Translate

1 Ağustos 2013 Perşembe

“Ermənistanda bilirlər ki, çox tezliklə qisas saatı başlayacaq...”


Hərbi ekspert : “Azərbaycan öz ərazi bütövlüyünü qısa müddətdə bərpa etmək gücündədir”
Bakıda ötən ayın 26-da keçirilən hərbi paradın işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyində, bütövlükdə cəmiyyətində təlaş yaratdığı haqda məlumat verilib. Narahat ovqatın bir təzahürü də qonşu ölkədə müttəfiq Rusiyaya qarşı etirazların hələ də səngiməməsidir. Bir səbəb də 26 iyun paradında Rusiyadan alınan ən müasir döyüş maşınlarının nümayiş etdirilməsidir. Qeyd edək ki, əksər praqmatik erməni təhlilçiləri və siyasətçiləri Bakı ilə Moskva arasında bu səviyyədə reallaşan və davam edən hərbi-texniki əməkdaşlığı, o cümlədən böyük həcmdə silah ticarətini Kremlin öz forpostunun köklü mənafeyinə soyuq münasibəti və erməni milli maraqlarını hər an satmağa hazır olması kimi dəyərləndiriblər.
Rusiyanın ünvanına belə ifadələr də səslənib ki, “Moskvanın İrəvanla müttəfiqliyi formal xarakter daşıyır”, “Rusiya Ermənistana öz vassalı kimi baxdığından onunla hesablaşmaq istəmir” və s.
Lakin az sonra düşmən ölkənin təbliğat maşını anti-Rusiya isteriyasının ziyanlı olduğunu və ictimai rəydə məyusluq ovqatını dərinləşdirdiyini anlayıb valı dəyişdi, Bəzi “ekspertlər” Bakıdakı hərbi paradın əhəmiyyətini, ümumiyyətlə, Azərbaycanın hərbi qüdrətini kiçiltməyə çalışdılar. Ancaq gec idi. 
Doğrudan da bu gün əlverişli beynəlxalq şərait yetişsə, əminik ki, Azərbaycan ordusu savaş meydanında öz layiqli sözünü deyəcək. Hərbi hazırlıq səviyyəsindən, daxilindəki bəzi problemlərə rəğmən, silahlı qüvvələrimiz qarşısına qoyulan əsas vəzifəni bişəkk, yerinə yetirmək gücündədir. Məhz bu gücün hesabınadır ki, erməni tərəfi Xankəndindəki qanunsuz aeroportu indiyədək istismara verməyə cürətlənmir. Çünki düşmən tərəf Azərbaycanın hava hücumundan müdafiə sisteminin də bölgədə ən güclü və modern vəziyyətdə olduğunun, qanunsuz uçuşların isə müharibəyə gətirəcəyinin fərqindədir. 
Gündən-günə boşalan, iqtisadiyyatı hələ də rüşeym halında qalan balaca bir ölkə təbii ki, bu savaşı uzun müddət aparmaq gücündə deyil. Bunu rusiyalı analitiklər də təsdiqləyir, yerli hərbi mütəxəssislər də. Tanınmış rus təhlilçilərdən biri isə bugünlərdə belə demişdi: “Rusiya Ermənistanın arxasından çəkilsə, Azərbaycan bir saata məsələni çözər”.
“Bəzi erməni ekspertlərinin Azərbaycan ordusundakı hərbi texnikanın vəziyyəti barədə sayıqlamalarını oxuyanda məndə belə təəssürat yaranır ki, bu adamların görmə və təfəkkürlə bağlı ciddi problemləri var”. Bunu da hərbi ekspert, keçmiş döyüşçü, istefada olan zabit Üzeyir Cəfərov 1news.az-a müsahibəsində erməni hərbi ekspert Arkadi Qriqoryanın “Azərbaycan müharibəyə hazır olmadığını etiraf eləməli olacaq” fikrinə münasibət bildirərkən söyləyib. 
Qriqoryan bildirib ki, “Azərbaycanın kəmiyyət baxımından hərbi texnikası çoxdur, lakin keyfiyyət heç də yüksək deyil”. Lakin Üzeyir Cəfərov bunu blef sayır: “Ermənistanda bilirlər ki, çox tezliklə qisas saatı başlayacaq və Azərbaycan işğal altındakı ərazilərini azad edəcək. Erməni yalançı ekspertlərin açıqlamaları isə hansılarla ki, onlar hərbi sahədə biliklərini göstərmək istəyirlər, yumşaq desək, qeyri-ciddi və savadsız bəyanatlardır”.
Onun qənaətincə, 26 iyun paradda Azərbaycan ordusunun döyüş texnikasının yalnız bir hissəsi nümayiş etdirilib və bu da kifayət edib ki, Azərbaycanda mənzillənən əcnəbi diplomatlarda böyük həyəcan doğursun: “Paraddan sonra Ermənistanda bir daha əminlik hasil oldu ki, ölkəmiz Rusiyadan, Türkiyədən, İsraildən və başqa dövlətlərdən aldığı silahlar və hərbi texnika hesabına öz zəbt edilmiş ərazilərini qısa müddətdə işğalçılardan təmizləyə bilər. Azərbaycan ordusu ən müasir hərbi silahlar və texnika ilə təchiz olunub. Və kim bunun əksini iddia edirsə, o, hərbi sahədə zərrəcə biliyə sahib deyil və sadəcə, güclü silahın nə demək olduğunu bilmir. Bəs Ermənistanın nəyi var?!”
Hərbi ekspertin fikrincə, Ermənistan silahlı qüvvələrində yaşanan problemlər “fəlakət” sözündən başqa heç nəyə uyğun gəlmir: “Ermənistanın prezidenti, qonşu ölkənin müdafiə naziri bu haqda dəfələrlə danışıblar. Bu gün erməni ordusunda sıravi və zabit heyətinin çatışmazlığı, böyük maliyyə problemləri yaşanır. Ermənistan silahlı qüvvələrini yaxın perspektivdə nə gözlədiyini təsəvvür eləmək çətin deyil”.
“Güclü və yaxşı təchiz olunmuş orduya malik Azərbaycan qısa zamanda öz ərazi bütövlüyünü bərpa eləmək iqtidarındadır” - deyə, keçmiş döyüşçü fikrini tamamlayıb.

Zahid SƏFƏROĞLU
Müsavat.com

Hiç yorum yok: