22 Haziran 2012 Cuma

ABŞ-dan İQTİDARA İMTİNA EDƏ BİLMƏYƏCƏYİ TƏKLİF


21.06.2012 [9:34]

Hakimiyyət Amerika qoşunlarının Qarabağa girməsinə “yaşıl işıq” yandırır, əvəzində prezident seçkilərində Vaşinqtonun siyasi dəstəyini qazanır

Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı xüsusi dinləmələr keçirilib. Həmin dinləmələrdə Amerikanın nüfuzlu ekspertləri maraqlı bəyanatlarla çıxış edərək, Qarabağ münaqişəsinin nizamlanmasında danışıq diplomatiyasından imtina edib, güc arbitrajına başlamağın vaxtı çatdığını vurğulayıblar. Amerikalı təhlilçilərin fikrincə, Azərbaycan və Ermənistan vasitəçilərin fəaliyyətini bloka alırlar və odur ki, yaranmış vəziyyətdə ən optimal yol zorən sülhə nail olmaqdır. Siyasi araşdırmaçıların fikrincə, Şimali Qafqazda terrorizmin baş alması, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı, həmçinin Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya biləcəyində dəlildir. Bu isə Vaşinqtonun maraqlarına qətiyyən cavab vermir.

Amerikalı ekspertlər Vladimir Putinin yenidən prezident seçilməsinin Cənubi Qafqazın Rusiya tərəfindən işğalına yol açacağını bildirərək, rusların bu planında önəmli rol oynaya biləcək işğal altında olan Dağlıq Qarabağa ABŞ qoşunlarının yeridilmə zərurətindən açıq şəkildə danışmağa başlayıblar.

Qeyd edək ki, Vaşinqton strateji bölgə olan Azərbaycana nəzarəti ələ keçirmək planına çoxdan malikdir. İranla ciddi problemlər, habelə İraq və Əfqanıstana qoşunların göndərilməsi baxımından Azərbaycan kimi platsdarma Vaşinqtonun ehtiyacı var. Onu da vurğulayaq ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstana qoşun yeridərkən, Cənubi Qafqaz uğrunda Vaşinqton və Moskvanın qarşıdurması açıq müstəviyə keçdi. Digər tərəfdən, Ermənistanda, Gürcüstanın işğal olunmuş ərazilərində - Abxaziya və Cənubi Osetiyada, habelə Dağlıq Qarabağda rus qoşunları mövcuddur. Bu amil də ABŞ-ın Azərbaycanda hərbi bazalara sahib olmasını zəruri edən faktlar sırasındadır.

Lakin ABŞ Azərbaycana qoşun yeridə bilməkdən ötrü Qərbdə də ictimai rəy yaratmaq zorundadır. Əlbəttə, bu addım daha çox geosiyasi amillərlə bağlı olsa da, Azərbaycanda dünyəvi dövlət quruluşunun təhlükədə olması barədə ictimai rəyin formalaşdırılması eyni zamanda Qərb insanının fikirlərini manipulyasiya etməyə yönəlib.

Bu baxımdan Azərbaycanda İslam təməlçiliyinin baş alıb getməsi barədə ictimai rəyin formalaşdırılması prosesi artıq uzun müddətdir getməkdədir. Azana qoyulan məhdudiyyətlər, hicab qadağaları və bunun fonunda bəzi marginal dini icmaların özünü cəmiyyətə şəriət dövləti tərəfdarları kimi təqdim etmək cəhdləri, dindarların kütləvi həbsləri Azərbaycanda İslam təməlçiliyinin baş alıb getməsi fikrini formalaşdırmağa xidmət edirdi. Azərbaycanda guya şəriət dövlətinin qurulması barədə deyilənlər də məhz ABŞ qoşunlarının Azərbaycana gəlişinə şərait yaradılması üçün ortaya atılan siyasi texnologiyalardan xəbər verirdi. Bu zaman önəmli bir fakt yaddan çıxarılır ki, Azərbaycan dindarlarının fəal təbəqəsi məhz demokratik qüvvələrlə eyni qurumlarda, İctimai Palata və s. fəaliyyət göstərir. Lakin bu fakt nədənsə unudulur.

Bir maraqlı məqama da diqqət çəkmək lazım gəlir. ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycana səfərləri təxirə salması barədə deyilənlər də hazır ssenaridən xəbər verir.

Qeyd edək ki, nüfuzlu Amerika KİV-lərnin məlumatlarına görə, Azərbaycanda ABŞ vətəndaşlarının girov götürülmə təhlükəsi mövcuddur, bu isə “öz vətəndaşlarını müdafiə adı” altında ölkəmizə qoşun yeridilməsini zəruri edən amillər sırasındadır.

Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı, bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi ABŞ qoşunlarının Azərbaycanda mövcudluğunu zəruri edən amillər sırasındadır.

Daha bir mühüm amil yuxarıda qeyd etdiyimiz kimi, 2008-ci ilin avqustunda baş verən hadisələr idi. Rusların Gürcüstanı az qala işğal etməsi göstərdi ki, nə Tiflis, nə Bakı öz təhlükəsizliyini müstəqil şəkildə həyata keçirməyə qadir deyil. Bu baxımdan rəsmi Bakı və Tiflis bu məsələdə seçim etməyə məhkumdur. Düzdür, Azərbaycanda xarici hərbi birləşmələrin olması məsələsi qanunvericilik səviyyəsində həll olunmalıdır. Lakin Amerika əsgərləri ilkin mərhələdə müvəqqəti olaraq Azərbaycana gələ bilərlər, növbəti etapda isə bu məsələnin qanunverici həllini tapmaq mümkündür.

Xatırladaq ki, bu ilin payızında ABŞ-da prezident seçkiləri keçiriləcək. Odur ki, Barak Obama üçün seçkilərdə uğur qazanmaq üçün Cənubi Qafqazda Amerikanın hərbi mövcudluğuna nail olmaq son dərəcə vacibdir.

Yaxın Şərqdəki son proseslər, İran, Əfqanıstan, İraq problemləri, Rusiyanın Azərbaycan və Gürcüstana hərbi müdaxilə təhdidləri də ABŞ qoşunlarının ölkəmizə gəlişini xeyli dərəcədə aktual edir. Lakin bu məsələdə rəsmi Bakının razılığının alınması problematik görünür. Azərbaycan hakimiyyətinin belə bir qərara razılıq verməsi, Tehran və Moskvanın qəzəbinə səbəb ola bilər, odur ki, Bakıya Vaşinqton tərəfindən kompensasiya ödənməlidir. Zənnimizlə, bu kompensasiya 2013-ci il prezident seçkilərində mövcud iqtidarın dəstəklənməsi ola bilər.

Görünür, son zamanlar Azərbaycan hakimiyyətinə qarşı artan təzyiqlər də məhz bu amillə bağlıdır. Əks təqdirdə, Azərbaycanda milli demokratik inqilab nəticəsində iqtidara gələcək Qərbyönlü siyasi qüvvələr bu məsələdə mühüm rol oynaya bilərlər. Bir sözlə, rəsmi Bakıya imtina edə bilməyəcəyi təklif olunub.

Bəzi məlumatlara görə, Azərbaycan iqtidarı buna razılıq verərsə, ölkə rəhbərliyinin ABŞ səfəri təşkil oluna bilər və yüksək səviyyələrdə keçiriləcək bu görüşlərdə rəsmi Bakı Amerika qoşunlarına “yaşıl işıq” yandıra və əvəzində hakimiyyət üçün hava və su kimi zəruri olan siyasi dəstək qazana bilər.

Azərbaycana yeridiləcək ABŞ qoşunları isə ilk növbədə Xəzər dənizində (Rusiya, İran və Türkmənistanla sərhəddə), Dağıstanla sərhəddə, Cənub bölgəsində və xüsusən də Rusiyanın hərbi nəzarətində olan işğal edilmiş Qarabağ ərazilərində yerləşdirilə bilər. Son məlumatların təhlili onu deməyə əsas verir ki, ABŞ qoşunlarının Azərbaycana yeridilməsi artıq Vaşinqton üçün həll olunmuş məsələ sayılır və bunu hansı hakimiyyətin edəcəyinin elə də fərqi yoxdur.

Azər RƏŞİDOĞLU

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.