Rusiya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi bu gün Qara dəniz üzərində Türkiyə hava məkanına çox yaxınlaşaraq ölkənin hava sərhədləri boyu paralel uçuş həyata keçirməyə cəhd göstərib. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı insident barədə rəsmi məlumat yayıb.
Baş Qərargahın açıqlamasında bildirilir ki, bu gün Rusiya Federasiyasına aid “İl-20” kəşfiyyat təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava məkanında Türkiyə hava məkanı ilə paralel uçuş həyata keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd “F-16” qırıcı-bombardmançı təyyarəsi dərhal havaya qaldırılıb. Türkiyə hərbi təyyarələrinin xəbərdarlığından sonra sərhəd pozucusu uzaqlaşıb.
Rusiyanın hərbi qüvvə salaraq idarəetməni tamamilə ələ keçirdiyi Krımda gedən son proseslər Ankaranı da hərəkət etməyə təşviq edib.
ANS PRESS-in xəbərinə görə, Rusiyanın əsgərlərini Krımdan çıxarması üçün Ukraynaya 12 saat müddət verildiyi deyilən əsnada Çankaya köşkündə "Ukrayna-Krım Zirvəsi" keçirilib.
Türkiyə prezidenti Abdullah Gülün dəvəti ilə xarici işlər naziri Əhməd Davudoğlu və xarici işlər müşaviri Feridun Sinirlioğlunun iştirakıyla reallaşan toplantı təxminən 1 saat 45 dəqiqə davam edib.
Görüşdə Davudoğlu həftə sonunda Kiyevdəki yeni rəhbərliklə, Krım tatarları və Yanukoviç tərəfdarları ilə reallaşdırdığı telefon danışıqları haqqında ətraflı məlumat verib.
Davudoğlu Türkiyənin rəsmi mövqeyinin Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfində olduğunu vurğulayıb. Görüşdə, həmçinin Krımda döyüş baş verəcəyi halda bunun Türkiyəyə və Qaradəniz sahili ölkərinə nə dərəcədə təsir edəcəyi müzakirə olunub.
Avropanın Berlin Divarının yıxılmasından bəri ən ciddi böhranla qarşı-qarşıya olduğunun qiymətləndirildiyi görüşdə Ukraynanın bölünəcəyi halda bunun bölgədəki geniş bir coğrafiyaya mənfi təsir edəcəyi qeyd edilib.
Sonda Davudoğlu Rusiya tərəfi ilə də görüşmək üçün rus həmkarı Sergey Lavrovla görüşmək fikrini prezident Gülə çatdırıb.
Mənbə :
ANS PRESS
Səfər Hümbətov: “Elə bir şərait və imkan olarsa, tatarlarla bərabər döyüşməyə hazıram”.
Elman Fəttah: “Çox istərdim Ukrayna ilə Azərbaycan arasında müdafiə haqqında bir sənəd imzalanaydı”.
Hacı Qamət: “Krımda cihada ehtiyac yoxdur”.
Rusiya tarixən türk torpağı olan Krımı işğal edir. Azərbaycanın da taleyinin həll olunduğu Ukraynaya indi kömək vaxtıdır. Vəhhabilər Suriyada, Əfqanıstanda din uğrunda vuruşur, bəs “demokratiya vəhhabiləri” necə, Krımda vuruşarlarmı?
Müsavat Partiyasının Məclis üzvü, keçmiş Qarabağ döyüşçüsü Elman Fəttah bildirdi ki, Ukraynanın ərazi bütövlüyü və demokratiya naminə Krımda işğalçıya qarşı döyüşlərə qatılmağa hazırdır, amma... “Mən çox istərdim Ukrayna ilə Azərbaycan dövləti arasında qarşılıqlı yardım, müdafiə haqqında bir sənəd imzalanaydı.
Məhz həmin sənəd həm Azərbaycanın hərbçilərinin, həm də mənim kimi könüllülərin Krıma gedib Ukraynanın ərazi bütövlüyünün qorunmasında iştirakına icazə verəydi. Kaş mənim əlimdə imkan olaydı, o zaman məmnuniyyətlə gedib döyüşərdim. Bu, mənim üçün böyük şərəf olardı”.
MDP-nin funksioneri, keçmiş Qarabağ döyüşçüsü Səfər Hümbətov da razıdır ki, Krımda həm də Azərbaycanın dövlət və milli təhlükəsizliyi həll olunur: “Biz həm buna görə, həm də ən azı bəşəri cinayətin-işğalın qarşısının alınması üçün imkanımız çatanı etməliyik. Elə bir şərait və imkan olarsa, mən keçmiş döyüşçü kimi gedib tatarlarla bərabər döyüşməyə hazıram. Nəzərə almaq lazımdır ki, Krımda həm də Qarabağın gələcək taleyi həll olunur. Krımın taleyinin necə sonuclanması gələcəkdə Qarabağın taleyinə təsir göstərəcək. Mən həm də buna görə düşünmədən Krımın müdafiəsinə gedərəm. Məncə, Azərbaycandan oraya kifayət qədər heyət gedə bilər”.
Dini ekspert Kənan Rövşənoğlu isə bildirdi ki, Krım müsəlman torpağıdır. Bu mənada Krımın işğaldan qorunması, oradakı müsəlmanların qorunması üçün cihad fitvası verilə bilər. Müvafiq din adamları Krım müsəlmanları üçün çağırış etmək ixtiyarındadır: “Eyni zamanda Qurana əsasən müsəlmanın vətəninə hücum olarsa döyüşmək, vətənini qorumaq fərzdir. Bunun üçün xüsusi fitvaya da gərək yoxdur. Krım müsəlman torpağıdır. Ancaq digər ölkələrdən müsəlmanlar üçün cihad fitvası bir qədər mürəkkəb mövzudur. Çünki bir qayda olaraq bu cür könüllü dəstələr savaşa ciddi təsir edə bilmir, əksinə, daha çox problemlər yaradır. Bu cür savaşlar ötən əsrin əvvəllərində İspaniyada, daha sonra Əfqanıstanda, indi də Suriyada ciddi nəticə verməyib, daha çox macəraçı görüntüsü yaradıb və faydası zərərindən az olub. Bu mənada müsəlmanlar üçün Krıma gedib döyüşməkdən daha üstün olanı, Krım üçün dua etmək, yardım toplamaq, ictimai-siyasi dəstək vermək daha faydalı olar, nəinki gedib orda savaşlara qatılmaq. Bu mənada Krım uğrunda savaşmaq məsuliyyəti ilk növbədə yerli sakinlərin üzərindədir. Bizə düşən isə o xalqa burdan mümkün olanı etməkdir”.
“Əbu-Bəkir” məscidinin imam-camaatı Hacı Qamət Süleymanov bildirdi ki, Krımda cihada ehtiyac yoxdur. Səbəbini isə belə əsaslandırdı: “Çünki orada əhalinin 60 faizi rusdur, 23 faizi xaxoldur, tatarlar çox az faiz təşkil edir. Ona görə də istənilsə də orada cihad mümkün deyil. Hələlik orada cihad ab-havası da yoxdur”.
Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bu mövzuda bizimlə söhbətində dedi ki, bütün beynəlxalq media maşını, beynəlxalq oyunçular siyasi gücü ilə Rusiya əleyhinə işləyir. Sözsüz ki, bu, Putin üçün başağrısına səbəb olacaq. Lakin Rusiya imicini nə vaxtsa nəzərə alırmı? Əlbəttə, yox. Z.Orucun sözlərinə görə, Krım məsələsi daha çox 1990-cı illərin Azərbaycanına oxşayır: “Hesab edirəm ki, Ukraynada yaranmış vəziyyəti, Krım məsələsini Abxaziyaya bənzətmək doğru deyil. Bu, 1990-cı illərin Azərbaycanına daha çox oxşayır. Baxın, Krımda guya yerli xalqların təhlükəsizlik məsələsi qaldırılır. Rus qoşunları bu ad altında yeridilir Ukrayna ərazisinə.
Məncə, Ukrayna nə Rusiyameylli, nə də Qərbmeylli olmalıdır. Ukrayna müstəqil dövlət kimi oturuşmalıdır. Hazırda Qara dənizin ələ keçirilməsi uğrunda dünyəvi savaş gedir. İddia eləmirəm ki, ABŞ Rusiya əleyhinə Əfqanıstandakı kimi böyük savaş açsın. Qərb hələ ki bəyanatlarla informasiya müharibəsi aparır. Hazırkı vəziyyətdə Qarabağ məsələsinə gələndə, Azərbaycanın qlobal savaşa qoşulması çox yanlış olardı. Bu işdə gözləmə mövqeyi tutmaq lazımdır. Baxmayaraq ki, Ukrayna ilə müttəfiqik, lakin “Krım məsələsindən sonra Qarabağa Rusiya təhlükəsi var, ona görə də hərəkətə keçməliyik” yanaşması ilə addımlar atıb dalaşan fillərin ayağı altında əzilən ota çevrilməli deyilik".
Deputat hesab edir ki, Azərbaycan İkinci Dünya müharibəsində Türkiyənin sərgilədiyi mövqeyi nümayiş etdirməlidir: “Nə bu gün Qarabağa hücum zamanı deyil, nə də Ukrayna məsələsində barrikadaların heç birinin arxasında dayanmaq gərək deyil. Çünki Rusiyanın pəncəsi çox genişdir. Bəhanə ilə Qarabağa da Abxaziyaya yeritdiyi qoşunlardan bir neçə dəfə artığını göndərə bilər. Biz beynəlxalq səviyyədə Rusiyaya qarşı gedən savaşın yekununu gözləməliyik. Heç bir tədbirlərə əl atıb Rusiyanın hədəfinə çevrilmək olmaz”.
Etibar SEYİDAĞA
"Yeni Müsavat"
Rusiya ilə Ukrayna arasında son günlərdə başlamış qarşıdurma politoloq Qabil Hüseynli tərəfindən Putinin çox dərin düşünülmüş siyasətinin olmaması kimi dəyərləndirilib.
ANS PRESS-ə müsahibə verən politoloq Putinin özünü tora saldığını deyi b. "İndi onun bu tordan çıxması, Rusiyanın da olmasa, Putinin kariyerası hesabına başa gələ bilər. Çünki bütün dünya Rusiyanın Ukraynaya təcavüzü olayları ilə bağlı etiraza qalxıb və Rusiyaya qarşı sanksiyadan tutmuş, müxtəlif hədələrə qədər səslənməkdədir”.
Qabil Hüseynli iqtisadi müstəvidə Rusiyaya təzyiqlər edilməyə başlanıldığını bildirib. Onun sözlərinə görə, artıq Rusiya birjasının və “Qazprom” da daxil olmaqla şirkətlərin aksiyalarının qiymətləri sürətlə aşağı düşməkdədir. Bu onunla əlaqədardır ki, qərb Rusiyaya qarşı açıq təhdidə keçib. Onun sözlərinə görə, qərb eyni zamanda Rusiyaya siyasi xarekterli sanksiyalar tətbiq etməyə başlayıb: “Səkkizlərin mart ayında Soçidə keçiriləcək sammiti artıq baş tutmayacaq. Bu isə o deməkdir ki, Rusiya artıq səkkizlərin üzvü ola bilməyəcək”.
Politoloqun fikrincə, həm də Rusiya qazının və neftinin alınması ilə bağlı müəyyən sanksiyalar ola biləcək: “Bu isə Rusiyanın əsas gəlir mənbəyidir. Dünya bazarında dollardan aslı olan Rusiya böyük maliyə itkiləri ilə üzləşəcək. Rusiya bır sıra şirkətlərdən aldığı malları indi ala bilməyəcək. Böyük şirkətlərin Rusiyadan getməsi prossesi sürətlənəcək”.
Qabil Hüseynli bildirib ki, Kremlin Ukraynaya qarşı zorakılığına qarşı Rusiyanın özündə də etirazlar yüksələcək: “Sankt Petrburuqda, Tatarıstanda, Başqırdıstanda, Moskvada bu cür etirazlar keçirilir. Bu isə Rusiyanın özündə də mövcud rejimə qarşı fikirlər səsləndirildiyi deməkdir. Putin indi başa düşüb ki, hansı avantürayaya əl atıb və sonda hansı problemlərə gətirib çıxara bilər. Ukrayna hadisələri Rusiyanın özünə qarşı çeviriləcək. Rusiyanın özündə ciddi təlatümlər yaranacaq”.
Onun fikrincə, Krımı qətiyyən Cənubi Osetiya və Abxaziyanın aqibəti gözləmir. Krım məsələsi Abxaziya və Cənubi Osetiya məsələsi deyil. “Bu məsələdə Rusiya dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən qınaq obyektinə çevriləcək. Rusiya ciddi sanksiyalara məruz qalacaq. Və bir növ Krımdan başını götürüb qaçmaq məcburiyyətində qalacaq. Ən yaxşı halda Ukrayna ordusunun güclü müqaviməti nəticəsində oradan çıxmaq məcburiyətində qalacaq. Bu da Rusiya tarixində görünməmiş hadisə olacaq. Bu, Rusiyanın içində böyük narazılıqlarla müşayət olunacaq”.
Politoloq Tofiq Abbasov isə Rusiyanın özbaşınalığını beynəlxalq güclərin fəaliyyətsizliyi ilə əlaqələndirib: “Hazırda biz dünya nizamında dərin bir böhranı müşahidə edirik. Dünyada qəbul edilən nizam artıq işləmir. Bunu xarici qurum və təşkilatların Azərbaycana qarşı münasibətindən də görmək mümkündür. Azərbaycan 20 ildən çoxdur ki, beynəlxalq qüvvələri məsuliyyətə, BMT qətnamələrinin icrasına çağırsa da, hələ ki, bir nəticə əldə olunmayıb. Mənim fikrimcə, İkinci Dünya Müharibəsindən sonra qəbul olunan normativ aktlar, beynəlxalq konvensiyalar kağızda qalaraq heç bir təsir göstərmir. Yəni gücə malik olan bloklar, tərəflər istədiklərini edirlər. Hazırda gərək güc sahibləri əlahiddə danışıqlar aparsınlar. Burada təmas prosesinə böyük ehtiyac duyulur. Bu xaos dərinləşir, kəskinləşir. Ukraynanın təzə hakimiyyəti isə çox kövrəkdir. Ukraynanın şərqində və cənubunda rusdilli xalqın çoxluğu faktoru da öz rolunu oynayır. Bu özlüyündə Rusiyanın bu bölgələrə yiyə durmasına şərait yaradır. Ukraynanın öz daxili gücü hesabına bu gərgin vəziyyətdən çıxmaq ehtimalı azdır. Gərək bu vəziyyətdə qərb dövlətləri və ABŞ məsələyə müdaxilə etsin. Ukrayna böhranı ilə bağlı beynəlxalq konfransın keçirilməsinə artıq ehtiyac yaranıb. Bu danışıqlarda “ağsaqqal”lığı ABŞ və Rusiya öz üzərinə götürməlidir”.
Mənbə:
ANS PRESS
“Rusiya Ukraynaya kobud müdaxilə etməklə Qərbi, NATO-nu nüvə müharibəsi həddinə çatdırmaq istəyir. Rusiya dünyanı hədələyir. İstəyir ki, Qərb Rusiyanın Krım üzərindəki hegemonluğuna göz yumsun, Ukraynanın daxili işlərinə qarışmasın”.
Bunu politoloq Vəfa Quluzadə teleqraf.com saytına müsahibəsində deyib. O, bildirib ki, qərbin elan etdiyi boykot, iqtisadi sanksiyalar Rusiyanı çökdürür: “Rusiya bir gündə 76 milyard dollar itirib. Rusiyanın bütün aktivlərinin, o cümlədən rublun məzənnəsi düşüb. Belə getsə, Rusiya 10 günə iflas olacaq. Ölkə iqtisadiyyatı çökəcək, iqtidar da məcbur olub istefaya gedəcək. İnanmıram ki, Rusiyanın əsgəri heyəti bütün bunları öncədən bilməsin. Əsas məqsədləri odur ki, Qərb qıcıqlansın. Rusiya deyir ki, embarqoları aradan qaldırın, yoxsa nüvə müharibəsinə başlayacam. Putin hesab edir ki, Qərb olduqca komfort içindədir, cəh-cəlal içərisində yaşayır, ona görə də Rusiyanın nüvə müharibəsi şantajının qarşısında geri çəkiləcək. Putinin hazırda əsas strategiyası budur. Çünki bütün sanksiyalar Rusiyanı çökdürür. 10 günə qədər bu məsələlər həllini tapmasa, hesab edin ki, Rusiya dövləti çökəcək, Putin devriləcək. Düşünürəm ki, Putin əvvəlcədən istefa verməli idi. Ölkənin güc strukturları ona təzyiq göstərməməsi üçün o, postundan getməli idi. Putin başa düşür ki, oyunun axırı iflasdır, amma məcbur olub buna gedir”.