Translate

20 Haziran 2014 Cuma

“HAKİMİYYƏT ÖZÜNÜ YIXAN TƏKLİFƏ GEDƏ BİLMƏZ "


«Lavrov beşinci kolonu məyus etdi»

Vəfa Quluzadə: «Rusiya bizə təzyiq edəcək və bu təzyiq zamanı biz gərək Qərbə söykənə bilək»

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri bir sıra bəyanatlarla yadda qaldı. Eyni zamanda bu səfər bəzi gözləntiləri doğrultmadı. Çünki Lavrovun Bakıya səfəri ərəfəsində əsas müzakirə məsələsinin məhz Dağlıq Qarabağ münaqişəsinin olacağı və hətta münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinə güzəştlər təklif edəcəyi ehtimal olunurdu. Lakin bu baş vermədi və Rusiya XIN başçısı münaqişənin həlli ilə beynəlxalq təşkilatların məşğul olduğunu bildirdi. Eyni zamanda Rusiya ilə münasibətlərdə bəzi sualların bu günlərdə Bakıya gələcək daha iri Rusiya rəsmisi, Dmitri Roqozin və Sergey Narışkinin səfərinə qədər açıq qalacağı məlum oldu. 

Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri ilə bağlı politoloq Vəfa Quluzadənin fikirləri ilə tanış olduq.    

- Ruiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başa çatdı. Bu səfərlə bağlı ümumi təəssüratınız nədən ibarətdir?

- Səfərdən əvvəl verdiyim şərhlər özünü doğrultdu. Yəni Lavrov açıq şəkildə dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq məsələdir. Bununla beynəlxalq qurumlar, yəni ATƏT məşğul olur. Bizə dəxli yoxdur. Avrasiya Ittifaqı və Gömrük Ittifaqı isə hamı üçün açıqdır, buyurun gəlin. Təxminən belə. Bizdə ictimaiyyət arasında belə şayiələr yayırdılar ki, Rusiya bu dəqiqə bizim torpaqlarımızı işğaldan azad edəcək. Heç olmasa, 2-3 rayon azad edəcək. Biz də gürultu ilə Gömrük Ittifaqın daxil olacağıq. Mən də demişdim ki, bu mümkün olmayan məsələdir. Çünki Qarabağ məsələsi Rusiyanın çoxdandan bəri, I Pyotrun, çarların vaxtından həyata keçirilən strategiyasıdır. Sovetlər Ittifaqı da bunu davam etdi. Sovetlər çökəndən sonra Putin Rusiyası bunu davam etdirdi. Yəni gözləmək ki, rus imperiyası indi bu strategiyasından əl çəkəcək, bu sadəlövlükdür. Imperiya çökməmiş imperiya ideyaları Rusiyanı dağıtsa da, bu davam edəcək. Lavrovun da çıxışından heç nə gözləmək lazım deyil, Roqozinin də çıxışlarından. Hesab edirəm ki, Lavrovun əsas məqsədi Azərbaycanı razı salmaq idi ki, Avropa ilə qaz məsələsində olduqca ehtiyatlı davranın və bizim maraqlarımıza toxunmayın. Yoxsa sizin üçün bu baha başa gələ bilər. Onun mesajı bundan artıq ola bilməz. Roqozin də gəlib bizə lazım olmayan külli miqdarda silah satacaq. Əgər Ermənistan Rusiyanın tərkib hissəsidirsə, biz Rusiyanın əleyhinə bu silahı nə cür işlədəcəyik? Məsələlər bu səviyyədədir. Amma ümumi proseslər ondan ibarətdir ki, artıq NATO-Rusiya qarşıdurması gündəmə gəlib və günü-gündən də güclənəcək. Bizim ümudimiz yalnız ona ola bilər ki, bu imperiya çöksün və onun yerində nəsə başqa proqressiv bir qurum yaransın. 

“Sualların hamısına cavab verməyə Azərbaycan iqtidarı əvvəldən hazır olmalı idi”

- Lavrovun səfəri zamanı Azəraycan və Rusiyanın strateji tərəfdaşlığı ilə bağlı bəyanatlar səsləndirildi. Ancaq belə ehtimallar var ki, Rusiyanın bu pozitiv görünən mövqeyi müvəqqəti xarakter daşıyır və Moskva Roqozin və Narışkinin səfərinə qədər Azərbaycan hakimiyyətinə vaxt verib. Onların səfəri zamanı Azərbaycan müəyyən suallara cavab verməlidir. Sizcə, Lavrovun ardınca Roqozin və Narışkinin səfərləri nəyə hesablanıb?

- Hesab edirəm ki, bu sualların hamısının cavabına Azərbaycan iqtidarı əvvəldən hazır olmalı idi. Çünki Azərbaycan iqtidarı birinci növbədə öz maraqlarını qorumalıdır. Yəni elə iqtidar yoxdur ki, öz maraqlarını, öz hakimiyyətini qorumasın. Ya onu kiməsə qurban verə bilsin. Ona görə də iqtidar öz hakimiyyətini nə Rusiyaya, nə də Avropaya qurban verə bilməz. Cavab da ondan irəli gələcək ki, nə cür edək bu iqtidar özü özünü, öz maraqlarını qorusun. Eyni zamanda bu maraqlar milli maraqlarla da üst-üstə düşsün. Məsələ bundan ibarətdir. 

“Azərbaycan Putinə vədlər veribsə, onları mütləq həyata keçirəcək”

- Lavrov səfəri zamanı Putinin 2013-cü ildəki Bakıya səfərini xatırlatdı. Onun “Putin tez-tez Bakıya səfəri barədə danışır” deməsi də müəyyən mesaj kimi dəyərləndirilir. Çünki Putin Bakıya səfəri zaman 2015-ci ilə qədər Azərbaycan-Rusiya əməkdaşlığında fəaliyyət planının olduğunu bildirmişdi. Eyni zamanda Azərbaycan tərəfinin Rusiya prezideninə müəyyən vədlər verdiyi deyilirdi. Belə olan halda Lavrovun bu səfəri xatırlatmasının arxasında hansı mesajlar dayanır?

- Əgər Azərbaycan Putinə konkret vədlər vermişdisə, o vədləri mütləq həyata keçirəcək. Amma inanmıram ki, Azərbaycan konrket vədlər verə bilərdi. Azərbaycan Putinin bütün təkliflərinə nə deyə bilərdi? Putin seçkiqabağı dövrdə gəlmişdi. Azərbaycan deyə bilərdi ki, yalnız seçkidən sonra biz bu suallara cavab verə bilərik və çalışacağıq ki, sizin arzularınıza mümkün qədər pozitiv cavab verək. Yəni cavab və vədlər bundan artıq ola bilməzdi. Ona görə inanmıram ki, Azərbaycan nəsə verib və indi gərək arxasından qaçsın. Sözsüz ki, Rusiya bizə təzyiq edəcək və bu təzyiq zamanı biz gərək Qərbə söykənə bilək. Qərb də gərək vəziyyətimizi başa düşərək bizi dəstəkləsin. Ona görə vəziyyət hələ uzun müddət bu cür gərgin olaraq davam edəcək. Çünki Qərb-Rusiya qarşıdurması artır. Ukrayna əldən gedib. Azərbaycana böyük ehtiyac var. Bunu bütün həm Qərb, həm də Rusiya mətbuatında deyirlər. Ona görə bu məsələdə sözsüz ki, bizim iqtidarın durumu olduqca çətin olacaq. Bu durumların öhdəsindən gəlmək lazımdır.

“Rusiya bilir ki, Azərbaycan özünü yıxan təklifləri həyata keçirməyəcək”


- Belə fikir var ki, Lavrov Azərbaycan qarşısında iqtisadi tələblər qoyub. Yəni Azərbaycanın Avropa ilə qaz əməkdaşlığına getməməsini istəyib. Eyni zamanda Avropa Birliyi ilə münasibətlərin ən yaxşı halda indiki vəziyyətdə saxlanılmasını tələb edib. Azərbaycan bu tələbləri yerinə yetirməsə, Rusiya ilə münasibətlər hansı səviyyəyə çata bilər?

- Hesab edirəm ki, bizə mümkün olmayan, yəni imkanlarımızdan kənar olan təkliflər ola bilməz. Rusiya bunu təklif edə bilməz. Çünki Rusiya bilir ki, Azərbaycan özünü yıxan təklifləri həyata keçirməyəcək. Eyni zamanda həmin vəziyyət Avropa ilədir. Ona görə bizim kimi bir ölkənin, belə geosiyasi məkanda yerləşən bir ölkənin durumu gərgin olur. Bu durumda da böyük diplomatik və böyük siyasət məharəti lazımdır. Faktiki bu vəziyyətdə bizim siyasətimiz bir olacaq. Yəni nə şiş yansın, nə kabab. Ona görə bunu da həyata keçirmək olduqca çətin bir missiyadır. Eyni zamanda Azərbaycandan heç kim mümkün olmayanı tələb etmir və edə də bilməz. Seçim etməyə gələndə, bizim kimi vəziyyətdə olan ölkəyə birmənalı şəkildə seçim etmək çox çətindir. Rusiya nə səbəbə görə Qarabağ məsələsi haqqında heç danışmaq belə istəmir. Səbəb ondan ibarətdir ki, Qarabağ məsələsi Rusiyanın bizə yeganə təsir imkanıdır. Rusiya Qarabağ məsələsi ilə bizə müharibə elan edə bilər. Ermənistanın müdafiə naziri bəyan etmişdi ki, biz Azərbaycanın başqa rayonlarını da işğal edib Kürə qədər Azərbaycanı bölə bilərik. Bu təzə məsələ deyil. Bu barədə birinci dəfə mənə Vladimir Kazimirov demişdi, hədələmişdi. Demişdi ki, siz bu itirilən torpaqlardan başqa Kürə qədər parçalana bilərsiniz. Onda hava limanında Kazimirovla görüşdüm. O çox qəzəbli idi. Çünki onun Heydər Əliyevlə razılaşması mümkün olmamışdı. Ona görə hava limanında Kazimirov bu hədələri mənə deyəndən sonra səfərimi ləğv edib qayıtdım Prezident Aparatına və Heydər Əliyevə bunu məruzə etdim. Heydər Əliyev də onda dərhal Qərb ölkələri səfirlərini kabinetinə çağırdı və orda bu məsələləri müzakirə etdi ki, Qərb Rusiyaya təsir etsin və bu məsələlər gündəmə gəlməsin, işğal davam etməsin. Ona görə hələlik Qarabağ məsələsi bizim üçün ən böyük hədədir. Bizim rusofillər, yaxud beşinci kolon düşünür ki, ura, Azərbaycan Gömrük Ittifaqına daxil olur və Rusiya ilə birləşir. Rusiya da səxavətli jest edir, bizim rayonların ya hamısını, ya da heç olmasa 3-4-ü işğal azad edir. Yəni bu çox sadəlövh fikirlərdir. Onların məyusluğunu başa düşürəm. Onlar Lavrovun Azərbaycana səfərindən olduqca məyus olublar. 

“Azərbaycan gərək öz seçimi ilə Qərbin real dəstəyini əldə etsin”

- Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo da Bakıya səfəri zamanı açıq şəkildə bəyan etdi ki, Azərbaycan iyunun 27-də “Strateji Modernləşdirmə Əməkdaşlığı” sazişini, ardınca isə Assosiasiya Sazişini imzalaya bilər. Bu səfərlərdən sonra Azərbaycan hansı mövqe ortalığa qoyacaq?

- Məncə, Azərbaycan elə seçim edəcək ki, o seçim məqbul olsun. Dediyim məsələlərdə o seçim gərək Azərbaycanın milli maraqlarını nəzərə alsın. Iqtidarın mövqelərini möhkəmləndirsin. Azərbaycanı yenə müharibə qarşısında qoymasın. Eyni zamanda o seçimlə gərək Azərbaycan Qərbin real dəstəyini əldə etsin. Biz Qərbi seçirik. Hesab edirəm ki, nə Lavrovun, nə Roqozinin, nə Narışkinin dedikləri sirr olmayacaq. Bunların hamısı Qərbə məlum olacaq. Ona görə Qərb baxıb görsün ki, bizə necə dəstək verməlidir və bizi Rusiyanın fəsadlarından, aqressiyasından nə cür qoruya biləcək. 

azadliq.info

MOSKVA İLƏ BRÜSSEL ARASINDA SIXILAN BAKİ - TƏHLİL



Ölkəmiz üzücü bazarlaşma mərhələsində; Sergey Lavrovun səfəri cavabdan çox suallar doğurdu; hakimiyyət iki güc mərkəzi arasında yenə “qızıl orta” axtarışındadır... 

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ətrafında öncədən xeyli ajiotaj yaradılmışdı. Ötən il prezident seçkiləri ərəfəsi prezident Vladimir Putinin Bakı səfəri ərəfəsində də təxminən oxşar situasiya mövcud idi. Lavrovun ziyarətinə belə böyük maraq əlbəttə ki, onun konkret statusu və missiyası ilə yox, postsovet məkanında situasiyanın güclü şəkildə dəyişməsi və Rusiya-Azərbaycan münasibətlərindəki bir sıra məsələlər üzrə özünü göstərən qeyri-müəyyənlik faktoru ilə bağlı idi.

Məsələ ondadır ki, Putinin səfərindən sonrakı təxminən bir illik müddətdə dünyada ciddi proseslər gedib və bu proseslər Rusiya ilə Qərb (Avropa Birliyi və ABŞ) arasında postsovet məkanında dominantlıq uğrunda mübarizəni ifrat həddə kəskinləşdirib. Söhbət ilk öncə Kremlin stimul verdiyi və Krımın ilhaqı ilə, separatçılığın alovlanması və “qaz savaşı” ilə Rusiya-Ukrayna münasibətlərinin həddən ziyadə konfliktli vəziyyətə gətirilməsindən gedir. 

Bu hadisələrin konteksti nəticə etibarilə qlobal geosiyasi münaqişə doğurdu və Qərblə (AB, NATO, ABŞ) Rusiya arasında qarşıdurmalı rəqabəti dərinləşdirdi. Öz növbəsində Azərbaycan da daxil, bir çox postsovet ölkəsi qeyri-iradəvi olaraq bu konfliktlərdən qaynaqlanan real və potensial təhlükələrin girovuna çevrildilər. 

Münasibətlərdəki gərginlik faktoru

Putin Rusiyada hakimiyyət olimpinə qayıtdıqdan dərhal sonra aktiv şəkildə özünün “sabit ideya”sının - SSRİ-nin yeni modifikasiyası kimi Avrasiya Birliyinin (AB) yaradılmasına girişdi. Bu məqsədlə Moskva əksər postsovet ölkələrinə təzyiqləri gücləndirməyə başladı. Təzyiqlər xüsusən də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına cəlb olunmuş və GUAM üzvü olan ölkələrə (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan) yönəldi.
Qeyd edək ki, məhz Putinin Kremlə qayıdışından sonra Rusiya-Azərbaycan münasibətlərində problemlərin, qeyri-müəyyənliyin və soyuqluğun son ana kimi gizli saxlanılan yeni zolağı başlamış oldu. Aydındır ki, tonu Moskva diktə edirdi, ancaq Bakı da ara-sıra borclu qalmırdı. Son bir-iki ilin hadisələrini yada salaq.



Məsələn, Kremlin bəyan edilən yeni velikorus kursuna cavab olaraq rəsmi Bakı Qərbin Azərbaycana kəskin artan energetik ehtiyaclarından ruhlanaraq sanki aktiv şəkildə avrointeqrasiya cığırına qayıtmaq qərarı verdi. Qəbələ RLS-ə görə icarə haqqını kəskin qaldırmaqla, “Transxəzər layihəsi”nə qəfil qoşulmaqla, Türkiyə və İsraillə hərbi-siyasi əməkdaşlığı gücləndirməklə, ABŞ və AB ilə təmasları intensivləşdirməklə, İranla münasibətləri kəskinləşdirməklə, həmçinin Qarabağ məsələsində Rusiyanın sülhyaratma missiyasından məyusluq nümayiş etdirməklə və problemin hərbi yolla həllinə hazır olduğunu göstərməklə Bakı tez-tez Moskvanın maraqları əleyhinə getməkdə idi. Bununla o, sanki açıq şəkildə Qərbin əlinə oynayırdı. O hesabla ki, Qərbin ona “demokratik pressinq”i zəifləyəcək və şimaldan və cənubdan gələn təhlükələrə qarşı ondan hərtərəfli dəstək alacaq.

“Balanslı siyasət anlaşılan və müdrikdir, lakin strateji planda seçim qərarı vermək zərurətindən xilas eləmir”

Beləliklə, 2010-11-ci illərdə ölkənin xarici siyasəti üçün xarakterik olan Rusiyaya ifrat əyilmə 2012-ci ildən etibarən müvafiq şəkildə Qərbə meyllənmə ilə “düzəlməyə” başladı. Azərbaycanın bu qərbyönlü dönüşünü Rusiya əlbəttə ki, cavabsız qoymadı və qoya da bilməzdi. Qərbin planlarına fəal şəkildə müqavimət göstərən Moskva postsovet məkanının, ilk növbədə Azərbaycan da daxil Güney Qafqazın onun prioritet geosiyasi maraqlar sferasına aid olduğunu təkid eləməkdə davam elədi.

Azərbaycana gəlincə, Rusiya Qarabağ problemindən ona qarşı “qamçı və kökə” qismində daim aktiv şəkildə istifadə edib, edir və yəqin ki, bundan sonra da edəcək. Moskvanın təzyiq potensialı bununla bitmir: MDB-nin ənənəvi meydançası var, Xəzər dənizinin hüquqi statusu məsələsi var, neft-qaz rıçaqları var, iqtisadiyyatın, mədəniyyətin, siyasi lobbiçiliyin intensiv sferaları var. Üstəlik, Kremlin sevdiyi və vaxtaşırı istifadə elədiyi üsul - yeni separatçı təhlükələr yaratmaq metodu var. Nəhayət, Rusiyadakı milyonluq əmək miqrantları ordusu var, hansı təhlükəli kartdan ki, Moskva vaxtaşırı Bakını bir sıra məsələlərdə güzəştə sövq eləmək üçün faydalanmağa cəhd edir.

Bununla belə, Putinin neoimperiya kursu, onun Avrasiya Birliyi timsalında SSRİ-nin yeni analoqunu yaratmaq və bütün postsovet məkanında, o cümlədən Cənubi Qafqazda  Rusiyanın hərbi-siyasi və iqtisadi dominantlığını bərpa eləmək ideyası hələ ki Bakıda dəstək və anlaşıqla qarşılanmır. Ona görə ki, bu ideya Azərbaycanın milli-dövlət maraqları ilə açıq-aşkar ziddiyyətdədir. 

Bu da bir göstəricidir ki, Putin ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev Moskvaya bircə dəfə də səfər eləməyib. Hər şeydən göründüyü kimi, Rusiya Putinin Azərbaycana avqust səfərinin yekunlarından bir elə razı qalmayıb: fakt budur ki, heç bir problem üzrə, öncəliklə Gömrük İttifaqına üzvlük və Avrasiya Birliyinə dəstək məsələsində Bakının açıq-aydın mövqeyini almaq mümkün olmayıb.

Gözləntilərin intriqası

İndiki mərhələdə Moskva ilə Bakı arasında siyasi münasibətlər hansısa “məcburi” tərəfdaşlıq formatında və ambvilent şəkildə qurulub. Bir yandan, Rusiya həddən artıq maraqlıdır ki, Azərbaycanı Avropa Birliyi və NATO-dan məsafədə saxlasın ki, perspektivdə onu Avrasiya İqtisadi Birliyinə inteqrasiyaya meylləndirsin, Avropanı Azərbaycanın qismində alternativ “energetik meydança”dan məhrum eləsin. Bu məqsədlə Moskva Qarabağ məsələsində və işğal altındakı bəzi ərazilərin azad edilməsində müəyyən dərəcədə Azərbaycanın əlinə oynamağa hazırdır. 

“2010-11-ci illərdə ölkənin xarici siyasəti üçün xarakterik olan Rusiyaya ifrat əyilmə 2012-ci ildən etibarən Qərbə meyllənmə ilə ”düzəlməyə" başlayıb"

Başqa yandan, Moskva BMT-dəki səsvermə zamanı Ukraynanı dəstəkləməsinə, müstəqil xarici siyasət xətti yeritməkdə inadkarlığına və alternativ energetik ambisiyalarına görə Azərbaycandan ifrat dərəcədə məyusdur. Bu planda Rusiyanın zərurət halında imperiya “qamçısı”nı təzədən işə salacağı istisna deyil.

Bakının da Moskvaya münasibətinə hazırda bir ambivalentlik xasdır. “Ukrayna olayları” və Moskvadan gələn neoimperiya hədələri Bakıya artıq ayıldıcı təsir edib və onu xarici siyasət kursuna, daha dəqiqi, ritorikaya müəyyən korrektələrin edilməsinə kökləyib.
Son ayda isə rəsmi Bakı münasibətlərdəki inamsızlıq və gərginliyi götürməyə cəhd edərək, Rusiya tərəfə aktiv reveranslar edir, ABŞ siyasətindən açıq şəkildə narazılıq və məyusluq nümayiş etdirir, avroiteqrasiya templərini bir az da ləngidir və söndürür və bununla Brüsselə, elə həm də Moskvaya açıqca göstərir ki, o, əməkdaşlığın ikitərəfli formatının tərəfdarıdır və hər hansı ittifaqa qoşulmağın əleyhinədir.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Avrokomissiyanın başçısı Barrozunun Azərbaycana ziyarətindən az sonraya təsadüf elədi. Əlamətdardır ki, rəsmi Bakı çoxsaylı məsələlər üzrə mövqe seçiminin qəlizliyi şəraitində sanki bir yandan Brüsselin nüfuzlu təmsilçiləri ilə, digər yandan isə Moskvadan olan mühüm emissarla saat əqrəblərini bir daha “tutuşdurmaq” qərarına gəlib. Görünür, Bakı yenə də “qızıl orta”nı  - həm Brüsselin şirnikləndirmələrindən, həm də Moskvanın hədələrindən bərabər uzaqlıqlı mövqeyi tapmağa çalışır.

Hazırkı mərhələdə Bakının belə bərabəruzaqlıqlı və konyuktur balanslı mövqeyi bütövlükdə Brüssel və Bakını qane edə bilər. Fəqət, öz mövqeyini dəqiqləşdirmək və strateji seçimi eləmək zərurəti bu səfərlərdən sonra da itib getməyəcək. Həmçinin, Qərblə Rusiyanın asimmetrik təzyiqləri aradan qalxmayacaq. Azərbaycan istənilən halda, seçim eləməli və bir sıra məsələlərlə bağlı mövqeyini müəyyənləşdirməli olacaq.
Lavrovun səfəri çoxlu suallar doğurdu. Heç kimə sirr deyildi ki, rusiyalı nazir Azərbaycana Moskvanın təkcə Qarabağ nizamlanması, energetik siyasət, Avrasiya Birliyinə perspektiv üzvlük və s. bağlı müəyyən təkliflərini səsləndirmək üçün yox, həm də Bakının əks-təkliflərini dinləmək üçün gəlmişdi - əgər təbii ki, belə təkliflər varsa. 

“Bu da bir göstəricidir ki, Putin ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan prezidenti Moskvaya bircə dəfə də səfər eləməyib” 

Gözlənildiyi kimi, səfər qapalı rejimdə keçdi, mətbuat üçün hər hansı informasiya səslənmədi. Bu səbəbdən ziyarətin uğurlu və ya məhsuldar olması barədə mühakimə yürütmək olduqca çətindir. Görünən budur ki, Lavrovun səfəri üzücü danışıqlar (“bazarlaşma”) mərhələsinin yalnız başlanğıcıdır: hər halda, bu səfər hələ ki bir çox sualları ortadan qaldırmadı və səfərədək mövcud olan həyəcanlı gözləntilər ovqatını saxladı. 

Rəsmi Bakı yəqin ki, bundan sonra da xarici siyasətdə konyuktur çoxvektorluluq strategiyasına söykənəcək ki, bütün qapıları açıq saxlasın, özünü geosiyasi planda bu və ya başqa sərt, etiketlənmiş taxçaya aparıb salmasın. İlham Əliyev məhz Moskva ilə Vaşinqton arasında, Ankara ilə Tehran arasında, NATO ilə Qoşulmamaq Hərəkatı arasında, Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında müəyyən seçim azadlığı yaradan belə bir praqmatik və konyuktur balanslı siyasətə üstünlük verir.  

Belə mövqe mahiyyət etibarilə anlaşılan və müdrikdir, eyni zamanda mövcud vəziyyətdə xeyli əsaslı görünür. Lakin strateji planda bu siyasət seçim qərarı vermək zərurətindən xilas eləmir. Bu gün olmasın, sabah olsun.

Zəfər QULİYEV, politoloq
musavat.com

19 Haziran 2014 Perşembe

Elçibəyin, Heydər Əliyevin, Ekmel bəyin, ...İqbal Ağazadənin dostu - "müdhiş türk"


Ümid partiyasının sədri İqbal Ağazadə Əli Rza Bozqurdla dostluğundan və bir sıra bilinməyən detallaradan danışdı

Məlum olduğu kimi, Türkiyənin əsas müxalifət partiyaları olan MHP və CHP qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarına gəliblər. Millətçilərin və solçuların vahid namizədi sürpriz isim - İslam Əməkdaşlıq Təşkilatının sabiq sədri Ekmələddin İhsanoğlu olacaq. İlk baxışdan E.İhsanoğlu yalnız iki partiyanın razılaşdırdığı bir namizəddir. Lakin proseslərin startı böyük planlardan xəbər verir.

Maraqlıdır ki, Türkiyənin hazırkı baş naziri və seçkilərdə ən çox şansı olan Rəcəb Tayyib Ərdoğana yaxın texnoloqlar və media quruluşları iddia edirlər ki, E. İhsanoğlunun vahid namizədliyi Amerikanın layihəsidir. Yoxsa belə bir qısa zamanda iki fərqli və zidd ideologiyaya söykənən partiyalar ortaq nöqtə tapa bilməzdilər. Tayyibçilər “Amerikanın Ərdoğana qarşı irəli çıxartdığı vahid namizəd”in ismini liderlərə söyləyən adamı da bulublar. Onların iddialarına görə, bu, məşhur iş adamı, Amerika və Türkiyədə “müdhiş türk” kimi tanınan Əli Rza Bozqurddur (Ali Rıza Bozkurt). İddiaya görə, Amerikada yaşayan Əli Rza Bozqurd bu məsələ üçün Türkiyəyə gəlib  MHP və CHP liderləri ilə görüşərək, onlara bu adı tövsiyə edib.

“Yeni Müsavat”ın bu barədə srağagün dərc etdiyi xəbərdə həmçinin deyilir ki,  Ə.R.Bozqurdun adı Azərbaycanın bir sıra siyasi simalarına yaxşı tanışdır. Onun hazırda Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ilə sıx əlaqələri var. 

İ.Ağazadə ilə əlaqə saxlayıb Əli Rza Bozqurdla dostluq münasibətləri və digər məsələlərlə bağlı suallarımıza cavab istədik.

- İqbal bəy, Əli Rza Bozqurdla dostluğunuz nə vaxtdan başlayıb? 

- 15 ildir Əli Rza bəylə dostluğumuz var. Biz tez-tez görüşürük. Dünyanın müxtəlif yerlərində görüşlərimiz olub. Birlikdə tədbirlərdə olmuşuq. Dəfələrlə Əli Rza bəyin evində olmuşam. Yəni çox yaxın münasibətlərimiz var. Əli Rza bəy Azərbaycanı sevən adamlardan biridir. Xalqına, dövlətinə bağlı olan böyük insandır. ABŞ-da, dünyanın müxtəlif yerlərində sözünə, mövqeyinə, ağlına ciddi hörmət qoyulan şəxslərdən biridir. Çox zəki, çox ağıllı insandır. Yaxın Şərqdə, dünyada baş verən prosesləri çox gözəl bilir, təhlil edir. Hesab edirəm ki, Yaxın Şərqlə bağlı, dünyada baş verən proseslərlə bağlı Əli Rza bəyin fikirlərinə və mövqeyinə etimadla yanaşılır. 


- Əli Rza Bozqurdla dostluğunuz siyasi münasibətlərdən, yoxsa iqtisadi ilişkilərdən başlayıb? Dostluğunuzun tarixçəsini açıqlaya bilərsinizmi?

- Bizim çox təsadüfdən başlayan bir dostluğumuz yaranıb. Sonra dostluğumuzun çərçivəsi genişlənib. İstənilən vaxt telefon açıb dünyanın harasında olsa qonaq ola biləcəyim dostlarımdandır. Bunu bir siyasətə və ya bir iqtisadi ilişkilərə bağlama düzgün deyil. Bütün sferalarda mən Əli Rza bəyi özümün böyük dostum hesab edirəm.

- Onun sözü dünya nəhəngi olan ABŞ-da həqiqətənmi keçərlidir?

- Dünyada müxtəlif dairələrdə, xüsusilə ABŞ-da onun sözü eşidilir, onun mövqeyinə hörmətlə yanaşılır. 

- Azərbaycana Əli Rza bəyin münasibəti necədir?

- Azərbaycana çox yaxşı münasibəti, sevgisi var. Rəhmətlik Əbülfəz Elçibəylə də, rəhmətlik Heydər Əliyevlə də çox yaxşı münasibətləri olub. 1992-ci ilin 7 iyununda Azərbaycanda Əbülfəz Elçibəyin prezident seçildiyi seçkiləri müşahidə edən ABŞ missiyasının rəhbəri olub. Əbülfəz Elçibəylə də ilk görüşü müşahidə missiyasına rəhbərlik edərkən seçkidən dərhal sonra olub. Heydər Əliyevlə də müxtəlif vaxtlarda görüşləri olub. Mənim bildiyimə görə Heydər Əliyevə çox böyük hörməti olub, Heydər Əliyevi siyasətçi kimi çox yüksək dəyərləndirib.

- Məlumatlar yayılıb ki, Türkiyə müxalifətinin  Ekmələddin İhsanoğlunun prezidentliyə namizədliyini verməsində Əli Rza Bozqurdun mövqeyi rol oynayıb. O, ABŞ-dan gəlib həmin şəxsi tövsiyə edib...

- Türkiyədə siyasi dairələr Əli Rza bəyin fikirlərinə böyük hörmətlə yanaşırlar. Güman edirəm ki, onun Türkiyə, bu ölkənin siyasəti barədə söylədikləri nəzərdən qaçırılmır. Hər zaman nəzərə alınır. Amma sizin dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Lakin bilirəm ki, məsələn, qardaş ölkədə istənilən siyasi dairə Türkiyənin iç və daxili siyasəti ilə bağlı Əli Rza bəy mövqe ifadə edirsə, onu görməzlikdən gələ bilməz. Çünki Əli Rza bəy Türkiyəni və dünya siyasətini çox gözəl bilir.

- Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin hesabatında Ümid Partiyası Azərbaycanın Milli Məclisində yeganə müxalifət partiyası kimi qeyd edilmişdi. Düşünmək olarmı ki, hesabatda bu fikirlərin əksini tapmasında Əli Rza bəyin orada yaratdığı təsəvvür də rol oynayıb?

- Bu barədə dəqiq bir şey deyə bimərəm. Yəni ABŞ-ın proseslərə bir Əli Rza Bozqurdun çərçivəsindən və ya informasiyasından baxdığını güman etmirəm. Amma Əli Rza bəydən bu barədə nəsə soruşublarsa və o, nəsə deyibsə, yəqin ki, sözünü boş verməzlər. Amma bilmirəm soruşublar, yoxsa yox.

Etibar SEYİDAĞA
musavat.com

Türkiyə prezidentlərini “təyin” edən müdhiş türk


İqbal Ağazadə ilə Ekmələddin İhsanoğlunu birləşdirən adam                                          - Əli Rza Bozqurd 


Məlum olduğu kimi, Türkiyənin əsas müxalifət partiyaları olan MHP və CHP qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarına gəldilər. Millətçilərin və solçuların vahid namizədi sürpriz isim - Ekmələddin İhsanoğlu olacaq. İlk baxışdan, E.İhsanoğlu yalnız iki partiyanın razılaşdırdığı bir namizəddir. Lakin proseslərin startı böyük planlardan xəbər verir.
Maraqlıdır ki, Türkiyənin hazırkı baş naziri və seçkilərdə ən çox şansı olan Rəcəb Tayyib Ərdoğana yaxın texnoloqlar və media quruluşları iddia edirlər ki, E. İhsanoğlunun vahid namizədliyi Amerikanın layihəsidir. Yoxsa belə bir qısa zamanda iki fərqli və zidd ideolojiyə dayanan partiyalar ortaq nöqtə tapa bilməzdilər. Tayyibçilər “Amerikanın Ərdoğana qarşı irəli çıxartdığı vahid namizəd”in ismini liderlərə söyləyən ismi də bulublar. Onların iddialarına görə, bu, məşhur iş adamı, Amerika və Türkiyədə “müdhiş türk” kimi tanınan Əli Rza Bozqurddur (Ali Rıza Bozkurt). İddiaya görə, Amerikada yaşayan Əli Rza Bozqurd bu məsələ üçün Türkiyəyə gəlib və MHP-CHP liderləri ilə görüşərək, onlara bu adı tövsiyə edib...

Baş nazirə yaxın texnoloqların və medianın  eyni anda ortaya atdıqları bu iddianı bir seçki antitəbliğatı kimi dəyərləndirmək mümkündür. Lakin istər-istəməz bu ad maraq doğurur. Əli Rza Bozqurd kimdir və onun hansı gücü var ki, haqqında bunca böyük iddialar irəli sürülür.

Öncə onu deyək ki, Ə.R.Bozqurd adı Azərbaycanın bir sıra siyasi simalarına yaxşı tanışdır. Hələ 1992-ci ildə, Əbülfəz Elçibəyin prezident seçildiyi seçkini müşahidə edən Amerika missiyasının başında Azərbaycana gəlib. 2003-cü ildə bu və ya başqa kanallarla müxalifətin namizədinə dəstək verib... Bundan  sonra Azərbaycanın daxili siyasətinə marağını itirmiş kimi görünüb. Ölkədə hazırda Ümid Partiyasının lideri, deputat İqbal Ağazadə ilə sıx təmas saxlayır. Amerikanın hakimiyyət dairələrinə hər zaman yaxın olub. İndi isə ABŞ Prezidenti Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinə başçılıq edir. Yəni prezident Obamaya yaxın məsafədədir və sözü eşidilir. 

Tayyib Ərdoğanın texnoloqlarının məlum iddialara düşməsinin səbəbi nədir? Ortada fakt varmı? 

O zaman çoxlarının nəzərindən qaçan belə bir fakta diqqət yetirək. CHP və MHP uzun müddət idi vahid namizədi müəyyən edə bilmirdi. 

Belə bir vaxtda Ankaradakı iqamətgahında  Əli Rza Bozqurd bir ziyafət təşkil edir. CHP lideri Kamal Kılıçdaroğlu ziyafətdən dərhal sonra E. İhsanoğlunun vahid namizəd  olacağını açıqlayır...

Hətta bu fakt olmasa da, siyasətlə dərindən maraqlananlar bilirlər ki, Əli Rza bəyin Türkiyənin siyasi həyatındakı rolu və oraya müdaxilə imkanları böyükdür...
Beləliklə, E.İhsanoğlunun arxasında Əli Rza Bozqurdun dayanması iddiası durumu  xeyli tündləşdirir. Bu iş-elm-siyasət  adamının seçimi proseslərə önəmli təsir göstərmək gücündədir. Xatırladaq ki,  2000-ci ildə Türkiyənin prezidenti seçilən Əhməd Nejdət Sezər də Əli Rza Bozqurdun irəli sürdüyü namizəd  kimi tanınırdı. 

Araşdırmalar olduqca maraqlı bir məqamı üzə çıxardır. 1999-cu ildə, prezident seçkilərinə hələ bir il vaxt qalmış,  Əli Rza  Bozqurd Əhməd Nejdət Sezərə bir ziyafət verir, görüşdən dərhal sonra isə kameralar qarşısına çıxaraq, ona xitabən  “Hörmətli prezidentimiz, ölkəmizə uğurlu olsun”, - deyir.

O zaman adətən kölgədə qalmağı sevən Bozqurdun bu bəyanatına çoxları önəm verməmişdilər.

Lakin gözləmədiyi halda Ə. N. Sezər bir il sonra ölkənin prezidenti oldu. Elə bircə bu fakt Türkiyənin “Dərin dövləti”nin başında kimin durduğunu düşünməyə əsas verir.
Göründüyü kimi, Ə.R.Bozqurd Ə.N.Sezərin prezident olacağını bir il öncədən bilirdi. Türkiyədə bunu bilmək, həyata keçirtmək üçün möhtəşəm gücə və əlaqələrə sahib olmaq lazımdır.

Əli Rza Bozqurd təzadlı, müəmma dolu əlaqələrə malik olan bir iş adamıdır. Neft, inşaat, ən müxtəlif sahələrdə tanınan bir biznesmen olan Ə. R. Bozqurd ilk körfəz savaşında Kuveytdə idi və  ABŞ-ın bu ərəb ölkəsini köməksiz qoymayacağını bəyan edirdi.
Ə.R.Bozqurdun  Küveytdə proseslərə təsiri o dərəcədə böyük idi ki,  İraq lideri Səddam Hüseyn onun  girov götürülməsini əmr etdi. Səddamın şəxsi tapşırığı ilə girov götürülən Ə. R. Bozqurdu azad etmək üçün Ankara və Vaşinqton çox çalışmalı oldu.
Ə.R.Bozqurd ABŞ və eyni zamanda Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malikdir. Onun adı bu iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlərdə önəmli bir fiqur kimi keçir. 
Bəs Bozqurdun “namizədi” Ekmələddin İhsanoğlunun hansı cizgiləri önəmlidir? 
Misirdə anadan olan E.İhsanoğlu  Türkiyə  vətəndaşıdır. Bu günə kimi göstərdiyi fəaliyyət onun  Səudiyyə Ərəbistanını ifrat məhəbbətlə sevdiyini deməyə əsas verir. Görünən budur ki, elə Səudiyyə Ərəbistanı da E.İhsanoğluna  böyük ümidlər bəsləyir. Türkiyədə E. İhsanoğluna münasibət birmənalı deyil. Misirdəki hərbi  çevriliş zamanı qanuni prezident seçilmiş Mursini kəskin tənqid edib, hərbi qiyamın lideri Sisini mədh edən bir sima olaraq E. İhsanoğlu ən müxtəlif tənqidlərə məruz qalır. Maraqlıdır ki, belə bir mövqeyi Mursi devrilərkən  Səudiyyə Ərəbistanı da dəstəkləmişdi.

Ə.R.Bozqurdun seçiminin hansı səbəbə E.İhsanoğlu olmasının gizlinləri də bu məqamda bəlli olur. Maraqlıdır ki, son zamanlar ABŞ və Səudiyyə Ərəbistanı ilə Ərdoğanın münasibətləri xeyli dərəcədə gərginləşib. Belə bir vaxtda Ə. R. Bozqurd Ankaradakı ofisində ziyafət verir və vahid namizədin adı açıqlanır - Ekmələddin İhsanoğlu.
Lakin əsas sual açıq qalır - kamalçılar, ələvilər, millətçilər bu şəxsə səs verəcəklərmi?
Ə.R.Bozqurdun Türkiyə siyasətinə daha fəal müdaxilə etməsi dünyada gedən siyasi prosesləri tamamlayır. Belə ki,  bölgədə Səudiyyə Ərəbistanının fəal iştirakı ilə,  İŞİD, "Əl Qaidə"nin də yer aldığı mürəkkəb bir oyunun getdiyi də göz önündədir. Belə mürəkkəb bir qambitdə Ə.R.Bozqurdun yer alması düşündürücüdür.

Göründüyü kimi, Türkiyədə əsas siyasi fiqur kimi məhz Əli Rza Bozqurdun adı hallanır. Bu şəxsin tərcümeyi-halına qısa bir nəzər salaq.

1942 -ci ildə  Sivasda anadan olub. Anası  Merik Məryam,  atası jandarma işləyən Abbas Bozqurddur. 

Ə.R.Bozqurd İstanbul Texniki Universitetində inşaat mühəndisi bölümünü bitirib. 58  yaşında Harvard Universitetində ikinci təhsil alıb.
Ankarada böyük bir mənzilə sahibdir. İstanbulda, Boğaziçində möhtəşəm mənzərəli villaya malikdir.

Əsasən ABŞ-da, Los  Anceles və Hollivuddakı evlərində yaşayır.
Ə.R.Bozqurdun  20-dən çox ölkədə inşaat, neft, ticarət kimi iri biznesləri var. 18 ildir ki, ABŞ siyasətinin mərkəzində duran bir simadır.

ABŞ prezidenti Corc Buşun seçki komandasının fəal üzvlərindən olub. 2008-ci ildə Konqresə seçkilərdə öz namizədliyini irəli sürüb. ABŞ vətəndaşıdır. Hazırda Obama administrasiyasına xüsusi dərəcədə yaxındır. 

Ə.R.Bozqurd Türkiyənin ABŞ-dakı əsas lobbiçisi hesab olunur. Onu ABŞ -ın Türkiyə, Orta Asiya və Yaxın Şərq üzrə əsas “kuratoru” hesab edənlər də az deyil.

Azər RƏŞİDOĞLU
musavat.com

18 Haziran 2014 Çarşamba

20 ildə Azərbaycanda 150 min qız uşağı məcburi köçkün kimi doğulub



“Bizə imkan vermirlər ki, Azərbaycan dövləti, hökuməti öz ölkəsini daha yaxşı inkişaf etdirsin. Torpaqlarımızın 20%-ni Ermənistan Silahlı Qüvvələri bəzi qonşu ölkələrin köməyi ilə işğal edib və artıq 22 ildir bu torpaqlar işğal altındadır”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Ə.Həsənov təəssüflə qeyd edib ki, onların 53%-i, yəni 500 minə qədəri qadındır: “Son 20 ildə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb. Əgər bu gün dünyada insan cəmiyyətində qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınlar insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsə də, təəssüflər olsun ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamə, bəyannamə, konvensiya, qaydaların icrası bu həssaslığa, zərifliyə cavab vermir. Əgər beynəlxalq aləmdə bu konvensiya, qanunlar qadının hüququnun qorunması ilə bağlı qəbul edilirsə, nə üçün icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadınların hüququnun qorunması beynəlxalq səviyyədə təmin olunmursa, onun təmin edilməsinə mane olanlara qarşı nə üçün tədbir görülmür? Dünyada bütün beynəlxalq təşkilatlar bu problemin həlli üçün qərar və qətnamələr qəbul ediblər. Nə üçün icra olunmur?”

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün qadınlara qarşı zorakılıq davam edir, qadınların hüquqları qaçqın kimi pozulur. Azərbaycan tarixində qadınların qaçqın statusunun olmadığını deyən Ə.Həsənovun sözlərinə görə, bu, son 30 ilin, sovet hakimiyyətinin iflasa uğradığı ərəfədə yaratdığı məhsuludur: “Azərbaycan xanımları da təəssüflər olsun ki, qaçqın adına məhkum olurlar. Bütün dünyada insan hüquqlarının qorunmasından söhbət gedirsə, nə üçün bununla bağlı qəbul olunan qaydalar, qanunlar, qətnamələr icra olunmur? Nə üçün ayrı seçkiliklər var? İkili standartlardan artıq danışmırıq. Artıq ikili standart ömrünü başa vurub və dünyada çoxşaxəli standartlar, ayrı-seçkiliklər var. Bunun hamısı gözümüzün qarşısında baş verir. Əgər hər bir ölkədə hər bir beynəlxalq qurum özü qəbul etdiyi qayda-qanunların icrasını təmin etsə, bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz”.