Vazkeçilməz maraqlar sürpriz qərarlar doğura bilər; Avrasiya Birliyinin taleyi Azərbaycandan, Qarabağ məsələsinin həlli isə Kremldən asılı duruma gəlib. Tərəflərin dil tapması heç vaxt olmadığı qədər yaxın görünür, amma...
Azərbaycanın bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminə yanaşmada Rusiya tərəfdə son vaxtlar açıq-aşkar diqqət çəkən fəallaşma, siyasi canfəşanlıq müşahidə edilməkdədir. Xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin ardınca prezident Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə telefon açaraq ilk növbədə Qarabağ konfliktinin həlli vacibliyindən danışması, eyni gündə Lavrovun İrəvandan bu mövzuda Bakının könlünü xoş edəcək Qarabağ bəyanatları verməsi diqqət çəkməyə bilməz.
Azərbaycana rus emissarlarının çoxalan səfərləri (bu ziyarətlər hələ bitməyib, bir neçə gün sonra Rusiya baş nazirinin müavini, qatı qərbçi Dmitri Roqozin Bakıya gələcək) eyni zamanda təhdid xarakteri daşıyır. Sergey Lavrovun Bakıda “Azərbaycanın Avrasiya Birliyində təmsilçiliyindən məmnun olardıq” sözləri diplomatik dildən tərcümədə əslində elə “Azərbaycan Avrasiya Birliyində olmalıdır” mənasını verir.
Kreml yetkililərinin siyasi-diplomatik aktivliyinin qayəsində əlbəttə ki, Putinin düyünə düşən Avrasiya Birliyi (AB) projesi dayanır. Bu projenin taleyi indi böyük ölçüdə Azərbaycandan asılı duruma gəlib. Sirr deyil ki, Moskva strateqləri Azərbaycana qurumda həm də Ukraynanın potensial əvəzləyicisi kimi baxırlar. Yəni onların zənnincə, sonuncu dövlətin yoxluğunu AB-də məhz bənzərsiz iqtisadi-energetik gücü və strateji-coğrafi üstünlüyü ilə məhz Azərbaycan kompensasiya edə bilər(di). Bundan əlavə, Avrasiya İttifaqı layihəsinin baş tutması Qərblə soyuq savaş ərəfəsində olan Putinə güc nümayişi üçün hava-su kimi lazımdır.
Təbii ki, rəsmi Bakı bu önəmi və vazkeçilməzliyi anlayır. Rus siyasiləri və diplomatlarının dilindən səslənən və az qala cütü bir qəpiyə düşən “strateji müttəfiqlik”lə bağlı bəyanatların da Azərbaycanda yaxşı fərqindədirlər. Ancaq Bakının da öz(əl) dərdi var - Ermənistanın işğalı, həlli uzanan Qarabağ ixtilaflı - hansı problemin nizamlanması isə məhz bizə “işi düşən” həmin Moskvanın iradəsindən asılıdır.
Vəziyyətin özəlliyi də budur: Azərbaycanın əsas dərdinin çarəsi Rusiyadan, Putinin 1 nömrəli probleminin çarəsi isə Bakıdan asılı duruma gəlib. İki ölkə münasibətlərində bəlkə də belə həssas, tarixi məqam yetişməyib. Bəs tarixi reallıqların diktə elədiyi sürpriz cavablar necə olacaq?
Siyasi təhlilçilərin də qeyd elədikləri kimi, ilk baxışda tərəflər anlaşmaya yaxın görünür. Qarşılıqlı məqbul variantın tapılmasına qarşı ciddi maneələr də gözə dəymir. Hər halda, Azərbaycan tərəfinin Kremlin təklifini qəbul etməyə hazır olması təsəvvürü artıq formalaşıb. Azərbaycan rəsmilərinin açıqlamalarından belə incə çatdırışı sezmək çətin deyil.
Məsələn, Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov bu mövzuda danışarkən deyib ki, “biz hələlik Avrasiya Birliyinə üzv olmaq barədə düşünmürük”. Yəni “hələlik” düşünülmür. Xarici işlər nazirinin müavini Araz Əzimov isə Lavrorun səfərindən dərhal sonra bəyan etdi ki, “Rusiya Qarabağ ixtilafının həllinə real töhfə versin, o zaman Azərbaycanla Rusiya arasında münasibətlər strateji müttəfiqlikdən də yuxarı qalxar”.
Eləcə də bu qəbildən digər açıqlamalar. Başqa hansı şəkildə eyham vurula bilərdi ki? Bakının Moskva ilə siyasi bazarlıq təklifinə bundan aydın cavab təsəvvürə gəlmir...
* * *
Doğrudur, Qərb amili, Qərbin regionda vazkeçilməz maraqları məsələsi də var. Rusiyanın Qarabağ zonasında, ələlxüsus İranla sərhəddə sülhməramlı qüvvələr adı ilə öz hərbçilərini yerləşdirmək istəyi çətin ki, Qərbin xoşuna gələ. Yeri gəlmişkən, Dağlıq Qarabağ ixtilafının həll yolu tapılacağı təqdirdə bölgəyə daha çox hansı ölkənin “mavi dəbilqəliləri”nin gətirilməsi məsələsi indiyədək açıq qalıb. Gürcüstanda 2008-ci ildəki “5 günlük müharibə”dən və Ukrayna olaylarından sonra Rusiya sülhməramlılarına inam-etimad itdiyindən, həmçinin Rusiya rəhbərliyinə qarşı sanksiya rejimi işə düşdüyündən gözləmək olar ki, ABŞ və Avropa məsələni məxsusi diqqətdə saxlayacaq.
Ancaq istənilən müqayisə qüsurludur. Ötə yandan, Qərbin özü də Qarabağ probleminin ədalətli həlli yönündə 21 ildə ciddi addım atmayıb, işğalçı Ermənistana göz ağartmayıb. Azərbaycan isə müstəqil dövlət olaraq Dağlıq Qarabağ məsələsində də müstəqil qərar vermək hüququna malikdir.
* * *
Bütün hallarda belə bir qərar yəqin ki, bölgədə köklü maraqları olan təbii strateji müttəfiqimiz Türkiyə ilə uzlaşdırılmış şəkildə, sinxron veriləcək. Söz düşmüşkən, Türkiyə ilə Rusiya arasında son illər güclənən iqtisadi-ticari əməkdaşlıq, hətta Qərbin regional siyasətinə qarşı hansısa xəfif oraqlıq bu iki ölkəni də bir çox məsələlərdə bir-birindən asılı duruma gətirib. Demək, ortaq qərarlar istisna deyil.
Bir şey dəqiqdir ki, Rusiya Qarabağ məsələsində daha müstəqil qərar vermək mövqeyinə gəlib. Söhbət Ermənistanın tam zərərsiz vəziyyətə gətirilməsindən gedir. İrəvan rəsmiləri də artıq etiraf edirlər ki, Ermənistan Gömrük İttifaqına qoşulandan sonra bu məsələdə söz sahibliyi bütünlüklə Rusiyaya keçib.
Azərbaycanın əsas üstünlüyü də odur ki, problemin həllində söz sahibliyini saxlayır və Ermənistanla yox, faktiki olaraq Rusiya ilə münaqişə tərəfi statusundadır. Hərgah, belə söz sahibliyi bizə üstünlüklə yanaşı, ehtiyatlı olmağı da diktə edir. Çünki qarşımızda proqnoza yatmayan Rusiyadır.
musavat.com
Hiç yorum yok:
Yorum Gönder
Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.