"Milyarderlər ittifaqı”nın rəhbəri Abbas Abbasovun prezident İlham Əliyevlə görüşündən sonra Rusiya-Azərbaycan münasibətlərindəki problemlərin aradan qalxacağı barədə ümidlər özünü doğrultmadı. Bakı ilə Moskva arasındakı gərginliyin artdığı barədə yeni məlumatların yayılması da buna sübutdur. 2013-cü ilin yayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla bağlı plan hazırlığına dair informasiyalar mətbuata da sızıb.
Rusiyada əllərində sanballı biznesi olan və siyasi elitada əlaqələrə malik iş adamları arasında yayılan şayiələrə görə, gələn ilin yayında Putin Azərbaycanda hakimiyyət dəyişikliyi planını işə salmağa hazırlaşır. Digər məlumata görə, Rusiyadan son vaxtlar azərbaycanlıların deportasiyası halları daha da artıb. Hakimiyyət düşərgəsindən gələn bilgilər də təsdiq edir ki, iqtidar daxilində Rusiya ilə bağlı ciddi narahatlıqlar hökm sürür. Bəs, Rusiya Azərbaycan hakimiyyətini dəyişə bilərmi?
Sabiq dövlət müşaviri Vəfa Quluzadə yayılan xəbərlərə ciddi yanaşmağın tərəfdarıdır: “Bu xəbərlər olmasa da, biz Rusiyanın niyyətlərini bilirik. Rusiya imperiyanı bərpa etmək, Gömrük İttifaqını formalaşdırmaq, Avrasiya İttifaqı yaratmaq kimi planlar qurub. Ancaq mən hesab edirəm ki, Rusiyanın nə bu ittifaqları formalaşdırması, nə də Azərbaycanda hakimiyyəti yıxması mümkün olacaq. Çünki Putin də özbaşına deyil, ondan da böyük və güclü qüvvələr var. Bununla belə, Azərbaycan özünü hər bir təxribatlardan müdafiə etməyə qadirdir”. V.Quluzadə hesab edir ki, bu cür şayiələrin yayılması psixoloji müharibənin bir hissəsidir: “Gərək biz bu mərhələdə əsəblərimizi soyuq saxlayıb hər cür situasiyaya hazırlıqlı olaq. Moskva şimaldan Azərbaycana qarşı əsgəri müdaxilə edə bilməz. O ki qaldı Qarabağ müharibəsinin yenidən başlanmasına, ermənilər bu məsələ ilə bağlı Qərbə baxır. Onlar Putinin sözü ilə Azərbaycanın gücünü bildikləri halda yenidən müharibəyə başlamaz”.
Rusiyanın ölkədəki azərbaycanlı miqrantları ölkədən çıxarması planına gəldikdə, sabiq dövlət müşaviri bu məsələdə həssas olmağa çağırdı və ciddi məsələyə toxundu: “Mümkündür ki, 300-500 azərbaycanlı çıxarılsın. Ancaq biz onları qəbul edərkən çox ehtiyatlı olmalıyıq. Araşdırmalıyıq ki, bunlar kimdir: Moskva tərəfindən hazırlanmış xüsusi təyinatlılardır, yoxsa doğrudan da sadə miqrantlar. Ola bilər ki, Rusiyanın hazırladığı xüsusi qruplar miqrant adı ilə xüsusi təyinatlı döyüşçü kimi bura gəlsinlər, terrorla məşğul olsunlar. O cür adamları yoxlayıb öyrənmək üçün xüsusi düşərgə yaratmaq lazımdır. Bizim regiondakı vəziyyətimiz xüsusi xidmət orqanlarını məcbur edir ki, bu cür hadisələrin hamısı üzərində ciddi düşünsünlər və əvvəldən qabaqlayıcı tədbirlər görsünlər. Özü də bu məsələlər gərək şəxsən prezidentin nəzarəti altında olsun. Prezident gərək hər gün nə iş görülübsə, onlarla şəxsən maraqlansın”.
Politoloq şimaldan gələn bütün informasiyalara həssas olmağı məsləhət görür: “Fakt budur ki, Rusiya imperiya olaraq qalır, demokratik dövlətə çevrilməyib və SSRİ-nin bərpası haqqında düşünür. Biz də öz müstəqilliyimizin qorunması haqqında çox ciddi düşünməliyik”.
E.PAŞASOY
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.