“Bizim dostluğumuza zərrə qədər də xələl gətirən istənilən problemin qarşısını almağa qadirik”.
“Axar.az” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycandakı nurçuluğun ikitərəfli görüşdə müzakirə edilib-edilmədiyi ilə bağlı türkiyəli jurnalistin sualını cavablandırarkən iki ölkə rəhbərlərinin hazırda da davam edən mətbuat konfransında səsləndirib:
Prezident həmçinin bunları əlavə edib:
“Türkiyə Azərbaycan qardaş ölkədir. Rəhbərləri qardaşdır, xalqları qardaşdır. Biz Türkiyə Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısını alırıq. Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.
3 aprel 2014. Aprelin 2-də baş nazir Artur Rasizadə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qədim tarixi köklərə və qardaşlıq ənənələrinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrindən söz açan A. Rasizadə ölkələr arasında siyasi, iqtisadi, mədəni sahələrdə sıx münasibətlərin mövcud olduğunu qeyd edib.
Baş nazir əmin olduğunu bildirib ki, dost ölkənin Baş Qərarahının nümayəndə heyətinin Bakıya səfəri hərbi sahədə də əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Azərbaycanda milli ordu quruculuğuna və onun modernləşməsinə Türkiyə Cümhuriyyətinin hər zaman fəal yardım etdiyini minnətdarlıqla xatırladan A. Rasizadə bundan sonra da əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb.
N. Özəl Azərbaycan və Türkiyə arasında hərbi sahədə strateji tərəfdaşlığın xalqların mənafeyinə uyğun olduğunu söyləyib. Regionda sülhə təhlükə yaradan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət gedərkən N. Özəl Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və problemin yalnız beynəlxalq hüquq çərçivəsində, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyini bir daha vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əlaqələrin perspektivinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
QAT.az
Yevgeni Kiselyov bildirib ki, Rusiya telekanalları Ukraynadakı quldur çevrilişi, digər bir tərəfdən isə Krımdakı istirahəti reklam edirlər.
"Mən Rusiya vətəndaşı olmağıma görə utanıram". Bunu NTV televiziya şirkətinin sabiq direktoru Yevgeni Kiselyov deyib. O bildirib ki, Rusiya telekanalları Ukraynadakı quldur çevrilişi təqdim edir, meydan iştirakçıları – nasistlər, yeni hakimiyyəti qanunsuz adlandırırlar və aramsız olaraq rusdilli əhalinin əzablarından danışırlar.
Təşkil edilmiş təbliğat kampaniyasına görə, televiziya jurnalistləri üçün dərc edilmiş təlimatlar üzrə mühakimə aparmaq olar. Bu təlimatlarda jurnalistlərə Ukraynadakı cinayətdən danışmağı məsləhət görürlər. Rusiya kanalları Ukraynada hakimiyyət uğrunda artan ixtişaşları, Meydan bəhanəsi ilə baş verən cinayətləri tədim edir, digər bir tərəfdən isə Krımdakı istirahəti reklam edirlər.
Kiyevdə işləyən məşhur Rusiya jurnalisti və siyasi analitik, sabiq NTV televiziyasının direktoru, "Moskva xəbərləri" baş redaktoru Yevgeni Kiselyov əməkdaşlarının işiylə Rusiya telepropaqanda metodlarını müqayisə edib.
Yevgeni Kiselyov Ukraynada Rusiya telekanallarının yayımının dayandırılması ideyasına münasibətinin birmənalı olmadığını deyib:
"Rusiya kanallarında yalnız xəbər göstərilmir, əlbətdəki onları xəbər adlandırmaq mümkündürsə. Eyni zamanda Rusiya kanalları yalnız təbliğat aparan informasiya proqramlarını yayımlamır. Bəzən orada yaxşı verlişlər göstərirlər və hətta çox yaxşı qeyri-siyasi proqramlar, seriallar, sənədli kino yayımlanır. Ancaq Ukrayna xalqı qarşısında mənim dostlarım və həmkarlarım heç bir qəbahətli iş görməyiblər".
Mənbə :
ANS PRESS
İlqar Altay: “Qarabağın işğalının əsas səbəbkarının Moskva olduğunu açıq bəyan etməliyik”
“Ukrayna məsələsində Moskva Qərbə iyirminin birə nisbətində uduzub”
Ictimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünqs-tədqiqatçı İlqar Altay Moderator.az-a son dövrlər vüsət almış Rusiya-Ukrayna konflikti ilə bağlı müsahibə verib.
- İlqar bəy, Rusiya ilə qonşu Ukrayna arasında konflikt artıq təhlükəli savaş həddinə çatmaqdadır. Bir araşdırmaçı kimi bu problemin səbəbləri və doğura biləcək nəticələri barədə fikirlərinizi bilmək istəedik.
- SSRİ dağılandan bəri onsuz da zəifləmiş rus imperiyası ilbəil mövqelərini itirir, onun rəqibi Qərb isə, heç bir qələbə hüdudunda dayanmır, irəliləyir. Bu, əslində demokratiyanın diktatura üzərinə yürüşüdür, həyatın, dünyanın tələbidir. Demokratik Qərb Moskvanın özünə bufer zonası hesab etdiyi postsovet ölkələrini bir-bir onun təsir zonasından çıxarır. Ən vacib strateji bufer olan Ukraynanı itirmək görünür, Moskvanı bərk narahat edib, həm də qəzəbləndirib. Ancaq bundan da vacib səbəb Ukrayna və Rusiya xalqları arasındakı milli-mənəvi tarixi problemdir. Bu iki slavyan xalqı arasında müəyyən köklü ziddiyyət olmasaydı, bu xalqlar heç imkan verməzdilər nə Qərb, nə Şərq, nə də hansısa qüvvə onları qarşı-qarşıya qoya bilsin.
- Maraqlıdır iki qonşu, oxşar və qardaş xalq arasında bu qədər dərin, mental ziddiyyətin olmasını qeyd edirsiniz. Məsələn, hər hansı iki qonşu türk və ya ərəb dövləti arasında belə qarşıdurma yoxdur. Bir az təəccüblü görünür.
- Bəli, maddi, ərazi problemindən də çətini milli-mental mahiyyət daşıyan ziddiyyətdir. Türkdilli dovlətlər arasında şükür ki, bu yoxdur, olmayıb. Məsələ nədədir? Təsəvvür edin ki, oğul böyüyüb atasından soyuqluqla ayrılıb. Bu azmış kimi, onu boyüdüb başa çatdıran atanı saymır, hörmətsiz edir, üzünə qayıdır. Bu da azmış kimi, üstəlik atasını öz təsiri, hegemonluğu altına salıb, öz köləsi etmək istəyir. Bu artıq dəhşətdir, deyilmi!? Rusiya əslən Ukraynadan törəyən millətdir, yəni onun övladı sayılır. Qədim Rusiyanın paytaxtı Kiyev olub. Monqollar qədim, möhtəşəm Kiyevi aylarla mühasirə hesabına çətinliklə alan vaxt Moskva çay kənarında bir qəsəbə olub. O qədər kiçik olub ki, monqol qoşunu əhəmiyyət verməyib böyründən keçib yuxarı Novqorod şəhərinə doğru gedib. Bunlar danılmaz tarixdir. Ümumrusiya provaslav kilsəsi, yəni baş keşiş Kiyevdə yerləşib. Neftin, qazın əhəmiyyət daşımadığı dövrlərdə varlı qara torpaq Ukraynada olub və moskovitləri yedirdib, təmin edib. Zaman keçib, Moskva rusları nicat tapıb inkişaf edib, Şərqə doğru irəliləyib müxtəlif millətləri, türk tayfalarını əsarətinə salıb, imperiya yaradıb. Üstəlik, öz törəndiyi slavyan Ukrayna ata xalqını da hörmətsiz edərək öz kölə sferasına qatıb. Özünü velikorus-möhtəşəm, ukrainləri isə malorus-kiçik adlandırıb. Rus şovinizmi qədim Kiyevi, Ukraynanı “okrain” yəni, Rusiyanın bir qırağı, kənarı, ukrainləri isə istehzalı “xoxol” adlandıib kiçik yad millətlər sırasına qatıb, əsrlərlə ruhən incik salıb. Bu hegemonçu aşağılama siyasəti illərlərus xalqına aşılanıb. Ruslarda bu üstün hegemon tendensiya, ukrainlərdə isə daxili etiraz, yəni mental dərin ədavət bu gün də qalır. Ona görə də bu gün rus başbilən alimləri təəccüb qalıb bildirirlər ki, Rusiya ukrainlərə doğru neft, qaz, sənaye və s. baxımdan nə qədər addım atsada, ukrainlər onları sevmir ki, sevmir. Yəni, iki xalq arasında ədavətin,dönməz barışmazlığın, mental ziddiyyətindərin kökü bürdadır.
- Söylədiyinizdən belə çıxır ki, Kiyevdə Maydan hərəkatı əslində Rusiyaya etiraz imiş...
- Elədir ki, var. Maydan hərəkatında Ukrayna xalqının baslıca məqsədi Putindən, Moskvadan, rus şovinizmindən qurtulmaq idi. Zəif və özünü itirmiş Yanukoviçin hakimiyyət bandasından qurtulmaq ikinci, həm də çətin olmayan məsələ idi.
- Bəs Ukraynanın daxili işi sayılan Kiyevdəki inqilabi proseslərə Moskvanın belə sərt reaksiyası nədən oldu? Nə üçün iki ölkə arasındakı münasibət qısa müddətdə bu cür kəskinləşdi?
- Ukrayna xalqının demokratiya, Avropa yönlü qətiyyəti, Qərbin güclü fəaliyyəti və dəstəyi, Kremlin arxayınçılığı, Yanukoviçin zəif qeyri-stabil durumu prosesləri nəzarətdən çıxarıb təbii yöndəmə saldı. Başı Soçi olimpiadasına qarışan Kremldə ayılıb gördülər ki, Kiyev, neçə ildi ipi Putinin əlində olan Yanukoviç hakimiyyəti əldən çıxıb. Artıq xalq hakimiyyəti tamamilə götürüb. Ukraynanın itirilməsi təbii ki, Rusiya imperiyasının sonunun başlanğıcıdır. Putin bunu gözəl bilir və onu dəhşət bürüyür. Onun kimi, psixoloji baxımdan paranoya patalogiyalı insanlar əslində qorxaq və vahimələnən olurlar. Yaxşı bilir ki, rus xalqını yalnız özünü güclü, qətiyyətli göstərib qorxu yaratmaq hesabına idarə edə bilər. Xalq onun qorxaq və zəif olduğunu, zəiflədiyini bilsə, dərhal aşırar. Beləliklə, şokdan çıxan kimi dərhal cürətli və qəti addımlar atmağa başladı. Heç olmasa görüntü xatirinə, Krım variantından istifadə etməyə. Xalqa göstərsin ki, baxın, mənim əlimdən Ukraynanı aldılar, amma mən də son anda cürət göstərib Krımı qopartdım və rus xalqı yayda Krım çimərliklərində özünü rahat günə verə bilər.
- Bu saat Krımın Rusiyaya birləşdirilməsi prosesləri bütün dünyanı silkələyir. Rusiya və Krımda bununla bağlı bayram edilir. Ukrayna tərəfdarlarını isə sanki bədbinlik bürüyüb. Bəziləri Krım məsələsinin rus imperiyasında yeni Putin erasının, yeni-yeni qələbələrin başlanğıcı hesab edir. Bəziləri isə əksinə, bunu Rusiya Federasiyasının sonunun başlanğıcı kimi qələmə verir. Sizcə həqiqət haradadır?
- Bilirsiniz, insan toplumu bəzən şüursuz olaraq, çalıb-oyanayaraq uçuruma,faciəyə doğru gedir. Bu gün Putin bütün gücü ilə, təbliğat vasitələrini işə salmaqla Krımın alınması ətrafında ritorika yaradıb. Rus xalqının böyük sadəlöhv hissəsini süni eyforik vəziyyətə salıb. Guya möhtəşəm bir tarixi qələbə əldə olunub. Əslində, bir qədər dərin analiz qabiliyyətli insanlar bilir ki, Ukrayna məsələsində Moskva Qərbə artıq uduzub. Özü də böyuk hesabla, iyirminin birə nisbətində. Yəni Rusiya Ukraynanı əldən verib, əvəzində Krımı götürüb. Krım isə Ukraynanın 20-də 1-i qədərdir. Bu hesabla, sabah Belarusiyada da demokratik qərbyönlü çevriliş ola bilər, Lukaşenko qovular. Belarusiya əldən çıxar və Rusiya onun hansısa bir vilayətini əlində saxlayar. Bu nədir, qələbədir? Qəribədir, sən boyuk bir müttəfiq qonşu və həm də qardaş ölkəni itir, onun kiçicik bir hissəsini böyük risq və biabırçılıq hesabına götür və sevin. Bu komik haldır. Bunlar nəyə sevinirlər, vallah təəccüb qalmışam. İndiyədək Rusiya Azərbaycanı verib Qarabağı, Gürcüstanı verib Abxaziya və Cənubi Osetiyanı, Moldovanı verib Dnestryanını götürüb.Bunun nə xeyri olub? Bunlar onsuz da imkanı zəif olan Rusiya xalqı üçünbir siyasi və iqtisadi yükdür. Həmin o Qarabağ kimi bölgələr özlərini himayə qucağına verib arxayınlaşir, işləyib çalışmırlar, Rusiyadan daima hazır yardım gözləyirlər.
- Bəs bu halda, xeyri yoxdursa, sizcə Putin niyə Krımı götürmək addımını atdı və Qərb də sanki bununla razılaşır.
- Putinin başqa yolu qalmamışdı. Kiyevdəki hakimiyyət dəyişikliyindən, Ukraynanı uduzandan sonra dərhal ayılıb coşdu və hətta könlündən hərbi yolla bütün Ukraynanı götürmək də keçdi. Amma qorxdu, gücünü hesabladı, cəsarət etmədi. Təsəlli üçün Krıma əl atdı. Heç olmasa Krımı götürməsəydi, onun öz xalqının qarşısında cılız və zəif mahiyyəti ortaya çıxacaqdı və bununla xalq dərhal onu bitirəcəkdi. Rusiyanın Krımı anneksiyası Qərbə əslində xeyir verir. Qərb liderləri Ukrayna kimi həyati vacib bölgəni Moskvanın əlindən çıxara bildikləri üçün daxilən sevinirlər, üzdə isə guya incik və qəzəblidirlər. Dünyaya bu əhvalı aşılayırlar. Dünya ictimaiyyəti qarşısında Rusiya nifrət qazanma dərəcəsində hörmətdən düşür. Qərb Rusiyanın beynəlxalq normalara zidd syasətindən istifadə edib onu müxtəlif sanksiyalarla boğur. Moskva bütün dünyada təcridə düşür, mövqeyi zəifləyir, biabır olur. Ikincisi, Qərb bilir ki, Krım Rusiya üçün bir ağır iqtisadi yükdür və bu saat Moskva heç öz regionlarını, xalqını təmin edə bilmir. Bilir ki, bu gün sabah RF dağılacaq, Krım da daxil olmaqla bütün işğal zonaları geri alınacaq. O cümlədən,bizim Qarabağımız.
- Qarabağdan söz açdınız. Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı zəbt etməsilə əlaqədar Qərb liderləri Rusiyanı qınayır. Krıma müdaxiləni işğal adlandırıb, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı Respublikası separatizmini birbaşa Rusiyanın işğalı kimi önə çəkirlər. Amma Azərbaycandakı Qarabağ işğalı barədə heç bir səs-soraq yoxdur. Nə ilə bağlıdır bu?
- Rusiyanın açıq və gizli dəstəyi, müdaxiləsi olmasaydı, böyük türk toplumunun tam əhatəsində olan cırtdan Ermənistan Azərbaycan türkünün ərazisini işğal etməyə cürət etməzdi. Beynəlxalq normalara sayqısızlıq edib 20 faiz ərazimizi illərlə işğal altında saxlamazdı. Mən düşünürəm ki, Ukrayna, Krım hadisələrindən sonra Qarabağ probleminin həllində yeni dövr başlayır. Artıq biz də bundan sonra digər işğalçı-separatizmə məruz qalmış postsovet ölkələri kimi, işğalımızın əsas səbəbkarını açıq və birbaşa Moskvanı, Kremli göstərməliyik. Dövlət və cəmiyyət birliyində bunu çalışıb fakt, sübutlarla ortaya qoymalıyıq. O zaman dünya birliyi də görər ki, biz konkret hədəfi göstəririk ki, Azərbaycan əslində nahəng Rusiyanın işğalına məruz qalıb. Görərlər ki, ermənilərə uduzmamışıq, zorla uduzdurulmuşuq. Daha deməzlər ki, Ermənistanla iki qonşu respublikasınız, gedin öz məsələnizi özünüz dil tapıb həll edin. 20 ildən çoxdur belə olub, dəyişməliyik bunu.
Seymur Əliyev
Qarabağın işğalına başçılıq edənlərdən biri olmuş general Norat Ter-Qriqoryants: “Jirinovski möhtəşəm təklif irəli sürüb…”
Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Dağlıq Qarabağı Rusiyanın tərkibinə birləşdirmək barədə irəli sürdüyü təklif Ermənistanda da tərəfdarlar toplayır.
Qarabağ müharibəsinin ən şiddətli dövründə – 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş, ermənilər arasında Qarabağ müharibəsinin qəhrəmanı adı alan general-leytenant Norat Ter-Qriqoryants 1in.am saytına müsahibəsində Jirinovskinin ideyasını “möhtəşəm” adlandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Bu günlərdə Vladimir Jirinovski qalmaqallı bəyanatla çıxış edərək bildirdi ki, Azərbaycanla Ermənistan öz aralarında heç vaxt Qarabağ məsələsində razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı Qarabağı Rusiyanın tərkibinə birləşdirməkdir. Artsaxın azadlıq mübarizəsinin başında dayananlardan və silahlı qüvvələri formalaşdıranlardan biri olaraq bu ideyaya münasibətiniz necədir?
- O, möhtəşəm deyib. Niyə də yox? Ermənistan Dağlıq Qarabağın suverenliyini və müstəqilliyini ümumiyyətlə niyə tanımır? Niyə onlar qorxur ki, danışıqların dayandırılacağı elan ediləcək? Ümumiyyətlə, danışıqlar aparmaq lazım deyil, danışıqları yalnız Rusiya Federasiyası ilə aparmaq lazımdır. Çünki 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasına daxil olub, Dağlıq Qarabağ heç vaxt SSRİ-nin tərkibində olmayıb. Deməli, Dağlıq Qarabağ niyə Rusiya Federasiyasının tərkibində olmalı deyil? Çünki Gülüstan sülh müqaviləsinə görə, o, Rusiya ərazisidir. Əgər tərəflər razılaşma əldə edə bilmirsə, niyə də belə olmasın? Ümumiyyətlə, mən hesab edirəm ki, bütün Ermənistan Dağlıq Qarabağla birlikdə referendum keçirməli və Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır. Müstəqilliklə məşğul olmaq lazım deyil.
- Bəs hesab etmirsiniz ki, bu ssenari heç vaxt Ermənistanda qəbul edilə bilməz? Axı indi çoxları Ermənistanın Rusiyanın inteqrasiya proseslərində iştirakına qarşıdır…
- Mən Ermənistan rəhbəri deyiləm, Ermənistanda yaşamıram. Lakin dörd il ərzində Ermənistan silahlı qüvvələrinin formalaşdırılması ilə məşğul olmuşam və Ermənistanı, Qarabağı çox yaxşı tanıyıram. Jirinovski nəyi düzgün hesab edirsə, onu deyir. Mən də hesab edirəm ki, bu, mümkündür. Niyə də yox? Əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, niyə Dağlıq Qarabağ referendum təşkil edib Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmasın? Bu, olduqca ciddi məsələdir, baxmayaraq ki, etiraf etmək üçün gərək adamda vicdan ola.
Hazırda isə yoldaş Putinə, beynəlxalq miqyaslı siyasi xadimə eşq olsun. O, dünyada rus xalqının taleyindən narahat olan, eyni zamanda Ukraynada faşistlərin təzyiqi altında qalan xalqın taleyini fikirləşən yeganə adamdır. Axı bu insanları xilas etmək lazım idi. Elə deyilmi? Axı faşizm bütün SSRİ-yə və bu müharibədə iştirak edən 600 min erməniyə bədbəxtlik gətirdi, onlardan 300 mini öldü. Yəni ermənilər də faşizmdən əziyyət çəkdi. İndi birdən Ukraynada hakimiyyətin başına faşistlər gəlir və yalnız yoldaş Putin regionun taleyindən narahat olur ki, faşistlər regionu məhv etməsinlər. O, düz elədi və Putinə dəstək vermək lazımdır. Bununla həm də Qarabağda yaşayan erməniləri dəstəkləmiş olarıq. Vaxtilə biz Qarabağ ermənilərini dəstəklədik və ordu formalaşdırıb son 1000 ildə ilk dəfə torpaqları azad elədik.
- Cənab general, siz silahlı qüvvələri formalaşdırmısınız, Artsaxı azad etmişiniz. 20 ildən çoxdur beynəlxalq formatda danışıqlar gedir. Bütün bunlar ona görə idi ki, Qarabağı Rusiyaya verək?
- Jirinovski deyir ki, əgər Ermənistan və Azərbaycan məsələni həll edə bilmirsə, o zaman qoy Dağlıq Qarabağ Rusiyanın tərkibinə daxil olsun. Əgər tərəflər doğrudan da heç cür razılıq əldə edə bilmirsə, o zaman Dağlıq Qarabağın Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə qayıtmaqdan başqa yolu qalmır.
- Faktiki olaraq siz Krımın ilhaqını ədalətli hesab edirsiniz?
- Mən buna müsbət yanaşıram. Belə ki, Krım vaxtında düzgün addım atdı, Qarabağ kimi etmədi. Qarabağda hələ silahlı qüvvələr yox idi və onlar öz müqəddəratını təyin etmə prosesinə keçdilər. Bu səbəbdən də Azərbaycan silahlı qüvvələri hücum etdilər. Dnestryanı bölgədə, Abxaziyada da belə oldu. Krım isə özünümüdafiə dəstələri formalaşdırdı, sərhədləri bağladı və referendum keçirdi. Özünümüdafiə qüvvələri də bu referendumun təhlükəsizliyini gözəl təmin etdi. Yeri gəlmişkən, Krım özü də Rusiya ərazisi idi. İndi növbəti mərhələyə, ərazi bütövlüyünə keçmək lazımdır. Dağlıq Qarabağa gəldikdə isə o, artıq öz müqəddəratını təyin edib. Lakin Dağlıq Qarabağa gəldikdə ərazi bütövlüyü prinsipi pozulub. Ona görə də Dağlıq Qarabağın ərazi bütövlüyünü bərpa etmək lazımdır.
- Məlumdur ki, Krıma görə Rusiya bu gün necə tənqid olunur, onun Krımda referendum keçirib özünə birləşdirməsi işğal kimi qiymətləndirilir. Rusiyanın regionda öz təsirini saxlamaq metodları həddən artıq kobud deyilmi?
- Qərb həmişə ona sərf eləməyini tənqid edir. Yeri gəlmişkən, bu məsələdə Qərb parçalandı və iflasa uğradı. Çünki Qərbə sərf edirdi ki, Krım Ukraynanın tərkibində qalsın. Millətçilərin hakimiyyətə gəlişindən sonra Ukraynanı tələsik NATO-ya üzv edib Krımda öz donanmalarını, bazalarını yerləşdirmək istəyirdilər. Bu halda Qara dəniz ABŞ-ın və Qərb ölkələrinin nəzarətinə keçəcəkdi. Belə vəziyyətdə Qara dəniz Rusiya üçün bağlı olacaqdı, bütün Krasnodar diyarı bağlanardı və bu da Rusiyaya böyük zərbə olardı. Amerika artıq Rusiyanın özündə inqilab etmək üçün yaxınlaşır. Deməli, bu prosesin önünə keçmək və Qərbin dediklərinə tüpürmək lazımdır.
- Lakin Ukrayna Avropaya və NATO-ya inteqrasiya tərəfdarıdır…
- Ukrayna bunu istəmirdi. Ukraynada yeni texniki vasitələrin köməyi ilə dövləti iflasa uğratdılar. Bu texnologiyanı Polşa və Amerika fikirləşdi, Almaniya, İngiltərə, Fransa da dəstək verdi. Bu, yeni inqilab texnologiyası idi, dövlətin iflası üçün hazırlanmış yeni texnologiya idi. Onlar Afrikadan, Liviyadan başladılar və indi Rusiyada sınaqdan keçirmək istəyirlər. Çünki Rusiya kimi təmiz dövlət onlara lazım deyil.
* * *
Arayış:
Qeyd edək ki, Dağlıq Qarabağın Gülüstan sülh müqaviləsinə əsasən Rusiyaya birləşdirilməsi ideyasını ilk dəfə ötən ilin payızında erməni separatizminin baş ideoloqu, bədnam yazıçı Zori Balayan Vladimir Putinə yazdığı açıq məktubda gündəmə gətirmişdi.
O vaxt Ermənistanda və Qarabağın özündə Balayanı bu məktubuna görə “xain”, “alçaq”, “şərəfsiz” kimi ifadələrlə tərif etdilər. Lakin Ermənistan rəhbərliyi Balayanın məktubuna heç cür reaksiya vermədi. Belə təxminlər var idi ki, Balayan məktubunu prezident Serj Sərkisyanla razılaşdırmışdı.
Nəhayət, Krımın işğalından sonra Kremlin imperiya ambisiyalarının əsas ideoloqlarından olan Jirinovski bu haqda danışdı. Ardınca Krımın Rusiyanın tərkibinə birləşdirilməsi münasibətilə Xankəndində konsert-mitinq təşkil edildi. Bu bayramı Dağlıq Qarabağ rəhbərliyi təşkil etmişdi. Erməni ictimaiyyətində hesab edirlər ki, sifariş Rusiyadan gəlmişdi.
İndi isə Ermənistanın keçmiş müdafiə naziri və Qarabağın işğalına başçılıq edənlərdən biri olmuş general Norat Ter-Qriqoryants bu haqda danışır. Və general Norat Ter-Qriqoryants Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi çağırışını elə Moskvadan səsləndirir. Çünki o, Rusiyada yaşayır və Rusiya Erməniləri İttifaqının idarə heyətinin üzvüdür.
Bu təşkilat Kremlə bağlıdır və onun rəhbəri Ara Abramyan Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasının üzvüdür. Beləliklə, düyməyə basılıb və indi sonrakı prosesləri izləmək lazımdır…
Virtualaz.org