11 Ağustos 2014 Pazartesi

MİLLƏT VƏKİLİ SOÇİ GÖRÜŞÜNÜ TƏHLİL ETDİ


“Ermənistan və Azərbaycan arasında problemin həlli ilə bağlı görüşlərin 20 ildən çox tarixi olsa da, bu görüş müəyyən ilklərlə yadda qaldı”
Bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk səhifəsində çıxış edib.
O, İkinci Qarabağ Savaşının birincidən daha təhlükəli olacağını bildirib:
“Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iki gün çəkən görüşləri başa çatdı. Görüşlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsinə həsr edilməsi barədə məlumat verilsə də, onun əsas mövzusunun Dağlıq Qarabağ probleminin müzakirəsi olduğu hamı üçün aydın idi. Avqustun əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən gərginlik və lokal döyüşlər dünyanın diqqət mərkəzində oldu. Hər iki tərəfdən olan böyük itkilər dünyanın bu həssas bölgəsində müharibənin yenidən başlaması ehtimalından xəbər verirdi. Yeni müharibə başlayacağı halda isə onun masştabı və əks-sədası Birinci Qarabağ Müharibəsinin (1991-1994) göstəricilərini çox-çox geridə qoya bilərdi. Ancaq adi siahlardan istifadə etməklə (artilleriya, təyyarələr və uzaqvuran raketlərdən istifadə edilmədi) gedən iki günlük döyüşə dünya birliyinin reaksiyası olsa da, ancaq Rusiya tərəfi döyüşlərin praktiki olaraq dayandırılması və tərəflərin onun ərazisində təcili görüşünün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdi”.
Deputat Soçi görüşünün ilklərlə yadda qaldığını deyib:
“İlk dəfə idi ki, cəbhə xəttindəki gərginlikdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birinin təklifi ilə təcili görüş keçirilirdi. İlk dəfə idi ki, tərəflər iki gün ərzində bir neçə rəsmi və qeyri-rəsmi görüş keçirdilər. İlk dəfə idi ki, həmsədr ölkə görüşdə üçüncü bir tərəf kimi iştirak edirdi. Bütün bu amillər Rusiyanın bu məsələdə praqmatik mövqe tutmağa çalışması kimi qiymətləndirilə bilər. Çünki problemin həll edilməməsi Rusiyanın cənub sərhədində, müharibə ehtimalının yüksəlməsinə, onun hər iki ölkə ilə münasibətlərinə də pozitivliyin itirilməsinə gətirib çıxara bilərdi. Görüşün özü barəsində çox az məlumat verildi. Prinsipcə bu müsbət qiymətləndirilməlidir. Tərəflərə piar deyil, problemin həlli ilə bağlı konkret müzakirələr lazım idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatı buna konkret sübut idi. Ancaq Ermənistan dövlət başçısı haqqında bunu demək olmazdı. Onun Rusiya prezidenti ilə görüşdə verdiyi bəyanat ilk növbədə öz ölkəsinin əleyhinə işləməyə başladı. Sərkisyan bildirdi ki, Azərbaycan məqsədli surətdə Ermənistan-Azərbaycan sərhədində, cəbhə xəttində gərginlik yaratdı. Hansı ki, o əvvəllər problemin guya Azərbaycanla “DQR” arasında olduğunu və Qarabağ ermənilərinin müqəddəratını həll etdiyini bildirirdi. İndi isə o Qarabağ erməni icmasının “müqəddəratı” barədə dediklərini unudaraq, həyasızcasına Ermənistan-Azərbaycan sərhəd xəttini Beyləqan, Ağdam, Goranboy və Kəlbəcər torpaqlarından çəkirdi”.
O, Sərkisyanın geri qayıtdıqdan sonra verdiyi bəyanatın sülhpərvər sayılmadığını söyləyib:
“Görüş iki gün mətbuatın iştirakı olmadan keçirildi. Heç sonra da hər hansı bəyanat və nəticələr barəsində məlumat verilmədi. Yeganə məlumat Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Azərbaycan və Ermənistan prezidentləri Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək” fikri oldu. Təhlilçilərin Lavrovun bəyanatında diqqətlərini çəkən ”xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər” fikri oldu. Rusiyanın baş diplomatının sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir. Axırıncı cümlə müəyyən maraq doğurur, baxmayaraq ki, bunu hər tərəf bir cürə yoza bilər. Ermənistan prezidentinin İrəvana qayıtdıqdan sonra verdiyi bəyanat da heç də sülhpərvər sayıla bilməz. İşğalçı dövlətin işğal etdiyi dövlətə qarşı yenə də hədə gəlməsi heç də onun sülh istəməsindən xəbər vermir”.
A.Mirzəzadə problemin dondurulmasının onu həll etmədiyini vurğulayıb:
“Soçi görüşü başa çatsa da, problem hələ də durur və o öz həllini tələb edir. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi ölkəmizi razı sala bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mövqeni dəfələrlə səsləndirib və cəmiyyət liderini tam dəstəkləyib. Ötən dövr göstərdi ki, problemin dondurulması problemi həll etmir, onu daha da ağır vəziyyətə itələyir. Çətinliklərə baxmayaraq, Azərbaycan ötən illərdə öz iqtisadiyyatını və ordusunu kifayət qədər gücləndirə bilib. Beynəlxalq hüquq da ölkəmizin tərəfindədir. Ona görə də Ermənistan bu məsələdə ciddi seçimini etməlidir. Ya Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ya da bütün istiqamətlərdən Azərbaycanın təzyiqini və gücünü hiss etməlidir. Onun seçiminə ayrılan vaxt isə çox azdır”.

baymedia.az
11 Avqust 18:40

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.