14 Aralık 2024 Cumartesi

ELM HƏM ZİNƏTİMİZ, HƏM SİLAHIMIZ, HƏM DƏ...

Akif Rüstəm oğlu Rüstəmovun 

mənim həyatımda çox böyük rolu olub. 


Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. 

Mənim fikrimcə biliyə yiyələnməyin ilkin mərhələsi ailədən və uşaq bağçasından, əhatəmizdəki əmi və dayıların, bibi və xalaların davranışlarından, maraqlı söhbətlərindən başlanır. Daha sonra  insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsi ən müqəddəs peşələrdən biri sayılıb. Müəllim peşəsi daim peşələrin zirvəsində dayanacaq.



Akif Rüstəm oğlu Rüstəmov


50 ildən çox Bakı Dövlət Universitetində şərəflə çalışan, seçki yolu ilə 10 il Jurnalistika Fakültəsinin dekanı olmuş, jurnalistikanın əsasları ilə bağlı xeyli kitab və məqalələrin müəllifi, saysız-hesabsız professional jurnalistin 85 yaşlı qayğıkeş müəllimi, ləyaqətli elm adamı, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, filologiya elmləri namizədi, professor Akif Rüstəm oğlu Rüstəmovun mənim həyatımda çox böyük rolu olub. O, həm yolgöstərənim, həm də sevimli müəllimim olub.


Akif müəllimin yaradıcılıq fəaliyyəti haqqında istənilən qədər faktlar söyləyə bilərəm. Lakin onun xarakterini səciyyələndirən aşağıdakı qeydlərimi vurğulamaq istəyirəm :

❤ Akif müəllim ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, tələbələrini və peşəsini sevəndir, gəncləri xalqın, Vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir.

❤ Akif müəllim tələbələrilə dostluq etməyi bacarır, onların sevincini və kədərini ürəyinə sala bilir, tələbələrin qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub, gənc olub.

❤ Akif müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, bu sahəyə aid kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. O, bu elmin problemlərindən də xəbərdardır. Akif müəllim universitetin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. O, dərin biliyə, geniş dünyagörüşünə malikdir. Akif müəllim tələbələr qarşısında elmin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilməkdə mahirdir. Tələbələr onun simasında daim ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insanı görürlər.

❤ Akif müəllim psixologiya və pedaqogika elmlərini yaxşı bilir. Tərbiyə haqqında elmləri bilmədən, tərbiyəli müəllim olmadan tələbələrlə işləmək qeyri mümkündür.

❤ Akif müəllim çox yaxşı müəllim və öz peşəsinin ustasıdır. Pedaqoji qabiliyyətlər insana hazır verilmir, onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq mümkündür.

❤ Akif müəllim həm də gözəl ailə başçısı, sevimli dayı, sevimli əmi, sevimli qohum və sevimli dostdur. Allah Akif müəllimə sağlam və uzun ömür versin. 100 yaşasın !


Akif müəllimin mənim üzərimdə də haqqı çoxdur. Dövlət universitetinin jurnalistika fakültəsində təhsil alanda (1972-1977) Akif Rüstəmov mənim də müəllimim olub. Biz yenə də dost, həm də dayı-bacıoğluyuq. Mən, Akif müəllimin 3-cü sevimli bacısı rəhmətlik Qənirə müəllimənin böyük oğluyam. Tələbəlik illərimdə Akif müəllimin və onun ailəsinin qayğısını görmüşəm. Universitetə yenicə qəbul edilmişdim. Gənc idim. Akif müəllimin ailəsi kirayədə yaşadığı evdə himayə məqsədilə mənə bir guşə ayırdı. Bir neçə il onlarla yaşadıqdan sonra sərbəst həyata başladım... O illəri, o qayğıları, o yaxşılıqları ölənəcən yadımdan çıxartmaram... 

... Akif müəllim, Akif dayım ağlım kəsən vaxtdan zehnimdə dərin izlər buraxıb. Ağdam şəhərində qiymətli ağaclarla bəzədilmiş böyük və yaraşıqlı gəzinti parkı var idi. O, mənim və bacımın əlindən tutub bizi tez-tez həmin parka gəzintiyə aparardı. Parkın içərisində böyük bir yelləncək - "Karusel" var idi. Mən yelləncəyə əyləşib fırlanmaqdan qorxurdum. Bacım Elmira isə balaca olduğuna görə bu hadisənin dərinliyinə varmırdı və yelləncəyə özü qaçıb əyləşirdi. Dayım mənə deyirdi ki, yekə kişisən, adam bacısını tək qoymaz. Bu söz mənim ağlıma batırdı və mən bu sözlərdən qürurlanırdım. Belə misalların sayı-hesabı yoxdur. Dayılarımız, əmilərimiz, xalalarımız və bibilərimiz ata və anamızla yanaşı bizim hər ikimizi tərbiyə edirdilər.



Adil və Elmira / Foto Akif Rüstəmovundur.

... O vaxtlar hər adamın evində televizor olmayanda Akif dayım evlərinə "Rekord" adında özü böyük, ekranı balaca bir televizor almşdı. Onda mən Ağdam şəhər 1 saylı orta məktəbdə 2-ci sinifdə oxuyurdum. Hər günün dərs tapşırıqlarını yerinə yetirdikdən sonra Gülxar nənəmgilə gedirdim. O nəhəng televizora oturub tamaşa etməkdən doymurdum. "Arşın mal alan" filmini ilk dəfə həmin televizor vasitəsilə izləmişəm.



Ekranı balaca, özü böyük "REKORD" televizor.

... Mən orta məktəbin 9-10-cu siniflərində təhsil alarkən atamdan, anamdan başqa Akif dayım da mənə Bakıdan maraqlı kitablar alıb gətirərdi. Yalan olmasın, düz, 10 rəf kitabım var idi. Onları göz bəbəyi kimi qoruyurdum. Bu xasiyyətim mənə rəhmətlik Kərbəlayi Mikayıl oğlu Məhəmməd bəy babamdan miras qalıb. Rus və Erməni hərbi birləşmələri 1-ci Qarabağ müharibəsi dövründə hər gün Ağdama 150-200 ədəd qrad mərmisi atırdılar. Mərminin biri gəlib evimizi yer üzündən sildi, kitablarım külə döndü. Sovet Azərbaycanında 1 universitet var idi. Digər ali məktəb ocaqları isə institut olaraq fəaliyyət göstərirdi. Mən Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinə daxil olmaq üçün hazırlaşırdım. Dayımın  köməyi o oldu ki, Bakıya qəbul imtahanlarına gələndə onun kirayədə yaşadığı evdə qaldım. Həyat yoldaşı rəhmətlik Laləzar xanımın qayğısı ilə əhatə olundum. Akif müəllim hər gün mənimlə məşğul olurdu, imtahan suallarının cavablarını soruşurdu. Demək olar ki, imtahanlara birlikdə hazırlaşırdıq. Mənə deyirdi ki, sənin gecə-gündüz oxumağın, öyrəndiklərini təkrarlamağın ümidvericidir, Adil. 

... 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə daxil olmaq üçün mən də sənədlərimi təqdim etdim. Valideynlər imtahanın gedişatını bayırda quraşdırılmış televizor vasitəsilə izləyirdilər. Şərqşünaslıq Fakültəsinə daxil olmaq istəyənlərdən imtahanı universitetin qarşısındakı adamlar dağılışandan və televizoru söndürəndən sonra axşam götürürdülər. Mənimlə birlikdə imtahan verən abituriyentlərdən bir neçəsini yaxından tanıyırdım. Uşaqlıq dostum Nazim Mirismayıl oğlu Ağamirov, Faiq Qara oğlu Əliyev, Seyfəddin Dağlının oğlu Bəhlul Abbasov, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə, Əlfi dayının oğlu İlqar Qasımov, Müştəba İsmayıl oğlu Əliyev, ağdamlı Vahid, Niyazi və başqaları...

Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə iddialılar çox, keçid balı isə 18 idi. 1 yazılı və 3  şifahi imtahan verdim. Öz gücümə 2-sindən 5 aldım, 1-dən 4 aldım. İngiliş dilindən imtahan verəndə isə müəllimlər mənə ilişdilər... Məni borclu çıxarıb zorla 3 yazdılar... Sevil Heydər qızı Əliyeva da bizimlə birlikdə ingilis dilindən imtahan verirdi. O, mənə qarşı edilən haqsızlığı görüb narahat oldu və müəllimlərə irad tutdu. Buna baxmayaraq həmin müəllimlər mənim Azərbaycanda yeganə Universitetin Şərqşünaslıq Fakültəsinə daxil olmağıma mane oldular. Qismət beləymiş... Növbəti il gəlib Universitetin Jurnalistika fakültəsinə imtahan verib yüksək qiymətlərlə daxil oldum... Sonra eşitdim ki, Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsindəki həmin yeri, yəni mənim halalca yerimi SSRİ-nin Almaniyadakı Səfirliyində çalışan bir kişinin qızına bağışlayıblar. Elə o vaxtdan haqqım tapdalana-tapdalana gəlib çatmışam 72 yaşıma...



Akif müəllim bacısı uşaqları Adil və Elmira ilə birlikdə.


... Akif Rüstəm oğlu Rüstəmov əsl ziyalıdır. Onun möcüzələrinin arxasında öz üzərində yorulmadan işləməsi, əxlaqı, müdrikliyi, uzaqgörənliyi, sevgi dolu həyat eşqi durur. Bu baxımdan ziyalılıq həmçinin insanın öz üzərində işləməsi deməkdir. Peyğəmbərimiz (S.A.S) demişkən “Beşikdən qəbr evinə qədər öyrənmək, öyrənmək, yenə də öyrənmək” vacibdir.



Akif Rüstəm oğlu Rüstəmov ömrünün payız çağında.

Mən, o qənaətdəyəm ki, əsl ziyalı ilk növbədə insani keyfiyyətlərə malik olmalıdır. Və o, ətrafında baş verənləri milli şüurun süzgəcindən keçirib ona qiymət verməyi bacarmalıdır. Bu sözləri yazarkən ölənədək unutmayacağım, böyük insan, dünyagörüşü ilə həmişə məni heyrətləndirən doğma AKİF dayım gözümün önündə canlanır. 19 dekabr (1939) müəllimim, dayım, dostum, hamının məhəbbətlə, ağızdolusu müracət etdiyi AKİF müəllimin doğum günüdür, 85 yaşı tamam olur. Bu münasibətlə professor Akif Rüstəm oğlu Rüstəmovu, onun ailəsini, 50 ildən çox çalışdığı Bakı Dövlət Universitetinin kollektivini, BDU-nun Jurnalistika Fakültəsinin müəllim və tələbə heyyətini, dostlarını ürəkdən təbrik edirəm. AKİF müəllimə can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.

Günün mübarək, AKİF müəllim !


Bacıoğlu,

Adil İrşadoğlu (Əliyev).

Bakı, 12.12.2024. / 11-00. 

(Akif müəllimin doğum günü 19 dekabrdır).



 

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.