16 Temmuz 2021 Cuma

NAMƏLUM MÜHARİBƏ SİLSİLƏSİNDƏN (1)



– XAQAN OĞLU XAQAN NƏSİRƏDDİN ŞAH QACAR – 


Nəsirəddin şah Qacar 1831-ci il iyulun 17-də Təbriz şəhərinin cənubundakı Kuhnemir kəndində anadan olmuşdur. Atası Muhəmməd şah Qacarın (1810–1848) türkmənlər üzərində qazandığı böyük zəfərin şərəfinə ona Nəsirəddin (“Dinin qələbəsi”) adını vermişdilər. Nəsirəddin şah Azərbaycan xalqının qəhrəman övladı, böyük dövlət xadimi şahzadə Abbas mirzə Qacarın (1789–1833) nəvəsidir. Onun anası Məlik Cahan xatun da Qacar nəslindən idi.

Nəsirəddin mirzə 17 yaşınadək Təbrizdə yaşamış, 1847-ci ildə Azərbaycanın valisi olmuş (Qacar adətinə görə, vəliəhd əvvəlcə mütləq Cənubi Azərbaycana rəhbərlik etməli idi), atasının ölümündən sonra – 1848-ci il sentyabrın 17-də taxta çıxmışdır. On iki yaşına qədər yalnız doğma Azərbaycan dilində danışmış, başqa dilləri, o cümlədən, fars və ərəb dillərini bilməmişdir. Şah olduqdan sonra da ən yaxın çevrəsi ilə ancaq Azərbaycan dilində danışmışdır. Saray əyanlarından biri – Dost Əli xan Nəsirəddin şahla Müşir əd-Dəulə arasında ünsiyyəti belə təsvir etmişdir: “Şahın onunla türk dilində uzun-uzadı söhbətlərinin tez-tez şahidi olurdum. Hökmdar sanki bundan zövq alırdı”.

Qacar şahlarının sarayında əsas ünsiyyət dili türkcə olduğu üçün Nəsirəddin şah fars dilini bir qədər çətinliklə öyrənmişdi. Sonrakı illərdə fars dilində yaxşı danışsa da, yazıda bəzən xətalara yol verirdi.

Nəsirəddin şah yarıköçəri həyat tərzini daha çox sevirdi. Müasirləri onu xaqan oğlu xaqan adlandırırdılar. İrana səfər etmiş rus jurnalisti baron Fyodor Kopf (1801–1853) yazır ki, “Nəsirəddin şahın Təbriz şəhərindəki sarayının divarlarından Rüstəm Zalın, Çingiz Xanın, Şah İsmayıl Səfəvinin və Nadir şah Əfşarın şəkilləri asılmışdır. Bu dörd tarixi şəxsiyyət İranın (Qacar məmləkətinin) qəhrəmanı sayılır”.

Haşiyə. Nəsirəddin şahın atasının əmisi – şahzadə və şair Həsən Əli mirzə Qacar (1790 –1855) inanırdı ki, Qacar tayfası moğol əsillidir. Buna görə də o, övladlarına (Hülaku mirzə, Əbu Səid mirzə, Oktay mirzə, Əbaqaan mirzə, Ərğun mirzə, Səncər mirzə, Qəhrəman mirzə) türk-moğol hökmdarlarının adlarını  vermişdi. Yeri gəlmişkən qeyd edək ki, Qacar ordusunun əsgər və zabitləri qədim türk-moğol adəti üzrə saçlarını qırxıb kəkil saxlayırdılar.

Şahın ailə üzvlərindən başqa heç kim Qacar ordusunun baş komandanı ola bilməzdi. Bütün yüksək vəzifələrə, xüsusilə nazir və vali postlarına Qacar ​​şahzadələri təyin edilirdi. Bu isə onu göstərir ki, o dövrdə ölkədə siyasi elita əsasən türklərdən ibarət idi. Qərb tarixçiləri Qacar​​bürokratiyasını patriarxal ənənələrə uyğun bir şəkildə təşkil olunmuş etnik qruplaşma hesab edirlər.

Bəzən Səfəvilər kimi Qacar şahlarını da farslaşdırma siyasəti yürütməkdə, İslam ölkələrinin düşmənləri ilə guya əlbir olmaqda ittiham edirlər. Əslində, qərəzdən doğan bu iddianın heç bir əsası yoxdur. Xatırladaq ki, Osmanlı imperiyası ilə Qərb dövlətləri və Rusiya arasında dəfələrlə müharibə olmuşdur. Lakin bu savaşların heç birinin gedişində Səfəvilər Osmanlı əleyhinə ikinci cəbhə açmamış, qonşu dövlətə arxadan zərbə vurmamışdılar. Nəsirəddin şah Qacar Səfəvilərin bu gözəl ənənəsinin davamçısı idi. Krım müharibəsi  (1853–1856) illərində Türkiyəyə dəmir və hərbi təyinatlı digər mallar göndərən şah Rusiyaya lazım olan materialları verməkdən qəti şəkildə imtina etmişdi. Müharibə dövründə Qacarların bu iki dövlətə münasibətini aşağıdakı fakt dəqiq xarakterizə edir.

Çar qoşunları Ərzuruma girəndə İran konsulluğunun vəkili rusların təqibinə məruz qala biləcək türklərə bu şəhərdən sərbəst getmək üçün müvafiq sənədlər verib onları xilas etmişdi. Bundan sonra o, rusların işğal etdiyi Ərzurumda qalmaq istəməyən 10 türkü də özü ilə götürüb şəhərdən çıxmışdı.

Həmçinin, Qafqaz müharibəsi (1817–1864) illərində Dağıstanın və Çeçenistanın üçüncü imamı Şeyx Şamilin elçiləri dəfələrlə Qacar məmləkətində olmuş, Təbrizin adlı-sanlı din xadimlərindən birinin (rus mənbələrində – “molla-başı”) evində qalmışdılar. Rusları narazı salan ən çox bu idi ki, həmin elçiləri nüfuzlu şiə və sünni ruhaniləri ilə yanaşı, Qacar şahzadələri də hörmətlə qəbul etmişdilər.

Qacar dönəmində İran şəhərlərində əhalinin əhəmiyyətli bir hissəsi türklərdən (azərbaycanlılardan) ibarət olmuşdur. Qərb və Rusiya tarixçiləri bunu aşağıdakı səbəblərlə izah edirlər:

-  dövlət məmurlarının əksəriyyəti azərbaycanlı idi;

-  şəhərlərdə dislokasiya olunmuş qoşun hissələrinin şəxsi heyəti demək olar ki, tam şəkildə türklərdən təşkil edilmişdi;

-  tacirlər və müxtəlif xidmət personalları arasında yenə də azərbaycanlıların faizi yüksək idi.

Nəsirəddin şah Qacarın şəxsiyyətinin və fəaliyyətinin təhlili bunu deməyə əsas verir ki, Qacarlar dövləti mahiyyətcə elə Azərbaycan dövləti olmuşdur.

P.S. Nəsirəddin şahın ən böyük səhvlərindən biri bu idi ki, o, rus hərbi kəşfiyyatının məharətlə qurduğu tələyə düşüb 1879-cu ildə İran kazak briqadasının yaradılmasına icazə verdi. Həmin hadisə Qacar xanədanı üçün sonun başlanğıcı oldu.


Müəllif: 

Milli Kimlik Araşdırmaları 

qrupunun üzvü Araz Şəhrili.

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.