Translate

12 Kasım 2016 Cumartesi

İLHAM ƏLİYEV : “LƏLƏTƏPƏ ƏMƏLİYYATI KİMİ BİR ÇOX UĞURLU ƏMƏLİYYATLAR OLACAQ ”

12 Noyabr 2016 /12:36


İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.
Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.

Dövlətimizin başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi :

"Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir.
Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq.

Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.

Ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.

1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq.

Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Sağ olun".

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.


PUBLİKA.AZ  
&  VƏTƏNSEVƏRLƏR

RUSİYADAN İRƏVANA TƏCİLİ QARABAĞ MESAJI...

12 Noyabr 2016 / 12:47



Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda ciddi qorxulara səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhər şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələr irimiqyaslı təlimlərə başlayıb.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Ermənistan mediası bunu Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün böyük hərbi hazırlığı olaraq təqdim ediblər.

Erməni ekspert David Apinyan deyib ki, gözlənilməz müharibə hər an başlaya bilər : “Azərbaycanın hərbi təlimləri təsadüfi ola bilməz və sonda Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər. Müharibənin yenilənməsi təhlükəsi var”.

Azərbaycan Ordusunun təlimləri fonunda SSRİ-nin keçmiş baş naziri, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkovun dünən İrəvanda söylədiyi fikirlər də diqqət çəkir.

Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran Rıjkov “Rusiya Azərbaycana niyə silah satır?” sualını cavabında bunun köhnə sual olduğunu vurğulayıb.

“Bəli, biz silahı satırıq, lakin bu o demək deyil ki, müharibə istəyirik. Hər şeyin yoluna düşməsi üçün Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdır. Yalnız o halda, bu problemlər aradan qalxacaq”.

Rusiya Ermənistana Rıjkovun dili ilə “əgər silah satmağımızı istəmirsənsə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mənim planımı qəbul et” mesajını verir.

“Armenianreport” saytı da yazır ki, Rıjkov əslində, Ermənistanın ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan “Qarabağ planı” ilə razılaşmasına işarə edir.

“O, “əraziləri qaytarın, Rusiyanın Qarabağ planı ilə razılaşın və bütün bu problemlər aradan qalxsın” demək istəyir. İkinci mesajı da belədir: “əgər siz bununla razılaşmasanız, o zaman Azərbaycan güc yolu ilə sizi yola gətirəcək”. Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir, lakin susur. Bu, sadəcə Ermənistanın milli biabırçılığıdır”, - deyə sayt yazır.


Asif,
PUBLİKA.AZ
&  VƏTƏNSEVƏRLƏR  

10 Kasım 2016 Perşembe

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN : “1 ƏSRDİR ORADA BİZİ GÖZLƏYİRLƏR”


Türkiyənin heç kimin torpağında gözü yoxdur.  
Bunu Türkiyənin məşhur lideri Mustafa Kamal Atatürkün vəfatının 78-ci ili ilə əlaqədar təşkil edilən konfransda çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan söyləyib.

Onun sözlərinə görə, Türkiyənin tarixində heç vaxt müstəmləkəçilik anlayışı olmayıb :

“Bizim mədəniyyətimizə görə, eyni vətən torpağında yaşadığımız hər kəs qardaşımızdır. Bütün dövlətlərini bu anlayışla quran bir millətin başqalarının haqlarını qəsb etməsindən söhbət gedə bilməz. Orta Avropadan Afrikaya qədər uzanan ərazidə təhlükəsizlik və hüzur şəraitini formalaşdıran bir dövlət ənənəsinə sahibik. Bizi də Qərb kimi işğalçılıq siyasətində günahlandırmağa çalışanların fəaliyyəti boş şeydir. Bu gün Suriyada, İraqda, Afrikada, Balkanlarda istənilən adamdan Türkiyəni soruşun. Əsla bizdən zülm, qətliam görmədiklərini deyəcəklər. Biz oralardan artıq 1 əsrdir ki, ayrılmışıq, ancaq oralardakı insanlar həmişə bizi gözləyib. Dünən dövlət olaraq oralarda idik, bu gün yardım, təhsil, səhiyyə qurumlarımızla oralardayıq. Türkiyə Türkiyədən böyükdür. Biz 780 min kvadrat kilometrə sığışa bilmərik. Bizim fiziki sərhədlərimizlə könül sərhədlərimiz fərqlidir. Krımdakı, Makedoniyadakı, Qafqazlardakı qardaşlarımız fiziki sərhədlərimizdən kənarda olmaqlarına baxmayaraq, hər zaman könül sərhədlərimizin daxilində, qəlbimizin ortasında olublar. Türkiyə Cümhuriyyəti göydən zənbillə enməyib. 1919 və 1923-ü 1071 (Malazgird döyüşü – red.) və 1453-dən (İstanbulun fəthi – red.) ayrı görsəniz, yanılmış olarsınız. Bunların hamısı bir-birinin davamıdır. Səlcuqluların bayrağını Osmanlı daşıdığı kimi, Cümhuriyyət də Osmanlını əvəz edib”. 


AXAR.AZ
& VƏTƏNSEVƏRLƏR

BU GÜN "YENİ MÜSAVAT" QƏZETİNİN TƏSİS OLUNMASINDAN 27 İL KEÇİR


Qəzetin baş redaktoru Rauf Arifoğlu  bildirib ki, 27 il Azərbaycanın qəzet və fikir tarixi üçün böyük bir dövrdür. 

Qəzetimizin keçdiyi 27 il Azərbaycan üçün ən gərgin, ən həssas, ən təlatümlü illərə təsadüf edir. Qəzetimiz sovet hökuməti dövründə gizli təşkilat kimi yaradıldı. Qəzet yaranandan sonra hakimiyyət dəyişdi, çevrilişlər oldu, torpaqlarımız işğal altına düşdü. Bir sözlə, bu illərə o qədər böyük tarixi hadisələr təsadüf edir ki, onların hər biri haqqında ayrıca film çəkmək olar. Bir qəzet olaraq həm də həmin dövrlərin səlnaməçisiyik. Bu vaxta qədər çap olunmuş 6571 sayımızın səhifələrinə baxdıqda hər bir dövrün mənzərəsini görmək olar. Bu say həm də dayanmadan 20 illik iş günləri deməkdir. Ona görə də, “Yeni Musavat” qəzeti haqqında qısa müddətdə danışmaq olduqca çətindir.

 “Yeni Müsavat” bu gün ən çox yaşı olan qəzetlərdən biridir və mediada hələ də, öncül yerlərdən birini tutur: Bütün bunlar hamısı böyük bir zəhmətin bəhrəsidir. Allahın insana verdiyi ən böyük istedad zəhmətkeş olmaqdır. O istedad kimdə varsa, irəli gedir. Bizə də Allah bunu bəxş edib. Yorulmadan, bezmədən media sektorunda çalışırıq. Bu kollektivdə çalışan hər kəs günlərinin ən dəyərli saatlarını qəzetə, xəbərə həsr edir. Buna görə də, həm onlara, həm də bizi oxuyan hər kəsə təşəkkür edirəm

Ən azı bu cür davam etmək, ən çoxu isə yüksələn xətlə daha da inkişaf etmək, əsas qayəmizdir. Zamanın kəsimində yeni media, internet mediası imkanları yarandı. Biz də həmin imkanlardan keyfiyyətlə yararlandıq. “Yeni Musavat” qəzetinin elektron versiyası, musavat.com saytı 2000-ci ildən fəaliyyət göstərir. Hazırda ölkənin yaxşı və keyfiyyətli xəbər yayan yeni mediasından biri hesab edilir, rus və azərbaycan dilində xəbər verir. “Yeni Musavat” media qrupu içərisində minval.az saytı fəaliyyət göstərir, rus və anadolu türkcəsində xəbər yayımı həyata keçirir. Biz sinerji oluşdurduq, klassik qəzet mediası ilə yeni medianın çulğalaşmış bir vəziyyətdə, bərabər yayın yapmasını yoxladıq. Hesab edirəm, alındı, həm də çox yaxşı alındı. Gələcəyə doğru planlarımızdan biri də internet televiziyanın açılmasıdır. Bu ya əlavə sayt, ya da saytlarımızın biri üzərindən televiziya yaratmağı düşünürük. Təəssüf ki, dünyamız, ölkəmiz iqtisadi böhran içərisindədir. Həmin böhranlar mane olmazsa, gələcəyə yönəlik planlarımız var...


"VƏTƏNSEVƏRLƏR" BU MÜNASİBƏTLƏ "YENİ MÜSAVAT" QƏZETİNİN KOLLEKTİVİNİ TƏBRİK EDİR VƏ ONLARA YENİ YARADICILIQ UĞURLARI ARZULAYIR.

RUS JURNALİST : “RUSİYA BELƏ PARÇALANACAQ...”

10 Noyabr 2016 / 14:40


Rusiyanın Qərblə qarşıdurması ölkədə iqtisadi çöküşə və süquta səbəb olacaq.

Bunu TSN televiziyasına müsahibəsində rusiyalı jurnalist Saşa Sotnik söyləyib. Onun sözlərinə görə, hazırda Rusiyanın sonu ilə bağlı əsas məsələ əhalinin bu süqutun qarşılığını nə ilə ödəyəcəyidir:

“Ruslar üçün ölkənin süqutunun qarşılığı çox ağır olacaq. Kremlin başlatdığı bu müharibənin sonu Rusiyanın süqutu olacaq. Bir tərəfdən üstümüzə Çin gələcək, digər tərəfdən isə iqtisadi çöküş başlayacaq. İqtisadi çöküş bir anda olacaq və o hər şeyi məhv edəcək. Federal hakimiyyət heç kimə lazım deyil. Artıq yerli “knyazlar” öz ərazilərinin sərhədlərini müəyyənləşdirib, ordularını yaradırlar. Rusiya ilk növbədə bir neçə regiona parçalanacaq. Birinci mərhələdə Kalininqrad, Şimali Qafqaz, Dağıstan, Cənubi Osetiya, Qaraçay Çərkəz, Çeçenistan, İnquşetiya ilə vidalaşacağıq. İqtisadi fəlakət bunları qaçılmaz edəcək. Ölkənin süqutu Kremldə əyləşənlərin nə qədər pulunun olmasından asılıdır. Bütün proqnozlar 2 ildən 10 ilə qədər olan müddətdə özünü göstərəcək”.



AXAR.AZ
& VƏTƏNSEVƏRLƏR