Translate

7 Aralık 2016 Çarşamba

ŞOK PLAN : TÜRKİYƏNİ 9 HİSSƏYƏ BÖLÜBLƏR...

7 Dekabr 2016 / 10:35


Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi Fəthullahçı Terror Təşkilatı ( FETÖ) haqqındakı hesabatını yeniləyib.


Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, 2016-cı il 9 sentyabr tarixli 56 səhifəlik hesabat terror cinayətlərinə baxan Yargıtay 16-cı Cəza Dairəsinə göndərilib.
Hesabatda diqqət çəkən detallardan biri təşkilatın Türkiyəni “fəaliyyət bölgələri” olaraq 9 hissəyə bölməsidir. FETÖ bölgələrə sirri bilinməyən aşağıdakı kod adları verib.


1. AH: İstanbul, Kırklareli, Ədirnə.
2. FT: Bursa, Çanaqqala, Balıkesir, Kütahya, Bilecik.
3. HL: Manisa, İzmir, Aydın, Muğla, Antalya, Afyonkarahisar,       Uşak, Dənizli.
4. SLÇ: Ankara, Eskişehir, Kırıkkale, Bolu, Çankırı.
5. SLM: Adana, Hatay, Mersin.
6. TR: Konya, Karaman, İsparta.
7. KN: Kayseri, Niğde, Aksaray, Nevşehir, Kırşehir, Yozgat.
8. SD: Malatya, Elazığ, Bingöl, Tunceli.
9. AKF: Trabzon, Ordu, Giresun, Gümüşhane, Bayburt, Rize,     Artvin.

Hesabatda təşkilatın maliyyə qaynaqlarından danışılır. Hesabata görə, FETÖ iş adamlarından təhdid və şantajlarla pullar alıb, təşkilat üzvlərinin maaşlarının 10 faizini “himmət” adı altında ələ keçirib.


Ömər Dağlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR

TÜRKİYƏ DÜNYANIN GƏLƏCƏYİNİ DƏYİŞDİRƏCƏKMİ?

7 Dekabr 2016 / 15:30




Türkiyəli politoloqla müsahibə

Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsi və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyinin ortaya çıxmasından sonra Qərblə Şərq arasında güc balansının dəyişə biləcəyi məsələsi gündəmə gəlib. Əgər Türkiyə ŞƏT-ə üz olarsa, bu gücün Qərbdən Şərqə keçməsinə səbəb ola bilər. Lakin bu proseslərdə Türkiyənin də itirəcəyi şeylər az deyil. İndi Türkiyənin hansı yolu tutacağı, hansı siyasət izləyəcəyinə dair açıq qalan suallar var.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, politoloq Hasan Oktay Publika.az-a müsahibəsində bu suallara cavab verib.




- Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarsa, bu, onun üçün təhlükəli ola bilərmi?

- Türkiyə 15 iyul hadisələrindən sonra çox ciddi fikir qarışıqlığı ilə qarşı-qarşıyadır. AKP hökuməti 2002-ci ildə ABŞ-Avropa Birliyi-FETÖ ilə qurduğu koalisiyanı pozandan sonra ölkə böhranlarla üzləşdi. Problem Türkiyə yox, hökumətin yanlış siyasətidir. İndi ABŞ və Avropa Birliyi AKP-ni FETÖ ilə dayandırmaq istəyir. Lakin bunu edərkən tarixi səhvə yol verdi və 15 iyulda xalqın etirazını hesablaya bilmədi. Türk milləti ölkəsinə sahib çıxaraq oyunu pozdu. Hərbi qiyam cəhdi millət tərəfindən yatırılandan sonra AKP xalqın yanına qayıtdı. Əslində, AKP 3 noyabr 2002-15 iyul 2016 tarixində etdiyi səhvlərin cəzasını çəkir. Eyni zamanda, AKP üzərində bu cəzanı türk xalqına da vermək istəyirlər. Məhz burada Türkiyənin Avropa İttifaqından üz döndərərək, Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması gündəmə gəlir. AKP və ABŞ-Aİ-FETÖ arasındakı mübarizə Türkiyə dövlətinin uzunmüddətli strategiyasını dəyişdirə bilməz. Türkiyə 150 ildir Qərb ittifaqı ilə hərəkət edərək, qərbləşməni bir mədəniyyət layihəsi olaraq görür və tarazlaşdırılmış siyasət aparır. Bu baxımdan, AKP və ABŞ-Aİ-FETÖ mübarizəsi müvəqqətidir. Bu, Türkiyə üzərində aparılan qarşıdurmadır. AKP türk xalqına və Türkiyəyə söykəndiyi müddətdə həmişə ayaqda qalacaq. Türkiyə 150 illik qərbləşmə hədəflərindən bir anda vaz keçməz, vaz keçməyəcək də. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatına görə Avropa İttifaqına üz çevirməyəcək. Hesab edirəm ki, hazırda heç bir təhlükə yoxdur.

- Türkiyənin Şərqə doğru üz tutması NATO-dan ayrılması ilə nəticələnə bilərmi?

- Biz NATO-dan çıxmağı yox, NATO-ya bir türkün baş katiblik etməsini istəyirik. ABŞ-Aİ son illərdə AKP ilə apardığı mübarizəni Türkiyə ilə mübarizəyə çevirərək, səhvlərə yol verir. Fikrimcə, qısa zamanda bu xəstəlikdən vaz keçəcəklər. Avropa İttifaqı son dövrlər Türkiyəyə qarşı mövqeyini dəyişdirdi və sərtləşdirdi. Hazırda siyasi tarazlıqlar pozulur, iqtisadiyyatlar alt-üst olur və ölkələr bir-birinə qarşı açıq hücuma keçməkdən çəkinmirlər. Suriya böhranı III Dünya müharibəsinə səbəb olmadı, amma bir çox dövlət bu müharibənin kandarına qədər gəlib çıxdı. Türkiyə sərhədləri yaxınlığında baş verən hadisələrə müdaxilə edib-etməmək arasında tərəddüd edir. Bir tərəfdən İŞİD-ə qarşı mübarizə üçün ordu Suriyaya daxil olur, digər tərəfdən Əsədə müharibə elan ediləcəyi bildirilir. Türkiyə ABŞ və Aİ istədiyi üçün Suriya məsələsinə bu qədər müdaxilə etdi. Sonra gördü ki, gedişat təhlükəlidir. ABŞ-Aİ Ərdoğana qarşı böyük bir oyun oynadı, lakin sonda məğlub oldu. İndi təşviş içində hərəkət edirlər. Amma qısa zamanda hadisələr normallaşacaq. Türkiyə ona qarşı edilənləri unutmayacaq, amma münasibətlərin də davam etməsi üçün lazımı addımlar atır. Türkiyə heç bir ittifaqa məcbur və məhkum deyil, lakin regional proseslər Türkiyənin Qərb ittifaqında qalmasını göstərir. Bu ittifaqdan çıxıb-çıxmamağa Türkiyə özü qərar verəcək. Demokratik dəyərlər, insan haqları, hüququn üstünlüyü bəşəri dəyərlərdir. Bu dəyərlərə əməl edən ölkə qazanar. Türkiyə də NATO-dan çıxmayacaq, əksinə NATO-nun baş katibinin türk olması haqqını müdafiə edəcək. Türkiyə Avropa İttifaqı ilə də əlaqələri kəsməyəcək. Lakin Avropa İttifaqı bir tərəfdən Türkiyə ilə müzakirələri davam etdirir, digər tərəfdən terror təşkilatı olan PKK ilə müxtəlif platformalarda görüşlər keçirir. PKK rahat şəkildə Avropa İttifaqı ölkələrində fəaliyyət göstərir. Avropa İttifaqı bunu demokratik azadlıq adı altında edə bilər, amma nəticə olaraq Türkiyənin etibarını itirir. Türkiyə də Avropa İttifaqına qarşı haqlı olaraq etiraz edir.

- Türkiyə ŞƏT-lə yaxınlaşarsa, Rusiya və Çinin tərkibindəki türklərə dəstəyini necə verəcək, yaxud bunu kəsəcəkmi?

- Türkiyə beynəlxalq münasibətlərdə qaydalara ən çox diqqət edən ölkələrdən biridir. Ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Bunun bariz nümunəsi Azərbaycandır. Qarabağ məsələsi Türkiyənin ən həssas olduğu mövzudur və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyənhin Rusiya və Çin coğrafiyasında yaşayan türklərlə maraqlanması isə həmin ölkələrin hüquqi və ərazi bütövlüyü çərçivəsindədir. Türkiyə bu çərçivənin kənarına çıxmır. Hər ölkənin qanunu, bayrağı, ərazi bütövlüyü o coğrafiyada yaşayan türklər üçün də əsasdır. Bu, vacib mövqedir. Bu baxımdan, həm Çin, həm də Rusiya Türkiyədən narahat olmamalıdır. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə sağlam münasibətlər qura və Qərb dəyərlərini bu təşkilata da transfer edə bilər. Eyni zamanda, bu təşkilata daxil olan ölkələrin məhsulları da Türkiyə üzərindən Avropaya daşına bilər. Türkiyə burada ən yaxşı körpüdür.

- Yəni Türkiyə iki cəbhə arasında balans siyasəti aparacaq?

- Türkiyə Avropa İttifaqı ilə müzakirələrdən və qərbləşmə layihələrindən vaz keçməyəcək, lakin regional ittifaqlarla da münasibətlərini davam etdirəcək. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlər qurmaq istəyi bütün diqqətin üzərinə yönəlməsinə səbəb oldu. Türkiyə ittifaqların axtardığı üzv ölkə dəyərindədir. Çox vaxt böhranlar yeni dönəmin başlanmasına səbəb olur. ŞƏT ilə Aİ arasında seçim yox, körpü rolunu oynaya bilmək potensialına sahib olan Türkiyə Avropa standartlarını ŞƏT-ə, ŞƏT-in potensialını da Avropaya transfer edə bilər. Eyni formada Rusiya-NATO qarşıdurmasında da vasitəçi ola bilər. Yəni Türkiyə mövcud böhranın həll açarı ola biləcək potensiala sahibdir. Vacib olan bu böhranı həll edərək regional güclərin arasında yerini ala bilməkdir. ŞƏT inkişaf etməkdə olan bir ittifaq olsa da, Aİ-nin standartlarından çox uzaqdır. İnsan haqları, hüququn üstünlüyü kimi bəşəri dəyərlər məsələsində ŞƏT çox zəifdir. Bu baxımdan, Türkiyə bəşəri dəyərləri bura transfer edə bilər. Fikrimcə, Türkiyə Aİ ilə müzakirələri davam etməlidir. Yəni böhrandan qaçmaq yox, onu həll etmək lazımdır. Türkiyənin 50 illik Aİ siyasətindən bir andan vaz keçməsi mümkünsüz görünür. Ola bilsin ki, yeni addımlarla müzakirələrdə əlini gücləndirmək və istədiyinə nail olmaq istəyir. Lakin Aİ ilə Türkiyənin 50 illik münasibətləri 15 iyul hadisələrinin təsiri ilə bir qələmdə silinib atıla bilməz. Bu baxımdan, Aİ və Türkiyə münasibətlərini yenidən gözdən keçirməli və sağlam əlaqələr qurmalıdır.

- Türkiyə Qərb və Şərq arasındakı tərəzidə tarazlığı saxlayan güc rolundadır. İndiyə qədər Qərb ittifaqlarında olması tərəzinin bu gözünün ağır olmasına səbəb idi. İndiki situasiya bir qədər fərqlidir. Bu tərəzinin gözü Qərbdən Şərqə doğru dəyişə bilərmi?

- Türkiyə tarazlıq nöqtəsindədir. Hansı cəbhəyə keçərsə, həmin cəbhənin aktivləşməsi mümkündür. Lakin burada əsas olan qarşıdurmaların qarşısını almaqdır. III Dünya müharibəsinə doğru getdiyimiz bir vaxtda, ağıllı davranan mərkəzlərə ehtiyac var. Türkiyə bəlkə də ilk dəfə Qərblə Şərq arasında keçid ölkəsi olmaqla yanaşı, həm də tarazlayıcı faktordur. Belə vəziyyətlərdə Türkiyə yaxşı siyasət aparmalıdır. 15 iyulda AKP hökuməti böyük bir şok yaşadı və hələ də bunun təsirindədir. Buna görə də aparılan siyasət bir qədər qarışıqdır. Əgər iqtisadi böhran sürətlənərsə, qısa zamanda ciddi problemlər ortaya çıxa bilər. Lakin MHP və onun lideri Dövlət Baxçalı yerində müdaxilə edərək, Türkiyəni fırtınalı dənizdən sakit limana doğru çəkir. Bu günlərdə həmişə olduğundan daha çox soyuqqanlı şəxslərə ehtiyac var.


Asif Nərimanlı, 
PUBLİKA.AZ  & VƏTƏNSEVƏRLƏR

ÜZEYİR CƏFƏROV : TANRI AZƏRBAYCANIMIZI GEYDİRMƏ "QARDAŞLARDAN" QORUSUN !

06.12.2016 / saat 10:28

Əziz dostlar! Hörmətli həmkarlar!

Dünən - 05.12.2016 -cı il tarixində Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı, Rusiyanın Qəhrəmanı, general-polkovnik Vladimir Şamanovun çox maraqlı bir açıqlaması ilə tanış oldum. Keçmiş SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət keçmiş hərbçilər arasında kifayət qədər tanınan rus generalı, hazırda Dövlət Dumasının ən önəmli komitələrindən birinin rəhbəri kimi o regionla, Azərbaycanla bağlı bir sıra maraqlı məqamlara toxunub. Məhz ona görə də, onun bəzi açıqlamaları ilə bağlı öz fikirlərimi sizlərlə bölüşmək istərdim. 

General Şamanovun deməsinə görə, “Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və ola da bilməz. O bildirib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır: “Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”. Ehtiyatda olan general-polkovnik Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yalnız hava hücumundan müdafiə qoşunlarından ibarət olduğunu da bildirib: “Burada söhbət quru qoşunlarından deyil, hava hücumundan müdafiə qoşunlarından gedir. Bu saziş sırf müdafiə xarakteri daşıyır. Ona görə də Rusiya Dövlət Duması və Müdafiə Komitəsi tərəfindən dəstəklənib. Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”.

Hörmətli rus generalının dedikləri ola bilsin mülki, hərbi sahədən bir qədər uzaq olan dostlarımız üçün normal, cəlbedici görünsün. Hətta, belə açıqlamadan sonra, rusiyapərəst, Azərbaycanın nə yolla olursa-olsun rəsmi Moskvanın orbitinə keçməsini arzulayan şəxslər üçün bir təbliğat vasitəsi üçün işarə rolu da oynaya bilər. Amma, həmən yoldaşlara müraciət edirəm ki, siz rus generalının açıqlamasını DİQQƏTLƏ OXUYUN və incələyin. O çox qeyri-səmimi və realıqdan uzaq fikirlər söyləyir. Əvvala, Rusiya Federasiyasının 2049-cu ilədək Ermənistanda yerləşəcək 102-ci Bazası ən müasir silah və texnika ilə hərtərəfli təhciz olunub və bu proses durmadan davam etdirilir. Rusiya və önun Cənubi Qafqazda ən sadiq və birmənalı vassalı olan Ermənistan üçün hansı təhlükə mövcuddur ki, onlar əlavə birləşmə yaradılması haqqında qərar qəbul edirlər? Özü də bu birləşmənin komandanı kimi isə qatı millətçi, erməni generalı, Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Birləşməsinin komandiri general-mayor Arkadiy Makaryanı təyin ediblər. Özü də, RF Dövlət Dumasının önəmli şəxslərindən biri, prezident Vladimir Putinin ən sevimli və etibar etdiyi desant generalı V. Şamanovun özü də gözəl bilir ki, o sadəcə Azərbaycan xalqını aldatmaq və "başımızın altına yastıq" qoymaq üçün bu fikirləri səsləndirib. Açıqlamasının sonunda, o "bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz” ifadəsini işlədir. Fikir verdinizsə, rus general bizə "qardaş" kəlməsi ilə müraciət edir. 

Ay yoldaş, İvan, ay yoldaş tovariş, sən necə qardaşsan ki, 20 ildən çoxdur sənin "qardaşının Qarabağdakı evini-eşiyini, yurdunu-yuvasını, sənin ƏSL din və iman qardaşların Ermənistan məhz sənin İŞTRAKINLA viran qoyub, sən bu günə kimi bir dəfə də olsun dillənməmisən, səsin çıxmayıb, indi nə baş verirb ki, sən Azərbaycandakı "qardaşlarını" yada salmısan? Yeni partiya, özü də dəyəri milyonlarla olan silah-sursat satmaq haqqında son vaxtlar dolaşan söhbətlərin fonunda sizin "qardaşınızı" yada salmağınız da çox riyakar və qeyri-səmimi hərəkətdir. Keçmiş SSRİ zamanında, hərbçilər, adətən öz əsəblərini, hirslərini bir-birinə izhar etmək üçün, məhz üç məhşur sözdən ibarət cümlələrdən istifadə edirdilər. Şəxsən bütün gördüklərimizin və yaşadıqlarımızın fonunda Sizin ünvanınıza indi məhz o məşhur, amma mətbuatda yazılması qeyri-etik çıxan sözləri demək istərdim. Öz payınızı nəhayət ki, götürsəniz, pis olmazdı. Azərbaycan xalqının humanistliyindən yetərincə istifadə etdiniz, bəsdir. Adam, kişi olar. Özü də, əgər çiynində general paqonu daşıyırsa, onda daha ciddi və əsl Kİşi olmağa borcludur.

Tanrı Azərbaycanımızı geydirmə "qardaşlardan" qorusun !


& VƏTƏNSEVƏRLƏR

2 Aralık 2016 Cuma

AZƏRBAYCAN MAĞARA TƏFƏKKÜRLÜ İNSANLA DANIŞIQLAR APARIR

2 Dekabr 2016 / 11:55 

Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə dolu bəyanat səsləndirməsi özünü və hakimiyyətini rəsmən ifşa etməsi deməkdir. Bu gün Azərbaycan yalnız ərazisi üzərində suverenliyini bərpa etməsi məsələsini qaldırırsa, Ermənistan qonşu dövlətin paytaxtını tuta biləcəyini bəyan edir. Bu, orta əsrlər dövrünə, hətta ondan öncəki dövrə məxsus mağara təfəkkürüdür. Bu, Ermənistanın artıq açıq-aşkar dünyanın qəbul edilmiş hüquq normalarını və qaydalarını inkar etmək etməsi deməkdir. Bu adam üçün artıq sivil dünya, beynəlxalq hüquq normaları, BMT-nin nizamnaməsi və qərarları anlayışları yoxdur. İndi görün Azərbaycan prezidenti Ermənistanı idarə edən bu cür insanla üzbəüz qalıb onunla Qarabağ probleminin həllinə dair danışıqlar aparmalıdır.


Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, digər tərəfdən, Sarkisyanın hədə-qorxu bəyanatını həyata keçirə bilməyəcəyini əslində Ermənistan ictimaiyyəti özü çox yaxşı bilir: "Aprel ayında Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşıdurmada açıq-aşkar məğlubiyyətə uğradı və iki min hektar mürəkkəb coğrafiyası olan ərazi işğalçılardan azad edildi. Ermənistan ordusunda böyük təşviş var idi və ali baş komandan olan Serj Sarkisyanın özü həmin günlərdə Azərbaycanla danışıqlara hazır olmasına dair bəyanatlar verir və beynəlxalq birliyi hərbi əməliyyatları dayandırmaq üçün vasitəçi olmağa çağırırdı. Bu gün isə onun hərbi ritorika ilə çıxış etməsi gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Bu gün Ermənistan hakimiyyəti seçkilərdə seçici qarşısına hər hansı bir uğuru ilə çıxa bilmir. İnsanların həyat şəraitinin aşağı düşməsi, gələcəyə inamın olmaması, müstəqilliyini digər dövlətlərə satması kimi məsələlər seçicidə başqa bir alternativ axtarmaq meyli yaradır. O baxımdan baş nazir dəyişildi, indi isə diqqəti daxili məsələlərdən hərbi ritorika ilə Qarabağ məsələsinə yönəltməyə çalışır. Bu yaxınlarda hökumət əhaliyə satılan təbii qazın qiymətini aşağı saldı. Halbuki bu, Ermənistan büdcəsinə böyük zərbə vurur. Seçkidən sonra isə həmin qiymətlər yenidən asanlıqla qaldırılacaq".


A.Mirzəzadə hesab edir ki, Sarkisyan bu cür bəyanatlarla nə Azərbaycanı qorxuda, nə də beynəlxalq ictimaiyyəti aldada biləcək: "Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmindədir və öz Silahlı Qüvvələrini daim gücləndirir. Ölkəmizin hər bir vətəndaşı torpaq uğrunda mübarizə aparmağa, döyüşməyə və hətta ölməyə hazırdır. Əgər Ermənistan danışıqlarda qeyri-konstruktuv mövqe göstərəcəksə, onu növbəti "aprel hadisələri", özü da daha ağır formasında gözləyir".


Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da İrəvanda Respublika Partiyasının 16-cı qurultayında danışıqlar prosesini sual altına qoyan, eləcə də Azərbaycanın ünvanına hədələrlə dolu bəyanatla çıxış edib: "Biz qarşımıza Bakını tutmaq və onu kapitulyasiyaya məcbur etmək kimi hərbi-siyasi məqsəd qoymamışıq, amma eyni zamanda yaxşı anlayırıq ki, düşmənə sarsıdıcı zərbə vura bilərik: fikrimcə, əlavə detallara ehtiyac yoxdur".

Erməni "fürer" bununla kifayətlənməyərək aprel hadisələrinə görə Azərbaycanı ittiham edib, eləcə də rəsmi Bakının mövcud vəziyyəti və qüvvələr balansını real qiymətləndirmədiyini deyib. Onun fikrincə, Qarabağ problemi yalnız Qarabağ xalqının (?) öz müqəddəratını azad təyin etməsi (?) yolu ilə həll edilə bilər, bütün digər məsələlər isə buna paralel olaraq həllini tapacaq.


İlkin İzzət,
MİLLİ.AZ & VƏTƏNSEVƏRLƏR