7 Mayıs 2013 Salı

ŞUŞA : TƏSLİMƏ BİR GÜN QALIR



Şuşa həbsxanasındakı məhbusları son dəqiqədə azadlığa kim buraxdı?

Şuşanın işğalı ilə bağlı ANS-in silsilə süjetləri davam edir. 1992-ci il mayın 7-si tarixində baş verən bir məqama diqqəti çəkmək istəyirik. Həmin gün Ermənistan qoşun hissələri küçə döyüşlərinin ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdi. Amma sonradan şəhərin boş olduğuna əmin olan Ermənistanın hərbi qüvvələri iki gün sonra Şuşa şəhəri üzərində qələbələrini bayram etməyə başlamışdılar. 

Şuşanı müdafiə edən üç tankçıdan biri Albert Aqarunov. Əlbəttə, onun işi müsahibə vermək deyildi, o müsahibə verməyi düşmənin dərsini vermək qədər mükəmməl bilmirdi. 

Mayın 8-i Şuşaya girən erməni tankını da Albert belə məhv edəcək, sonra özü də məhv olacaqdı. Amma hələ yaşamaq və döyüşmək üçün ixtiyarında 1 gün daha var. Hələ mayın 7-sidir. Ermənilər gecə saat ikiyə işləmiş artilleriya silahlarından atəş açmaqla hücuma keçəcəklər, bunu isə nə Albert bilir, nə də onun döyüşçü yoldaşları. Bunu heç ölkənin başında duran birinci şəxs də bilmir. Bilsəydi, ali baş komandan Yaqub Məmmədov mayın 7-si səhər saat 9-da Ter Petrosyanla görüş üçün İran prezidenti Rəfsəncaninin kabinetində olmazdı, səngərdə, ən pis halda əmr vermək üçün kabinetində olardı. Amma o, Rəfsəncaninin kabinetində düşmən tərəfi ilə danışıqlar aparır, atəşkəslə bağlı hansısa sənədə imza atır. Maraqlıdır ki, danışıqlar mayın 7-dən 8-nə keçən gecə də davam edib. Görünür, bu da Arkadi Ter Todevosyanın “Dağlarda toy əməliyyatı”nın tərkib hissəsi idi. Ermənistan prezidentini Azərbaycan prezidenti ilə üçüncü bir ölkədə danışıqlar stolu arxasında oturtmaqla meşə tülküsü öz ovunu tora salmağı bacarır. Danışıqlardan çox yox, cəmi üç saat sonra erməni tərəfi Şuşaya hücuma keçəcək. Bunun üçün artıq əngəllər də aradan qaldırılır. Hansısa mötəbər qonağın gəlişi adı altında Şuşa -Stepanakert yolu minadan təmizlənir. Ya da əvvəldən təmizləndiyi halda, ortaya belə bir şayiə buraxılır. 

Şuşa döyüşçüsü Azay Kərimov: “Mayın 7-si həmin minalanmış ərazi ilə Qırmızı Xaçın nümayəndəsi gəlib qayıtmışdı. Hələ Turşsuda onlara yemək-içmək də verilmişdi”.

1992-ci ilin mayında Şuşanın İcra başçısı Nizami Bəhmənov: “Şuşanın taleyi həmin o əmrlə bağlıdır. Məhkəmə prosesində Elbrus Orucov təsdiq elədi. Şahin Musayev tərəfdən əmr verilib, Rəhim Qazıyev tərəfdən təsdiq olunub”. 

Hər halda, mayın 7-si Şuşa təslimə tam hazır idi. 1 gün sonra Şuşanın bütün maddi-mənəvi sərvətləri ermənilərə qalacaq. Bəs Şuşa banklarına Şuşanın müdafiəsi üçün ayrılmış milyonlarla manat necə? Hansı ki, ANS-in əməkdaşları Şuşaya gedərkən o pulun üstündə, necə deyərlər, yatıb getmişdilər. 

Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayev: “Aprel ayında biz yolda bir maşın tutmuşduq. Bu yük maşını idi. Onun kuzasında Şuşaya getmişdik. Bu yük maşını ilə 15 milyon Şuşaya aparıldı. Biz bunu çəkmişik. Mən və Mirşahin bu pulun üstündə uzanıb Şuşaya girmişik. Yəni, fiziki olaraq bu pul vardı. Hansısa kağız üzərində avizo deyildi”. 

O pulların aqibəti necə oldu? Bəs Şuşa həbsxanasındakı bu məhbusların aqibəti necə? Onları son dəqiqədə azadlığa kim buraxdı? Bəs Şuşanın azadlığını itirməsinə neçə saat, neçə dəqiqə qalır? Bunu və başqa məqamları sabah - Şuşanın işğal günündə əhatə etməyə çalışacağıq. 

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.