27 Aralık 2012 Perşembe

Famil Mehdinin oğlu: “Nazir Vaqif Novruzovun o sözündən sonra atam durub Milli Məclisə getdi...”

Böyük ziyalınnın iş otağında olarkən...

Bakı Dövlət Universitetində oxuduğum zaman birinci kursun ilk günləri idi. Hər gün yeni-yeni müəllimlərlə tanışlığımız bizlərdə fərqli təəssüratlar yaradırdı. Demək olar ki, günaşırı fakültə dəhlizində gördüyüm və adını hələ bilmədiyim nurani professora gözüm o qədər öyrəşmişdi ki, qeyri-ixtiyari tənəffüs vaxtı onun kafedraya keçməsini izləyirdim. Sentyabrın sonlarında isə fakültəyə yayılan qəfil xəbər onu tanıyanları, tələbələri və həmkarlarını kədərləndirdi: Jurnalistlərin qocaman və sevimli müəllimi Famil Mehdi dünyasını dəyişib.

Yuxarı kurs tələbələrinin onun barəsindəki söhbətlərindən sonra bircə şeyə təəssüf etdim: heyf ki, Famil müəllim 1054-cü qrupun auditoriyasına daxil ola bilmədi.

Modern.az saytı tanınmış və dünyadan köçmüş yaradıcı insanların iş otağından reportaj-layihəni davam etdirir. Bu dəfə sizləri məhrum professor, BDU-nun Jurnalistika fakültəsinin nəzəriyyə və təcrübə kafedrasının müdiri və böyük jurnalist ordusunun müəllimi olmuş Famil Mehdinin iş otağı ilə tanış edirik...

Kiçik, ancaq xudmani iş otağındakı rəflər boyu kitablar səliqə ilə düzülmüşdü. Nəvələri ilə çəkdirdiyi şəkillər, eynəyi, stolun üstündəki vaxtı durmuş saat da Famil müəllimin qoyub getdiyi kimidir.


“Saat işləyirdi, arada qursam da, indi nədənsə dayanıb”-deyən ömür-gün yoldaşı Ofelya xanım bizimlə söhbətə başlayır.

O, söhbət etdikcə Famil müəllimin portreti canlanırdı gözümdə. Hamının təmkinli, sakit təbiətli, eləcə də ürəyi Vətənə bağlı bir ziyalı kimi tanıdığı bu şəxsiyyatın görünməyən tərəfləri barədə yaxınlarından - ömür-gün yoldaşı Ofelya xanımdan və oğlu Şamil Mehdidən eşidirəm.

Hər bir yazar kimi kitablar onun üçün də çox əziz olub. Ofelya xanım deyir ki, nəyi tapşırmasa da, otağı səliqəyə salanda Famil müəllim bircə söz xahiş edərmiş: “Kitablarımla işiniz olmasın, Xahiş edirəm, onları tərpətməyin...”.

1934-cü ildə Ağdamın Sarıcalı kəndində dünyaya göz açan Famil Mehdi bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı rayon qəzetində çıxan ilk şeri ilə başlayıb. Bu hadisədən sonra onun mətbuatla əlaqələri daha sıxlaşıb. Publisistik yazılarla çıxış etməyə, şeirlər yazmağa başlayıb.

Famil müəllimin oğlu da söhbətimizə qoşulur. Deyir ki, atası heç vaxt yazılarını və şeirlərini heç kimə, hətta onlara da göstərməyi xoşlamazmış. Kitablarını isə kim dərindən maraqlansa, ona imzalayıb verərmiş.
“Şöhrətpərəst adam deyildi, belə şeylərə fikir verməyib. Nəyi var idi, ona qane olan insan idi. Ədaləti, düzgünlüyü sevirdi”.

Şamil bəyin sözlərinə görə, indi atasının kitablarının bir hissəsi iş otağında olsa da, digər kitab və əlyazmaları otağa yerləşmədiyindən ayrı yerdə qorunub saxlanılır. Şamil bəyin danışıqlarından belə məlum olur ki, vaxtilə evləri daim qonaqlı-qaralı olub. Hətta Famil müəllimin mehribanlığı və onun insanlığından, hamıya əl tutmaq istəyindən idi ki, qohum-tanışlar daim ona müraciət edərmişlər. Ağdamdan gəlib instituta qəbul olanların Famil müəllimgildə qaldığı o qədər vaxtlar olub ki...

“Bir də görürdün ki, səhər erkən qapımız döyüldü. Bilirdik ki, rayondan gələn qohumlardandı. Elə olurdu ki, rayondan gəlib Bakıda oxuyan uşaqlar da bizdə qalırdı. Atam heç vaxt onları bizdən ayırmazdı. Eynilə öz evinin uşaqları kimi yanaşardı”.

Onun xeyirxahlığı, gənclərə mənəvi dəstəyi, əsl müəllim kimi peşəsinin vurğunu olması gənclər arasında ona xüsusi sevgi və sayğı yaratmışdı.
”Hətta elə anlar olurdu ki, o, tələbələrin bu mehribanlığına sevinsə də, onları xatırlamırdı. Küçədə gedəndə görürdün ki, bir nəfər onu qucaqlayıb hal-əhval tutur, tələbəsi olduğunu deyirdi. “Müəllim, nə lazım olsa, deyin”. Soruşurdum ki, ata, bu kimdir? Gülümsünüb çiynini çəkirdi, deyirdi ki, xatırlamıram. Nə vaxtsa, dərs deyib. İndi həmin tələbələr müxtəlif vəzifələrdə işləyirlər”-deyə Şamil Mehdi gülümsünərək söhbətə davam edir.

“Bu əsəri illərlə senzuradan keçmədi...”


Hamı bilir ki, Famil Mehdi istər sovet dönəmində, istərsə də müstəqillik illərində daim həqiqəti və doğrunu tanıtmağa və müdafiə etməyə çalışıb. Onun üçün həyat kredosu bu idi. Odur ki, yazdığı “İnsan unudulmur” əsərininin əks-səda doğurması, senzuradan keçməməsi belə, onu bir yazar, qələm sahibi kimi ruhdan sala bilməmişdi. Əsərdə sovet dövrünün kolxoz quruculuğunda baş verən qanunsuzluqlar təsvir edilib. Sonda haqq-ədalətin qələbə qazanması ilə əsər tamamlanır.

“Uzun müddət bu əsər senzuradan keçmədi. İllərlə stol üstündə qaldı. Atamı sorğu-sual etdilər. Sonra bir sıra ixtisar və düzəlişlər edilərək nəşrinə icazə verildi. Əsərin axırında məzmun belə idi, on nəfər Lenin kimi adam olsa, bu ölkə düzələr. Anlayan adam üçün bu sözlərin mənası böyük idi”-deyə mərhum ziyalının oğlu bildirir.

“Bəzi ziyalıların zənginə cavab vermirdi...”

Famil Mehdinin dövrünün tanınmış ziyalıları, şairləri ilə yaxın dostluq münasibətləri olub. Tanınmış yazarlardan Məmməd Araz daim bu evin sevimli qonağı olub. Yenə də Şamil Mehdini dinləyək:
“Çox yaxşı münasibətləri vardı. Oturub danışar, gəzintiyə çıxardılar. Məmməd Araz atamla Yasamal gölünə gedirdi...”.

- Bəs, Famil müəllim ayrı kimlərlə dostluq edirdi?


- Dostluq etdiyi yazarlar, şairlər çox idi. Tofiq Bayramla dostluq edirdi, Əlibala Hacızadə ilə həmişə zəngləşirdilər. Süleyman Vəliyevlə hər gün zəngləşib dərdləşirdilər. Mirzə İbrahimovu daim ağsaqqal hesab edib. Mirzə müəllim həm də onun elmi rəhbəri olmuşdu. Famil müəllim hiss edəndə ki, hansısa gəncin qabında nəsə var, onunla maraqlanır, yol göstərirdi. Hətta bu gəncləri evə çağırdığı, süfrəyə dəvət elədiyi vaxtlar olurdu...

- Famil müəllim nəylə razılaşmırdı?

- Elə yazarlar vardı ki, onların cəmiyyətdəki mövqeyini birdən-birə dəyişməsi atama xoş gəlmirdi. Bu da istər-istəməz münasibətlərə təsir edirdi. Bu cür ziyalılar evə zəng edəndə, atam deyirdi ki, “deyin xəstəyəm, məşğulam”. Danışmaq istəmirdi...

Mirzə İbrahimovun toy hədiyyəsi: “Əzizim Famil Mehdiyə... ”

Stolun üstündəki qara rəngli albom diqqətimi cəlb edir. Ofelya xanım albomu əlinə alıb xəyalən də olsa, cavanlıq illərinə qaydır.

- Bu fotoalbomu Mirzə İbrahimov toy günümüzə hədiyyə etmişdi. Hələ də əziz hədiyyə kimi saxlayıram. İçində şəkillər də qoymuşdum. Ancaq uşaqlar tez-tez çıxarırdı. Odur ki, şəkilləri çıxartdım. Familin Mirzə İbrahimovla münasibətləri çox yaxşı idi.

- Ofelya xanım, yaradıcı insanla ailə quranlar istər-istəməz ona fərqli yanaşmalı olurlar. Sizin üçün Famil bəyi anlamaq və dəstək olmaq çətin deyildi ki?


- Biz evlənəndə Famil aspirant idi, 70 manat təqaüd alırdı. Çalışırdım ki, ona dəstək olum. Şərait yaradım ki, yaradıcılığı ilə məşğul ola bilsin. Açığı, elə şəraitimiz də olmayıb. Dizimin üstündə onun yazılarını yazdığım vaxtlar olub. Ailəmizdə qəfil bir-birinin ardınca bizi kədərləndirən hadisələr oldu. O vaxt atası ağır xəstə idi. Bakıda müalicə alırdı, sonra rəhmətə getdi. Mənim atam bizə qonaq gəldi, qəfil rəhmətə getdi. Bütün bunlar ona pis təsir edirdi. Ürəyi ağrıyırdı. Atasının qırxı ərəfəsinə aspirantura müdafiəsi təyin edilmişdi. Həkimlər məsləhət gördü ki, sağlamlığına fikir versin. Odur ki, müadifə zamanı onun çıxışını şair Xəlil Rza oxudu. Hamı başa düşürdü ki, vəziyyət nə yerdədir.

- Sizə şeir yazıb heç?

- Bilmirəm, birbaşa olmasa da, ithaf elədiyi şeirlər olub. Şeirləri çoxdur.

Ofelya xanım deyir ki, Famil müəllim tələbələrinə dərindən bağlı insan olub. Hətta onun tələbə ilə münasibətləri müəllim-tələbədən çox ata-bala münasibətinə bənzəyirmiş. Kimin nə sıxıntısı, problemi olsa, ona üz tutarmış. İş o yerə çatırmış ki, hətta həmin gənclərin toyu, elçilik mərasimlərində əsas söz sahibi Famil müəllim olurmüş...

“Kimin nə dərdi var idi, Famillə bölüşürdü. Alı Mustafayevin elçiliyinə də o gedib. Sevdiyi qızı, qrup yoldaşı Laləni ona vermirdilər. Qızın ailəsi razı olmurdu. Famil müəllim elçi getdi, bu insanlar ailə qurdular. Hazırda Jurnalistika fakültəsində dərs deyən Cahangir müəllimin də xeyir işində Famil yaxından iştirak edib. Onun şadlıq məclisi bu evdə olub. Ümumiyyətlə, belə şeylər çox olub”-deyə Ofelya anım gülümsəyir...

“Atamgil şəhərə girəndə erməni BMP-ləri ilə qarşılaşıblar... ”



İyirminci əsrin 80-ci illərinin sonları Qarabağda ermənilərin qaldırdığı əsassız torpaq iddiaları, bu iddiaların qanlı müharibəyə çevrilməsi bir ziyalı kimi Famil Mehdini çox narahat edir, sarsıdırdı. Buna görə də doğulub boya-başa çatdığı Ağdama və eləcə də digər döyüş bölgələrinə mütəmadi səfərlər edib.

“Elə olurdu ki, hər gün səhər maşınla çıxır, Ağdama gedib-qayıdırdı. Döyüşçülərə baş çəkirdi. Düzü, onlar atamı qoruyur, təhlükəli şəraitdə ona zərər gəlməsini istəmirdilər. Ancaq atamı ora aparan torpaq sevgisi, ziyalı narahatlığı idi”-deyə Şamil Mehdi qayğılı görkəm alır. Sonra söhbətə davam edir...

“Ağdamın, eləcə də Qarabağın erməni silahlıları tərəfindən işğalı, müharibənin ağrı-acıları onun həyatında sağalmaz izlər qoydu. Çünki məhz bu hadisələrdən sonra Famil Mehdinin xarakterində və ovqatında bir səssiz kədər, barışmazlıq yarandı.

Ağdamdan axırıncı çıxanlardan biri də atam oldu. İki-üç gün şəhər boş qaldı. Qohumumuzdan eştdiyimə görə, həmin günlərdə atam maşınla şəhərə gedib. Şəhərə girəndə görüblər ki, ermənilər BMP-lərlə durublar. Yolu bağlayıblar. Erməni tərəfi də ani olaraq atamgili maşında görüb çaş-baş qalıblar. Ancaq fürsətdən istifadə edib maşınla oradan çıxıblar.
Ağdamdan sonra atam çox böyük sarsıntı keçirdi. Toya getmək istəmirdi. Hətta nəvələrinin ad günü olanda onu zorla bir-iki saatlıq məclisə gətirə bilirdik. Qohumlar gəlib ona deyirdilər ki, “əgər sən gəlmirsənsə, toyu eləmirik”. O bəhanələrlə onu məclislərə aparırdılar...”.

“Afiyəddin müəllim atama dedi ki...”

Bəzən adına haqsız ittiham söylənməsi Famil Mehdini daxilən narahat etsə də, həqiqəti üzə çıxarmağa, istənilən kəslə bu barədə danışmağa daim hazır imiş. Şamil bəy buna bənzər bir neçə olayı heç unuda bilmir. 1993-cü ildə Milli Məclisdə atasının adının nahaq yerə hallanması hadisəsindən danışır.

“Bir yerdə oturub televizora baxırdıq. Milli Məclisdən çıxışlar verilirdi. O vaxt daxili işlər naziri olan Vaqif Novruzov çıxışında atamın adını çəkdi. Dedi ki, Ağdam köçkünlərinin Bakıya gəlişinin təşkilatçısı guya, Famil Mehdidir. Bu sözləri eşidəndən sonra atam sakitcə geyinib çıxdı. Soruşdum hara gedirsən? Dedi işim var, Milli Məclisə gedirəm. İkimiz də getdik. Parlamentin qapısından buraxmaq istəmirdilər atamı. Afiyəddin Cəlilova zəng olunandan sonra içəri buraxdılar. Otaqda Afiyəddin müəllim atamla söhbət etdi. Dedi ki, bunlara fikir verməyin, boş-boş danışırlar...”.

“Atamın ilk dəfə ağır söz deməyinin orda şahidi oldum...”


Famil Mehdinin son dövr yaradıcılığından “Dilən, professor, dilən” şeiri xüsusilə seçilir. Şeirin cəmiyyətdə böyük qalmaqal yaratması, ictimaiyyəti daxilən silkələməsi əslində Famil Mehdinin mənəvi aləminin cəmiyyətdəki çirkab və mənəvi eybəcərliklərə şair qəlbi ilə ucaltdığı etiraz səsi idi. Şamil Mehdi deyir ki, o ərəfədə çox söz-söhbət, mübahisələr olub.

“1994-cü ildə onun “Dilən, professor, dilən” şeiri böyük əks-səda doğurdu. O cür şeiri atamdan gözləməzdim. Hər halda yazıb, çap etdiməyə də bilərdi. Ancaq şeir çap olundu, böyük sensasiya və qalmaqala səbəb oldu. Özü də bilirdi ki, onun səs-küyü böyük olacaq. Universitetdə aləm qarışdı bir-birinə. İstədilər işdən çıxartsınlar. Görünür, onun nüfuzlu ictimai fiqur olması səbəbindən bu baş vermədi...”.

Famil Mehdi hadisələrə təkcə jurnalist yox, həm də vətəndaş mövqeyindən yanaşmağı bacarırdı. Onun üçün obyektivlik və həqiqət önəmli idi. Hətta bir çoxları bu həqiqəti müdafiə etməyə çəkinsələr belə.

Şamil bəy deyir ki, bəzi vaxtlarda atasının mövqeyi və addımı onun üçün gözlənilməz olub.

”Rövşən Cavadovun dəfn günü atamla onların yaşadığı həyətə getdik. Dəfnə hazırlıq gedirdi. Cəmisi olsa-olsa, 10 nəfər adam var idi. On birincisi atam idi. Bəziləri bura gəlməyə ehtiyat edirdi. Atam isə bircə bu sözü dedi ki, bu insan müharibədə torpaqlarımızın müdafiəsində döyüşüb, mən buna görə bu məclisdəyəm. Ayrı nə olub, bu məni maraqlandırmır. Onun bu cür münasibətini açığı mən gözləməzdim. Çünki hər halda atam qəhrəman da deyildi, ömrü boyu elmlə məşğul idi...”.

Hər kəs onu sakit təbiətli insan kimi tanısa da, bəzən gördüyü mənzərələr onu nadir halda əsəbləşdirə bilirmiş. Bir dəfə polisin məcburi köçkün qadına əl qaldırması və incitməsi onun səbr kasasını daşırıb.
“Atam adətən sakit xaraterli adam idi. Əsəbləşməzdi. Kobud söz işlətməzdi. Ancaq o hadisəni görəndə həmin polisə kobud bir ifadə işlətdi. Atamın ilk dəfə ağır söz deməyinin orda şahidi oldum. İlk dəfə idi ki, onu o cür halda görürdüm...”-deyə Şamil bəy olanları xatırladır...

“Axır vaxtlar bircə onu dedi ki...”

Son vaxtlar səhhətinin ağırlaşması, ayaqlarının ağrıması onu bərk narahat edirmiş. Ofelya xanımla ailədə söhbət düşəndə bu illər ərzində bircə şeyə peşman olduğunu deyirmiş:

“Həmişə danlayır, deyirdim ki, bir özünə bax, səhhətinə fikir ver. Axır vaxtlar bircə onu dedi ki, hə, düz deyirsən, gərək səhhətimə fikir verərdim. Bu adamın fikri-zikri ancaq kiməsə yaxşılıq eləmək, dardan qurtarmaq idi...”.

İş otağı, burdaki əşyalar Famil Mehdidən qalan təsəllidir ailəsinə. Qol saatı, eynəyi, kitabları, əlyazmaları, dinlədiyi kasetlər, hamısı stolunun siyirməsində saxlanılır. Onun əlyazmaları ilə məşğul olan oğlu Şamil Mehdi deyir ki, gələcəkdə atasının çap edilməmiş əlyazmalarını kitab halında çıxarmaq fikiri var.

Nəvəsi Nicat da şeir yazır...


Söhbətimiz əsnasında qəfildən otağa balaca, gülərüz uşaq daxil oldui. “Sənin adın nədir?”-deyə soruşanda nənəsi “Famildir” dedi. Bir az da balaca Famillə söhbətləşdik. Ancaq kompüter oyunlarına o qədər aludə olmuşdu ki, suallarımdan çəkinən və utanan Famil mənə gülümsünməklə cavab verirdi.

İstedad elə bir keyfiyyətdir ki, bir çox halda genlə də ötürülə bilir. Bəs görəsən Famil Mehdinin nəvələri arasında onun yolunu davam etdirənlər varmı?

Şamil bəy təvazörkar görkəmdə bu haqda danışdı: “Nəvələrinin bəziləri böyükdür. Oğlum Nicat Amerikada təhsilini davam etdirir. Onun ixtisası başqadır. Ancaq bilirəm ki, arada şeir də yazır. Lakin heç kimə göstərmir. O biri babası Rafiq müəllim (tanınmış akademik Rafiq Əliyev) Nicatın şeirlərini bir neçə ziyalıya, səhv etmirəmsə, yazıçı Anara və Fikrət Qocaya göstərib, onlar oxuyub, bəyəniblər. İstedadının olduğunu deyiblər. Ancaq onun üçün tam püxtələşməlidir. Şairlikdə uğurunu zaman göstərər”-deyə həmsöhbətim bildirdi.

Hələ 4 yaşı olan və kağızda cızmaqaralar etməyi xoşlayan balaca Famil də bəlkə vaxt gələcək, istedadlı, tanınmış bir şəxs olacaq. Ancaq nə olur olsun, söhbət düşəndə, onu çağıranda üzünü gömədiyi, ancaq söz-söhbətləri ilə böyüdüyü babası Famil Mehdi də yada düşəcək. Onun kimi bir ziyalının adının və nəslinin mənəvi daşıyıcısı olmaq hələ qayğılardan uzaq bu uşağın çiyninə düşür. Uğurlar sənə bu yolda, balaca Famil !

Əfsanə BAYRAMQIZI




Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.