26 Ocak 2023 Perşembe

ÇÜRÜK AĞAC

  

Araz Əhmədoğlu 


HİKAYƏ 


   Bizim torpağımız çox şoran dır. İldə bir-iki dəfə yağış yağanda balaca kollar azca yaşıllaşıb üç-dörd gün sonra da saralıb solar. Ona görə biz "ağac" nə dir bilməzdik.

   Bir gün özünü bu torpaqların ərbabı bilən birisi haradan'sa çox böyök bir ağacı gətirtdirib bizim kəndin ortasına əkdirdi. Özü də bərk-bərk hamıya belə tapşırdı:

   «Heç kimsə bu ağaca dəġməsin. Tullantı sularınızı ağacın dibinə tökə bilərsiniz. Ona istədiġinizcə uzaqdan baxa bilərsiniz. Ama saqın kölgəsinə yaxın düşməyin! kölgəsində oturanı cin tutar! Yalnız nəzri olanlar nəzirlərini bir  tikə bez'lə ağacın butalarının ucuna düġünləyə bilərlər.»




   Hamı gündəlik iş-gücünü buraxıb günün qızmar anlarında bu ağaca baxmaq'la göġlünü xoş edirdi. Ama getdikcə həm ağacın yarpaqları saralıb solurdu həm də ağaca baxmaq birəntiliġə dönmüşdü.

   Bir gün kənd yuxudan durub gözlərini ovduqdan sonra ağacın qurumağa başlamış budaqlarından düġünlənmiş rəngli-rəngli bez tikələri gördü.

   «Bunlar nə dir?!» 

   «Vay dədə ... nə gözəl olub!»

   «Hələ  sizin xəbəriz yox dır! bilirsiz bu nəzir sahablarının nəzri necə qəbul olub!» Bu sözü deyən başqa uzaq bir kənddən gəlmişdi. Kimsə onu tanımırdı. Çünki onu ərbab yollamışdı.

   Ondan sonra başqa kəndlərdə sayrısı sağalan, dili açılan, kor gözü açılan, şili açılanların xəbərləri gəlməġə başladı. Sonra da uzaq-uzaq kəndlərdən bu ağaca nəzir düġünləməġə gələnlərin sayı çoxaldı.

   Hər nəzir də qəbul olmurdu. Yalnız iri kağaz pul nəziri qəbul olurdu! Ağaca düġünlənən rəngli bezlər hər gün rəng dəġişirdi. Ama ağac getdikcə qup-quru quruyurdu. Bala-bala ağacın içinə cüvə düşdü. Ağacın içindəki cüvələr ağacın içini yeyib qurtardılar. Artıq yeyəcəġə qalan ancaq rəngli bezlər bir də içindəki kağaz pullar idi. Cüvəyə nə fərq edər bu pullar hara gedir?

   Ancaq ərbab buna dözə bilməzdi. Bir-iki dəfə ağacı başdan başa davalatdırdı. Ama yamaq tumandan bahaya baxırdı. Ona görə bütün

xeyrindən vaz keçdi.

   Bir gün genə kənd yuxudan durub gözlərini ovduqda yeri-göyü bir-birinə qatan bir qasırqa kəndin qapı-bacasını hirs ilə döġürdü. kənd evlərdən

eşiġə çıxanda gözümüzün önündə içdən çürümüş ağacın tikələrini qasırqa qabağına qatıb şoranlıq çöldə burdan ora qovmaqdaydı.

   Şoranlıqda yaşamağa alışmış bizlər genə başqa bir gətirtmə ağacın yolunu dərin nisgil'lə dördgözlü gözləyirdik.


arazahmadoghlu@gmail.com

1402/11/05

2023/01/25


Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.