ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya səfəri bu gün dünyanın bir nömrəli müzakirə mövzularından sayılır. Ekspertlərin səfərin yekunlarına dair fikirləri müxtəlifdir. Bəziləri iki dövlət arasındakı gərginliyə bu səfərlə son qoymağın mümkün olmadığını düşünsə də, digərləri Kerrinin səfərinin bir sıra geosiyasi razılaşmalara gətirib çıxaracağını hesab edir. Politoloq Vəfa Quluzadəyə də ilk sualımız məhz səfərin yekunlarını necə proqnozladırdığı ilə bağlı oldu:
- Əslində bu səfərin yekunlarını dünyada baş verənlərə diqqət yetirərək əvvəlcədən proqnozlaşdırmaq olardı. Rusiya artıq super dövlət deyil, amma böyük regional bir dövlətdir. Ona görə Rusiya ilə ABŞ ümumdünya problemlərində dil tapmağı bacarmalı idilər. Hazırda Rusiya ABŞ-a Əfqanıstanda kömək edir. Indi məlum olur ki, Rusiya ilə ABŞ Iran, Suriya və Hizbullaha qarşı da birgə mövqelərdən çıxış edəcəklər. Artıq Suriya ilə bağlı razılıq əldə olunub. Çünki Suriya Israil üçün bir dövlət kimi təhlükə baxımından sıradan çıxıb. Gələcək Suriya dövləti Qərbyönlü və Israil ilə sülh bağlayacaq bir dövlət olacaq. Rusiya Iran və Koreya məsələsində də belə görünür ki, ABŞ-la eyni mövqedən çıxış edəcəkdir. Şimali Qafqazda Amerika nümayiş etdirdi ki, Rusiyanı möhkəm narahat edə bilər. Şimali Qafqazın maliyyələşdirilməsi Rusiya dövlətini parçalaya bilərdi. ABŞ hələlik bu siyasətini dayandırıb. Eyni zamanda xaricdə olan çeçenlərə və dağıstanlılara münasibət dəyişir. Məsələn, bir neçə gün qabaq Dudayevin oğlu Latviyada həbs olunub. Həbsin səbəbi onun rus kəşfiyyatından qaçan çeçenlərin xarici ölkələrə səfər edə bilmələri üçün Latviya pasportları aparması olub. O indiyə qədər niyə tutulmurdu? Çünki artıq siyasət dəyişib. Bundan başqa Kerri və Obama Bostondakı partlayışın araşdırılmasına, Rusiya kəşfiyyatının yardımlarına görə Putinə təşəkkür etdilər. Belə görünür ki, ABŞ Şimali Qafqazdan tamamilə çəkilir və dəstək verdiyi qüvvələr bundan sonra bu dayaqdan məhrum olacaqlar. Rusiya Şimali Qafqazda artıq öz siyasətini yürüdə biləcək. Cənubi Qafqazda isə ABŞ, Türkiyə və Rusiyanın maraqları birgə təmin ediləcək.
- ABŞ-la Rusiya arasında Azərbaycanla bağlı hansı danışıqlar aparıla bilər?
- Hazırda Cənubi Qafqazla da bağlı ciddi müzakirələr gedir. Mətbuatda tez-tez belə fikirlər səslənir ki, vaxtıyla Azərbaycanın hazırkı hakimiyyəti iqtidara gələndə ABŞ, Türkiyə və Rusiya onu dəstəkləyib. Indi bu üç dövlət aralarında kompromat müharibəsinə başlayıblar. Istisna deyil ki, Cənubi Qafqazla bağlı ABŞ-la Rusiya bir razılığa gələcəklər. Bu razılaşma belə ola bilər ki, regionumuzda Türkiyə, ABŞ və Rusiyanın milli maraqları təmin edilsin. Yəni bu üç dövlətdən heç biri təkbaşına Cənubi Qafqaza nəzarət etməyəcəklər. Proseslərin sonrakı gedişini izləmək lazımdır. Hələlik baş verənlərin konkret nəylə bitəcəyini söyləmək olmaz.
- Iran ətrafında maraqlı proseslər baş verməkdədir. Iran bu günlərdə fars körfəzində hərbi təlimlər keçirib. Eyni zonada ABŞ da 41 ölkənin iştirakı ilə təlimlər reallaşdırıb. Baş verən prosesləri necə dəyərləndirirsiniz?
- Bu, sözsüz ki, güc qarşıdurmasıdır. ABŞ Irana öz gücünü göstərir. Iran isə addımları ilə döyüşsüz təslim olmayacağını bəyan edir. Bu iki dövlət arasında vəziyyət kövrək olaraq qalır. Digər tərəfdən Iranla müharibə başlasa, bu region üçün böyük fəsad gətirəcək. Baş verə biləcəklərdən ən çox ziyan çəkən Azərbaycan ola bilər. Bir müddət əvvəl Rusiyanın Şimali Qafqaza qoşun yığmasının şahidi olduq. Rusiyanın narahatçılığının bir qismi də Iran ətrafında baş verənlərə yönəlmişdi. Bu müharibədə nüvə silahından belə istifadə oluna bilər. Ona görə hazırda Kerri ilə Lavrovun, daha sonra isə Putinlə Obamanın danışıqları önəmlidir. Iranın taleyi bu danışıqlardan asılı olacaq.
- Regionumuzda baş verən maraqlı proseslərdən biri də Azərbaycanla Iran ətrafında baş verənlərdir. Ramiz Mehdiyevin Irana səfəri və orada Qərb əleyhinə bəyanatlar verməsindən dərhal sonra azərbacanlı alim həbs olundu. Bu bir təsadüf idimi? Iran bu addımları ilə hansı mesajları vermək istəyir?
- Azərbaycanla Iran və ya Qərb əlaqələri rəsmi Bakıdan asılı deyil. Azərbaycan hakimiyyəti hazırda iqtidarda qalması uğrunda mübarizə aparır. Ona görə bu vəziyyəti görən və bilən Iran Azərbaycanın səmimiliyinə inanmır. Iran anlayır ki, Azərbaycan hazırda Tehranı neytrallaşdırmağa çalışır. Eyni zamanda Qərb, ABŞ, Rusiya Azərbaycanın hansı oyun apardığını və nəyin uğrunda mübarizəyə girişdiyini gözəl bilir. Bəlkə də bu dövlətlər öz planlarında regionun gələcəyini yazıb və ortalığa qoyublar. Sadəcə olaraq biz bu planı hələlik oxuya bilmirik. Biz deyure müstəqilik, amma defakto görün neçə qüvvədən asılıyıq. Azərbaycanın yerləşdiyi region olduqca həssasdır. Ona görə Azərbaycan tarixdə çox əzablar görüb. Yalnız Rəsulzadənin dövründə Azərbaycan qısa müddət müstəqil olub. Bundan əvvələr Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olub.
- Ümumiyyətlə, Azərbaycanın konfidensial danışıqlarının mətbuata çıxarılması Ramiz Mehdiyevin səfərində olduğu kimi Elmar Məmmədyarovun Israilə səfəri zamanı da baş vermişdi. Düzdür, Azərbaycan tərəfi Iran mətbuatının yazdıqlarını sonradan təkzib etdi. Amma bununla belə bu halların dəfələrlə təkrarlanması nəyin görsənişidir?
- Bu tendensiya xarici dövlətlərin bizimlə hesablaşmamağını göstərir. Iran bizimlə hesablaşmır və Azərbaycanın tam anti-Qərb siyasətinin mümkünlüyünə inanmır. Israilə gəlincə isə Tel-Əviv Azərbaycandan tam istifadə etmək niyyətindədir. Israil Azərbaycanın Iranla normal münasibətlərdə olmasını istəmir. Israilin marağındadır ki, Iranla rəsmi Bakının münasibətləri gərgin olsun. Bu Azərbaycanın deyil, Israilin marağıdır. Indi baxın Azərbaycan maraqlarına nə dərəcədə sahib çıxa bilir.
- Saakaşvili Azərbaycana budəfəki səfərində də Rusiyanın ünvanına sərt bəyanatlar səsləndirdi. Ötən səfəri zamanı səsləndirdiyi fikirlər hakimiyyətin böyük narahatlığına səbəb olmuşdu. Sizcə, Gürcüstan prezidentinin bu israrı nədən xəbər verir? Nədən o, hər dəfə məhz Azərbaycandan Rusiyaya mesajlar ünvanlayır?
- Saakaşvili Amerikanın əleyhinə bəyanatlar verməyə qorxur. Saakaşvilinin hakimiyyətdən getməsində ABŞ-ın rolu oldu. Bunun da öz səbəbləri var idi. Bu məsələdə Rusiya ilə ABŞ-ın mövqeyi üst-üstə düşdü. Saakaşvili sadəcə olaraq əvvəlki siyasi kursuna uyğun olaraq Rusiyanı hədəf alır və Moskvanın əleyhinə bəyanatlar verir.
- Ərdoğan Bəşər Əsədi qəssab prezident adlandırıb və bildirib ki, Əsədin ölümü əzablı olacaq. Ərdoğan Əsədin Qəddafinin taleyini yaşayacağını düşündüyünü də gizlətməyib. Regionun nüfuzlu dövləti tərəfindən belə bir sərt açıqlama necə yozulmalıdır?
- Ərdoğan çox haqlı olaraq Əsədi qəssab adlandırıb. Əsədin oynadığı siyasi oyun suriyalıların həyatı bahasına baş verir. Əsəd gərək əvvəlcədən anlayardı ki, Qərb onun hakimiyyətinin getməsini istəyir və Rusiya ilə Çin onu iqtidarda saxlaya bilməz. Rusiyaya gəldikdə isə dərin düşündükdə Moskvanın maraqları Əsədlə deyil, ABŞ-la üst-üstə düşür. Əgər Rusiya keçmiş sovet ittifaqı olsaydı, sona qədər Əsədin arxasında dayanardı. Amma Əsəd onu hesaba almayıb ki, SSRI çöküb. Əsəd hələ də bu reallığı başa düşməyib. Əsəd hazırda nə qədər qəribə də olsa, Rusiya və Irana arxalanaraq, xalqı qırğına verir.
- Maraqlı proses ondan ibarətdir ki, diktatorlar bir-birinin ardınca hakimiyyətdən getsələr də, heç biri sələfindən nümunə götürmür. Hər bir diktator sona qədər dəyişikliklərə müqavimət göstərir və Qərbə qarşı bəyanatlar səsləndirir?
- Son zamanlar devrilən diktatorlardan Hüsnü Mübarəki ayırmaq lazımdır. Çünki o, Qəddafi və hazırda Əsəd kimi qan tökməyib. Hüsnü Mübarəkin situasiyasında ABŞ əvvəlcə onun hakimiyyətdə qalmasında maraqlı idi. Amma sonradan ölkədə stabilliyə təhlükə yarandığından başqa yol tutuldu. Misirdə elə vəziyyət yarandı ki, hakimiyyəti güc yolu ilə saxlamaq mümkün olmadı. Ona görə ABŞ “müsəlman qardaşları” ilə əməkdaşlıq etdi. Liviyada isə durum tam başqa cür idi. Qəddafi vaxtı ilə ABŞ-ın sərnişin təyyarəsini vuran zaman buna görə nə zamansa cavab verəcəyini bilməli idi. Qəddafi ABŞ-la bir müddət əməkdaşlıq etsə də, onun yürütdüyü siyasət sonunun bu cür olmasına gətirib çıxardı.
- Diktatorların zamanında reallıqları anlaya bilməməsi və sona qədər mübarizə aparmaq niyyəti nədən irəli gəlir?
- Görünür diktatorlar da “ümid sonuncu ölür” prinsipini əsas götürürlər. Onlar ümid edirlər ki, hakimiyyətdə qalacaqlar. Bu avtoritarların, diktatorların xislətidir.
- Azərbaycan kifayət qədər gərgin bir dönəmə qədəm qoyur. Beynəlxalq təşkilatlar Azərbaycanda ölkədə real islahatlar keçirilməsini tələb edirlər. ABŞ Dövlət Departametinin son hesabatında, dövlət katibinin müavini Melianın, Avropa Birliyinin komissarı Fülenin səfəri zamanı Azərbaycan sərt tənqid olunub. Son zamanlar Azərbaycana beynəlxalq diqqətin artması hansı perspektivlər vəd edir?
- Azərbaycan daxilində siyasi qüvvələr anlaşıqlıq göstərməlidirlər. Bu bir reallıqdır ki, Azərbaycanda xarici qüvvələrin razılığı olmadan qalmaq mümkün deyil. Ona görə bu xarici faktorlar nəzərə alınmalı və onlarla uzlaşılmalıdır. Əsas odur ki, ölkədə stabilik olsun və seçkilər də normal şəraitdə keçirilsin.
- ABŞ səfiri mətbuata açıqlamasında Qarabağ probleminin həllinə dair müəyyən fikirlərlə çıxış edib. O, bildirib ki, dövlətlər problemin həllində razılığa gəlməlidirlər. Eyni zamanda səfir “xalq diplomatiyasının” aktivləşdirilməsinə də eyham vurub. Bu mövqeyi necə qiymətləndirmək olar?
- Bəlkə də indiki mərhələdə “xalq diplomatiyasına” ehtiyac var. Çünki ermənilərin də danışıqlar prosesində və davranışlarında müəyyən dəyişikliklər var. Məsələn, ermənilər bir jest edərək bu il Şuşada hərbi parad keçirmədilər. Bəlkə də erməniləri başa salıblar ki, danışıqlar yolu ilə problemi həll etmək olar. Rusiya ilə ABŞ-ın əməkdaşlığı Qarabağ problemini hazırkı mərhələdə həll edə bilər. Mən bunu mətbuata heç zaman deməmişəm. 1999-cu ildə biz Ermənistanla saziş imzalamağa yaxın olarkən, bu təşəbbüsün arxasında ABŞ dayanmamışdı. Bu, Azərbaycanın təşəbbüsü idi. O zamankı dövlət katibi Madlen Olbraytla əlaqə saxlasaq da, o münaqişə tərəflərinin danışıqlarında iştirak etmədi. Nəticədə Ermənistan parlamentində atışma baş verdi və danışıqlar Rusiya tərəfindən pozuldu. Amma hazırda danışıqlarda ABŞ aktiv mövqe nümayiş etdirir və bu müəyyən ümidlər yaradır.
azadliq.info
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.