3 Ekim 2016 Pazartesi

PUTİNİN QARABAĞ SİRRİ – AMERİKA KƏŞFİYYATI DETALLARI AÇIQLADI

3 Oktyabr 2016 / 13:00



Rusiyanın Ermənistana “İsgəndər-M” raketlərini verməsi onu göstərdi ki, Kreml Qarabağda yeni müharibəni istəmir.

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi yazıb.

Mərkəz yazır ki, bu raket kompleksini Ermənistana verən Rusiya bölgədə güc balansını saxlamağı düşünür: “Rusiya bölgədə hərbiləşmədən yanadır, lakin o, müharibə istəmir. Aprel müharibəsində Azərbaycan öz gücünü göstərdi. İndi hesab olunur ki, “İsgəndər-M” raket kompleksi Azərbaycanı təmkinli olmağa vadar edəcək”.

“Stratfor” Ermənistanın “İsgəndər-M”- lərdən istifadə edə biləcəyini düşünür.

“Lakin buna şəraitin yaranmasına imkan verilməyəcək. Rusiyanın məqsədi də odur ki, bölgədə balans qorunsun və yeni müharibə baş verməsin”.

Qeyd edək ki, Publika.az-ın “İsgəndər-M” raket kompleksinin Ermənistana verilməsi ilə bağlı təhlilində də Rusiyanın Azərbaycanı yeni müharibədən çəkindirmək məqsədi qeyd olunurdu.

Çünki; aprel müharibəsi göstərdi ki, Azərbaycan ərazilərini azad etmək üçün istənilən vaxt silaha əl ata bilər. Bu isə bölgədə tarazlığın pozulması və Rusiyanın regiona dair planlarının alt-üst olması deməkdir. “İsgəndər-M” silahlarının İrəvan küçələrinə çıxarılması Azərbaycana “müharibəni rəfə qaldır” mesajıdır.

Ekspertlər də Rusiyanın münaqişəni tam həll etmək niyyətində olmadığını hesab edir.

Moskva aprel müharibəsindən sonra təklif edir ki; işğal olunmuş rayonların beşi ilkin mərhələdə qaytarılsın. Sonra iki rayonun qaytarılması prosesi həll olunsun. Qarabağa rus sülhməramlıları daxil olsun, onların nəzarəti altında qaçqınların qayıdışı və bölgənin statusu məsələsi həll edilsin.

Rusiya yalnız öz sülhməramlılarının bölgəyə daxil olması şərti ilə münaqişənin həllinə razı görünür. Bunun Bakının maraqlarına cavab verdiyi sual altındadır.

İndi “İsgəndər-M”-in Ermənistana verilməsi göstərir ki, Rusiya Bakının ərazi bütövlüyünü bərpa etmək üçün etdiyi təzyiqin qarşısını almaq niyyətindədir. Bölgədə sabitlik olacağı təqdirdə, “sülhməramlı planı” daha rahat şəkildə həyata keçirilə bilər. Hesab etmək olar ki, bu, öz planlarını həyata keçirmək istəyən Kremlin son manevrdir. Bundan sonra bölgədə yeni müharibənin olub-olmayacağını isə zaman göstyərəcək.

------------------------------------------------

MÖVZU İLƏ BAĞLI YAXIN TARİXDƏKİ TƏHLİLLƏRİ XATIRLATMAQ YERİNƏ DÜŞƏRDİ

Rusların silah oyunu və arxasındakı mesajlar
24 Sentyabr 2016 /16:19



Ermənistan Rusiyadan aldığı silahları hərbi paradda nümayiş etdirdi. Hansı ki, 2015-ci ildə İrəvanda baş verən “elektromaydan” etirazından sonra iki ölkə arasında 200 milyon dollarlıq kredit sazişi imzalandı, bu sazişə əsasən, Rusiya Ermənistana yeni silahlar verəcəkdi. Bu gediş rusların erməniləri anti-Rusiya əhval-ruhiyyəsindən çıxarmaq istəyinə əsaslanırdı.

Ermənistan silahları paradda nümayiş etdirərək, iki mesaj verdi.

Birinci mesaj Sarkisyan hakimiyyətini Rusiyanın əmrləri ilə hərəkət etməkdə ittiham edən daxili opponentlərə idi. Sarkisyan bununla “mən Rusiyaya üz çevirsəm, belə silahlar ala bilmərik” mesajını verdi.

İkinci mesaj Azərbaycana idi. Aprel müharibəsindən sonra məğlubiyyətin xofundan çıxa bilməyən Ermənistan bununla “əzələ nümayişi” etdi. Halbuki, Azərbaycan ordusu ilə müqayisədə zəif olduqlarını özləri də anlayır.
Bu, ikinci mesaj həm də daxildə yaranmış məğlubiyyət xofunu aradan qaldırmaq və erməni ictimaiyyətində “özünəinam” yaratmaq cəhdi idi.
Ermənistanın bu cür kiçik məsələlərin və cəhdlərin arxasınca qaçdığı məlumdur. Burada diqqətçəkən məqam Rusiyanın nə istədiyidir.

İrəvan küçələrində addımlayan hərbi texnika arasında diqqətçəkən məqam “İsgəndər-M” raket kompleksi idi. Bu, “Rusiya ən güclü silahlarından olan raket-kompleksini Ermənistana verib?” sualını yaratdı.

“İsgəndər - M”: Bu raket Rusiya hərbi sənayesinin ən son yeniliklərindən sayılır. 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər-M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz.
Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İsgəndər-M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil.
Belə bir silahın Ermənistana verilməsi bölgədə güc balansının tamamilə dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi maneələrin yaranması deməkdir.

Lakin Rusiya doğrudanmı “İsgəndər-M”-i Ermənistana verər?

1. Rusiya kimi silah istehsalçısı olan ölkələr öz ordularını tam təchiz etmədən yeni silahı, xüsusilə, qlobal güclərə qarşı hazırlanmış “İsgəndər-M” kimi silahı başqa ölkəyə satmırlar. Rusiya müdafiə naziri Sergey Şoyqu “İsgəndər-M” raket-kompleksinin istifadəyə verildiyi vaxt – təxminən üç il öncə bildirdi ki, 2018-ci ilə qədər Rusiyanın bütün raket briqadaları bu texnika ilə silahlandırılacaq. Yəni Rusiyanın öz ordusu tam təchiz edilmədən bunu Ermənistana verməsi ehtimalı görünmür.
Dünya təcrübəsinə görə, hər bir ölkə yeni istehsal etdiyi silahın müəyyən müddətə satışını qanunla qadağan edir. Bu müddət adətən 5-10 il arasındadır. Misal üçün, Rusiyanın özündə 2015-ci ildə hərbi parada çıxarılan “Armata-T” tankları 2016-cı ildən ümumi silahlanmaya daxil ediləcək və bu hərbi texnikanın 2020-ci ilə qədər satışı qadağan olunub. “İsgəndər-M” raketinin satışı da hələlik nəzərdə tutulmur.

2. Rusiya Ermənistana yeni silahları 200 milyon dollar kredit sazişi çərçivəsində verib. “İsgəndər-M” raketinin qiyməti isə olduqca bahadır. Raket kompleksinin ümumi qiyməti açıqlanmasa da, təkcə bir raketin qiyməti 2 milyon dollardır. Bu, kompleksin ümumi qiymətinin olduqca baha olduğu deməkdir.
***

Ortaya çıxan faktlar paradda nümayiş olunan “İsgəndər-M”-in Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından gətirildiyini sübut edir.

Sentyabrın 21-də 102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov və Oleq Vladimiroviç tərəfindən sosial şəbəkələrdə paylaşılan fotolarda bu, öz əksini tapırdı.

Sentyabrın 22-də Arman Manukyan adlı erməni istifadəçinin paylaşdığı da buna əlavə sübut idi. Manukyan deyir ki, o, paradda Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik leytenant rütbəli şəxsin söhbətinə şahid olub. Polis və polkovnik hərbi texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışırmışlar. Yayılan məlumatlara görə, Qaltsyan Ermənistan silahlı qüvvələrinin hərbi texnika idarəsinin rəis müavinidir.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də “İsgəndər” raketlərinin Ermənistana məxsus olmadığını bildirib.
Həmçinin Karen Karapetyan adlı erməni ekspert öz müsahibəsində bu oyunun Ermənistan rəhbərliyi tərəfindən erməni xalqını anti-Rusiya fikrilərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış erməni xalqını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

Ermənistan hakimiyyəti həm daxili, həm də xarici mesaj vermək üçün yalan danışır. Bura qədər hər şey aydındır. Lakin Rusiyanın hərbi parada “İsgəndər-M” raket kompleksini gətirməsinin səbəbi nədir? Rusiya ən güclü silahlarından olan bu texnikanı İrəvan küçələrinə çıxarmaqla nə mesajı verir?

a) Bu, hər şeydən əvvəl “rədd olsun Rusiya” qışqıran erməniləri susdurmaq və Kremlin İrəvanda qurduğu hakimiyyətin dayaqlarını möhkəmləndirməkdir.

b) Aprel müharibəsi göstərdi ki, Azərbaycan ərazilərini azad etmək üçün istənilən vaxt silaha əl ata bilər. Bu isə bölgədə tarazlığın pozulması və Rusiyanın regiona dair planların alt-üst olması deməkdir. “İsgəndər-M” silahlarının İrəvan küçələrinə çıxarılması Azərbaycana “müharibəni rəfə qaldır” mesajıdır.

c) Burada rusların silah biznesindəki maraqları da ola bilər. Sirr deyil ki, Azərbaycan Rusiya istehsalı olan silahları alır. Əgər Ermənistana verilən silahlar ya pulsuz, ya da çox aşağı qiymətə olursa, Azərbaycan Rusiyadan silahı bazar qiymətinə uyğun alır. Hesab etmək olar ki, Moskva “İsgəndər-M”-i Ermənistanda nümayiş etdirməkdə məqsədi Azərbaycanın da bu silahdan sifariş verməsini, yəni Rusiyanın hərbi kompleksinin əlavə pul qazanmasını təmin etməkdir.

Rusiyanın səhvi: Azərbaycan bu ölkə ilə dost münasibətlərə üstünlük verir. Qərb Rusiyaya sanksiya tətbiq edən zaman rusların köməyinə çatan ilk ölkə Azərbaycan oldu və sanksiyalar qarşısında duruş gətirərək, bu günə çıxmalarında müəyyən rol oynadı. Ermənistana “stavka” etmək Azərbaycanın alternativ siyasətə keçməsinə səbəb ola bilər. Hansı ki, bunun özü də Rusiyanın regiondakı maraqlarına ziddir. Rusiya bu addımı ilə həm də Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı vasitəçilik missiyasını zərbə altına salır.

Bundan sonra hansı siyasətin izləniləcəyi maraqlıdır: Ermənistan üstünlük qazandığını hesab edərək, hərbi ritorikanı artıracaq (xarici işlər nazirinin müavini Savarş Koçaryanın paraddan bir gün sonra “biz müharibəyə hazırıq” açıqlaması artıq bunun başlandığını göstərir); rəsmi Bakının bu ritorika qarşısında susmayacağı dəqiqdir; bu isə bölgədə yeni müharibə riskini artıra bilər; yeni müharibə heç də Rusiyanın maraqlarına uyğun deyil.
Rusiya bu addımı ilə təhlükəli sulara ayaq basdığını anlamalıdır.


--------------------------------------------------------

Qarabağ üçün “rus tələsi”: “sülhməramlı planı”nın pərdəarxası                                            13 Aprel 2016 /18:00


Qarabağda baş verən “dördgünlük müharibə”dən sonra tərəflər yenidən masa ətrafına qayıtdı. Rusiyanın təşəbbüsü ilə baş tutan atəşkəsdən sonrakı danışıqların şərtlərini də Moskvanın diktə etdiyi görünür. Rusiyanın irəli sürdüyü şərtlər prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır.

- Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın dəhlizi istisna olmaqla qaytarılır.
- Azərbaycanlı qaçqınlar qaytarılan rayonlara qayıdırlar.
- Dağlıq Qarabağa sülhməramlılar yerləşdirilir.
- Bundan sonra status məsələsi üzərində müzakirələr başlayır.

Bu prinsiplər 2011-ci ilin 24 iyun tarixində Rusiyanın həmin dövrdəki prezidenti Dmitri Medvedevin prezidentlərin Kazanda təşkil etdiyi görüşdə müəyyənləşdirilmişdi. Lakin sonrakı dövrdə danışıqlar yenə dalana dirəndi.

Medvedevin təklif etdiyi həll variantının reallaşmamasından sonra münaqişə ilə bağlı real danışıqlar faktiki olaraq mövcud deyildi. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Moskvada keçirilən MDB XİN rəhbərlərinin görüşündən sonra “Əgər həqiqəti demək lazımdırsa, son beş ildə danışıqlar praktiki olaraq aparılmırdı” deyə bildirdi. (http://publika.az/p/131847).

Danışıqlar prosesinin dayandırılmasında əsas faktor Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və dialoq mühitini pozmasıdır. Eyni zamanda, “Kazan variantı” olaraq irəli sürülən prinsiplərdə rəsmi Bakının qəbul etməyəcəyi sülhməramlı faktorunun olması da İrəvana danışıqlar prosesini uzatmaq imkanları yaradır.

Son beş ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı ən real təklifin “Lavrov planı” olduğunu deyə bilərik. Hansı ki, bu müddət ərzində prezidentlərin bir neçə görüşü baş tutmuşdu. Bu təmaslar həm Rusiya, həm də Qərb tərəfindən gerçəkləşdirilmişdi. Sonuncu təmas isə 2015-ci ilin dekabrında Berndə oldu. Bütün danışıqların sadəcə görüntü xarakteri daşıdığı da məlumdur. Rəsmi Bakı da bunu dəfələrlə dilə gətirib.

Ötən il Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı və İrəvana dalbadal səfərindən sonra “Lavrov planı” gündəmə gəldi. Bu, həmin vaxt rəsmi təsdiqini tapmasa da Rusiyanın münaqişəyə dair planlarının olduğu haqda informasiyalar yayılırdı. Xüsusilə Rusiya mediası planın detallarını açmışdı. 2016-cı ilin 26 yanvar tarixində Moskvada brifinq keçirən S.Lavrov “Rusiya 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda hansısa yeni sənədin qəbulu ilə bağlı təşəbbüs irəli sürməyib. Heç bir “Lavrovun sənədi”ndən söhbət belə gedə bilməz, ümumiyyətlə, belə bir şey mövcud olmayıb” deyə yazılanları təkzib etdi.

Qarabağda “dördgünlük müharibə”dən sonra isə “Lavrov planı”nını gerçək olduğu bəlli oldu. Hətta Azərbaycan Prezidenti İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında Sergey Lavrovun konstruktiv təkliflərlə çıxış etdiyini, Ermənistanın isə təxribatçı addımlarla prosesi pozduğunu aydın şəkildə ifadə etdi.

E. Məmmədyarov da Rusiya KİV-inə açıqlamasında “Sergey Lavrov ötən ilin yayında əsasən Madrid prinsiplərinə istinadən öz təkliflərini irəli sürdü” deyə bildirib.

“Kazan variantı” ilə “Lavrov planı”nın oxşar və fərqli cəhətləri

Hər iki variantın oxşar tərəfi bölgəyə sülhməramlıların yerləşdirilməsi, fərqli tərəfi isə Qarabağ ətrafındakı yeddi rayonun qaytarılmasıdır. Belə ki, “Kazan variantı”nda Laçın dəhlizi istisna olmaqla ətraf rayonlar qaytarılırsa, “Lavrov planı”nda isə yeddi rayondan yalnız 5 qaytarılır. Laçın və Kəlbəcər rayonu isə sonrakı mərhələdə azad olunur. İddialara görə, “Lavrov planı”nda iki rayonun taleyi 2 mühüm amilə görə gecikdirilir.

1. Rəsmi Bakı sülhməramlıların yerləşdirilməsinə razı olur.
2. Beş rayon qaytarıldıqdan sonra Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olur. Bundan sonra iki rayon qaytarılır.

İkinci amil daha çox iddialardan ibarətdir. Lakin “dördgünlük müharibədən” sonra danışıqların sıxlığı ümidlər yaratsa da, hazırda müşahidə olunan səngimələr bu iddia haqda da ehtimalları gücləndirilir.

Rusiyanın “Madrid prinsipi”nə istinadı

Münaqişə yaranandan bu günə qədər Moskva bu məsələdə təşəbbüsü heç kimə verməyib. Bunun Rusiyanın regional maraqları baxımından özünəməxsus səbəbləri var. Burada diqqət çəkən Moskvanın irəli sürdüyü təşəbbüslərdə “Madrid prinsipi”nə istinadıdır.

2007-ci ilin noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyanın İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə “Madrid prinsipi” adını almış həll variantı qəbul olunub.

Bu prinsiplərə görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, daha sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu müəyyən olunur. Bu həll variantında sülhməramlıların Qarabağa yerləşdirilməsi kimi heç bir fikir yoxdur. Digər tərəfdən, “Madrid prinsipi”nin alt-bazası hesab olunan nə “Paket həll”, nə “Ümumi dövlət”, nə də “Mərhələli həll” variantlarının heç birində sülhməramlı məsələsi yer almayıb. Əslində 1994-cü ildə Azərbaycan tərəfinin nümayəndəsi kimi Bişkekdə atəşkəsin imzalanmasında iştirak edən Afiyəddin Cəlilovun protokola imza atmadan Bakıya dönməsinin səbəblərindən biri də məhz sülhməramlıların bölgəyə yerləşdirilməsi şərti idi. Daha sonra Heydər Əliyev A. Cəlilovun ardınca Bakıya gələn Minsk qrupunun rusiyalı həmsədri Kazimirovun üstünə məhz bu şərtlərə görə qışqırmışdı. Həmin vaxt rəsmi Bakı qondarma “DQR”-in danışıqlarda tərəf kimi göstərilməsi ilə yanaşı, sülhməramlı məsələsinin də qarşısını almağı bacardı. Lakin görünür, bu məsələ hələ də Rusiya tərəfindən gündəmə gətirilir.

“Sülhməramlı” faktorunun gündəmə gətirilməsi

1994-cü ildə Heydər Əliyevin qəbul etmədiyi sülhməramlı məsələsi bir də 14 il sonra – 2008-ci il noyabrın 2-də Rusiya tərəfindən yenidən gündəmə gətirilir. Həmin tarixdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı Moskva bəyannaməsində tərəflərə elə ilk bənddə tövsiyə olunur: təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi.

Bu gün gündəmə gələn “Kazan variantı” və “Lavrov planı”nda da eyni məsələ əsas kimi irəli sürülür. Hətta rus politoloqları israrla “Madrid prinsipi”ndə də sülhməramlıların yerləşdirilməsi faktorunun olduğunu deyirlər. Lakin bütün sənədlər ortadadır və rəsmi Bakı indiyə qədər “sülhməramlılar” ifadəsinin olduğu varianta razı olmayıb. Əslində 2011-ci ildə Medvedyev formulu adını alan “Kazan variantı”nın, eləcə də 2015-ci ildə “Lavrov planı” adını alan təkliflərin gerçəkləşməməsinin əsas səbəblərindən biri də budur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, yoxsa tələ

20 ildən sonra ən azı 5 rayonun qaytarılması və münaqişədə ciddi irəliləyişə səbəb olacaq “Rusiya təklifləri”nin Bakı tərəfindən qəbul olunmaması ilk olaraq suallar yarada bilər? Lakin söhbət Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan birdəfəlik əl çəkməsi perspektivindən gedir.

- Sülhməramlıların yerləşdirilməsi (bu hətta BMT sülh missiyası olsa belə) Ermənistana Qarabağda işğalçı siyasətini davam etdirmək imkanı yaradacaq.

- Müharibə ilə işğal olunan torpaqların geri qaytarılması üçün hərbi variant məhdudlaşdırılacaq.

Bu, Azərbaycanın Dağlıq Qarabağın itirilməsi ilə birbaşa razılaşması deməkdir.
Sülhməramlı məsələsində Rusiyanın israr etməsi isə xüsusi diqqət çəkir. Hesab etmək olar ki, Moskva regiona təsir imkanlarını genişləndirmək üçün münaqişənin uzun müddətli qalmasında maraqlıdır. Bunun üçün öz qoşunlarını sülhməramlı adı altında Qarabağa yerləşdirmək istəyir. Azərbaycan faktiki olaraq torpaqlarını azad etmək üçün Ermənistanla yox, Rusiya ilə üz-üzə qalır.

İki presedent bu variantın nə qədər təhlükəli olduğunu sübut edir.

1. Rusiya əsgərləri sülhməramlı adı altında Moldovanın Dnestryanı bölgəsində yerləşdirilib və bu gün rəsmi Kişinyov ərazi bütövlüyünün bərpa etmək üçün bölgədəki separatçılarla deyil, Rusiya ilə üz-üzə qalıb. Bu faktiki olaraq Dnestryanı münaqişənin Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmamasının başlıca səbəbidir.

2. Abxaziya və Cənubi Osetiyada da analoji vəziyyət hökm sürür. 2008-ci il müharibəsindən sonra Gürcüstandan qopardılan bu bölgələrdə rus əsgərləri sülhməramlı adı altında yerləşdirilib və bu, avtomatik olaraq rəsmi Tiflisi Moskva ilə üz-üzə gətirib.
Maraqlıdır ki, beynəlxalq ictimaiyyət qəbul etməsə də, hər iki presedentdə Rusiya öz əsgərlərinin həmin bölgələrdə sülh yaratmaq missiyasına xidmət etdiyini əsas gətirir. Qeyd edək ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün beynəlxalq mandat almaq lazımdır. Bu mandatı da BMT, yaxud Avropa İttifaqı kimi qurumlar verə bilər. Lakin faktiki olaraq Rusiya iki bölgədə - Dnestryanı və Cənubi Osetiya-Abxaziyada beynəlxalq mandat almadan öz qoşunlarını saxlayır.

Ən azı bu iki presedent Qarabağ münaqişəsinin həllində sülhməramlı faktorun inkar edilməsinə əsas yaradır. Hazırda rəsmi Bakı bu faktoru qəbul etməyərək, doğru yol seçib. Hazırki real situasiya isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların yenidən dalana dirənməsinə aparır.


Asif,
PUBLİKA.AZ  &  VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.