Əməkdar İncəsənət Xadimi, görkəmli rejissor Nazim Nadiroğlunun (Zeynalov) şəxsi videoarxivindəki materialları izləyərkən uşaqlıq dostum, əzizim, muğamlarımızın, təsniflərimizin, xalq və bəstəkar mahnılarımızın mahir ifaçısı Sədi Allahverdi oğlu Məmmədovun ifalarına rast gəldim. Rəhmətlik Sədinin çıxışı gözlərim önündə canlananda həyacanlandım, onunla belə görüşümüz məni çox təsirləndirdi. Bu qiymətli arxiv materialını hörmətli Nazim müəllimdən mənə bağışlamasını xahiş etdim. O da bağışladı. İndi həmin videomaterial əziz xatirə kimi mənim You Tube kanalımda ( https://www.youtube.com/channel/UCvDB81jE1aiHAINCfPEGHHw ) yayımlanır.
Sədi Məmmədov həm də mənim tələbə yoldaşım olmuşdu. Biz 7 illik musiqi məktəbini bitirəndən sonra Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşduq (1968-1972 ).
Mən həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. Müəllimim çox səmimi, qayğıkeş insan, təcrübəli pedaqoq rəhmətlik Məşədi Nəriman Mehralıyev idi. O, mənə müraciət edəndə, "qohum" - deyərdi. Sonradan öyrəndim ki, Məşədi Nərimanla qan qohumluğumuz var. Hər ikimiz Cavanşirlər sülaləsinə mənsub olan, Qarabağ xanlığının qurucusu, ilk xanı və sərkərdəsi Pənahəli xan Cavanşirin nəslindənik.
Azərbaycan tarzənləri arasında virtuoz sənətkar kimi tanınmış Məşədi Nərimanın atası Bahadır Mehralı oğlu Qarabağ xanəndələri sırasında özünəlayiq yer tutmuş bir sənətkar olub. Nərimanın babası Məşədi Mehralı onu yeddi-səkkiz yaşlarında olarkən özüylə İmam Rza ziyarətinə aparıb. Çuxur məhəlləli Nəriman Şuşanın ən kiçik zəvvarlarından biri olub. Uşağın bu yaşda belə bir müqəddəs məkanı ziyarət etməsi müsəlman hümməti arasında xoşbəxtlik sayılır.
Çuxur məhəlləli Məşədi Mehralını qalalılar təkcə dabbaq kimi yox, həm də musiqi həvəskarı kimi tanıyıblar. Daha doğrusu, o, yaxşı qarmon çalırmış. Musiqi demək olar ki, bu sadə peşə adamının bütün ailə üzvlərinə sirayət etmiş, özünün də, övladlarının da qanına-canına hopmuşdur. Onun evindən daim muğam, mahnı səsləri eşidilmişdir. Bu nəsil Pənahəli xan Cavanşirin ortancıl oğlu Mehralı bəyin törəmələridir.
Məşədi Nərimanın atası Məşədi Bahadır Mehralı oğlu isə Qarabağın klassik xanəndələrindən biri olub. Respublikanın bir çox məşhur sənətçiləri - Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova, Fatma Mehralıyeva, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Aydın Məmmədov, Barat Fərhadov, Niqay Bayramov, Hafiz Sədrzadə və başqaları ondan bəhrələniblər.
Xalq artisti Ramiz Quliyev, kamançaçı Elman Bədəlov, Abbas Yusifov, Rafiq Nəcəfov, İlham Babayev, Aydın Mehralıyev, gitaraçı Rəmiş, Yaşar və Təyyar Xəlilov qardaşları, Zahid Vəliyev, Möhübbət Abbasov, Yusif Vəliyev, Rəsul İsmayılov və onlarca musiqi xadimi ifaçılıq sənətini Məşədi Nərimandan öyrəniblər.
Azərbaycanın görkəmli tarzənləri Hacı Məmmədov, Əhsən Dadaşov və digər incəsənət xadimləri Ağdamda, mənim sevimli və unudulmaz müəllimim Məşədi Nərimanın evində qonaq olublar.
Məşədi Nərimanın yaradıcılığı çoxcəhətli olub. O, həm solo muğam ifaçısı, həm muğam üçlüyünün tərkibində məharətli müşayiətçi, həm də muğam müəllimi kimi tanınırdı. Məşədi Nərimanın ifasında "Xaric Segah", onun mayəsində vurduğu barmaqlar xüsusilə diqqətəlayiq idi. "Orta Mahur" muğamını da çox gözəl, özünəməxsus bir tərzdə ifa etmişdir. Azərbaycan radiosunun fondunda Məşədi Nərimanın ifasında "Xaric Segah" və "Mahur Hindi" muğamlarının lent yazıları saxlanılmaqdadır. Onun sənətində diqqəti cəlb edən cəhətlərdən biri də xalq musiqisini və muğamlarımızı yad təsirlərdən qorumağa çalışması, milli qaynaqlara arxalanması idi.
Haşiyə - əsas mövzuya uyğun əhvalat danışmaq, sözün birini qoyub o birinə getmək deməkdir. 1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşdüyündən Azərbaycanda 20 müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapıb. Belə bir tarixi şəraitdə, 1748-ci ildə Pənahəli xan Qarabağ xanlığının əsasını qoyub. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib və özünü xan elan edib. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının Vətənə qayıtmasına şərait yaradıb. Pənahəli xan qarşılamaq üçün Azərbaycan və İraq sərhəddinədək gedərək onlara kömək göstərib. Pənahəli xan həmçinin Yevlax ərazisinə və Beyləqanın Kəbirli kəndinə gedərək yerə mıx - ucuşiş ağac parçası çalıb və deyib ki, Qarabağ buradan başlayır və Naxçıvan sərhəddinədək davam edir.
Yeri gəlmişkən deyim ki, hər ilin yay fəslində atamdan və anamdan xahiş edirdim ki, dağların qoynuna, Şuşaya, Turşsuya, Laçına və Kəlbəcərə gedək. Bütün yayı dədə-baba oylağında, Qırxqızda, Meydanda istirahət edək. Onu da deyim ki, Sovet hökumətindən xeyli əvvəl Meydanda Hurizat nənəmin atası, ulu babam Allahverdioğlu Mehdi bəyin böyük torpaq ərazisi olub. Vaxtilə o, şəxsi sərvəti olan milli Qarabağ at ilxılarını yayda həmin ərazidə bəslətdirərmiş. Sovet dövründə isə bütün qohum-əqraba yayda gəlib ulu babamıza məxsus həmin yerdə çadır qurardı və necə lazımdırsa eləcə istirahət edərdi. Sonra...
Şuşa ilə bizim nəslimizi, ailəmizi müxtəlif tellər bağlayır. Birincisi, soy-kökümüz Pənahəli xan Cavanşirin nəslindəndir. İkincisi, İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış, Qarabağ elinə, xalqına şərəflə xidmət etmiş Axund Molla Əli adlı məşhur din xadiminin törəməsi Süleyman Sani Axundovun ləyaqətli davamçılarıyıq. Ata nənəm Hurizat xanımın anası Əziz xanım Abbas qızı Axundova Süleyman Sani Axundovun əmisi qızıdır. Əziz xanımın ulu babam Allahverdioğlu Mehdi bəylə izdivacından 7 (yeddi) övladı olmuşdur. 1) Zülfüqar, 2) Əvəz, 3) Ağalar, 4) Həşim, 5) Hurizat, 6) Gilə, 7) Xanım (bunu yeni öyrənmişəm).
Ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edən şair, filologiya elmləri doktoru, professor rəhmətlik Famil Ağalar oğlu Mehdi ulu babam Allaverdioğlu Mehdi bəyin adını özünə təxəllüs götürmüşdür. Onun səsi mötəbər auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.
Ata babalarım Məhəmmədəli bəy, Kərbəlayi Mikayıl bəy və onun oğlu Məhəmməd bəy də Pənahəli xan Cavanşirin nəslindəndir. Məhəmməd babam təxminən 50 yaşında rəhmətə gedib. Mən onu görməmişəm. Ancaq bilirəm ki, Babam Məhəmməd bəy çox savadlı, yaraşıqlı, görünüşünə diqqətlə yanaşan bir ziyalı və sonda tacir olub. 5 xarici dildə sərbəst danışırmış. Almaniyadan Qarabağa "Zinger" markalı tikiş maşınları gətirtdirib əhaliyə kreditlə satdırırmış. Onun ağdamlı bir şəriki də olub, Musa kişi. El arasında onlara tikiş maşınının adı ilə "Zinger Məhəmməd" və "Zinger Musa" deyirmişlər. Təəssüf ki, ata babamın nəsli haqqında dərin məlumatım yoxdur. Ancaq araşdırmalarım davam edir.
Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.
1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.
Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.
Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik.
Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir.
Mətləbdən çox uzaqlaşdım, deyəsən. Məşədi Nəriman Mehbalıyev kimi görkəmli bir tarzənin sinfində təhsil alaraq yavaş-yavaş musiqi dünyasının dərinliklərinə baş vurdum. Bir gün dərsdə Məşədi Nərimandan xahiş etdim ki, evə verdiyi tapşırığı onun tarında ifa etməyimə icazə versin. Müəllimim razılaşdı. Məşədi Nərimanın tarını köksümə sıxanda sanki mənə əlavə güc gəldi. Tarın məsuliyyətindən və həyacandan musiqi parçasını nə vaxt başa vurduğumdan xəbərim olmadı. Ancaq özüm də hiss elədim ki, tapşırığı evdə hazırladığımdan da yaxşı çaldım. Məşədi Nəriman ayağa qalxaraq əlini çiynimə qoydu və dedi:
- Sağ ol, oğlum, çox yaxşı ifa etdin. Götür bu tarı, sənə bağışlayıram.
Mən isə tərəddüd etdim. Dedim ki, müəllim, axı bu çox qiymətli hədiyyədir. Lakin Nəriman müəllim israrla tarı götürməyimi tələb etdi. Mən öz tarımı və müəllimimin mənə bağışladığı tarı götürüb evimizə gəldim. Atam və anam əvvəlcə danışdıqlarıma şübhə ilə yanaşdılar. Səhəri gün atam tarı götürüb mənimlə "Uçiliş"ə getdi. Tarı Nəriman müəllimə qaytarmaq istədi, Məşədi Nəriman götürmədi. Onda atam pul təklif etdi. Məşədi Nəriman incik tərzdə dedi:
- İrşad müəllim, mən sizin xətrinizi dünyalar qədər istəyirəm, inciməyin, mən bu tarı milyona da satmaram. Ancaq Adilə bağışlayıram, çünki o, istedadlı uşaqdır.
- Bununla da söhbət bitdi.
1972-ci ilin yazında Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbini bitirmək üçün dövlət imtahanı verməli idik. Məktəbimizin direktoru rəhmətlik Xosrov Fərəcov axırıncı kurs tələbələrini yığıb iclas keçirdi və bizə bildirdi ki, dövlət imtahanını qəbul etmək üçün Bakıdan qonaqlar gələcək. Sizin borcunuz dövlət imtahanına diqqət və məsuliyyətlə yanaşmaq, əla qiymətlər almaqdır. Sonra Xosrov müəllim qızlara tapşırdı ki, həyətinizdən qonaqlara təqdim etmək üçün qızıl güllər yığıb gətirərsiniz, oğlanlara isə tapşırıq verdi ki, hərəniz evinizdən bir xalça gətirin, o xalçalar darvazadan binanın içərisinədək gələn qonaqların ayaqları altına salınacaq. Direktor necə demişdi elə də etdik. Nəhayət, qonaqlar gəldi. Biz rəhmətlik Mayestro Niyazini və onunla gələn mütəxəssisləri görəndə çox sevindik. Onları alqış sədaları altında direktorun otağınadək müşayiət etdik. Hamımızın üzü təbəssümdən şəfəq saçırdı.
Əvvəldə dedim axı, fərqli tələbəsi olduğumdan Məşədi Nəriman Mehralıyev öz tarını mənə bağışlamışdı. Mən həmin tar ilə rəhmətlik Niyazi Zülfüqar bəy oğlu Tağızadəyə dövlət imtahanı verdim. Sürətli bilək tələb edən "Orta Mahur" muğamını ifa edib həmin imtahandan üzü ağ çıxdım. O tarı böyük ustaddan əziz bir xatirə kimi bu gün də qoruyub saxlayıram. Allah ustadım, unudulmaz Məşədi Nəriman Mehralıyevə rəhmət eyləsin. Qəbri nurla dolsun. Qarabağdan, Ağdamdan nigaran qalan ruhu şad olsun.
Məşədi Nəriman geniş dünyagörüşünə, yüksək mədəniyyətə, gözəl insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Milli musiqimizin inkişafı uğrunda yorulmadan çalışan, bu sahədə əvəzsiz xidmətləri olan ustad sənətkarın yolunu bu gün onun oğlu Aydın Mehralıyev davam etdirir. Tar ixtisasını notla tədris edən Aydın Mehralıyev muğam ifaçılığında atasının barmaqlarını yaşadır. O, uzun illər Ağdam "Şur" ansamblının fəal üzvü olmuşdur. 1982-ci ildə "Natəvan qızlar bayramı"nda, 1990-91-ci illərdə "Xarı Bülbül" beynəlxalq folklor festivalında ifaçı kimi iştirak etmişdir.
1991-ci ildə atası Məşədi Nərimanın anadan olmasının 75 illiyi münasibətilə keçirilən xatirə gecəsi Mehralıyevlər ailəsinin və Ağdam ictimaiyyətinin xatirində əbədi yaşayacaqdır. Həmin gecədə Aydın Mehralıyev Qədir Rüstəmovun oxuduğu "Mirzə Hüseyn Segahı"nı məhz Məşədi Nərimanın yolu və ştrixlərilə müşayiət etməsi musiqisevərlərin yaxşı xatirindədir.
Yeri gəlmişkən onu da nəzərinizə çatdırım ki, Aydın müəllim unudulmaz xanəndəmiz Qədir Rüstəmovu 40 il tarı ilə müşayiət edib. Onlar Azərbaycanın şəhər, qəsəbə və kəndlərində bir-birinin ardınca maraqlı, yaddaqalan konsertlər veriblər. Müharibə vəziyyətində yaşayan Ağdamda Məşədi Nərimanın yubileyinin keçirilməsi xalqın ustad sənətkarına bəslədiyi məhəbbətin, ehtiramın bariz nümunəsi idi.
Bəli, milli musiqi mədəniyyətimizdə öz yeri olan qüdrətli sənətkarlar nəslinin - Mehralıyevlər sülaləsinin zəngin irsi dərindən öyrənilməyə və tədqiq olunmağa layiqdir.
ADİL İRŞADOĞLU (ƏLİYEV) ©
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), Qazi.
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.