6 Ağustos 2014 Çarşamba

Erməni ekspert: ”Zəngilan alınsa, Mehri dəhlizi bağlanacaq”


Cəbhədə vəziyyət gərgin olaraq qalır. Belə görünür ki, ermənilər müharibəsiz bir rayonu belə azad etməyəcəklər, sülh yolu ilə münaqişənin həlli mümkün deyil.  Ermənistan texnoloqlarının çıxartdıqları nəticəyə baxdıqda aydın olur ki, ermənilər nəinki 7, hətta 1 rayonun qaytarılmasına hazır deyillər. Bunun isə öz səbəbləri var. Bu mənada erməni hərbi eksperti David Simonyanın şərhləri daha çox diqqət çəkir. O yazır ki, Azərbaycana hər hansı bir rayonun qaytarılması cəbhədə olan hərbi balansı poza bilər və bundan sonra da qarşı tərəf çox böyük üstünlük əldə edəcək.


Simonyanın nə demək istədiyini anlamaq onun ən çox müzakirə edilən məqaləsini olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycana hər hansı bir rayonun qaytarılması fəlakət olar. Əvvəla, indiki şəraitdə erməni qoşunları bir neçə eşalondan ibarət müdafiə sisteminə malikdirlər. Əgər düşmən ordusu (azərbaycanlılar – red.) ilkin cəbhə xəttini yarsalar, qoşunlarımız 2-ci müdafiə xəttinə çəkilərək düşmənin “Artsax”ın (Qarabağın – red.) içərilərinədək irəliləməsinə mane olar. Və Ermənistandan əsas qoşunlar köməyə gələnədək cəbhəni əllərində saxlayarlar.

İkinci bir tərəfdən, bizim qoşunların Zəngilanı, Cəbrayılı, Füzulini alması ilə Mehri rayonunun üzərində olan təhlükə aradan qalxdı. Həmçinin bu səbəbdən, Azərbaycan ordusu Stepanakerti (Xankəndi – red.), o cümlədən Ermənistanın Qafan, Gorus rayonlarını öz artilleriyası və malik olduğu BM-21 qrad qurğularından atəşə tutmaq imkanından məhrum edildi.

Altı rayonun qaytarılması o deməkdir ki, yeni cəbhə xətti Mardakert (Ağdərə – red.), Hadrut (Xocavənd), Əsgəran rayonlarının cəmı 5 kilometrliyində yerləçəcək. Bundan əlavə, Karvaçar (Kəlbəcər – red.) rayonunun Azərbaycana qaytarılması Mardakerti 3 istiqamətdən təhlükə altında qoyacaq.


Belə olan vəziyyətdə yeni müdafiə xətti nə qədər güclü olsa belə, “Artsax”ın təhlükəsizliyi üçün qarant ola bilməz. Hərb tarixindən bəllidir ki, hətta ən möhkəm müdafiə sistemini hücum edən tərəf yara bilər (Mannerqeym, Ziqfrid müdafiə sistemləri).


Nəzərə almaq lazımdır ki, indiki şəraitdə Ermənistanı Artsaxla və cəbhə xətti ilə 4 avtomobil yolu birləşdirir. Bu yollar həm Ermənistanla əlaqə, həm ordunu cəbhənin bir xəttindən digərinə atmaq üçün çox vacibdir. “Artsax Müdafiə Qüvvələri”nin daxildə istifadə etdiyi vacib 2 yol var: Mardakert-Füzuli-Cəbrayıl və Mardakert-Stepanakert-Qırmızı Bazar-Hadrut.


Altı rayonu Azərbaycana qaytarsaq, onda erməni qoşunlarının nəzarətində yalnız Mardakert, Hadrut və “Artsax”ı Ermənistanla birləşdirən Stepanakert-Gorus-Yerevan yolu (Laçın koridoru) qalacaq. İş ondadır ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Laçın koridorunu saxlamaq erməni qoşunlar üçün problem olacaq. Hətta onu saxlasaq belə, nəzərə almaq lazımdır ki, Azərbaycan aviasiyası havada üstünlüyə malikdir. Düşmən aviasiyadan və artilleriyadan istifadə etməklə bu yolu tam yararsız hala sala bilər. Ermənistanla əlaqə kəsilsə, Artsax ordusu Ermənistandan qoşunlar üçün lazım olan silah-sursatı, tibbi yardımı ala bilməyəcək. Bu halda, Ermənistandan əlavə canlı qüvvə ala bilməyən “Artsax Müdafiə Ordusu” düşmənin qat-qat çox olan canlı qüvvəsi qarşısında tab gətirməyəcək.


Belə nəticəyə gəlmək olar ki, Azərbaycana bir neçə rayonun qaytarılması cəbhədə olan hərbi balansı düşmənin xeyrinə dəyişə bilər. O halda bizə nə sülh müqavilələri, nə də beynəlxalq sülhməramlı qüvvələr kömək edəcək. Azərbaycan öz hərbi potensialını artırmaq kursunu götürüb. Nəzərə almaq lazımdır ki, Ermənistan öz hərbi potensialını bu miqyasda davam etdirməyə hazır deyil.
Hərbi balansı artırıb öz xeyrinə dəyişən və Artsaxın müdafiəsinin zəifliyini görən Azərbaycan lazım olan məqamda hücuma keçə bilər. Nəzərə alaq ki, Azərbaycan qoşunlarının 70 faizi cəbhə xəttində dislokasiya olunub. Hərbi kompaniyanın taleyi ilk günlərdə həll olunacaq. Bu halda “Artsax Müdafiə Ordusu”na düşmənin cəbhə xəttini yarmasının qarşısını almaq çətin olacaq. Artsaxı itirdiyimiz təqdirdə, Türkiyənin köməkliyi ilə Azərbaycan öz pantürkist arzusunu, yəni Mehri rayonunu da ələ keçirəcək. Bu halda Azərbaycan Türkiyəyə quru yolla birbaşa çıxış əldə edəcək. Digər tərəfdən, Ermənistanın İrana çıxışını kəsəcək. Əgər “Artsax”ı itirsək, Mehrini saxlamaq erməni qoşunları üçün mümkünsüz olacaq. Azərbaycan həm Zəngilan, həm də Naxçıvan istiqamətindən hücuma keçməklə buna nail ola bilər”.


Yazıdan göründüyü kimi, erməni hərbi ekspert Azərbaycanın hərbi potensialının üstünlüyünü açıq-aşkar etiraf edir, əndişəsini gizlətmir. Digər erməni ekspertlərin də şərhləri ilə tanış olduqda aydın olur ki, II Qarabağ müharibəsi başlayarsa, ermənilər ancaq müdafiəyə diqqət yetirəcəklər. Çünki onların hücum üçün canlı qüvvələri və texnikaları çatışmır. Üstəlik, onlar qeyd edir ki, Azərbaycan qoşunları Naxçıvan istiqamətindən də hücuma keçsələr, Ermənistanın tam məğlubiyyəti qaçılmaz olacaq.
Erməni hərbi ekspertləri həmçinin bildirirlər ki, yeni müharibə uzunmüddətli xarakter alarsa, bu da onlar üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Belə ki, müharibə böyük vəsait tələb edir, silah-sursat tez tükənir. Azərbaycanın hər tərəfə çıxışı var, onun tükənmiş silah-sursatı yenisi ilə əvəz edib cəbhəyə göndərməsi heç bir problem törətməyəcəyi halda, Ermənistan bunu edə bilməyəcək. Ermənilər hesab edir ki, Azərbaycanın təsiri ilə Gürcüstan Rusiyadan gətirilən hərbi texnikanı Ermənistana buraxmayacaq. Elə İran da İslam dünyasının qınağından ehtiyatlanaraq Ermənistana əvvəlki tək kömək etməyəcək.

İlqar Atabəyli

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.