17 Eylül 2016 Cumartesi

TÜRKLƏR ÜÇÜN CƏHƏNNƏMƏ ÇEVRİLƏN AZƏRBAYCAN TORPAĞI – ŞOK FAKTLAR

Tarix: 17 Sentyabr 2016 / 10:21 
  
Xəzər dənizinin Nargin adasında türk tarixi baxımından son dərəcə vacib olan türk şəhidlərinin sümükləri tapılıb. “Cəhənnəm adası” və “İlan Adası” olaraq da tanınan bu yerdə Birinci Dünya Müharibəsi zamanı ruslara əsir düşən türk əsgərləri hər cür işgəncələrə məruz qalaraq öldürülüb. 1914-1915-ci illərdə, Sarıqamış döyüşündə Anadolu kəndlərindən zorla alınıb götürülən və içərilərində 3 yaşındakı qız uşaqlarından tutmuş 80 yaşındakı yaşlılara qədər bir çox türkün olduğuna dair məlumatlar rus sənədlərində yer alıb. Bu sənədlərdə aclıq, xəstəlik və zəhərli ilanların sancmasıyla ölən və ruhi xəstəlik tapıb əldən düşən bir çox türkün şəkilləri də var.

Birinci Dünya Müharibəsində ən çox zərər görən bəlkə də, Şərqi Anadolu ilə Azərbaycan bölgəsindən ruslar tərəfindən əsir alınıb, Sibir və Nargin adası kimi şərtlərin son dərəcə pis olduğu yerlərə sürgün edilən türk xalqı və əsgərləri olub. Müxtəlif işgəncələrə məruz qalan, həyatda qalmağa çalışan türklərlə bağlı isveçli Qızıl Xaç səlahiyyətlisi Graf Londrof yaşananları belə təsvir edib: "İzdihamda, qoxudan yaxın durmaq qeyri-mümkün olan, qapıları kilidli və içərisi Osmanlı əsirləri ilə dolu böyük bir qatar 1915-ci ilin yanvar ayının sonunda Sirzan stansiyasına gəldi. Qatarın içindəki əsirlər, insan sifətindən çıxmış, aclıqdan rəngləri saralmış, yanaqları çökük, almacıq sümükləri çölə çıxmış, tərpənə bilməyəcək şəkildə yorğun və qüvvədən düşmüş, paltarsız, ayaqları çılpaq, kainatda mövcud bütün yoluxucu xəstəliklərə mübtəla bir halda idi. Bu faciəvi mənzərə insanları utandıracaq və ürəklərini sızıldadacaq dərəcədəydi”.



 Nargin adası 1915-ci ildə Şahzadə Oldenburqun istəyiylə döyüşlərdə əsir düşənlər üçün düşərgə vəziyyətinə gətirilib. Adada su qaynağı olmadığı üçün düşərgənin su ehtiyacı Bakıdan təmin edilərək gəmilərlə gətirilib. gətirilirmiş. Bakıdan gətirilən su əvvəl rus və erməni əsgərlərinə verilirmiş. Əgər sonra su qalsaydı, onu əsirlərə də verirdilər. Türk əsirlərin bəzən altı gün su içmədikləri deyilir. Ağacın, suyun olmadığı, zəhərli ilanlarla dolu bu adada, erməni və rus əsgərlərinin ağıla sığmayan işgəncələrinə baxmayaraq yaşayan türk əsirləri möcüzə hesab edilirdi. Ölənlər və güllələnən türkləri adada toplu halda basdırırdılar. Yəni, Nargin adasının bir qisminin tamamilə Türk Qəbiristanlığı olduğunu söyləyə bilərik.

Nargin adasında tutulan on minlərlə əsirin bir qismi, Azərbaycan türklərinin köməyiylə adadan qaçıb. Bu bölgədə "Kardaş komeg" yəni, qardaş köməyi deyə nəsildən-nəsilə ötürülən bir çox əhvalat var. Onların köməyi və dəstəyi ilə ölümdən qaçanlar arasında ilk təyyarəni uçurdan və ilk düşmən təyyarəsini yerə düşürdən, türk havaçılıq tarixinin ilklərinə imza atan Vecihi Hürkuş da var. Hava döyüşünün birində yaralandıqdan sonra, ruslara əsir düşən pilot Xəzər dənizindəki Nargin adasına göndərildikdən sonra, Azərbaycan türklərinin köməyi ilə adadan üzərək qaçıb və Ərzuruma qədər piyada gəlib.

Nargin adasında əsir tutularaq həyatını itirən əsgərlərin sümüklərini türkiyəli professor Bingür Sönməz və professor İbrahim İldırım 2007-ci ildə Nargin adasına xüsusi bir icazə ilə etdikləri səfər zamanı sümüklərin bir qismini Sarıqamış şəhidliyində dəfn etmək üçün Türkiyəyə aparıblar.

Qeyd edək ki, Nargin adasında türk əsirlər üçün qoyulan abidə var.




Dilrubə Vaqifzadə,
PUBLİKA.AZ  & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.