10 Nisan 2014 Perşembe

RUS GENERALİTETİNİN BAKI SƏFƏRİNDƏ İLGİNC DETALLAR


Moskva Avropa Şurasında müzakirələr gedən vaxtda rəsmi Bakıdan dəstək umub; Üzeyir Cəfərov: “Nəcməddin Sadıqovun rus generalına medal verməsi xəyanətə bərabərdir”

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycana səfəri əslində formal xarakter daşıyırdı. Səfərin arxasında qeyri-rəsmi razılaşmalar dayanır. O, Bakıda Azərbaycan siyasi rəhbərliyinin dəstəyini almaq niyyəti güdüb. Çünki hazırda Avropa Şurasında Rusiya ilə bağlı gərgin müzakirələr gedir”. 

Bu sözləri ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov qəzetimizə açıqlamasında səfərin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, yaranmış vəziyyətdə Rusiya Azərbaycandan dəstək gözləyir: “Ona görə də rus generalitetinin Bakı səfərinin başqa məqsədi olmayıb və ölkəmiz üçün müsbət mənada heç bir nəticə əldə olunmayıb. Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı səfəri Ukraynanın parçalanması ərəfəsinə təsadüf edir və qonşu dövlət üçün xüsusi əhəmiyyəti var”. 

Hərbi ekspert səfərin yekununda rus generalına medal verilməsini də Moskvaya jest kimi qiymətləndirir. Onun fikrincə, V.Gerasimov Bakı səfərində Azərbaycana bir kəlmə də dəstəyini ifadə etməyib. Bununla belə, onun döşünə orden taxılıb: “Nəcməddin Sadıqov rus generalına hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə medal verdi. Hərbi sahədə əməkdaşlıq olması normaldır.

Buna görə başqa dövlətin generalına medal vermirlər. Özü də Valeri Gerasimov torpaqlarımızın işğalında maraqlı olan hərbçidir. Bu general ermənilərlə hərbi müttəfiqlik müqaviləsi imzalayıb, Ermənistanda hərbi baza saxlayır. Üstəlik, səfəri zamanı Azərbaycanı dəstəkləyən mövqe ortaya qoymadı. Bu halda generala medal vermək nə dərəcədə doğru qərardır?"

Ekspertin sözlərinə görə, bu tədbirdə Azərbaycanın xeyrinə heç bir nəticə əldə olunmayıb: “Ermənistan tərəfi tədbirə gəlməkdən imtina etdi. Çünki görüş formal xarakter daşıyırdı. Bizimkilər isə bu tədbirdə rus generalına medal verirlər. Rus generalına medal vermək xəyanətə bərabərdir. Məlum məsələdir ki, torpaqlarımızın işğalda qalmasında günahkar Rusiyadır”. 


Üzeyir Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrupun cəbhə bölgəsinə getməsinə də münasibət bildirdi. O, bu addımı özbaşınalıq kimi qiymətləndirdi: “Artıq neçənci dəfədir bu məsələyə toxunuram. Prezident ciddi tədbir görməlidir. Hər dəfə ölkə başçısı xaricə gedəndə Nəcməddin Sadıqov cəbhəyə yollanır. Bu, kobud səhvdir. 
Bundan əvvəl də müdafiə naziri Zakir Həsənov, general-leytenant Rövşən Əkbərov və Nəcməddin Sadıqov ön səddə çıxmışdılar. 

Azərbaycan dövlətini çətin duruma qoyurlar. İndi də prezidentlə müdafiə naziri İrandadır. Nəcməddin Sadıqov dəstəsi ilə cəbhəyə gedib. Başa düşürəm, yanında rabitəsi var. Ancaq Ermənistan Qərb istiqamətindən hərbi müdaxilə edə bilər. Elə bil bu adam Azərbaycanın qəsdinə durub. Ümumi hərbi qaydaya görə, qərar qəbul etmək, döyüş hazırlığı vəziyyətinə gətirmək mexanizmi var. Prezident müdafiə nazirinə, nazir baş qərargah rəisinə tapşırıq verir. Ancaq onların heç biri ölkədə deyil və Nəcməddin Sadıqov dəstəsi ilə cəbhəyə gedib". 

Qeyd edək ki, görüşdə general-polkovnik N.Sadıqov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.

E.Salamoğlu
musavat.com

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.