istəyir ki, ”Qarabağ kartı” həmişə Azərbaycana təsir rıcaqını öz əlində saxlasın və digər faktorları da bura qoşa-qoşa Azərbaycanı özünə tabe eləsin. 
Üçüncüsü, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Rusiyanı Azərbayacan təzyiqlərini artıran amillərdən biridir. Son vaxtlar bu amil özünü bir neçə istiqamətdə daha qabarıq göstərməyə başlamışdır. Rusiya Azərbaycanı Rusiya, Belarusiya və Qazaxıstanın da daxil olduğu "Avroasiya" ittifaqına və ümumi gömrük ittifaqına cəlb etmək istəyir. Təbii ki,bu ittifaqların pərdəarxası məqamlarından doğan problemlər Azərbaycanın müstəqilliyinə təhdiddir və ona görə də Azərbaycan buna getmir.

- Sizcə, daha hansı amillər önə çıxmağa başlaya bilər?

- Bütün bunlarla yanaşı eyni zamanda Avropa ilə Azərbaycanın qaz sahəsindəki əməkdaşlığına Rusiya qısqanclıqla yanaşır. Azərbaycan tərəfinin Avropa bazarına çıxmaq məsələsındə “Nabucco”-ya yox, TAP-a üstünlük verməsi gərginliyi bir qədər səngitsə də, Rusiyanın Avropa bazarında inhisarçı mövqe maraqları baxımından, münasibət tam müsbətə doğru yönəlməyib və Rusiyanın bu məsələdə sindrom(aşma) xarakrerli əsl mövqeyinın sərgilənməsi hələ qabaqddır. Bundan başqa, Rusiyanın Xəzərlə bağlı siyasəti Azərbaycanla üst-üstə düşmür. Rusiyanın Qəbələ radiolokasiya stansiyasının (istqahe radar) istismarını dayandırması və Bakı-Novorossiysk kəməri ilə nəqlə dair sazişə xitam verməsi Azərbaycan-Rusiya münasibətlərinə münasibətlərinin gərgnləşməsinə yeni çalalar gətirib. Azərbaycanda prezident seçkiləri ərəfəsində Azərbaycan- Rusiya münasibətlərində qeyri-müəyyənlik daha da artmaqdadır. Postsovet məkanı ölkələrindən, o cümlədən Azərbaycandan Rusiyaya işləməyə gedənlərin bir hissəsinin həmin ölkədən çıxarılması əlavə gərginlik mənbəyi yaradır... Son vaxtlar, xüsusən də prezident seçkiləri yaxınlaşdıqca, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginliyin yaşandığı açıq şəkildə hiss olunur. Belə davam edərsə, iki ölkə arasında münasibətlərin daha da gərginləşəcəyi ehtimalı gələcəkdə reallığa çevrilə bilər.

- Və nəhayət sonuncu sual: belə şəaritdə nə təklif edərdiniz?

- Bu sualın fundamental (köklü) cavabı xeyli dərcədə ondan asılıdır ki, əvvəla yaxın və orta gələcəkdə xarici faktorların hesabına yaşadığımız Cənubi Qafqaz bölgəsinin mənzərəsi necə dəyişəcək? İkincisi, Rusiya-Azərbaycan münasibətlərin pərdəarxsı tərəflərinin doğurduğu gərginlik əsaslı surətdə yalnız “motiv(əngizə)-uğur” nəzəriyyəsinin məntiqinə uyğun surətdə inkişaf etdiyindən, həmin prinsip üzrə də qabarıb-çəkilməklə, mütləq sonda zəifləyəcək. Yəni Rusiyanın mahiyyətindən qaynaqlanan motivi tükənənə qədər davam edib, sonra səngiyəcək. Ona görə də orta və yaxın perspektivə(çeşməndaz) belə bir şəraitdə fikrimizcə, hələlik ən optimal variant (seçənək) Azərbaycanın Cənubi Qafqazda gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə Rusiya ilə iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətlərində səylərini artırması, müstəqilliyimizə xələl gətirən sahələrdə isə təzyiqlərə tab gətirməkdə davam etməsi olardı. Rusiyanın mütərəqqı qüvvələri ilə əməkdaşlıq əlaqələri maksimimum dərinləşdirilməli və yeni səviyyəyələrə daşınmalı, ambisiyaları(maraqlar, cahtələbi) ilə bağlı məqamlardan isə bacardıqca uzaq durmaq lazımdır. Konstruktiv (düzgün, yararlı) siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişləndirilməsi yolu ilə çalışmaq lazımdır ki, Rusiya tərəfi nə qədər geç deyil Qafqaz siyasətinə (axı, unutmaq olmaz ki, Qarabağ münaqişəsi SSRİ-nin(Şürəvi) dağılmasını sürətləndirən əsas amillərdən biri oldu) yenidən baxsın ki, qarşılıqlı faydalılıq və bərabərhüquqluluq prinsiplərinə əsaslanan əməkdaşlığın dərinləşdirilməsi, təkcə yaşadığımız bölgənin geosiyasi mənzərəsinin sabitliyi, bölgəsəl təhlükəsizliyin möhkəmlənməsi, baxımından deyil, həm də Rusiyanın geosiyasi maraqları baxımından da, eləcə də xalqlarımızın əmin-amanlıq və firavanlığına şərait yaradacaq ən perspektivli yoldur.

 Elnur Eltürk