22 Haziran 2012 Cuma

ABŞ QARABAĞA QOŞUN YERİTMƏK İSTƏYİR

20.06.2012

Atəşkəsin pozulmasının pərdəarxası bəlli olur
Cənubi Qafqazın Rusiya tərəfindən ilhaqının qarşısını ala bilməkdən ötrü ABŞ Dağlıq Qarabağa qoşun yeridə bilər; “Qarabağ çəlləyi”nin Soçi Olimpiadası zamanı partladılması gözlənilir; “Qarabağda “güc arbitrajı” İran ətrafında Şimal cəbhəsinin açılmasının da xəbərçisidir


İyunun 18-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keçirilən görüşünün pərdəarxası məlum olur. Bu görüş və orada səsləndirilən bəyanat, bir sıra məqamlarla bağlı “Yeni Müsavat”da xüsusi yazı dərc olunur. Lakin biz də buradakı bir neçə məqama aydınlıq gətirmək istədik.

Maraqlıdır ki, eyni gündə - iyunun 18-də həm Moskvada BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya) və Almaniyanın iştirakı ilə İranın nüvə probleminin tənzimlənməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.

İlk baxışdan da görünür ki, bu iki mühüm danışıqlar arasında birbaşa əlaqə mövcuddur. Geosiyasi vəziyyət və reallıqlar Azərbaycan və Ermənistanı onlar üçün hazırlanmış planla hərəkat etməyə vadar edir. Ermənistan siyasi dairələrində yaranmış yeni situasiya ilə bağlı narahatlıq keçirirlər. Erməni təhlilçilərinin qənaətinə görə, rəsmi Bakı İranla münasibətlərini münaqişə müstəvisinə keçirməklə daha mühüm oyunçuların - ABŞ, Böyük Britaniya, Türkiyə, İsrailin yardımına bel bağlayır. Prosesin belə səpkidə inkişafı Ermənistanı da ABŞ-la yeni əməkdaşlığa və İrana qarşı qlobal oyunlara qoşulmağa sövq edir. Erməni siyasətçilərinin fikrincə, bu baxımdan Azərbaycanın seçimi bəlli olduğundan, rəsmi Bakı daha əlverişli durumdadır və məhz bu amil İrəvanı ağır vəziyyətə sala bilər.

Xatırladaq ki, İran Qarabağ danışıqlarında əsas vasitəçi kimi özü çıxış etmək istəyir və üçüncü qüvvələrin bölgədə fəallaşmasından narahatdır. Düzdür, Bakı və İrəvanı Tehranın vasitəçiliyinə heç də sıcaq yanaşmırlar, lakin buna baxmayaraq, İran sərhədyanı böyük ölkə kimi bölgədə əsas fiqurlardan biri olaraq qalmaqdadır.

Dünən Parisdə keçirilən görüş mahiyyət etibarilə Cənubi Qafqaz ölkələrinin İranla münasibətlərinə də aydınlıq gətirir. Ümumiyyətlə, Paris görüşü ABŞ prezidenti Barak Obamanın gələcək prezident seçkilərindəki uğurunun əsas göstəricisi ola bilər. O cümlədən H. Klintonun dövlət katibi postunda qalması Qarabağla bağlı “yeni yanaşma”nın uğurundan xeyli dərəcədə asılı ola bilər. Bu baxımdan, adıçəkilən görüş Ağ Evin hazırkı sahibləri üçün mühüm əhəmiyyət kəsb edir. Bu görüş istər B.Obama üçün, istərsə H.Klinton üçün bir sınaq imtahanı olmaqla yanaşı, ABŞ-ın milli maraqları baxımından böyük əhəmiyyət kəsb edir.

Məhz bu səbəbdən H.Klinton Cənubi Qafqaza səfəri zamanı “Qarabağ münaqişəsinə Parisdə təqdim olunacaq yeni yanaşma qısa bir zamanda sülhə nail olmağa yardım edəcək” mesajı ilə çıxış etmişdi. Bu yalnız H.Klintonun təqdim etdiyi yeni plandan da xəbər vermir, eyni zamanda ABŞ-ın yaxın müddət üçün xarici siyasət kursunu müəyyən edir; yeni geosiyasi düzəndən xəbər verir.

Qeyd edək ki, 5 iyunda Vaşinqtondakı Vudro Vilson mərkəzində Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı xüsusi dinləmələr keçirilib. Maraqlıdır ki, Bakı və İrəvanda sərhədyanı bölgələrdə nə baş verdiyini hələ tam müəyyən etmədikləri bir zamanda okeanın o tayında artıq bu barədə dolğun məlumatlar və ekspert rəyləri hazır idi. Həmin dinləmələrdə Amerikanın nüfuzlu Xarici Siyasət Şurasının təmsilçisi Ueyn Meri son dərəcə sensasion bəyanatla çıxış edib: “Artıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilikdən imtina edib, güc arbitrajına başlamağın vaxtı çatıb. Azərbaycan və Ermənistan vasitəçilərin fəaliyyətini bloka alır. Yaranmış vəziyyətdə ən optimal yol gücdən istifadə etməkdir”.

Rusiya və Ermənistan mətbuatı “güc arbitrajını” düşünülmüş ssenari kimi dəyərləndirərək, atəşkəsin pozulma faktlarının da məhz bu planın tərkib hissəsi olduğunu bəyan etdilər.

Daha önəmli bir fakta diqqət yetirmək lazım gəlir. 4 iyun tarixində, atəşkəsin pozulduğu gün ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti bu barədə məqalə dərc edərək, Şimali Qafqazda terrorizmin baş alması, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı, həmçinin Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya biləcəyindən yazdı.

Qəzetin yazdığına görə, Vladimir Putinin yenidən prezident seçilməsi Cənubi Qafqazdakı vəziyyəti daha da gərginləşdirir və postsovet məkanında NATO-ya qarşı blok yaratmaq cəhdləri açıq-aydın seçilir.

Məqalədə həmçinin 2014-cü ildə Soçidə keçiriləcək Olimpiya oyunları zamanı Rusiyanı terror dalğasının bürüyəcəyi vurğulanır. “The New York Times”in gəldiyi qənaətə görə, Moskva bu terrorlarda Azərbaycan və Gürcüstanı ittiham edə bilər. Bir sözlə, qəzet Rusiyanın adıçəkilən ölkələrə hərbi müdaxilə ssenarilərinin olmasını dolayısı ilə olsa da bəyan edir.

Rusiya və Ermənistan siyasi dairələrində “The New York Times”ın məqaləsini şərh edərək bildirirlər ki, “Qarabağ çəlləyi” Soçi Olimpiadası zamanı partladıla bilər və Gürcüstan, Azərbaycan, Şimali Qafqaz sabitliyin pozulduğu bölgələrə çevrilə bilər. Bu planın qarşısını isə məhz “güc arbitrajı” ilə almaq mümkündür. Rusiya və eyni zamanda Qərb siyasətşünaslarının gəldiyi qənaətə görə, bölgəni bürüyə biləcək terror dalğasının, habelə Cənubi Qafqazın Rusiya tərəfindən ilhaqının qarşısını ala bilməkdən ötrü ABŞ Dağlıq Qarabağa qoşun yeridə bilər. U.Merinin bəyanatının diplomatik dildə izahı məhz belə səslənir. Artıq bu məsələ müzakirəyə çıxarılıb və dünənki Paris danışıqlarında da əsas müzakirə mövzularından olub.

U.Merinin bəyanatı, “The New York Times” qəzetindəki məqalə, H.Klintonun bölgəyə səfəri və bəyanatları, Vudro Vilson mərkəzindəki dinləmələr koordinə edilmiş və dəqiqliyinə qədər hazırlanmış Amerika ssenarisindən xəbər verir.

Qarabağda “güc arbitrajı” İran ətrafında Şimal cəbhəsinin açılmasından da xəbər verə bilər. Bunun isə İran və Rusiya üçün nə demək olduğunu yəqin ki, geniş şərh etməyə ehtiyac yoxdur. Onu da unutmaq olmaz ki, Vaşinqton artıq Moskvanı xəbərdar edib ki, Suriya diktatoru Bəşər Əsədi müdafiə etməkdə davam edərsə, Rusiya Yaxın Şərqdən tamamilə qovula bilər. Bunu nəzərə alsaq bəyan edə bilərik ki, Moskva Qarabağdakı “güc arbitrajına” qarşı çıxış edərsə, Yaxın Şərqdəki mövqelərindən tamamilə məhrum edilə bilər.

Bir sözlə, 18 iyunda Moskvada və Parisdə keçirilən hər iki görüş ABŞ-ın planlarına tam cavab verir. Prosesin belə inkişafı İran və Rusiyanı narahat etməyə bilməz. Lakin bu məsələdə Ermənistanın yenə də Rusiyanın forpostu rolunda çıxış etməsi Qarabağın İrəvan üçün itirilməsi demək olardı. Lakin İran məsələsində Ermənistanın ABŞ-la müttəfiqliyi real görünmədiyindən, ABŞ qoşunlarının Qarabağa yeridilməsi ehtimalı günü-gündən artmaqdadır və son günlər sərhədyanı bölgələrdə baş verənlər bu ssenarinin artıq işə düşdüyündən xəbər verir...

Azər RƏŞİDOĞLU

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.