8 Nisan 2022 Cuma

SİMPSONLAR SSRİ-Nİ NƏ ÜÇÜN “BƏRPA ETMİŞDİLƏR”?



Məşhur “Simpsonlar” cizgi filminin 9-cu sezonunun 19-cu seriyasında (29.03.1998) belə bir səhnə vardır:

Cizgi filminin əsas qəhrəmanlarından biri Homer dostları ilə birlikdə ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində xidmətə başlayır. Az müddət sonra onları sualtı nüvə qayığına göndərirlər. Sadəlövh kapitan Homeri başçı təyin edir və nəticədə o, sualtı qayığı Rusiyanın ərazi sularına aparır. Rusiyanın BMT-dəki nümayəndəsi bəyan edir ki, “Sovet İttifaqı sizin qayığınızı buraxacaq”. Rusiya qəfildən Sovet İttifaqına çevrilir – hippi bayrağının altından oraq və çəkic düşür, tanklar attraksionları tərk edir, Berlin divarı yenidən peyda olub böyüyür, Lenin mavzoleydə xortlayıb ayağa qalxır.

Qeyd: SSRİ üç slavyan respublikasının – Rusiya, Ukrayna və Belarusun rəhbərlərinin 26 dekabr 1991-ci il tarixli birgə qərarı ilə ləğv olunduğu kimi, imperiyanın bərpa prosesi də yalnız bu üç ölkənin ittifaqından başlana bilər. 2021-ci ilin martından etibarən Rusiya və Belarus faktiki olaraq bir dövlətə çevrilmişlər. Yalnız Ukrayna onlara qoşulmaq istəmirdi.

2022-ci il fevralın 24-də Rusiya Federasiyası Ukrayna Respublikasına qarşı elan edilməmiş müharibəyə başladı. İlk günlərdə hərbi mütəxəssislərin bir çoxu deyirdi ki, savaşın nəticələri Ukrayna üçün fəlakətli olacaq, paytaxt Kiyev tezliklə süquta uğrayacaq. Lakin hərbi əməliyyatların sonrakı gedişi onların yanıldığını göstərdi. Hazırda iddia etmək olar ki, Rusiya Ukraynaya soxulmaqla özünü sözün əsl mənasında bataqlığa salmışdır. Rusiya üçün ən pisi odur ki, bu bataqlıq yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır. Bir tərəfdən müharibənin uzanması, digər tərəfdən isə Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyanı taqətdən salmaqdadır.

Nəticə. 

Birinci fərziyyəyə əsasən, SSRİ-nin bərpa olunacağı barədə “Simpsonlar”ın “öncəgörməsi” Qərbin həyata keçirdiyi manipulyasiya xarakterli tədbirlərdən yalnız biri olmuşdur. Məqsəd Rusiyaya rəhbərlik edən şəxslərin şüurlarına təsir göstərməklə onları lazım olan istiqamətdə hərəkətlərə təhrik etmək idi. Görünür, Qərb təhlilçiləri belə bir qənaətə gəlmişdilər ki, Rusiya liderləri arasında mistikaya, möcüzələrə inanan xəyalpərvər adamlar vardır. 

İkinci fərziyyə isə belədir: Qərblilər bu yolla bildirmişdilər ki, Rusiya imperiyasını bərpa etmək istəyənlərin revanş planlarından agahdırlar. Xəbərdarlığın cizgi filmi vasitəsilə edilməsi isə onu göstərir ki, qərblilər "SSRİ-nin yenidən qurulması" cəhdini bəri başdan uğursuzluğa məhkum avantüra sayırlar.


P.S. Qərb Rusiyanın Ukrayna girdabına düşməsini istəyirdimi və əgər belədirsə, o öz hədəfinə nail olmuşdurmu? Bu suallara, böyük ehtimalla, təxminən bir ay ərzində aydınlıq gətiriləcək. 


Araz Şəhrili.

Araşdırmaçı, jurnalist.


Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.