Əhməd Kərim oğlu Xudatzadə
©
Möhtərəm oxucularım, Əhməd Kərim oğlu Xudatzadə haqqında rəsmi bioqrafik məlumat verməzdən öncə Sizə Azərbaycan Səhiyyəsinin qısa tarixi keçmişindən, bu sahənin ziyalılarından danışmaq və Əhməd Xudatzadənin öz dövrünün səhiyyəsinin tarixi prosessindəki rolundan bəhs etmək istəyirəm."Azərbaycanın tibb tarixi qədim zamanlardan başlayır. Ancaq elmi təbabətin yaradılması və inkişaf etdirilməsi istiqamətində ilk addımlar XIX əsrin 2-ci yarısında atılmışdır. Bu, həmin dövrdə Rusiyanın və digər ölkələrin müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin sayəsində mümkün olmuşdur. Belə mütəxəssislərdən biri Mirzə Kazım bəydir. 1887-ci ildə «Ürəyin innervasiyasına dair materiallar» mövzusunda dissertasiya müdafiə edərək doktorluq dərəcəsi almışdır. Mirzə Kazım bəyin terapiya elminin inkişafında, difteriyaya qarşı mübarizədə və s. böyük xidmətləri olmuşdur.
Ölkəmizdə ambulator xidmətin ilk təşkilatçısı isə Məmmədrza ağa Vəkilovdur. O, Bakıda ilk pulsuz müalicəxana (poliklinika) yaratmış və daha sonra onların sayının artırılması barədə məsələ qaldırmışdır. Bakı şəhərində 6 müalicəxana açılmasına nail olmuşdur. İ.Rəhimov ilk azərbaycanlı psixiatr, M.İ.Şərifov ilk sanitar həkim, Ə.Axundov ilk ruhi xəstəliklər klinikasının təşkilatçısı olmuşlar. Azərbaycan təbabətinin inkişafında, səhiyyə ocaqlarının, elmi-tibbi müəssisələrin təşkilində Nəriman Nərimanovun da böyük rolu olmuşdur. Mirzə Məmmədqulu Qayıbov, Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli Azərbaycan elmi cərrahlığının bünövrəsini qoymuşlar.
20-ci əsrin əvvəllərində Azərbaycanda elmi təbabət, kütləvi tibbi xidmət yeni-yeni təşəkkül tapırdı. Müalicə ocaqları, milli tibb kadrları çatışmadığı üçün səhiyyənin inkişafı ləngiyirdi. Təkcə onu demək kifayətdir ki, 1913-1914-cü illərdə Azərbaycanın ambulatoriya və müalicəxanalarında ümumilikdə 45 həkim çalışırdı və onlardan cəmi 11 nəfəri azərbaycanlı mütəxəssis idi. Yalnız Bakı və Gəncə şəhərlərində müstəqil sanitar xidməti fəaliyyət göstərmişdir. Əhalinin böyük əksəriyyətinin tibb təhsilli əsl həkim əvəzinə ara həkimlərinə, dəlləklərə, hətta falçılara, mollalara, cadugərlərə müraciət etdiyi bir dövrdə ölkəmizdə səhiyyənin inkişafı üçün çalışan fədakar ziyalılarımız həm müalicə işi ilə, həm də cəmiyyətin maarifləndirilməsi ilə məşğul olmuşdurlar. Bu işdə azərbaycanlı tibb kadrları ilə yanaşı, digər millətlərdən olan həkimlərin də xidmətləri böyükdür.
Qeyd edək ki, səhiyyəmizin inkişafı istiqamətində göstərilən səylər 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası (ADR) yaradıldıqdan sonra daha çox artmışdır. Buna Xalq Cümhuriyyəti Hökumətinin 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı qərarı xüsusi təkan vermişdir. Nazirliyin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri yaradılmışdır.
Müstəqil Azərbaycanın səhiyyə naziri vəzifəsinə ilk təyin edilən 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy Rəfibəyov olmuşdur. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılmış, yeni tibb ocaqlarının, laboratoriyaların tikintisinə başlanılmış, lazımi avadanlıqlar alınmış və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülmüşdür.
ADR dövründə Azərbaycan səhiyyəsinə dövlət qayğısının yüksək olmasına baxmayaraq, ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlər onun fəaliyyətinə ciddi təsir etmişdir. Bu amil səhiyyə nazirlərinin tez-tez dəyişməsində də özünü göstərmişdir. Belə ki, 1919-cu ildə səhiyyə naziri vəzifəsinə Y.Y.Gindes təyin olunmuşdur. Azərbaycanda pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə yaxın elmi əsərin müəllifi, Azərbaycanın əmək qəhrəmanı olmuşdur. Onun nazir olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açılmışdır, pediatriya sahəsi inkişaf etmişdir. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi sanatoriyası tikdirmişdir. Azərbaycan Demokratik Respublikasının sonuncu səhiyyə naziri isə M.Rəfiyev olmuşdur".
Azərbaycanda səhiyyənin inkişaf etməsi üçün əlindən gələni əsirgəməyən tibb mütəxəssislərindən biri də Əhməd Kərim oğlu Xudatzadə olmuşdur. O da unudulmaz müəllimlərinin yolunu davam etdirmişdir. İkinci Dünya Müharibəsi illərində Əhməd Xudatzadə səhiyyə orqanlarının, müəssisələrinin, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat institutlarının işinin yenidən qurulmasında və hər şeyin cəbhənin tələbatına uyğun yönəldilməsində yaxından iştirak etmiş, tibb tarixində unudulmaz izlər qoymuşdur.
1937-ci ildə o, Azərbaycan Tibb İnstitutunu fərqlənmə ilə bitirmiş və institutda işlə təmin edilmişdir. İnsanlara bilavasitə gərək olmaq hissinin güclülüyü Əhməd Xudatzadəni yerlərə, xəstəliyə məruz qalmış adamlara şəfa verən xəstəxanalara cəlb etmişdir. 1938 - 1941-ci illər ərzində o, Xızı, Laçın, Şuşa xəstəxanalarında çalışmışdır. İkinci dünya müharibəsi başlanan vaxtdan 1943-cü ilədək Ə.K.Xudatzadə Sovet Ordusu sırasında xidmət etmiş, hərbi xəstəxanalarda yüzlərlə sovet döyüşçüsünün sağlamlığının bərpa olunması üçün bütün istedad və enerjisini sərf etmişdir. Ordudan tərxis olunduqdan sonra o, 1954-cü ilə kimi Bakıda Semaşko adına xəstəxanada və Azərbaycan Tibb İnstitutunda həkim və müəllim kimi fəaliyyət göstərmişdir.
Yeri gəlmişkən, Azərbaycan Tibb Universitetində mütəmadi olaraq “1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan tibb işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans keçirilir. Konfransda ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də tibb işçilərinin rolundan söz açılır. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilir. Qeyd olunur ki, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.
Əhməd Kərim oğlu Xudatzadə 12 dekabr 1911-ci ildə Bakı şəhərində doğulmuşdur.
Atası Kərim kişi Bakının Şüşə Zavodunda mütəxəssis işləmiş və sonradan xəsarət nəticəsində əlillik dərəcəsi almışdır. Anası Umsəlimə xanım evdar qadın olmuş və cavan ikən dünyasını dəyişmişdir. Əhməd ailənin böyük övladı olmuşdur. Onun təhsilə, elmə həvəsini görən əmisi Soltan bəy Xudadatoğlu Əhmədi himayəsinə götürmüş, özünün övladı olmadığına görə onu böyüdüb boya-başa çatdırmış və ona ali təhsil alması üçün şərait yaratmışdır.
Əhməd Xudatzadənin qayğıkeş əmisi Soltan bəy Xudadatoğlunun Bakının Ramanı (İndi Bakı şəhərinin Sabunçu inzibati rayonu ərazisində qəsəbə) kəndinin ərazisində neft quyuları var imiş. O, Nobel qardaşları ilə neft sahəsində müştərək iş qurmuş, soydaşlarının rifahının yaxşılaşmasına çalışmış və Vətəni Azərbaycana böyük gəlir gətirmişdir. Soltan bəy Xudadatoğlunun həyat yoldaşı Nurcahan xanım Əhməd Xudatzadəyə doğma anası kimi daim qayğı göstərmiş və ona analıq etmişdir.
Ə.K.Xudatzadənin həyat və fəaliyyəti 1954-cü ildən etibarən həmişəlik olaraq Ağdam rayonu ilə bağlanmışdır. Həmin ildən ömrünün axırınadək Ə.K.Xudatzadə Ağdam Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsinin müdiri və baş cərrah vəzifələrində çalışmışdır. Yüzlərlə insana şəfa verməklə yanaşı, Əhməd Xydatzadə öz ixtisas biliyini artırmaq üçün yorulmadan çalışmışdır. 1969-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi Ə.K.Xudatzadəyə "Ali Cərrah" dərəcəsi vermişdir.
Əhməd Xudatzadənin həyat yoldaşı şuşalı Sürəyya xanım Cəlal qızı Mustafayeva olmuşdur. Cəlal Mustafayev Şuşa rayon Maliyyə İdarəsinin müdiri işləmişdir. Bu izdivacdan onların 8 övladı doğulmuşdur :
1. Aydın (rəhmətə gedib)
2. Gülxanım (müəllimə)
3. Arif (rəhmətə gedib)
4. Soltan (həkim)
5. Tofiq (texnik)
6. Fikrət (mühəndis)
7. Umsəlimə (evdar qadın)
8. Cavid (modelyer - dərzi)
İndi rəhmətlik Əhməd Xudatzadənin peşəsini oğlu Soltan Xudatzadə davam etdirir. O, Moskva şəhərində yaşayır və Azərbaycan naminə babasının, atasının arzularını həyata keçirir və çətinliklə rastlaşan həmyerlilərimizə qayğı göstərir, onları himayə edir.
Soltan Əhməd oğlu Xudatzadə
Ə.K.Xudatzadənin səmərəli fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "İkinci dərəcəli Vətən müharibəsi ordeni", medallar və fəxri fərmanlarla təltif edilmişdir.
Ağdamda hamı onu tanıyırdı və hamı ona hörmət edirdi
Qarabağ müharibəsi başlamazdan çox əvvəl Azərbaycanın, eləcə də Ağdamın tibb ictimaiyyətinə ağır itki üz verdi. Amansız ölüm Ağdam Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsinin müdiri, rayonun baş cərrahı, "Ali Cərrah" dərəcəli Əhməd Xydatzadəni aramızdan apardı. O, 16 noyabr 1973-cü ildə övladları tərəfindən Bakının Zuğulba (İndi Abşeronda şəhər tipli qəsəbə) kəndində dəfn edilmişdir. Əsil ziyalı, mahir cərrah, gözəl insan Əhməd Xudatzadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
ALLAH ONA RƏHMƏT ELƏSİN. QƏBRİ NURLA DOLSUN. AMİN...
Hazırladı : Adil İrşadoğlu (Əliyev)
Bakı, 10.02.2018-ci il / 16-30. ©
Allah size rehmet eylesin, Ahmed emi. Qebriniz nurla dolsun. Ruhunuz şad olsun.
YanıtlaSilhəmin şəxs'in neticesiyem Allah rəhmət etsin adım Xudatzade Ali'dir
SilAllah rəhmət eləsin
YanıtlaSil