Translate

9 Nisan 2014 Çarşamba

QƏRİBƏ MƏNTİQ


ƏLİ MƏSİMLİ : Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır… 

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin “Cənub axını” layihəsinə münasibəti ilə bağlı sualına cavabında bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə, “Cənub axını” kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər. 

Avropa Rusiya qazından tədricən imtina edib, alternativ mənbələr hesabına özünün qaza olan tələbatını ödəmək istəyir. Həmin alternativ variantlardan biri də Azərbaycan qazıdır. Alternativ qaz təchizatı Avropaya lazımdırsa, güclərin qeyri- bərabərliyi şəraitində Rusiyanın təzyiqi qarşısında təkbaşına duruş gətirməsini yalnız Azərbaycanın üzərinə atmaq çox qəribə məntiqdi…

Fikrimizcə, bu məsələ real vəziyyəti və qüvvələr nisbətini nəzərə almaqla həll edilə bilər. Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır… ABŞ və Avropa ”Bakı -Tbilisi - Ceyhan” Strateji Neft Kəməri də daxil olmaqla, Türkiyə üzərindən qərbə yönəldilmiş bütün kəmərlərin etibarlı müdafiə sisteminin qurulması üçün  fikirdə, sözdə və işdə real nəticəsi görünən fəaliyyətə başlamalıdır.

8 Nisan 2014 Salı

" UKRAYNADA BÖHRAN RUSİYADAKI REJİM ÇÖKƏNƏ QƏDƏR DAVAM EDƏCƏK "


Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Ukraynanın Rusiyanı çökdürmək üçün sadəcə qığılcım olduğunu bildirib: “Əsas məsələ Ukrayna deyil. Ukrayna sadəcə olaraq bəhanədir. 91-ci ildə Sovet imperiyası tam süquta uğramadı. Rus imperiyası Rusiya Federasiyası adı altında qaldı və dəyişmədi. Qərb ümid edirdi ki, Rusiya dəyişib nə isə daha demokratik bir dövlət olacaq. Amma bu, baş vermədi. Rusiya yenə antiqərb qurum kimi qaldı. Bu qarşıdurma davam edir. Qarşıdurmada Ukrayna sadəcə olaraq qığılcımdır. Bu qığılcım Qərbi ayağa qaldırdı. Qərb 1991-ci ildən bəri Rusiyaya qarşı heç bir sərt addım atmamışdı. Hətta Abxaziya və Cənubi Osetiya işğal olunanda da Qərb Rusiyaya toxunmamaq haqqında qərar vermişdi. Məqsədi isə bu imperiyanın özü-özünə çürüyüb dağılmağına şərait yaratmaq idi. Ukrayna hadisələri Qərbə sübut elədi ki, zorla süquta uğratmasalar, bu imperiyaya heç bir şey olan deyil”. Politoloq Ukraynada böhranın Rusiyadakı rejim çökənə qədər davam edəcəyini qeyd edib: “Söhbət indi Qərb və Rusiya qarşıdurmasından gedir. Mən təəssüf edirəm ki, ukraynalılar belə vəziyyət düşüblər. Amma Qərblə Rusiyanın müharibəsi gedir və buradan Rusiyanın qalib çıxması mümkün deyil. Qarşıdurma rejim çökənə qədər davam edəcək”. Vəfa Quluzadə Qərb-Rusiya qarşıdurmasının dünyanın düzənini dəyişə biləcəyini deyib: “Kim düşünürsə ki, Ukrayna parçalandıqdan sonra hər kəs gedib Putinin əlini sıxıb onların neftini alacaq, yanılır. Bu cür insanlar çox sadəlövhdür. Əgər onlar Ukraynanın bu yollarla parçalanmasını davam etdirsələr, Rusiyaya qarşı təzyiqlər artacaq. Həm iqtisadi, həm hərbi. Artıq görürsünüz ki, NATO Rusiyanın sərhədində təyyarələrini, gəmilərini yavaş-yavaş yerləşdirir. NATO artıq əsgəri qarşıdurmaya da hazırlaşır. Bu, dünyanın sifətini dəyişəcək məsələdir. Əvvəl Rusiya səsləndirirdi ki, çoxqütblü dünya olmalıdır. Amma indi Rusiya çökəndən sonra baxarıq görək dünya neçə qütblü olacaq”. 

BARROZO : "AZƏRBAYCAN RUSİYANIN QARŞISINDA DURUŞ GƏTİRƏRSƏ..."


Avropa üçün “Cənub axını” qaz kəməri, Rusiyanın israrına baxmayaraq, prioritet deyil. Layihə “Şimal axını”ndan fərqlənsə də, təchizatçı əvvəlkidir – “Qazprom”
Apa-nın Ukraynanın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib. J. M. Barrozo bildirib ki, “Cənub axını”nın yerinə Azərbaycandan İtaliya vasitəsilə çəkiləcək qaz kəməri Avropa üçün prioritet ola bilər - əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında duruş gətirərsə: “Mən Bolqarıstana xəbərdarlıq etmək istərdim ki, onlar Rusiya ilə qaz kəmərləri layihələrinin həyata keçirilməsinə ehtiyatla yanaşsınlar və ölkə energetikasının diversifikasiyasını təmin edəcək digər qaz kəmərlərinə üstünlük versinlər. Məhz bu səbəblə Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə birləşdirilməsi tarixi əhəmiyyət daşıyır. Bolqarıstanda Rusiya casusu olan insanlar var. Ona görə də bu ölkələrin AB-yə qəbulu doğrudan da böyük tarixi əhəmiyyətə malikdir”.  
   
Qeyd edək ki, “Cənub axını” Qara dəniz akvatoriyasından Cənubi və Mərkəzi Avropa ölkələrinə ildə 63 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutan qlobal infrastruktur layihəsidir. Hazırda Rusiya, Bolqarıstan və Serbiyada kəmərin tikintisi gedir. 2015-ci ilin sonunda kəmərə ilk qaz vurulmalıdır. Layihə 2018-ci ildə tam gücü ilə fəaliyyətə başlamalıdır. 

6 Nisan 2014 Pazar

ƏRDOĞANIN BAKI SƏFƏRİNİN GİZLİNLƏRİ


Novruz Məmmədov : «Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması gündəlikdədir»

Rəcəb Tayyib Ərdoğan Bakıya həm də «Twitter», «Youtube» kimi şəbəkələrin Türkiyə ərazisində bağlanması barədə populyar olmayan qərarlar qəbul edəndən sonra gəlmişdi. 
Ümumiyyətlə etiraf edim ki, məndən ötrü Ərdoğanın Azərbaycana səfəri heç vaxt indiki qədər maraqlı olmamışdı. Əvvəla ona görə ki, Ərdoğan Azərbaycana Rusiyanın regionda xüsusi fəallıq nümayiş etdirməsi, Krım türklərinin taleyinə də toxunan aqressiv qərarlar qəbul etməsi ilə bir vaxtda gəlmişdi. İkinci tərəfdən baş nazirin Azərbaycana səfərini onun bu ərəfədə verdiyi müxtəlif bəyanatlar kifayət qədər cazibədar edirdi. Baş nazir seçki ərəfəsindəki çıxışlarında Azərbaycanın adını çəkmiş və bu zaman heç də həmişə ton müsbət olmamışdı. 
Üstəlik də Türkiyədən sızan Nurun bir şəfəq cızığının da Azərbaycandan keçməsi, bu təriqəti daşıyanların Azərbaycanda mühüm postlarda qərar tutması barədə deyilənlər türk demiş söz konusu idi və bu baxımdan hətta belə söhbətlər də gəzirdi ki, qonaq gələndə bir iki ali nəfərin taleyi həll olunacaq. Hətta guya baş nazir özü ilə hansısa siyahı gətirib və sair. Elə bütün bunlara görə də Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri sətiraltıları ilə də maraq doğururdu. Amma bu, həm də o Türkiyənin başbakanı idi ki, Azərbaycanın ağır günlərində onun başının üstünü kəsdirmişdi, özünün «Qızıl şahinlər»i ilə. Bu şahinlər göydə Allahdan aşağı qanadları ilə sipər çəkmişdi ki, Azərbaycanı qorusun. Bu dəfə də oxşar vəziyyət yaranmışdı. Baş nazir o zaman gəlmişdi ki, Rusiyadan təhdid dolu bəyanatlar gəlir, gizlətməyəcəyəm, cəmiyyətin müəyyən yaruslarında Azərbaycana mümkün müdaxilə ilə bağlı təşviş də var. Görünür, belə düşünənlər də haqlıdır ki, Türkiyə növbəti dəfə hamıya Azərbaycanın tək olmadığını sübut etmək istəyir. Elə bu səbəbdən də Prezident Administrasiyası rəhbərinin müavini, Əliyev - Ərdoğan danışıqlarında iştirak etmiş Novruz Məmmədovla görüşə xüsusi maraqla getmişdim. Məncə zənnimdə də yanılmadım. 
Novruz Məmmədov : «Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir. Bu gün beynəlxalq münasibətlərdəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhdəlikləri var. NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüz də müşahidə etdiniz, bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri və müdafiə naziri burada oldu. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəm ki, buna nikbin baxmaq lazımdır».

Mir Şahin «Hesabat»


«RUSİYADAN NÜMUNƏ GÖTÜRÜB TARİXİ TORPAQLARIMIZI QAYTARMALIYIQ»


İlham Əliyev : «İşğal edilmiş bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq»

Novruz müəllimlə biz Rusiyanın Ukrayna gedişindən Azərbaycana toxuna biləcək fəsadlar barədə də danışdıq. O, nikbinliklə hər hansı fəsada inanmadığını, Azərbaycanın dünyadakı dəyərinin və aparılan balanslaşdırılmış siyasətin onu hər hansı belə xoşagəlməzlikdən sığortaladığını dedi.

Eyni zamanda ANS-in bu mövqeyini də bəyəndi ki,Azərbaycan özünü Ukrayna ilə müqayisə etməməli, əksinə bəlkə Rusiyadan nümunə götürərək öz tarixi ərazilərini qaytarmaq istiqamətində ciddi çalışmalıdır. ANS-in təhlil xidmətinin gəldiyi qənaət isə belədir: Bir halda ki, Rusiya nə vaxtsa ona məxsus olmuş Krımı özünə qaytarır, onda Azərbaycan Zəngəzur haqqında niyə düşünməsin? Niyə biz bu barədə Avropanın, lap elə bu yolu öz müasirlərinə göstərən Rusiyanın köməyindən istifadə etməyək. Bəlkə Jirinovskini onun isti,qızğın-qızdırmalı bəyanatları ilə məhz ona görə ortaya atıblar ki, Azərbaycanın fikrini belə tarixi həqiqətlərdən yayındırsınlar. Zəngəzur Putinin təbirincə desək, məhz Sovet Hökumətinin səhv qərarı nəticəsində 1923-cü ilin noyabrında Ermənistana verilib. Tarix boyu Azərbaycanınkı olmuş bu əraziləri geri qaytarmaq haqqımızdır. Prezident İlham Əliyevi dinləyək.

«Gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Bunlar bizim tarixi torpaqlarımızdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, öz suverenliyini bərpa edəcək. Biz azərbaycanlılar Dağlıq Qarabağa, eləcə də digər işğal edilmiş torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm». 

Mir Şahinlə «Hesabat»