4 Mart 2014 Salı

AZƏRBAYCANLILAR KRIMA DÖYÜŞƏ GETMƏK İSTƏYİR, AMMA...


Səfər Hümbətov: “Elə bir şərait və imkan olarsa, tatarlarla bərabər döyüşməyə hazıram”.

Elman Fəttah: “Çox istərdim Ukrayna ilə Azərbaycan arasında müdafiə haqqında bir sənəd imzalanaydı”.

Hacı Qamət: “Krımda cihada ehtiyac yoxdur”.

Rusiya tarixən türk torpağı olan Krımı işğal edir. Azərbaycanın da taleyinin həll olunduğu   Ukraynaya indi kömək vaxtıdır. Vəhhabilər Suriyada, Əfqanıstanda din uğrunda vuruşur, bəs “demokratiya vəhhabiləri” necə, Krımda vuruşarlarmı?

Müsavat Partiyasının Məclis üzvü, keçmiş Qarabağ döyüşçüsü Elman Fəttah bildirdi ki, Ukraynanın ərazi bütövlüyü və demokratiya naminə Krımda işğalçıya qarşı döyüşlərə qatılmağa hazırdır, amma... “Mən çox istərdim Ukrayna ilə Azərbaycan dövləti arasında qarşılıqlı yardım, müdafiə haqqında bir sənəd imzalanaydı. 

Məhz həmin sənəd həm Azərbaycanın hərbçilərinin, həm də mənim kimi könüllülərin Krıma gedib Ukraynanın ərazi bütövlüyünün qorunmasında iştirakına icazə verəydi. Kaş mənim əlimdə imkan olaydı, o zaman məmnuniyyətlə gedib döyüşərdim. Bu, mənim üçün böyük şərəf olardı”.

MDP-nin funksioneri, keçmiş Qarabağ döyüşçüsü Səfər Hümbətov da razıdır ki, Krımda həm də Azərbaycanın dövlət və milli təhlükəsizliyi həll olunur: “Biz həm buna görə, həm də ən azı bəşəri cinayətin-işğalın qarşısının alınması üçün imkanımız çatanı etməliyik. Elə bir şərait və imkan olarsa, mən keçmiş döyüşçü kimi gedib tatarlarla bərabər döyüşməyə hazıram. Nəzərə almaq lazımdır ki, Krımda həm də Qarabağın gələcək taleyi həll olunur. Krımın taleyinin necə sonuclanması gələcəkdə Qarabağın taleyinə təsir göstərəcək. Mən həm də buna görə düşünmədən Krımın müdafiəsinə gedərəm. Məncə, Azərbaycandan oraya kifayət qədər heyət gedə bilər”.

Dini ekspert Kənan Rövşənoğlu isə bildirdi ki, Krım müsəlman torpağıdır. Bu mənada Krımın işğaldan qorunması, oradakı müsəlmanların qorunması üçün cihad fitvası verilə bilər. Müvafiq din adamları Krım müsəlmanları üçün çağırış etmək ixtiyarındadır: “Eyni zamanda Qurana əsasən müsəlmanın vətəninə hücum olarsa döyüşmək, vətənini qorumaq fərzdir. Bunun üçün xüsusi fitvaya da gərək yoxdur. Krım müsəlman torpağıdır. Ancaq digər ölkələrdən müsəlmanlar üçün cihad fitvası bir qədər mürəkkəb mövzudur. Çünki bir qayda olaraq bu cür könüllü dəstələr savaşa ciddi təsir edə bilmir, əksinə, daha çox problemlər yaradır. Bu cür savaşlar ötən əsrin əvvəllərində İspaniyada, daha sonra Əfqanıstanda, indi də Suriyada ciddi nəticə verməyib, daha çox macəraçı görüntüsü yaradıb və faydası zərərindən az olub. Bu mənada müsəlmanlar üçün Krıma gedib döyüşməkdən daha üstün olanı, Krım üçün dua etmək, yardım toplamaq, ictimai-siyasi dəstək vermək daha faydalı olar, nəinki gedib orda savaşlara qatılmaq. Bu mənada Krım uğrunda savaşmaq məsuliyyəti ilk növbədə yerli sakinlərin üzərindədir. Bizə düşən isə o xalqa burdan mümkün olanı etməkdir”. 

“Əbu-Bəkir” məscidinin imam-camaatı Hacı Qamət Süleymanov  bildirdi ki, Krımda cihada ehtiyac yoxdur. Səbəbini isə belə əsaslandırdı: “Çünki orada əhalinin 60 faizi rusdur, 23 faizi xaxoldur, tatarlar çox az faiz təşkil edir. Ona görə də istənilsə də orada cihad mümkün deyil. Hələlik orada cihad ab-havası da yoxdur”. 

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bu mövzuda bizimlə söhbətində dedi ki, bütün beynəlxalq media maşını, beynəlxalq oyunçular siyasi gücü ilə Rusiya əleyhinə işləyir. Sözsüz ki, bu, Putin üçün başağrısına səbəb olacaq. Lakin Rusiya imicini nə vaxtsa nəzərə alırmı? Əlbəttə, yox. Z.Orucun sözlərinə görə, Krım məsələsi daha çox 1990-cı illərin Azərbaycanına oxşayır: “Hesab edirəm ki, Ukraynada yaranmış vəziyyəti, Krım məsələsini Abxaziyaya bənzətmək doğru deyil. Bu, 1990-cı illərin Azərbaycanına daha çox oxşayır. Baxın, Krımda guya yerli xalqların təhlükəsizlik məsələsi qaldırılır. Rus qoşunları bu ad altında yeridilir Ukrayna ərazisinə. 

Məncə, Ukrayna nə Rusiyameylli, nə də Qərbmeylli olmalıdır. Ukrayna müstəqil dövlət kimi oturuşmalıdır. Hazırda Qara dənizin ələ keçirilməsi uğrunda dünyəvi savaş gedir. İddia eləmirəm ki, ABŞ Rusiya əleyhinə Əfqanıstandakı kimi böyük savaş açsın. Qərb hələ ki bəyanatlarla informasiya müharibəsi aparır. Hazırkı vəziyyətdə Qarabağ məsələsinə gələndə, Azərbaycanın qlobal savaşa qoşulması çox yanlış olardı. Bu işdə gözləmə mövqeyi tutmaq lazımdır. Baxmayaraq ki, Ukrayna ilə müttəfiqik, lakin “Krım məsələsindən sonra Qarabağa Rusiya təhlükəsi var, ona görə də hərəkətə keçməliyik” yanaşması ilə addımlar atıb dalaşan fillərin ayağı altında əzilən ota çevrilməli deyilik". 
Deputat hesab edir ki, Azərbaycan İkinci Dünya müharibəsində Türkiyənin sərgilədiyi mövqeyi nümayiş etdirməlidir: “Nə bu gün Qarabağa hücum zamanı deyil, nə də Ukrayna məsələsində barrikadaların heç birinin arxasında dayanmaq gərək deyil. Çünki Rusiyanın pəncəsi çox genişdir. Bəhanə ilə Qarabağa da Abxaziyaya yeritdiyi qoşunlardan bir neçə dəfə artığını göndərə bilər. Biz beynəlxalq səviyyədə Rusiyaya qarşı gedən savaşın yekununu gözləməliyik. Heç bir tədbirlərə əl atıb Rusiyanın hədəfinə çevrilmək olmaz”. 

Etibar SEYİDAĞA
"Yeni Müsavat"

Hiç yorum yok:

Yorum Gönder

Mən sizin bloqunuzdakı yazıları və videoları diqqətlə izlədim və xeyli məlumat əldə etdim. Xoşuma gəldi. Təşəkkürlər. Uğurlarınız bol olsun.