Translate

8 Nisan 2016 Cuma

XÜSUSİ TƏYİNATLILARIMIZDAN MİSİLSİZ ƏMƏLİYYAT


Xankəndi və erməni komandanlığı yenidən vahimədə...

Son iki gün ərzində erməni mətbuatı üzərində hər hansı fərqlənmə nişanı olmayan 6 döyüşçü cəsədinin fotosunu aktiv şəkildə sosial şəbəkələrdə paylaşaraq, bunun Azərbaycan xüsusi təyinatlılarına aid olduqlarını xüsusilə qabartmağa başlamışdılar. Ancaq bu gün məkrli düşmənin bu ideoloji təxribatının gerçək səbəblərinin üstü açılıb və elə özləri tərəfindəncə etiraf edilib.

Strateq.az-a hərbi mənbələrə yaxın dairələrdən məlum olub ki, əslində ermənilərin Azərbaycan xüsusi təyinatlılarının itki verdiyi haqda bu dezinformasiyası son günlər bütövlükdə Dağlıq Qarabağdakı erməni hərbçilərinin canına vəlvələ salmış bir məlumatın qarşısını almağa hesablanıb.

Məlumata görə, aprelin 1-dən 2-ə keçən gecə erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-əməliyyat tədbirləri qısa zaman ərzində ermənilərin müdafiə xəttinin bir neçə istiqamətdən yarılması və strateji yüksəklilkərin ələ keçirilməsiylə nəticələnməklə bərabər, həm də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin müəyyən bölmələrinin sürətlə və çox rahat şəkildə Qarabağın digər vacib ərazilərinə sızmasına əlverişli şərait yaradıb.

Qısa müddət ərzində düşmən arxasına sızmağı bacaran xüsusi təyinatlılarımızın cəbhə xəttinin o biri üzündə həyata keçirdikləri bir neçə uğurlu əməliyyat isə düşmən cinahında əməlli-başlı çaşqınlıq, panika və vahimə yaradıb.

Bildirildiyinə görə, Azərbaycan radiokəşfiyyatının tutduğu erməni zabit və əsgərlərinin telefon danışıqlarından da aydın olub ki, onlar dəhşət içərisində Azərbaycan Xüsusi Təyinatlılarının bir neçə yerdən hansısa 6 – 12 nəfərlik qruplar şəklində Qarabağın içlərinə keçdikləri haqda həyəcanla bir-birlərinə xəbər veriblər. Ardınca da ermənilərin iki gün ərzində içərisində yüksəkrütbəli zabitlər də daxil 30-dan çox hərbçisinin yoxa çıxması – nə ölülərindən, nə də dirilərindən xəbərlərinin olmaması, üstəlik, bir neçə silah anbarının partlaması, əsas əlaqə yollarında avtomobillərin minaya düşməsi bütün erməni komandanlığını və əhalini təşvişə salıb…

Maraqlıdır ki, erməni tərəfi bu hadisələrdən sonra ordularında yaranmış ajiotajı yatırmaq məqsədiylə fəal şəklidə 6 xüsusi təyinatlımızın öldürüldüyü təbliğatını aparsa da, bu gün eyni vaxtda Qarabağın işğal altında olan bir neçə rayonunda, həmçinin ATƏT təmsilçilərinin qondarma "DQR prezidenti" Bako Saakyanla görüş vaxtı Xankəndinin özündə partlayışların baş verməsi (xəbəri ilk olaraq oradakı jurnalistlərə istinadən rus mediası yayıb) erməni hərbçilərini yenidən panik əhvala kökləyib. Artıq sosial şəbəkələrdəki ermənilər bir-birləriylə yazışmalarında bu partlayışların səbəbini izah edərkən, bəziləri həyəcanla bunda “Qarabağa keçmiş həmin Azərbaycanlı xüsusi təyinatlılar”ın əlinin olduğunu vurğulamağa başlayıblar və dərhal da yazdıqlarını siliblər… Və bu həyacanlı mətnlərdə onu da bildiriblər ki, artıq 5 gündür içəriyə keçmiş Azərbaycan Xüsusi Təyinatlıları tərəflər arasında atəşkəs əldə edilməsindən xəbərsiz olduqlarından, onların diversiya planlarının qarşısını almaq mümkün olmayacaq!

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçilərinin Azərbaycan Xüsusi Təyinatlıları haqda bu fikirləri, istər-istəməz, ötən il qardaş Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində 16 hərbçinin ölümü ilə nəticələnən PKK hücumundan sonra Türkiyənin “Bordo-bereli”lərinin davranışlarını xatırladır. Həmin vaxt 12 nəfərdən ibarət “Bordo-bereli” geri çağrılmamaq üçün komandanlıqla bütün əlaqəni kəsmiş və komandanlıq da onların ya öldürüldüyü, ya da əsir düşdüyü qənaətinə gəlmişdi. Ancaq “yoxa çıxan” 12 nəfərlik “bordo bereli” bir müddət sonra PKK ilə döyüşdə 73 terrorçunu məhv edib, 25-ni isə sağ ələ keçirərək, sağ salamat tam heyətlə geri dönmüşdülər…

İnşallah, çox yaxınlarda Azərbaycan Xüsusi Təyinatlılarının da Qarabağda, eynən Türkiyə “bordo bereli”lərinin davranışları kimi, dillərdə dastana çevriləcək əməliyyatlarını eşidəcəyik.

& VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:

Yorum Gönder