TÜRKİYƏ ÜÇÜN DƏHŞƏTLİ PROQNOZ
Tarix: 25 Sentyabr 2016 / 21:23
“İkinci bir çevriliş cəhdinə hazır olun. Və çox yaxın bir zamanda. Çox dəqiq söyləyirəm, ikincisi daha qanlı olacaq”.
Bu xəbərdarlığı “Yeni Şafak” nəşrinə müsahibəsində təqaüddə olan polkovnik Həsən Atilla Uğur edib.
Polkovnik 15 iyul tarixində yaşanan çevriliş cəhdindən sonra təhdidin hələ aradan qaldırılmadığını deyib.
“15 iyuldan sonra zəfər sərxoşluğu yaşanır. İkinci çevriliş cəhdinə hazır olun, ikincisi daha qanlı olacaq. Kimsə “bu iş bitdi, Türkiyə relsinə oturdu, artıq Amerika, FETÖ, PKK başqa heç nə edə bilməz, biz bu təşkilatların belini qırdıq” deməsin”, - o, bildirib.
Onun sözlərinə görə, ilk olaraq ölkənin cənubi-şərqində xaos yaradılacaq: “Hadisələr böyük ehtimalla Şəmdinli, Yüksekova və ya da Kızıltəpədə baş verəcək. Burada 15-20 adam öləcək. Qərbdə isə fitili 4-5 nöqtədə böyük səs-küy yaradacaq partlayışlarla odlayacaqlar. Bunu ya PKK, ya da İŞİD edəcək”.
Kiprdə yerləşdirilən ingilis dəniz piyadalarının xaos bəhanəsi ilə Türkiyəyə daxil olacağını iddia edən polkovnik ikinci çevriliş cəhdinin əsas məqsədinin işğal olduğunu bildirib: “Aldığım məlumata görə, ingilislər iki ay yarımdır cənubi-şərqdəki bütün tayfaların ayağına gedir. Xüsusilə, Hakkari, Van, Silopi və Mardin bölgəsindəki tayfalarla sövdələşmə aparırlar. İngilislər bu tayfaların bütün kredit borclarını ödəyib. İngilis konsulun bu tayfaların içində nə işi var? Bundan 3-4 gün əvvəl İngiltərənin yüksək tirajlı qəzetlərindən olan “Daily Express”də bir yazı dərc olundu. Yazır ki, Türkiyəyə ikinci xaos gəlir. “Bizim Kiprdəki bazada olan 10 min dəniz piyadamız Türkiyədə olan 50 min ingilisin təhlükəsizliyi üçün Türkiyəyə girəcək, Türkiyədə təhlükəsiz bölgələr yaradılacaq. Vətəndaşlarımızı hava yolu ilə çıxaracağıq” deyir. Baxın, bu bir işğal planıdır. İkinci çevriliş cəhdinin əsas məqsədi işğaldır”.
Polkovnik bildirir ki, eyni vaxtda hədəf olaraq gördükləri şəxslərə qarşı sui-qəsdlər başlayacaq: “Bu zaman inanılmaz bir xaos mühiti yaranacaq. Hər kəs ayağa qalxacaq və vətəndaş müharibəsi, yəni onların istədikləri plan reallaşacaq. Amerika vətəndaş müharibəsi vəziyyətində “mənim Türkiyədə vətəndaşlarım var” deyərək gəlib oturacaq. İngiltərə də eyni şəkildə hazırdır. O, zaman Türkiyə nə olacaq? Allah qorusun, kimin kimi vurduğu bəlli olmayacaq. Ağılınıza nə gəlirsə, hər şeyi həyata keçirəcəklər, yüz il əvvəl edə bilmədiklərini indi edəcəklər. FETÖ və PKK-nı qırx ildir ki, bunun üçün yetişdirirlər. Amerika ingilislərlə birlikdə bu işin arxasında olacaq. Öcalandan ifadəni mən aldım, səkkiz ay İmralıda qaldım. Mənə bir sözü var: “Dünyada bu günə qədər hər şeyi ingilislər planlaşdırır, amerikalıları oynadır”,
Həsən Atilla Uğur xəbərdarlıq edir ki, Türkiyə bu oyunu pozmasa, ikinci çevriliş cəhdi noyabr ayını keçməyəcək.
Ömər Dağlı,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR
BURADAN İZLƏYƏ BİLƏRSİNİZ : IRSHAD TV
& VƏTƏNSEVƏRLƏR
22.09.2016 - 23-38
Xəbər verdiyimiz kimi dünən sentyabrın 21-də İrəvanda "İsgəndər-M” operativ-taktiki raketlərinin də nümayiş olunduğu hərbi paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki, müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə "regionda yaranmış hərbi-siyasi vəziyyət” təhlil edilib.
Virtualaz.org qeyd edir ki, nazirliyin kifayət qədər diplomatik dildə yazılmış bu rəsmi bəyanatında yer alan "regionda yaranmış hərbi-siyasi vəziyyət” ifadəsi heç şübhəsiz ki, Rusiyanın Ermənistana "İsgəndər-M” raketlərini ötürməsi, yaxud hələ 3 il əvvəl bu ölkədə yerləşdirilmiş raketlərin indi Ermənistan ordusunun kamuflyajında rəngələnərək nümayiş etdirilməsi ilə bağlı yaranmış vəziyyəti nəzərdə tutur. Bəli, hərbi deyil, məhz hərbi-siyasi vəziyyət. Çünki Rusiyanın bu raketləri Ermənistana ötürməsi təkcə hərbi məsələ deyil, eyni zamanda regionda yeni siyasi situasiya da yaradır və Azərbaycan bu situasiyaya uyğun olaraq çevik şəkildə öz addımlarını müəyyən etməlidir.
Bəs prezidentin göstərişi ilə təcili xidməti müşavirəyə toplaşan müdafiə naziri Zakir Həsənov və ordunun generalları hansı sonrakı addımları müəyyən ediblər? Ermənistanın "İsgəndər”ləri İrəvan küçələrinə çıxarıb bu raketlərin Dağlıq Qarabağın müdafiəsinə xidmət edəcəyini təntənə ilə elan etməsinə qarşı Azərbaycanın hərbi planda görə biləcəyi tədbirlər nədən ibarət ola bilər?
Şübhəsiz ki, Müdafiə Nazirliyi bu kimi suallara detallı cavabları öz bəyanatında əks etdirməyib, əks etdirə bilməz. Lakin bəyanatda yenə də diplomatik dillə ifadə olunmuş bir neçə cümlənin arxasında hansı tədbirlərin dayana biləcəyinə dair bəzi təxminlər irəli sürmək olar.
Bəyanata əsasən müşavirədə "əsas istiqamətlər” üzrə kəşfiyyatın "bütün növlərinin” gücləndirilməsi, düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvetmə ardıcıllığının müəyyən edilməsi xüsusi diqqət mərkəzində olub.
Diqqət yetirmək gərəkdir ki, bu cümlədə işğal altındakı Azərbaycan ərazilərində deyil, məhz düşmən ərazisindəki, yəni Ermənistandakı yeni hədəflərdən və bu hədəflərin koordinatlarını müəyyənləşdirmək üçün kəşfiyyatın dərinləşdirilməsindən söhbət gedir. Bu yeni hədəflər nədən ibarət ola bilər? Təxmin etmək çətin deyil ki, Ermənistan ərazisindəki strateji və hərbi obyektlər, o cümlədən "İsgəndər” raketlərinin dislokasiya bazası bundan sonra Azərbaycan ordusunun raket qüvvələrinin hədəfində olacaq.
Dünya hərb praktikasından məlumdur ki, raket təhlükəsini neytrallaşdırmağın ən effektiv metodu həmin raketləri start meydançasında, yaxud dislokasiya olunduğu bazada məhv edə bilməkdir. Məsələn, İsrail İranın ballistik raket hədələrinə qarşı məhz bu metod üzrə hazırlıqlar aparıb. İsrail hərbçiləri əvvəllər dəfələrlə deyiblər ki, əgər İran ballistik raketləri start meydançasına çıxarsa onlara birinci zərbə elə orada endiriləcək. Bu zərbədən yayınıb havaya qalxmağa imkan tapan raketlərə qarşı isə İsrailin güclü raketdən müdafiə sistemi döyüşə girməliydi.
Deməli, Azərbaycan ordusunun da mümkün cavab tədbirlərindən biri məhz "İsgəndər” raketlərini startdan əvvəl dislokasiya yerində məhv edə bilmək imkanları olmalıdır və bu, tamamilə məntiqli görünür.
Müşavirədə habelə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki (!) strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaq üçün müvafiq əmrlər verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.
Nazirin bu əmri o deməkdir ki, bundan sonra nəinki Qarabağdakı erməni qüvvələrinin baza və obyektləri, eləcə də bütün Ermənistan ərazisindəki strateji və hərbi təyinatlı obyektlər Azərbaycan kəşfiyyatının diqqət mərkəzində olacaq, raketlər bu obyektlərə tuşlanacaq.
Bəs Azərbaycan ordusunun imkanları Ermənistanın bütün ərazisində strateji və hərbi təyinatlı hədəfləri məhv etməyə imkan verirmi? Birmənalı olaraq, hə!
Birincisi, Naxçıvan istiqamətindən Azərbaycanın hədəfi yüksək dəqiqliklə vuran raketlərinin və reaktiv yaylım atəşi sistemlərinin İrəvanı və ətrafını vurmağa imkan verdiyi məlumdur. Ermənilər özləri də təsdiq ediblər ki, Azərbaycan Naxçıvanda İrəvanı vura biləcək silahlar yerləşdirib. Əgər Ermənistan "İsgəndər” raketlərini Bakının neft-qaz infrastrukturuna və digər strateji obyektlərə tuşlayacaqsa o zaman Azərbaycanın öz raketlərini İrəvana, o cümlədən Metsamor AES-ə tuşlamasına nə mane ola bilərdi?
Digər tərəfdən Azərbaycan ordusu təkcə Naxçıvan istiqamətindən deyil, cəbhənin digər istiqamətlərindən də Ermənistan ərazisinin dərinliklərindəki obyektləri hədəf ala bilər. Ordumuz İsraildən alınan, 150 km radiuslu "Extra Lynx” raket sistemlərinə, Türkiyədən alınan eyni mənzilli "Kasırga” reaktiv sistemlərinə və digər yüksək dəqiqlikli raket-artilleriya sistemlərinə malikdir.
Nəhayət Azərbaycanın raket qoşunları öz arsenalını 500 kilometrə qədər radiuslu, yüksək dəqiqlikli ballistik raketlərlə genişləndirməyə hazırlaşır. Və belə raketlər imkan verəcək ki, Ermənistanın istənilən nöqtəsi elə Bakıdan uzağa getmədən hədəfə alınsın.
İndiyə qədər Azərbaycan bəyan edirdi ki, onun hərbi strategiyası müstəsna olaraq işğal edilmiş ərazilərin azad edilməsi üçün döyüş əməliyyatlarının aparılması üzərində qurulub. Lakin indi MN-nin bəyanatında deyildiyi kimi, regionda yeni hərbi-siyasi situasiya yaranıb. Ermənistan "İsgəndər” raketləri ilə təchiz olunub və bu raketləri öz ərazisindən Azərbaycana tuşlayıb. Deməli, Azərbaycan hərbi komandanlığı da indiyə qədər masa üzərində olan əməliyyat planlarında dəyişiklik edib mümkün hərbi əməliyyatlar teatrını Ermənistanın bütün ərazisini hesaba almaqla genişləndirməlidir. Bunun siyasi məsuliyyəti isə Ermənistana "İsgəndər” raketlərini verənlərin üzərinə düşür.
& VƏTƏNSEVƏRLƏR
Qənirə Paşayeva İranı "yıxdı-sürüdü"
Qənirə Paşayeva
“KİV-lər yazır ki, İranda ermənilər üçün 48-ci erməni olimpiadası keçirilib və Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı,cinayətkar erməni rejiminin təmsilçiləri də orada iştirak ediblər. Azərbaycana dost ölkə deyən İranın ermənilər üçün olimpiada keçirməsi nə qədər üzüntü və narahatlıq doğursa da, ortada bundan daha da dəhşətli məsələ isə həmin olimpiadaya Dağlıq Qarabağdan da emənilərin dəvət edilməsi və onların da geyimində cinayətkar-separatçı rejimin yaratdığı və beynəlxalq aləmin tanımadığı qurumun embleminin olmasıdır“.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, İran tərəfi bununla bağlı ciddi açıqlama verməlidir. O, deyib ki, çünki bu açıq şəkildə separatçılığın dəstəklənməsi və Azərbaycan qarşı düşmənçilik kimi qiymətləndirilə bilər.
“Həmin tədbirdə İranın rəsmi şəxsləri iştirak edib.İran səfirinin açıqlaması isə yaranmış bu qədər ciddi problemlə bağlı çox bəsit görünür. Səfirin ermənilərin geyimlərindəki rəmzlərin təşkilat komitəsiylə razılaşdırılmadığı haqda dediklərinə gəlincə adama soruşmazlar ki sizin təşkilat kömitəsi Azərbaycanın işğal altında olan ərazilərində qurulmuş separatçı-cinayətkar qurumdan niyə adamlar dəvət edir?
Bilmirdilərmi bu separatçılığın dəstəklənməsi kimi qəbul ediləcək və ordan gələnlər hər cür təxribata əl ata bilərlər. İkincisi bu adamlar o geyimlə göydən düşməyiblər ki…
Bəs təşkilat komitəsi üzvləri onlar hər kəsin önünə çıxana qədər hara baxıb?
İrandakı bəzi qüvvələrin bu erməni sevgisinin arxasındakı dayanan məqamları çox yaxşı bilir artıq insanlarımız.Amma orada yaşayan milyonlarla soydaşlarımız bu cür Azərbaycan əlehinə işlərə laqeyid, biganə qalmamalıdırlar və etiraz səslərini ucaltmalıdırlar.
İran rəsmiləri ölkələrimiz arasında normal münasibətlərə mənfi təsir göstərən bu cür təxribatların baş verməsinə yol verməməlidir. Çünki işğal altında olan torpaqlarımızla bağlı məsələ dövlətimiz və bütün insanlarımız üçün ən həssas məsələdir və bu məsələdə yol verilən təxribatlar hər bir azərbaycanlını ciddi şəkildə narahat edən məsələdir”- deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu,
GUNUNSESİ.İNFO & VƏTƏNSEVƏRLƏR
İRANDAN AZƏRBAYCANA QARŞI ERMƏNİ TƏXRİBATI
Rəsmi Bakının reaksiyası isə çox gecikmədi !
Dünən sosial şəbəkələrdə İranda qondarma “DQR” idmançılarının da qatıldığı bir idman yarışının fotoları yayılıb. Məlumatda qeyd olunur ki, Tehranda 48-ci erməni olimpiya oyunları keçirilir və oyunda qondarma “Artsax respublikası” yığması da iştirak edir. Erməni idmançıların geyimində “Artsax” sözü və separatçıların “bayrağı” əks olunub.
10 gün çəkəcək olimpiadanın açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, habelə İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.
Bəybala Mirzəyev
*********************
Dünən qəzetimiz təxribatla bağlı İranın Azərbaycandakı səfirliyinə müraciət edərək, oradan münasibət öyrənməyə çalışıb. Ancaq məlum olub ki, diplomatik nümayəndəlik artıq olayla bağlı səfirin mövqeyini açıqlayıb.
Açıqlamada qeyd olunur ki, tədbir uzun illərdir İranda milli azlıqların keçirdiyi idman tədbirlərindən biridir. “İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”, - rəsmi bəyanatda deyilir.
Göründüyü kimi, İran tərəfi təxribatdan xəbərsiz olduğunu bildirir, xoşagəlməz olaydan məsafə saxlamağa çalışır - hərgah, ermənilərin hər fürsətdəcə Tehranla Bakı arasında gərginlik yaratmaqda maraqlı olduğunu gərək Tehran rəsmiləri unutmayaydılar.
O mənada idman formalarında separatçı rejimin əski parçasını simvolizə edən emblemin vurulmasının İran tərəfinin diqqətindən yayılması təəssüf, eyni zamanda həm də təəccüb doğurur. Ona görə təəccüb doğurur ki, tədbirin açılışında İran Milli Olimpiya Komitəsinin prezidenti, İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri və Ermənistandakı İran səfiri də qatılıb və onlar geyimlərdəki “Artsax” sözü və embleminin nə anlam daşıdığını bilməmiş deyildilər.
Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yarışda qondarma rejimin təmsil olunmasına sərt münasibəti gecikməyib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan XİN-i bu barədə məlumatlıdır: “Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müvafiq dövlət orqanlarına çatdırmaqdadır. Bildirmək istərdik ki, İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir”.
***
Buna inanmaq istərdik. Hər halda İran prezidenti Həsən Ruhani iyul ayında Bakıya etdiyi səfər çərçivəsində və azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bir daha Tehranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bu səfər çərçivəsində həmçinin, İran-Azərbaycan-Rusiya prezidentləri səviyyəsində ilk dəfə üçlü formatda uğurlu görüş keçirilib. “Şimal-cənub” nəqliyyat dəhlizinin reallaşması istiqamətində mühüm anlaşma əldə olunub, prezidentlərin çox vacib yekun bəyannaməsi qəbul edilib. Ruhanidən az öncə isə İlham Əliyev İrana uğurlu səfər eləmiş, iki ölkə arasında iqtisadi-ticari, energetika, səhiyyə və digər sahələr üzrə əlaqələri daha yüksək səviyyəyə qaldıracaq çoxsaylı müqavilələr imzalanmışdı.
Söz düşmüşkən, İranın ölkəmizdəki səfiri Möhsün Pakayin APA-ya dünənki müsahibəsində də bu gəlişmələri yüksək qiymətləndirib. “İkitərəfli münasibətlərdə son illər çoxlu uğurlar əldə olunub. Ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı etimad yaranıb və demək olar ki, bütün sahələrdə, o cümlədən ticarət, tranzit, enerji, neft-qaz, turizm, səhiyyə, sənaye, elm və mədəniyyət və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Sevinirəm ki, mənim səfir olduğum müddətdə bu əlaqələrin genişlənməsində rolum və payım olub” - diplomat vurğulayıb.
Səfir daha sonra deyib: “iki ölkənin dəmir yolu xətlərini birləşdirəcək Astaraçay üzərindəki körpünün tikintisi davam etdirilir və ilin sonuna kimi başa çatmalıdır. Azərbaycan tərəfdə 8 km-lik və İran tərəfdə 2 km-lik dəmir yolu xəttinin tikintisi də bu ilin sonuna qədər yekunlaşmalıdır. Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi 2017-ci ilin sonuna qədər reallaşacaq. Yerdə qalan Rəşt-Astara hissəsidir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası da bu layihənin maliyyələşdirilməsində iştirak etmək istəyir və bu xüsusda artıq müştərək komissiya və işçi qrupu yaradılıb. Yaxın zamanlarda bu işçi qrup öz müzakirələrini Tehranda davam etdirəcək”.
***
İşğalçı Ermənistanın iqtisadi təcridini gücləndirəcək bu kimi anlaşmalar və layihələr təbii ki, İrəvanda ciddi təlaş yaradıb və yaratmaqdadır. Odur ki, ermənilərin hələ də “yeganə nəfəslik” saydıqları İranla Azərbaycanın arasını hər vəchlə vurmaq səyləri məntiqli görünür. Önümüzdəki aylarda bu təxribatların artacağını gözləməyə dəyər. O üzdən məxsusən cənub qonşumuzun siyasi və diplomatik yetkililərinin maksimum diqqətli olmasına gərək var.
MUSAVAT.COM
& VƏTƏNSEVƏRLƏR