30 Haziran 2021 Çarşamba

ZƏRDÜŞT KƏBƏSİ, SÜLEYMAN MƏBƏDİ VƏ MÜQƏDDƏS KƏBƏ EVİ: DÜŞÜNDÜRÜCÜ PARALELLƏR

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

İran İslam Respublikasının qədim Persepolis şəhərinin yaxınlığındakı Nəqşi-Rüstəm adlı məntəqədə əsl təyinatı bugünədək bilinməyən, sirli bir bina yerləşir. Kub şəklində olduğuna və fasadının bəzi yerlərinə qara daşdan üzlük vurulduğuna görə “Zərdüşt Kəbəsi” adlandırılan bu abidə e.ə. VI–V əsrlərdə tikilmişdir.

Ehtimala görə, ən azı XIV əsrdən etibarən “Zərdüşt Kəbəsi” adı ilə tanınan tikilinin digər adı “Zindani Süleyman”dır. Guya Süleyman Peyğəmbər burada xəlvətə çəkilərək Allaha ibadət edirmiş.




“Zərdüşt Kəbəsi”nin yalnız cənub-qərb küncünün bir hissəsində azacıq qaralma vardır. Əvvəllər məhz bu fakta əsaslanaraq güman edirdilər ki, tikili atəşpərəstlərin məbədi olmuşdur. Lakin sonrakı tədqiqatlar zamanı burada vaxtı ilə Zərdüşt ayinlərinin icra olunduğunu göstərə biləcək ciddi dəlillər – od, tüstü, his izləri və s. aşkar edilmədi. Halbuki Zərdüşt məbədlərinin hamısında, istisnasız olaraq, “müqəddəs od” qalanır, nəticədə divarlara, tavana tüstü hopurdu. Əlavə olaraq qeyd edək ki, aşağıdakı iki amil binanın atəşgah olmadığını göstərir:

— tikilinin pəncərələri olmadığı üçün orada qalanan ocaq uzun müddət yana bilməz;

— yunan salnaməçilərinin məlumatlarına əsasən, Əhəməni dövrünün məbədlərində müqəddəs od qalanmırdı.

Daha çox ehtimal edilən budur ki, “Zərdüşt Kəbəsi” Əhəməni imperiyasının qurucusu Böyük Küruşun göstərişi ilə inşa olunmuşdur. Başqa bir gümana görə, o I Daranın və ya I Kserksesin tacqoyma mərasimi üçün tikilmişdir. Digər fərziyyəyə əsasən, bina Əhəməni hökmdarlarından birinin sərdabasıdır. Belə bir fikir də vardır ki, tikilidən atəşpərəstlərin müqəddəs mətnlərinin saxlanc yeri – arxiv və ya kitabxana kimi istifadə edilirmiş.

“Zərdüşt Kəbəsi”nin hündürlüyü 12 metr 50 santimetrdir. O üçpilləli postamentlə birlikdə 14 metrə çatır, divarının uzunluğu 7 metr 25 santimetrdir. Qapısının hündürlüyü 1 metr 90 santimetr, eni 1 metr 70 santimetrdir. Tikilinin səmti şimaladır.

Mütəxəssislərin fikrincə, bu binanın yanında Böyük Küruş tərəfindən inşa etdirilmiş daha bir “Kəbə” olmuş, lakin zamanla ondan yalnız bir divar qalmış, qalan hissələri uçub-dağılmışdır.

Beşinci şəkildə qədim yəhudilərin əfsanəvi səfər məbədi – “Skiniya” təsvir olunmuşdur. Kəbəyə bənzəyən bu çadır-məbədə yəhudilər “Mişkan ha-şem” – Allahın adının olduğu yer, Allah evi deyirdilər. Məbədin yəhudi adına bir daha nəzər salaq: “Mişkan ha-şem” (Ha-şemin məskəni).

Altıncı şəkildə əfsanəvi “Süleyman məbədi”nin rekonstruksiya olunmuş modellərindən birini görürük. Onu yəhudilərin “birinci məbəd”i də adlandırırlar. Məbədin giriş hissəsi “Zərdüşt Kəbəsi”nin giriş hissəsi ilə, demək olar ki, eynidir. Yəhudilər inanırlar ki, bu məbədi e.ə. 950-ci ildə Süleyman Peyğəmbər inşa etdirmişdir. “Birinci məbəd” guya e.ə. 586-cı ildə Babil çarı II Nəbukadnezzar tərəfindən dağıdılmışdır.

Yeddinci şəkildəki “Zorovavel məbədi”nin modelidir. “İkinci məbəd” adı ilə məşhurdur. Onun tikintisi yəhudiləri Babil əsarətindən xilas etmiş Böyük Küruşun əmri ilə e.ə. 538-ci ildə başlanmış, e.ə. 516-cı ildə Böyük Dara tərəfindən başa çatdırılmışdır. Eramızın 70-ci ilində yəhudi üsyanını yatıran Roma ordusu məbədi uçurmuşdur.



“Tövrat”ın yəhudi tədqiqatçılarının ehtimalına görə, “Süleyman məbədi”nin uzunluğu 30 metr, eni 10 metr, hündürlüyü 15 metr olmuşdur.

Haşiyə. Yəhudilərin birinci və ikinci məbədləri ilə “Əhəməni Kəbəsi”ni bir-birinə bağlayan bir məsələ diqqətimizi cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi, birinci məbəd real tarixi şəxsiyyət olduğunu “Tövrat” və “Quran”dan başqa heç bir tarixi mənbənin təsdiqləmədiyi Süleyman Peyğəmbər, ikinci məbəd isə Əhəməni imperiyasının qurucusu Böyük Küruş tərəfindən inşa etdirilmişdir. Maraqlıdır ki, “Zərdüşt Kəbəsi”nin el arasında yayılmış adlarından biri “Zindani-Süleyman”dır.

P.S. Sonda Məkkə şəhərində yerləşən müqəddəs “Kəbə Evi” haqqında qısa məlumat verək. Kəbədə bir neçə dəfə, o cümlədən 605-ci ildə qureyşilər, 683-cü ildə Xəlifə Abdullah ibn Zubeyr, 693-cü ildə Əməvi xəlifəsi Əbdulməlik ibn Mərvan, 1629-cu ildə Osmanlı sultanı Murad, 1996-cı ildə Səudiyyə dövləti tərəfindən əsaslı təmir işləri aparılmış, bəzən isə bina sökülərək yenidən inşa edilmişdir. Hazırda Allah evinin hündürlüyü 13 metr 10 sm, uzunluğu 11 metr 3 sm, eni 12 metr 86 santimetrdir. Kəbənin qapısının hündürlüyü 3 metr 60 santimetr, eni 1 metr 68 santimetrdir. Qapı yerdən iki metr hündürlükdədir. Bina kub formasındadır.


Araz ŞƏHRİLİ.

Araşdırmaçı jurnalist. 

& VƏTƏNSEVƏRLƏR

Araşdırma

20.06.2021

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.