25 Eylül 2016 Pazar

DÜNYADA YENİ "SAVAŞ"

İRİ DÖVLƏTLƏRİN QIZIL QARŞIDURMASI
Tarix: 23 Sentyabr 2016 / 12:15


İqtisadiyyata inamın azalması fonunda qızlın unsiyasının 2016-cı ilin sonuna qədər 44% bahalaşaraq 1900 dollara yüksəlməsi gözlənilir.

Publika.az-ın xəbərinə görə, qızıl sənayesinin tanınmış nümayəndəsi Robert Mak Even bildirir ki, dünya valyutalarında və qiymətli kağızlarında olan qeyri-müəyyənlik nəticəsində qiymətli metal 1700-1900 dollar diapazonuna yüksələcək. Onun fikrincə, minimal səviyyə hətta mənfi olan istiqraz faizləri investorları alternativ aktiv axtarışına yönəldib. Belə bir vəziyyətdə ən risksiz maliyyə aləti olan qızıla yatırım edənlərin sayı getdikcə artmaqdadır.
Mak Even onu da qeyd edib ki, qızıla yatırım həmişə digər alternativ aktivlərlə müqayisədə az olub, çünki bu alətin gəlirliliyi az olur. Amma indi mənfi faizlərin hökm sürdüyü şəraitdə qızıl ən yaxşı və risksiz yatırım vasitəsidir.
Nəzərə çatdıraq ki, son illər Mərkəzi Bankların çoxunun yürütdüyü siyasətdə qızıla investisiyalar üstünlük təşkil edir. Ekspertlər hesab edir ki, Mərkəzi Bankların inflyasiyanı yüksəltmək istiqamətində səyləri davam etdikcə, qızılın qiyməti bahalaşmaq məcburiyyətindədir: “Dünyadakı bütün Mərkəzi Banklar inflyasiyanı dəstəkləyirlər. Lakin hədəfə çata bilmirlər. Mərkəzi Banklar borclarını artırdıqlarından deflyasiyaya icazə verməyəcəklər. İnflyasiyanı yüksəltmək istiqamətində səyləri davam edəcək”.
Məlum olur ki, ABŞ (FES), İngiltərə (BoE), Avropa (ECB), eləcə də Yaponiya Mərkəzi Bankı (BoJ) iqtisadi artımı canlandırmaq üçün bazarlara milyardlarla dollar likvidlik veriblər. Bununla da faizləri aşağı səviyyədə saxlayıblar. Amma yenə də inflyasiya rəqəmləri pul siyasətini həyata keçirənlərin hədəfindən çox-çox uzaqdır. Ekspertlərin fikrincə, bu vəziyyət  qızılın işinə yarayır. Beynəlxalq birjalarda qızılın qiyməti yüksəlməkdə davam edəcək. 
Onlar düşünürlər ki, qiymətlər yüksəlişə keçdikdən sonra qızıl satın almaq çox çətin olacaq. Bu səbəbdən də qızıl almağın tam zamanıdır.
Hazırda investorlara portfellərinin 10 faizini qızılda saxlamaq məsləhət görülür. Nəzərə alsaq ki, son zamanlar maliyyə sehrbazı Corc Soros, eləcə də məşhur sərmayəçi Bill Qross qızıla yatırımları artırıblar, bu gün qızıl alanlar sabah yanılmayacaqlar.

Bu arada onu da vurğulayaq ki, dünya üzrə bankların qızıl rezervləri 50  min ton təşkil edir. Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən böyük həcminə - 20 min 205 tona çatıb. Növbəti illərdə dolların stabilləşdirilməsi məqsədilə qızıldan aktiv istifadə olunduğu üçün onun həcmi 2 dəfəyə qədər azalıb. Hazırda ABŞ 8 min 133 ton qızıl ehtiyatı ilə dünyada ən böyük qızıl fonduna malikdir. Daha 60 ölkənin qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.

Siyahıda ikinci yeri Almaniya tutur. 1951-ci ildən özünə qızıl ehtiyatı toplamağa başlayıb. 1968-ci ildə ehtiyatlar ən yüksək həddinə - 4 min tona çatıb. İndi bu göstərici 3384.2 tona qədər azalıb. Maraqlıdır ki, Almaniyanın qızıl ehtiyatlarının 70 faizi ABŞ Federal Rezerv Bankında, Londonda yerləşən İngiltərə bankında və Parisdəki Fransa bankında yerləşir. 
İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi durum İtaliya hakimiyyətini qızıl ehtiyatından istifadə etməyə sövq edirdi. Buna baxmayaraq, Ümumdünya Qızıl Şurasının son məlumatları İtaliyanın dünyada ən böyük 3-cü qızıl ehtiyatına malik olduğunu göstərir.

Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük qızıl ehtiyatı yaradıb. 1965-ci ildə rəsmi Paris 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın qızıl ehtiyatı çox olan 4-cü dövlətidir. Fransızlar 3-cü pillədəki İtaliyadan 16 ton geri qalırlar. Qeyd olunmalıdır ki, əksər ölkələrdən fərqli olaraq, Fransa öz qızıl ehtiyatlarını ABŞ Federal Rezerv Bankında saxlayır.

Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 1,149 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.

Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir:

 6. Çin – 1,054,1 t
 7. İsveçrə - 1,040 t
 8. Yaponiya – 765,2 t
 9. Hollandiya – 612,5 t
10. Hindistan – 557,7 t
11. Türkiyə - 529,1 t
12. Tayvan – 423,6 t
13. Portuqaliya – 382,5 t
14. Venesuela – 367,6 t
15. Səudiyyə Ərəbistanı – 322,9 t
16. Böyük Britaniya – 310,3 t
17. Livan – 286,8 t
18. İspaniya – 281,6 t
19. Avstriya – 280 t
20. Belçika – 227,4 t

Dünyada ən çox qızıl istehsal edən ölkələrə gəlincə, ilk onluq belədir:

Çin - 370.000 kq
Avstraliya – 250.000 kq
ABŞ - 230.000 kq
Rusiya – 205.000 kq
Cənubi Afrika Respublikası - 170.000 kq
Peru - 165.000 kq
Kanada – 102.000 kq
İndoneziya – 95.000 kq
Özbəkistan - 90.000 kq
Qana – 89.000 kq

Sonda onu da qeyd edək ki, qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Qızıl sadə vətəndaşlarında da yığımı ola bilər.


İqtisadiyyat şöbəsi,
PUBLİKA.AZ & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.