24 Nisan 2023 Pazartesi

YADDAŞIMI OYADAN NƏ OLA BİLƏRDİ?



Haci Şahin Həsənli


Hacı Şahinin vida mərasimi ilə bağlı oxşar və fərqli fikirlər hələ də sosial şəbəkələrdə və onlayn mediada səslənməkdədir. Fikir sahibləri arasında millət vəkililə yanaşı ayrı-ayrı tanınmışları da KİV-lərdə izləyirik.


Mərhumun vida mərasimi zamanı yaşanan izdiham haqqında tanınmış şəxslərin fikir və mülahizələrində diqqət çəkən məqamlar vardır.

Ayrı-ayrı fikirlərdən irəli gələn fərqli yanaşmaların məzmununa və baxışların səciyyəvi xüsusiyyətlərinə toxunmaq istəyirəm.

Mərhum Hacı Şahinin insanları özünə cəzb etməyə çalışan, eyni zamanda insanları moizəsilə ardınca aparan orator kimi yetişməsi vurğulanıb.

Mərhum Hacı Şahinin "...İnsanları o qədər cəzb etməsinin səbəblərini öyrənməyə çalış"an, buna vaxt ayırdığını qeyd edən sabiq Komitə sədri, professor Rafiq Əliyev "Yeni Sabah" saytının 2023-cü il 3 mart tarixli buraxılışındakı açıqlamasında "...İmamlar da bu qədər hörmət qazanmamışlar..." deyib. Mövzuya dair digər səbəblərə də aydınlıq gətirirərək izah verib.

Sabiq Komitə sədri "...Məscidlərdə, Məhərrəmlik ayında da gördük ki, insanlar həqiqətən hələ cəhalətdən çıxmayıblar..." deyə bildirib. Və "...Bugünkü vəziyyətimizdə, çox təəssüf ki, insanları ələ almaq imkanı var. Bu da ideyasızlığın, ideologiyasızlığın nəticəsidir..." deyə vurğulayıb. Professor qeyd edir ki, "... İnsanların nəyəsə, hansısa ideologiyaya, yol göstərənə ehtiyacları var..."

Professor R.Əliyev "...Azərbaycançılıq ideyasını insanlara Şahin Həsənli kimi çatdıranlar yoxdur" deyib, sonra əlavə edib ki, "...Şahin insanların nəbzini tutmuşdu. Buna görə də dəfninə xeyli insan gəlib. Kişi ümumiyyətlə ağlamaz. Bir çoxları zəifliyindən ağlayırdı. Sinələrinə çırpırdılar. Bunların hamısı müəyyən mənada cahillikdən irəli gəlir..." bildirib və əlavə edib: "...Çünki Şahin Həsənli kimi ikinci bir şəxs gəlməyəcək. Amma bənzərsiz, əvəzolunmaz şəxsiyyətlər yoxdur. Bu, həm siyasi, həm mədəni şəxsiyyətlərə aiddir".

“İlahiyyatçı, din xadimi Hacı Şahin son mənzilə yola salındı. İnsanların ona isti münasibətinin şahidi olduq” - ifadə millət vəkili Etibar Əliyevə məxsusdur. O, mətbuata açıqlamasında qeyd edib ki, "2021-ci ilin 7 dekabrında böyük tarixçi-etnoqraf alim Aydın Balayevi itirdik: “Çox sakit ölüm idi. Bu nəhənglikdə alimə heç vida mərasimi də təşkil olunmadı. Onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldik". Onun "Azərbaycan milləti" əsəri isə çox dəyərlidir. Dünyagörüşün 3 forması var: elmi, dini və fəlsəfi. Dini "dünyagörüş" hər ikisini üstələyir. Fəlsəfə elmini çoxdan dəfn etdiyimizdən fəlsəfi dünyagörüşdən danışmaq ümumiyyətlə absurddur. Din haqqında yüzlərlə tərif mövcuddur". Millət vəkili "Mənim dəyərləndirdiyim tərif böyük alman filosofu Artur Şopenhauerə məxsusdur: "Din – xalqın metafizikasıdır" fikrini xüsusi olaraq vurğulayıb və sözlərini "Allah Aydın Balayevə və Hacı Şahinə Rəhmət eləsin” cümləsilə tamamlayıb.

Dəyərli yazar, şair Aqşin Yenisey də mərhum Hacı Şahin haqqında fikirlərini belə çatdırıb: "...Çox axmaq və gözlənilməz bir problemlə üzləşmişdim. Hər kəsə də deyiləsi məsələ deyildi. Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Kim? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır, kim inancını, imanını tənqid edən adama kömək edər, həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama?.." Yazar fikirlərinə olduqca təsirli ifadəylə yekun vurub: "Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar. Səni unutmayacağam, əziz və gizli dostum!"

Aqşin Yeniseyin sözü və əməli bir olan mərhum Hacı Şahin barədə dediyi sözlər Mark Tvenin olduqca dəyərli "Xeyirxahlıq korun gördüyü, karın eşitdiyi bir şeydir" kəlamını xatırlatdı. Əbəs yerə deyildi ki, adını min-min rəhmətlə çəkdiyimiz Xudu Məmmədov dahi Üzeyir bəyə xitabən sənət və yaxşı adam ifadəsini bir araya gətirərək "qoşa qanad" deyirdi. Yazarın həssas, duyğulu, kövrək və təsirli sözləri, qeyri-ixtiyari olaraq keçmişdə baş verən bir sıra tarixi gerçək hadisələrə yenidən yaddaşımın səhifələrində xatırlamağı sövq etdi.


Yaddaşımı oyadan nə ola bilərdi?


Yazarın sözü, Həsən bəy Zərdabinin vida mərasimi zamanı insan sayının çoxluğu, izdihamın əhali arasında geniş vəhdət yaratması Çar hökumətinin el sözüylə desək, "kürkünə, deyəsən birə salmışdı". Çar hökumətinin yerli qulbeçələrinin canlarına titrətmə, əsmə düşmüşdü.


Həsən bəy Zərdabiyə olan 

ümumxalq sevgisini necə izah etmək olar?


Böyük mütəfəkkirin milləti naminə etdiyi müstəsna xidmətləri sırasında onun kasıblara, xüsusən də maddi imkansız tələbələrinə öz övladıtək fərq qoymadan qayğı və nəvaziş göstərərək yaşıdığı evdə – bir damın altında onlarla ailə üzvü kimi birlikdə yaşamasını, A.Yeniseyin sözünə qüvvət olaraq təkrar edirəm, "heç belə xeyirxahlığı unutmaq olar?"

Məlumdur ki, Həsən bəy Zardabinin müasir dövrdə bəzi "akademik" və "professor"lara məxsus çoxmənzilli binası, dəbdəbəli qəsri, şadlıq sarayı, nə də bir mehmanxanası, oteli (4 və ya 5 ulduzlu) mövcud deyildi.

Həsən bəy Zərdabinin vida mərasimində dahi şəxsiyyətin itkisinə ağlayanlar yalnız qadınlar deyildi. Onların içərisində gənclər, tələbələr, milli aydınlarımız və əsasən KİŞİLƏR idi.

Fikrimcə, yalnız maarifçiliklə, professor R.Əliyevin təbirincə desək, tək moizə oxumaqla, faydalı fikirləri gənclərə aşılamaqla geniş kütlənin sevgisini qazanmaq qənaətimə görə baş tutan sevdaya oxşamır, desəm, yəqin ki, oxucular məni qınamazlar...

Milli tariximizin səhifəsindən silinməyən gerçək bir hadisəni oxucuların nəzərinə çatdırmağı özümə mənəvi borc sanıram.

Şairə Xurşidbanu Natəvanın son mənzilə yola salınması haqda illər öncə oxuduğum yazısının halıma necə təsir etdiyini yazmaqda acizəm... Fəqət yaxın tarixi keçmişdən gətirdiyim fakt və hadisələri Hacı Şahinin vaxtsız ölümü ilə müqayisə etmək və ya oxşar fikirlrlər söyləmək niyyətində deyiləm: belə bir məqsədim də yoxdu.

İki tarixi şəxsiyyətlə bağlı onların son mənzilə yola salınması zamanı insanların itirdiklərinin, habelə cismani uzaq düşdükləri mütəfəkkir və şairəyə eyni sevgi göstərmişlər. Düşüncəmə görə, bu sevginin kökündə dünyasını dəyişən həmin tarixi şəxsiyyətlərin bir çox nəcib və insani keyfiyyətləri dayanır. Ən önəmlisi xeyirxah və mərhəmət sahibləri olduqları üçün yaşadığı dövrün insanlarının məbəbbətini və sevgisini qazanmağa müvəffəq olmuşlar. Müdrik kəlamda deyildiyi kimi: "Etdiyin xeyirxah əməllərlə insanları özünə ram edə bilərsən".

Qarabağ camaatı Şuşadan Ağdama babalarının yanında "İmarət"də torpağa tapşırmaq üçün, Xan qızına el məhəbbətinin ifadəsi olaraq 34 kilometr yolu çiyinlərində tabutu tutaraq son mənzilə yola salmışlar." Ürək yanmasa gözdən yaş çıxmaz" kəlamını, evindən gedənlər üçün deyil, eldən gedənlərə şamil etmək olar. Yeri gəlmişkən, "kişi ümumiyyətlə ağlamaz" fikrinə mənim yanaşmam fərqlidir.

ATV-nin əməkdaşı, tanınmış teleaparıcı Səadət xanımın müəllif və apacısı olduğu "Ağdam və mən" verilişini izləməyi baxmayanlara tövsiyyə edirəm. Həmin verilişə dəvət almış Ağdam sakinlərinin əksəriyyəti istər kişi, istər qadın erməni caniləri tərəfindən dağılmış şəhərini gördükdə qəhərlərini, göz yaşlarını gizlədə bilməməsinin şahidi oluruq.

Mərhum, şair, professor Famil Mehdinin, eləcə də sevimli tələbəsi olmuş AzTV-nin əməkdaşı mərhum telejurnalist Alı Mustafayevin sözünü xatırlamağım yerinə düşər. F.Mehdi deyirdi ki, "Kişi elinin, obasının, millətinin dərdinə, faciəsinə ağlayar". A.Mustafayev isə poeziyanın dili ilə "Dəli bir ağlamaq keçir könlümdən" yazırdı. Hər iki müəllif həmin tarixi dövrdə Vətənin-yurdun viran olmasına, millətin çarəsiz qalmasına dözə bilməyib bu ifadələri işlətməyə məcbur idilər.

Sabiq Komitə sədri R.Əliyevin sözü gedən dəfn mərasimi ilə bağlı fikir və mülahizələrində söz yox ki haqlıdır. Ancaq, mənim nöqteyi nəzərimdə, umumiyyətlə "kişi ağlamaz" fikrini bir mənalı qəbul etmək doğru deyil.

44 günlük Vətən müharibəsi zamanı kənd və şəhərlərimizin işğaldan azad olunduğu xəbərlərini aldıqca sevincdən insanlarımızın ağladığına şahidlik etdik. Həyəcandan göz yaşlarını saxlaya bilməyənlərdən biri də bəndəniz idi.

Ağlamağı fikrimcə tək zəifliyin, müəyyən mənada cahilliyin əlaməti kimi şərtləndirməyə çətinlik çəkirəm. Bədbəxtliyi ağrısını dadmayan həyatın şirinliyini qiymətləndirmək olmadığı kimi, güllü-çiçəkli yazın, ruzi bərəkət gətirən baharın qədrini, dəyərini daş qəlbli, daş ürəkli bilməz.

Soltan Hacıbəyovun Üzeyir bəyə ithaf etdiyi "Karvan" simfonik muğam lövhəsi illər öncə Londonun konsert salonlarında musiqinin ecazkar, dərin mənalar ifa edən həzin və son dərəcə kövrək hisslərə təsirini melodiyanı dinləyən tamaşaçıların əksəriyyəti göz yaşları içərisində orkestrin ifasını sürəkli alqışlayırdılar.

Təbii ki, "musiqi sərhəd tanımır" ifadəsi təsadüfən deyilmədiyi kimi, məşhur Azərbaycan bəstəkarı S.Hacıbəyovun da möhtəşəm əsəri ingilis, ərəb, pakistanlı tamaşaçıların könüllərini fəth edə bilib.

Bununla bağlı yuxarıda qeyd etdiyimiz məqama bir daha toxunmaq istəyirəm. Millət vəkili E.Əliyevin Hacı Şahinin vəfatı ilə bağlı açıqlamasına gəlincə, o, 2021-ci il, 7 mart tarixində dünyasını dəyişmiş tarixçi etnoqraf alim Aydın Balayevə vida mərasimi təşkil olunmadığını, onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldiyini bildirir və dini "dünyagörüş" elmi, fəlsəfəni üstələyir, fəlsəfə elminin və fəlsəfi dünyagörüşündən danışmağın absurd olduğunu açıqlayır. E.Əliyevin açıqlamasına gəlincə, burada A.Balayevin vida mərasimini çalışdığı qurumun rəhbərliyi təşkil etməli idi. O ki qaldı dini "dünyagörüş"ün elmi və fəlsəfəni üstələməyi məsələsinə, mərasimi təşkil etməli olan qurumun ünvanı bəlli etməsi bu məsələyə də cavabdır. Dinin fəlsəfəni üstələməsinin səbəbi isə, əgər səhv etmirəmsə (səhv etsəm, üzrlü sayın) Ali təhsil müəssisələrində fəlsəfə elminə aid tədrisin millət vəkilinin təbircə desək "çoxdan dəfn olun"masıyla bağlıdır...

Millət vəkili E.Əliyevin alim A.Balayevi xatırlayaraq onu yad etməsi mənə dünya şöhrətli Azərbaycanlı alim Lütfizadəyə qarşı "milli ruhsuz"ların sosial şəbəkələrdə alimin ünvanına aşağılayıcı ifadələrin yer alması faktını xatırlatdı. Və təəssüf edirəm ki, aşağılayıcı ifadələr işlədənlər arasında "ziyalı"lar da var idi. Bu, elmi ictimaiyyətə, habelə alimə qarşı yumşaq desək hörmətsizlik idi. Unutmaq olmaz ki, "alim öldü, aləm öldü". Bu hikmətli kəlamı heç də gəlişi gözəl səslənməsinə görə xatırlatmadım...

Qaldı ki, ağlamaq məsələsinə: Ermənilər Fransaya ilk köç edərkən özlərinin fağır, yesir, yazıq və məzlum olduqlarını inandırmaq üçün, həmişə olduğu kimi hiyləyə əl atırlar. Küçədə ağlamağa başlayırlar. İçərilərində tək-tük, vəziyyətdən hali olmayan erməni, "nəyə ağlayırsız?" sualına, "dillərini bilməsək də onlar (oxu: fransızlar) ağlamağın dili olmadığına görə bizi tez başa düşəcəklər" deyir.

Farsların yalandan ağlamağı haqda Tehranda yaşamış əslən Azərbaycan türkü, hazırda Avropada yaşayan Səid adlı şəxsdən eşitmişdim. Onun dediyinə görə, orada əskidənqalma adət var ki, bir yerə yığışaraq yalandan ağlayırlar. Gileylənirdi ki, "Bu, nə adətdir, bilmirəm?" Bu məqamda İ.Nakamın fikirlərinin nə qədər dəyərli olduğu görünür: "Alimdən, elmdən, hünərdən zövq almayan kəs bəşəriyyətin yaramaz övladıdır".

Cəmiyyətdə kriminalı, küllü miqdarda dövlətin malını oğurlayanı, talayanı, zövqsüz və bayağı olanı dəbdə saxlamaqla yaxşı ilə pisin yerini müəyyən etməkdə həmiçə çaşbaş qalacayıq.

"Elmi, əxlaqı, mərifəti sevən adam cəhlin, qəzəbin və hiylənin düşməni olar" deyən Qətran Təbrizinin sözlərinə rəğmən onu deməyə borcluyam ki, "ürəyi möhkəm, beyni küt, olanların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur" (Qabusnamə). Kəlamın prototipləri cəmiyyətimizdə heç də azlıq təşkil etmirlər.

Nə qədər ki, Q.Təbrizinin yuxarıda qeyd etdiyim dəyərli sözləri cəmiyyətə sirayət edə bilməyibsə, deməli istənilən və arzuladığımız mühit hələki, tam deyil. Tam olsaydı yəqin ki, tarixçi-etnoqraf alim A.Balayevə olan soyuq münasibətimiz olmaz, eləcə də dünya şöhrətli alim Lütfizadəyə qarşı sosial şəbəkələrdə aşağılayıcı ifadələrə də rast gəlməzdik.


P. S. "Elmindən fayda gələn alim min abiddən (ibadətlə məşğul olan – red.) üstündür" (Məhəmməd Peyğəmbər). Bəşər övladının gündəlik həyatında və məişətdə rahatlıqla istifadə etdiyi çoxfunksiyalı texniki avadanlığın memarı və müəllifi, məhz dahi Azərbaycanlı Lütfizadə intellektinin məhsuludur.


Hikmət İslamoğlu.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.