“Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri maliyyələşdirir”.
“Axar.az” “Val Strit jurnal”a (“The Wall Street Journal”) istinadən xəbər verir ki, bu açıqlama ilə siyasi ekspert Svante Kornelle çıxış edib. O, Rusiyanın Qafqaza təsirinin həddən artıq gücləndiyini bildirib: “Moskva Ermənistan üzərində nəzarətini artırıb. 2013-cü ilin sentyabrında Ermənistanı Gömrük İttifaqına zorla gətirməyə razı salıb. İndi isə növbə digər ölkələrindir.
Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri, etnik azlıqları maliyyələşdirir. Bu ölkələrin rəhbərləri isə Qərbin Krım böhranına göstərdiyi münasibətdən heç də razı deyillər”.
Ekspert bu ilin yayına qədər regionda vəziyyətin şiddətlənə biləcəyini deyib: “Ermənistandakı hərbi bazaları hesabına rəsmi Moskva Azərbaycana hərbi təcavüz etmək imkanına sahibdir və bunu da edəcək. O, iki ölkə arasında münasibətləri şiddətləndirəndən sonra Dağlıq Qarabağı yenidən savaş mərkəzinə çevirməyə çalışacaq. Rusiya Gürcüstandan özünün Ermənistandakı hərbi bazaları üçün tranzit rolunu oynamasını tələb edəndə Qərb nə edəcək? Əgər yoxlanılmamış və kaprizli Tiflis ABŞ-ın dəstəyini üzərində hiss eləməsə, o zaman... Həmçinin bu ilin yayında Gürcüstan Avropa İttifaqına assosiativ üzvlüyə qəbul olacaq ki, bu da Rusiyanın təzyiqinin görünməmiş həddə çatacağına səbəb olacaq”.
axar.az
“Dağlıq Qarabağ münaqişəsinin təşkilatçıları bilməlidirlər ki, Azərbaycan xalqı mövcud durumla heç vaxt barışmayacaq”
Azərbaycan xalqının səbri tükənməz deyil. Dağlıq Qarabağ münaqişəsinin təşkilatçıları reallıqları dərk etməlidirlər və bilməlidir ki, Azərbaycan xalqı mövcud durumla heç vaxt barışmayacaq. Azərbaycan beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan yararlanacaq.
APA-nın məlumatına görə, bunu Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasında Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov deyib.
Azərbaycanın hərbi büdcəsinin ilbəil artdığını və bu tendensiyanın davam edəcəyini söyləyən N.Sadıkov bununla yanaşı ölkəmizin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.
“Hesab edirik ki, problemin dinc yolu ilə nizamlanması üçün şanslar və ümidlər qalmaqdadır. Ermənistanın təcavüzkar qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tabe olmalı və Azərbaycan ərazilərini tərk etməlidir. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır. İkili standartlara yer verilməməlidir və heç kim müstəsna hüquqa malik olmamalıdır”, - deyə o vurğulayıb.
N.Sadıkov qeyd edib ki, beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi Ermənistanın uzun müddət ərzində təcavüzü davam etdirmək üçün şərait yaradır.
“Bu gün Ermənistanın yürütdüyü siyasət onu bölgədəki bütün iqtisadi layihələrdən təcrid edib. Ermənistan digərlər ölkələrdən daha çox qazana bilərdi”, - deyə o bildirib.
N.Sadıkov həmçinin qeyd edib ki, Azərbaycan MDB-dəki fəaliyyətinə böyük önəm verir.
teleqraf.com
Polkovnik Azərbaycan və Ukrayna ordularını müqayisə edərək, təhlükəli saydığı məqamı qabartdı
Mühacirətdə olan Qarabağ müharibəsi veteranı, polkovnik İsa Sadıqov Moderator.az-a çox maraqlı və hərbi təhlillərlə zəngin müsahibə verib. İ.Sadıqov cəbhə bölgəsində mina partlayışından sonra şəhid olmuş əsgərləri rəhmətlə anaraq bildirib ki, atəşkəsdən düz 20 il keçib və 20 ildir ki, bunlar cəbhənin bütün perimetri boyu gecə-gündüz addımbaaddım gedib gəlirlər: "Yəni hər yolu, hər cığırı, hər kolun dibini bilirlər və hansı yolla gedib -getməməyi də artıq əzbər bilirlər və ya bilməliydilər".
Polkovnik deyib ki, artıq orduda elə acınacaqlı vəziyyət yaranıb ki, əsgər və zabitlər diversiya yoluyla baş verən “təsadüfi” ölümə alışıblar: "İndi məni bir məsələ maraqlandırır, kimsə bunları araşdırırmı bu minalar orda nə vaxtdan qoyulubmuş və bu vaxtadək onu niyə tapıb zərəsizləşdirməyiblər? Əgər bu təzə basdırılmış minadırsa o zaman bəlli olacaq ki, təmas xətti qorunmur və ermənilər asanlıqla gətirib hətta daha içərilərimizə doğru mina basdıra bilərlər".
Müdafiə nazirinin sabiq müavini hazırkı müdafiə naziri Zakir Həsənovdan bəhs edərək bildirib ki, o, Həsənovun da bir-iki çıxışını dinlədikdən sonra onun nəyə qadir olduğunu, onun ordunun başına hansı məqsədlə gətirildiyini anlayıb: "Bu adam ordudan tamamilə uzaq, qeyri-peşəkar bir şəxsdir. Təsəvvür edin ki, bu adam səngər görmədən, döyüşdə barıt qoxusu bilmədən qısa vaxtda baş leytenantdan gəlib general, sonra isə nazir oldu. Ancaq Talıb Mamedov, Kərim Vəliyev, Heydər Piriyev kimi peşəkar, ordunun nə ilə nəfəs aldığını xırdalıqlarıyla bilən cəsur zabitləri kənarda saxladılar, naşıları isə ora doldurdular. Nəcməddin Sadıkovun orda olmasını təsəvvür edəndə mənim bu orduya və millətə yazığım gəlir. Axı onun hələ sovet ordusunun vaxtından QRU-nun (Baş Kəşfiyyat İdarəsi) zabiti olduğunu hamı bilirdi. Amma 20 ildir ki, bu adam oturub ordunun baş qərargahında. Bu gün Ukraynada baş verənlər bunlara dərs olmadımı? Yəni Rusiyanın əli hara çatırsa həmin ölkələrdə eyni vəziyyətdir".
İsa Sadıqov deyib ki, heç kim Nəcməddini yerindən tərpədə bilməz: "Ya da Nəcməddini əvəz edəcək başqa bir namizəd onun yerinə təklif ediləcək. Məqsəd də bu gün Ukraynada baş verənlərin hər an Azərbaycanda da baş verməsinə əlverişli zəmin yaratmaqdır. Uzağa getməyək, Ukraynada axırıncı 4-5 il ərzində 4 müdafiə naziri dəyişib. Onların 4-ü də Rusiya vətəndaşı olub. Biri isə hətta Rusiyanın Milli Qəhrəmanı idi. Ukraynanın daxili işlər naziri, hansı ki, “Berkut” xüsusi dəstəsinə millətə divan tutmaq əmri verdi, o da birbaşa Rusiyanın adamı idi. Krım və Cənub-Şərq vilayətləri Ukraynanın strateji nöqtələridir. Amma bu nöqtələrdə qəsdən bir dənə də olsun ortabab hərbi hissə yerləşdirilməyib. Yəni həmin hərbi hissələrdə nə şəxsi heyət var, nə silah-texnika. Amma Ukraynanın ən elit hərbi hissələri isə bu ölkənin qərb sərhədləri boyu yerləşdirlib. Adama deyərlər ki, məgər Avropadan Ukraynaya hücum təhlükəsi var ki? Nəticədə Ukrayna kimi 50 milyonluq bir dövlət Krımdakı bir ovuc rus əsgərinin qarşısında aciz qaldı. Yarımadada rusların cəmisi 15 minlik hərbi qüvvəsi var idi. Yəni axırıncı 5-6 ildə Ukrayna ordusu Moskvanın əliylə tamamilə dağıdılmışdı. Kimin əlinə nə gəlir satırdı, dağıdırdı, rüşvət və korrupsiya tüğyan edirdi. Qəsdən elə şərait yaratmışdılar ki, Rusiya bazasında əmək haqqı 10 min olduğu halda, onun qonşuluğundakı hərbi hissələrdə uzağı min rubl alırdılar. Ukraynadakı polislərsə asayiş keşikçisi kimi yox, banditlər kimi hərəkət edirdilər".
musavat.com
ƏLİ MƏSİMLİ : Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır…
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin “Cənub axını” layihəsinə münasibəti ilə bağlı sualına cavabında bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə, “Cənub axını” kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər.
Avropa Rusiya qazından tədricən imtina edib, alternativ mənbələr hesabına özünün qaza olan tələbatını ödəmək istəyir. Həmin alternativ variantlardan biri də Azərbaycan qazıdır. Alternativ qaz təchizatı Avropaya lazımdırsa, güclərin qeyri- bərabərliyi şəraitində Rusiyanın təzyiqi qarşısında təkbaşına duruş gətirməsini yalnız Azərbaycanın üzərinə atmaq çox qəribə məntiqdi…
Fikrimizcə, bu məsələ real vəziyyəti və qüvvələr nisbətini nəzərə almaqla həll edilə bilər. Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır… ABŞ və Avropa ”Bakı -Tbilisi - Ceyhan” Strateji Neft Kəməri də daxil olmaqla, Türkiyə üzərindən qərbə yönəldilmiş bütün kəmərlərin etibarlı müdafiə sisteminin qurulması üçün fikirdə, sözdə və işdə real nəticəsi görünən fəaliyyətə başlamalıdır.

Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Ukraynanın Rusiyanı çökdürmək üçün sadəcə qığılcım olduğunu bildirib: “Əsas məsələ Ukrayna deyil. Ukrayna sadəcə olaraq bəhanədir. 91-ci ildə Sovet imperiyası tam süquta uğramadı. Rus imperiyası Rusiya Federasiyası adı altında qaldı və dəyişmədi. Qərb ümid edirdi ki, Rusiya dəyişib nə isə daha demokratik bir dövlət olacaq. Amma bu, baş vermədi. Rusiya yenə antiqərb qurum kimi qaldı. Bu qarşıdurma davam edir. Qarşıdurmada Ukrayna sadəcə olaraq qığılcımdır. Bu qığılcım Qərbi ayağa qaldırdı. Qərb 1991-ci ildən bəri Rusiyaya qarşı heç bir sərt addım atmamışdı. Hətta Abxaziya və Cənubi Osetiya işğal olunanda da Qərb Rusiyaya toxunmamaq haqqında qərar vermişdi. Məqsədi isə bu imperiyanın özü-özünə çürüyüb dağılmağına şərait yaratmaq idi. Ukrayna hadisələri Qərbə sübut elədi ki, zorla süquta uğratmasalar, bu imperiyaya heç bir şey olan deyil”. Politoloq Ukraynada böhranın Rusiyadakı rejim çökənə qədər davam edəcəyini qeyd edib: “Söhbət indi Qərb və Rusiya qarşıdurmasından gedir. Mən təəssüf edirəm ki, ukraynalılar belə vəziyyət düşüblər. Amma Qərblə Rusiyanın müharibəsi gedir və buradan Rusiyanın qalib çıxması mümkün deyil. Qarşıdurma rejim çökənə qədər davam edəcək”. Vəfa Quluzadə Qərb-Rusiya qarşıdurmasının dünyanın düzənini dəyişə biləcəyini deyib: “Kim düşünürsə ki, Ukrayna parçalandıqdan sonra hər kəs gedib Putinin əlini sıxıb onların neftini alacaq, yanılır. Bu cür insanlar çox sadəlövhdür. Əgər onlar Ukraynanın bu yollarla parçalanmasını davam etdirsələr, Rusiyaya qarşı təzyiqlər artacaq. Həm iqtisadi, həm hərbi. Artıq görürsünüz ki, NATO Rusiyanın sərhədində təyyarələrini, gəmilərini yavaş-yavaş yerləşdirir. NATO artıq əsgəri qarşıdurmaya da hazırlaşır. Bu, dünyanın sifətini dəyişəcək məsələdir. Əvvəl Rusiya səsləndirirdi ki, çoxqütblü dünya olmalıdır. Amma indi Rusiya çökəndən sonra baxarıq görək dünya neçə qütblü olacaq”.