Translate

8 Haziran 2013 Cumartesi

Ermənilərin ən çox yaşadığı Amerika ştatı Azərbaycanla bağlı qətnamə qəbul edib



Sənədi Kaliforniya Ştat Senatının bir sıra üzvləri imzalayıblar

Kaliforniya Ştat Senatının bir sıra üzvləri Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 95-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edərək, bu münasibətlə Azərbaycan xalqına öz təbriklərini çatdırıblar. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, 739 saylı qətnamədə Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğu, heç bir ayrı-seçkilik salmadan hamının səsvermə hüququnu, eləcə də hətta ABŞ-dan da öncə qadınların kişilərlə bərabər siyasi hüquqlarını tanıdığı bildirilir.

Həmçinin, ADR-in müstəqilliyinin o dövrün aparıcı demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur və ABŞ prezidenti Vudrou Vilsonun 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşdən xoş təəssüratlarla ayrılması xüsusilə vurğulanır.

Ştat senatorları strateji önəm daşıyan Xəzər bölgəsində yerləşən Azərbaycanı ABŞ-ın güclü müttəfiqi və strateji tərəfdaşı kimi xarakterizə edir və müstəqilliyinin bərpasından ötən son 22 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyini və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyini qeyd edirlər.

Bundan başqa, beynəlxalq terrorçuluğa qarşı mübarizədə və Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın verdiyi töhfələr xüsusi olaraq vurğulanır, Əfqanıstanda Azərbaycan və ABŞ əsgər və zabitlərinin çiyin-çiyinə vuruşduğu diqqətə çatdırılır.

Sonda Azərbaycanın Kaliforniya ştatı ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və ölkəmizin 2006-cı ildən etibarən bu ştatda baş konsulluq ilə təmsil olunduğu qeyd olunur.

31 Mayıs 2013 Cuma

Arizona Senatı: Qarabağ Azərbaycan ərazisidir

ABŞ-ın Arizona ştatının ən ali qanunverici orqanı olan Arizona Ştat Senatı mayın 30-da keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dəstəklənməsinə dair qətnamə qəbul edib.Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, senatorlar tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ABŞ və BMT tərəfindən tanındığı bildirilir.

Həmçinin, 95 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və həmin respublikanın ABŞ da daxil olmaqla bir sıra demokratik dövlətlərdən öncə qadınlara seçki hüququ verdiyi vurğulanır.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 22 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirdiyi və bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir. Qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.

Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqidir. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir. Sonra Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndiirlir. Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır. Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Qeyd edək ki, bu, Arizona qanunvericilik orqanı tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.

Publika.az

“Rusiya Qarabağ münaqişəsinin həllinə məcburi olaraq imza atacaq”

Rusiyanın Azərbaycanda bu ilki seçkilər zamanı hakimiyyət dəyişikliyi edəcəyi ilə bağlı məlumatlar dolaşır. Almaniyanın “Focus” jurnalı da Kremlin belə planının olması barədə yazıb. Jurnalın yazdığına görə, Rusiya FTX-si seçki ərəfəsində bu plan üzərində işləyir. Məlumatlara görə, etnik kartın işə salınması da bu plana daxildir. Baş verənləri və son proseslərdən əldə edilən nəticələri keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.Az-a müsahibəsində şərh edib.

“Rusiya Azərbaycanı öz kolonnasına çevirmək istəyir ki...”

-Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi planı üzərində işlədiyi ilə bağlı məlumatlar yayılır. Prezident seçkiləri öncəsi belə bir ehtimalı necə qiymətləndirirsiniz?
-Bu cür məlumatlar cəfəngiyatdır və daha çox şayiə olaraq yayılır. Rusiya Azərbaycanda necə hakimiyyət dəyişikliyi edə bilər? Azərbaycan müstəqil dövlətdir. Sadəcə olaraq Azərbaycanda böyük dövlətlərin-Qərbin, Rusiyanın maraqları var. Çünki Azərbaycan hər iki tərəf üçün önəmli ölkədir, istər coğrafi, istər enerji, istərsə də bölgədəki layihələr baxımından və s. Hər bir tərəf də öz maraqlarını təmin etmək üçün təzyiqlərini, rıçaqlarını işə salır. Bu baxımdan, son prosesləri Rusiyanın Azərbaycanda maraqlarını təmin etmək üçün təzyiq rıçaqlarını işə saldığı kimi şərh etmək olar. Rusiya Azərbaycanı öz kolonnasına çevirmək istəyir ki, öz təsirini artırsın, gücünü bərpa etsin. Hakimiyyət dəyişikliyindən isə söhbət gedə bilməz.

“Azərbaycana mücahidlər gələ bilər, İslam inqilabı ola bilər”



-Bəs, etnik kartın işə salınmasını, xüsusilə “Sadval”ın fəallaşdırılması ilə bağlı nə düşünürsünüz?
-“Sadval” terrorçu təşkilatdır və Azərbaycanda terror hadisələri törədib. Bu günə qədər müstəqilliyimiz dövründə terror aktları olub. Sonuncu dəfə Neft Akademiyasında terror aktı törətdilər. Bu, terroru törədənlər üçün hansı nəticəni verdi, nə dəyişdi? Nə hakimiyyət dəyişdi, nə də vəziyyət. Sadəcə olaraq günahsız insanların qanı axıdıldı. Amerikada Bostona terrorunda nə dəyişdi? Heç nə. Orda da günahsız insanların qanı töküldü. Yaxud da Azərbaycandan 90-cı illərin əvvəllərində metro partlayışları oldu. O zaman da heç nə dəyişilmədi, sadəcə insanların qanı axıdıldı. Hesab edirəm ki, nə “Sadval”, nə də başqa terror təşkilatları tarixin gedişinə təsir edə bilməzlər. Tarix irəliləyir, qabağa gedir. 20-ci ildə vəziyyət bir cür idi, 40-cı illərdə başqa idi, 90-cu illərdə tamam başqa. 1917-ci ildə çar imperiyası çökdü. 1991-ci ildə kommunizm imperiyası çökdü. Tarixi hadisələrin qarşısını heç nə ala bilmir. Yenə deyirəm, Azərbaycan özünün coğrafi vəziyyətinə görə böyük dövlətlər üçün böyük əhəmiyyət edir. Mən arzu edərdim ki, Azərbaycanda bütün proseslər sülh məcrasında keçsin və bu kimi hadisələrlə Azərbaycana, xalqa təhlükə olmasın. Bu cür informasiyalar cəfəngiyatdır. Deyirlər, Azərbaycana mücahidlər gələ bilər, nə bilim islam inqilabı ola bilər. Bunlar şayiələrdir.

“Rusiya ABŞ qarşısında geri çəkilir”

-Belə ehtimallar var ki, ABŞ Yaxın Şərq böhranına görə Gürcüstanda Rusiyaya güzəştə gedib. Bu da Rusiyanın Azərbaycan üzərinə yeriməsinə stimul verib.
-Hesab edirəm ki, ABŞ heç vaxt Rusiyaya güzəştə getməz. Gürcüstandakı dəyişiklik ABŞ-ın maraqları çərçivəsindədir. İvanişvilinin dəfələrlə verdiyi bəyanatlar bunu sübut edir. Belə ki, Gürcüstan gələn il NATO-ya daxil olacaq, Avropa İttifaqına inteqraə edəcək, bununla yanaşı Rusiya ilə dost əlaqələrini inkişaf etdirmək, ticarət və iqtisadi əlaqələrini bərpa etmək istəyir. Burda Rusiyaya heç bir güzəşt yoxdur. Əksinə Rusiya ABŞ qarşısında geri çəkilir. Çünki Abxaziyanı işğal edəndən sonra Gürcüstana əl vura bilmədi və Qərbin maraqları tam təmin olundu. Gürcüstan vacib koridordur. Bütün Xəzər hövzəsinin enerjisi bu ölkənin üzərindən Türkiyəyə, oradan da Qərbə gedir və gələcəkdə də gedəcək, sayı artacaqdır. Bölgədə TANAP, BTC və digər layihələr var. Rusiya bunların heç birinə toxunmağa cəsarət etmir və etməyəcək də.

“Ermənistanın ağzı nədir müharibə etsin”

-Son günlər diqqət çəkən digər bir məqam, Azərbaycanda seçki ərəfəsində Dağlıq Qarabağda qısa müddətli olsa da müharibə yarana biləcəyi ilə bağlı proqnozların verilməsidir. Hadisələrin sonu bunu göstərirmi?
-Nə Ermənistan, nə də Azərbaycan tərəfi özbaşına deyil. Bunu başa düşmək lazımdır. Ermənistan müharibədə ümumiyyətlə maraqlı deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistan deyil, Rusiyadır və Rusiyanın maraqları neçə illərdir ki, Ermənistanın milli maraqlarını zərbə altına qoyub. Buna görə də, Ermənistan inkişaf etmir, müharibə vəziyyətindədir. Azərbaycan neftinin, qazının sayəsində inkişaf edib. Amma Ermənistan əhalisinin yarısından çoxu artıq ölkədən qaçıb.

Bu yaxınlarda daha 50 min erməni qaçdı və bunun sayı artmaqdadır. Bir neçə ildən sonra Ermənistan əhalisinin sayı 500 minə düşəcək. Bu baxımdan, Ermənistan dəhşətli vəziyyətdədir. Bu ölkəyə müharibə lazım deyil. Ermənistanın ağzı nədir müharibə etsin. Müharibəni Rusiya edə bilər, bu, başqa məsələdir. Amma gərək Rusiya müharibəni Amerika ilə etsin. Çünki burdakı maraqlar Amerikanın maraqlarıdır. Əgər Rusiya o tərəfdən çəkilsə, ABŞ-da bu tərəfdən, o zaman Ermənistan Azərbaycanla həmin an sülhə imza ataraq qardaş olacaq. Burda böyük qüvvələrin maraqları var və onlar əsasdır. Bunu etiraf etmək lazımdır. Amerikanın maraqları Azərbaycanın xeyrinədir. Çünki ABŞ tezliklə sülhün yaranmasının tərəfdarıdır. Rusiya isə başa düşür ki, Ermənistanı saxlamaq ona ağırdır. Sadəcə olaraq, Ermənistanın xərclərini, silahlandırılmasını ona görə üzərinə götürür ki, heç vaxt Cənubi Qafqazda maraqlarına nail ola bilməmişdi. Belə ki, neft sazişləri imzalandı, BTC boru kəməri çəkildi, həmçinin digər layihələr reallaşdı.

Azərbaycan artıq Amerikanın təsir zonasıdır, bu açıq-aydındır. Hesab edirəm ki, Rusiya Amerikanın təsiri altında Qarabağ konfliktinin həllinə məcburi olaraq imza atacaq. Üstəlik, erməniləri saxlamağa artıq Rusiyanın imkanları yoxdur. Ona görə də hesab edirəm ki, Ermənistanın, yaxud Azərbaycanın müharibə edəcəyi məsələsi nağıldır.

Asif Nərimanlı

26 Mayıs 2013 Pazar

QAFQAZ İSLAM ORDUSUNUN AZƏRBAYCANA GƏLİŞİNDƏN 95 İL ÖTÜR

                                   

Anadoludan Qafqazlara zəfərlə yürüyən general - NURU PAŞA !

22 Mayıs 2013 Çarşamba

“Mən zəng edib Ceyranın vəziyyətini ailəsinə deyəndə..”




Eluca Atalı ( Hüseynova Mədinə İxtiyar qızı ) 1966-cı il 19 noyabrdaAzərbaycan Respublikasının Neftçala rayon, Xolqaraqaşlı kəndində doğulub.Vətənində heç bir ictimai-siyasi təşkilatın üzvi deyil. İsveç Qırmızı Xaçında ideoloq kimi fəaliyyət göstərir, bir neçə bədii əsərin və elmi monoqrafiyanın müəllifidir. Bundan əlavə ictimai-siyasi mövzuda məqalələrlə mətbuatda müntəzəm çıxış edir. Cənubi Azərbaycan milli azadlıq hərəkatından bəhs edən və onun ssenarisi əsasında hazırlanmış çoxlu sayda video filmləri də müntəzəm saytlarda, Yuotube-də yayımlanır.
Hal-hazırda İsveçdə yaşayır, evlidir, işləyir, bədii yaradıcılıq və jurnalistika ilə məşğuldur.


-Yaşadığınız ölkədə hansı təşkilatda və qrumda çalışırsız?
İsveç Qırmızı Xaçında ideoloq kimi fəaliyyət göstərirəm, darda olan insanlara təmənansız xidmət bu beynəlxalq təşkilatın əsas iş prinsipini təşkil etdiyi üçün burda öz enerjimi sərf etməkdən yorulmuram. İsveçdə fəaliyyət göstərən heç bir Azərbaycan təşkilat və cəmiyyətinin üzvi deyiləm, amma Azərbaycan üçün təmənnasız iş görənləri həmişə dəstəkləmişəm və belələrinin sırasında durmağı özümə şərəf bilirəm.

-Cənubi Azərbaycan mövzusu Avropa ədəbiyyatında necə əks olunur? 
-Əvvəlcədən deyim ki, sualınızı təəssüf hissi ilə qarşılayıram. Cənubi Azərbaycan mövzusunu Avropa ədəbiyyatında axtarmaq eşqinə düşsək, məyus olarıq, həm də çox məyus olarıq! Bu mövzu özümüzdə nə dərəcədə ədəbiyyatlaşıb, yəni bədii həllini tapıb, birinci növbədə gərək bunu təhlil  edək, sonra keçək özgələrə. Sizi tam əmin edirəm ki, avropalılar bu mövzuya iynənin ucu boyda belə rast gəlməyiblər. Sözsüz ki, bunun günahını onlarda axtarmalı deyilik ki, niyə oxumayıblar? Özümüzdən soruşmalıyıq ki, niyə bu böyüklükdə problemimiz, birinci növbədə Milli Hökümətimizin vəhşicəsinə, silah gücünə dağıdılması, 50 min azərbaycanlının edam edilməsi (Demokratik hökümət devrilərkən) niyə ədəbiyaytda qədərincə yerin almayıb?

Keçən il bir kitab oxudum, əslən fars olan qadın haqları müdafiəçisi Parvin Ardalanın ”Bir qadın görmüsən” (Har du sett en kvinna) adlı kitabı idi. O, İran zindanlarındakı qadınların vəziyyətindən bəhs açdığı yerdə bir abzas zindandakı türk Ceyran adlı qadının ölüm hökmü almasından deyir və təəssüf ürək yanğısı ilə təsvir edir ki, qardaşları, əri rejimdən qorxduğu üçün o qadını qəti müdafiə etmədilər. ”Mən zəng edib Ceyranın zindandakı vəziyyətin ailəsinə deyəndə onlar susdu, ikinci dəfə onlara zəng edəndə isə mənə qəti cavab vermədilər...” Bundan savayı mən hələ ki, Cənub dərdinə Avropada çap olunan hansısa kitabda rast gəlməmişəm.
Amma son həftələrin birində İsveçin məşhur, çox oxunan “Aftobladet” qəzetində Cənubi Azərbaycan, Təbrizin “Traktor” futbol komandası və milli problemlərimizdən bəhs edən böyük bir məqalə çap olunmuşdu, “Traktor” komandasının fotoları ilə birgə. Və həm də deməliyəm ki, bu yazıya hədsiz çox şərhlərdə də yazılmışdı.

-Avropa ədəbiyyatında Cənubi Azərbaycan məsələsin necə təsvir etmək lazımdır?
-Mən belə düşünürəm, ilk növbədə Cənubi Azərbaycanın ictimai-siyasi həyatı güneylilərin məişəti ilə birgə təhlil olunaraq ədəbiyyata gətirilməlidir. Bu daha oxunaqlı və inandırıcı olar. Ədəbiyyat bu səviyyədə verilərsə, oxucuya doğma təsiri bağışlayar, oxucu onu oxumağa maraq göstərər. Hardasa, əfqan yazıçısı Xalid Hüseynin “Çərpələng uçuranlar”, “Min möhtəməş günəşlər” romanları səviyyəsində. Niyə bu romanlar dünyada ən çox oxunan əsərlər sırasındadır? Çünki müəllif əfqan həyatını bütün detallarına qədər açıb, ona görə də əsərə siyasi roman kimi yanaşmırsan, insanın taleyini düşünürsən, siyasətin insan mənəviyyatı ilə üst-üstə düşmədiyi sənin gözlərin önündə təsvir olunur. Nəsrdə təsvir mənaya xidmət edir. Adi halda ərini öldürmüş qadına nifrət edərsən. Amma bu romanda qadın ömrünü onun əlindən almış kişi ağalığına, o ağalığa bəraət qazandıran cəmiyyətə nifrət etdiyindən qadının ərini öldürməsini az qala qəhrəmanlıq sayırsan. İnsan ölümüdür, amma ölənçün ağlaya bilmirsən, diri üçün ağlayırsan. Çünki o dirinin ölüdən heç bir fərqi yoxdur, öz ömrünə hakim ola bilmir. Bax, biz bu səviyyədə ədəbiyyat yaratmalıyıq ki, Güneydə 40 milyon öz ömrünü yaşaya bilmir.

İkinci, Cənubi Azərbaycandakı tarixi hadisələr, lap tutaq, son Azərbaycan tarixində olmuş möhtəşəm hadisəni 22 Mayı bədiiyyat  vasitəsi ilə təsvir etmək lazımdır. Niyə bu hadisə oldu? Səbəb tək millətin təhqiri idimi? Yox, səbəbə  qədər gələn yolu açmalıyıq. Bu millətin dövlət qurmaq istedadı göstərilməlidir, Milli hökumətin silah gücünə öz qanına qəltən olunması, dövlətin nazirlərinin ictimai yerdə boğazından asılması, 50 min adamın edamı, qadın müəllimlərinin saçlarından asılması və s. Millətə qarşı olmuş nahaqq hadisələr idi ki, kin-küdurət şəklində yığılıb bir təhqirlə üzə çıxdı. Yoxdan var yaranmır, var var ki, onun üzərində nəsə əmələ gəlir. Var olan bünövrədi, elə bizim Milli Hökumət kimi. O vardı və ona görə də xalq boyunduruğa dözmur. Bir xalqın dövlət qurması onun siyasi savadından, istedadından və təşkilatçılıq qabiliyyətindən xəbər verir. Təəssüf ki, biz hələ də bu qədər xəbəri, kimliyimizi ədəbiyyat vasitəsi ilə çatdıra bilməmişik.

-Cənub ədəbiyyatı hazırda hansı mərhələdə yaşayır?
-Duyğulu dövrünü! Sizin sualın qısa cavabı belədir, amma bilirəm uzun izahat da istəyəcəksiniz, ona görə də deyirəm: bir ədəbiyyatın ki, nəsri inkişaf etməyib, onda onun hansı yüksək səviyyəsindən söz açmaq olar. Bəri başdan deyim ki, bu məni çox ağrıdır. Niyə mənim millətimin böyük bir hissəsinin- 40 milyonunun  dəyərli ədəbiyyat  yaradıb üzə çıxarmağa gücü olmaya? Nəsrin yaranması üçün dil inkişaf etməlidir, sözsüz ki, yazılı dil. Hamımıza da bəllidir ki, orda ana dilində təhsil olmadığından millət öz ana dilində bülbül kimi ötsə də, lakin bu dili yazıya köçürəndə tam mənası ilə alınmır. Yazıçı gərək yazdığı dildəki sözün bütün çalarlarını yazılı dildə işlətməyi bacarsın, çünki söz yazıda əsas alətdır. Necə ki, ustalar deyil, alət əlimə yatmalıdır, eləcə də yazıçı sözün bütün incəliyinə bələd olmalıdır. Anadilli təhsil olmadığı üçün bu hələ də alınmır.
Bu dəqiqə güneydə yazıb-yaradan istedadlı gənclər çoxdu, əsərlərini sevə-sevə oxuyuram. Amma məni tam qane edən indi zindanda olan zəncanlı şair Huşəng Cəfəridir. O, mübarizənin hədəfin, millətin döyüş ruhun nəzmdə verə bilir. Verə bildiyinə görə də zindandadır. Güldən-bülbüldən yazsaydı, əli cibində Zəncan küçələrində azad gəzərdi.  

-Cənublu-şimallı Azərbaycanın bölünməsini Qərb ədəbiyyatında necə təbliğ etməliyik?
-Düşünürəm, bu sualınıza müəyyən qədər cavab verdim. Sözsüz ki, bunu tarixi roman səviyyəsində çatdırmalıyıq, hardasa Viktor Hüqonun ”93-cü il” romanı səviyyəsində dövrün ictimai-siyasi hadisələri təhlil olunarsa, dərdimiz bizimkilikdən çıxar. Sizə sadə bir hadisə danışacam, keçən il biz İsveçdə Azərbaycan mədəniyyət gecəsi keçirirdik. Proqrama nələr salmaq istədiyimizi deyəndə, isveçli təşkilatçının bizə bir sözü oldu: ”Siyasi məsələlər olmasın, çünki burda ermənilər, farslar var, çoxmillətli şəhərdi, siyasi məsələlərə yol verməyə izin yoxdur.” O zaman biz  Güneylə Quzeyin bölünməsindən bəhs edən 5 dəqiqəlik  sənədli musiqili film hazırladıq. Həmin gecədə böyük ekranda nümayiş olundu, çox millətin nümayəndəsi vardı, heç kim də inkar edə bilmədi bunu. Əksinə gözəl təbliğat oldu, ondan sonra dəfələrlə niyə iki Azərbaycan var deyib, bizdən sual edirlər. Bu hadisənin özü onlara maraqlı gəlir, bizim üçün dərddi, onlar üçün maraqlı nağıl. Bax, hadisəni nağılvari, şirin formada onlara danış, qoy beyinlərində həll olunsun. Əslində elə siyasət budur, istədiyimizi çatdırdıq, amma onun qoyduğu şərt əsasında. Yəni mədəniyyət formasında problemimiz deyildi.

-Uzaqdan Azərbaycan necə görünür?
Çox geniş cavab veriləsi sualdır, amma qısa deyəcəm, şahmat taxtası kimi görünür. Ağ-qara xanaları bərabərdir, hərdən üzərinə boz duman da gəlir. Bir az bədii oldu cavabım, lakin əminəm ki, anladınız. Güman edirəm, bir yazardan bu növ cavab almaq adi haldır. İnanıram ki, bu müsahibəni oxuyan oxucularım da nə demək istədiyimi tutdular. Mühacirətdə olan bizlərin günü isə o şahmat taxtasının üzərindəki dumanı qovmaqla keçir.


Sübhan Ələkbəroğlu
Publika.az