Translate

9 Haziran 2017 Cuma

BJEZİNSKİDƏN ÖLÜMQABAĞI AZƏRBAYCANLA BAĞLI İLGİNC PROQNOZ VƏ XƏBƏRDARLIQLAR

09.06.2017



Z.Bjezinski: “Qarabağda müharibə qaçılmazdır, azərbaycanlılara məsləhət görərdim ki...”

“Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək.

Mayın 26-da ömrünün 89-cu ilində dünyaca məşhur geosiyasətçi və politoloq, SSRİ və kommunist sistemi üzərində qələbənin ideoloqu, “Soyuq müharibə” dönəmindən sonrakı dünya düzənin arxitektorlarından olan Zbiqnev Bjezinski dünyasını dəyişdi. Lakin Bjezisnki həyatda olmasa da, onun qiymətli fikir və proqnozları, əsərləri yəqin ki, hələ uzun müddət dünya siyasətinə öz təsirini göstərəcək.

Bu xüsusda Britaniyanın Lester Universitetinin beynəlxalq əlaqələr şöbəsinin elmi əməkdaşı, erməni əsilli ekspert Eduard Abramyanın ölümündən az öncə Bjezinski ilə etdiyi söhbət diqqət çəkir. Söhbətdə Azərbaycanın da daxil olduğu Güney Qafqazın gələcəyi, Dağlıq Qarabağ problemi və Rusiyanın bölgəyə yönəlik siyasəti əsas müzakirə predmeti olduğundan və aktuallıq kəsb etdyindən, onun özətini təqdim edirik.


***

Erməni ekspert yazır: “Söhbətdən öncə Bjezinski məndən xahiş elədi ki, onun bir sualına cavab verim. Sula isə belə idi: “Sizcə, Ermənistan dövlətçiliyi üçün ən böyük təhlükə hansı ölkədir? “Birmənalı şəkildə - Rusiya” cavab verdim. Onun ovqatı dərhal dəyişdi. “Təşəkkür edirəm. Təşəkkür edirəm ki, ABŞ demədiniz. Yoxsa ki, zamanında belələrinə də rast gəlmişəm” dedi”. Bundan sonrakı fikirlər yalnız Z.Bjezinskiyə məxsusdur:

“Obamanın səhvi onda idi ki, onun xarici siyasəti sırf demokratik dəyərlər sisteminə əsaslanırdı. Tarix göstərir ki, normativ prinsipi üzrə ABŞ-ın qlobal siyasətini qurmaq mümkün deyil. Praqmatizmlə isə ABŞ-ın Rusiya siyasəti daha da sərtləşəcək – münasibətlərin normallaşmasına deklarativ səylər saxlanmaqla. Rusiyaya münasibətdə ABŞ təkcə strateji çəkindirmə siyasəti deyil, həm də zəiflətmə siyasəti yürüdəcək.

10-15 il sonra siz Rusiyanı tanımayacaqsınız! 10-15 il sonra Rusiya öz problemləri içində boğulan, xarici siyasətlə məşğul olmaq həvəsindən məhrum, ələlxüsus da Avrasiya inteqrasiya planlarına həvəsini itirmiş bir ölkə kimi olacaq. Bizim vəzifəmiz də odur ki, Moskva öz ərazisində olan problemlərin həlli ilə məşğul olsun və ondan ötrü xarici siyasət, xüsusən də yaxın qonşulara münasibətdə siyasət ikinci və üçüncü dərəcəli olsun. O halda Rusiya yəqin ki, yenidən özünü kəşf edəcək – müstəmləkəçi, təftişçi təzahürlərdən əl çəkərək və nəsli dəyişməsinin nəticəsi olaraq. Biz onların üzünə gülümsəməkdə davam edəcəyik, dialoqun vacibliyini qeyd edəcəyik, ancaq eyni zamanda Rusiyanın zəifləməsinə yönəlik işlərimizi də davam etdirəcəyik.

Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib.
Ermənistan – dünyada yeganə dövlət vahididir ki, Rusiyanın təftişçi və təkidli siyasətini sədaqətlə müdafiə edir və bu zaman özünə sual vermir ki, bu, onun özünə lazımdır, ya yox. Ermənistan belə mövqenin nəticələrini dərk edirmi? Fikrimcə, yox. Bu gün Ermənistan ABŞ üçün böyük problemləri olan ölkə qismində deyil, bu cür açılmalıdır: ABŞ Ermənistanla münasibətlərdən hansı fayda götürə bilər?

Başqa sözlə, İrəvan təşəbbüskar kimi çıxış eləməli və təkliflər verməlidir, nəinki bunu ABŞ-dan gözləməlidir. Vaşinqtondan belə təkliflər daha olmayacaq. Siz anlamalısınız ki, sizin üçün regional təhlükəsizlik yalnız Gürcüstanın təhlükəsizliyinin təmin olunması kontekstində maraq kəsb etməyə başlayacaq. Nə qədər ki, Ermənistan və Azərbaycan NATO ilə inteqrasiya eləmək istəyi göstərməyib, ABŞ-ın Güney Qafqaza münasibətdə siyasəti çətin ki, indikindən fərqli olsun.

Azərbaycanla Ermənistan hələ çox qan axıdacaq. Bizim Qarabağ məsələsində passivliyimiz maskalanmış laqeydliklə əvəz oluna bilər, nədən ki, tez-tez həm Ermənistan, həm də Azərbaycan artıq Rusiyanın təsiri altında olan rejimlər kimi təsnif edilirlər. Deməli, siz müharibəyə hazır olmalısınız – hansı ki, qaçılmazdır. Rusiya zəifləyəcək və o zaman ya siz, ya da Azərbaycan qarşı tərəfi məğlubiyyətə düçar eləməklə qələbə qazanmaq imkanı əldə edəcəksiniz. Yeri gəlmişkən, burda olsaydılar, eyni şeyi mən azərbaycanlılara da məsləhət görərdim.

Düşünürəm ki, konfliktlərə münasibətdə dünya düzəninin çəkindirici rolu zamanla zəifləyəcək. Təəssüf ki, mən sizin probleminizin (Dağlıq Qarabağ –red.) tezliklə öz həllini tapacağına inanan adamlar cərgəsinə aid deyiləm – xüsusən də indi, Rusiyanın orada manipulyasiya imkanları hələ ki böyük olduğu zamanda. Ancaq Azərbaycanla Ermənistan daha bir şeyi nəzərə almalıdır: müharibə başlayarsa, Qərbdən qan tökülməsini dayandırmaqla bağlı çağırış və bəyanatlar səslənəcək.

Amma sizin (Azərbaycan və Ermənistanın – red.) problemi öz xeyrinizə həll eləmək təşəbbüsünüz Rusiyanın müqavimətinə tuş gələcək. Regionda qəti dominantlığa nail olmaq üçünsə Moskvaya Ermənistan yox, Azərbaycan lazımdır. Deməli, Bakı ilə münasibətlər, Azərbaycanın Rusiya strukturlarına inteqrasiyası və Azərbaycanın xarici siyasətində Moskvanın rolunun artması sanksiyalar və izolyasiya şəraitində olan Kreml üçün daha vacibdir, nəinki Ermənistan faktoru.

Məhz bu hesablamalardan çıxış edərək də Rusiya İranı sizinlə (Ermənistanla-red.) yox, məhz Azərbaycanla iqtisadi, kommunikasiya planlarının reallaşmasına həvəsləndirir və itələyir. Nədən ki, Azərbaycanda İran-Rusiya proqramlarının həyata keçməsi Moskvanın Bakıya təsirini artıracaq.

Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib. Türkiyədən Ermənistana təhlükə yoxdur, çünki o, bütünlüklə ABŞ tərəfindən nəzarətdə olub və olacaq... 

Vaşinqtonda, siyasi dairələrdə, həm demokratlarda, həm də respublikaçılarda belə rəy var ki, Ermənistan öz maraqları ilə siyasi etimada layiq deyil. Tez-tez də o, hətta öz maraqları əleyhinə Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul olunur. Ancaq istək və fəaliyyət olarsa, bunu dəyişmək mümkündür”.


Siyasət şöbəsi,
musavat.com

5 Haziran 2017 Pazartesi

BAKININ SİRLİ ADASI

29-05-2017 11:56

10 MİN TÜRK ƏSGƏRİ BURADA ACLIQDAN, SUSUZLUQDAN, İLANVURMADAN ÖLÜB.


Birinci Dünya Müharibəsində rusların işğalı zamanı 10 mindən artıq türk əsgərinin əsir saxlandığı Xəzər dənizindəki Nargin adası özündə çox sirləri saxlayır.

Cebhe.info xəbər verir ki, Böyük Zirə adlandırılan adada saxlananlar arasında türk pilot  Vecihe Hürküş da olub. Vecihe Hürküş adaya yaxın yerdə yaşayan sakinlərin köməyi ilə əsirlikdən xilas edilib. Bakıda dəniz sahilinin 11 kilometr məsafəsində yerləşən adadan Sarıqamış şəhidliyinə tökülmək üçün torpaq götürülüb. 




Bu günlərdə adaya səfər edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, adaya 1-ci Dünya Müharibəsində Anadoluda əsir alınan və xüsusilə də Sarıqamışda donaraq şəhid olmaqdan qurtlasa da ruslara əsir düşən türk əsgərləri gətirilib. Türk əsgərləri böyük ehtimalla öldürülərək  ərazidə kütləvi məzarlıqda dəfn edilib. Adaya 12-20 min arası əsirin gətirildiyi təxmin edilir. Sarıqamışdakı əsgərlərin adaya gətirilməsi və ordan da bir hissəsinin Sibirə aparılması tarixi o qədər də öyrənilməyib.




Adada əsir saxlanan türk əsgərlərə Azərbaycan əhalisi böyük yardım edib. Bakı sakinləri Türkiyə əsirlərinin vəziyyətini öyrəndikdən sonra Rusiya tərəfi ilə məsələnin müzakirəsinə başlayıb. Bundan sonra adaya ərzaq aparılmasına başlanılıb. Bir müddət sonra isə əsirlər üçün həftə sonları üçün icazə verilməsinə razı salmağa müvəffəq olub. Əsgərlər həftə sonları Bakı sakinlərinin evində qonaq qalıb. Hətta sakinlər həyatlarını təhlükə qarşısında qoyaraq əsirlərin qaçırılmasına da kömək ediblər.




Qeyd edək ki, 3.1 km uzunluğu olan Nargin bölgənin ən böyük adası hesab olunur. Su qaynağı, bitki örtüyü yoxdur. Çox sayda ilanlar olduğuna görə ilanlı ada da deyirlər. Sovetlər dönəmində hərbi məqsədlərlə istifadə edilib. Havadan Müdafiə Sistemi yerləşdirilib. SSRİ dağıldıqdan sonra ada boşaldılıb. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin nəzarətindədir. Mülki şəxslərin adaya getməsinə icazə verilmir. 




Adada əsir saxlanan türk əsgərlərinin bir hissəsi susuzluq, aclıq və ilan zəhərlənməsindən həlak olub. Digər hissəsi isə rus əsgərləri tərəfindən güllələnib.  Hazırda Türkiyədə bu adada şəhidlərin xatirəsinə abidə ucaldılması müzakirə edilir. 

Qeyd edək k, bu günlərdə adaya Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, hərbi attaşe Zəfər Ocak, Azərbaycan Dəniz Qüvvələri komandan müavini Natiq Bağırov, Kars Serhat Boyları Dərnəyinin başqanı Məhərrəm Yıldız qatılıb. 


Cebhe.info


30 Mayıs 2017 Salı

AŞIQ BAYRAM KƏNDİ YAXINLIĞINDA HÖKUMƏT QÜVVƏLƏRİ ONLARI HƏBS ETDİ

GÖRKƏMLİ ARAŞDIRMAÇI ƏDALƏT TAHİRZADƏ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HƏYATI İLƏ BAĞLI YENİ TARİXİ FAKTLAR ÜZƏ ÇIXARIB




TARİXÇİ ALİMİMİZ M.Ə.RƏSULZADƏNİN HƏBSİNƏ YARDIM EDƏN ŞƏXSİN ŞƏKİLLƏRİNİ DƏ TƏQDİM EDİB : 


                                       Səfərbəyov Əliabbas Nəsrulla oğlu

 ​“1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra M.Ə.Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar.  


 Ə.Tahirzadə Ə.Səfərbəyov haqqında məlumatları və şəkilləri MTN-nin arxivindən əldə etdiyini bildirib: “Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman M.Ə.Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var.  Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”. 

***


                                                   Musa Carulla Bigiyev

Ə.Tahirzadə eyni zamanda M.Ə.Rəsulzadəni həbsdən azad edildikdən sonra xaricə getməsinə yardım edən iki şəxsin xidmətlərini də vurğulayıb. Onun dediyinə görə, müsavatçı həkim Dadaş Həsənzadə və Kazan türklərinin görkəmli ilahiyyatçısı Musa Carulla Bigiyev Rəsulzadənin Sankt-Peterburqdan Finlandiyaya qaçmasına  kömək ediblər.  

***


                                                      Dadaş Həsənzadə

 “Məhəmməd Əminin Sank-Peterburqdan Finlandiyaya qaçışını təşkil edənlər içərisində müsavatçı Dadaş Həsənzadə də olub. Onlar Rəsulzadəni qayıqla Finlandiyaya aparıb çıxarıblar. Bu işdə ona Kazanda yaşayan ilahiyyatçı Musa Bigiyev də yaxından iştirak edib. Kommunustlər sonra D.Həsənzadəni ağır işgəncələr altında zindanda vəhşicəsinə öldürüblər. Lakin təəssüf  ki, onun haqqında indiyədək bir məqalə yazılmayıb”.   



Qeyd edək ki, M.Bigiyev “Qurani-Kərim”i Kazan türklərinin ana dillərinə tərcümə edərək hələ 1912-ci ildə nəşrinə nail olub. Həmin əsər 2010-cu ildə Tatarıstanın keçmiş prezidenti Şaymiyevin təşəbbüsü ilə yenidən çap olunub.   Hazırda Musa Bigiyevin nəvəsi ilə dostluq əlaqələri olan Ə.Tahirzadə görkəmli ilahiyyatçının Azərbaycanda da tanınmasına çalışdığını deyib.




28 Mayıs 2017 Pazar

SƏN BİZİMSƏN, BİZİMSƏN, DURDUQCA BƏDƏNDƏ CAN,

YAŞA, YAŞA, ÇOX YAŞA, EY ŞANLI AZƏRBAYCAN !

28 may bizim ücün nə deməkdir? 
Əgər nəzərə alsaq ki, bugünkü müstəqil Azərbaycan 1918-ci ilin müstəqil Azərbaycanının davamı və varisidir, onda daha da aydın olur ki, bu gün fəxr etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadlıq hərəkatının nəticəsi olan Azərbaycan Xalq Cumhuriyyətindən alıb və bugünkü mövcudiyyətində mənəvi olaraq ona borcludur.