16 Ağustos 2016 Salı

VAŞİNQTONDA “TÜRKİYƏ DAHA MÜTTƏFİQİMİZ DEYİL" FİKİRLƏRİ SƏSLƏNDİRİLİR...

15.08.2016 / 20:24

15 iyul hərbi çevriliş cəhdindən sonra sakit günlərinə qayıtmaq istəyən Türkiyə bu gün daha bir terror aktını yaşadı. Hərbi çevriliş cəhdi ilə əlaqədar aparılan istintaq prosesində ortaya hər gün yeni dəhşətli faktlar çıxır. Türkiyədə “baş terrorçu” adlandırılan Fəthullah Güləni qaytarmaq istəməyən Vaşinqtonda isə “Türkiyə daha müttəfiqimiz deyil” fikirləri səsləndirilir. ABŞ-da həmçinin “Türkiyədəki atom bombalarını çıxarın!” çağırışları eşidilir.

Türkiyədə güclü partlayış: 7 şəhid, 21 yaralı

Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasında yerləşən polis nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobillə partlayış törədilib. Hadisə nəticəsində 4-ü polis və 3-ü mülki şəxs olmaqla 7 nəfər şəhid olub. Hazırda 21 nəfər xəstəxanalarda müalicə alır.

Məlumata görə, PKK terrorçuları yük maşınındakı partlayıcı qurğunu kənardan işə salıblar.

NATO-nun 624 qanadlı raketi ölkəni məhv etməyə hazır idi

Rusiyanın hərəkətləri NATO-nun yüzlərlə qanadlı raketi ilə Suriyanın vurulmasının qarşısını almağa imkan verdi. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Rossiya 24” kanalının efirində deyib.

“Əgər bizim prezidentimiz Suriyanın kimyəvi silahının təslimi və məhv edilməsi üzrə ideyanı reallaşdırmağı bacarmasaydı, nə baş verərdi? Yalnız qanadlı raketlərdən danışırıqsa, 624 qanadlı raket Suriyaya zərbənin endirilməsi üçün hazır idi”, - nazir bildirib.

Onun sözlərinə görə, bu qədər genişmiqyaslı zərbənin vurulacağı halda, Suriyada dövlət strukturunu bərpa fövqəladə dərəcədə çətin olardı.

O, həmçinin bildirib ki, Rusiya və ABŞ Suriyanın Hələb şəhərində ortaq hərbi əməliyyata başlamağa çox yaxındır. Nazirin sözlərinə görə, ABŞ-Rusiya danışıqları İsveçrə və İordaniyada davam etdirilir: “Amerikalı həmkarlarımızla görüşlərin ən aktiv mərhələsindəyik. Hələbdə vəziyyətin stabilləşməsi və insanların evinə qayıtması üçün əməkdaşlığa addım-addım yaxınlaşırıq”.

Rusiyanın daha bir rəsmisi – xarici işlər nazirinin müavini Mixail Boqdanov isə Rusiya, İran və Türkiyənin yaxın zamanda Suriya mövzusunda üçtərəfli toplantı keçirə biləcəyini açıqlayıb.

Türkiyənin baş naziri Binəli Yıldırım Suriya böhranının həllinə çox yaxın olduqlarını açıqlayıb. O, Suriyanın bölünməyəcəyini, ölkədə PYD nəzarətində muxtar vilayətin qurulmayacağını deyib: “Sərhədlər qorunacaq, PYD nəzarətində bir dövlət yaranmayacaq. Böhran tam həll olunduqdan sonra qonşu ölkələrdəki miqrantlar öz vətəninə dönəcək. Yeni Suriyada məzhəb, etnik və regional ayrı-seçkilik olmayacaq. Məzhəbçilik olmadığına görə Əsəd də olmayacaq”.

"Türkiyə artıq müttəfiqimiz deyil"

Bu haqda "Wall Street Journal" qəzetinin yazarlarından Steven Cook yazıb.

O, Türkiyə ilə ABŞ əlaqələrinin 1974-cü il Kipr və 2003-cü il İraq işğalından sonrakı ən pis dövr olduğunu vurğulayaraq, "Çevriliş cəhdində ABŞ-ı ittiham edən Türkiyənin İncirlik bazası təhdidinə qarşı ABŞ ordusu boynuna yeni missiyalar götürməlidir. Ərdoğanın ABŞ-ın hərbi bazalarına giriş cəhdinə qadağa qoymasına cavab olaraq, Kipr, İordaniya və İraqdakı Kürd bölgəsindəki hava sahələrindən istifadə edərək ehtiyatlı olmaq lazımdır" yazıb.

Cook müasir dövrdə ABŞ və Türkiyənin eyni dəyər və maraqları paylaşmadığını vurğulayaraq, ABŞ-ın yeni müttəfiqlər axtarışına çıxmalı olduğunu bildirib.

ABŞ səfirindən ŞOK ETİRAF: “Ərdoğanı buna görə sevmirlər”

“Ərdoğan Vaşinqtonda sevilmir. Ərdoğan Avropada da sevilmir. Avtoritar görünür və yaxşı bir oyunçu olmadığı düşüncəsi hakimdir. Qərb daha əvvəllər Ərdoğandan daha avtoritar olan bir çox liderləri ilə əməkdaşlıq etdi, etməkdə də davam edir”.

Bunu ABŞ-ın ən qocaman diplomatlarından sayılan və 2008-2010-cu illərdə Türkiyədə səfir olan Ceyms Cefri “Hürriyyət”ə müsahibəsində deyib. Onun sözlərinə görə, səudiyyəlilər, misirlilər hər fürsətdə ABŞ-a yaltaqlanırlar: “Ərdoğan isə bizimlə toqquşur, səhvlərimizi üzümüzə vurur, dostumuz olmağa çalışmır. Ondan daha avtoritar liderlər isə dostumuz kimi görünərək zərər görmürlər. Çox yaxın vaxta qədər Putin də belə davranırdı. Ərdoğan Vaşinqtonda buna görə sevilmir. Bilirəm, heç ədalətli vəziyyət deyil”.

Bir sözlə, amerikalı diplomat Ərdoğanın sevilməsi üçün onun da ABŞ-a yaltaqlanmalı olduğunu deyib.

ABŞ-da sevilməyən Ərdoğanı isə əməliyyat masasında öldürmək istəyiblər. FETÖ (Fəthullahçı Terror Təşkilatı) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cərrahiyyə əməliyyatı zamanı öldürməyi planlaşdırıb.

Bu barədə 17-25 dekabr dövlət çevrilişi cəhdi sonrası təşkilata aid 200-ə yaxın məxfi məlumat, sənəd, görüntü və səs yazısını İzmir Respublika baş prokuror Vəkili Okan Batoya təslim edən FETÖ imamı Hüseyn Sarıçiçek bildirib.

“7 fevral MİT böhranının yaşandığı gün idi. Fətullah Gülənə ən yaxın 6 nəfərlik çox gizli heyətdə olan Egey dənizi bölgə imamı Necdət İçel mənə zəng etdi və avtovağzaldan bir polkovniki götürərək Torbalıdakı bağ evinə aparmağımı istədi. Mən də o polkovniki götürərək İçelin bağ evinə apardım. Bu arada Necdət İçelin qışqıraraq bağçaya çıxdığını və yanında olan bir polis rəisinə hücum etdiyini gördüm. İçel “Əməliyyata necə girməz? Bu adam necə ölməz? deyə bağırırdı. Sonradan həmin dövrdə baş nazir olan Ərdoğanın İstanbulda bir cərrahiyyə əməliyyatından son anda imtina etdiyini öyrəndim. Necdət İçel 7 fevral və 17-25 dekabr hadisələrindən əvvəl Amerikaya gedib gəlmişdi”, - Hüseyn Sarıçiçək deyib.

Lavrovdan Qərbə siqnal

Rusiya-Qərb münasibətləri əvvəlki səviyyəsinə qayıdacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Rusiya hazırda Almaniya ilə 1990-cı ildən bu yana olan münasibətlərində ən ağır dönəmini yaşayır.

O, Rusiyanın təcrid edilməsinə imkan verməyəcəklərini bildirib. 

Terrorçular Türkiyədəki 50 nüvə bombasını ələ keçirəcək – ŞOK MƏRUZƏ

Türkiyənin İncirlik təyyarə bazasında yerləşdirilən ABŞ-ın nüvə silahının terrorçular və başqa güclər tərəfindən ələ keçirilməsi barədə ciddi qorxular var.

Bu haqda Vaşinqtondakı Stimson Tədqiqat Mərkəzinin məruzəsində deyilir. Ekspertlərin firkincə, Vaşinqtonda mütləq əminlik yoxdur ki, ABŞ Türkiyədə davam edən vətəndaş münaqişəsi fonunda nüvə silahı üzərində nəzarəti saxlaya bilər.

Birləşmiş Ştatlar ilk dəfə 1950-ci illərin sonlarında 1960-cı illərin əvvəlində – “soyuq müharibə” dövründə Avropada taktik nüvə bombalarını yerləşdirib. Məqsəd Şərqi Avropadakı sovet tank ordularını kompensasiya etmək idi. Taktik nüvə silahının əksəriyyəti 1990-cı illərin əvvəllərində Avropadan çıxarılıb. Amma hazırda Belçika, İtaliya, Almaniya, Niderland və Türkiyədə 6 bazada 180 ədəd B61 bombasının qaldığı bildirilir. Türkiyədə isə 50 bombanın olduğu deyilir.

Məruzədə B61-in bütün yüklərinin Avropadan dərhal çıxarılması və bu silah növünün alınmasının ləğvi tövsiyə edilir. Bildirilir ki, bu, iqtisadiyyata altı milyard dollardan çox xeyir verəcək. “Bu bombalar müasir müharibə üçün pis uyğunlaşdırılıb və inanılmaz şəkildə bahalıdır”, - sənəddə vurğulanır.

PKK Türkiyəni təhdid etdi: “Öcalana nəsə olsa…”

Abdullah Öcalanın təhlükəsizliyinə təhdid Türkiyənin bütün liderlərinin təhlükəsizliyinin təhlükədə olması deməkdir. Bunu ANF agentliyinə açıqlamasında PKK terror təşkilatının liderlərindən biri olan Murad Karayılan söyləyib. Onun sözlərinə görə, Öcalanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi deməkdir:

“Sözlərimiz hər kəs tərəfindən qəbul edilməlidir. Əgər belə olmasa, “Kürdüstan”dakı savaş idarə edilə bilməyən müharibəyə dönəcək. Bunun əsas günahkarı Türkiyə olacaq”.


Ömər Dağlı
PUBLİKA.AZ  & VƏTƏNSEVƏRLƏR

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.