Emin Sabitoğlunun “Payız gəldi” (“Payız gəldi, uçdu getdi quşlar”) mahnısını gənclik illərindən çox sevirəm. Özü də Xədicə Abbasovanın ifasında. İmkan düşdükcə dinləyirəm.
İlk avtomat, ilk top səsindən diksinən quşlar qanadlarını geniş, çox geniş açıb bacardıqları qədər uzaqlara uçub getdilər. Qorxdular barıt qoxusunda boğulmaqdan. Ocağının istiliyini uzaqlarda tapa bilməyən adamlar təki quşların da bəziləri yaxınlıqda özlərinə müvəqqəti yuva qurdular. Ara sakitləşən kimi güllədən yayınmaq üçün lap hündürdən uçaraq sərhədi keçib öz yurduna, dağılmış yuvasına baxıb qayıdırlar. Quşlar bizdən xoşbəxtdirlər.
Hərəkət edə bilən bütün canlılar tərk etdi o yerləri. Ağaclar, kollar, torpaqlar, dağlar, … qaldı. Demək, onlar torpağa bizdən daha çox bağlıdılar.
Ayrılıqdan, xiffətdən ağacların yarpaqları sapaldı. Dağlar bozardı. Ağappaq ağaran evlərin yerə sərilən daşları nəm çəkdi. Dəyişdi rəngi. Lalələr də dərd çəkdiyindən üstündəki qara xalı qırmızı rəngindən böyük görsəndi. Nişangah kimi.
Qarabağa hər mənada payız gəldi. Qarabağın baharı sonbahara döndü.
Daha oraların narı qızarmır. Qoz da qabıqdan gecələr düşür. Qorxur səsi eşidilər, tutular atəşə.
Ağacların yarpaqları payız yarpaqlarının başqa rəng çalarlarını da almır. Saralıb tökülən yarpaqların üstünə qara buludlar göz yaşı tökür. Isladır. Isladır ki, külək əsəndə xışıltı səsi salmasın. Adam yox üstündə yeriyə…
Tutu araq dadır. Arxından hələ də qan axır. Buralarda qızaran ancaq qan rəngidir.
Lal bir sükut var. Gecələr ancaq atəş səslərinin pozduğu lal-ölü bir sükut.
Cığırlar dərddən üzülüb. Dəli olmuş külək izləri itirib. Saralmış otlar, kol-koslar qapayıb yolların üzünü. Pas atmış dəmiryol relsləri sarala bilən nə varsa, onların arasında ard-arda düzülmüş ilan sürüsü kimi qaralır. Üzüqoylu uzanmış künbəz sınıq-sökük baş daşlarını qucaqlayıb ağı deyir. Dağlar, dərələr bizim yerimizə çəkdiyi xəcalətdən kiçilib. Təpələr düzən olub, düzəni çala yerdə.
Qarabağın payızına payız gəlib.
O yerlərə öz istəyiylə ancaq payızla qış gəlir. Özü də daha sərt. İlımlı heç nə yoxdur orda. Bu dərdə dözə bilməyib infark keçirən torpağın sinəsi cadar-cadardı.
Bulud bu yerlərin üstünü kabus kimi alıb. Yağış balasını itirmiş ana təki aramsız göz yaşı tökür. Qəmin, kədərin göz yaşı duzlu olduğundan düşdüyü yeri sapsarı saraldır.
Hər dəfə soyuqlar başlayanda; yağış, qar yağanda mənə elə gəlir ki, oralar da mənim kimi üşüyür. O yerlərə yağan yağış, qar sanki içimə yağır. Əsim-əsim əsirəm. Titrədirəm.
O yerlər soyuqdan daha çox yiyəsizlikdən üşüyür. Yetim kimi. Atılmış kimi...
Göynərtisi sinəmizi göynədən, acısı yuxumizi ərşə çəkdirən bu həsrət üzəcək bizi. Torpaq, dağ qarışıq.
Payız ömürlü yurdun durnalara qoşulub gedən quşları biz gələn yazı gözləyir. O yerlərə bahar, yaşıllıq sevincin şirin göz yaşlarıyla gələcək.
Həsrətə rəng qatmaq lazımdır. Yaşıl rəng sarı ilə mavinin qarışığından alınır. Sarı ümid, mavi isə azadlıq rəngidir.
Azadlığa olan Umid Qarabağa yaşıllıq, həyat gətirəcək…
Rəfail Tağızadə
18.10.2016
& VƏTƏNSEVƏRLƏR
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.