Translate

22 Aralık 2015 Salı

“ATƏŞKƏSSİZ DAHA BİR İL YAŞAYACAĞIQ”



ASTROLOQUN 2016-cı il PROQNOZLARI

Modern.az saytının müsahibi tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlidir. İlin sonu olduğu üçün təbii ki, Səbuhi Rəhimli ilə üzümüzə gələn 2016-cı ilin proqnozları barədə danışdıq. Amma müəyyən məsələlər, elmi, sirli məqamlar var idi ki, hamı üçün maraqlı olan proqnozlardan sonra onlara da toxunduq. 

- Səbuhi müəllim, “keçi ili” 2015-ci il fevralın 19-dan başladı, gələn il isə “meymun ili”dir.  O nə zamandan  start götürəcək?

- Od ünsürlü “Qırmızı meymun ili”ni deyirsinizsə, bu, fevralın 8-də Bakı vaxtilə axşam saat 18:40-da start götürəcək.

- Üzümüzə gələn ilin proqnozlarına keçməzdən əvvəl, yola saldığımız 2015-ci il üçün verdiyiniz proqnozlardan hansıların doğru, hansıların yanlış olduğunu sizdən öyrənək...

- Müsahibə zamanı müxtəlif fikir və ehtimallar olur ki, bəzən jurnalistlər bunu proqnoz kimi təqdim edirlər. Məsələn, ilin başlanma vaxtı, rəngi, ünsürü, aktiv ölkələr və siyasi xarakteristika... Əslində bunlar ümumi qəbul olunmuş fikirlərdir. Bir də var, özümün tərtib etdiyim ictimai-siyasi proqnozlar. Bu baxımdan ötən il verdiyim 21 proqnozdan 16-sı tam, 3-ü qismən özünü doğrultdu. Cəmi 2 proqnoz isə yanlış çıxdı. Onların hamısı təhlillərlə birlikdə mətbuatda çıxıb.

- Ötən il bizimlə bu istiqamətdəki  müsahibənizdə verdiyiniz proqnozların böyük qismi doğru çıxdı. Lakin bircə mədəniyyət haqqında dediklərinizdə nəticə hasil olmadı. Bildirmişdiniz ki, göy keçi mədəniyyət ünsürüdür. Bu ildə kimsə parlayacaq, yeni mədəni uğurlar olacaq. Sizcə, bu proqnozunuz düz çıxdımı? 

- Əvvəlki sualda dediyim kimi, bu, proqnoz deyil, ümumi qəbul olunmuş astroloji qənaətdir. Keçi teatr və incəsənətlə bağlı olduğu üçün ümumi fonda bu fikirləri deyirik. Amma bir az araşdıra bilsəniz, hətta bunun da doğru çıxdığını görərsiniz. Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasının qalibi olması, “Əli və Nino” filminin şöhrəti, beynəlxalq film festivallarında aldığımız mükafatlar, həmyerlimiz Röyanın Türkiyə sənətçiləri arasında getdikcə irəliləyən yüksək reytinqi sübut olar. Bilirsinizmi, proqnozlar çoxsahəlidir – siyasi, iqtisadi, mədəni, tibbi, hətta coğrafi. Proqnozların nəticəsini bir jurnalist araşdıra bilməz, mütləq hər sahədən mütəxəssis özünə uyğun xətti dəqiqləşdirməlidir. Məsələn, demişdim ki, 2015-ci ildə 4 nazir və ya nazir ranqlı məmur vəzifəsini itirəcək. Bu gün hamı deyir yalnız 2 nəfər olub, çünki ilin sonunda qalmaqallı iki istefa daha çox yadda qalıb. Halbuki, ilin birinci yarısında Statistika Komitəsinin sədri dünyasını dəyişdi, Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv olundu. Yaxud “15-ə yaxın icra başçısı dəyişdiriləcək” proqnozumu götürək. Hamının yadında son 4 dəyişiklik (Abşeron, Sumqayıt, Nəsimi, Səbail) qalıb. Halbuki,  2015-ci ildə 12 rayonun rəhbərliyi dəyişdirilib.

- İndi isə keçək 2016-cı ilə. İlin ünsürləri, aparıcı ayları, bürcləri hansılar olacaq?

- İlin göy cismi Ay, aparıcı bürcləri Xərçəng və Buğa, illəri Meymun, Siçovul və Əjdaha, ayları may, iyul, rəngi qırmızı, ağ və açıq-mavi, daş-qaşı zümrüd, rubin, Ay daşı, metalı isə gümüş olacaq.

- Dünyanın siyasi xəritəsində hansı dövlətlər 2016-da aktiv və ya passiv olacaq?

- Əslində bunu da proqnoz kimi qəbul etməyinizi istəməzdim. Çünki ilin astroloji göstəriciləri sırasında aktiv ərazilər də olur və bunu təkcə mən yox, bütün astroloqlar deyir. Bir haşiyə çıxım: bəzən gün və ya Ay tutulmalarını həftələr, aylar öncə mətbuata açıqlayıram. Bir də görürsən ki, oxucular “halaldır, demişdiniz gün tutulacaq, doğrudan da tutuldu” deyirlər. Gülməlidir, 21-ci əsrdə belə yanaşma təəssüf doğurur. Sanki heç kim bilmirdi və mənim dediyim hamını təəccübləndirib. Halbuki, bu, mənim proqnozum deyil, sadəcə olacaq deyə əvvəlcədən insanlara çatdırıb tədbirli olmalarını istəyirəm. 

Sualınıza gəlincə, 2016-cı ildə gündəmdə olacaq ərazilər bunlardır: Avstraliya, Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, Almaniya, İrlandiya, Polşa, İsveçrə, Suriya, Sakit okean adaları, İraq, İran, Əfqanıstan...

- 2016-cı il Azərbaycan üçün nə ilə yadda qalacaq?

- Əslində meymun illəri daha çox qıtlıq və məhəlli münaqişələrlə, istila və sensasion sui-qəsdlərlə yadda qalır. Azərbaycan üçün hansısa qeyri-adi hadisənin olacağını isə güman etmirəm. Mən sırf astroloji qənaətlərimi deyirəm. Ola bilsin ki, bizim bilgimizi aşan amillər də çoxdur. Yaddaqalan Qarabağın qaytarılması, rüşvətin tam yığışdırılması, əhalinin rifahı naminə aparılan islahatlar ola bilərdi, onlar da olmayacaq.

- Devalvasiya, manatın ucuzlaşması, qiymət artımı 2016-cı ildə insanlara necə təsir göstərəcək? Ümumiyyətlə, sırf bu istiqamətdə müsbət nəsə gözləyə bilmərik?

- Bu sualı iqtisadçılar daha aydın tərzdə şərh edə bilərlər. Astrologiya təbii gedən mənzərəni təsvir edir, bizdə isə çox şey sünidir. Sizə bir misal deyim. Bir dəfə tanınmış bir siyasi dustaq haqqında yazmışdım ki, azad olunacaq. Tam əmin idim ki, bütün hesablamalarım dəqiqdir. Lakin həmin ilin 31 dekabr əfv fərmanında adı çıxmadı, o biri ilin Novruzunda buraxdılar. Sonralar onunla rastlaşdıq, mənə “türmədə mənə dedilər ki, Səbuhi Rəhimlini səhv çıxarmaq üçün qəsdlə səni əfv siyasından çıxarmışıq” dedi. İndi buna ulduzlar neyləsin? (gülür) 
Belə hallar da olur. Ona görə də dəyişdirilə bilən proqnozları verməməyə çalışırıq. 
Sualınıza gəlincə, hazırkı devalvasiya artan xətt üzrə gedəcək – bunu uşaq da bilir. Birinci devalvasiyada sosial şəbəkələrdə yazmışdım ki, dollar bir də heç vaxt 1,05 manatdan ucuz olmayacaq. Həmin fikri yenə təzələyirəm: dollar heç vaxt 1,5 manatdan ucuz olmayacaq. Vəziyyətin qismən də olsa düzəlməsi mümkündür, lakin bunun üçün vətəndaşları düşünən, maliyyə qaydalarını yaxşı bilən ağıllı başlar lazımdır.

- Qarabağ məsələsində nə kimi yeniliklər olacaq?

- Döyüşlər bir az da irimiqyaslı olacaq. Atəşkəssiz və Qarabağsız bir il yaşayacağıq.

- Qarabağ demişkən hamıdan çox sizə doğma olan iki soydaşımız - Dilqəm Əsgərovla, Şahbaz Quliyevin müqəddəratı barəsində nəyi demək olar?

- Ötən il səhv çıxan iki proqnozumdan biri də onlarla bağlı oldu. Bəlkə də emosiya və istəklərim soyuqqanlı hesablamalarıma mane olmuşdu. Əslində bütün hesablamalarım onların iyulda və noyabrda azadlığa çıxacaqlarını göstərirdi. Amma məhz həmin aylarda cəbhə bölgəsində şiddətli döyüşlər, ağır itkilər oldu – bunların arasında nə kimi əlaqə olduğunu hələ də anlamıram. Ona görə də bunu siyasi iradənin öhdəsinə buraxıram.

- Proqnozlardan keçək, Səbuhi Rəhimlinin əsas fəaliyyət sahəsi olan araşdırmalara. Azərbaycan tarixinin Midiya dövrünə aid olan gizlinləri barəsində nə zaman yazmaq fikriniz var?

- Midiya dönəmi dərindən öyrənilməyib. Çoxlu açıq suallar var. Təsəvvür edin ki, hələ dəqiqləşdirən olmayıb ki, Midiya türklərə məxsus olub, farslara, yoxsa hətta kürdlərə. Əsas mənbələri ortaya çıxarmaq az qala mümkün deyil. Min dəfə dediyim fikri bir daha deyirəm: bütün dillərdə dərc olunmasına baxmayaraq bu vaxta qədər “Avesta” öz dilimizdə dərc olunmayıb. Bütün dünya gücləri buna imkan vermir. Kimsə bu fikrimə gülürsə, buyursun dərc etdirsin – rusca da var, farsca da. Kim bu işə qol qoyubsa, məhv edilib. Ən gülməlisi isə odur ki, Zərdüşt peyğəmbərin doğulduğu yer, yaşadığı ərazi (Marağa) hamıya bəlli olduğu halda, o ərazidə hətta düşmənlərimizin belə, etiraf etdiyi kimi əzəldən türklər yaşadığı aydın olsa da, bəzi ciddi tarixçilərimiz onun türklüklə heç bir əlaqəsi olmadığını deyir. Onu fars, kürd, hindli, hətta slavyan (Tamara Qloba tərəfindən) adlandıranlar var. Bax, bu problemləri aradan qaldırmaq lazımdır. Dilimizdə “Avesta”nın yalnız Yasna Qatları dərc olunub ki, onun da səhv etmirəmsə,  16 Qatı kitabdan çıxarılıb. Hər şeyin kökü də məhz buradadır. Midiyanı heç olmasa özümüz üçün öyrənə bilsək, o ad bizə bugünkü qədər uzaq və yad gəlməz. Nəsə yazmağa gəlincə, ara-sıra öz məqalələrimdə buna toxunuram, lakin ayrıca bir yazı, özü də gizlinlərdən bəhs edən yazı yazmaq planım yaxın perspektivdə yoxdur.

- Siz həm də söz adamısınız. Qədim maq fəlsəfəsini şairin və təhkiyənin dili ilə bədiiləşdirmək fikriniz varmı?

- Əgər şeiriyyət yönümündə deyirsinizsə, mən özümü şair adlandırmıram. Ara-sıra könlümdən qaynayan, içimdən doğan, zəkama hopan və oradan dilimə axan kəlmələri ovcuma yığıb qələmə həvalə edirəm. İndi insanlarda mənəvi eniş mərhələsi pik həddinə çatdığı üçün şeir və söz fəlsəfəsini qavramaq ovqatında deyillər. Qədim mağ sivilizasiyasını isə bu gün çox az adam bilir. Bilinməyən bir şeyin ədəbi təsviri isə maraq doğurmaz.

- Özümüzə qayıtmaq üçün Azərbaycan tarixinin hansı dövrünə bir daha səfər etməliyik?

- Biz hər zaman özümüzdəyik, hər zaman sıfır nöqtəsindən başlamaq şansımız var. Sadəcə bunun üçün qurban verməyə də hazır olmalıyıq. Bu gün hər şeyimiz var, yalnız qurban getməkdən, şəhid olmaqdan çəkinəcəyimiz var. Deməli, azacıq qürurumuzu artırmalıyıq. Türk milləti yaranışından deyib ki, Göyün altı bizimdir. Nə yazıq ki, bu gün dünyamız sərhədləşdirilib, türklər heç vaxt sərhəd qoymayıblar. Mən geri qayıtmaq istəməzdim, yolumuz irəlidir. Bu gündən baxanda Turanla fəxr edirik, Uzun Həsən, Xətai dönəmi ilə fəxr edirik, nə deyim, səhifələrimiz çoxdur.

Elmin NURİ 
modern.az

Hiç yorum yok:

Yorum Gönder