ARAŞDIRMA
"Qubadlının Əliyanlı mahalının Başarat və Armudlu kəndlərində alban məbədləri, Qafqaz Albaniyası dövründən qalmış digər abidələr vardır..."
“Bu gün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır...”
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin özünün “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında hazırladığı “Qafqaz albanları: Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan camaatı” başlıqlı yazısının “Albanlar və alanlar” adlı 1-ci hissəsini təqdim edirik:
Cənubi Qafqaz albanları və Şimali Qafqaz alanları... Albanlar azərbaycanlıların və dağıstanlıların, alanlar isə qaraçaylıların, balkarların və osetinlərin əcdadı sayılırlar. Albaniyanın adı əski salnamələrdə Albania (latın), Arianiya (qədim yunan), Arran (ərəb-pars), Aluank (qrabar) və başqa formalarda qeyd olunub. Alaniyanın adı isə qədim mətnlərdə Alania (latın), Allan (ərəb), Alank (qrabar) və digər şəkillərdə göstərilib. Nüfuzlu fransız linqvisti Emile Benveniste (1902–1976) hesab edirdi ki, Alaniya adı qədim pars dilindəki Ariana (Arran?) sözündən törəyib.
“Qədim türk dilinin lüğəti” əsərindən («Древнетюркский словарь», город Ленинград, издательство «Наука», 1969, с. 33) bəllidir ki, qədim türk dilində “alanq” sözü “düz” (hamar), “alban” sözü isə “dövlət vergisi” anlamını ifadə etmişdir. Saxa türkləri mərdlik və şücaət kimi keyfiyyətlərə “alban” deyirlər. Monqol dilində isə “alban” sözü “dövlət”, “qanun”, “vergi” mənalarında işlənir.
Quba rayonunun Alpan kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri və Qafqaz Albaniyasının yadigarıdır. Alpan toponimi özündə qədim alban tayfasının adını əks etdirir. Bu tayfa yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də yayılmışdır. Bu gün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır. Özbək albanları sakau tayfasının, türkmən alpanları isə sakat və təkə tayfalarının tirələridir. Tanınmış tarixçilər – fransız Lui Vivyen de Sen-Marten (1802–1897) və rus Sergey Pavloviç Tolstov (1907–1976) müasir türkmən xalqının təkə və qədim saka xalqının daha tayfalarını eyniləşdirmişlər. Alban və alpan adlı tirələri olan digər iki tayfanın da adlarına diqqət yetirək: sakau və sakat. Xatırladaq ki, Şimali Qafqaz alanları məhz qədim sakaların törəmələri idilər.
Azərbaycanın aşağıdakı yer adları da,
ola bilsin ki, alan–aluan–alban etnonimi ilə bağlıdır:
- Ağsu rayonundakı Sanqalan dağı və Sanqalan (sanq–alan–aluan–alban) kəndi;
- Abşeron rayonunun Xırdalan (xırd–alan–aluan–alban) şəhəri;
- Xəzər rayonunun Şüvəlan (şüv–alan–aluan–alban) kəndi;
- Cəlilabad rayonunun Albalan (alp–alan–aluan–alban) kəndi;
- Kəlbəcər rayonundakı İlandağ (alan–aluan–alban–dağ) dağı;
- Zəngilan (zəng–alan–aluan–alban) rayonu;
- Culfa rayonundakı Əlincə (alan–aluan–alban) qalası, Əlincə dağı, Əlincə çayı və İlandağ dağı;
- Ordubad rayonundakı Alangözdağ dağı;
- Füzuli rayonundakı Məngələnata (min, minq–alan–ata) dağı;
- İranın Ərdəbil ostanındakı Savalan (sav–alan–aluan–alban) dağı;
- Qəbələ rayonundakı Savalan dağ silsiləsi və Savalan kəndi;
- Laçın rayonundakı Ağoğlan (ağ alan–aluan–alban) dağı, Ağoğlan çayı, Ağoğlan monastırı, Ağoğlan qalası və Ağoğlan kəndi;
- Sədərək rayonundakı Ağoğlan türbəsi;
- Cəbrayıl rayonundakı Ağoğlan piri;
- Yevlax rayonunun Qaraoğlan (qara–alan–aluan–alban) kəndi;
- Ağdaş rayonunun Qaraoğlan kəndi.
Göstərilən yer adları arasında müəyyən zahiri fərqlərin mövcudluğu onların əksəriyyətinin məhz alan–aluan–alban etnonimi ilə bağlılığı barədə fərziyyəmizi istisna etmir. Zaman və məkan kimi amillərin təsiri altında istənilən söz ilkin mənasını saxlamaqla müxtəlif formalara düşə bilər.
Haşiyə:
Bir iddiaya görə, Savalan dağının adı türk dilindəki “saval” (soyuq, sərt hava şəraiti) və fars dilindəki “an” cəm şəkilçisindən ibarətdir. Digər ehtimala əsasən, türk dilindəki “sala” (barmaq) və “bu” (çıxıntı) sözlərindən yaranmışdır. Belə bir fikir də var ki, Savalan dağının adı türk dilindəki “saal” (dağ yalı) sözü ilə əlaqəlidir. Başqa bir fərziyyə isə budur ki, Savalan oronimi avar dilindəki “şabal” (dağ, zirvə, təpə) sözündən törəmişdir. Amma göründüyü kimi, bu izahların hamısı kifayət qədər ziddiyyətlidir. Zənnimizcə, Savalan adının birinci hissəsi qədim türk dilindəki “sav” (aləm, yer) sözü, ikinci komponenti isə alan etnonimidir.
Qubadlı rayonunun Əliyanlı mahalının adı da alan etnoniminə bənzərliyi baxımından maraq doğurur. Əliyanlı camaatı qaraçorlu tayfasının bir qolu hesab edilir. Tarixdən bəllidir ki, Qafqaz Albaniyasının Dərbənd şəhərindən Beşbarmaq dağınadək uzanan ərazisinin adı Çor olub. Əliyanlı mahalının Başarat və Armudlu kəndlərində alban məbədləri, Qafqaz Albaniyası dövründən qalmış digər abidələr vardır. Bunları nəzərə alaraq, ehtimal edə bilərik ki, əliyanlı adı, əslində, ilkin alban–aluan–alan adının bir forması, əliyanlı tayfası isə qədim albanların bir nəslidir.
Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu “Əliyanlı mahalının tarixi irsi və maddi abidələri” adlı məqaləsində yazır: “Pir dağının üstündəki alban məbədi V–VI əsrlərə aiddir. Xalqın qoruyub saxladığı müqəddəs ziyarətgahın uzunluğu 4 metr, eni 3 metr, hündürlüyü 2,5 metr, forması düzbucaqlı, üstü tağbənd şəkilli, materialı daşdan idi. Quzeyindəki giriş qapısının hündürlüyü 1,8 metr, eni 80 sm olardı. İçəridə hər iki divar boyunca 15-ə qədər taxça (40–60 sm) və yazısız iki məzar vardı. Başdaşı (60 sm hündürlüyündə) və sinədaşı kobud daşlardan yonulmuşdu. Günəş çıxanda pirin içərisi işıqlanırdı. Qapıdan aşağıda ardıc kollarının dibindən sərin sulu Pir bulağı axırdı, ətrafı çaşır bürümüşdü. Başarat kəndindən 6–7 km cənub-qərbdə, Albalı (alban?) yeri deyilən ərazidə romb formalı, üzərində mixi hərflərinə oxşar yazılar olan 10–15 qəbir daşı (boyu 1,5–2 metr) vardı. Başdaşlarının ortasındakı xaç işarələrindən, künclərindəki qızılgül təsvirlərindən bilinirdi ki, bunlar II–III əsrlər alban mədəniyyətinin nümunələridir. Ətrafda əlliyədək qədim yurd yeri görünürdü”.
Müasir türkmənlərin olam və ulam tayfaları, eləcə də salur və yomut tayfalarının alam adlı tirələri alan əsillidirlər. Türkmənistanın bu tayfa və tirələrinin yaşadıqları ərazilərdə Alan qala və Qızıl Alan adlı qədim qalalar olmuşdur. Onu da qeyd etməliyik ki, qaraçaylılar və balkarlar bugün də özlərinə alan deyirlər. Xarəzm alimi Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-Biruni (973–1048) yazır: “Alanların və asların dili xarəzmlilərin və peçeneqlərin dilinə bənzəyir”.
(Ardı var...)
Müəllif:
Milli Kimlik Araşdırmaları
Qrupunun üzvü Araz Şəhrili.
Moderator.az
& VƏTƏNSEVƏRLƏR
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.